- Şövkət xanım, soy-kökünüzün türk əsilli, Oğuz təməlli olduğunu şeirlərinizdə dönə-dönə vurğulayırsınız... Alp Ər Tonqanın izinə çapdığınız ömrün-günün xatirə səfinə, axarına hardan ilmə atmaq istərdiniz?
- O yerdən ki, orda Ziyarət dağının lap ətəyinə, el yolu üstünə sığınıb qalan bir Horov kəndi var idi... İndi o kənd mənim üçün bitməz bir nağıldı, şeirdi ki, qəlbimdə əbədi vətənləşibdi. Yağı əlindədi, yad əlindədi. O kənd ki, hər dəfə yada saldıqca uşaqlığım için-için, cırmaq-cırmaq hıçqırır böyürtkən kollarında. Oraq-dəryaz idi əllərim orda - yemlik dənləyərdi, yarpız biçərdi. Saçlarıma bənövşədən qotaz hörərdi nənəm. Yuxusunu nağıl-nağıl yaddaşıma köçürərdi. Layladan, oxşamadan gələrdi öynəm. Yaşım yetmişi ötüb. 41-də doğulmuşam.
Müharibə yaşıdım,
Aclıq tanışım.
Qara davayla möhürlənib
Yaddaşım...
Gözümü açıb nənəmi Arazın o üzünə səmt bayatı söyləyən, ağı deyən görmüşəm:
Arazdan keçmərəm mən,
Suyundan içmərəm mən.
Gedənim qayıtmayınca
Dünyadan köçmərəm mən.
Bu, uşaqlıq illərimdə dinlədiyim ilk bayatıydı. Tale elə gətirdi ki, illər sonrası babam Kəlbalı Mahmud oğlunun üç nəvə-nəticəsi - Rahid, Nəsir, Akif Qarabağ savaşında, eyni vaxtda həlak oldular. Nənəmin o kövrək bayatılarının davamı mənim dilimdən səslənəsi oldu. Bığ yeri təzəcə tərləyən Rahid, bığ yeri təzəcə tərləyən Nəsir və Akif sarıdan bayatı dedim. Yurd, el-oba itkisi baxımından nənəmin taleyi məndə yaşadı. Ömrümün heç bir günü, ayı, fəsli mən deyən olmadı. Qarabağsız, anamsız gələn baharları sevə bilmədim.
Çocuq qədər məsum,
Göz yaşım kimi məzlum anam
Həsrətim boyda uzun bir
Səfər etdi.
Məni xatirələrlə baş-başa qoyub
Öz anasının yanına getdi.
İndi o xatirələrin səfinə hardan ilmə atmaq istədiyimi soruşursan məndən... Heç kəsə bəlli deyil çəkdiklərim. Heç kəs tənhalığı tanımaz mənim kimi. Bəxtəvər gəncliyim, ata-analı dincliyim, bilirəm ömrümə qayıtmaz bir də... "Nədən, hardan başlayaq" deyirsən. Gəl sənə upuzun nağıl danışım, Xocalı nağılı, Şuşa nağılı...
Qucağı boşalan torpaq nağılı,
...Yaz nağılı deyim həsrət səngidən,
Bizim xan çinarın nəğməsi kimi.
Gəl sənə upuzun nağıl danışın,
Nə özüm yorulum, nə söhbət bitsin.
- "Uzaq uşaqlığım ilişib qaldı yolların əyilən bir budağında" yazmısınız şeirlərinizin birində.
- Heç unutduğum olmadı bir zamanlar açıb qollarını bahara, günəşə, suya, buluda "xoş gəldin" söyləyən uşaqlığımı. Ha illah eləyirəm qanad taxa bilmirəm qırıq xəyallarıma. Elə istəyirəm ki, bir cığır açam, bir yol tapam baharın qucağında gizlənən uşaqlığıma.
- Şövkət xanım, təklik haqqında yazdığınız xeyli şeiriniz var. Oxumuşam. Təkliyi özünüzə çox doğma bilirsiniz. Ona "gəl doğmalar kimi şəkil çəkdirək" deməyiniz var. Eyni zamanda, "sükut, gəl qol-boyun şəkil çəkdirək" deyirsiniz. "Taleyim, gəl qoşa şəkil çəkdirək" yazırsınız. Sizcə, cild-cild kitablarınızda yer alan şeirlər, povest və romanlarınız elə həmin talelə, sükutla, təkliyin özüylə qol-boyun çəkdirilən şəkillər deyilmi?
- Bilirsən, Sərvaz, təklik, yalqızlıq həyatda mənə çox şeylər öyrətdi; daş dözüm, iradə, səbir və sair... Bir az öncə də dedim, uşaqlığım Ziyarət dağının ətəyində keçdi. Əynim, ayağım yalın, gözlərim bir tikə çörəkdə, bir dişdəm şirnidə, qulağım İkinci Dünya savaşından gələn qara xəbərlərdə. "Hələ varam" adlı şeirimdə yazmışam bu barədə:
Gəncliyim xəstəxanada
Ölümlə olum arasında çarpışmalarda...
Ömrün üç yaşıl ili
Əfqanıstan müharibəsində
Güllə səsində,
Tank nərəsində düşüb qaldı.
Qarabağ itkisi yaşadım. Əvəzsiz dünyam bildiyim həyat yoldaşımı itirdim. O, böyük insan, böyük ziyalı idi. Mənə bu dünyanı sevməyi öyrətmişdi...
- Ancaq mən biləni, sevib getməmişdiniz ona...
- Eləydi. Ata-anamın təkidli istəyilə getmişdim. Bir növ, məcbur. Amma az vaxt müddətində onun bənzərsiz xarakterinə, insanlığına məftun oldum. O öz möhtəşəm, inanılmaz qayğısıyla, səmimiyyətilə, həssaslığıyla məni özünə ram etdi, məni məndən aldı, yeni bir insan yapdı. Tərbiyə etdi. Elə bil məni yenidən dünyaya gətirdi. Mənə "bu dünya gözünün yaşına dəyməz" təskinliyi verdi. On doqquz yaşımdan bu yananın nağılı belə başladı... Təkliyimdə, yalqızlığımda isə onu daha çox duydum, daha çox anladım. İndi onsuz ağlayan bir nəğmə kimiyəm. Yazıram ki:
Heç kəs sanmasın ki,
Təkəm, tənhayam.
İndi sənli xatirələrə
həyanam.
- Misralarınızı xatırlayıram: "Heç nə dəyişmədi, dəyişmədi nə dərə, nə dağ, nə düz, nə çay, nə dəniz. Nə də ömrümüz. Bir zərrə də əskilmədi yer üzündən. Nə itdisə, itdi bizdən, nə getdisə, getdi bizdən".
- Elədi! Nə az, nə azacıq, Qarabağ boyda bir gülüstandan ayrı düşdük. Şəhidlər verdik. Dünyanın əksər ölkələrində olmuşam, ən böyük şəhərlərdə günlərim keçib. Ancaq heç unutduğum olmayıb cənnət Qarabağımı. Heç harda doğma Cəbrayılda, Horov kəndində nəsibim olan dincliyi tapmamışam. Kəndimiz elə də böyük deyildi. Amma yeddi kəhrizi vardı; o suların dadı hələ də damağımdadı...
- Nigaransınız... "Harda qurtaracaq sonuncu şeirim, harda qırılacaq son sözüm, harda? - səksəkəniz var...
- Bayaq da dedim, yaşadığımız illər bizdən getdi. İllər keçdikcə həyatın bir göz qırpımı qədər tez ötdüyünün daha çox fərqində oluram. "Bir də Cəbrayıla dönəcəyəmmi?" ağrısı sarır içimi. Qonşuluğumuzda yaşayan Məmiş əmini xatırlayıram. Həyətlərində böyük tut ağacı vardı. Çıxıb çırpardı. Qız-gəlinə də təpinərdi ki, yarpağı, məhsulu ayaqlamayın. Doğma yurd-yuvasından zorla köçürüləndə, didərgin salınanda Məmiş kişi həyətindəki o tut ağacını qucaqlayıb hönkür-hönkür ağlayırdı... Sonralar çadır şəhərciyində məskunlaşdı. Yuxularında hey sayıqlayırdı. Deyirdi çırpdığım tutu, tökülən yarpağı ayaqlamayın. Halbuki daha yox idi o ağac, o tökülən yarpaq, meynə... "O qızın üzündən payız yağırdı" adlı şeirim var. Əslində, üzündən payız yağan o qız elə mən özüməm. Şeirin dililə özüm-özümlə danışmışam. Kürəyində ağır şələ, əynində odlu bir köynək yurd nisgili ilə ömrün payızına doğru gedən mən! Nə şələdən, nə köynəkdən baş aça bilirəm. Elə hey sual edirəm ki, kim tutub bu şələni, kim tikib bu köynəyi? Bu şələ yurd itkisinin ağrılarıdı, bu köynək yaşanmış ömrün soyuq həşiridi - ilmələri bərk çəkilib. "Kənd uşaqları", "Yaddaş ağrıları" poemalarımda yazmışam bunlar barədə. Bəzən böyük bacım təəccüblə soruşur ki, bu boyda xatirələri, əhvalatları necə yaddaşında saxlayıbsan. Dünənimi necə unuda bilərəm axı? Gör mənim soy-köküm hardan gəlir; nəslimiz İbrahim Xan nəslindəndi. İbrahim Xanın həyat yoldaşı olan ulu nənəmiz dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən biri Vəli ağanın qızıydı. Babam Kəlbalı kövrəkliyi, rəhimdilliyilə tanınarmış. Bilirsənmi, Sərvaz, vaxt, zaman ötüb-keçdikcə insan itirdiklərinin, uzaqda qalan yaşanmışların qədir-qiymətini daha çox bilir, ona dönmək istəyir. Bu xatırlananlar mənim əbədi, doğma mövzularımdı... Cənubi Azərbaycan mövzusunda yazdığım "Tale yolunda" romanımın redaktoru olubsan. Maraqlı ön söz yazıbsan. O əsərin üzərində işləyərkən Pənahi Makulinin oğlu Şəfəq Pənahi mənə çox kömək etdi, qiymətli materiallar verdi. Pənahi Makuli həyat yoldaşımın yaxın dostu idi. Yaşadığı məşəqqətli ömür haqqında çox şey danışmışdı. Gördüm bu materialları, düşüncələri şeirlə ifadə etmək mümkün deyil. Keçdim nəsrə. Nəsr elədi ki, düşüncələrini ifadə etmək üçün hər cür imkanın olur... Sonra o biri povest və romanlarımı qələmə aldım. Ədəbi tənqid tərəfindən pis qarşılanmadı. İndi "Gediş" romanı üzərində işləyirəm. Mövzusunu əfqan xalqının azadlıq mübarizəsindən götürmüşəm. Onu da qeyd edim ki, həmin günlərdə mən özüm Əfqanıstanda yaşayırdım. Hadisələrin canlı şahidi olmuşam.
- Bilirəm ki, eyni vaxtda bir neçə əsər üzərində paralel işləməyi çox sevirsiniz...
- Hə, bu mənim ayrıca bir şakərimdi. Bir əsər üzərindəki yorğunluğumu o biri üzərindəki işimlə çıxarıram. Həm də bu prosesdə özümü axtarıram.
- Sərbəst şeirlərinizin havası yaman tutdu məni. Kövrəldiyim məqamlar oldu. Heç unutmadım bu misralarınızı:
Bir də görürsən ki,
Göyün yeddi qatındasan.
Ulduzlar yanından keçir
Qatar-qatar.
Səndən aşağıdadı
Hər nə var.
- Hər birimizin vaxt-bivaxt yaşadığımız ovqatdı. Nə deyim, vallah! Mənim üçün forma, qəlib anlayışı sonrakı məsələdi. Əsas olan ruhun rüpənməsi, əsintisidi. Qalan şeylər sonra gəlir. Əsas olan oldur ki, hayana dönürəm söz çəkir məni. Əsas olan Sözdü. Bu söz bizi paklığa, mənəvi təmizliyə, insanlığa hesablamalıdı. Uşaqlar üçün yazanda belə şeylərə daha çox diqqət yetirirəm. Uzun illər müəllim işləmişəm. Uşaq psixologiyasını yaxşı bildiyimdən bu mövzuda yazmaq mənə çox asandı.
Ümumiyyətlə, söz dünyası mənim üçün bütün yaşantılarımın, tariximizin, milli kimliyimizin, soy-kökümüzün yaddaş saxlancı kimidi. Sözlə baş-başa qalmaq mənim üçün hər şeyi yenidən yaşamaq, yaşatmaq, anlamaq, anlatmaq fürsətidi. Bu fürsətin bir anını da qaçırmaq istəmirəm... Tələsirəm... İşləmək, yazılarımı qaydaya salmaq üçün. Düşündüklərimin içimdə qalmasını istəmirəm. İstəmirəm yarımçıq işim qalsın. Hər yazım bir balam kimidi. Yarımçıq yazım olanda elə bilirəm haradasa bir balamı yarı yolda qoyuram...
Söhbətləşdi: Sərvaz Hüseynoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!