Fəlsəfə doktoru, millət vəkili Cavanşir Feyziyevin 5 kitabdan ibarət "Türk dünyası" araşdırmasının (Bakı, Mütərcim, 2017) adında "avrasiyaçılıq" ifadəsi işlədilməsə də, əslində tədqiqatın əsas konteksti geniş Avrasiya tarixi-coğrafi-mədəni arealıdır, çünki türk xalqları yüzilliklər boyu bu arealı formalaşdırmış, burada dərin izlər buraxmış və bugün də o irsə sahib çıxmağa iddialıdırlar. Müəllif özünün 2013-cü ildə nəşr etdiyi "Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" kitabında (Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 312 səh.) artıq bu ideyanın təməlini qoymağa nail olmuş və neoavroasiyaçılığın inkişaf meyillərinə aydınlıq gətirərək, bunun dünyanın mövcud siyasi xəritəsində yer almış yeni türk dövlətlərinin də iştirakı olmadan mümkünsüzlüyünü gündəmə gətirmişdir.
Göstərilən nəşrin III fəslindəki "Rusiya avrasiyaçılığı" bölməsi isə həm avrasiyaçılığın tarixi-fəlsəfi köklərinin üzə çıxarılması və əsl məğzinin izah olunması, həm də müstəqil türk dövlətlərinin maraqlarından kənar Rusiya modelinə uyğun düzənlənəcək "Avrasiya İttifaqı"nın perspektivsiz bir siyasi-ideoloji layihə olduğunu açıqlayır, hazırki şəraitdə Avrasiya evinin onun özəyini təşkil edən Türk dünyası ətrafında formalaşdırılmasının qanunauyğunluğunu təsdiqləyir. Klassik avrasiyaçıların bütün görüşlərində Rusiya tarixində və mədəniyyətində, rus xarakterinin formalaşmasında, rus dövlətçiliyinin bazisində Turan elementlərinin əhəmiyyətli rolu vurğulandığından müəllif postsovet dövründə neoavrasiyaçılıq adı ilə gündəmə gəlmiş və müxtəlif ideoloji platformalar altında müstəqil ölkələri öz çətiri altına almağa çalışan Rusiyanın bütün səylərinin mənasızlığını və xüsusən də panslavizm ideyalarının icrasının indiki şəraitdə mümkünsüzlüyünü dönə-dönə qeyd edir. Rusiyada neoavrasiyaçılığının inkişaf meyillərini məharətlə izləyən və obyektiv qiymətləndirən azərbaycanlı tədqiqatçı qlobal inteqrasiyanın yeni Avrasiya modelini təklif etmək qərarına gəlir. Bu, dərin tarixi köklərə və təcrübəyə malik türk xalqlarının yaratmaqda olduqları Türk Dövlətləri Birliyidir ki, o da öz növbəsində həm mövcud Avropa Birliyi, həm Rusiya Federasiyası, həm də Yaxın və Uzaq Şərq ölkələri ilə qarşılıqlı faydalı iqtisadi, mədəni və insani münasibətlər qurmaqla Böyük İpək Yolu və bu kimi digər layihələrlə insan sivilizasiyasının malik olmuş olduğu və bu gün də mümkün görünən tolerant və multikultural mühitdə birgəyaşayışa və ümumi maddi-mənəvi dəyərlərə ehtiramla yanaşmağa yol aça bilər. Şübhəsiz ki, kitabın ideya və məzmununun kökündə duran amillərdən biri də postsovet dönəmində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülmüş Turan avrasiyaçılığı qanadının mövcudluğu və müəyyən müddət ərzində "Dialoq Avrasiya" jurnalının Türkiyədə bir milyon tirajla nəşridir ki, bu da problemin elmi, ictimai-siyasi dairələr və geniş oxucu auditoriyası tərəfindən adekvat şəkildə qarşılanması üçün az əhəmiyyət daşımır.
"Türk dünyası" çoxcildliyi iddialı və perspektivli bir layihənin başlanğıcıdır. Eyni zamanda onu mövzuya kompleks yanaşma kimi də dəyərləndirmək olar. Kitabın ən üstün cəhətlərindən biri də odur ki, burada Azərbaycan və Türkiyə türkcələri, rus dili ilə yanaşı, türkologiya üzrə dünyanın ən nüfuzlu universitetlərində və elmi mərkəzlərində Avropa dillərində nəşr olunmuş mənbələrə istinad edilir. Bütövlükdə kitabı özünəməxsus "Türk dünyası" ensiklolpediyası kimi də səciyyələndirmək olar.
Klassik və yeni avrasiyaçılıq araşdırmalarını izləyən, onlara azərbaycançılıq və azərbaycanşünaslıq müstəvisindən yanaşan tədqiqatçı kimi bu beşcildliyin hər bir cildini şərh etmək, burada sistemli şəkildə təqdim olunmuş elmi-nəzəri, informativ, illüstrativ materiallar və xəritələr haqqında fikir yürütmək, tədqiqat boyu ən müxtəlif məsələlər üzrə müəllifin gəldiyi qənaətə rəy bildirmək iddiasında deyilik. Kitabın AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı və müasir dövrdə türkçülüyün tədqiqi və təbliğinə, onun tədris ədəbiyyatlarına gətirilməsinə layiqli töhfələr vermiş akademik Yaqub Mahmudovun elmi redaktorluğu ilə capa tövsiyə olunması nəşrin ciddi elmi statusuna və sanbalına dəlalət etməklə yanaşı, onu həm də onillər boyu formalaşmış Azərbaycan humanitar təfəkkürünün qiymətli məhsulu kimi dəyərləndirməyə imkan yaradır. İlk olaraq məqsədimiz "Türk dünyası" çoxcildliyinin meydana gəlməsini şərtləndirən və aktuallaşdıran səbəblərə nəzər salmaqdır. Biz nəşrin avrasiyaçılıqla birbaşa əlaqəsini və motivasiya olunduğunu bildirsək də, əslində o, göstərilən elmi-nəzəri məsələ və müstəvi olmadan belə, özündə müasir türkologiyaya yeni elmi, siyasi, diplomatik baxışları və dəyişiklikləri ehtiva edən sistemli və hərtərəfli bir yanaşmadır: əsaslı və cəsarətli bir yanaşma.
Bu kitabların "Türkologiya" jurnalının yenidən yüksək elmi-metodoloji səviyyədə buraxılması, mətbuatımızda türkologiya ilə bağlı araşdırmaların sistemləşdirilməsi və yeni tədqiqat istiqamətlərinin təklif olunması ilə bağlı məqalələrin çapı (xalq yazıçısı Anar, akad.Nizami Cəfərov), türkçülük ideyaları və türkoloji araşdırmaların təbliği yönümündə elmi-publisistik yazılarla (prof. Nizaməddin Şəmsizadə) bir zamanda işıq üzü görməsi dərin köklərə və dəyərli irsə malik Azərbaycan türkologiyasının, onunla sıx təmasda olmuş türkoloji məktəblərin, türkoloqların elmi-nəzəri görüşlərinin (məs. İsmayıl bəy Kaspıralı, Yusif Akçura, Şəhabəddin Mərcani, Ziya Göyalp və b.) gündəmə gətirilməsi və bu dəyərlərə azərbaycançılıq prizmasından müraciət olunması üçün olduqca əhəmiyyətli hesab edirik. Milli-mənəvi və sosial-ictimai sifarişə hesablanmış bu elmi-tədqiqat istiqaməti rəsmi elmi dairələr və humanitar siyasətə cavabdeh olan dövlət strukturları tərəfindən prioritet sahə elan edilməli, göstərilən yönümdə layihələr dəstəklənməlidir.
"Türk dünyasının təməl dəyərləri" adlı nəşrin 1-ci cildi "Türk sivilizasiyası"nı qədimliyi və tarixiliyi, dərinliyi və genişliyi, möhtəşəmliyi, hərtərəfliliyi və çoxcəhətliliyi, tolerantlığı və sair xüsusiyyətləri ilə təqdim edir, bu sivilizasiyanın fundamentini təşkil edən Orhon-Yenisey, yaxud Ötüken Türk Kitabələrindən, Mahmud Kaşğarlının "Divanü Lüğat-it Türk" abidələrindən başlamış türk dilləri ailəsinə, türk antroponim, etnonim və toponimlərinə, ədəbiyyat, incəsənət, elm və fəlsəfəsinə, adət-ənənələrinə və milli bayramlarına, milli arxetiplərə, hətta türk etnopsixologiyasına qədər bütün məsələlərə və anlayışlara toxunulmaqla Avrasiya sivilizasiyasının beşiyində durmuş və bugünədək öz mövcudluğunu, arealını, coğrafiyasını qoruyub saxlamış türk sivilizasiyasının hazırki və sabahkı Avrasiya və dünya düzəni üçün əhəmiyyəti vurğulanır. Sonrakı cildlərdə verilən materiallar bu ideyanın təsdiqinə xidmət edir.
"Türk xalqları" adlı II kitabda türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur.
"Türk dövlətçiliyi tarixi" adlı III kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, hazırki müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikalari və vilayətləri, türk dövlətlərinin qarşılıqlı əlaqələri və inteqrasiyasından bəhs edilir. Böyük türk birliyinin təməlləri və imkanları haqqında oxucuya ətraflı məlumat verən müəllif türk dünyasının inkişaf perspektivləri haqqında elmi mülahizələr ortaya qoyur. Türk dünyasının geopolitik quruluşu, təbii ehtiyyatları, iqtisadiyyatı, hərbi və elmi-intellektual potensialı, türk dövlətlərinin ümumi təhlükəsizlik problemləri göstərilir. Türk dövlətlər birliyinin ideyadan reallığa çevrilməsi yolları təsvir olunur.
Nəşrin 4-cü cildi "Türkşünaslıq" adlanır. Üç bölümdən ibarət olan bu cildin 1-ci bölümü "Türkçülük, türkşünaslıq və türkçülər", 2-ci bölümü "Türklər haqqında fikirlər", 3-cü bölümü "Türk dünyasının inkişaf perspektivləri: böyük birliyin təməlləri və imkanları" adlanır. Əsasında türk birliyi ideyası duran türkçülük ideologiyasını formalaşdıran ədəbi abidələrə və mütəfəkkirlərə müraciət edən müəllif qulaqlarımızın öyrəşdiyi "türkologiya" terminini kitabın adında və sərlövhənin başlığında "türkçülük"lə əvəz etməsinə bu cür aydınlıq gətirir: "Türkçülük bir ideologiya olaraq, türkologiya isə bir elm olaraq qarşılıqlı şəkildə bir-birinə təsir etmiş, bir-birini zənginləşdirmişlər. Türkologiya - keçmişdə və indi türklərin və türkdilli xalqların dil, ədəbiyyat, tarix, folklor, din, etnoqrafiya, maddi və mənəvi mədəniyyətini spesifik olaraq öyrənən humanitar elm sahələrinin kompleksidir. Bu termin Qərb və Rusiya elmi mühitində qəbul edilmişdir. Lakin, fikrimizcə, türk dünyasının bu göstərilən istiqamətlərdən başqa, digər aktual problemlərini də, məsələn, türk dövlətlərinin qarşılıqlı münasibətlərini və inteqrasiyasını, ümumtürk siyasəti və ideologiyasını sistemli şəkildə öyrənən elm daha geniş konseptual anlamda "türkşünaslıq" adlandırıla bilər" ("Türk dünyası", 4-cü cild, s.16). Bizə elə gəlir ki, bu anlayışlar eyni məna yükünü daşıdığından ənənəyə sadiq qalmaq daha məqsədəuyğundur.
"Türk dünyasının tarixi şəxsiyyətləri" adlı V kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.
Avrasiyaçılıq ətrafında düşüncələrimizdə biz dəfələrlə bir neçə məsələni qabartmağa çalışmışıq: birincisi, Avrasiya xəritəsinin, Avrasiya arealı sərhədlərinin müəyyən olunması məsələsi; ikincisi, dünyanın ən böyük Avrasiya dövləti olan Rusiyanın hansı irsin sahibi olması, hansı imperiyaların varisi sayılması probleminə münasibəti, üçüncüsü, avrasiyaçılıq elmi-nəzəri platformasının onun təməl prinsipi sayılan mədəni dominant üzərində qurulmasının vacibliyininin dərki və elmi diskursa gətirilməsi. Bununla bağlı olaraq avrasiyaçılıq araşdırmalarında ədəbi abidələrin əhəmiyyətinin vurğulanması, digər aspektlərlə yanaşı, ədəbiyyat aspektinin qabardılması və ən nəhayət, avrasiyaçılıq kontekstindən azərbaycançılıq və azərbaycanşünaslığa nəzər yetirilməsi. Təqdim olunan 5 cildlik "Türk dünyası"nda bu məsələlərin hər birinə toxunulur və aydınlıq gətirilir, konkret fikir yürüdülür. Avrasiya adlandırılan tarixi-mədəni arealın məhz qədim türklərin əcdadlarının - göytürklərdən, hunlardan tutmuş bugünkü türk xalqlarına qədər - yaşadığı torpaqlarda formalaşdığı təsvir olunur. "Türk sivilizasiyası" passionar sivilizasiya kimi səciyyələndirilir, onun "bütün funksionallığı ilə Avrasiyanın zəngin təbiətini, etnosfer rəngarəngliyini, folklor arxetiplərini öz məğzində tarix boyu yaşada və onların vəhdətini mənəvi enerjiyə, hərbi-siyasi mütəşəkkillik qüdrətinə çevirə bildiyi" qeyd edilir,.. "çiçəkləndiyi dövrdə qarşılıqlı münasibətdə olduğu hind, Çin, islam, Qərb və slavyan sivilizasiyaları çevrəsində türk sivilizasiyasının konsentrasiyayaradıcı funksiya"ya malik olması və bu missiyası ilə onun "bəşəriyyətin tarixi inkişafını mütərəqqi bir istiqamətə yönəltmə təşəbbüslərində özünü bütün məqsədyönlülüyü ilə ifadə etməsi" vurğulanır. Türk sivilizasiyasını xarakterizə edən cəhətlər sadalanır: türk imperiyalarının heç birində digər dinlərə, millətlərarası disriminasiyaya yol verilməmiş, "digər xalqların əxlaq və mənəviyyat qanunlarına, sənət texnologiyalarına, tarixi abidələrinə ehtiramla yanaşılmış,.. "Mərkəzi Asiyadan Anadoluya qədər bütün türk məmləkətlərində antik sivilizasiyaların bütün izləri toxunulmaz qalmış, qorunub saxlanmışdır". ("Türk dünyası", 1-ci cild, s.15-16). Türk sivilizasiyasının (prototürklərin) ilkin genişlənmə arealı müəyyən edilir, Göy Türk imperiyasından Osmanlı imperiyasına qədər 1500 illik möhtəşəm siyasi tarixdə türk sivilizasiyasının bütün Avrasiyanın ümumi ərazisinin təqribən üçdə birini təşkil etdiyi göstərilir, öz təbii koordinatları ilə türk dünyasının materikin mərkəzi xəttini təşkil etdiyi və müasir geosiyasi mövqeyi ilə dünyanın diqqət mərkəzində olduğu təsdiqlənir. Bununla da müəllif dəfələrlə, yəni ardıcıl olaraq hər bir cilddə gəldiyi qənaət üçün möhkəm zəmin hazırlamış olur, qlobal inteqrasiyanın əsl Avrasiya modelini bütün reallıqları ilə görə bilir.
Biz Cavanşir Feyziyevin "Rusiya avrasiyaçılığı" anlayışına verdiyi dəqiq və obyektiv qiyməti qeyd etdik. Bununla bağlı onu da demək vacibdir ki, istər Orta əsrlər dövründə, istər XVIII-XIX yüzilliklərdə, istərsə də müasir və ən müasir Rusiya tarixində türk xalqlarının bu imperiyanın taleyində rolu ziddiyyətli şəkildə təsvir olunub və qiymətləndirilib. Avropaya meyillilik, islam-xristian qarşıdurması və sair səbəblərdən Rusiya XIII-XIV əsrlərdə feodal çəkişmələri nəticəsində zəifləmiş rus knyazlıqlarını alman, İsveç, litvalıların xaç yürüşlərindən və basqınından qorumuş, avropalıların səlib yürüşlərinin qarşısına sədd çəkmiş Qızıl Orda xanlarının rolunu ("Aleksandr Nevskinin hekayəti", "Qaliç-Volın salnaməsi"), onların Moskva ətrafında mərkəzləşməsinə vəsilə olmuş türk xalqlarının tarixi missiyasını unudur (bunu rus çarı, böyük knyaz İvan Qroznının məşvərətçisi olmuş publisist İvan Peresvetovun əsərləri, o cümlədən "Məhmət-sultan hekayəti" də təsdiq edir), hətta Rusiyada hazırlanmış bəzi bugünkü tarix dərsliklərində monqol-tatarları, türkləri adam əti yeyənlər kimi məktəblilərə təqdim edirlər. Neoavrasiyaçılıqdan bəhs edənlər (A.Panarin, A.Duqin və b.) nədənsə söykəndikləri klassik avrasiyaçıların görüşlərində ən vacib məqamları unudurlar: ("Moskva knyazı Qızıl Orda xanının varisi olduğu kimi" "Avrasiya ərazisindəki rus dövlətçiliyi də Çingiz xan dövlətinin varisi və davamçısıdır"; "...bizim qardaşlarımız (dil və dinə görə yox, qan, xarakter və mədəniyyətə görə) - yalnız slavyanlar deyil, həm də turanlılardır"; "Xanın iqamətgahı Moskvaya köçürüldü, Avrasiya tarixinin skif, hun və monqol dövrləri rus dövrü ilə əvəz olundu". P.N.Saviskinin "Rus tarixinin Avrasiya konsepsiyası"na müraciət edək: "Monqol istilası Rusu Avrasiya hadisələrinin ümumi axarına qoşdu və bunun nəticəsində Moskva Rusu qismində onun şimal-qərb hissəsi elə bir qüvvə və mənəvi gərginlik ortaya qoydu ki, bu da onu (Moskva Rusunu) monqolların varisinə çevirməklə, oturaq xalqa ümumavrasiya birləşdirici rolunu öz üzərinə götürməyə imkan verdi..." (Bax: Cəfərov T. Avrasiyaçılıq ideyaları müasirlik prizmasında, Bakı, 2010, s. 103). L.N.Qumilyovun da dəlilləri təkzibolunmazdır: "...Rusiya Şərqdən də, Qərbdən də, həm Timurdan, həm də Vitovdan təhlükəyə məruz qalmışdı. Qızıl Orda hər iki halda Rusiyanı təcavüzdən xilas etdi və XV əsrin əvvəllərində dağılanadək Moskva ilə müttəfiq olaraq qaldı". Qumilyov tədqiqatçı A.Kuzminin onu rusofobiyada günahlandırdığını bildirir və yazır: "K.Marksın ardınca o da hesab edir ki, monqol istilası nəticəsində rus xalqının qəlbi "sarsılmış", mənəviyyatca pozulmuş və üzülmüşdür, bu isə əsl və aşkar rusofobiyadır ki, var. Bundan əlavə, bu rusofobiya əfsanəsini tarixi faktlar aşkarca təkzib edir. XIV əsrdən sonra rus xalqı 600 il ərzində qələbədən-qələbəyə addımlayan böyük dövlət yaratdı. Bunu isə "mənəviyyatca pozulmuş və üzülmüş" qəlblə eləmək mümkün deyil..." (Bax: Cəfərov T. Avrasiyaçılıq ideyaları müasirlik prizmasında, s. 167-168). Burada bir məqamın üzərində dayanmaq istərdik. Avrasiyaçılığın banilərindən biri Nikolay Trubeskoyun məlum fikirlərini şərh edən Cavanşir Feyziyev onlara skeptikcəsinə yanaşır ("Türk dövlətləri birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli", s. 130). Belə çıxır ki, bu və gətirdiyimiz digər sitatlar Rusiyanın Avrasiya hegemonluğunun təsdiqinə xidmət edir. Fikrimizcə, klassik avrasiyaçıların görüşlərində qlobal inteqrasiyanın Avrasiyanın modelinə Türk Dövlətlər Birliyinin verəcəyi töhfələrə dəstək ola biləcək fikirləri adekvat şəkildə şərh etmək, bunu neoavrasiyaçılığı və yeni imperiya ideyasını ortaya atanlara qarşı istifadə etmək lazımdır.
"Türk dünyası" çoxcildliyini səciyyələndirən ən mühüm cəhətlərdən biri türk birliyi ideyasına kompleks yanaşmadır ki, bu da müəllifin ən müxtəlif mənbələrə müraciətini şərtləndirir. Bu mənbələr içərisində Avropa dillərində nəşr olunmuş kitab və məqalələrin üstünlük təşkil etdiyini də vurğuladıq. Azərbaycan, türk və rus dillərində materiallar da yetərincə istifadə olunsa da, nəşrlə polemuka yarada biləcək bir sıra kitablar diqqətdən kənar qalıb. Bu kitablar içərisində C.Feyziyevin birinci kitabı ilə eyni ildə işıq üzü görmüş Ömer Göksel İşyarın "Avrasiya və avrasiyaçılıq" (Bursa, Dora yayınları, 2013, 352 s.) və İlyas Kemaloğlunun "Altın Orda və Rusiya" (Ankara, Ötüken, 366 s.) monoqrafiyalarını göstərmək istəyirəm. Mövzu ilə birbaşa bağlılıq təşkil etdiyindən birinci kitab üzərində xüsusi olaraq dayanmaq niyyətindəyəm. Türkiyəli müəllifin kitabının strukturu və məzmunu ilə tanışlıq göstərir ki, o da türk birliyi, Türk Dövlətlər Birliyi ideyasına xidmət edir. Avrasiya və avrasiyaçılığa Rusiya müstəvisindən tarixi ekskurs edən prof. dr. Ö.G.İşyar Rusiya və Türkiyənin bu arealda mövcud olmuş sivilizasiyalar üçün tarixi məsuliyyətini vurğulayır. Hələ 14-cü yüzilliyin sonlarından Osmanlının Bizansın, Moskvanın isə Qızıl Ordanın xələfi halına gəldiyini söyləyən türkiyəli müəllif bu iki dövlət arasındakı önəmli ortaq özəlliyin onların daxilindəki dini və etnik qruplara hamiliyi ilə izah edir, Osmanlını islam dünyasının baş qoruyucusu, özünü Bizansın mənəvi davamçısı - Üçüncü Roma elan edən Rusiyanı isə dünya xristianlarının hamisi adlandırır və öz missiyasının yerinə yetirilməsində sonuncunun daha başarlı olduğunu xüsusi qabardır, "miraslar mövzusunda Osmanlı və Rusiya, sanki bir bütövün iki yarısı kimidirlər", deyə söyləyir. Bununla belə, 250 il ərzində iki ölkə arasında yaşanan 11 böyük müharibə, Rusiyadakı panslavizmə qarşı türk millətçiliyi duyğularının güclənməsi sonda iki dövlət və millət arasında qarşılıqlı düşmənçilik hisslərini qaçılmaz etmişdir. İki dövlətin ən müasir dövrdəki münasibətlərinə gəlincə, prof. dr. Ö.G.İşyar fikirlərini Aleksandr Duqinə istinadən tamamlayır: "Türkiyə və Rusiya Avrasiya bölgəsində bir-birinə qarşı deyil, birlikdə hərəkət etməlidirlər" ("Avrasiya və avrasiyaçılıq", Bursa, Dora yayınları, 2013, s.89).
Bütövlükdə bugünkü avrasiyaçılıq və onun inkişaf perspektivlərindən bəhs edən bu iki müəllifi yaxınlaşdıran məqamlar olsa belə, C.Feyziyev formalaşmaqda olan Avrasiya modelində Türk Dövlətləri Birliyinin roluna nikbinliklə yanaşır, perspektivdə inteqrasiya proseslərinin məhz bu areal ətrafında mərkəzləşəcəyini iddia edir, Ö.İşyar isə Rusiyanın bugünkü rolu və missiyasına, ABŞ, Çin, Türkiyə və digər türk dövlətlər ilə rəqabətdə onun faktiki imkanlarına, rusiyalı siyasət və zəka sahiblərinin neoavrasiyaçılıq baxışlarına aydınlıq gətirməklə, müəyyən mənada problemin ümumi konteksdə incələnməsi təsəvvürünü yaradır.
Mənbələrdən söz düşmüşkən, azərbaycanlı müəlliflərin avrasiyaçılıq mövzusunda kitab və məqalələrinin də ədəbiyyat siyahısına daxil edilməsini problemə müxtəlif aspektlərdən yanaşma və gələcək tədqiqatlar üçün perspektivlərin genişləndirilməsi mənasında əhəmiyyətli hesab edirik.
Avrasiyaçılıqla bağlı əvvəlki yazılarımızda problemin obyektiv və tendensiyasız araşdırılması üçün ədəbi mənbələrə istinadın, ədəbiyyat aspektinin qabardılmasının vacibliyini dəfələrlə göstərmişik. Bunun üçün bu elmi-nəzəri platformanın yaradıcılarından olan N.S.Trubeskoyun iki məqaləsini şərh edərkən ("Rus mədəniyyətində Turan elementləri" və "Çingizxan irsi. Rus ədəbiyyatına Qərbdən yox, Şərqdən bir baxış") bu bənzərsiz rus filoloqunun rus salnamələri, "İqor polku haqqında söyləmə", "Protopop Avvakumun həyatı", Afanasi Nikitinin "Üç dəniz arxasına səyahət" əsəri, Dostoyevski və Tolstoy yaradıcılığına həsr olunmuş qeydlərinə belə münasibət bildirmişik ki, bəli, rus alimlərinə bu ideyanı irəli sürməyə imkan vermiş ədəbi mənbələr ön plana çəkilməlidir. Bu məqsədlə sadalanan və sadalanmayan Orta əsrlərə aid rus ədəbiyyatı nümunələrinin mətnlərinə (o cümlədən, "Qaliç-Volın salnaməsi", "Çarqradın türklər tərəfindən tutulmasından bəhs edən povest", "Məhmət-sultan hekayəti", "Vladimir knyazlarının hekayəti", "Kazan tarixi", bir sıra kosmoqrafiya və səfir povestləri, "Azov haqqında povestlər" və s.) müraciət etmişik. Fikrimizcə, XV-XVII əsrlərdə Moskva Rusu və Osmanlı Türkiyəsi arasındakı münasibətləri publisist, rus çarına və Osmanlı sultanına xidmət etmiş İvan Peresvetovun əsərlərindən daha obyektiv heç bir mənbə işıqlandıra bilməzdi. Eyni fikri "İvan Novosilçevin Türkiyəyə səfirlik missiyası" povesti barəsində söyləmək olar. Bu məqsədlə də biz V.Bartoldun, V.Jirmunskinin Şərq və Qərb ədəbi abidələri və folklor nümunələrinin ideya-mövzu və tipoloji uyğunluğu barədə müqayisəli ədəbiyyatşünaslıqda öz təsdiqini tapmış tezislərinə, eyni zamanda O.Süleymenovun rus eposu üzərində müşahidələrinə əsaslanaraq, Avrasiya tarixi-coğrafi-mədəni arealı üçün xarakterik olan üç Ortaçağ ədəbi abidənin ("Kitabi-Dədə Qorqud", "İqor polku haqqında söyləmə", "Nibelunqlar nəğməsi") müqayisəli təhlilini vermiş (Bax: Russko-tureükie kontaktı v opisanii russkix posolğskix povestey // Qermenevtika drevnerusskoy literaturı, Moskva, İMLİ im. M.Qorğkoqo, 2004, s. 887-893; XV.-XVII Yüzyıl Rus edebiyyatında Türklər, Ankara, Atatürk Kültür Merkezi, 2010, 128 s.; Drevnəə Rusğ i törki v literaturnıx pamətnikax XII-XVII vekov, Astraxanğ, 2013, s. 219-237), məhz "Kitabi-Dədə Qorqud" dastanlarının Şərq və Qərb qəhrəmanlıq eposları arasında körpü rolunu oynadığını vurğulamışıq. Elə buradaca biz V.Y.Baqnonun "Rusiyada ideyalar tarixinə bir nəzər: imperiya ideyası" adlı məqaləsində göstərilən ideyaya öz münasibətini açıqlayan tanınmış rus filosofu N.Berdyayevdən bir sitat gətirməklə başlanğıcda mütərəqqi və pozitiv ideya kimi irəli sürülən nəzəriyyələrin sonradan hansısa siyasi məqsədlər üçün istifadə edilməsinin zərərli nəticələrinə münasibəti oxucuya çatdırmaq, həm də rus tarixinin istənilən mərhələsində ədəbiyyatın obyektiv və ədalətli mövqe nümayiş etdirdiyini göstərmək istərdik: "XIX əsr rus ədəbiyyatında ifşaedici element çox güclü olduğundan o, imperiya ideyasını qəbul edə bilmirdi. Rus mədəniyyəti kimi rus ədəbiyyatı da Rusiyanın böyüklüyü ilə həmahəng idi, belə bir möhtəşəm mədəniyyət hüdudsuz üfüqlərə malik böyük bir ölkədə yarana bilərdi, o (mədəniyyət - T.C.) bu əzəməti imperiya və dövlət hakimiyyəti ilə əlaqələndirmirdi. Burada nəhayətsiz və ucsuz-bucaqsız rus torpağı, bir də rus xalqının qırılmaz iradəsi və qüvvəsi var. Böyük dövlət və imperiya isə torpağa və xalqa xəyanət, rus ideyasının təhrifi kimi qavranılırdı.".
Rəy verilən kitablar seriyasında yer alan 4-cü kitabda görkəmli dilçi alimlər-türkoloqlarla yanaşı, "Oğuz Kağan", "Kitabi-Dədə Qorqud", "Manas" kimi epos-oğuznamələrə, "Qutadğu-Bilig"ə, Seyid Əhməd Yəsəvinin "Divani-hikmət"inə, Fəzlüllah Rəşidəddinin "Oğuznamə"sinə, M.F.Axundzadə, H.Cavid, Ö.F.Nemanzadə, Ə.Cavad, Y.V.Çəmənzəminli, M.Müşfiq irsinə müraciət olunması, sonuncu - 5-ci cilddə türk dünyasının tarixi şəxsiyyətləri sırasında çoxlu qələm sahiblərinin yer alması avrasiyaçılığın mahiyyətinin anlaşılmasında, eyni zamanda, türkçülük ideyalarının formalaşmasında ədəbiyyat aspektinin əhəmiyyətini bir daha ön plana çəkir.
C.Feyziyevin təqdim etdiyi "Türk dünyası" araşdırma kompleksi avrasiyaçılıqla bağlı olduqca mühüm bir məqamı siyasətçilərə və tədqiqatçılara bir daha xatırladır: mühacir həyatı yaşayan rus alimləri - filoloq, linqvist və etnoqraf N. Trubeskoy, coğrafiyaçı və iqtisadçı P.Saviski, tarixçı Q.Vernadski, linqvist R.Yakobson, filosof və musiqiçi P.Suvçinski və başqaları tərəfindən irəli sürülən avrasiyaçılıq bu kontinentin taleyində türk xalqlarının, onların yaratdığı imperiyaların tarixi rolu, türk sivilizasiyası təcrübəsinin və təməl dəyərlərinin Avrasiyanın bugünkü multikultural və mədəni-iqtisadi mənzərəsi üçün əhəmiyyəti ilə bağlı elmi-nəzəri istiqamətdir. Ötən yüzilliyin 40-50-ci illərinə doğru artıq formalaşmış və təsdiqlənmiş bu elmi-nəzəri məktəb ən böyük Avrasiya dövlətinə çevrilmiş Rusiyanın fikir tarixində mövcud olmuş bütün izmlərdən daha real və rasional bir ideya və nəzəriyyə idi. Sovet İttifaqında avrasiyaçılığın elmi diskursa buraxılmamasının əsas səbəbi məhz yuxarıda göstərilən cəhətlə bağlı olub. Biz Sovet dönəmində Qədim rus ədəbiyyatının ən tanınmış tədqiqatçısı akademik Dmitri Serqeyeviç Lixaçovun "Qədim Rus ədəbiyyatında insan konsepsiyası" monoqrafiyasında Rusiyanın Böyük Çöl xalqları ilə "hansısa əlaqələrə" malik olması tezisini ürək yanğısı ilə oxuyur, türk və slavyan xalqlarının birgəyaşayışı, ortaq dəyərləri, epos ənənəsi barədə Oljas Süleymenovun tezislərinin sovet humanitar və ictimai elmlər şəbəkəsi, ideoloji təbliğat maşını tərəfindən gülləbaran edilməsinin əsl səbəbini tam aydınlığı ilə görə bilmirdik... Klassik avrasiyaçılığın sonuncu nəhəng siması Lev Qumilyovun "Sosium" dərgisinə verdiyi müsahibədə (1992, № 5) səslənən cavab Rusiyanın nicat yolu, tarixi missiyası ilə bağlı rus fikir tarixinin üçəsrlik axtarışlarına ən tutarlı cavab idi: "Bir şeyi bilirəm və sirr olaraq Sizə bir şey deyə bilərəm ki, Rusiya nicat tapacaqsa, o yalnız Avrasiya dövləti kimi və yalnız avrasiyaçılıq ideyaları hesabına xilas oluna bilər...". Tarix sürprizlər və paradokslar meydanıdır. Xristianlığın mərkəzi Bizans 1453-cü ildə Konstantinopolun süqutu ilə öz maddi-mənəvi irsini Osmanlı Türkiyəsinə, təxminən bir əsr sonra, 1556-ci ildə isə Qızıl Orda Kazanın istilası ilə öz ərazisi və tarixi ilə artıq pravoslav dünyasının mərkəzi statusunu qazanmış Böyük Moskva knyazlığına qatıldı, 1991-ci ildə SSRİ-nin dağılmasını rəsmiləşdirən Bolovejsk sazişi 5 müstəqil türk dövlətinin yaranmasına vəsilə oldu... Hazırlıqlı oxucu Avrasiya materikinin və mədəni-tarixi arealının gözəl bilicisi, bu geniş ərazinin landşaftının, coğrafiyasının və etnik mənzərəsinin tədqiqinə, burada passionarlığı ilə yadda qalmış superetnosların formalaşmasına və tarixi missiyasına onlarla fundamental əsər həsr etmiş Lev Qumilyovun hansı sirri və həqiqəti oxuculara çatdırmaq istəyini anlayır, Rusiya siyasi elitasında, bu dövlətin yürütdüyü xarici siyasətdə neoavrasiyaçılığa diqqətin artmasının həmin o "sirr"in kökündə duran reallığın dərki ilə bağlılığını yaxşı başa düşür.
Bugün dünyada gedən proseslər, siyasi-iqtisadi çarpışmalar Rusiya ətrafında Avrasiya İttifaqının, Türkiyə ətrafında Türk Dövlətləri Birliyinin, Avrasiya nəhəngləri Çin-Rusiya-İran-Türkiyə-Hindistan müttəfiqliyinin hələ ki reallıqdan uzaq olduğunu, qlobal inteqrasiya və tükənməz resurslara və inkişaf perspektivlərinə malik kontinentdə Qərbin təzyiqi şəraitində mükəmməl Avrasiya modelinin formalaşdırılmasının vacibliyini bir daha təsdiqləyir. C.Feyziyevin tədqiqatları Avrasiya inteqrasiya proseslərində Türk Dövlətləri Birliyinin müstəsna rolunu sübut etməklə yanaşı, hazırki istisadi-siyasi durumda da avrasiyaçılıq ideyalarından bəhrələnməyə çalışan ən böyük Avrasiya dövləti - Rusiya ilə Türk Dövlətləri Birliyi arasında sıx əməkdaşlıq əlaqələrinin mümkün perspektivlərinə aydınlıq gətirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!