- Özünüzü qısaca necə təqdim edərdiniz?
- Mən Türkiyənin Tokat şəhərində yaşayıram. Ankara Qazi Universitetinin Türk Dili və Ədəbiyyatı bölməsini bitirmişəm. 1996-cı ildən etibarən Ədəbiyyat müəllimi kimi bir çox şəhərdə fəaliyyət göstərdikdən sonra 5 ildir proqram təşkilatları, aparıcılıq, mətbuat məsləhətçiliyi vəzifələrini icra edirəm.
İlk kitabım "Üç Nokta" adı ilə 2000-ci ildə nəşr olunub. Ardınca müxtəlif antologiya kitablarım, uşaqlar üçün nağıl kitablarım, araşdırma kitablarım nəşr olunub. 2023-cü ilin sonunda "AGAVE" adlı şeir kitabım nəşr olunub. Ümumilikdə 11 kitabım çıxıb.
Əsərlərim bir çox müsabiqələrdə dərəcələr əldə edib.
Tokat Şairlər və Yazıçılar Dərnəyinin sədri olaraq mədəniyyət və incəsənət fəaliyyətlərimi fasiləsiz davam etdirirəm. İLESAM il nümayəndəliyi vəzifəm davam edir.
"KÜMBET" jurnalını nəşr edən komandada 25 ildir müxtəlif vəzifələrdə çalışmışam. Hazırda bu jurnalın imtiyaz sahibi kimi fəaliyyət göstərirəm.
Qəzet köşə yazarlığı, bir çox jurnalın baş redaktorluğu, televiziya proqramçılığı kimi çox müxtəlif sahələrdə fəaliyyət göstərmişəm.
- Bir ədəbiyyat müəllimi olmaq ədəbiyyat tarixini beynində yaşatmaq, əsərlərə dönə-dönə hər il yenidən qayıtmaq, onun mənimsənilməsində bilavasitə məsuliyyət daşımaq deməkdir. Yazarlıq isə daha azaddır, sən heç bir konkret oxucu qarşısında cavabdeh deyilsən. Səncə, hansı daha çətindir, ədəbiyyatı yaratmaq, yoxsa onu tədris etmək?
- Şübhəsiz ki, ədəbiyyatı yaratmaq daha çətindir. Çünki yaradıcılıq insan ruhunun böyük sancılarının nəticəsidir. Ortaya çıxan qısa bir şeir və ya kitab ola bilər, amma insanın dərinlərdə yaşadığı, topladığı, formalaşdırdığı nəhəng bir dünya vardır. O daxili dünyanın formalaşması zəhmətli və sancılıdır. O mərhələlərdən keçən insan bir əsər ərsəyə gətirə bilər. Ədəbiyyat təhsili isə həm zövqlü, həm də asandır. Ədəbiyyatın bütün gözəlliklərinin dadını çıxaran və onları yayan müəllimdir. Üç ay məşqlərlə ortaya çıxan bir teatr tamaşasını bir saat ərzində zövqlə izləmək və tənqid etmək kimidir müəllimlik. Hər əsərdən zövq alır, bildiklərini və hiss etdiklərini şagirdlərə ötürür. Yəni müəllimlik yaradıcılıqla müqayisədə həm təhlükəsiz, həm də əyləncəlidir.
- Yaralı yerimizə toxunmaq istəyərdim, indiki nəsil və bədii ədəbiyyat probleminə. Həm müəllim, həm də yazar olaraq bizi nə gözləyir?
- Bizim nəsil daha təbii nəsil idi. Atalardan gələn dəyərlərə sahib, doğma vətənin övladları olaraq böyüdük. Öz çevrəmizdən kənarı bilmirdik, tanımırdıq. Ailə bağlarımız möhkəm idi. Önəm verdiyimiz şeylər tamam başqa idi.
İndiki nəsil isə təbii deyil. Virtual bir nəsillə qarşı-qarşıyayıq. Onlar bütün dünya ilə ünsiyyətdə olmaqla yanaşı, öz torpaqlarına və mədəniyyətlərinə bağlılıqları bizdən daha azdır. Yerli dəyərlərini mənimsəməyən bir sənətçi universal sahədə qalıcı əsərlər yarada bilməz. Çingiz Aytmatov universal bilik və sənət zövqünə sahib bir yazıçıdır, amma onu əsl böyük edən öz mədəniyyətindən aldığı təməldir. Sənətçi bir dərviş kimi fırlanarkən bir ayağı sabit qalmalı, digər ayağı ilə dönməlidir. Öz dəyərlərindən qopan sənətçi dağılır. Bu baxımdan öz dəyərlərinə kifayət qədər sahib olmayan günümüzün sənətçi namizədlərinin universal sahədə istiqamətlərini itirmək təhlükəsi vardır.
Başqa bir təhlükə isə günümüzün oxucusunun yeni vərdişləridir. İstehlak cəmiyyəti kimi xarakterizə edilən yeni dünya insanı hər şeyi səbirsiz, tələsik, səthi şəkildə istehlak edir və tezliklə başqa axtarışlara başlayır. Hər şeydən az-az dadan oxucu heç nəyin dadını tam olaraq ala bilmir, hiss edə bilmir. Bunun nəticəsində populyar yazıçı və şairlərə üstünlük verilərkən dərinlikli əsərlərin dəyəri fərq edilə bilmir.
Üçüncü çətinlik isə idealizm, məfkurə, fədakarlıq və inanc baxımından özünü göstərir. Biz və bizdən əvvəlki nəsillər öz varlığına məna qatan inanc və məfkurələrə sahib idi. İnsanlığın yeni həyat tərzi daim qaçaqaç içində olan, daha fərdiyyətçi və eqoistdir. Birlikdə hərəkət etmək şüurunu itirmiş müasir insan bütün bəşəriyyəti maraqlandıran məsələlərdə inkişaf edə bilmir. İnsanı və cəmiyyəti kifayət qədər tanımayan bir yazıçı və ya şairin əsərləri də daha dar bir kainata xitab edir. Bəşəriyyətin yeni məfkurələrə və birlikdə hərəkət etməsini təmin edəcək yeni inanclara, həll yollarına ehtiyacı vardır.
- Azərbaycan və Türkiyəni ədəbi fəaliyyətlər baxımından necə qiymətləndirirsiniz?
- Azərbaycan türkcəsi Orta Türk dili qurşağı dediyimiz şərq və qərb türkcəsinin mərkəzlərindəndir. Bu baxımdan tarixdən bu günə qədər son dərəcə üstün olmuşdur. Bu qurşaq Əlişir Nəvai, Füzuli, Nəsimi kimi bir çox ölməz şairlər yetişdirmişdir. Bu köklü mədəni quruluş və dil üstünlükləri Azərbaycan sahəsi üçün hələ də bir şansdır.
Digər tərəfdən Türkiyə türkcəsi də Səlcuqlu və Osmanlı kimi dünyanın super gücü ola bilmiş böyük dövlətlərin mirası üzərində dayanır. Qərb və Şərq sivilizasiyaları ilə iç-içə yaşamış olan Anadolu coğrafiyası kənd təsərrüfatı, heyvandarlıq kimi quru ərazi terminlərindən əlavə dənizçilik, diplomatiya, elmi və texnoloji, metropol həyat terminlərini (sözlərini) də toplamışdır. Dil zənginliyi və dil estetikası baxımından baxdıqda Türkiyə daha zəngin, Azərbaycan isə daha estetik dil xüsusiyyətlərinə sahib olmuşdur.
90-cı illərdən sonra Türkiyə-Azərbaycan arasındakı sıx əlaqə və ünsiyyət bu iki xüsusiyyəti bir-birinə qarışdırmış, nəticədə hər iki tərəf baxımından böyük bir zənginlik ortaya çıxmışdır. Bu zənginliyi daha çox işləmək, əlaqə və ünsiyyəti daha da artırmaq həm dövlətlərin, həm ziyalıların, həm də cəmiyyətin bütün fərdlərinin vəzifəsi olmalıdır. Sahib olduğumuz mədəni və tarixi baza ölkələrimizi və millətimizi dünyada təsirli və güclü mövqeyə gətirmək üçün kifayətdir.
Söhbətləşdi: Səhər ƏHMƏD
Mahmut Hasgül
Ölməyə əlverişli zaman
Bu gün mən nə gözəl ölərdim, halbuki
Kimsəni incitmədən,
Kimsədən incimədən.
Özümdən bezdirmədən, özümü əzdirmədən,
Bir şeirə son cümləni yazırmış kimi,
Bir su çatlağına sızırmış kimi,
Bu gün mən nə gözəl ölərdim, halbuki.
Fərqinə vardınızmı?
Fərqinə vardınızmı,
Bütün nəğmələri udur gecə.
Bir uğultu, bir dəhliz ürpərtisi?
Fərqinə vardınızmı,
Həyata zəhərini qatır gecə,
Bir ümid tükənişi, nəfəs alış-verişi?
Fərqinə vardınızmı,
Zamanı əlində tutur gecə,
Bir tərəddüd, bir silah titrəyişi?
Fərqinə vardınızmı,
İnsanla birlikdə bitir gecə,
Bir layla çalınması, bir məzar gözləntisi?
Susuram mən
Gecənin saçlarından vüsalı qoxlayaraq,
Ən tənha şeirləri özümdə saxlayaraq,
Min tövbənin ardından yenə yasaqlayaraq
Zikr edircəsinə adınla susuram mən.
Gecədən topladığım qaranlığı nur sanıb,
Dilimdə əzbər olmuş nəğmələri yar sanıb,
Xəyali busələri həqiqətdə var sanıb,
Dodaqlarıma hopmuş dadınla susuram mən.
Adına şərik qoşub başqa bir ad anmadan,
Min bir bütlə bəzənmiş səhraya aldanmadan,
Eşqi aşkar eyləyən sözlərə aldanmadan,
İsmini pünhan edib andınla susuram mən.
Əllərin inciməsin
Nə zamandır yıxılmış, talan olmuş haldayam,
Səbəbsiz tərk edilmiş, viran olmuş haldayam,
Kərəm kimi atəşdə, Məcnun kimi çöldəyəm,
Bir təzə təbəssümlə diriltdi ümid məni,
Əllərin inciməsin, gözlərinlə tut məni.
Sən gəldin, indi artıq qəhrin də başım üstə,
O qara saçlarını sərsənə nəşim üstə,
Bircə dəfə başını qoysaydın döşüm üstə,
İstər zülm et, istər ölümlə qorxut məni,
Əllərin inciməsin, gözlərinlə tut məni.
Ah nazənin ağ zambaq, ah havalı kəpənək
Qəlbimdə qanad çırpar, açılar ləçək-ləçək,
Ruhum yanında xəfif, nazlı və şıltaq bəbə,
Başım çiyninə yükdü, dizində uyut məni,
Əllərin inciməsin, gözlərinlə tut məni.
Mən hər şeyə razıyam, səndə sonlanmalıyam,
Son nəfəsdən sonra da səninlə olmalıyam,
Madam səndə canlandım, səndə də solmalıyam,
Vəfa səhifəsində saxlayıb qurut məni,
Əllərin inciməsin, gözlərinlə tut məni.
Gəldim
Həyat yoldaşım Aslıya
Zaman hər şeyi gördü,
Söyləmədiyinə baxma.
Qırx beş il öncə
Bir körpə çığırtısında
Məchulların nəğməsini söylədim
Hələ doğulmamış zamanlara,
Sən bilmədin...
Düz iyirmi səkkiz il öncə
Qatar pəncərəsində damlalar vardı.
Üfüqə toxunan şeirlərimdən dağlar axardı.
O gecə, hər kəsin uyuduğu o zamanlarda,
Dalğalara söykənmiş o isti şəhərdə
Bir uşaq yuxusunda nəğmələr söyləyirdi,
O məndim... Sən bilmədin.
Üstündən yüz mövsümün keçdiyi,
İlk sevgi şeirimi yazdığım gecə,
Əllərimin ciblərimdə donduğu,
Quşların kirpiklərimə qonduğu gecə,
Geniş ətəkli şalvarımın
Bəyaz köynəyimə yaraşdığı gecə.
Bir uşaq yuxusunda şeir oxuyurdu, xatırla...
Bax, o mən idim... Sən bilmədin.
Zamanın acıyla ölçüldüyünü
öyrəndiyim mövsümdü,
Eşqin ilham edildiyi günlərdən biriydi.
Şeirlərimi "Yeşilırmak"a tökdüyüm,
Qalanları "teras"da yandırdığım yazdı.
İlk gənclik məğlubiyyətinin ardından
Başımı söykədiyim avtobus pəncərəsində
Göz yaşımı tanımadığım adamlardan gizlərkən,
Qəfildən yuxudan oyanmışdın,
Qəlbində səbəbsiz bir hüzn vardı;
hiss etmişdin!..
Uzaq yolculuqlarda uşaq ağlardı,
O məndim... Sən bilmədin.
Bu gecə illər bir-bir düşür,
Üstünə yağan bütün yaşanmışlıqlar,
Cibində tapdığım o bəyaz kağız ,
Yuxunda eşitdiyin o içdən ağı,
Hər şey başqa aləm, bir başqa dünya.
Beyninə yapışan o şiş: Yetimlik,
Soyadında tərəddüd yaşayan kimlik,
Bütün o tükənmişlik,
Bütün o çarəsizlik...
Hər şey, hər şey bir başqa şəklə dönür,
İllərdir eşitdiyin səslər, o uşaq,
Bir ömrü səninlə tükətmək üçün
Dəli bir israrla qapını döyür;
eşidirsənmi?!
Alın yazımı izləyib sənə gəldim.
O, mənəm, bilirsən...
Açsana qapını,
Nə gözləyirsən?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
