V Şəki Beynəlxalq Teatr Festivalının dördüncü günü Şəki Dövlət Dram Teatrının səhnəsi İran İslam Respublikasını təmsil edən Ərdəbil şəhərinin "Moqan Honər" teatrının ixtiyarına verildi. İki aktyorun iştirak etdiyi "İçimdə bir Araz addımlayır" tamaşasının buraxdığı təəssürat xüsusən Maral rolunun ifaçısı Nastaran Əkbərzadənin, həmçinin Atabəy obrazını canlandıran Davər Fərmaninin timsalında kifayət qədər güclü aktyor oyunu və tarixi dönəmlərin fon olduğu insan talelərinin gerçək rənglərinin bədii çalarlarının, təsviri sənət dilində desək, əsas boyalarla yarımtonların harmoniyasına kökləndi. Maralla Atabəy bir-birini sevərək, ən əsası isə bir-birinə münasibətdə hörmət-izzət hissləri yaşayaraq ailə həyatı qurublar. Ən önəmlisi isə odur ki, məişət, dolanışıq, gündəlik yeknəsəklik bu ideal münasibət modelini laxlatmayıb. Lakin Maralla Atabəyin yaşadığı coğrafi bölgə və tarixi dövr onların həyatını alt-üst etməyi "özünə borc bilir" sanki. Günlərin bir günü Atabəyin təbii fəlakətin qurbanı olduğunu zənn edən Maral sevimli ərinin sovet ittifaqı ərazisinə əsir düşdüyündən xəbərsiz qalır. Atabəyin Sibir zindanından Araz sahilinə yolladığı məktublar ünvana çatmır. Çoxlu sayda, israrlı evlənmək təkliflərindən qurtulmaq üçün Maral illərlə yaşayış yerini dəyişə-dəyişə ömür sürür. Lakin sonda ikinci dəfə ərə getməli olur. Atabəy bir fənd işlədib, sürgündən qaçaraq vətənə qayıdıb gəlir, doğma kəndinə çatır. Lakin Maralını evdə görməyib, bu qədər sarsıntı və əzab-əziyyətinin boşuna olduğu qənaətinə gəlib özünü Araza atıb boğur...
Xronoloji cəhətdən tamaşanın daha böyük yükünü Davər Fərmani çəkir. Aktyor Atabəyin həyatının bütün məqamlarını səhnədə canlandırır. Nastaran Əkbərzadənin Maralını tamaşaçı daha az görsə də, bu obrazın emosional gücü daha böyükdür. Belə istedadlı və bacarıqlı aktrisa üçün mütləq bir mono tamaşa qurulmalıdır.
Ümumiyyətlə, bu cür mövzuları klassik teatr tamaşası, səhnə əsəri xassəsinə gətirmək elə də asan məsələ deyil. Rejissor Qərib Mənuçehr tamaşanın quruluşunu bir neçə dəfə dəyişib. Bunun səbəblərindən biri də mövzunun şəxsi qavrayış, özəl anlayış üçün kifayət qədər və hətta tamamilə yaxın olmasıdır. Məhz pyesin fabulası və digər ədəbi, mənəvi məsələlər haqqında müəllif Arif Məhtabla söhbətləşdik.

- "İçimdə bir Araz addımlayır" əsəri bildiyimə görə, gerçək hadisədən qaynaqlanıb. Əsərin yazılma şəraiti haqqında danışardınız, zəhmət olmasa.
- Bəli, əsərin süjeti gerçək hadisədən alınıb. Əsas personajlardan biri olan Maral ata nənəmin bacısının proobrazıdır, Maralın hekayəsi nənəmin bacısının başına gələnlərin yalnız bir hissəsidir. Uşaq vaxtı onun söhbətlərini çox dinləmişəm. Nənəmin bacısının, yəni atamın xalasının adı Nənəxanım Vüqar idi. Tamaşada gördüyünüz başına min bir əzab-əziyyət gələn kişinin adı isə ağayi Qəffar Dadigar idi. Günlərin bir günü bu söhbətləri dörd-beş səhifəlik hekayə şəklində qələmə aldım. Amma hekayə də olsa, dialoqlar çox idi, personajlar da həmçinin. Vaxt keçdikcə həmin hekayəni pyesə çevirdim. Pyes variantını işlədikcə fərqinə vardım ki, təhkiyə nə qədər sadə olsa, bənzər taleli insanların qavrayışına çatma yolu bir o qədər qısa olar. Çünki hesab etdim ki, bu əhvalatın tamaşaya qoyulması daha çox insanın marağını özünə cəlb edə bilər, daha geniş dairə bir ailə əhvalatının nümunəsində iki yerə parçalanmış xalqın ayrı-ayrı fərdlərinin hansı sarsıntıları yaşadığından agah olar. Süjetin əsasını nənəmin bacısının həyat hekayəti təşkil etsə də, bir çox başqa insanların da özlərinin, yaxud ailə üzvlərinin həyatlarından bəhs edən söhbətləri dinləmişdim. Və təbii ki, Atabəy surətinin proobrazının həyatı haqqında məlumatlara, təəssüratlara malik idim. Ona görə əsəri qələmə aldıqca qəhərləndiyim, sarsıldığım anlar az olmamışdı. Atabəyin, Maralın acı taleyini içimdən keçirdim. Bu əsər üzərində çalışmağım gözəl, şirin bir təcrübə kimi yadımda qaldı.
- Pyesinizin adını niyə məhz "İçimdə bir Araz addımlayır" qoymusunuz, məsələn, "İçimdə bir Araz çağlayır" yox?
- Pyesi yazıb bitirəndən sonra çox duyğulanmışdım. Və ad fikirləşəndə oxucuya, tamaşaçıya məzmunun ağırlığını çatdırmaq, həm də şairanə bir ad qoymaq istədim. "İçimdə bir Araz addımlayır" ifadəsini ona görə seçdim ki, Araz çayını ayrıca bir xarakter, şəxs kimi gördüm. Ona görə "addımlayır" feili daha uyğun idi.
- Bu mövzuda yazdığınız ilk əsərdirmi?
- Araz çayının o taylı azərilərin həyatındakı yeri bambaşqadır. Bizim həyatımızın bir çox məqamları Araz çayı ilə bağlıdır, onun sahilində çox hekayələr yaşayırıq. Azərbaycanın ortasından keçib bir xalqı iki yerə böldüyünə görə cənublu yazıçıların bir çoxu öz yaradıcılığında Araza mütləq yer ayırır. Mən də o cümlədən. Bu mövzuda bir neçə hekayəm və pyesim var. Məsələn, "Sonsuz gediş" adlı pyesim də bu mövzudadır, o da tamaşaya qoyulub.
"İçimdə bir Araz addımlayır" bir çox ölkələrin teatr səhnələrində oynanılıb. Çoxlu gözəl anlar yaşadıb bizə. Amma mənim üçün ən unudulmaz xatirə nənəmin bu tamaşaya gəlib baxması olmuşdu. Bir gün mənə dedi ki, məni də o əsərinin tamaşasına apar, bacımın həyat hekayəsinin səhnədən necə göründüyünü mən də görüm. Çox məmnun oldum onun bu istəyinə. Nənəm sevinc və kədər qarışıq xeyli göz yaşı tökdü tamaşaya baxdıqca. Tamaşadan sonra isə mənə dediyi sözləri heç vaxt unutmaram, o sözlər bu əsərin, bu tamaşanın ən dəyərli təhlilidir mənimçün. Nənəm dedi ki, mən uzun illər bacımdan ayrı düşmüşdüm, indi də o artıq həyatda yoxdur, amma bu tamaşaya baxa-baxa mən onun yoxluğunu unutdum - tamaşada bacımın canlandırılmasını görmədim, bacımın tam olaraq özünü gördüm. Və "səni sağ olasan" alqışını əlavə etdi. Əlbəttə, bir müəllif üçün bundan yüksək qiymət ola bilməz, çünki bu yüksək qiyməti verən mənim qələmə aldığım əhvalatın qəhrəmanının ən doğma insanı idi.

- Bədii yaradıcılığa marağınızı neçə yaşınızda kəşf etmisiniz?
- Lap kiçik yaşlarımdan. İlkin olaraq poeziya nümunələri ilə çox maraqlanırdım. Bəxtiyar Vahabzadəni, Əliağa Vahidi, Məhəmmədhüseyn Şəhriyarı oxuyub-əzbərləməkdən yorulmurdum. Hardasa, doqquz yaşımdan kiçik hekayələr yazmağa başladım. 17-18 yaşımda artıq dramaturgiyaya meyilləndim. Hazırda həm hekayələr qələmə alıram, həm də pyeslər. Poeziyanı isə daim mütaliə edirəm.
- "İçimdə bir Araz addımlayır" tamaşasının məşqlərində iştirak edirdinizmi?
- Bir neçə məşqdə iştirak edə bildim. Çünki mənim yaşadığım Parsabad şəhəri ilə teatrın yerləşdiyi Ərdəbil şəhəri arasında müəyyən məsafə var. Məşqlər çox ciddi-cəhdlə gedirdi. Birlikdə bəzi uyğunlaşdırmalar, dəyişikliklər edirdik, ləhcənin üzərində işləyirdik.
- Viktor Hüqo ədəbiyyatı "bəşəriyyətin təlimatı" adlandırıb. Nə düşünürsünüz Hüqonun bu qənaəti haqqında? Sizin üçün ədəbiyyat nədir?
- Viktor Hüqo sözsüz ki, ədəbiyyatın zirvəsində duranlardan biridir. Romantizm məktəbindən bəhrələnərək yaratdığı əsərlər Cənubi Azərbaycan oxucusu üçün oxunaqlı və anlaşıqlıdır. Mən həm də pedaqoji fəaliyyətlə məşğulam. Və Viktor Hüqo söz dühası, düşüncə vaqifi olduğu, ən əsası da bütün bunlar onun ictimai mövqeyi, şəxsiyyəti ilə uyğunluq təşkil etdiyinə görə yetirmələrimin tədrisində, tərbiyəsində ona tez-tez dayaqlanıram. Ən çox sevdiyim kəlamlarından biri də budur, deyir ki, nə qədər çox məktəb qapısı açılarsa, bir o qədər çox həbsxana qapısı bağlanar.
Ədəbiyyatla bağlı qənaətə gəlincə, mənimçün ədəbiyyat yaşamaq və yaşatmaq anlamında olan bir məfhumdur. Hər bir canlı və ya cansız ədəbi obraz, təxəyyül məhsulu sənin varlığına hakim kəsilə bilir, sən onları yazıya köçürdükcə özündən uzaqlaşıb onlara yaxın olursan, onların bütün emosiyalarına qapılırsan. Bu mənada əlbəttə ki, ədibin ən birinci vəzifəsi odur ki, yaşadıqlarını oxucuya yaşada bilsin. Necə ki Heminquey "Qoca və dəniz"i yazanda xəstələnib, həkimlər onun halını dəniz xəstəliyi kimi səciyyələndiriblər, biz bunu "dəniz vurma" adlandırırıq. Halbuki həmin ərəfədə Heminquey hər hansı dənizdən xeyli uzaqda yaşayırmış, lakin "Qoca və dəniz" əsərinin ruhuna o dərəcədə dərindən varıb ki, dənizlə təmasdan halı xarablaşan insanın durumuna düşüb. Bax, ədəbiyyat adamı olmaq budur. Yazıçı, yaxud şair yazdıqlarını yaşamasa, yaşada bilməz. Çünki hər bir ədəbi personaj bir dünyadır. Şair, yazıçı o dünyanın içində hiss etməlidir özünü. Bu, əlbəttə, bəzən sarsıntı da gətirə bilər ədibə. Poeziyada bu bir az da başqa cürdür. Mən poeziya ilə gəlmişəm ədəbiyyata və poeziyanı möcüzə sayıram. Belədə isə, bir daha vurğulayım ki, ədəbiyyat adamı yaşadıqlarını oxucuya, tamaşaçıya yaşatmalıdır.
- Azərbaycana ilk səfəriniz idi?
- Yox, ilk səfərim deyildi, bir neçə il əvvəl Bakıda olmuşdum. Amma Şəkiyə ilk səfərim idi. Çoxdan arzulayırdıq ki, bu festivalda iştirak edək. Truppamız adından Şəki Beynəlxalq Teatr Festivalının bütün təşkilatçılarına, şəxsən festivalın bədii rəhbəri Mirbala müəllim Səlimliyə dəvətə görə dərin minnətdarlığımı bildirirəm. Biz Şəkiyə gəlib-çatdığımız ilk gün Ərdəbildən bir yoldaşımız zəng edib hal-əhval tutdu və xəbər aldı ki, Şəki necədir? Cavab verdim ki, Şəki də Bakı qədər sevimlidir. Həqiqətən də, Azərbaycana səfərim bir fakt olaraq və qazandığım parlaq təəssüratlar yeni bir ilham mənbəyidir mənimçün. Ümid edirəm, hər bir cənubi azərbaycanlı kimi mənim də ürəyimdə ayrıca ən isti, ən uca yeri olan Şimali Azərbaycana, onun Bakısına, Şəkisinə, başqa məkanlarına hələ çox səfərlərim olacaq.
Söhbətləşdi: Samirə BEHBUDQIZI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
