Nuranə Nurun növbəti müsahibi - yazıçı, tərcüməçi Zahid Sarıtorpaqdır

Özgəsinin əsərini çevirən yazıçı ən böyük zərbəni öz yaradıcılığına vurur

- Zahid müəllim, sizi M.Ə.Sabirlə, S.Ə.Şirvani ilə birləşdirən və ayıran cəhətlər varmı?

- Mən o böyük ustadların vaxtilə nəfəs aldıqları havanın içində, gəzdikləri torpağın üstündə böyümüşəm, sözə sevgilərinə heyran kəsilmişəm. O torpağın sirli bir aurası var ki, içində özümü unudub şeir-sənət aləminə baş vurmağa çalışmışam. Bu, məni onlarla birləşdirən cəhətdir. Ayıran cəhətlər isə çoxdur: onlar böyük missiya sahibləri olublar, hər ikisi bu xalqın maariflənməsi yolunda ömürlərini şam kimi əridiblər. Belə götürəndə, mən neyləmişəm ki? Onların etdiklərinin heç mində birini etməmişəm...

Yeri gəlmişkən, Seyid Əzimin 1870-ci ildə tikdirdiyi məktəb binasında altmışıncı illərin sonlarından, yetmişinci illərin ortalarına qədər təhsil almışam. Birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi taxtadan olan gözəl və yığcam bir məktəb binasıydı. Divarında S.Ə.Şirvaninin bu binanı tikdirdiyi və müəllim işlədiyi, A.Səhhətin, M.Sabirin, S.M.Qənizadənin, C.Cəbrayılbəylinin orada oxuduqları haqqında lövhələr vurulmuş bir məktəb... O məktəb binasını bir yadigar kimi qoruyub saxlamaq da olardı. Amma səksəninci illərin sonlarında sökdülər. Sökülməmişdən, səksənlərin ortalarında rayon partiya komitəsinin göstərişi ilə dahilərimizə aid lövhələri oradan çıxarıb "general-leytenant Qaroğlanyan burada oxumuşdur" lövhəsini oraya yapışdırmaq kimi rəzil bir iş gördülər. Sonralar bilindi ki, Qaroğlanyan Şamaxının Mədrəsə kəndində doğulmuş, Moskvada antiazərbaycan təbliğatı ilə məşğul olan birisidir. O vaxt onun rayona qonaq gələcəyini bilib miskincəsinə belə bir addım atmışdılar. O isə gələndən sonra "mən bu məktəbdə oxumamışam" - demişdi, amma yaltaqlar və simasızlar sürüsü o lövhəni oradan çıxarmayıb hadisələr qızışan vaxtlaracan saxlamışdılar... Hələ adını çəkmək istəmədiyim mərhum bir şair o generalla görüşdə ona həsr etdiyi yaltaqlıqla dolu iyrənc bir "şeir" də oxumuşdu, sonra da rayon qəzetində çap etdirmişdi. O mədhnamənin iki misrası yadımdadır: "Biz eyni ananın südünü əmdik, Bir döşü Kəpəzdi, biri Ararat..." Nə isə... Mətləbdən uzaq düşdüm, deyəsən...

- Şeir yazırdınız, birdən-birə nəsrə keçdiniz. Səbəb nə idi, ruhun ehtiyacı, yoxsa janrın tələbləri?

- Bilmirəm... Onu bilirəm ki, şeirin bir qanadı nə qədər göydə olsa da, nə qədər ruhi təcəlladan doğsa da, mənəvi susuzluğun yeganə dərmanı, məlhəmi sayılsa da, yeri gələndə nəsr də insanı altıncı hissin əliylə göylərə qaldırıb ruhun elə ağlasığmaz məkanlarına aparır ki, dillə deyilməsi mümkün deyil, gərək yazasan. Görünür, o məqam məndən xəbərsiz içimdə yetişirmiş. Beləcə, bir gün də gözümü açıb gördüm, artıq roman yazıram. Amma bu, heç də şeirə vida demək deyil... 

- Siz şeirdən nəsrə keçdiniz. Elə qələm adamları var ki, əksinə, nəsrdən şeirə keçir. Sizcə, bu halda kim udur, hansı uduzur?

- Burada uzun illər müşahidə etdiyim bir incə nüans var. Mən, adətən, dünya ədəbiyyatında, eləcə də bizim ədəbiyyatda şeirdən nəsrə keçənlərlə, nəsrdən şeirə keçənlərin müqayisəsini aparıb onların nəyə nail olduqlarının fərqinə varmışam. Adətən, şeirdən nəsrə keçənlər mətnlərə poetik elementlər gətirir. Bu isə nəsr nümunəsini daha oxunaqlı edir. Nəsrdən şeirə keçənlər isə sxolastikadan, quru təhkiyəçilikdən qurtula bilmir, nəticədə şeir itirir. Bu dediklərimə onlarla misallar çəkmək olar. Təbii ki, istisnalar da ola bilər.

- Yazıçının romanda daha çox bədiiliyə yol verməsi onun böyük sənətkar olmasından xəbər verir, yoxsa?..

- Bəlkə də bu məsələyə müxtəlif tərzdə yanaşanlar var. Söhbət təbii ki, böyük sənətkarlığın nədən ibarət olub-olmamasından getmir, bu, ayrı bir mövzudur. Məncə, istər nəsrdə, istər şeirdə individuallıq gözlənilməyəndə, bəzən də janrın tələbləri aşırı olanda, dilin oturuşmuş prinsipləri nəzərdən qaçanda, mətn itirir.

- Şamaxı həm də əruz şeirinin vətənidir, heç qəzəl yazmısınız? Qəzəl haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Qəribədir ki, heç vaxt qəzəl yazmamışam. Təbii ki, bütün Şərqdə olduğu kimi, Azərbaycan şeirinin də təməlində əruz dayanır. Sabir hələ XX əsrin əvvəllərində Salman Mümtaza verdiyi müsahibəsində əruz vəzninin bizə gəlmə olduğunu və vaxtı çatanda, gəldiyi kimi də gedəcəyini bildirmişdi. Bu barədə fikrimi sosial şəbəkədə bildirmişdim, amma bəzi dostlar məni başa düşməmişdi. Çünki düşündüklərimi obrazlı şəkildə ifadə edib, demişdim ki, indi qəzəl yazmaq, müasir avtomobillərin arasına faytonla girib "avtoşluq" etmək cəhdinə oxşayır. Onu da deyim ki, əruzda bu gün heyrətamiz şeirlər yazan Tərlan Əbilov kimi şairlər də var. Amma mən onun heca, xüsusilə də sərbəst şeirlərini daha çox bəyənirəm.

- Mənə elə gəlir ki, sizin sərbəst şeirlərinizdə əruzun materialları çoxdur. Sanki siz onu qəlibdən çıxarıb əritmisiniz. Fikrimə münasibətiniz nədir?

- Bu cür yanaşmanı eşitdiyim ilk dəfə deyil. Bu, sadəcə, içimin ruhaniyyətindən doğan bir ovqatdır ki, bütün yazdıqlarıma hopub. Burada əruzun və ya irfanın, təsəvvüfün heç bir rolu yoxdu. Dəfələrlə demişəm, o missiyanı heç vaxt üstümə götürə bilmərəm.

- Hamı deyir ki, M.Ə.Sabir çox yaşasaydı, daha kəskin satirik şeirlər yazacaqdı. Amma mən düşünürəm ki, o yaşasaydı, irfan şeirinə keçəcəkdi. Şamaxılı olasan, irfan şairi olmayasan. Siz necə düşünürsünüz?

- Sabir təkcə satira yazmayıb ki. Bunu siz də bilirsiniz. Onun yazdığı çox gözəl qəzəllər var. Səhv etmirəmsə, həm də dörd məsnəvisi var və dördü də təsəvvüf ruhundadır. Yəni, Sabir sağ qalsaydı, nə yazacağını və necə yazacağını deyə bilmərəm. Amma o, ilahi ruha bağlı bir şair idi, yoxsa o boyda millət sevgisi ürəyinə yerləşməzdi və dönüb o azmanlıqda bir satirik olmazdı.

- Moskvada oxumusunuz. Moskva ədəbi mühiti yaradıcılıq baxımından sizə nə verdi və əvəzində nə aldı?

- Moskvada oxuduğum illəri Tanrı ömrümə yazsın... Düzdür, heç bir təhsil sistemi adamı şair, yazıçı etmir və edə də bilməz. Amma çox səviyyəli qələm adamlarının mühazirələrini dinləmək, misilsiz poeziya seminarları, təmasda olduğum məşhurların aurasında yaradıcı ruhun intişar tapması mənə çox şey verib. A.Voznesenskini, E.Yevtuşenkonu, Y.Sidorovu, V.Qusevi, V.Sıbini dinləyən, suallar yağdırıb, məntiqli cavablar alan tələbənin zövqü təbii ki, formalaşmaya bilməzdi. Yəni, M.Qorki adına Ədəbiyyat İnstitutunun rolu üzərimdə danılmazdı. O təhsil ocağında keçirdiyim illəri ömrümün ən gözəl çağları hesab edirəm.

- Uzun müddət "Xəzər" jurnalında redaktor işləmisiniz. "Xəzər" jurnalının müasir ədəbi prosesdə yerini necə dəyərləndirirsiniz?

- "Xəzər" jurnalı yarandığı vaxtdan (1989) ədəbi mühitdə izlənilən, sevilən bir jurnal olub. Bu gün də elədir. Çağdaş və klassik dünya ədəbiyyatı incilərini Azərbaycan oxucusuna operativ şəkildə çatdırmaqda bu jurnalın rolu danılmazdır. Azərbaycan Tərcümə Mərkəzinin gördüyü fundamental işlərin fonunda "Xəzər" bu gün daha mükəmməl, daha çox sevilən bir dərgiyə çevrilib. Yeri gəlmişkən, fəxr edirəm ki, 3-4 il mən də bu jurnalın əməkdaşı olmuşam. "Xəzər"in 1989-cu ildə çıxan ilk sayında isə mənim məşhur özbək şairi Məhəmməd Salehdən etdiyim tərcümələrim də yer aldığı üçün həmişə qürur duyuram.

- Ərin başqa dilə rcüsi sizin üçün deməkdir? Olubmu ki, rcüzamanı əlinizdə bir ər "ölsün" siz onu yata qaytara bilməmisiniz?

- Əsərin başqa dilə tərcüməsi yaxşı haldır. Amma yaxın və ya uzaq dil olmasına baxmayaraq tərcümə prosesində istənilən mətn itirir. Nazim Hikmət demişkən, "şeir, elə bil, bir ürəkdir, tərcümə edəndə sən onun şəklini çəkirsən, ürək alınır, amma çatlarıyla..." Tərcümə prosesində əlimdə hansısa bir mətnin "ölməsi" olmayıb. Redaktəyə ciddi ehtiyacı olub, amma ölü mətnə çevrilməyib. Bəxtimdən həmişə çətin əsərlərin tərcüməsiylə üzləşmişəm. Məsələn, yüz əlli cildlik dünya ədəbiyyatı seriyasından ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları ömrümün iki il yarımını məndən alıb. Amma təvazökarlıqdan uzaq olmasın, çox sevdiyim uğurlu işlərimdən sayıram onları. Həmçinin, A.Soljenitsının "Qulaq arxipelaq"ı üçcildliyi, Fransua Moriakın "Sevgi səhrası", "Keçmiş zamanların yeniyetməsi" romanları, Yuri Trifonovun "Qoca" romanı və bir sıra hekayələri, Hötedən, V.Skotdan, C.Coysdan, M.Prustdan, C.Steynbekdən, E.İoneskodan... və neçə-neçə dünyaca məşhur müəlliflərdən etdiyim tərcümələr də ədəbi mühitdə pis qarşılanmayıb. Ancaq bir məsələ də var. Təbii ki, özgəsinin əsərini çevirən yazıçı ən böyük zərbəni öz yaradıcılığına vurur. Tərcümələr nə qədər uğurlu alınsa da, yad mətnlər arasında gərdiş etmək heç də asan başa gəlmir. Onun bədəlini tərcüməçi, yazıçı və ya şair proses zamanı öz içində öldürdüyü, yazılmamış əsərləri hesabına ödəyir...

Söhbətləşdi: Nuranə Nur

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!