Teatr müasir insanın həyatından uzaq düşür? - Mirbala Səlimli ilə MÜSAHİBƏ

 

Bu müsahibəni Şəkiyə səfərimin son günü almışdım. İşimin çoxluğu, eləcə də söhbətin yazılı material kimi tam formalaşması üçün müəyyən qədər zaman ayırmaq istəyim müsahibənin dərcini gecikdirdi.

Əməkdar incəsənət xadimi, Şəki Dövlət Dram Teatrının bədii və inzibati rəhbərliyini əzmlə həyata keçirən Mirbala Səlimli ilə söhbətimiz 2026-cı ildə ölkədə təşkil olunan yeganə  teatr bayramı - V Şəki Beynəlxalq Tear Festivalı, həmçinin Şəki teatrının fəaliyyəti, teatrın missiyası, rejissor axtarışları, müasir dramaturgiya, teatr tənqidi və tamaşaçı münasibətləri ətrafında baş tutdu. Söhbətimizdə teatrın yalnız səhnə sənəti deyil, həm də insanın mənəvi dünyasına təsir edən, onu düşündürən və bəzən öz ağrılarından azad edən bir məkan olması məsələsinə toxunduq.

 

“Teatr özü bir bayramdır”

 

– Mirbala müəllim, əvvəlcə festivaldan başlayaq. Ümumiyyətlə, teatrın və teatr festivallarının mahiyyətini necə izah edərdiniz?

– Ümumiyyətlə, teatr özü bir bayramdır. Hətta mən deyərdim ki, hansı vəziyyətdə, hansı mühitdə, hansı atmosferdə olmasından asılı olmayaraq, teatr həmişə bir bayram yaradır. Janrından, mövzusundan asılı olmayaraq, hansı əsər oynanılırsa-oynansın, orada bir bayram var.

Niyə? Çünki bütün fəlsəfələrə, dünya görüşlərinə, müxtəlif izmlərə rəğmən teatr tamaşa oyunudur. Oynamaq isə, yenə deyirəm, janrından asılı olmayaraq, bayram xarakteri daşıyır.

Bəli, deyirlər ki, teatr ritualdan yaranıb. Ola bilsin. Amma ritualın özündə də karnavallıq, oyun və bayram elementləri var. Bu, dini bayram da ola bilər. Məsələn, orta əsrlərin misteriyalarını, mirakllarını götürək. Onlar dini mərasimlər idi, ritual xarakteri daşıyırdı, amma eyni zamanda oyun qurulur, tamaşa göstərilirdi.

Müsəlman aləmindəki şəbihləri, təziyyələri də xatırlayaq. Bunların da özündə oyun elementləri var. Vaxtilə yaşlılardan eşitmişdim ki, bizim kənddə də şəbih oyunları oynanılıb, təziyyələr keçirilib.

Ona görə festivalın özü də mənim üçün bir karnaval, bir bayramdır.

Bu dəfə festivalın ideyasını müəyyənləşdirərkən ətrafımızda baş verən hadisələri də nəzərə almışdıq. Boz, qara, hüzünlü bir dünyada, ətrafımızda müharibələrin getdiyi bir zamanda sanki qırmızı bir lalə olmalı idi ki, insanlara başqa ovqat gətirsin. Mənə elə gəlir ki, həmin beş gün ərzində bu ovqatı yarada bildik.

SMənə elə gəlir ki, teatrda katarsis amili mütləq olmalıdır. Tamaşaçı qəhrəmanla özünü eyniləşdirməli, onunla ortaq nöqtələr tapmalıdır. Bəzən ağlayaraq, göz yaşı tökərək öz daxilindəki ağrıdan azad olur. Bəzən isə komediyaya baxıb gülür, özünü qəhrəmanla müqayisə edir və “Nə yaxşı ki, mən belə deyiləm” deyərək məmnunluq hissi keçirir.

Teatrın ən vacib məqamlarından biri də məhz budur: katarsis.

 

“Festivalda rəngarəngliyə çalışıram”

 

– Festivalın proqramı hazırlanarkən sizin görmək istədiyiniz, xüsusilə dəvət etməyi arzuladığınız tamaşalar da olur. Digər tərəfdən, festivala qatılmaq istəyən teatrlar, kollektivlər var. Bu seçim necə aparılır? Siz daha çox seçim edən tərəfsiniz, yoxsa festivala maraq göstərən teatrların təklifləri əsasında proqram formalaşır?

– Əvvəlcə onu deyim ki, əlbəttə, mənim öz seçimlərim, gözləntilərim var. Bəzən bir-iki il ərzində hansısa festivala gedirəmsə və ya teatrımızın nümayəndələri başqa festivallarda iştirak edirlərsə, orada tamaşalara baxıram. Bəyəndiyim tamaşalar olur və düşünürəm ki, belə bir tamaşanın Şəki səhnəsində nümayiş etdirilməsi çox yaxşı olardı.

Nəyə görə? Həm ustalıq baxımından, həm də tamaşanın gətirdiyi ovqat baxımından. Mən istəyirəm ki, bizim aktyorlar, yaradıcı heyətimiz müxtəlif teatr məktəblərini, səhnə həllərini, tərtibatı, dekorasiyanı, texniki imkanları görsünlər. Gənc rejissorlarımız, aktyorlarımız belə tamaşaları izlədikcə dünyagörüşlərini genişləndirirlər. Ola bilsin ki, həmin tamaşadan aldıqları təəssürat gələcəkdə onların öz yaradıcılıqlarına da təkan versin.

Bu mənada festivalın çox faydalı olduğunu düşünürəm.

Mənə göndərilən video materiallara, tamaşaların çəkilişlərinə baxıram və onların arasından seçim etməyə çalışıram. Yəni bəli, seçici oluram.

Bu festivalda da janr, oyun üslubu, estetik yanaşma baxımından rəngarəngliyə nail olmağa çalışmışam. Dramatik əsərlər də olsun, faciəvi mövzulara toxunan tamaşalar da, eyni zamanda komediya, məzhəkə elementləri daşıyan nümunələr də.

Mənim üçün bütün janrlar maraqlıdır. Çalışıram ki, onların hər birini öyrənim, izləyim və imkan daxilində festival proqramında təmsil olunmasına şərait yaradım.

 

“Festival tamaşası ilə teatr repertuarı üçün nəzərdə tutulan tamaşa eyni deyil”

 

– Festival tamaşası ilə teatrın öz repertuarı üçün hazırlanan tamaşa arasında hansı fərqlər var? Bir tamaşanın həm teatrın bədii istiqamətinə, həm də festival mühitinə uyğunlaşdırılması nə dərəcədə mümkündür?

– Burada müəyyən nüanslar var. Əvvəla, festival tamaşası deyilən bir anlayış mövcuddur. Bunun həm yaxşı, həm də çətin tərəfləri var.

Məsələn, festival tamaşasının xronometrajı, yəni müddəti müəyyən məhdudiyyətlərə uyğun olmalıdır. Əgər sən başqa dildə danışan tamaşaçı qarşısında çıxış edirsənsə, tamaşanın daha yığcam, hərəkətli və anlaşılan olması vacibdir.

Təəssüf ki, hələlik bizim istifadə edə biləcəyimiz, tamaşanı başqa dildəki tamaşaçıya avtomatik anlaşıqlı edən texnoloji imkanlar geniş yayılmayıb. Məsələn, Qazaxıstana gedirik, Azərbaycan dilində tamaşa göstəririk və qarşı tərəfin onu rahat başa düşməsi üçün əlavə texniki dəstəyə ehtiyac yaranır. Hələ bu məsələlər tam həll olunmayıb.

Digər tərəfdən, tamaşanın daşınması məsələsi var. Uzaq məsafəyə aparılan tamaşanın dekorasiyası, rekvizitləri, texniki avadanlıqları ciddi logistika tələb edir. Ona görə də müəyyən mənada daha yığcam, daşınması asan tamaşalar festivallar üçün əlverişli olur.

Məsələn, bu festivalda Qazaxıstan tamaşasını bəyəndim. Aleksandr Ostrovskinin əsəri əsasında hazırlanmış “Tufan” tamaşası qazax mentalitetinə uyğunlaşdırılmışdı. Onların dekorasiyasının hazırlanması məsələsində də müəyyən çətinliklər vardı. Amma biz burada hər şeyi hazırladıq. Qazaxıstandan olan həmkarlarımız da gəldilər və gördükləri işdən razı qaldılar. Hətta dedilər ki, bizim hazırladığımız dekorasiya orijinaldan da gözəl alınıb.

Bu, Şəki teatrının ustalarının əməyinin göstəricisidir. Amma belə tamaşaları bir yerdən başqa yerə aparmaq asan deyil.

Məncə, burada üç əsas məsələni uzlaşdırmaq lazımdır: teatrın öz repertuarı üçün nəzərdə tutulan tamaşa, festival üçün hazırlanan tamaşa və teatrın yaradıcılıq nüfuzuna xidmət edən əsər.

Bunların hər üçünü bir tamaşada birləşdirmək mümkündürmü? Mənim fikrimcə, bu, çox çətin məsələdir. Çünki hər birinin öz tələbləri var. Amma teatrın inkişafı, rejissorun, aktyorun, rəssamın yaradıcılıq təcrübəsi və teatrın beynəlxalq nüfuzu baxımından hər üç istiqamət vacibdir.

 

“Əsəri oxuyanda qəlbinə bir nar dənəsi boyda nəsə düşməlidir”

 

– Rejissor kimi əsər seçərkən ilk növbədə nəyə diqqət yetirirsiniz? Sizi hansı məqam əsərə bağlayır?

– Mənim üçün proses belə başlayır: əvvəlcə əsəri oxuyuram, onunla tanış oluram. Əsərin daxilində müəyyən hadisələr düzümü olur. Amma ümumilikdə əsərin özü də bütöv bir hadisədir.

Bunu nara bənzətmək olar. Nar bütöv bir meyvədir, amma onun daxilində çoxlu dənələr var. Əsəri oxuyarkən sənin qəlbinə sanki həmin narın dənələrindən biri boyda nəsə düşməlidir. Səni tutan, özünə çəkən bir məqam olmalıdır.

Bu, əsərdəki ideya ola bilər, hər hansı bir hal, atmosfer, əhval-ruhiyyə, yaxud hadisənin özü. Məni həmişə hadisə maraqlandırıb.

Çünki hadisə bəzən çox gizli, bəzən açıq şəkildə təqdim oluna bilər. Parçalanmış, ziqzaqvari formada da ola bilər. Amma bütün bunların içərisində elə bir hadisə var ki, məhz o, səni özünə cəlb edir.

Bəlkə həmin hadisə sənin keçmişində baş verib, bəlkə də onunla müəyyən kəsişmə nöqtələrin var. Əsəri oxuyanda həmin hadisə səni tutursa, artıq emosional müstəviyə keçirsən.

Amma bundan sonra peşəkarlıq başlayır. Mənim fikrimcə, rejissor dörd əsas suala cavab tapmalıdır.

Birincisi, müəllifin qoyduğu ideya. Əsərdəki hadisə və ideya insanlıq üçün əbədi məna daşımalıdır. Hadisə dünən də baş verə bilər, yüz il, min il əvvəl də. Amma onun daşıdığı fikir insan üçün bu gün də əhəmiyyətli olmalıdır.

İkinci məsələ müasirlikdir. Əbədi ideya ilə yanaşı, həmin ideyanın bu günə nə dərəcədə aid olduğunu müəyyənləşdirmək lazımdır. Müəllif hansı mövzunu qaldırıb və bu mövzu bu gün nə dərəcədə aktualdır?

Üçüncü məsələ kollektivdir. Həmin əsəri səhnəyə gətirə biləcək aktyor heyəti, yaradıcı kollektiv varmı? Rejissor öz kollektivinin imkanlarını da nəzərə almalıdır.

Dördüncü məsələ isə tamaşaçıdır. Bu tamaşaya baxan insan orada özünə aid nə isə tapa biləcəkmi? Onun üçün maraqlı, düşündürücü bir məqam olacaqmı?

Məncə, bu amillər üst-üstə düşəndə tamaşa yaranır.

 

“Tamaşalar ölkələr və yaradıcı kollektivlər arasında düşmənçilik yaratmamalıdır”

 

– Festival yalnız tamaşaların nümayişi deyil, həm də fərqli teatr məktəblərinin, yaradıcı düşüncələrin görüşüdür. Belə bir mühitdə fikir ayrılıqları və tənqidlər də qaçılmazdır. Festival iştirakçıları arasında sağlam yaradıcı dialoqun qurulmasına necə yanaşırsınız?

– Mən qətiyyən istəmərəm ki, festivalda tamaşalar, kollektivlər və ölkələr arasında düşmənçilik mühiti yaransın.

Təəssüf ki, ötən festivallardan birində belə halların şahidi olduq. Bəzi tamaşalar açıq şəkildə linç olundu, gələn ölkələrə və kollektivlərə qarşı xoşagəlməz münasibət göstərildi. Hətta həmin ölkələr sonradan dəvət aldıqları başqa festivallara qatılmaq istəmədilər.

Mən bunu düzgün hesab etmirəm. Açığı, belə münasibətlərdə bəzən insanın natamamlıq kompleksini hiss edirəm.

Mən uzun müddət psixologiya ilə də məşğul olmuşam və ona görə də bəzi davranışların arxasında hansı psixoloji məqamların dayandığını hiss edə bilirəm.

Mən istəmirəm ki, kimsə öz fikrini başqa bir rejissora, aktyora sərt şəkildə diktə etsin. Amma əlbəttə, fikir bildirilməlidir. Burada vacib olan odur ki, insan öz fikrini qorxmadan, sərbəst ifadə edə bilsin.

Festivalın işi yalnız tamaşaları göstərməklə bitməməlidir. Tamaşalar haqqında yazılar yazılmalı, müzakirələr aparılmalı, yaradıcı insanlar bir-biri ilə fikir mübadiləsi etməlidirlər.

– Deməli, festival başa çatsa da, yaradıcı dialoqun davam etməsinin tərəfdarısınız?

– Əlbəttə. Mən getdiyim festivallarda tamaşalar haqqında ən doğru fikirlərin çox vaxt iki-üç rejissorun bir yerə yığışıb söhbət etdiyi zaman səsləndiyini görmüşəm.

Rejissorlar bir-biri ilə danışanda, aktyorlar öz aralarında fikir mübadiləsi aparanda daha açıq olurlar. Çünki orada kənardan müdaxilə yoxdur, özünü nümayiş etdirmək ehtiyacı yaranmır.

Məsələn, bir rejissor dostum məndən soruşursa ki, tamaşa necə idi, mən ona öz fikrimi deyirəm. Deyirəm ki, mənə elə gəlir, bu məqam belə alınmışdı, mən olsaydım, bəlkə də başqa cür edərdim. Amma son qərar, əlbəttə, onun özünündür.

Mən bunu hansısa kompleksdən, yaxud özümü başqalarından üstün göstərmək üçün demirəm. Sadəcə, dostum məndən fikrimi soruşubsa, onu bildirirəm.

Bəyəndiyim məqamları da gizlətmirəm. Əgər tamaşada xoşuma gələn nəsə varsa, bunu mütləq deyirəm.

Amma bəzən müzakirələr zamanı başqa bir mənzərə ilə qarşılaşırıq. İnsan tamaşaya baxır, amma əsərin əsas fikrini tuta bilmir. Sonra başlayır müxtəlif klassiklərdən, nəzəriyyələrdən, izmlərdən danışmağa. Öz biliyini nümayiş etdirmək istəyir. Nəticədə konkret tamaşa müzakirənin kənarında qalır.

Əlbəttə, əsərlə başqa müəlliflər, nəzəriyyələr arasında əlaqə ola bilər. Amma bunu əsaslandırmaq lazımdır. Həmin əlaqənin tamaşa ilə nə bağlılığı olduğunu göstərməlisən.

Məni ən çox narahat edən də odur ki, bəzən insanlar tamaşanın özündən danışmaq əvəzinə, tamam başqa mövzulara keçirlər.

 

“Dünyada heç bir aktyor izmi oynamayıb”

 

– Sizin fikrinizcə, teatrda müxtəlif cərəyanların və izmlərin təsiri nə qədər əhəmiyyətlidir? Rejissor müəyyən bir estetik istiqaməti seçərək tamaşa hazırlamalıdır, yoxsa hər şey yaradıcı duyğudan başlamalıdır?

– Mən belə düşünürəm ki, dünyada heç bir aktyor izmi oynamayıb. Buna ehtiyac da yoxdur. Dünyada heç bir rejissor izmi səhnəyə çıxarmayıb. Yazıçı, dramaturq, rejissor, aktyor istedadlıdırsa, işləyirsə, öz qəlbinin vəziyyətini yaradıcılığına gətirir.

Sonra həmin materialda hansısa izmin elementləri görünə bilər. Amma insan əsəri yazmağa başlayanda əvvəlcədən “mən bunu filan izmdə yaradacağam” düşüncəsi ilə hərəkət etməməlidir.

Məsələn, bu gün absurd əsərlər yazılır. Mən bəzən onların səmimiliyinə inanmıram. Çünki absurd teatrın, dramaturgiyanın yaranma tarixinə baxmaq lazımdır. Hansı tarixi şəraitdə yaranıb? Onu doğuran ictimai, iqtisadi və mənəvi səbəblər nə olub?

Baxın, 1949-cu ildə ortaya çıxan əsərləri həmin dövrün tarixi şəraitindən, müəllifin yaşadığı mühitdən ayrı təsəvvür etmək olmaz.

Bu gün kimsə absurd yazmaq istəyirsə, İoneskonu, Samuel Bekketi və başqa müəllifləri təqlid etməklə kifayətlənməməlidir. Bu günün mühiti, bu günün dadı, ovqatı və insanın yaşantıları əsərdə əksini tapmalıdır.

Mənim üçün yaradıcılığın əsas məsələsi budur: sən yaşadığın mühiti bədii şəkildə təsvir etməlisən.

Əlbəttə, ola bilər ki, bu gün də Bekketin və ya İoneskonun hansısa əsərini səhnəyə gətirəsən. Amma bunun üçün də müəyyən şərtlər olmalıdır. Əsərin ideyası, müasirliyi, sənin kollektivin və tamaşaçı ilə quracağın əlaqə bir-birinə uyğun gəlməlidir.

Bir də rejissor tamaşaçını özü ilə birlikdə müəyyən mənada inkişaf etdirməlidir. Söhbət tamaşaçını zorla dəyişdirməkdən getmir. Söhbət onunla birlikdə yeni düşüncə mərhələsinə keçməkdən gedir.

 

“Tənqid tamaşanı batırmaq yox, qaldırmaq üçün olmalıdır”

 

– Mirbala müəllim, siz kifayət qədər açıq fikirli yaradıcı insan kimi tanınırsınız. Tənqidə münasibətiniz də maraqlıdır. Ümumiyyətlə, Azərbaycan teatr mühitində tənqid sizi qane edirmi? Tənqid inkişaf üçün kifayət qədər rol oynaya bilirmi?

– Mənim öz tamaşalarım, filmlərim haqqında nə yazılıbsa, heç vaxt buna cavab verməmişəm. Amma tənqiddə doğru məqamlar varsa, onları özüm üçün götürmüşəm.

Tənqidi oxuyanda onun nə dərəcədə doğru olduğunu müəyyənləşdirməyə çalışıram. Bəzən doğru fikirlər olur, bəzən isə tənqidçinin şəxsi münasibətini, hansısa kompleksini hiss edirsən. Amma mən heç vaxt tənqidə görə kiməsə cavab verməmişəm. Öz yaradıcılıq mövqeyim var. Əgər hansısa tamaşanı səhnəyə çıxarmışamsa, deməli, orada özüm üçün müəyyən bir məna tapmışam. Onu düşündüyüm mərhələlərdən keçirmişəm və səhnəyə gətirmişəm.

Bununla belə, mən tənqidə qapalı deyiləm. Təsəvvür edin, bir gün gənc aktrisa gəlib mənə deyir ki, Mirbala müəllim, bu tamaşada mənə elə bir məqam xoş gəlmədi. Mən ondan soruşuram ki, harada, nəyi nəzərdə tutursan?

Bəzən gənc aktyorların, aktrisaların çox maraqlı müşahidələri olur. Onlar tamaşaya böyük sevgi ilə baxırlar, amma eyni zamanda hansısa məqamın düzgün alınmadığını da hiss edə bilirlər. Mən istəyirəm ki, onlar fikirlərini sərbəst desinlər. Mənimlə, digər aktyorlarla, rəssamlarla açıq danışa bilsinlər. Mənim üçün tənqidin əsas məqsədi budur.

Tənqid xətrinə nəyisə tənqid etmək doğru deyil. Əgər sözün varsa, tənqid kömək etməlidir. Tənqid tərəqqiyə aparmalı, inkişafa, təkamülə təkan verməlidir.

Tənqid əsəri, tamaşanı, filmi batırmaq əvəzinə onu qaldırmalıdır. Mənim xoşladığım tənqid məhz budur. Tənqidçinin işi yaradıcı insanın əlindən tutub onu aşağı çəkmək yox, əksinə, qaldırmaqdır.

 

“Müasir qəhrəmanı səhnəyə gətirmək asan deyil”

 

– Çağdaş Azərbaycan teatrı ilə bağlı müzakirələrdə tez-tez belə bir fikir səslənir ki, müasir dövrün insanı, onun ağrıları, yaşantıları, gündəlik problemləri səhnədən uzaq düşüb. Sanki səhnə ilə insan arasında müəyyən məsafə yaranıb. Siz bu fikirlə razısınızmı?

– Mən bu məsələyə bir qədər fərqli yanaşıram. Təcrübəmdə görmüşəm ki, bəzən yazıçı elə qəhrəmanlar yaradır ki, insanlar həmin qəhrəmanlara bənzəməyə, onların hərəkətlərini, həyat tərzini təqlid etməyə çalışırlar.

Amma bəzən bunun əksi də baş verir. Müəllif müasir dövrdə yaşayan, cəmiyyətin içərisində olan, amma antipatik xüsusiyyətlər daşıyan bir qəhrəmanı səhnəyə gətirir.

Vaxtilə zəif qəhrəmanlar dövrü də olub. İnsanlar artıq romantik, idealizə olunmuş, pərəstiş edilən qəhrəmanlardan yorulmuşdular. 1960-cı illərdən başlayaraq yeni qəhrəman axtarışı gücləndi. Əvvəlki dövrlərdə fəhlə sinfinin qəhrəmanları, ideal obrazlar səhnəyə və kinoya gətirilmişdi. Sonra isə zəif, qorxaq, öz sözünü deməyə çətinlik çəkən, sevgisini ifadə edə bilməyən, bürokratik maneələrin altında əzilən insanlar obraz kimi təqdim olunmağa başladı.

Həmin dövr üçün bu, maraqlı və yeni yanaşma idi.

Bizim yaxın tariximizə baxanda isə o qədər mürəkkəb, keşməkeşli hadisələrdən keçmişik ki, yeni qəhrəmanların axtarışı da asan olmayıb. Bir neçə maraqlı obraz yaransa da, bu proses hələ də davam edir.

Məsələn, mən öz tamaşalarımda keçmişindən asılı olan, bu gün həmin keçmişdən azad ola bilməyən qəhrəmanlara müraciət etmişəm.

Son tamaşamızda da belə bir obraz var. O, evdə həmişə atasının, anasının, babasının sözünə qulaq asan, adət-ənənələrə uyğun yaşayan bir insandır. Amma həyatında ən çox sevdiyi bir şey əlindən alınanda mübarizəyə qalxır. Yəni itaətkar görünən insanın daxilində də mübarizə aparmaq gücü var.

Bu gün dramaturqlar da, yazıçılar da, rejissorlar da yeni qəhrəman axtarışındadırlar. Mən özüm də düşünürəm: hansı qəhrəman səhnəyə gəlməlidir? Tamaşaçı hansı obrazı sevəcək, hansı obrazla özünü eyniləşdirəcək?

Məsələn, Qarabağ müharibəsi qəhrəmanlarının həyatları çox mürəkkəb və ziddiyyətlidir. Xüsusilə 44 günlük Vətən müharibəsinin iştirakçılarının taleləri gözümüzün qarşısında baş verib. Onları daha yaxından tanıyırıq. Onların səhnəyə və filmə gətirilməsi həm vacibdir, həm də çox çətindir. Çünki burada pafosdan qaçmaq lazımdır.

Biz bəzən müharibə qəhrəmanlarını səhnəyə gətirərkən onları 1940-1950-ci illərin qəhrəmanları kimi təqdim edirik. Halbuki onlar bizim müasirlərimizdir. Onların öz daxili dünyaları, qorxuları, ağrıları, ziddiyyətləri, yaşantıları var.

Biz həmin insanları olduğu kimi təqdim etməyi bacarmalıyıq. Onların qəhrəmanlığını yalnız pafosla ifadə etmək düzgün deyil. Əsas məsələ insanın özünü, daxili aləmini göstərməkdir.

 

“Xocalı haqqında əsərlərin məzmunu güclüdür, amma səhnə formasını tapmaq çətindir”

 

– Bəs yaxın tariximizin ən ağır hadisələrini, xüsusilə Xocalı faciəsini teatr səhnəsinə gətirmək məsələsinə necə yanaşırsınız?

– Mənə Xocalı faciəsi haqqında bir neçə əsər təqdim ediblər, oxumuşam. Çox təsirlənmişəm. Amma onları tamaşaya çevirə bilməmişəm. Çünki əsərlərin səhnə formasını tapa bilməmişəm.

Bəzən məzmun o qədər güclü olur ki, ona uyğun forma tapmaq çox müşkül məsələyə çevrilir.

Dramaturq mövzunu gətirir, hadisəni təqdim edir. Sən isə düşünürsən ki, bunu sabah səhnəyə çıxarmaq mümkündürmü? Hansı formada təqdim edilməlidir? Onun səhnə dili necə olmalıdır? Səhnə ekvivalenti nədir? Bunları müəyyənləşdirmək asan deyil. Çünki bəzən əsərin məzmunu ilə onun səhnədə ifadə forması arasında uyğunluq tapılmır. Əsərin güclü olması hələ onun uğurlu tamaşaya çevriləcəyi demək deyil.

Məncə, bu gün teatrla dramaturq arasında əlaqənin zəif olması da səbəblərdən biridir.

 

“Dramaturq teatrı bilməlidir, teatr da dramaturqun əməyini qiymətləndirməlidir”

 

– Sizcə, çağdaş dramaturgiya ilə teatr arasında əlaqənin zəif olmasının əsas səbəbi nədir?

– Teatrla əlaqəsi olan dramaturqların üstünlüyü ondadır ki, onlar səhnənin imkanlarını bilirlər.

Məsələn, Elçin, İlyas Əfəndiyev, Əli Əmirli kimi müəlliflərin yaradıcılığına baxaq. Onlar teatrın imkanlarını bilirdilər. Ona görə də yazdıqları əsərlərin forması ilə məzmunu arasında uyğunluq yaranırdı. Rejissor həmin əsərlə işləyəndə onun səhnə imkanlarını görürdü.

Ən yaxşı variant odur ki, çağdaş dramaturq və rejissor birlikdə işləsinlər. Əgər söhbət bu gün yazılan əsərdən gedirsə, müəlliflə rejissorun yaradıcılıq prosesində bir araya gəlməsi tamaşanın daha uğurlu alınmasına kömək edə bilər.

Mənə elə gəlir ki, teatr və dramaturq arasında dialoq mütləq olmalıdır.

– Bəs teatrlarla dramaturqların bir araya gəlməsinə nə mane olur? Teatrlar müəllifləri cəlb etməlidir, yoxsa dramaturqlar özləri teatrlara müraciət etməlidirlər?

– Bizə əsərlər göndərən dramaturqlar çoxdur. Məsələn, bu yay gənc rejissorlarla birlikdə 31-32 əsər oxumuşuq. Onların arasında çağdaş dramaturqların əsərləri də, klassik nümunələr də var idi.

Bu əsərləri əvvəlcədən toplayırıq ki, yayda, məzuniyyət dövründə oxuyaq və gələcək repertuar üçün seçim edək. Hətta 2027-ci il üçün nəzərdə tutduğumuz tamaşalar barədə də düşünürük.

Oxuduğumuz əsərlərin arasında maraqlı mövzulara rast gəldik. Bəzilərində həqiqətən yaxşı ideyalar var idi. Amma həmin ideyanın səhnə həlli tapılmamışdı.

Çünki müəllif bəzən səhnənin imkanlarını kifayət qədər bilmir. Nəticədə elə bir əsər yaranır ki, rejissor onu oxuyur və düşünür: bunu səhnədə necə reallaşdırmaq olar?

Bəzən təqdim edilən material dramaturgiyadan daha çox kino ssenarisinə bənzəyir. Səhnədə onun vizual həllini tapmaq mümkün olmur.

Mənim fikrimcə, dramaturq teatrı sevməli, teatrın fəaliyyətini izləməli, tamaşalara baxmalıdır. Məsələn, Şəki teatrının tamaşalarını izləməli, aktyorların oyununu, səhnə quruluşunu, rejissor həllini öyrənməlidir.

Səhnə üçün yazmaq özü böyük bacarıq, təcrübə və istedad tələb edir. Müəllif bilməlidir ki, yazdığı hadisəni səhnədə necə təqdim etmək olar.

Digər tərəfdən, teatrların da dramaturqlara marağı olmalıdır. Müəllifin əsəri bəyənilirsə, ona sifariş verilməsi, əməyinin qarşılığının ödənilməsi, teatrla əməkdaşlığa cəlb olunması vacibdir.

Bu məsələnin maddi tərəfi də var. Teatrların hər zaman belə imkanları olmur. Dramaturqlar da əsərlərini səhnəyə gətirmək üçün imkan axtarırlar.

Yəni problem qarşılıqlıdır. Həm teatr, həm dramaturq bu prosesdə maraqlı olmalıdır.

 

“Şəki tamaşaçısını Şəki teatrı yetişdirib”

 

– Şəki tamaşaçısı haqqında çox danışılır. Festivalda da müxtəlif ölkələrdən gələn teatr nümayəndələrinin Şəki tamaşaçısına xüsusi münasibət göstərdiyini gördük. Sizcə, Şəki tamaşaçısının fərqi nədir?

– Düzdür, Şəkidə tamaşaçı teatrı sevir. Bunu reallıq kimi qəbul etmək lazımdır. Amma bu o demək deyil ki, Şəki tamaşaçısı yalnız komediyanı sevir, dramı sevmir.

Bizim tamaşaçılar müxtəlif janrlara maraq göstərirlər. Siz də festival müddətində bunu gördünüz. Buraya gələn teatrların nümayəndələri dəfələrlə Şəki tamaşaçısından danışıblar.

Mən bunu fəxrlə deyirəm: həmin tamaşaçını Şəki teatrı yetişdirib.

İnsanlar uşaqlıqdan teatra gəlirlər. Onlar kiçik yaşlarından tamaşalara baxırlar və zamanla teatr mədəniyyəti formalaşır.

Məsələn, bu yaxınlarda uşaq tamaşalarımızı izləyən balaca tamaşaçıların reaksiyasını gördük. Onlar tamaşaya o qədər maraqla baxırdılar ki, hər hadisəni diqqətlə izləyirdilər. Görəsən, indi nə olacaq, hadisələr necə inkişaf edəcək – bütün bunları maraqla gözləyirdilər. Bu, bizim üçün çox sevindiricidir.

 

“Qaraca qızın ölümünü göstərmədik, dostluğun gücünü göstərdik”

 

– Uşaq tamaşalarından danışdınız. Bu tamaşalarda uşaqların psixologiyasını nəzərə almaq nə qədər vacibdir?

– Çox vacibdir. Məsələn, gənc rejissorumuz Elvin Nuri “Qaraca qız” tamaşasında çox düzgün qərar verdi.

Əsərdəki faciəvi sonluğu olduğu kimi təqdim etmədi. Qaraca qızın ölümünü göstərmək əvəzinə Ağca qızın ona kömək etməsini, onun həyata qayıtması üçün əlindən gələni etməsini təqdim etdi.

Beləliklə, tamaşa dostluğun rəmzinə çevrildi. Uşaqlara göstərdik ki, dostlar bir-birini qorumalı, bir-birinə əl uzatmalı, çətin vəziyyətdə bir-birini xilas etməlidirlər.

Burada həm də uşaqlar üçün ağır ola biləcək ölüm səhnəsindən qaçmaq qərarı verildi. Bunun əvəzində dostluq, mərhəmət və insanın digərinə dəstək olması ön plana çəkildi.

Tamaşanın sonunda uşaqların reaksiyasını görmək çox xoş idi. Onlar alqışlayır, sevinir, hətta rəqs edirdilər.

Biz bu mənzərənin özümüz şahidi olduq.

Məncə, teatr uşaqları məhz belə yetişdirməlidir. Bu gün uşaq tamaşalarına gələn balaca tamaşaçılar gələcəkdə bizim klassiklərimizi də, dünya dramaturgiyasının nümunələrini də izləyəcəklər.

Onlar tədricən Uilyam Şekspiri, Bertolt Brexti və başqa böyük müəllifləri tanıyacaqlar. Əsas odur ki, bu maraq uşaqlıqdan formalaşsın.

– Mirbala müəllim, maraqlı söhbət üçün təşəkkür edirəm.

– Mən də sizə təşəkkür edirəm. Sağ olun!

 

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!