Bu günlərdə "1905.az" saytında görkəmli şairimiz Musa Yaqub mövzusunda söhbət aparılıb. Söhbətdə Fuad Babayev, Təmkin Məmmədli, qonaq qismində isə filoloq alimlər - filologiya elmləri doktoru Elnarə Akimova və filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva iştirak ediblər. Həmin söhbəti (kiçik ixtisarla) Musa Yaqubun öz istəyi ilə qəzetimizdə təqdim edirik.
Fuad Babayev: - Bu, bizim Musa Yaqub yaradıcılığına həsr edilmiş ikinci söhbətimizdir. Birinci görüşümüzdə şairin qələm dostları Maarif Soltan və Tofiq Nurəli ilə söhbət etmişdik. Buyurun, söz sizindir.
Elnarə Akimova: - Bu gün Musa Yaqub dedikdə çöküş əhval-ruhiyyəli bir şair obrazı göz önünə gəlir. Səhv etmirəmsə, 2009-cu ildə Musa Yaqubun həyat yoldaşı rəhmətə getmişdi. "Azərbaycan" jurnalında şairin həyat yoldaşının ölümünə həsr etdiyi silsilə şeirlər çap edilmişdi. O şeirlərdən göründü ki, artıq Musa Yaqub yaradıcılığında həm intonasiya baxımından, həm əhval baxımından sanki tamam başqa bir mərhələ başlayıb. Bu günə qədər də Musa Yaqub həmin əhval-ruhiyyənin şairidir.
Fuad Babayev: - Yəni, pessimist.
Elnarə Akimova: - Bəli. Əslində, Musa Yaqub heç vaxt çılğın ovqatın şairi olmayıb. Həmişə müəyyən bir özünüdərk məqamı olub, dünyaya həmin özünüdərk məqamından baxan şair kimi qəbul olunub.
Bütün nifrətləri, xəyanətləri,
Bütün qəzəbləri, o acıqları
Bütün xəbisliyi, alçaqlıqları
Yıxıb ayağının altına alıb
Yaxşılıq əlindən tutub ucaldıb
Tər-təmiz ürəklə dumduru gözlə
Dünyaya baxanda
Dünya nə gözəl...
Amma buda var ki, həyat yoldaşının ölümü ilə onun yaradıcılığında yeni bir nəfəs açıldı. Həyatın faniliyi daha çox nəzərə çarpdı. Hətta son dönəmlərdə bir şeir yazmışdı:
Mənim dan ulduzum batdı qəfildən,
Batdı batmağına inanmadığım.
Dünya fani imiş, ömürsə ani,
Bitdi bitməyinə inanmadığım.
Yəni gəncliyində də dünyanın müxtəlif ovqatlarına, müxtəlif oyunlarına inanıb-inanmamaq təzadları var idi. Amma artıq elə bir məqam gəlib çatdı ki, şair sanki əlini hər şeydən üzdü və yol üstündə dayanıb öz ömür möhlətini gözləyən bir dərvişə çevrildi.
Fuad Babayev: - Çox maraqlıdır ki, Musa müəllimin özü şəxsi ünsiyyət zamanı həddən artıq deyib-gülən, zarafatcıl, baməzə bir adamdır. Günay xanım, siz necə düşünürsünüz? Musa Yaqub haqqında tədqiqat işinizdən də danışsaydınız yaxşı olardı.
Günay Qarayeva: - Musa müəllimi mən müəyyən dərəcədə daha yaxşı tanıyıram. Çünki onunla ünsiyyətdə olan adamam.
Fuad Babayev: - Və siz həm də İsmayıllıdansınız.
Günay Qarayeva: - Bəli, İsmayıllıdanam. Məsələ ondadır ki, hətta Musa Yaqubun 50 illik yubileyində 30 il bundan əvvəl ilk dəfə olaraq mən anamla birlikdə o mərasimə getmişdim. Titrəyə-titrəyə kürsüyə çıxdım həmin bu şeiri dedim.
Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!
Fuad Babayev: - İsmayıllıda olub bu hadisə?
Günay Qarayeva: - Bəli, İsmayıllıda olub. O qədər çaşmışdım ki, həyəcandan əlimdəki bir dəstə gülü aparıb Tofiq Bayrama vermişdim.
Fuad Babayev: - Oxşatdınız ona?
Günay Qarayeva: - Xeyr. Sadəcə olaraq həyəcandan gülü aparıb Tofiq Bayrama təqdim etdim. O məclis mənim həm də ilk dəfə olaraq ədəbiyyat adamları, söz adamları ilə tanışlığım idi. Çünki Musa müəllimin 50 illik yubileyində o zaman demək olar ki, bir çox şairlərimiz, yazıçılarımız iştirak edirdilər. Ədəbiyyatla bağlılığım da o gündən başladı. Sonra tale elə gətirdi ki, mənim magistr işim Musa Yaqub poeziyası oldu...
Fuad Babayev: - Biz bayaqdan danışırdıq ki, əslində o, deyib-gülən adamdır. Amma poeziyasında bir nisgil var.
Günay Qarayeva: - Söhbət ümumi zahiri görüntüdən getmir. O kövrəkliyi, həssaslığı, daxili zənginliyi oxuyanda sənə informasiya verir ki, bu həmin insandır. Yəni ünsiyyətdə olanda da onu görürsən... Musa müəllim o qədər yaradıcılığına, o qədər öz şeirinə, öz sənətinə oxşayır ki, şəxsiyyət baxımından. Ümumiyyətlə, Musa müəllim haqqında demək olar ki, danışanda hamı deyir ki, təbiət şairidir.
Fuad Babayev: - Musa Yaqubun keçən il may ayının 3-də keçirilimiş 80 illik yubiley tədbirində çoxlu çıxışlar oldu. O yubiley tədbirində Musa Yaqubun təbiət şairi olması fikri həm səsləndirildi, həm də təkzib edildi. Təbiət şairi məfhumu Musa Yaqubu kiçildir, yoxsa bu özü-özlüyündə böyük bir qiymətdir?
Günay Qarayeva: - Bu, əslində hər bir mövzuya baxış bucağından asılıdır. Ona kiçik də baxa bilərsən, böyük də... MusaYaqub bizim poeziyada ilk şairlərdəndir ki, təbiəti alim kimi öyrənir. Yəni təbiətə ailm kimi yanaşır. Təbiətin fəlsəfəsini öyrənir. Musa Yaqub yaradıcılığa 60-cı illərdə gəldi. 60-cı illərdə təbiət mövzusu Musa Yaqub yaradıcılığında demək olar ki, elə də böyük yer tutmurdu, yəni kiçik mövzu idi. Bunlar hələ görüntü idi, təbiətdə müşahidə olunan təsvirlər idi. Musa Yaqubun o zaman yazdığı "Lalə", "O yerdə", "Dağlar çox qəribə olur gecələr" şeirləri buna misaldır.
...Bir cuna göylərdən asılıb qalıb.
Pambığı çıxıbdı daş yorğanının...
O şeirlərin özündə də o dərəcədə iti müşahidə qabiliyyəti var idi. Təbiəti olduğu şəkildə elə gözəl şəkildə obrazlaşdırırdı ki. Yavaş-yavaş artıq 70-ci illərə keçiddə Musa müəllim elə bil təbiətdən insana nüfuz etməyə başladı. Təbiətdə insanı oxumağa başladı. İnsanın psixoloji aləmini, daxili zənginliyini, əhval-ruhiyyəsini təsvir etməyə başladı. Amma Musa Yaqub yaradıcılığında mən hesab edirəm ki, təbiət heç vaxt vasitə olmayıb. Musa müəllimin yaradıcılığında mənim diqqətimi cəlb edən qabarıq cəhət budur. Sadəcə olaraq məhz ideya, fikir təbiətin özündən doğub, təbiətin özündən gəlib. Musa Yaqub lirikasında cəmiyyətin bütün eybəcərlikləri, bütün çatışmazlıqları fəlsəfi ümumiləşdirmələrlə, təzadlarla, ziddiyyətlərlə demək olar ki, məhz bu aspektdən getdi. Bayaq Elnarə xanımın qeyd etdiyi kimi, Musa müəllimin həyat yoldaşı rəhmətə getdikdən sonra təkcə mövzu dəyişmədi. Hətta ruhun özü, intonasiyanın özü dəyişdi. Musa müəllimin yaradıcılığında intonasiya çalarları demək olar ki, eyni kökdə, eyni formada deyil. Amma son dövrlərdə onda bir yorğunluq, hətta intonasiyanın özündə də bir yorğunluq, çöküş nəzərə çarpır. Musa Yaqub həqiqətən də çox maraqlı şairlərimizdəndir. Amma mən belə hesab etmirəm ki, təbiət mövzusu onu kiçildir. Bizim poeziyamızda Səməd Vurğundan tutmuş təbiətin gözəlliklərini vəsf edən şairlərimiz olub.
Fuad Babayev: - Musa Yaqub bir müddət millət vəkili də olub. Bu onun yaradıcılığında bir iz buraxmamış olmaz. Siz necə düşünürsünüz?
Elnarə Akimova: - Günay xanım şəxsiyyətlə yaradıcılığın harmoniyası məsələsinə toxundu. Bu mənada qətiyyətlə demək olar ki, Musa Yaqub poeziyasında səmimi ruh müəllifin fərdi yaşamından doğur. Özü də bu amil şairin millət vəkili kimi fəaliyyətindən sonra daha inandırıcı ahəng aldı. Çünki sınaq məqamı yaşadı Musa Yaqub poeziyası və orada qələmə, istedada və yaradıcı ruha zidd heç nəyə yer olmadı. Şairin yaradıcılığı şəxsiyyəti ilə birləşib daha böyük bir harmoniya təşkil etdi. Musa Yaqubun müsahibələrindən birində oxumuşdum, deyirdi ki, İsmayıllıda bir soyuq çeşmə var, mən ora gedəndə təbiət rübabım oyanır. Ora gedənə qədər mən bilmirəm nə yazacağam. Amma orda olanda özümdən asılı olmadan duyğularımı sözə, şeirə çevirə bilirəm. Məsələn, Məstan Günər də deyirdi ki, mən hər yeri gəzsəm də Tovuzda öz kəndimə, orda olan bənövşə vadisinə can atıram. Oradakı vadidə, çayın kənarında açan bənövşələrə və Ay işığına baxıram. Ən gözəl şeirlərimi Ay işığına və bənövşələrə baxıb yazmışam. Ola bilsin ki, Musa Yaqub da şəhərdə fərqli mühitin içərisinə düşdü və orada ruhunu tam azad hiss edə bilmədi. Boya-başa çatdığı o kənd mənzərələrinə, ona ilham verən, könül rübabını qanadlandıran məkanlara qayıtdı və Musa Yaqub olaraq yenidən Azərbaycan oxucusu üçün yoluna davam etdi.
Ürəyim darıxır burda qar üçün
Şamaxı dağları indi qardımı?
Könlüm ümidini niyə kəsibdir?!
Dağlar tanıyarmı məni görüncə?
Bir vətən çiçəyi görsəm bəsimdir
Görüm bitir necə, açılır necə.
Siz dediniz ki, Musa Yaqubun təbiət şairi olması fikri birmənalı qəbul edilmir. Ola bilsin bu, şairin yaradıcılığına daha geniş sferadan baxmaq niyyətindən doğur. Amma təbiət şairi olmaq bu qədərmi asandır? Ümumiyyətlə, dünya ədəbiyyatında müəyyən mövzular var ki, ədəbiyyatın yaranışı ilə yaşıddır. Sevgi mövzusu, təbiət mövzusu, Tanrı mövzusu, vətən mövzusudur. Günay xanım Səməd Vurğunun adını çəkdi. Sırf təbiət şairi kimi Məstan Günəri, Hüseyn Arifi, Kəlbəcərli Şücaəti də bura əlavə edə bilərik.
...Ay dələduz ayaqyalın, baş açıq,
O dərədə nə gəzirsən bəri çıx.
Anam məni gəzdirdiyi alaçıq,
Şillələyən əl yadıma düşübdü...
Nə qədər montaj effekti var bu dörd misrada. Həm təsvir var, həm münasibət, həm də dərin mənalandırma… Məstan Günərdə də belədir, Musa Yaqubda da belədir. Şeir bütövlükdə misralara bölünmür, poetik nəfəs kimi doğulur.
Fuad Babayev: - Üzvü surətdə onun sintezinə nail olur, onu ayırmaq olmur.
Elnarə Akimova: - Bəli. Musa Yaqub bu baxımdan təbiət şairləri ilə həm eyni sferada durur, həm də onlardan ayrılır. Nə ilə ayrılır? Musa Yaquba qədər bir Vətən anlayışı var idi. 50-ci illərdə Əli Kərimin anasına müraciətlə yazdığı şeir var:
Mən səni bağrıma basanda bərk-bərk,
Gör nələr düşünüb, nələr duyuram!
Elə bil Göyçaydan Kamçatkayadək
Vətən torpağını qucaqlayıram.
Musa Yaqub İsmayıllının kiçik bir Buynuz kəndini Azərbaycan üçün bir Vətənə çevirə bildi. Musa Yaqub poeziyasının özəlliyi bundadır. Yəni bizdə heç bir şairdə bu işlənməyib. Musa Yaqub deyəndə birbaşa İsmayıllının Buynuz kəndi nə qədər doğma gəlir azərbaycanlılara. Bu artıq dar bir hücrə sayılmır. Musa Yaqub onu hər bir azərbaycanlı üçün Vətənləşdirə bilir. Məncə onun digərlərindən ayrılan cəhəti də məhz nəfəsindədir, poetik sistem kimi bütövlüyündədir, intonasiya özünəməxsusluğundadır. Mənə elə gəlir ki, Musa Yaqubun yaradıcılığını məhz elə burada axtarmaq lazımdır. O həm Səməd Vurğun, Əli Kərim ənənəsindən gəldi, həm də yeni cığır açdı. Ümumiyyətlə böyük istedadlar həmişə belədir, ənənədən gəlir, özündə müəyyən baza formalaşdırır və müəyyən bir məqamda onlardan ayrılır. Öz fərdi yaradıcılıq cığırına, atmosferinə, aurasına çıxır. Bu baxımdan Musa Yaqub ənənədən gələn, amma fərdi başlanğıcını qoruyan şair kimi fərqlidir.
Günay Qarayeva: - Çox maraqlıdır ki, adətən yaradıcılıq üçün hansısa bir baza - istər Avropa, istərsə də rus klassiklərindən bəhrələnmə olur. Amma Musa Yaqubda bu görsənmir. Yəni yaradıcılığında demək olar ki, bu yoxdur. Ümumi şəkildə bir fəlsəfə, təbiət fəlsəfəsi var. Hər şey də onun içərisində əriyib gedir. Nə isə bəhrələnmək, nə isə götürmək, nə isə əxz etmək onda bu bazadan gəlir. Musa Yaqubun bir gözəl şeiri var:
Ovcuma da baxdım,
bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.
İnsanın əlinin içərisindəki xətlərlə yarpaq arasında o dərəcədə oxşarlıq tapmaq və onu bu şəkildə obrazlaşdırmağı mən heç bir şairdə belə güclü şəkildə görməmişəm. Bayaq Elnarə xanım da vətənə məhəbbəti qeyd etdi.
Dünyaya gəlmədim hayla, harayla,
Bir sakit guşədə bir yerdəyəm mən.
Hətta 60-cı illərin özündə də Musa müəllimin dincliyini tapmaq, rahatlanmaq üçün təbiətə qaçışı var idi. Hətta ilk dəfə Musa müəllim Bakıya gələndə Süleyman Rüstəmlə söhbəti olmuşdu. Süleyman müəllim ona demişdi ki, sən nəyə görə o cür cənnət məkanı buraxıb bura gəlmisən. Musa müəllim burada "Azərbaycan" jurnalında çalışdığı vaxtlarda hər həftə rayona qaçırdı. Sonra elə oldu ki, burada işini atıb yenidən rayona dönəsi oldu. Rayonda məskunlaşan şair bir müddət orada müəllim kimi çalışdı. Əslində dediyiniz daxili azadlıq elə binədən Musa müəllimdə olub. Yəni sonradan yaranan bir şey olmayıb. Elə 60-cı illərin özündə də Musa müəllimin yaradıcılığında bunu aydın şəkildə görmək olur.
Fuad Babayev: - Hər bir yazarın yaradıcılığının həm də tərcümə taleyi var. Hər halda olmalıdır. Bu barədə nə deyə bilərsiniz. Birinci söhbətimizdə Maarif Soltan Musa müəllimin tərcümə cəhətdən bəxtinin gətirmədiyini dedi. Musa Yaqubu sətri tərcümədən tərcümə etmək alınmır. Ona görə də böyük tirajla çıxmasına rəğmən həmin kitablar görünmədi. Vaxtilə Sovet dönəmində Musa Yaqub kalibrli yaradıcı insanların kitabı hökmən rus dilinə tərcümə olunurdu. Moskva nəşriyyatlarının birində çap edilirdi. Bu barədə nə deyə bilərsiniz?
Günay Qarayeva: - Musa müəllimin mən bildiyim qədərilə türk dilinə tərcümə olunmuş bir çox kitabları var. Müəyyən dərəcədə Türkiyədə onun yaradıcılığı sevilir, oxunur. Bəlkə də bu dil baxımından bizə daha çox yaxın olduğuna görədir.
Fuad Babayev: - Bəlkə də ruh baxımından.
Günay Qarayeva: - Amma başqa dillərə də tərcümə olunub. Maarif müəllim düz deyir. O qədər də uğurlu alınmayıb. Bəlkə də bu tərcümə işi ilə bağlıdır, yəni sətri tərcümələrdir. Çünkü Musa müəllimdə o qədər obrazlılıq, obrazlı dil var. Həm də onun yaradıcılığında fikir versmisinizsə məişət dili var. Onu tərcümə prosesində vermək çox çətindir. Yəqin ki, bununla əlaqədardır.
Elnarə Akimova: - Bir məqamı da qeyd edim. Hər şairə qismət olmur ki, özü qocalsın, amma poetik nəfəsi bu qədər diri qalsın. Musa Yaqubda ilham, nəfəs bu gün də əvvəlki diriliyindədir. Ötən ilin dekabr ayının 31-də Musa Yaqub "Ədəbiyyat qəzeti"nin redaksiyasına yeni şeirlərini göndərmişdi. 2018-ci ilin ilk yanvar buraxılışını Musa Yaqubun iki səhifəlik şeirləri ilə açmışdıq.
Fuad Babayev: - Səhv etmirəmsə, "Ədəbiyyat qəzeti" indi A3 formatında çıxır. Yadımdadır ki, Musa müəllimin şeirləri qəzetin lap əvvəlində idi.
Elnarə Akimova: - Bəli. Azər müəllim Musa Yaqub yaradıcılığına daim qədirşünaslıqla yanaşır. Hətta bizdə "1 şeir/2 rakurs" adlı layihə var. Musa müəllimin 2017-ci ilin əvvəllərində göndərdiyi "İnanmadığım" şeirini bu layihədə Günay xanımın və tənqidçi Məti Osmanoğlunun iştirakı ilə müzakirəyə çıxarmışdıq.
Bağda gülüm soldu, cənnətdə tubum,
Bir payız axşamı çatdı qürubum,
Çatdı-çatmağına inanmadığım.
Üzümdə zəlzələ, ruhumda qiyam,
Dartdı əllərimdən o biri dünyam,
Dartdı-dartmağına inanmadığım.
Bu layihənin formatı elədir ki, bir şeir qoyulur və iki nəfər ona münasibət bildirir. Məti Osmanoğlu maraqlı təhlil rakursu seçmişdi, Musa Yaqubun həmin şeiri ilə Alber Kamünün "Sizif əfsanəsi"ni müqayisəli şəkildə işləmişdi. Musa Yaqubun "Ədəbiyyat qəzeti"nin yanvar buraxılışında çap olunan "Sən mənimləsən" şeiri isə Azər Turanın orijinal təqdimatı ilə çap olunmuşdu. O yazıda müəllif Artur Rembonun bir fikrini sitat gətirmişdi ki, poeziyada şair həm də bir kahin olmalıdır. Doğru vurğulanırdı ki, bizim ədəbiyyatda bu kahin rolunu həmişə Musa Yaqub oynadı. Çəkildi bir tərəfə və saf, duyğusal, sırf fərdi başlanğıcına istinad edən şeirlər yazdı. Məsələn, bizdə poeziyada bütləri sındırmaq anlayışı var. Köhnəliyin, ehkamın hökm sürdüyü bütün yerlərdə bunu işlədirik...
Fuad Babayev: - Musa Yaqubun yaradıcılığı bizim dərsliklərə adlayıbmı, orada varmı? Siz rast gəlməmisiniz ki?
Günay Qarayeva: - Yoxdur.
Elnarə Akimova: - Elə xüsusi bir oçerk kimi yox.
Fuad Babayev: - Yəni onun müntəxəbatda şeirlərinə rast gəlməmisiniz?
Elnarə Akimova: - Məncə, orta məktəb dərsliklərində olmalıdır... Ədəbiyyat İnstitutunda müstəqillik dövr ədəbiyyatının ikicildliyi çıxıb. Orada Musa Yaqub haqqında geniş oçerk yer alıb.
Fuad Babayev: - Ümumiyyətlə, Musa Yaqubun yaradıcılığı öyrəniləcək. Hansısa tədqiqatçının filologiya üzrə fəlsəfə doktoru və yaxud filologiya üzrə elmlər doktoru olmaq məqsədilə Musa Yaqub yaradıcılığına müracət etməsi ilə bağlı məlumatınız varmı?
Elnarə Akimova: - Mən Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda həm də seminar ekspert qrupunun üzvüyəm və bütün müdafiə olunan dissertasiyalara nəzər yetirmək imkanım olur.
Fuad Babayev: - Orada rast gəlmisiniz?
Elnarə Akimova: - Məxsusi Musa Yaquba həsr olunmuş dissertasiyaya rast gəlməmişəm. Amma olub ki, poeziyada hansısa mövzunun işlənmə səviyyəsi Musa Yaquba da toxunmağa zəruri edib. Söhbət onda deyil. Bir məqalə yazmaqla da Musaq Yaqub yaradıcılığının fərdi tərəflərini üzə çıxarmaq olar. Tamam yeni bir rakurs meydana qoymaq olar. Amma təbii ki, sistemli şəkildə olsa nə gözəl. Musa Yaqub bütün yaradıcılığı ilə buna imkan verən bir şairdir.
Günay Qarayeva: - Amma tədqiqatlar aparılır.
Təmkin Məmmədli: - Allahverdi Eminov və Vaqif Yusiflidən başqa Musa Yaqub haqqında kimlər kitab yazıb?
Günay Qarayeva: - Sistemli şəkildə Musa Yaqubun yaradıcılığı araşdırılmayıb. Bizdə belə bir tendensiya var. Gərək xalq şairi olsun ki, onun yaradıcılığı daha geniş şəkildə tədqiq olunsun. Yadıma gəlir ki, mən namizədlik işimi Musa Yaqubun yaradıcılığından götürmək istəyirdim. O zaman dedilər ki, bizdə daha çox xalq şairlərindən mövzu götürülür.
Fuad Babayev: - Hətta elə bir şərt də var?
Günay Qarayeva: - Bəli. Ona görə başqa mövzunun içərisində ola-ola da Musa Yaqub yaradıcılığına nüfuz etmək olar. Elnarə xanım bayaq qeyd etdi ki, şərt deyil Musa Yaqub yaradıcılığı haqqında nə isə böyük bir tədqiqat əsəri yazasan. Onsuz da zaman gələcək Musa müəllimin yaradıcılığı haqqında müxtəlif istiqamətlərdə tədqiqat əsərləri yazılacaq.
Fuad Babayev: - Siz öz araşdırmalarınızda yaxın gələcəkdə Musa Yaqub yaradıcılığına müraciət etməyi planlaşdırırsınızmı?
Elnarə Akimova: - Mənim doktorluq dissertasiyamın mövzusu "Çağdaş Azərbaycan poeziyası və ədəbi təmayüllər" idi və kitab kimi nəşr olundu. Çox qürurla deyirəm ki, monoqrafiyamın əhəmiyyətli hissələri elə Musa Yaqubla bağlıdır. Orada Musa Yaqub vətən, təbiət, sevgi mövzusunda ən gözəl şeirlərin müəllifi kimi yerində, məqamındadır.
Fuad Babayev: - Günay xanım, siz necə?
Günay Qarayeva: - Bayaq dediyim kimi, magistr işim Musa müəllimin yaradıcılıq yoluna həsr olunub və onu çap etdirmişəm. Namizədlik işim müasir peyzaj lirikası olub. Demək olar ki, onun böyük bir bölməsi Musa müəllimin yaradıcılığıdır. İnşallah doktorluq mövzumda da yəqin ki, böyük bir hissə Musa müəllimlə bağlı olacaq...
Elnarə Akimova: - Bizdə hər il Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunları mövzusunda elmi yaradıcılıq müşavirəsi keçirilir. Akademik İsa Həbibbəylinin İnstituta gəlişindən sonra isə bu müşavirələr daha geniş ədəbi fəaliyyət sferalarını əhatə eləməyə başlayıb. Mən 2009-cu ildən bu yana həmin elmi yaradıcılıq müşavirəsinin əsas məruzəçilərindən biri olmuşam. Bu il də iyun ayının 4-də ədəbi yekunlarla bağlı yaradıcılıq müşavirəsi oldu və mən də 2017-ci ilin ədəbi mənzərəsi mövzusunda məruzə etdim. Orada bir şeyi vurğuladım. Dedim ki, 2008-ci ildən bu yana ilin ədəbi yekunlarına həsr olunmuş elmi yaradıcılıq müşavirəsində məruzə edirəm və mənim Musa Yaqubdan bəhs etdiyim dövrün də artıq 10 yaşı tamam olur. Çünki bütün məruzələrimdən müxtəlif adlar gəlib-keçib. Amma birmənalı şəkildə yerində dəyişməz qalan Musa Yaqubun imzasıdır. Niyə? Çünki bu şairin yaradıcılığı üçün yaş senzi heç bir rol oynamır. Bu adam gənc nəslə belə öz poeziyası ilə meydan oxuya bilir. Hətta orada qeyd etdim ki, 2018-ci ilin ən gözəl şeirlərini də il girər-girməz məhz Musa Yaqubdan oxuduq.
Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı -
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...
Nə qədər Musa Yaqub poeziyası var, Azərbaycan ədəbiyyatında saf başlanğıclı bir poeziya, duruluq çeşməsi kimi daim ona müraciət olunacaq.
Fuad Babayev: - Musa Yaqub poeziya məktəbində kimlərsə varmı? Musa Yaqubun davamçıları adlandıra biləcəyimiz insanlar varmı?
Elnarə Akimova: - Təəssüf ki, birmənalı şəkildə ad çəkə bilmirəm. Məsələn, gənc şair var, Faiq Hüseynbəyli. Onun yaradıcılığında poetik nəfəs bütövlüyü var, fərqli və yenidir. Amma onda irfan qatına bağlılıq daha öndədir. Yaxud Məhəmməd Astanbəyli var. Onun da şeirlərində müəyyən təbiət ruhu var. Amma irfan qatı bu şairdə də ağırlıq təşkil edir. Başqa... Amerika professoru Jozep Kempelin bir fikri var, o deyir ki, mif kosmik enerjini bədii yaradıcılığa ötürən gizli mənbədir. Musa Yaqub yaradıcılığında təbiət məhz kosmik bir fəza elementi kimi çıxış edir. Ona görə biz ona dar hücrədə baxa bilmirik. Həm təbiətdir, həm də bütün bir dünyanı sığdıra bilir o təbiətə. Bu mənada, Musa Yaqub kimi sırf təbiət başlanğıclı şair adı çəkmək məsuliyyət tələb edir.
Fuad Babayev: - Yəni siz bunu nə ilə izah edirsiniz? Musa Yaqub "Qalacıq" poemasını yazanda hansı yaşda olduğunu bilmirəm. İndi elə bir şair olsa, onun poemasını haradasa oturub müzakirə edərlər? Siz necə düşünürsünüz, imzaların ortaya çıxmaması bəlkə o mühitin olmamağı ilə də bağlıdır.
Elnarə Akimova: - Əksinə, indi müzakirələr daha çox aparılır deyərdim. Sadəcə, sağlam müzakirələr gözə az hallarda dəyir. Gənclər 90-cı illərin müəyyən xaotik məqamlarından çıxıb. Mən həmin dövrü araşdırmışam. Bu dövrdə daha çox çöküş, dekadans əhval-ruhiyyəsi hökm sürür. Vaqif Bayatlı Ödər, Vaqif Səmədoğlu və Ramiz Rövşən poeziyası üstündə gəlişən bir dekadans dalğa var idi ki, 90-cı illərdən bu yana bu ovqat daha dərinə işlədi. Salam Sarvan xətti ilə, daha sonra isə Aqşin Yeniseyin poeziya havasında yeniliklər yaşandı. Amma poetik ovqat baxımından yenilənmə çətin gedir çağdaş ədəbiyyatda.
Fuad Babayev: - Məncə, dəyərli şairimizlə bağlı əhəmiyyətli məqamlara toxunduq. Allah Musa Yaquba cansağlığı versin. Hər birinizə təşəkkür edir, uğur diləyirəm.
Hazırladı: Təmkin Məmmədli
1905.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!