Hər Şeyx Səidin qarşısına bir Atatürkün çıxması təbiidir. İstər Türkiyədə, istərsə də Azərbaycanda... - Azər TURAN

Azər TURAN

 

Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid

Tezis və antitezis

 

1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin qızlar üçün məktəb açması, Bakı qazisi Mir Məhəmməd Kərim ağanın da öz qızlarını Azərbaycanın ilk dünyəvi məktəbinə qoyması şəriət tərəfdarları tərəfindən xoş qarşılanmadı...

İndiki Əlyazmalar İnstitutunun binası həmin Qızlar Məktəbinin binasıdır. Binanın yeri əvvəlcə məscid inşası üçün nəzərdə tutulsa da, Tağıyevin səyi nəticəsində orda müsəlman qızlar üçün məktəb tikintisinə qərar verilmişdi. Hətta Tağıyev məktəbin açılışı zamanı çıxış edib bildirmişdi ki, "Görürsünüz, bu imarətin üst mərtəbəsini elə bir üslubda tikdirdim ki, gələcəkdə bir qat da əlavə etmək mümkün olsun". Tağıyev məktəbin fəaliyyət dairəsini genişləndirmək, onu Darülmüəllimata çevirmək niyyətindəydi.

1901-ci ildə keçirilən açılış mərasimində Bakı Qazisi Mir Məhəmməd Kərim ağa "elm oxumaq hər kişi və qadına vacibdir" (Əl-elmu fərizətun əla kulli muslimin və musliməh) hədisini xatırlatmışdı. Əlimizdə belə bir hökm varkən elm oxumağın vacibliyini bir tərəfə qoyub, hicabın vacibliyini müzakirəyə çıxarmaqla məsələnin problemə çevrilməsində maraqlı olan tərəf kimdir?

 

Beşinci kolon, yoxsa komprador ziyalı,

yaxud İsmailiyyənin ermənilər tərəfindən yandırılmasına hümmətçilər niyə sevinirdi?

 

Hər dəfə beşinci kolon söhbət mövzusu olanda Seyid Hüseynin "İsmailiyyə" hekayəsini xatırlayıram. Hekayədə beşinci kolon mövzusu yoxdur. Amma İsmailiyyə binasının ermənilər tərəfindən yandırılması ilə bağlı bir epizod var. Seyid Hüseyn bir hümmətçi azərbaycanlının dediklərini qələmə alıb, heç bir halda bir araya gələ bilməyən hümmətçilərlə müsavatçılar arasındakı polemikanın xülasəsini verib: "Bir gecə saat 2-3 radələrində "İsmailiyyə" qarşısında bir-iki hümmətçi ilə bir-iki müsavatçının mübahisəsinə təsadüf etdim. Mübahisə hümmətçilərin Milli Komitədə nə üçün iştirak etməkdən imtina etdikləri üzərində idi. Hümmətçilərdən birisi əlini "İsmailiyyə"nin divarına vurub uca səslə diyordu:

"Bu bina burjuy yolu ilə tikilmişdir. Buradan füqərayi-kasibəyə (proletariata) şərdən başqa xeyir gəlməz. Füqərayi-kasibə əgər öz səadətini istəyirsə, birinci olaraq gərək bu binanı dağıtsın".

Ermənilər isə 1918-ci ilin martında gözəl və sevimli "İsmailiyyə"ni, "Kaspi" mətbəəsini yandırdılar. Təzə Pir məscidinə toplardan atəş açdılar. Uşaqlı-böyüklü 15 min yurddaşımızı öldürdülər.

Bakının simasını avropalaşdıran modern üslubda tikilmiş bir binanı yandırmaqla düşmən əlbəttə, hər şeydən əvvəl şəhərin simasını orta əsrlər monotonunda saxlamaq, onun müasirləşməsini əngəlləmək, Təzə Pirə bomba atmaqla Bakının islami hüsnündə boşluq yaratmaq, "Kaspi" mətbəəsinin və "Açıq söz" qəzetinin redaksiyasının külünü göyə sovurmaqla isə Avropalaşmaq təşəbbüsündə olan məmləkəti bu səadətdən məhrum etmək istəyirdilər.

Hümmətçinin "Bu bina... kasıblara şərdən başqa xeyir gətirməyib" - deyə lənətlədiyi o binada səkkiz il əvvəl Əli bəy Hüseynzadənin direktor olduğu "Səadət" məktəbi yerləşmişdi. Burda Üzeyir bəy Hacıbəyli, Fərhad Ağazadə, Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə kimi böyük müəllimlər dərs deyirdi. Bəs o hümmətçi "bu bunadan kasıblara xeyir gəlməz" deyəndə nəyi nəzərdə tuturdu? Onu belə acıqlı edən nə idi? Yaxud belə danışmağı ona kim öyrətmişdi? Onda ki, heç bir dövlətin "beşinci kolon" anlayışı yerli-dibli yox idi. Birinci Cahan hərbi illərində "Səadət" məktəbi də, Nicat cəmiyyəti də ordan çıxarıldı və bu gözəl bina yaralı rus əsgərlərini müalicə edən xəstəxanaya çevrildi. Binanın içində bir müddət Hz. İsanın ikonası asıldı. Qarşısında şam yandırdılar. Üstündən bir neçə il də keçdi. Bakını işğal edən ermənilər ən əvvəl İsmailiyyəni yandırdılar. Seyid Hüseyn acı kinayə ilə yazırdı ki, "Demək, "İsmailiyyə"nin yandırılması ilə bir çox məqsədlər hasil olmuşdu. Füqərayi-kasibənin səadəti hasil olmuşdu. Sosialistlərin sınmaz qüvvətləri... isbat edilmişdi. Bununla bərabər, rus bolşeviklərilə erməni daşnakları da öz arzu və məqsədlərinə çatmışdılar".

Bütün bunları düşünüb, hərdən adama elə gəlir ki, beşinci kolon deyilən şey elə təfəkkür və mənəviyyat məsələsidir. Bunun üçün bizi sevməyən qüvvələrin (və dövlətlərin) xüsusi xidmət orqanlarının proqram tərtib etməsinə ehtiyac yoxdur. Beşinci kolon onların istədiyini elə öz komprador təfəkkürünün diktəsi ilə edəcək.

Mənəvi həyatımızdakı boşluqların nələrdən ibarət olduğu tədqiq edilməlidir. O boşluq nədirsə, hardadırsa, ölkəyə sızan radikal nəfəslərin, hətta yeni məzhəblərin yolu həmin boşluqdan keçir.

 

Tolerantlıq

 

Uşaqlıq dövrümün əziz xatirələrindən bir qismi məhəlləmizdə yaşayan xristianlarla bağlıdır. Bizim məhəllədə Volodya adlı inanclı bir rus yaşayırdı. Pravoslavlığa etiqad edirdi. Bizimkilərlə qaynayıb-qarışmışdı. Qonşular bir iş görəndə, məsələn, ağır bir yükü yerdən qaldıranda, hamısı bir ağızdan "Allah, Məhəmməd, ya Əli" söyləyər, o da onlara qoşular, amma "Allah, Məhəmməd, ya İsa" deyərdi. Hamı da bunu normal qarşılayardı. Çünki Hz. İsa da bizim peyğəmbər olaraq tanıdığımız ülul-əzim peyğəmbərlərdən biriydi. Azərbaycanda Məhəmmədlə yanaşı, nə qədər İsa, Musa adlı insanlar var. Bu adlar qoyulanda hələ tolerantlıq-filan söhbətləri yox idi. Heç kəs tolerantlıq barədə kitab yazmazdı. Adamlar bütün bu məsələləri genetik bir proses kimi, həyat tərzi kimi yaşayardılar...

Tanıyanlar bilir, atam İmamverdi Əbilov unikal dünyagörüşünə malik bir ziyalıydı. 1970-ci illərdə hərdənbir evimizdə eyni vaxtda həm xristian, həm də müsəlman ruhanilər toplaşar, pürrəngi çay içə-içə dini mövzularda söhbət edərdilər... Həmin günlərdə evimiz elə hüzurlu olardı ki...

İndi həm də bu ənənə qırılıb... Ənənənin nə üçün qırıldığı barədə dərindən düşünməliyik. Məişətimizdən, həyatımızdan bu gözəl lövhələr niyə silindi... Axı o lövhələr bəşəriyyəti Cavidin çağırışı qarşısında ram etmək, insanları "Din bir olsaydı yer yüzündə əgər, Daha məsud olardı cinsi-bəşər" fəlsəfəsinə və təliminə yaxınlaşdırmaq gücündəydi...

 

Bir də məzhəblər məsələsi var

 

Polemika yüz ildir ki, davam edir. Gün kimi aydındır ki, Azərbaycanda da, Türkiyədə də məzhəb qarğaşası yaratmağa meyilli qüvvələr çoxdur. Bu, XX yüzilin əvvəllərində də belə idi, indi də belədir.

2017-ci ilin 17 aprelində Türkiyədə keçirilən Milli Birlik və Kardeşlik simpoziumunda bu barədə ətraflı məruzə etmişdim. Yenidən həmin mövzuya qayıtmağa ehtiyac duyuram.  

Sünni və şiələr arasındakı ixtilaf Sultan Səlimlə Şah İsmayıl tərəfindən dərinləşdirilsə də, sonra Nadir Şah məzhəb fərqlərini ortadan qaldırmağa cəhd etsə də, Osmanlı sultanı tərəfindən bu təşəbbüs qəbul olunmadı. Sonrakı dönəmlərdə İranda məzhəb məsələsi Şəhribanu faktoru önə çəkilərək fərqli məna kəsb etdi. Daha sonrakı mərhələdə istər Osmanlıda, istərsə də Azərbaycanda islamın yalnız beş məzhəbi tanındı. Şiə Cəfəri məzhəbinin də haqq məzhəb olduğunu, hətta Sultan Əbdülhəmid də qəbullandı. Haqq bilinən bu məzhəb sünni Hənəfi, Şafei, Maliki, Hənbəli və şiə Cəfəri məzhəbləridir. Hüseynzadə deyirdi ki, "Onların hamısı zahirən cüzi fərqlə bərabər, batinən eyni məqsədə xidmət edirlər. Həblülmətin - islamdan ayrılmazlar!.." Yəni İslam dini bu beş məzhəblə son sözünü söyləmiş, bitirmişdir. Bundan sonra yeni məzhəblər icadına ehtiyac yoxdur. Bu məzhəblərin beşi də, islamiyyətin ilk illərində ictihad yolu ilə meydana çıxıb. Bunlardan sonra yaranan məzhəblər ictihad yolu ilə deyil, ixtira yolu ilə yaranmışdır (Gerisini yazmıram. 1990-cı illərdəki prosesləri xəyal etsək, mənzərə aydın olacaq. Gec də olsa, dirəniş göstərməliyik. İxtira yolu ilə yaranmış məzhəblər ölkəmizə daxil olmamalıdır).

Məzhəb məsələsində bir də vicdan azadlığı amili vardır. Hüseynzadəyə görə vicdan azadlığının mənası budur ki, hər kəs hər hansı etiqad və düşüncəyə inanırsa, o əqidədə hürr və azaddır. Kimsənin etiqad və düşüncələrindən ötrü kimsəyə təcavüz etməyə haqqı yoxdur. Bunun ən birinci faydası budur ki, bu azadlıqlar sayəsində insanlar riyakarlıqdan xilas edilmiş olurlar. İnsan - istər sünni, istər şiə məzhəb olsun - fikir və düşüncələrini aşkar surətdə söyləməkdə azaddır. Bunun üçün ittihad lazımdır. Əli bəy Hüseynzadə deyirdi ki, ittihadın mənası bu deyildir ki, şiələr öz etiqadlarını gizlədib sünni və sünnilər də öz etiqadlarından əl çəkib şiə, yaxud hər iki tərəf ortaq məzhəb olsunlar, xeyr, ittihadın mənası bu deyildir. İttihadın mənası hər bir fərdin öz həmcinsləri hansı məzhəbdə olurlarsa-olsunlar, hamısına hörmət və riayət edib, hamısını qardaş tanımaqdır və etiqadlarından, ata-babadan gördükləri, ana südü ilə əmdikləri... etiqadlarından ötrü tənə və lağ etməmək və hər kəsi öz məzhəbinə itaətdə sərbəst və müstəqil buraxmaqdır. İttihadın mənası ictimai təfəkkürdə xalqın mənafeyi uğrunda əlbirliyi ilə iş görməkdir..."

 

Anarın "Ağ qoç, qara qoç" əsəri dərsliklərə salınmalı və məktəblərdə tədris olunmalıdır

 

Son hadisələr mənəvi həyatımızda xeyli boşluqların olduğunu göstərdi. O boşluqların yaranmasında daha çox ruhani institutlarımız günahkardır.

Sosial şəbəkələrdə bəzən əndazəni aşan inkarçılığı bir kənara qoyub, Anarın 2003-cü ildə yazdığı utopik və antiutopik "Ağ qoç, qara qoç" povestini diqqətlə mütaliə etməliyik. Əsər dərsliklərə salınmalı, orta və ali məktəblərdə tədris olunmalıdır. Çünki ədəbiyyatımızda bu məzmunda başqa əsər yoxdur. Bunu Azərbaycanın gələcək mənafeyi naminə etməliyik.

Əsərdə dörd Bakı vardır. Türk Bakısı, yəni utopik Bakı və antiutopik Bakı. Antiutopik Bakı da üç zonaya bölünüb. Birinci zona Behişti-Badi-Kubə, ikinci zona Bakı Kommunası və üçüncü zona - Baku Siti. Heç biri real deyil. Hamısı da əsərdə eyni dövrdə təsəvvür edilir. Real olmasalar da, onların reallaşmasına çalışan təmayüllərin var olduğunu da heç kəs inkar edə bilməz.

Uzun illər əvvəl Türkiyəyə ezamiyyətə getmiş və sonra yolların bağlanması səbəbilə Vətənə qayıda bilməyən Məlik Türkiyədən Bakıya qayıdır. Məlik hərəsi bir zonada yaşayan ailə üzvlərini görmək istəyir. Behişti-Badi-Kubədə yaşayan həyat yoldaşı teatr rəssamı Aypəri Mahruxa çevrilib, indi ünas məktəbində xəttatlıq dərsi keçir. Keçmiş Aypəri, indiki Mahrux Məliklə əl tutub görüşmür ki, "biz heç vaxt şəriətlə kəbin kəsdirməmişik". O səbəbdən Məlik ona naməhrəmdir, ali məktəbdə ədəbiyyat müəlliməsi olan qızı Burla Buraya çevrilib. Baku Sitidə yaşayır. Göbək atıb kapitalistləri əyləndirən məşhur rəqqasədir. Jurnallarda lüt şəkilləri dərc olunur. Oğlu Beyrək Borisə çevrilib Bakı Kommunasında yaşayır və Baş Komissarlıqda işləyir.

Behişti-Badi-Kubədəki havasızlıq, boğucu mənəvi iqlim Bakının tənəffüs yollarının qabağına çəkilmiş səddin hesabına meydana gəlib. Bakının Suraxanısı Behişti-Badi-Kubədə Surə xanəyə çevrilib. Bakı Behişti-Badi-Kubədə gizli məzhəb əjdahasının püskürdüyü şər tüstüsünün dumanından boğulur. Behişti-Badi-Kubədə qızlar hicabsız, kişilər də qalstukla gəzə bilməz. Zonanın adamları fars tərkibli sözlərlə danışır. Məsələn, belə: "Bə çeşm ağa. Şumarəyi ərz edin".

Baku Siti cinsi azlıqların - geylərin seyrəngahıdır. Burda dodaqları pomadalı, burcuda-burcuda gəzən kişilər yaşayır. Konsertlər təşkil olunur.

"Cəh-cəhə ayrı gitara gətirdilər və o oxumağa başladı:

 

Kim deyir ki, keyəm mən?!

Geyəm, geyəm, geyəm mən.

 

Salondakılar bir ağızdan oxumağa başladılar:

 

Geyəm, geyəm, geyəm mən!.."

 

Maratın timsalında türk varlığını "yaxıb kül edən" Bakı Kommunasında Nizaminin heykəlinin yerində Maratın heykəlidir. Nizami meydanı Marat meydanına çevrilib. Nizami küçəsi Marat küçəsidir. Burda da adamlar yarı rusca danışırlar. Məsələn, belə: "Da, - dedi, bu slojnı voprosdu".

Azərbaycanı kənardan təhdid edən ideologiyalar "Ağ qoç, qara qoç"un predmetidir və ona görə məktəblərdə öyrənilməsinə ehtiyac olduğunu deyirəm ki, bu əsər yeni nəsilləri dərindən düşündürmək iqtidarındadır.

 

***

"Ağ qoç qara qoç"un türk Bakısı bütün dəyərlərimizin toplusudur. O qədər idealdır ki, adam məhz türk Bakısında yaşamaq istəyir. Burda dini harmoniya da qorunur. "Türkanın girəcəyində yol haçalanırdı. Üst yol Dinlər meydanına aparırdı - burada Türkiyə dövlətinin inşa etdiyi əzəmətli Əhməd Yəsəvi məscidi, onun yanında xristian qaqauzlar üçün kiçik kilsə - sovmiyyə, qarşı tərəfdə yəhudi qəraimlərin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda məbədi və yakutların şaman otağı yerləşirdi".

 

"Azərbaycanda düşündüklərim"

 

Əli bəy Hüseynzadə 1918-ci ildə Azərbaycandan Türkiyəyə qayıtdıqdan sonra "Azərbaycanda düşündüklərim" adlı bir məqalə yazdı:

"Tarixin bəzi təbii cərəyanları olur ki, onları heç bir qüvvət durduramaz, fərd nə qədər alim olursa-olsun, şaşırar, yanılar, yanlış yollara sapa bilir. Fəqət tarix əsla şaşırmaz və olacak öz təbiətiylə olur! Anadolu türkünün Azərbaycan türkünə qovuşması da bu qəbil hadisatdandır. Cahan müharibəsinin doğurduğu bütün çətinliklərə baxmayaraq, iki türk qardaş birləşir. Və bundan hər iki tərəf üçün də böyük fayda vardır. Çünki Azərbaycan və Anadolu bir-birini tamamlayırlar. Anadolu türkü coğrafi mövqeyi, tarixinin zərurəti üzündən dünyanın ən dəyərli əsgəri oldu. Fəqət, eyni zamanda da çarəsiz ticarətini, sənaye və iqtisadiyyatını başlı-başına buraxdı. Digər tərəfdən, azərbaycanlı türk hədd-zatında əsgəri və cəngavər bir qövm ikən rus istilasından sonra rus hökumətinə əsgər verməkdən imtina etdiyindən, zaman keçdikcə döyüş qabiliyyətini itirmiş, yaxşı tacir və iqtisadçı olmuşdur. Onun sərvət qazanmaq xüsusunda kəsb etdiyi keyfiyyətlər heyrətamizdir. Halbuki, silahlı qüvvəyə malik olmayan bir millət istiqlalını qoruya bilmədiyi kimi, eləcə də ticarətsiz, sənayesiz və iqtisadiyyatsız da yaşaya bilməz. Bu səbəbdəndir ki, Azərbaycana qovuşmaqla hər iki türk bir-birinə qarışacağından türk milləti müasirləşmiş olacaqdır. Bu gün Anadolu öz hərbi üstünlük və xüsusiyyətləri sayəsində Azərbaycanı ən mənfur bir əsarətdən xilas edir və bu müqəddəs ölkədə qanını axıdır. Lakin sabah da Azərbaycan öz iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə bilər. Bu gün bütün dünyanı sarsıtmaqda olan və bir-birilə çarpışaraq ortalığı hərc-mərc eləyən üç mühüm cərəyanın - imperializm, nasyonalizm və sosializm cərəyanlarının ən faciəli fəaliyyət sahəsi Qafqasiya və xüsusilə Azərbaycan oldu. Orası bir cəhənnəmə döndü. Oradakı türk qardaşlarımız bütün bu müxtəlif yakıcı, yıxıcı, əzici cərəyanların altında sərsəmlədi, nə edəcəyini bilmədi, mühakiməsini qeyb etdi. Osmanlı türkü imdadına yetişməsə idi məhv olub gedəcəkdi. Fəqət, onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu öz-özünə də qurtarır. Buna şübhə etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan-insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf dağına qovuşuyor və qovuşduqca yüksəliyor!.."

Bu sətirlər, dediyim kimi, 1918-ci ilin iyulunda Türkiyədə "Hilali-Əhmər" qəzetində dərc olunub.

 

Türklər və yəhudilər

 

Yəhudilərə ən çətin vaxtlarında qucaq açan osmanlı səltənəti olub. Xaçpərəst dünyası yəhudiləri Hz. İsanın qatilləri olaraq Avropanın müxtəlif ölkələrindən sürgün edəndə, Sultan II Murad Osmanlının qapılarını onların üzünə açdı, türk torpaqlarında sakin etdi. II Bəyazid öz zamanında yəhudiləri Selanikdə barındırdı. Fateh Sultan Mehmed İstanbulu fəth edəndə yəhudiləri Anadoludan İstanbula köçürüb onlara arxa durdu. Yəhudilərin Fələstində vətən qurmaq ideyası 1897-ci ilin avqustunda Bazeldə keçirilən ilk sionist konqresdən sonra meydana gəlib. Buna görə də deyə bilərik ki, türk himayəsi bu istəyi gücləndirən səbəblərdən biridir. Yəhudilər və türklər tarixin heç bir dönəmində düşmən olmayıb, əksinə, yəhudilər türk dostu olub. Tövratda, təbii ki, bu barədə söhbət getmir. Tövratda əksinə, farslar yəhudilərlə dostdur. Hətta Tövratda bir tomar (məktub) barədə söhbət gedir. "Midiya elindəki Ahameta Qalasında bir tomar bulundu. Tomarın içində bunlar yazılıydı: "Kral Koreş (II Kir), krallığının birinci ilində, Tanrının Yerusəlimdəki Tapınağına ilişkin belə buyruq verdi: "...bu tapınağın yenidən qurulması üçün təməl atılsın" (Tövrat. Ezra).

Beləliklə, Yəhudi məbədinin təməllərini fars hökmdarı atır...

 

Bir millət, iki dövlət

 

Bu, Heydər Əliyevin gəldiyi qənaətdir. İndi nə üçünsə yaranmış ani təbəddülat məqamında bizim bir millət, iki dövlət olmadığımızı car çəkən və milləti yanlış istiqamətə yönləndirmək istəyən sosial şəbəkənin məchul sakinləri ümummilli liderin sözlərini təshihə qalxırsa, buna heç bir halda yol verilməməlidir: Türkiyə və Azərbaycan əbədilik bir millət, iki dövlət olaraq qalmalıdır. Bu, Türkiyə və Azərbaycan birliyinin ümummilli lider tərəfindən yaxşı tapılmış xoşbəxt əsasıdır.

 

***

O ki qaldı vahid məktəbli formasına... Bədxahlarımız bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də, hər halda hər Şeyx Səidin qarşısına bir Atatürkün çıxması təbiidir; istər Türkiyədə olsun, istərsə də Azərbaycanda...

 

14 oktyabr 2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!