Günel EYVAZLI
Daşkəndə qastrol səfərinə yollanan Vaqif Mustafazadə pərdələr açılanda zalda heç kimi görmür. Zalda yalnız müxtəlif yerlərdə tək-tək əyləşmiş klub nümayəndələri olur. Konsertə şövqlə, həvəslə yollanan Vaqif dəhşətli sarsıntı keçirir. Onu aldatmışdılar, xəyanət etmişdilər. Konserti düzənləyənlər proqram haqqında heç yerdə elan verməmiş, hamı Vaqifin Daşkəndə gələcəyindən xəbərsiz olmuşdu. Təsəvvür edirsiniz?
Vaqif piano arxasına keçir. Ürək ağrısı ilə zalda əyləşmiş beş-altı adam üçün "Əzizəmi gözləyirəm" kompozisiyasını ifa edir. Sonra musiqi sədaları altında, Daşkənddə, pianonun arxasında dünyasını dəyişir. Bir yerdə qeyd edin, Vaqifi paxıllıq, qısqanclıq öldürdü!
Sonra dahini vətənə gətirdilər. Onu Fəxri Xiyabanda dəfn etmədilər. Mustafazadə Yasamal qəbiristanlığında torpağa tapşırıldı. 39 yaşında, bunu da bir yerə qeyd edin!
Aramızda o qədər Aqqel var ki...
Kim deyib ki, həqiqət ilə yalanın, doğru ilə səhvin, yaxşılıq ilə pisliyin savaşması nəticəsində mütləq xeyir, mütləq doğru, mütləq yaxşılıq qalib gələcək?
Onlar aramızda yoxdur. Kim hökm çıxarıb, kimdir hakim? Bəlkə bu cür dahiləri dəfn etməyin ən gözəl yolu atəşpərəstlər kimi alov üzərində yandırmaq və küləklərdə dəfn etməkdir?
Sən də öl mənim kimi,
fəqət məzarın olsun ürəklər...
İndi bütün mətbuatı bürüyən skelet fotolarını görüncə, içim didim-didim olur. Ay camaat, Müşfiq tapılıb... "Muxtar" hekayəsini qələmə alanda dənizdən sahilə doğru addımlayan, yaxasında rəqəmlər görünən personajımın Mikayıl Müşfiq olması çoxuna məlumdur. Axı o rəqəmləri necə unutmaq olar? 1109...
Təsəvvürünüzə gətirirsiniz, kimsə sizə elə paxıllıq edir ki, içində partlayır. Durub danos yazır. Həyatın, kainatın gözəl olmasını qələmə alan, şövqlə onu dilə gətirən, həyat eşqilə aşıb-daşan bir gəncin cəlladına çevrilir.
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
İnsanlardan qurtulmağın "ən gözəl yolu" satqınlıqdı, xəyanətdir, eləmi?! Qoy rədd olsun, ölsün, gəbərsin, güllələnsin, sürgün olunsun, hə? Onlar isə əyinlərinə efod geyinib müqəddəs insan cildinə bürünəcəklər. Şeirlər yazacaqlar, tərifləyəcəklər, alqışlayacaqlar, seviləcəklər. İllər sonra isə kəllə sümüyündə iki güllə yeri olan sümüklər aşkarlanacaq və onun nakam şair Mikayıl Müşfiq olması ehtimal olunacaq, eləmi? Mətbuat bu xəbəri PR xatirinə tirajlayacaq, insanlar ah, nalə ilə, kaş o olardı, dəfn edərdik, onun cismi torpağa qarışardı, ruhu dinclik tapardı, söyləyəcək.
Bəlkə, kim olursa-olsun, araşdırmadan, tədqiqat aparmadan dəfn edək? Onun yox, bu dünyadan getmiş Müşfiqin ruhu yox, bizim - bizim narahat ruhumuzun əvvəl-axır dinclik tapması üçün!
Silahlar indi daha sərrastdır. Eyni anda ard-arda atəş açmaq mümkündür. Şəxs yerə yıxılmamış havadaca dəfələrlə güllələnə bilər. Sizcə, ikinci gülləni alnına vurana qədər Müşfiq ayaq üstə dayanmışdımı? Yoxsa əmrə müntəzir olan əslən azərbaycanlı əsgər şair yerə yıxıldıqdan sonra, şairin ölümünə əmin olmaq üçün ona yaxınlaşıb yenidən alnından atəş açmışdımı? Adam sağdır, ondan xəbər alın!
Ötən il Xızıda Mikayıl Müşfiqin xatirə evində olarkən bu məlumatla tanış olmuşdum. Deyirdilər, cəllad söyləmişdi ki, mən əmr qulu idim. Əmr olunmuşdu, mən də icra etdim. Təsəvvür edirsiniz? Əli bu qədər insanın qanına bulaşmış adam gecələr görəsən hansı yuxuları görür? Ümumiyyətlə, yatırmı? Məncə, o, atəşi özünə açmalı idi. Bu iztirabı dəfələrlə yaşamamaq üçün. Əmr quluydu, eləmi?
Onlar təklər idi. Tək, məğrur ağacları ildırım birinci vurur!
XIX əsrin ikinci yarısında tam təsadüf nəticəsində, tikinti zamanı sümüklər aşkarlanır. Məlum olur ki, onlar dahi Dantenin qalıqlarıdır. Dantenin Florensiyada olan qəbrinin sırf simvolik qəbir olması çoxuna məlum idi. Elə o səbəbdən də yerli orqanlar daima dahinin qalıqlarının axtarışında idilər. Hələ o zamanlar Mikelancelonun papa X Levə etdiyi xahiş nəticəsində papa Dantenin nəşinin Florensiyaya gətirilməsini əmr etmişdi. Sarkovaq Florensiyaya gəlir... amma boş gəlir. Elə o vaxtdan boş qəbir üzərində qurulan abidə səcdəgaha çevrilir. Sadəcə, hamının pənah gətirdiyi bir ünvan olmalıdır, axı. Qəbir boş olsa belə. İndi də hər gün Florensiyadakı boş qəbir üzərində tər, qırmızı qızılgüllər qoyulur. Sevgi xatirinə, ehtiram xatirinə... Ruhlar narahat deyil, narahat olan yerdə qalan insanlardır. Əgər varsa, sızıldayan vicdandır. İlahi komediya...
"Portare la propria croce" - Quran ayəsi kimi səslənir... "Hər kəs öz xaçını özü daşıyır".
Bizim kimi... Alnımıza yazılıb sanki. İmperiyalar aramızdan hansı zəka sahiblərini, Demiurqları qoparmadı ki...Öz əlimizlə. Biz düşünmək istəmirik, dedik. Bizə çörək verin, çörək. Kimi istəsəniz satarıq, xəyanət edərik. Nə fərqi - cavan, yaşlı. Sonra deyərik ki, filankəslər romantizm ədəbi cərəyanının nümayəndələri olublar. Bu boyda realizm içində romantika. "İblis" sizi güldürsün!
Homer korluğu istəyirəm bəzi şeyləri görməmək üçün. Dərd orasındadır ki, həqiqət elə işıqlıdır ki, qaranlıqda da gözümü deşəcək. İndi "Olum, ya ölüm" arasında vurnuxan insan kimi, ekspertizanın keçirilməsini, bu sümüklərin Müşfiqin olmasının təsdiqini istəyirəmmi?
Laqeydliyimizə, biganəliyimizə, əgər odursa da bu vaxta qədər onun tapılmasına cəhd etməməyimizə ağlamaq istəyirəm.
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara.
Könlümdə nə varsa, açayım dağlara!
Rerixin təsvir etdiyi dağlar kimi hər şey elə uzaq, elə sirli görünür ki. Yaxın, uzaq keçmişin tükürpədici aktları nə dəhşətli görünür, İlahi. Adamın ağlı çaşır. Pifaqorun eşitdiyi kainat musiqisi sədaları altında bu nabələd, oyunbaz dünyada doyunca rəqs eləyəsən. Ölüm xəbərini eşidən, havalanan analar kimi...
Xəbər çıxar-çıxmaz Bakını tozlu, dumanlı külək bir-birinə qarışdırdı. Ağacların qolu, budağı sındı. Qopmağa cürət etməyən sarı yarpaqlar himə bənd olmuş kimi ağaclardan ayrıldılar. Sonra süpürgəçilər yollara axışdılar. Payızın rəsmini çəkdiyi təbiət yerə xalı kimi sərmiş yarpaqlara bir müddət baxa bildi. Sonra hər şeyi süpürdülər. Payızın izi-tozu da qalmadı. Bircə çılpaq ağaclar şahid kimi qaldılar. Onları da kimdir dindirən.
Bəşər tarixində ilk dərin fikri dilə gətirən İov kimi mən də hamının dilə gətirdiyi eyni fikri təhrif etmədən təkrarlayacam. "Həyat ədalətsizdir"!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!