Nəriman QASIMOĞLU
Bu yaxınlarda internetdə güneyli soydaşlarımızdan birinin "Azərbaycan musiqisi" yazısı ilə rastlaşdım. Biganə qala bilmədim. Əlbəttə, o üzdən yox ki, musiqimiz haqqında yanlış qənaətlərini həqiqət kimi qələmə vermişdi. Yəni yazmışdı ki, Rusiya imperiyası dövründə Üzeyir Hacıbəyli guya məhz "erməni və gürcü melodilərini və musiqi sistemini alaraq Azərbaycanda neqativ duyğu oyandıran Səfəvi təsirini yox etməyə çalışmışdır". Bunun ardınca da belə nəticəyə gəlmişdi ki, sovetlər zamanında müsbət aqibət yaşayan musiqimiz guya, müstəqillik illərində xeyli geriləmiş və səbəb də bu olmuşdur ki, "erməni-gürcü təsirindən" uzaq düşmüşük. Ciddiyə almazdım da, üstündən keçərdim, ancaq keçə bilmədim, ortada Üzeyir Hacıbəylinin adı hallanırdı, özü də məhz bəstəkara "istinadən", ona görə. Yazı müəllifi onu qınayanları da bu "istinad"la yola verirdi ki, bəs Üzeyir bəy "erməni-gürcü təsiri"ni özü guya etiraf edibmiş.
Çox çalışdım ona anladım ki, ermənilərdə "mədəniyyət" adlandırılan nəsnənin əksər parametrləri üzrə nə varsa, başqalarından, xüsusən türklərdən alınmadır, onların Azərbaycan musiqisinə təsiri ola bilməz. Gürcülərin orijinal musiqisi var, çoxsəsliliyə əsaslanır, kökü də, çox güman, pravoslavlığa gedib çıxır, bizim musiqi ənənəmizə yaddır, onlardan da təsirlənməmişik və s. Hayların isə belə bir ənənəsi yerli-dibli yoxdur... Nə isə, dediyində durdu ki, yəni sən deməklə deyil, musiqimizdə erməni-gürcü təsirini Üzeyir bəy şəxsən özü vurğulayıb. Nəhayət, uzun mübahisədən sonra qaynağı da nişan verdi: "Üzeyir Hacıbəyov, Seçilmiş əsərləri, Birinci cild, Bakı-2004, s. 305".
Üzeyir bəyin "Seçilmiş əsərləri"ni vaxtilə kiril əlifbasında oxumuşdum. Deyilən təsirlə bağlı "etiraf"ının olduğunu xatırlamırdım. İnternetdə axtarış verdim, "Seçilmiş əsərləri"ndən qarşıma belə cümlələr də çıxdı və bunları güneyli soydaşımızın diqqətinə çatdırdım: "A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb "Arşın mal alan"ı, "Məşədi İbad"ı öz dilinizə çevirdiniz, a bədbəxtlər!?". Əlbəttə, bu ifadələrlə Üzeyir bəy erməniləri aşağılamır, dolayısı ilə gerizəkalı müsəlman kütləsinə "Molla Nəsrəddin"çi sayaq ismarışlarını çatdırır ki, qonşularınızdan ibrət götürün, musiqini qadağan edən şəriət qaydalarından əl çəkin, mədəni həyatla ayaqlaşın, baxın, yazdıqlarımdan ermənilər də faydalanır, bunlara qulp qoymayın və s. Fəqət Üzeyir bəyin dediklərindən də aşkardır ki, musiqi baxımından təsirlənmənin ünvanı bəstəkarımız deyil, əksinə, onu tərcümə edən, əsərlərindən faydalanan ermənilərdir. Yeri gəlmişkən, təsirlənmədə pis bir şey də yoxdur, əslində. Amma gərək nə varsa, onu qələmə alasan, düzü düz, əyrini əyri, necə deyərlər. Oğurluq, plagiat isə başqa, bunun daha çox ermənilərdə müşahidə edildiyi hamıya məlumdur.
Güneyli soydaşımıza yazdım ki, göstərdiyi qaynaqda dediklərini tapa bilmirəm. Sitatı olduğu kimi dərhal yazdı. Üzeyir bəyə verdiyi istinad isə, demə, bu imiş: "Azərbaycan türklərinin lisanı ümumisi Zaqafqaziyada beynəlmiləl bir dil olduğu kimi, ruhani dilləri olan musiqiləri dəxi yenə eyni vəziyyətdədir. Bizim öz musiqimizdən hasil etdiyimiz təəssürata erməni və gürcü qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət edən mahir ustaları dəxi çoxdur. Ermənilərdə gözəl tar və kamança çalanlar çox olduğu kimi, gürcülərdə də zurna və balaban çalanları məşhurdur".
Deməli, oxuduğunu anlamayıbmış. Məcbur qaldım yazım: "Burada tam əksini deyir ki, Üzeyir bəy. Yəni Azərbaycan türkcəsi bütün Zaqafqaziyada işlək dildir, yenə, yəni bu dildə gürcülər də, ermənilər də danışır. Eləcə də Azərbaycan türklərinin musiqisi. Yenə və yenə, yəni ki, bizim musiqimizə də şərik çıxırlar, necə ki, dilimizə. Əlavə olaraq alətlərimizi də yaxşı mənimsəyiblər...".
Məyus oldum. Ona görə yox ki, gecənin bir yarısında yanlış anlayıb yanlışlığı yayan şəxsə doğru demədiyini anlatmağa vaxtımı sərf etmişdim. Üzeyir bəyin adına görə dəyərdi və məqsədim də bu adın adından yayılan yanlışlığı önləmək idi. Məyusluqla düşündüm bizimkilərdən bəzilərinə nə düşüb axı, yeri gəldi-gəlmədi, bildilər-bilmədilər - ortalıqda atılıb-düşüb bu plagiat erməni millətçilərinə züy tuturlar?! Yaxşı, buna nökərçilik deməyim, bəs nə deyim?
Nə isə, bu nökərçiliyi vaxtilə içimizdən bir yazıçı da insafsızca etmişdi. Mirzə Cəlildən bol-bol danışan həmin yazıçı məlum əsərində səcdəsini Raffiyə, bu "qatı erməni millətçisi"nə (Raffiyə aid bu ifadə Britaniya ensiklopediyasından götürülüb - N.Q.) yönəltmişdi. Raffinin qonşularına nifrət püskürən əsərlərindən bir qismini hələ məktəbli ikən rusca tərcümədə oxumuşdum. Məlumdur ki, erməni millətçilərinin ideoloji qaynaqlarından biri saxta tarixə əsaslanan tarixi romanlar müəllifi bu yazıçının əsərləridir. Çox çalışıblar bunları müxtəlif dillərə tərcümə edib dünyaya yaysınlar, alınmayıb. Əsərləri "Arşın mal alan"ın dünyada qət etdiyinin heç bir ağaclıq məsafəsini də gedə bilməyib, çünki mədəni dünya nifrət təbliğ edən nə varsa, sadəcə, qəbul etmir. Bizimki isə Raffinin ruhuna da pənah aparmışdı, çox təəssüf.
...Bu arada fikrim getdi "Arşın mal alan"dakı Vəli ilə Telliyə. Bu obrazlara "nökər" deməyə dilim gəlmir. Söz zaman-zaman o qədər mənfi çalar qazanıb ki... Yuxarıda qeyd etdiyim günahkarların fonunda bir-birinə aşiq Vəli ilə Telli necə də məsum qulluqçulardır! Çalışdıqları ev sahibləri ilə də mehriban münasibətdədirlər. Bir dəfə diqqətimi buna yönəldən Qasım Qasımzadə dedi onların mehribanlığı nə yaxşı sovetlərin senzurasından yan ötüb. Sovet ideologiyası bədii əsərlərdə "istismarçı" və "istismar olunan" siniflər arasında barışmazlığın təbliğini tələb edirdi. Əslində, ən adi şeir misralarında belə, burjua izi axtarıb tapan sayıq proletar tənqidçilərin nəzərindən bu yayına bilməzdi, sadəcə, cürətləri çatmazdı Stalinin xoşuna gələn operettanı tənqid etsinlər.
"Arşın mal alan" yazıldığı andan o dərəcədə şöhrətlənibmiş ki, buna qısqanan Amerika erməniləri bir zaman operettanı filmə çəkib öz adlarına çıxmaq istəyibmişlər, cəhdləri uğursuz olub. Bir yandan da Stalinin məsələyə müdaxiləsi, "Arşın mal alan" filminin Azərbaycanda çəkilişinə göstəriş verməsi öz rolunu oynayıb.
Üzeyir bəy bu əsərini 1913-cü ildə Peterburq Konservatoriyasında təhsil alarkən yazıb. Müəllimi operettanı bəyənib tövsiyə edibmiş konservatoriyanın rektoru, bəstəkar A.Qlazunova göstərsin. Əsərlə tanış olan böyük rus bəstəkarı heyrətə gələrək "Arşın mal alan"ı "gözəl və ilk rus operettası" adlandırıb. Ü.Hacıbəylinin son operettasının "ilk rus operettası" kimi dəyərləndirilməsini əsərin əslində Rusiya miqyasında ilk olduğunun qabardılması kimi anlamaq lazım gəlir, təbii. O zamandan bəri "Arşın mal alan" dünyanı yetərincə gəzib-dolaşıb və yenə də səyahətdədir.
"Arşın mal alan"ın son səhnəsində toy rəqslərinə diqqət yetirmisinizmi? Bəllidir ki, insanların özünüifadəsinin bir əlaməti də rəqslərdə aşkarlanır. Fikir vermişəm, bizimkilər hazırki toylarda daha çox diringələrə üstünlük verirlər. Bu atılıb-düşənlərin özünüifadəsi əksərən Telli ilə Vəlinin oynadığının məzmununa uyğun gəlir.
Gənclərimizdən də, ahıllarımızdan da üzr istəyirəm, sadəcə, "Arşın mal alan"ın məndə doğurduğu assosiasiyadır. Bunu dərinləşdirən, görünür, bir də ötənlərlə bağlı müəyyən nostalji hisslərimdir, yazıçı övladlarının toy məclislərinin yaraşığı Yusif Səmədoğlunun möhtəşəm solo ifasında "Heyvagülü" rəqsi xatirimdən çıxmır. Üzeyir bəy də özü belə təqdim edib: bəy rəqsi ağır, ləngərli, orta təbəqənin oynadığı incə, mənalı, kübar hərəkətlərlə müşayiət olunur, zavallı qulluqçularınki isə, sadəcə, atılıb-düşməkdir. Toylarımızda bizimkilərin rəqslə özünüifadəsi bu mənada məndə bir qədər məyusluq yaradır. Maddi durumdan asılı olmayaraq əksəriyyətimiz, məncə, "nökərləşməkdədir", təəssüf. Telli ilə Vəli kimi məsum aşiqlər olsaydıq, dərdimiz nə idi ki?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!