"Yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasında sərhəd, nəfsdən keçir..."

 

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən müstəqil "Maskomania News" nəşri Azərbaycan yazıçısı, şairi və dramaturqu Seyran Səxavətdən geniş eksklüziv müsahibə alıb. Müsahibədə Seyran Səxavət vicdan, ədalətsizlik, ədəbiyyat, süni intellekt və insanların üzləşdiyi mənəvi seçimlər haqqında danışır. Seyran Səxavət, həmçinin Azərbaycan-Ermənistan sülhü, yazıçıların məsuliyyəti, tamahkarlığın siyasətdə və cəmiyyətdə rolu barədə fikirlərini bölüşür. 80 yaşında o, həyatından çıxardığı dərslərə nəzər salaraq həqiqət, insan təbiəti və dünya haqqında düşüncələrini ifadə edir.

Eksklüziv müsahibə "Maskomania News"un baş redaktoru Fərhad Elmar tərəfindən yazılı suallar əsasında aparılıb. Seyran Səxavət sualları Azərbaycan dilində cavablandırıb. Cavablar "Maskomania News" tərəfindən ingilis dilinə tərcümə edilərək dərc olunub.

 

 

 

 

Haqsızlığa məruz qalmaq ağırdır, yoxsa haqsızlıq etmək?

 

- Seyran müəllim, qədim yunan filosofu Sokratın müdafiə etdiyi fikirlərdən biri budur ki, haqsızlığa məruz qalmaq haqsızlıq etməkdən daha yaxşıdır. Ancaq həyatda çox vaxt bunun əksini görürük: haqsızlıq edən adam uğur qazanır, haqsızlığa məruz qalan isə həm itirir, həm də əziyyət çəkir. Sizcə, belə bir vəziyyətdə əslində kim uduzur? Başqasına haqsızlıq edib rahat yaşayan insan, yoxsa öz vicdanını qoruduğu üçün əziyyət çəkən adam? Bəs vicdan əzabı çəkməyən bir insanı mənəvi cəhətdən uduzmuş hesab etmək olarmı?

- Haqsızlıq edən adam bunun ağırlığını duysa, bəlkə də etməz. Haqsızlıq onun üçün çox yüngül başa gəlir - bəzən də əyləncə səviyyəsində. Ona görə də hesab edirəm ki, haqsızlığa məruz qalmaq ağırdı!!!

 

Azərbaycan-Ermənistan sülhü: tarixi yaddaşla gələcək arasında seçim

 

- Seyran müəllim, siz 2021-ci ildə "Həftə içi" qəzetinə müsahibənizdə ermənilərlə birgə yaşamağa hazır olmadığınızı bildirmişdiniz. Bu gün isə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində addımlar atılır. Artıq XXI əsrdə yaşayırıq. Müharibənin ağrılarını yaşamış insanlardan keçmişi unutmağı gözləmək olmaz. Amma bu gün böyüyən uşaqların gələcəyə hansı düşüncə ilə baxacağı da mühüm məsələdir. Təsəvvür edin, bir azərbaycanlı uşaq atasından soruşur: "Ata, ermənilər bizim düşmənimizdir?" Sizcə, ata bu suala necə cavab verməlidir? Tarixi yaddaşı qorumaqla keçmişin düşmənçiliyini gələcək nəsillərə ötürmək arasında sərhəd haradan keçir? Sizcə, uşaqlara Azərbaycan xalqının yaşadığı faciələri olduğu kimi öyrədib, eyni zamanda onları başqa xalqlara nifrət etmədən böyütmək mümkündürmü? Bu məsələdə ədəbiyyatın üzərinə hansı məsuliyyət düşür?

- Azərbaycan türkləri kinli deyil, uzun illərdən sonra tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinə də bugünkü kimi yanaşmayacaq, əgər belə demək mümkündürsə, nisbətən "unudacaq". Ancaq inanmıram ki, erməni xisləti tarix boyu özünəməxsus şəkildə (torpaq iddiası, dənizdən-dənizə böyük Ermənistan xülyası və sair sərsəmləmələri ilə) Xocalını təkrar-təkrar yadımıza salmasın - kaş yanılsaydım. Övladlarımıza isə sonradan-sonraya bizə qonşu gələn ermənilərlə düşmənçilik ruhunda deyil, son dərəcə ehtiyatlı olmağı tövsiyə etmək gərəkdir. Siyasətçilərin meydan suladığı məkanda isə ədəbiyyat köməksizdir və heç nə edə bilməz - ədəbiyyat 100-150 il bundan əvvəl kömək eləyə bilərdi və eləyirdi də!

 

Hicab: şəxsi seçim, yoxsa cəmiyyətin qadına qoyduğu tələb?

 

- Seyran müəllim, Azərbaycanda hicab məsələsi uzun illərdir mübahisə doğurur. Bəziləri bunu qadının dini inancının və şəxsi azadlığının ifadəsi hesab edir, digərləri isə ailənin və cəmiyyətin təsiri altında verilən qərarın nə dərəcədə azad seçim olduğunu sorğulayırlar. Təsəvvür edin ki, bir qadın ailəsinin etirazına baxmayaraq hicab taxmaq, başqa bir qadın isə ailəsinin təzyiqinə baxmayaraq hicabını çıxarmaq istəyir. Sizcə, bu iki qadının seçim hüququna Azərbaycan cəmiyyətində eyni hörmətlə yanaşılırmı? Əgər insan öz seçiminə görə ailəsinin sevgisini, yaxınlarının hörmətini, hətta yaşadığı mühitdəki yerini itirmək təhlükəsi ilə üzləşirsə, onun qərarını nə dərəcədə azad hesab etmək olar? Sizcə, burada əsas problem hicabın özü, yoxsa cəmiyyətin qadının həyatına və şəxsi qərarlarına nəzarət etmək istəyidir?

- Səxsi seçim, yoxsa cəmiyyətin qadına qoyduğu tələb, - deyə soruşursunuz. Cavab birmənalıdır: - İkisi də.

 

Süni intellekt: insan öz yaratdığının əsirinə çevrilə bilərmi?

 

- Seyran müəllim, süni intellekt getdikcə insanların gördüyü işləri öz üzərinə götürür. Sizcə, bir gün yazıçıların və şairlərin də yerini tuta bilərmi? Təsəvvür edin ki, süni intellekt insan psixologiyasını, duyğuları və ədəbiyyatın incəliklərini təqlid etməyi öyrənir, oxucuları heyran edən romanlar, hekayələr, ssenarilər, şeirlər və dərin psixoloji əsərlər yazır. Hətta insanlar bu əsərləri tanınmış yazıçıların əsərlərindən üstün tuturlar. Belə olan halda hiss etmədən hisslər haqqında yazmaq həqiqi sənət sayıla bilərmi? Bəlkə, insanlar öz yaratdıqlarına inanmağa, onun qərarlarını öz qərarlarından üstün tutmağa meyillidirlər? Bu, insanın təbiətindəki könüllü tabeçilik, hətta qul olmaq istəyi ilə bağlıdır, yoxsa məsuliyyəti öz üzərinə götürmək istəməməsi ilə? Yaxud bəlkə, süni intellekt dünyanı insanlardan daha yaxşı idarə edib daha ədalətli bir gələcək quracaq?! Sizcə, insanlar öz yaratdıqlarının əsirinə çevriləcəklər, yoxsa onun sayəsində daha azad olacaqlar?

- Hələ süni intellekt ortalığa çıxıb bütün boy-buxunu ilə görükdükdən xeyli, uzun illər əvvəl insan süniliyin əsarətində idi - girov düşmüşdü - plen. Bu süni intellekt heç vaxt, heç vaxt, heç vaxt nəinki əsl istedad sahibi olan yazıçıların yerini tutar, heç onların böyründən yel olub ötə də bilməz - bu həqiqətdir.

 

Ziyalının dəyişən mövqeyi: vicdan, yoxsa şəxsi maraq?

 

- Seyran müəllim, təsəvvür edin ki, bir ziyalı illərlə hakimiyyəti sərt tənqid edir. Sonra ona ev, avtomobil, yüksək vəzifə və ailəsi üçün müəyyən imtiyazlar verilir. Bundan sonra həmin insan dünən tənqid etdiyi hakimiyyəti tərifləməyə başlayır. Məni maraqlandıran onun niyə mövqeyini dəyişməsi deyil. Daha çox bu dəyişikliyin insanın daxilində nə baş verdiyini bilmək istərdim. Sizcə, belə bir insan öz vicdanı ilə necə barışır? Zaman keçdikcə yeni mövqeyinə özü də inanmağa başlayır, yoxsa qazandığı rahatlıq onun üçün əvvəlki prinsiplərindən daha vacib olur? Bəs cəmiyyət belə insanlara niyə bəzən əvvəlkindən də böyük hörmət göstərir? Bu, həmin ziyalının nüfuzudur, yoxsa onun qazandığı imkanlara göstərilən hörmət? Bəlkə, insanlar belə halları gördükcə "O dəyişdisə, mən niyə dəyişməyim?" deyə düşünür və zamanla prinsiplərindən imtina etməyi adi hal saymağa başlayırlar? Sizcə, bu cür münasibət cəmiyyətin mənəvi dəyərlərini də tədricən dəyişə bilərmi? Belə olan halda bu, cəmiyyəti hara apara bilər?

- İnsanın yer üzünə ayağı dəyəndən bu günə qədər Vicdan - Şəxsi Maraq müharibəsi bu günə qədər də davam edir və edəcək. Orasını da deyim ki, bu elə bir mürəkkəb seçimdir ki, onun başında Nəfs dayanır - özü də çox möhkəm. Əslində Vicdan - Şəxsi Maraq müharibəsini də, elə Dünyanın özünü də Nəfs idarə edir - dünyanın idarə olunmasında böyük dövlət başçılarının rolu görüntü xarakteri daşıyır - siyasi butaforiya...

 

Yazıçı həqiqəti deməlidir, yoxsa xalqını qorumalıdır?

 

- Seyran müəllim, yazıçının vəzifələrindən biri cəmiyyətin görmək istəmədiyi həqiqətləri üzə çıxarmaqdır. Amma bəzən həmin həqiqətlər xalqın özü haqqında yaratdığı təsəvvürlərlə ziddiyyət təşkil edir. Xalqını sevmək onun səhvlərini gizlətmək deməkdir, yoxsa həmin səhvləri açıq göstərmək də vətənə xidmət sayıla bilər? Sizcə, burada yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasında sərhəd haradan keçir? Bədii əsərdə həqiqətlə təxəyyülü bir-birindən ayırmaq nə dərəcədə vacibdir?

- Yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasında sərhəd, nəfsdən keçir - çox ağır olsa da bu həqiqətdir. "Bədii əsərdə həqiqətlə təxəyyülü bir-birindən ayırmaq nə dərəcədə vacibdir" sualına isə cavabım belədir: bədii əsərdə təxəyyüllə həqiqəti bir-birindən ayrımaq sözə xəyanətdir. Yazıçı yalnız və yalnız həqiqəti deməlidir, çünki xalqı qorumağın yeganə yolu da elə həqiqətdən keçir... Xalqın səhvlərini gizlətmək xəyanətdir. Bir dəfə Azərbaycan televiziyalarının birində bu barədə o qədər sərt danışdım ki, məni o qədər də dərindən anlamayan teleaparıcı soruşdu: - Seyran müəllim, bu xalqa qarşı bu qədər nifrət sizdə hardandır?!

Cavab verdim: - Sevgidən!!!

 

İnsan öz həyatını yenidən yaşamağa razı olardımı?

 

- Seyran müəllim, alman filosofu Fridrix Nitsşe "Şən elm" əsərində belə bir düşüncə təcrübəsi irəli sürür: təsəvvür edin ki, sizə bütün həyatınızı, yaşadığınız sevincləri, ağrıları, uğurları, itkiləri və etdiyiniz səhvləri heç nəyi dəyişmədən yenidən, özü də sonsuz dəfə yaşamaq təklif olunur.

Sizcə, insan belə bir təklifi qəbul edə bilərmi? Yoxsa həyatında dəyişmək istədiyi heç olmasa bir hadisənin olması onun öz taleyi ilə tam barışmadığını göstərir? Bəs sizə belə bir seçim verilsəydi, Seyran müəllim, öz həyatınızı olduğu kimi yenidən yaşamağa razı olardınızmı?

- İnsanları deyə bilmirəm, ancaq söhbət məndən gedirsə: - Mən heç vaxt!!! Çünki son dərəcə maraqsız olardı və birinci yaşamda gördüyüm yaxşı şeylər də burnumdan gələrdi... İstəmirəm...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!