Səlim BABULLAOĞLU
Ənn Karson / Anne Carson (1950, Kanada) görkəmli şair, esseist, antik dövr tədqiqatçısı və tərcüməçi kimi dünya şöhrəti qazanıb. Akademik fəaliyyətini qədim yunan ədəbiyyatı və mifologiyasının tədqiqinə həsr edib; bu da onun bütün bədii yaradıcılığına dərin təsir göstərib. İlk irihəcmli və şöhrətli əsəri antiq lirika vasitəsilə insan arzularının təbiətini araşdıran hibrid (esse + şeirşünaslıq + tənqid) janrlı "Turşaşirin eros" (1986) kitabıdır. 1995-ci ildə o, "Şirin su" (Plainwater) esse və şeirlər toplusunu, habelə məşhur "Şüşə haqqında esse" poemasının daxil olduğu "Şüşə, ironiya və Tanrı" kitabını nəşr etdirib.
Karsonun yaradıcılığında əsl sıçrayış qədim yunan mifini XX əsrin mühitinə daşıyan "Qırmızının tərcümeyi-halı" (1998) mənzum romanı olmuşdur. Bunun ardınca onun yenə də mənzum roman kimi qələmə alınan "Ərin gözəlliyi. 29 tanqo-esse" kitabı çap olunmuş və T.S.Eliot mükafatına layiq görülmüşdür. 2010-cu ildə müəllif illər öncə itkin düşmüş qardaşının xatirəsinə həsr olunmuş, həm məzmunu, həm də vizual tərtibatı ilə seçilən "Noks" (Nox) elejiya-kitabını nəşr etdirib.
Karson, həmçinin antik klassiklərin, o cümlədən Sapfonun poetik əsərlərinin fraqmentlərini bir araya gətirən "Əgər qış olmasa" (2002) kimi yüksək qiymətləndirilən tərcümələrin müəllifidir. Onun yaradıcılığı MakArtur təqaüdü, "Qriffin" poeziya mükafatı və Asturiya Şahzadəsi mükafatı da daxil olmaqla çoxlu sayda mötəbər mükafatlara, o cümlədən Ədəbiyyat üzrə Nobel mükafatına (2026) layiq görülüb.

Ənn Karson
Ovidi barədə...
Mən onu bu axşamkı kimi sərin bir axşamda, ayın qaranlıq küçələri işıqlandırdığı vaxt görürəm. O, şam edib otağına qayıdır. Radio döşəmədədir. Parıldayan yaşıl siferblat astaca uğuldayır. O, masanın arxasına keçir. Sürgündəki insanlar çoxlu məktub yazır. Ovidi ağlayır. Hər axşam, eyni vaxtda kədəri libas kimi əyninə keçirib yazır. Boş vaxtlarında yerli get dilini müstəqil şəkildə öyrənir ki, heç kimin heç vaxt oxumayacağı epik poema qoşa bilsin.
Su keçirməyən ayaqqabılar barədə...
Frans Kafka yəhudi idi. Ottla adlı bacısı vardı, o da yəhudi idi. Ottla yəhudi olmayan hüquqşünas Jozef Davidlə ailə qurmuşdu. 1942-ci ildə Bohemiya və Moraviyada Nürnberq qanunları tətbiq ediləndə Ottla Jozef Davidə sakitcə boşanmağı təklif etdi. Əvvəlcə Jozef razılaşmadı. Qadın yuxunun forma və xüsusiyyətlərindən, onların iki qızından, məsələlərə rasional yanaşmadan danışdı. O, hələ bu sözü bilmədiyi üçün öləcəyi Auşvitsi xatırlatmadı. 1943-cü ilin oktyabrı. Mənzili səliqəyə salandan sonra o, bel çantasını yığdı. Jozef ayaqqabıları təmizlədi və bir qat piy çəkdi. Onun sözlərinə görə, indi ayaqqabılar sukeçirməz olmuşdu.
Mütaliə barədə...
Bəzi atalar mütaliəyə nifrət edir, amma ailəsini səyahətə aparmağı, gəzdirməyi xoşlayırlar. Bəzi uşaqlar səyahətə nifrət edir, amma kitabları xoşlayırlar. Maraqlıdır, görəsən, onlar nə qədər tez-tez eyni avtomobildə yol gedirlər? "Madam Bovari"nin abzasları arasındakı fasilədə gözümə qayalı dağların əzəmətli, dəqiq cizgili çıxıntıları sataşdı. Buludların kölgələri küknarlı yamacları boyunca deyil, qadının nəhəng boğazı üzərindən tənbəl-tənbəl sürüşürdü. O vaxtdan bəri mən qadın bədənindəki tüklərə üzərində yarpaqların olub-olmadığını düşünmədən baxıram.
Tərcümə etdi: Səlim Babullaoğlu
.jpeg)
Barak Munosa ilə...
- Sizin builki "Nobel"lə bağlı proqnozunuz vardı?
- Ədəbiyyatı nəzərdə tutursunuz, yəqin... yox, yoxdur. Amma bizdə proqnoz verənlər var idi.
- Niyə, maraqlanmırsınız ki?
- Şairlərin bu mükafatı almasını həmişə istəmişəm. Yəni daha çox onların almasını istəmişəm. Bu mənada, təbii ki, nəticəni müəyyən qədər gözləyir, izləyirəm, amma xüsusi olaraq yox. Bəs sizdə, katalan dilində yazanlar üçün mükafatlar varmı?
- Var, bir neçə nüfuzlu mükafat var: "Sant Jordi" var, "Karles Riba" var. Amma mən bizdəki prosesi izləmirəm. Səyahət edirəm, özüm üçün gündəlik yazıram, maddi asılılığım, umacağım da yoxdur.
- Türkcəni harada öyrənmisiniz?
- İzmirdə üç il yaşamışam.
- Aydındır.
- Şair aldı da bu il "Nobel"i. Sevinməlisiz...
- Elədir, Ənn Karson aldı.
- Niyə şairlərin almağını istəyrisiz ki?
- Poeziya ədəbiyyatın anasıdır, yəqin bir az buna görə. Bir az da ona görə ki, şairlər, poeziya, xalis poeziya getdikcə marginallaşır...
- Oxumusunuz Karsonun şeirlərini?
- Bir az. Gürcü dostum var, şair - Şota. Hətta ondan xahiş etmişdim ki, Karsonun Bakıya dəvət məsələsini danışsın. Sonra niyəsə söhbət baş tutmamışdı. Təbii, rus tərcümələrini nəzərdə tuturam, oxumuşam deyəndə.
- Necə qiymətləndirirsiniz Karsonu?
- Doğrusu, az oxumuşam. Mən ümumiyyətlə, gözləyirdim ki, şairlərdən kimsə alacaqsa, bu, Ana Blandiana olacaq. Bəlkə də "gözləyirdim" yox, "istəyirdim" desəm, daha düz olar. Bilirsiniz, çağdaş Avropa şairləri artıq 100 ildir ki, demək olar, ancaq sərbəst şeir - verlibr, nəsrani şeirlər yazırlar. Mənsur şeir deyək.
- Elədir, ispanlar da, katalanlar da sərbəst şeir yazırlar daha çox. Pisdir bu?
- Pisdir, yaxşıdır, bilmirəm. Amma fikrimcə, bir şeyin hədsiz olması həmişə pisdir. Görünür, daxili harmoniyası dağılmış insanlar harmoniyası dağılmış dünyada başqa cür yaza bilməzlər. Və bu mənada özlərinə sadiqliyi bədii və üslubi dürüstlüklə ya qarışdırır, ya da eyniləşdirirlər. Bir az da dərinə getsək, İosif Brodski deyirdi ki, qafiyəsiz, ölçüsüz şeir yazmaq qapıları olmayan meydançada futbol oynamağa bənzəyir, hara vursan, qoldur.
- Əlbəttə, şişirtmə var burada.
- Brodskinin bütün həyatında şişirtmə var, bu da görünür, şairliyin şərtidir.
- Karsonun şeirləri barədə nə düşünürsünüz? Onun "Nobel" təqdimatı beləydi: "Ədəbiyyatda yeni formalara gətirib çıxaran klassik ənənələrlə oynaq dialoqa girən cəsarətli və kaşif yaradıcılığa görə". Bir az qəliz oldu...
- Elədir. Mükafat veriləndə, bəraət və formula həmişə olur.
- Karsonla bağlı bir şey demədiniz amma...
- Dedim, az oxumuşam. Düşündürücüdür. İntellektualdır. Dərdlidir. Tənhadır. Dərdini və tənhalığını oxuduqlarının libasına bükür; xüsusən də yunan əsatirlərinin. Bu, ümumiyyətlə, bir Avropa tradisiyasıdır. Antik süjetlər müasir, bəzən məişət mühitində görünür. Fraqmentarlıq var, natamamlıq var, deməməklik var. Ciddi kompozisiya duyğusu var. Oxuduğum qədər maraqlı gəlmişdi mənə...
26 oktyabr, 2026-cı il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
