İnad taleyimiz, kür bəxtimizlə... - Professor Nizaməddin Şəmsizadəyə açıq məktub - Sərvaz Hüseynoğlu yazır

Əzizim Nizaməddin Şəmsizadə...

Biz nələr yaşadıq bu az ömürdə, kimlər gəldi-keçdi bizdən, bilirsən...

Ustad, mənim ürəyimin lap alt qatında, mənim gözlərimin dərinliyində, hardasa, tək bircə özümə məxsus bir cıdır meydanı, boş bir səhra var...

Ora yollar getməz, getməz,

Göz işləməz, nəfəs yetməz.

Həmin o pünhan, tək bircə özümə məxsus könül aləmində sakin olan mübarəklərdən biri də sənsən. Mən unutmadım, yəqin sənin də yadındadı yaxın dostlarımız üçün düzüb-qoşduğumuz ayamalar: Uzun, Hacı, Dönük... (hər biri tanınmış bir qələm əhlidi). Sənsə bizim üçün həmişə "Professor" olaraq qaldın.

Bu ad sənə çox yaraşır. O pünhan, ilginc söhbətlərimiz daxilində "Başımdan getmədi, hərgiz, səninlə içdiyim badə..." O badə ki, hər məqamından ruhumuza Mövlana, Şəms Təbrizi, Xətai, Füzuli əsintisi süzülür, bizi bizə qaytarır, bizi biz edirdi.

Həmişə "balaca qardaşım" deyə əzizlədiyin mən indi "Seçilmiş əsərləri"nin üçcildliyini kitab rəfimdən götürüb bir daha gözdən keçirirəm. Səsin qulaqlarımda, doğma sifətin gözlərim önündədi: "Bu cildlər tənqidçi kimi əlinə qələm almış bir adamın ədəbiyyatın və bütün mənəvi sərvətlərin həqiqi varisi olan Oxucu ilə dialoqdan yarandı. Mənim üçün oxucu təkcə hazır ədəbiyyatın istehlakçısı yox, həm də onun yaradıcısıdır... Bu cildləri yazarkən bir müsahibimiz də olub, sənin və mənim həmişə minnətdarlıqla qarşılaşdığımız həmin müsahibin adı belədir: Yazıçı! Mənim üçün bu ad çox müqəddəsdir..."

Təkcə üçcildliyə yazılmış ön söz kimi yox, xudmani məclislərimizdən, şəxsi söhbətlərimizdən də sıx-sıx keçən bu fikirləri dilə gətirəndə üz-gözündə cilvələnən laübə, duyğusallıq dönə-dönə bir köynəyin yaxasından keçirib bizi. Nəzərlərim üçcildlikdə yer alan yazılar üzərində gəzir. Fikrimdə, düşüncəmdə isə Sənin yanındayam. Yenə də o laübəli, duyğulu simanın cazibəsindəyəm. Və kiçik qardaşın kimi yenə də səndən söz alıb, nəsə demək istəyirəm. Hər dəfə də demək istədiklərim gəlib sevimlimiz Musa Yaqubun tanış misralarının üstündə dayanır:

O nədir, üfüqə qar düşüb elə,

Bir cuna göylərdən asılı qalıb.

Girib ünsiyyətə qaranlıq ilə,

Dərələr ucalıb, zirvə alçalıb...

...Bircə qarışlıqda zülməti qırıb,

Bir şirin qar tutub qar yarğanını.

Sanki çadrasını ildırım cırıb,

Pambığı çıxıbdı daş yorğanının...

 

...Bütün üfüq boyu qara bir nəhəng

Uzanıb yer adlı çarpayısına.

Qorxuram yuxudan dura hövlnak,

Göydə tufan qopa, çarpayı sına.

İkimizin də dil əzbərimiz olan misralardı... "Yəqin ki, nəhənglər belə dincələr, bəlkə də ucalıq belə dincələr" sonluğu, tapşırması ilə bir arada.

"Eləmədiklərimizin bizi yandırdığı" məqamın şeiridi bu. Dönə-dönə dinləmişik, əzbərləmişik. Lap bu günümüzün, bu anımızın, bu durumumuzun şeiridi ki var və dinlədikcə yenidən bir köynəkdən (indiki halda göynəkdən) keçirir bizi:

Mən elə bilirdim vaxt da duracaq,

Elə o əvvəlki baxt da duracaq...

Əziz qardaşım!.. Xoşbəxtəm ki, sənin simanda, ünvanında mənim üçün həmişə ürəkdə ərk yeri bir ad yaşayır. Ən pünhan, ən açılmaz duyğularımız xudmani söhbətlərimizdə çözüldükcə-çözülüb.

Və hər dəfə də bu pünhan söhbətin sonu gəlib-gəlib poetik sözün, ümumən ədəbiyyatın üzərində dayanıb. Özünün dediklərindi: "Gücsüzləşəndə bədii sözün ülviliyinə sığınmışam, klassiklərimizi oxumaq, onların əlçatmaz aləminə dalmaqla təskinlik tapmışam...

Oxucu yanında üzüqara olmamaq, qələmdən və kağızdan utanmamaq, onların sədaqətinə xəyanət etməmək üçün Füzuli sehrinin arxasında gizlənmişəm". Və bu möhtəşəm gizlənişin son ucu gəlib-gəlib, yenə də Füzuliyə çıxıb:

Yoxdu bu rüsvalığın dərdinə dərman,

                                             ey təbib,

Eyləmə rüsvay özün həm qəlbimi qan,

                                            ey təbib.

 

...Sən qan almaqla yəqin

            bir fayda verməzsən cana,

Şövqi-ləlin gəl çıxar mümkünsə candan,

                                             ey təbib.

 

Olsa hər şərbət

            bu sevda dərdinə verməz əlac,

Şərbətimdir vəsli-yarü zikri-canan,

                                              ey təbib.

Nə etmək olar? İndiki halda həmişə "balaca qardaş" deyə əzizlədiyin kəsin  də gücü-qüvvəti yalnız Füzuli sehrinin arxasında gizlənməyə yetir. Yaxşı ki, söz var və yaxşı ki, o ilahi sözü üzümüzə tutalğa edib pünhan duyğularımızı yetirə bilirik gözü yol çəkənlərə.

İndi sənin balaca qardaşın üçcildliyindən dönə-dönə oxuyub əzbərlədiyi sətirlərin işığındaca o xudmani dost-qardaş söhbətlərinin xiffətini çəkə-çəkə və sənin öz ustadlarına bəslədiyin sonsuz sevginin ətrinə bələnib qalıb:  "Haqqında yazdığı ədəbi hadisə və ədəbi şəxsiyyətin genologiyasından başlamaq, ədəbi-tarixi fikrin ənənələrini mənşə kimi öyrənmək, ədəbi-nəzəri təkamülün məntiqini açmaq Məmməd Cəfər tənqidinin ümdə xüsusiyyətləridir. O, ədəbiyyata xalq və millətin taleyinin bədii ifadəsi kimi baxırdı". Bu sətirlərin üzərinə əlimi uzatmaq, "Məmməd Cəfər" sözünü dərin sayğılarla "Nizaməddin Şəmsizadə" ilə əvəzləmək istəyirəm. Yazıya pozu olmadığının fərqində olsam belə... O səbəbdən ki, sən özün də öz ustadına layiq bir şəyird kimi həmişə ədəbiyyata xalq və millətin taleyinin bədii ifadəsi kimi baxmısan. Böyük əmək sərf etdiyin ədəbi tənqiddə həmişə istedadlı, ilahi sözün tərəfində durmusan. Ağrın, təəssüfün də bu yöndən olub. Öz ustadından əxz edibsən ki, sevmək düşünmək deməkdir. Bədii zövqlə yanaşı ictimai məfkurə anlayışına etinalı olmaq zərurəti barədə dediklərini an-an xatırlamaqdayam. Ruhuma, düşüncəmə, yaddaşıma ismarladığındı: "Hər bir xalqın tarixi dəyəri onun öz xalqı qarşısında etdiyi xidmətlərlə ölçülür. Mənsub olduğun xalqın bağrından qopmadan xalqın tarixinə daxil olmaq mümkün deyil" və s. və i.a.

Mənim sözlərimdi: "Füzulidən deyə-deyə Füzuliləşməyin ayrı bəxtəvərliyi var". Gülə-gülə dediklərindi: "Əsas olan Məcnunlaşmaqdı".

- Rəqib tənəsini daşımaq necə?

Gülüşün də özün kimi şahanədi: "Mən o Məcnunlardan deyiləm... Dünyanı dağıdaram, aləmi lərzəyə salaram istəyim yolunda. Damarlarımda türk qanı axır. Sən türkü nə bilmisən?

Əzəmətli qədd-qamətinə qardaşcasına nəzər yetirə-yetirə bilmişəm ki, düz deyirsən. Səndəki kükrəyişin qabağına durmaqmı olar? Amma masmavi gözlərinin dibində, ətli dodaqlarının kövrək səyrişində Füzuli yadigarı Məcnunun məhzunluğu, pərişan halı həmişə boy göstərib. Sənin yaxşılıq, simsarlıq, ilkinlik, deməli, insanlıq Məcnunluğunun əsarətində kiçik qardaşına dönmüşəm. Professor Abbas Zamanovdan xatırladıqlarındı: "Xoşbəxt o kəsdir ki, onun məhz şəxsiyyəti ən gözəl əsəri kimi sabaha, gələcəyə, bizə yadigar qalır". Ustadının sözlərini eynilə özünə şamil edirəm; bu yöndən sevirsən sevdiklərini. Bu yöndən qiymətləndirirsən ədəbi-nəzəri fikrimizin patriarxları Məmməd Cəfəri, Kamal Talıbzadəni, Yaşar Qarayevi, Anarı, Elçini, Nizami Cəfərovu... Eyni zamanda bilirəm ki, bu sevda, atəşin sayğı bütün türk aləmi, türk ruhu boyuncadı. Harda türkcə danışan bir səs eşidirsənsə - dönüb o tərəfə salavat çevirirsən, "türkün səsi mənim qibləmdir, mən türkcə səsə ibadət edirəm" deməkdən, yazmaqdan usanmırsan.

Hər qətrəsi Türk dünyasına, azərbaycançılıq düşüncəsinə bağlıdı ömrünün. Yevgeni Yevtuşenkonun misralarında ifadə olunan, Folknersayağı ötkəmlik və ədayla ifadə etmək olar bu ömrü. Elə bil sənin dilindən yazıya alınıb

İnad taleyimlə, kür bəxtimlə mən

Nə qədər düşsəm də dilə, ağıza -

Sədaqət naminə, sevgi naminə

Yalan satmamışam qələm-kağıza.

Bilirsən necə həsrətlə, inamla yolunu gözləyirəm əzəmətli cismin, zərif ürəyinlə yenidən o pünhan hücrəyə qədəm basmağını? Gəl ki, kəsilməsin ayaqlarımız o gözəl hücrədən, gözəl aləmdən. Gəl! "Səni görmək üçün ümidimi bir daş kimi qoymuşam ayağımın altına, qalmışam boylana-boylana... Bilirəm gələcəksən. Tanıyıram səni, həkimlərini..."

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!