Əzizim Azər!
Qəzetinizin 85 illik yubiley günü yaxınlaşır. Mübarək olsun.
Yubiley ili ərəfəsində çox şeyi demək, çox şeyi də xatırlamaq olar. "Ədəbiyyat qəzeti" artıq çoxdan bütov bir epoxanı müxtəlif, mürəkkəb mərhələlərlə birlikdə əhatə edən salnaməyə və salnaməçiliyə, tarixə və tarixçiyə çevrilmişdi.
Yazıçı kimi, yazıçı qəzetinin də ayrıca öz tərcümeyi-halı olur. O, indi sizin özünüzdən də yaşca çox böyükdür. Enişlər-yoxuşlar keçib gəlib. İstilər də görüb, soyuqlar da.
Şair demiş, onun səhifələrində "gənclik" də var, "piranəlik" də!
Bəxtimizə, payımıza çıxan bu qəzetin həm oxucuları, həm də müəllifləriyik.
Bu gün, şeir, hekayə yazmaq üçün əlinə qələm götürən istedadlı bir gənc də bu qəzeti özününkü hesab edir və səhv eləmir.
Etiraf edirəm: ilk şeirim bu qəzetin səhifələrində çıxanda necə sevinmişdimsə, indi də, təzə bir şeirimin çapına eləcə sevinirəm.
Ədəbi yaradıcılığın sirr olduğu kimə məlum deyil?! "Ədəbiyyat qəzeti" mənim tale qəzetimdi.
"Tərcümeyi-hal"ımın ən yaddaqalan səhifəsi bəlkə də burada işlədiyim vaxtlarda yazılıb.
O zaman Sovet məkanında baş redaktorun "öz qəzetində" müəllif kimi çıxış etməsi müşkül məsələydi. Onda irad tuturdular ki, onsuz da qəzetin hər sayında baş redaktorun imzası gedir. Məndən qabaq bu qəzetin baş redaktoru işləyən mərhum şair Qasım Qasımzadə (şairlərin ən mehribanıydı, ona bir şeir də həsr etmişəm) bir dəfə mənə dedi ki, doqquz il bu qəzetdə baş redaktor işlədim, özümün bir əsərimi çapa vermədim. Xeyirxah insan məni bu məsələdə ayıq olmağa çağırırdı. Dövr mürəkkəb idi, başqa yolumuz yox idi. Ancaq indi görəndə ki, sən baş redaktor kimi qəzetin yazı həyatında dəyərli yazılarınla çıxış edirsən, bunun nə qədər vacib iş olduğu meydana çıxır. Sələflərimiz C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və digərləri o zaman rəhbəri olduqları qəzet və jurnal səhifələrində ardıcıl çıxış etmişdilər. İndi sən "Ədəbiyyat qəzeti"ndə həm də o ənənəni qoruyub saxlayırsan.
Adətən qəzet ("Ədəbiyyat qəzeti"də) redaksiyada formalaşır. Sizin redaksiyada istedadlı, məhsuldar yaradıcı gənclər fəaliyyət göstərir ki, onların imzaları artıq ədəbi mühitdə yaxşı tanınır. Bundan başqa, qəzetə güclü elmi-ədəbi-fəlsəfi potensialı və qələmi olan Respublikanın tanınmış alimləri - Nizami Cəfərov, Rüstəm Kamal, Elnarə Akimova, Məti Osmanoğlu da cəlb edilmişdir ki, onlar demək olar, qəzetin hər növbəti sayında çıxış etməklə, müxtəlif yönlü aktual, problem məsələlərə, müasir ədəbi prosesin izlənməsinə qədər, müstəqilliyimiz və azərbaycançılığımız mövqeyindən aydınlıq gətirməyə çalışırlar.
Bunlar, əlbəttə, baş redaktorun əzablı axtarışlarının nəticəsi kimi təqdirə də, tərifə də layiqdi.
Baş redaktor - qəzetin müəllifidi. Daima narahatdı, nigarandı. Axtarışdadı. Qəzet çıxana qədər də, çıxandan sonra da. Yəqin təbii vəziyyətdi.
Əzizim Azər!
Sən görkəmli ədəbiyyatşünas alim atan İmamverdi Əbilovun ailəsində böyüdün, böyük Əli bəy Hüseynzadədən türkçülüyü-azərbaycançılığı mənimsədin; Müasirimiz, klassikimiz Hüseyn Cavidin tədqiqatçılarından biri kimi hörmət qazandın. "Turan" təxəllüsün də o ailədən gəlir. İndi çox yaxşıdır ki, sən onlardan öyrəndiklərini qəzetin səhifələrinə gətirirsən. (Onu da xatırlayıram ki, sən Turan xanımın vəfatından sonra gülməyi yadırğamışdın, oğul. Sədaqət böyük amildir).
Bizim Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti" unudulmaz ulu öndərin müntəzəm oxuduğu yeganə qəzet olub. Bakıda, Azərbaycan Respublikasının rəhbəri vəzifəsində, Birinci şəxs olduğu zaman; Moskvada, Siyasi Büronun üzvü, böyük dövlətin rəhbərlərindən biri olanda da. Sağ ol ki, qəzetin oxunaqlı olması üçün bu gün əlindən gələn hər şeyi edirsən, dövlətinə və dövlətçiliyinə sadiqsən, milli ideologiyanın keşiyində dayanmısan. "Ədəbiyyat qəzeti" bu gün ən fərəhli dövrünü yaşayır. Qəzetimizin 85 yaşı mübarək olsun!
Yeni uğurlar...
Hörmətlə, Nəriman Həsənzadə
xalq şairi
08.08.2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!