Elnarə AKİMOVA
Hər il cəmiyyətimizin mədəni və intellektual həyatında mühüm bir bayram kimi qarşılanan Bakı Beynəlxalq Kitab Sərgisi artıq gözəl və davamlı ənənəyə çevrilmişdir. Mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün canlı ekosistem olan Bakı Beynəlxalq Kitab Sərgisi bütövlükdə beynəlxalq miqyasda geniş inteqrasiya qaynağıdır.
Əvvəlcə, bunu qeyd edim ki, kitab sərgiləri cəmiyyətin mənəvi, intellektual və sosial inkişafına təkan verən çoxşaxəli bir mədəniyyət platformasıdır. Belə sərgilərin cəmiyyətə verdiyi dəyərlər çoxdur. İlk növbədə, intellektual kapitalın və mütalisə mədəniyyətinin inkişafı yönündə misilsiz addımı ifadə edir, oxu həvəsinin kütləviləşdirir, kitab oxumağı fərdi vərdişdən çıxarıb cəmiyyətdə mədəni trendə və bayrama çevirir. Rəqəmsal şəbəkələrdəki səthi və parçalanmış məlumat axını fonunda sərgilər insanları daha sistemli, dərin və etibarlı bilik mənbəyi olan kitaba yönəldir. Gənc nəsildə dünyagörüşünün formalaşmasına təsir göstərir. Uşaq və gənclərin kitab mühiti ilə erkən yaşda təması onların analitik düşüncə, nitq və tənqidi təfəkkür qabiliyyətlərini gücləndirir. Həmçinin müəllif, oxucu və nəşriyyat arasında birbaşa dialoq yaradır. Oxucu sevdiyi müəlliflə üz-üzə gəlir, əsərin yazılma qayəsini birbaşa onun özündən dinləyir. Bu canlı təmas oxucu ilə kitab arasında mənəvi bağ yaradır. Müəlliflər və nəşriyyatçılar üçün bu sərgilər cəmiyyətin hansı mövzulara, janrlara daha çox ehtiyac duyduğunu öyrənmək üçün imkan yaradır. Bütün bunlar nəhayətdə, ədəbi mühitdə canlanmanı hasilə gətirən, zəncirvari proses kimi biri digərini doğuran amillərdir.
Digər tərəfdən, beynəlxalq silsiləli sərgilər fərqli ölkələrin təfəkkürünü, ədəbiyyatını və dəyərlərini bir araya gətirir, cəmiyyətdə digər mədəniyyətlərə hörmət, tolerantlıq və dünyəvi baxış formalaşdırır. Bu sərgilər yerli müəlliflərin və klassiklərin xarici nəşriyyatçılara təqdim edilməsi, tərcümə layihələrinin əsasının qoyulması üçün mühüm imkandır. Eyni zamanda yaşlı, orta və gənc nəslin eyni mədəni məkanda toplaşdığı, ümumi intellektual mövzular ətrafında birləşdiyi nadir sosial platformalardan biridir.
Həyat ekrandan böyükdür
Bu günlərdə Bakı yenidən böyük bir mədəniyyət hadisəsinə şahidlik etdi. XII Bakı Beynəlxalq Kitab sərgisi fikir həyatımızın ciddi bir hadisəsi kimi yaşandı. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində reallaşan XII Bakı Beynəlxalq Kitab Sərgisi "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" devizi ilə təşkil edilmişdi və builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunurdu. Bu, XII Bakı Beynəlxalq Kitab Sərgisini əvvəlki illərlə müqayisədə həm coğrafi əhatə dairəsinə, həm də iştirakçı sayına görə daha geniş miqyası ilə diqqət çəkməsinə əsas verirdi. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ, Almaniya, Kanada, Hindistan, Səudiyyə Ərəbistanı, Pakistan, Portuqaliya və digər ölkələrin ilk dəfə olaraq sərgidə təmsil olunması tədbirin beynəlxalq nüfuzunun ildən-ilə artdığını göstərir ki, Azərbaycan kitab bazarının qlobal nəşriyyat şəbəkəsinə inteqrasiyası baxımından bu, mühüm göstəricidir.
XII Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan oxucusunun kitaba münasibətini test edən ciddi bir tədbir kimi də anlaşıla bilər. Sərgidə yaşanan izdiham son illər kitab oxumamaqda qınanan cəmiyyətimizin ona necə ciddi və həssas münasibət bəslədiyinin təsdiqi oldu. Mədəniyyət Nazirliyinin sözün həqiqi mənasında əsl milli kitab bayramı səviyyəsində təşkil etdiyi festivalı ölkəmizin mədəni, intellektual səviyyəsinin göstəricisi olaraq qəbul etmək olar. Bakıda adamların kütləvi şəkildə kitab sərgisinə axın etməsini isə milli kimliyimizin psixoloji cizgisi kimi də dəyərləndirmək mümkündür. Kitaba sevgi və maraq öz dominantlığını qoruyursa və Bakı bunu cəsarətlə sərgiləyirsə buna yalnız sevinməliyik.
Dünyanın ünlü yazıçıları cənnət anlayışını müxtəlif ünvanlarda nişan verib. Argentinalı Borxes isə cənnəti kitabxanada görürdü. Kitab sərgisi də Bakıda qurulmuş səyyar kitab seyrəngahına çevrildi. Burada diqqəti cəlb edən ruh yüksəkliyi, məsafəni nəzərə almadan adamların toplu halında kitab adlı bir ünvana üz tutması işıqlı, pozitiv düşünmək üçün kifayət qədər əsas verir. XII Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan cəmiyyətinin mədəni simasını uğurla təmsil etdi. Təkcə kitablar deyil, kitabların fonunda kitab sərgisinə qatılan ölkələrin mədəni irsinin təbliği baxımından isə sərgini mədəniyyətlərarası dialoqun müniatür bir parçasına bənzətmək olardı.
Bu kitab sərgisindən aldığımız təəssüratlar bizi başqa məsələlər barədə düşünməyə sövq edir. Belə bir qənaətin möhkəmlənməsinə zəmin yaradır ki, Bakıda da, respublikanın rayonlarında da kitab mağazalarının sayını artırmaq, regionlarda yeni kitabxanaların təşkili, qiraət zallarının bərpası barədə düşünməliyik. Son illər adətən elektron resursların və internetin kitaba marağı azaltması barədə hökm verilirdi. Belə tədbirlər isə sübut edir ki, adamlar, ailələr, xüsusən, gənclik kitaba ehtiyac duyur.
Bu kimi tədbirlər sərgilədi ki, dünya mədəniyyəti ilə yaxınlaşmağın yolu təkcə internet resursları deyil. Həm də və daha çox kitabdır. Kimsə kitabı "soyuq dost" adlandıra bilər, amma bu soyuq dostun vəfası sübut edir ki, bədii zövqün, elitar təfəkkürün gəlişməsində o, yenə də həlledici amildir. Obrazlı ifadə etsək, internetdə Rusiya-Ukrayna müharibəsi var. Kitab rəfində isə Tolstoyla Şevçenko yanaşıdır. Müharibələr xalqları ayırır. Ədəbiyyatlar, kitablar isə onları yaxınlaşdırmaqla məşğuldur.
Türkologiyanın Zəfər səhifəsi, yaxud 100 yaşlı əbədiyyət
Ötən il, oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev respublikamızın 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı fikir həyatımızda mühüm tarixi hadisəyə şahidlik edən tarixi bir sərəncam imzaladı.
Türkoloji qurultay təkcə dünya türkologiyasının tarixində deyil, Azərbaycan siyasi tarixində mühüm hadisəydi və hətta əminliklə demək olar ki, o dövrdə ən mühüm hadisəydi. Bir əsr əvvəl Bakıda reallaşan bu tarixi qurultay yüz ildir ki, dünyanın humanitar platformasında ən aktual məsələlərdən biri olaraq qalır və getdikcə türk dövlətlərinin siyasi həyatına, türk düşüncəsinin məfkurəvi aspektlərinə sirayət edir. Bakını dünya türkologiyasının deyil, türk düşüncəsinin mərkəzinə çevrilməsinə rəvac verir. Niyə? Çünki qurultayda müzakirə olunan problemlər sırf elmi məsələlər idi, özündə tarixə, ədəbiyyata, linqvistikaya, etnoqrafiyaya dair ciddi məsələləri ehtiva edirdi. Alt qatda isə gələcəkdə yaradılacaq türk birliyinə yol açırdı ki, biz bu gün həmin tarixi prosesin iştirakçılarıyıq.
1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinə böyük rus alimi Bartoldun mülahizələri ən dəqiq cavabı verirdi. Bartold deyirdi ki, "Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır... Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur".
XX yüzilin iyirminci illərində dünya türkologiyasının ən aktual problemlərinin Bakıda müzakirə olunması ictimai fikir tariximizin bənzərsiz və qürurverici səhifəsini təşkil etməkdəydi. Bu gün isə Qurultayın 100 illiyinin keçirilməsi təsdiq edir ki, Bakı təkcə elmi həyatın deyil, Türk birliyinin də siyasi həyatında mərkəzə çevrilməkdədir.
O da məlumdur ki, Beynəlxalq kitab sərgiləri, təkcə yeni nəşrlərin nümayiş olunduğu ticarət-mədəniyyət platforması deyil, həm də cəmiyyətin tarixi yaddaşını təzələyən, elmi və ədəbi ideyaların müzakirə poliqonudur. Bu baxımdan, beynəlxalq kitab sərgiləri çərçivəsində Türkoloji qurultaya (xüsusilə Birinci Türkoloji Qurultayın tarixi irsinə və 100 illik yubiley layihələrinə) həsr olunmuş tədbirlərin keçirilməsi müstəsna elmi-mənəvi əhəmiyyət daşıyır. Sərgilərdə bu mövzuların müzakirəsi və yeni nəşrlərin (stenoqrafik hesabatlar, elmi araşdırmalar) təqdimatı keçmişlə bu gün arasında möhkəm körpü yaradır, gənc nəsillərə köklərimizi tanıdır. Türk xalqlarının ortaq əlifba, dil, tarix və mədəniyyət məsələlərinin müzakirə olunduğu bu platformalar ölkələrarası elmi əməkdaşlığı gücləndirir, ortaq türkologiya məkanının formalaşmasına töhfə verir.
Azərbaycan Milli Elmlər Akademiyasının "Birinci Türkoloji Qurultay - 100" nəşrlərinin və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuş "Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral-6 mart 1926-cı il) kitabının, akademik Nizami Cəfərovun "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının, Bakı Dövlət Universitetinin nəşri olan "Klassik ədəbiyyat və türkologiya" kitablarının, həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun Türkoloji Qurultayla bağlı nəşr etdiyi üçcildliyin sərgidə təqdimatı da məhz bu məqamlara hesablanmışdır.
Burada mühüm bir amilə də diqqət yetirmək lazımdır. Beynəlxalq miqyaslı sərgilərdə müxtəlif ölkələrdən gələn qonaqların iştirakı türkoloji irsin qlobal müstəvidə təbliğinə geniş imkanlar açır. Bu baxımdan, beynəlxalq kitab sərgisində Türkoloji qurultaya həsr olunmuş tədbirlərin təşkili keçmişə ehtiram olmaqla yanaşı, türk dünyasının gələcək elmi-mədəni inteqrasiyasına yönəlmiş strateji addımdır.
Qərbi Azərbaycan İrsi: ağrısı və sevgisi ilə
Qərbi Azərbaycana məxsus mədəniyyət, ədəbiyyat və sənət ümumən Azərbaycan ədəbiyyatının axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə daxil olub. Bu estetik dərinliyin cəmiyyət, mədəniyyət, ədəbiyyat və sənətdə kəsb etdiyi məna baxımından sərhədlərini təyin etməyə ehtiyac var. Ermənilərin bu torpaqları necə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Bu ağrını yaşayan insanların, sənət adamlarının həyatı, şüuru və davranışında hansı dəyişmə və çevrilmələr qərar tapıb - ədəbiyyat və sənətin, bütövlükdə humanitar təfəkkürün, o sıradan sosioloji, psixoloji, kulturoloji, sənətşünaslıq, filoloji və bu kimi digər sahə araşdırmalarının da əsas predmetini təşkil etməlidir. Sadalanan məsələləri dövriyyəyə gətirməklə bu istiqamətdə yeni estetik dönəmin başlanacağına rəvac verə bilərik. Sərgi çərçivəsində Qərbi Azərbaycan mövzusuna, o cümlədən bu coğrafiyanın zəngin tarixi və etno-siyasi proseslərinə həsr olunmuş tədbirlərin, kitab təqdimatlarının keçirilməsini də həmin strateji addımlar sırasında almalıyıq.
"Aşıq Ələsgər. Sarı köynək" kitabı bu böyük söz ustadının irsini çağdaş dövrün oxucusuna təqdim edirdisə, Əsgər Əhmədin "Qərbi Azərbaycanda etno-siyasi proseslər (qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər)" kitabı qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinə qədər Qərbi Azərbaycanda baş verən etno-siyasi proseslərin, bölgənin türk-oğuz köklərinin elmi monoqrafiyalar və araşdırmalar vasitəsilə təqdim edirdi ki, tarixi ədalətin bərpasına və gənc nəslin milli yaddaşının möhkəmlənməsinə xidmət etmək baxımından çox gərəkli idi. Xüsusilə, bu cür beynəlxalq miqyaslı platformalarda Qərbi Azərbaycan irsinin tanıdılması erməni saxtakarlığına qarşı elmi-ideoloji mübarizədə və həqiqətlərin qlobal müstəvidə yayılmasında mühüm uğur layihəsidir.
"Güzel günler göreceğiz çocuklar"
Sərgidə hər tərəf uşaq idi. Kitab seçən, səs-küyün içində sonsuz sevinclə gülümsəyən, görüşdüyü sevimli yazıçılarına heyrətlə diqqət kəsilən, ətrafa böyük sevgi və ümidlə baxan bu uşaqlar böyük Nazim Hikmətin bəhs etdiyi həmin qəhrəmanlar idilər sanki: "motorları maviliklərə sürməyə" inamını itirməyənlər. Onlar mütaliəyə həvəsli, kitabı sevən, kitabla böyüyən nəsildirlər. Demək ki, narahat olmağa o qədər lüzum yoxdur. "güzel günler göreceğiz çocuklar"!
Bu mənada, mən bu sərgiləri həm də uşaq kitab bayramı adlandırıram. Çünki uşaqların üzlərində yaranan gülüşün, sevginin, sevincin səbəbi məhz, kitablardır. Hər il bu sevincin memarı missiyasını Mədəniyyət Nazirliyi öz üzərinə götürür. Bu il də təşkil olunan XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində, müxtəlif təqdimatların, müzakirə və görüşlərin içərisində uşaqlara da kifayət qədər diqqət ayrılmışdı və bir həftə davam edən sərgi müddətində mən şəhərdən kənarda yerləşən Bakı Ekspo Mərkəzinə dəstə-dəstə uşaqların müəllim və valideynləri ilə birlikdə necə böyük həvəslə axın etdiyinin şahidi oldum. Bunu danmaq olmaz, sərgi çərçivəsində uşaq ədəbiyyatına ayrılan diqqət epizodik yox, kifayət qədər əhatəli və dolğun idi. Bütün gözəlliklər onlar üçün təşkil edilmişdi: on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, kitab müzakirələri, kukla teatrı, əyləncəli tamaşalar, sevimli uşaq yazarları ilə görüşlər, onların imzalı kitablarını əldə edə bilmək imkanı, ingilis dilində dərslər və s.
Bütün sərgi çərçivəsində uşaq ədəbiyyatına yer ayrılması, həm də bunu bütün yaş senzinə malik uşaqları nəzərə alaraq reallaşdırmaq səriştəsi təqdir olunası faktdır. Sərgidə son dövrdə işıq üzü görən uşaq kitablarının təqdimatının əhəmiyyətini isə ayrıca qeyd etmək lazımdır. "Sapi adlı şam ağacı" uşaq hekayəsinin oxunuşu, "Yunost" ədəbi jurnalı: əfsanənin axtarışında. Rusiya xalqlarının uşaqlar və yeniyetmələr üçün çoxmillətli ədəbiyyatı", Musa Yaqubun "Gül Bağçası", Sevinc Nuruqızının "Humay və sehirli Huma quşu", Şəbnəm Xeyrullanın "Mais Netlandiyada", Sərvinaz Eminovanın "Pampuşun səyahəti", Şamama Ağamuradovanın "Öz gücünü kəşf et", Şəfəq Sultan Əlixanlının "Qızım mənim", "Unudulmuş Nağılların Sirri 2", "İnci və dostu Kölgə" və s. uşaq kitabların təqdimatı, Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Kamil Araz, Qəşəm İsabəyli, Aygün Bünyadzadə, Solmaz Amanova, Əziz Sultan, Yuliya Kərimovanın oxucularla görüşü və kitab təqdimatları və s. Ədəbiyyatşünas alim Aygün Bağırlının təqdimatında uşaq pyeslərinin toplandığıı "Səhnə... İşıqlar... Uşaqlar..." kitabının müzakirəsi və onun ətrafında yaranan canlı elmi disskusiya! Etiraf edək ki, dünyada baş verən hadisələri hər axşam əllərində olan telefonlar vasitəsilə müşahidə edən uşaqların marağını, diqqətini ram edib kitaba yönəltmək o qədər də asan, həmçinin adi iş deyil. Bu o deməkdir ki, bütün təbliğat vasitələrinin məişətimizə daxil olduğu bir vaxtda uşaqlarımızın görüş dairəsinin genişliyinə, idrak səviyyəsinin yüksəkliyinə baxmayaraq, onlara öz uşaqlıqlarını yaşatmaq, kitabın sehrinə cəlb etmək meyarını qorumaq hər zaman mümkündür. Yetər ki, buna cəhd və istək olsun!
Digər bir amil. Məsələnin nəzəri tərəfinin, bunu uşaqlara aşılamağın yolları kimi məqamların nəzərə alındığı sərgidə "Gələcəyin oxucusu: Birgə məsuliyyət, ailə və təhsil", "Erkən uşaqlıq təhsili: sosial sərmayədən sosial təsirə", "Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt" mövzusunda panel müzakirələrin təşkilini müəllif-valideyn-uşaq münasibətlərinin tənzimlənməsinə yönəlmiş kreativ addım kimi səciyyələndirməliyik.
Belə kreativ tədbirlər sırasında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi "Azərbaycan-Özbək nağılları" kitabının təqdimatını da xüsusi qeyd etməliyik. Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən bu layihə uşaq ədəbiyyatını mədəni dialoqun təməlinə çevirmək prosesində funksional bir missiyanı üzərinə götürmüşdür.
Zənnimcə, Bakı Beynəlxalq Kitab Sərgisinin ən böyük müstəsnalığı bundadır: dünyanın müxtəlif tərəflərində yaşayıb yaradan qələm adamlarını, söz sahiblərini bir araya cəm edib mənəvi məkan yarada bilməsində. Çünki çox isti və məhrəm münasibətlər çərçivəsində baş tutan bu görüşlər həm də gələcəyə hədəflənmiş əməkdaşlıq, dostluq sisteminin bir halqası idi. Onu da deyim ki, müzakirələrə valideynlərin və uşaqların diqqət kəsilməsi, müzakirələri maraqla dinləməsi çox xoş idi və qəribə bir bütövlük, birlik nümunəsi yaradırdı. Axı bu müzakirə və söhbətlərin baş qəhrəmanı idi onlar.
Çağdaş zamanımızda kompüter və telefonlara maraq göstərən uşaqların diqqətini kitaba yönəltmək baxımından kitab sərgisinin təşkili ən yaxşı təbliğat vasitəsi sayılmalıdır. İnanaq ki, o kitabların oxucuları olan uşaqların içindən nə vaxtsa böyük uğurlara imza atan ?əxsiyyətlər, fikir adamları yetişəcək və onlar bütün uğurlarının səbəbi olaraq məhz bu amili əsas gətirəcəklər: "Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi" (O.Pamuk)!
Süni intellekt təbii intellekti üstələməməlidir!
XII Bakı Beynəlxalq Kitab Sərgisində ədəbiyyatla texnologiyanın münasibəti əvvəlki illərlə müqayisədə daha açıq şəkildə müzakirə predmetinə çevrildi. Süni intellekt artıq yalnız texnoloji yenilik kimi deyil, mətnin müəllifliyi, yaradıcılığın mahiyyəti, plagiat, müəllif hüququ, redaktə, tərcümə və hətta "yazıçı kimdir?" sualı baxımından humanitar düşüncənin qarşısında dayanan yeni məsələdir. Sərgi iştirakçılarının da rəqəmsal mühitin qaçılmaz reallıq olduğunu vurğulaması təsadüfi deyildi. Humanitar elmlərin rəqəmsallaşması, elektron resursların yaradılması, ədəbiyyatın beynəlxalq səviyyədə təbliğatının artırılması artıq gələcəyin mövzusu deyil, indinin özüdür. Sərgi çərçivəsində bu istiqmaətdə müxtəlif tədbirlər, müzakirələr keçirildi. İntellektual Bilik Yarışı, "Süni intellekt dövründə dil", "İmmun sistemi: Bəşəriyyətin Həyatda Qalma Mübarizəsinin Ən Böyük Hekayəsi" - kitablar, tarix və bəşəriyyətin elmi kəşfləri", Rafiq Əliyevin "Süni intellekt" kitablarının və onların ətrafında baş tutan müzakirələrin sərginin mərkəzinə çıxarılması təsadüfi seçim deyildi, əksinə müasir çağırışlara akademik baxış bucağı qazandırmaq baxımından müstəsna önəm daşıyırdı. Bu müzakirələr kitab sərgisini təkcə keçmişin təqdimatı deyil, həm də gələcək elmi və ədəbi istiqamətlərin müəyyənləşdirildiyi innovativ məkan kimi təsdiqləyirdi.
Ədəbiyyat artıq texnologiyanın qarşısında yalnız müdafiə olunan humanitar düşüncə məkanı deyil, texnologiyanın insanı dəyişdirdiyi bir dünyada insanın daxili səsini qorumağa çalışan sahədir. Süni intellekt, rəqəmsal yaddaş, virtual mətn, elektron kitab və yeni oxu davranışları ədəbiyyatın, elmin qarşısında yeni suallar qoyur. Elmin və ədəbiyyatın gələcəyi bəlkə də məhz bu suallara verdiyi cavabdan asılı olacaq.
Ədəbi nəsillər, ədəbi üfüqlər!
Builki kitab sərgisinin fəxri qonaqları Xalq şairi Sabir Rüstəmxanlı və tanınmış uşaq yazıçısı Reyhan Yusifqızı idi. İki müxtəlif nəsil, müxtəlif bədii təcəssüm arealı, amma eyni qayə və söz duyğusu! Kitab sərgiləri müxtəlif nəsilləri bir araya cəm etmək baxımından unikaldır. Və təkcə tanınmış ustadların və klassik irsin deyil, həm də ədəbiyyata yeni qədəm qoyan gənc imzaların, müasir mövzuların və innovativ elmi yanaşmaların təqdim olunduğu dinamik platformadır. Bu dəfə sərginin ekran görüntüsündə əks olunan gənc yazarların təqdimatı, imza saatları, görüşləri və "Süni intellekt və elmi əsərlər" kimi müasir mövzuların müzakirəsi sərgilərin zamana cavab verən intellektual xarakterini göstərdi. Onlayn səsvermə əsasında təqdim olunan "Öz yazıçını seç" layihəsi isə həm çağdaş ədəbi prosesin aparıcı imzalarını önə çəkmək, həm də onlara stimul vermək baxımından uğurlu layihə idi. Oxucuların bilavasitə gənc yazarlarla ünsiyyətdə olması, kitabları müəllif imzası ilə əldə etməsi kitab mədəniyyətini daha cəlbedici edirdi. Müxtəlif nəşriyyatların gənc qələm sahiblərinə şərait yaratması isə ölkədəki nəşriyyat sektorunun müasir trendlərə və gənc auditoriyanın maraqlarına açıq olduğunu göstərdi. Xalq yazıçısı Anar, Kamal Abdulla, Vahid Əziz, Çingiz Abdulayev, Sabir Rüstəmxanlı ilə olan görüşlər, yeni nəsildən Qismət Rüstəmovun "Sarı kəpənəklərin işığı", Şəmil Sadiqin "Odərlər: Tanrı ilə andlaşma", "Başı var, amma oxumur" və "Müəllimin biznes gündəliyi", Sevinc Elsevərin "Şeytan çarxı", İlham Əzizin "Qəvvas" kitablarının, həmçinin "Park" nəşrləri seriyasından çap olunan "Müstəqillik dövrünün ən yaxşı hekayələri" və "Müstəqillik dövrünün ən yaxşı şeirləri" kitablarının təqdimatı nəsillərin vəhdətini yaratmaq, cari ədəbi prosesin mənzərəsini görükdürmək, onda gedən tendensiya və təmayülləri dəyərləndirmək baxımından müstəsna əhəmiyyət kəsb edirdi.
Çağdaşlaşan klassika!
Beynəlxalq kitab sərgiləri xalqın mənəvi sərvəti olan klassik irslə çağdaş ədəbi prosesin qovuşduğu, köklərlə gələcəyin körpü saldığı mühüm mədəniyyət bayramıdır. Builki sərgidə də hazırlanan tədbirlər bu balansı və ədəbi varisliyi əyani şəkildə nümayiş etdirdi. Eyni zamanda xarici ölkələrin yaradıcı qurumları ilə birgə keçirilən tədbirlər milli ədəbiyyatımızın qlobal miqyasda tanıdılması üçün mühüm körpü rolunu oynayırdı. Gürcüstanın milli stendinin açılışı, Litvalı yazıçı Benas Berantas ilə görüş və imza saatı, Sauıtbek Abdrahmanovun "Korifey" kitabının təqdimatı, Mixail Bulqakovun "Master və Marqarita" romanının nəşrinin 60 illiyinə həsr olunmuş kitabın təqdimatı, habelə Britaniya, Polşa, Litva, Serbiya, Norveç, Pakistan, Gürcüstan, Türkiyə, Kərkük, İran, yazıçıları ilə görüşlər, yaxud onların kitablarının təqdimatı yalnız sərgi deyil, həmçinin ədəbi mühitə canlanma gətirən amillər idi.
Heydər Əliyev - sözümüzün yaddaş sirri
Ümummilli lider Heydər Əliyev - milli ədəbiyyatımızın faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli... Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.
O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Milli müstəqilliyi qazandığımız 90-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır. Bəlkə buna görə hər il təşkil olunan bütün kitab sərgilərində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş mütləq kitab müzakirələri olur. Bu, ədəbiyyatın böyük şəxsiyyətə olan Vəfa borcudur!
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində də Xalq yazıçısı Elmira Axundovanın "Qeydar Aliev - osnovatelğ politiki azerbaydjanskoqo mulğtikulğturalizma" ("Heydər Əliyev - Azərbaycan multikulturalizmi siyasətinin banisi") kitabının təqdimatı keçirildi. Qeyd edim ki, rus dilində nəşr olunan kitab akademik Kamal Abdullanın ideya rəhbərliyi və təşkilatçılığı ilə işıq üzü görüb. Aydındır ki, Ulu Öndərin tolerantlıq və mədəniyyətlərarası dialoq prinsiplərinə əsaslanan siyasəti müasir Azərbaycanın inkişafı üçün möhkəm təməl yaradıb. Multikulturalizm ideyalarının Azərbaycan cəmiyyətində inkişafının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu kitabda da Ümummilli Lider Heydər Əliyevin multikulturalizm siyasəti və bu istiqamətdəki fəaliyyəti geniş işıqlandırılıb. Kitabın məhz Elmira Axundova tərəfindən qələmə alınması xüsusi əhəmiyyət daşıyır. Elmira Axundova Heydər Əliyevin həyat və siyasi irsinin araşdırılmasına həsr olunan silsilə sənədli-publisistik əsərlərin müəllifidir. Bu kitab isə böyük dövlət xadiminin çoxyönlü fəaliyyətinin gərəkli bir sahədəki fəaliyyətini elmi araşdırmanın predmetinə daxil edib.
Ümummilli liderlə bağlı kitablar əlbəttə ki, gələcək bütün ciddi tədqiqatların əsas mövzusunu təşkil edəcək və etməlidir! Çünki Heydər Əliyev sözümüzün "yaddaş sirri"dir. O, dövlətin rəmzinə çevrilmiş ilk siyasi lider oldu və kifayət qədər ibrətamizdir ki, belə bir hadisə Azərbaycan tarixində ilk dəfəydi ki, baş verirdi. Belə hadisələri isə tarix sonradan təshih etmir. Çünki yüzillər keçəndən sonra tarix daha çox həqiqətin dilində danışır. Heydər Əliyev Azərbaycanın siyasət dilini dünyaya təlim edən ilk azərbaycanlı oldu. Bu mənada, yüzillər keçəndən sonra da tarix Azərbaycan barədə qurucunun, baninin, Ümummilli liderin, yəni Heydər Əliyevin üslubunda danışacaq.
...Yalnız mədəniyyət!
Bütünlükdə, XII Bakı Beynəlxalq Kitab Sərgisi türk ruhunun qabarıqlığı ilə seçildi. Yüz yaşlı Türkoloji Qurultay, eyni yaşlı Şərqşünaslıq jurnalı, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əfzələddin Xaqani, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid və digər klassiklərin təbliği istiqamətində görülən işlər sərgi boyu prioritet oldu. Hətta simvolikdir ki, sərgidə ən çox maraq doğuran təqdimatlardan biri "Hüseyn Cavid - Pyeslər" kitabının Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunması ilə bağlı idi. Qeyd edim ki, Hüseyn Cavidin bütün əsərlərini əhatə edən ilk Türkiyə nəşri ədəbiyyatşünas alim Azər Turanın 2013-cü ildə hazırladığı kitabla başlanmışdır. Üstündən 13 il keçib, bu dəfə üç cilddən ibarət olacaq və Hüseyn Cavidin bütün ədəbi mirasını ikinci dəfə Türkiyə oxucusuna təqdim edəcək kitablar silsiləsinin birincisi artıq nəşr edilmişdi. Əlbəttə, türk birliyinin bu qədər zərurətə çevrildiyi indiki dönəmdə bu işə ən böyük töhfəni Cavid irsi verə bilərdi. Nəşrin redaktoru və "Ön söz"ün müəllifi, akademik Rafael Hüseynovun bildirdiyi kimi, "o, yalnız Azərbaycanın deyil, bütöv Türk dünyasının böyük dramaturqu və mütəfəkkiridir. Hüseyn Cavidin dahiliyi yalnız yaratdığı əsərlərdə deyil, həm də sədaqətlə qoruduğu mənəvi dəyərlərdə, azad düşüncəyə bağlılığında, milli kimliyə ehtiramında və türk birliyi idealına inamında təcəssüm edir".
Bəli, bəlkə buna görə Ümummilli lider Heydər Əliyev 1982-ci ildə Sibirin uzaq, soyuq Tayşet vilayətindən şairin nəşinin gətirilməsinə qərar vermişdi?! Cavidin bəraəti də əslində 1956-cı ildə deyil, onun Sibirdən dönüşü ilə başlamışdır. Cavidin dönüşü yalnız Cavidə dönüşün başlanğıcı olmadı, həmçinin milli-mənəvi əxlaqi dəyərlərə, türk düşüncəsinə dönüş oldu. Bir tərəfdən, yaşadığı iki dünya müharibəsinin fəci nəticələri, digər tərəfdən, rejimin antimilli təbliğat kampaniyası xalqı öz kökündən, milli kimliyindən, keçmişindən, tarixi statusundan məhrum etmək siyasəti Azərbaycan insanını dünya müstəvisində təklənməsinə gətirib çıxarmışdı. Öz genetik kodu və milli müəyyənliyi ilə bağlı düşüncələrinin bədii mətnə köçürülməsinin qadağalarını yaşaması, həmçinin dünya məkanında gedən proseslərdən təcrid olunaraq qapalı məcrada fəaliyyət göstərməsi ona sosial statusunu fərqləndirmə və fərdiləşdirmə imkanı verməmişdi. Cavidin poemaları başlanğıcını türk dastanlarından, türk ortaqlığından götürərək sanki bir mesaj səciyyəsi daşıyırdı. Xalqın genetik bağlılığı olan bir toplumu var, qəhrəmanı, yaratdığı tarixi səhifələri var. Cavid öz dramlarında bu birliyi realizə etməyə, tarixi öz varlığında mətnlərə gətirməyə başladı. Bu, ilk növbədə, yaradıcı insanda fərdi özünüdərk amilinin güclənməsi, dünyanı və insanı görmə bucağının dəyişməsi və yeni dəyərlər sistemi kontekstində düşüncə axtarışı ilə əlaqədar idi. Böyük gələcək Cavidin nə qədər haqlı olduğunu sübut etdi. Cavid Azərbaycan dramaturgiyasına türk düşüncəsinin, ondakı epos təfəkkürünün imkanlarını, potensialını gətirdi. Bir də... sülh və barışın yolunu, xaosu harmoniyaya çevirən Dahi işinin mahiyyətini göstərdi ki, bəlkə də bütün dünya bu obrazı XXI əsrin 20-ci illərində Azərbaycan Prezidenti İlham Əliyevin simasında gördü: "Kəssə hər həs tökülən qan izini"!..
Cavid şeirinin fəlsəfi siqləti çözümsüz kədəri obraz səviyyəsinə qaldıran, diqqəti və düşüncəni toplumdan fərdə yönəltməyi ehtiva edən cəsarətində və bir qədər də... çaşqınlığında idi. "Təməddünün sonu vəhşətmidir, nəmidir, əcəba?" - bu sual əsr vaqeələri qarşısında Cavid zəkasının heyrət nidası kimi necə ərsəyə gəlmişdisə, dünyanın çağımızadək düşündüyü başlıca məsələ olaraq qalırdı. İlham Əliyev zülmün qarşısına milli idrakın təməlli dəyərləri ilə çıxmaqla yalnız otuz ilin deyil, üç yüz ilin məhculluğunu aradan qaldırdı. Və öz bəyanını etməklə növbəti fikir triumfuna imza atdı: "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır!"
Bundan sonrakı prosesləri artıq mədəniyyətin dili deyəcək! Cavidanə bir təbirlə həm də:
"Turana qılıncdan daha kəskin ulu qüvvət" - Yalnız MƏDƏNİYYƏT!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
