"Almaniyada çap olunan tarixi romanlarım yaxşı satılır" - MÜSAHİBƏ

Almaniyada yaşayan azərbaycanlı yazıçı Vüqar Dəmirbəylinin alman nəşriyyatında çap olunan "Flut und Sterblichkeit" ("Daşqın və fanilik") adlı yeni hekayələr toplusu Almaniyada ədəbiyyat və mədəniyyət mühitində maraq doğurub. Kitabda yer alan hekayələrdən biri dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında qələmə alınıb. "Ədəbiyyat qəzeti" yazıçı ilə söhbətdə həm yeni kitabın yaranma prosesi, həm Almaniyada keçdiyi yaradıcılıq yolu, həm də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Almaniyada tanınması məsələlərini müzakirə edib. Müsahibəni təqdim edirik.

 

- "Yeddi gözəl" poemasının motivləri əsasında hekayə yazmaq ideyası necə yarandı?

- Mən, bildiyiniz kimi, 30 ilə yaxındır ki, Almaniyada yaşayıram. Buraya gəldiyim gündən həmişə Almaniyadakı ədəbi mühitə inteqrasiya etməyə çalışmışam. Bu həm çətin, həm də uzun və ağrılı bir proses olub, çünki bunun üçün mən Azərbaycan və rus dilləri ilə yanaşı, indi, həm də alman dilində yazmalıydım. Bu məqsədlə də mən alman universitetində təhsil almağa, ardınca orada Azərbaycan dilindən dərs deməyə, həm də paralel olaraq bəzi alman qəzetlərinin, jurnallarının sərbəst əməkdaşı kimi fəaliyyət göstərməyə başladım və bütövlükdə isə iki yüzə yaxın məqalə yazıb dərc etdirdim. Mainz Universitetində kinoşünaslıq üzrə təhsil alanda iştirak etdiyim bir mediadramaturgiya məşğələsinin tələbi radiotamaşa yazmaq idi. Mən "İsgəndərin buynuzu var, buynuzu..." əfsanəsi əsasında radiotamaşa mətni yazmışdım. Sonradan bunu hekayə formasına salıb Avstriyanın "Driesch" ədəbi jurnalında dərc etdirdim, onun ardınca da Azərbaycan nağılları əsasında yazdığım "Qırxıncı qapı" hekayəsini. Sonradan hər iki hekayə Frankfurtun "Grössenwahn" nəşriyyatının illik nağıllar antologiyasında dərc edildi. Artıq "Qırxıncı qapı" hekayəsində mən Nizami haqqında məlumat vermiş, onu Azərbaycanın farsdilli poeziyasının ən görkəmli nümayəndəsi kimi təqdim etmişəm. Bunlar nəşriyyatın o qədər xoşuna gəldi ki, növbəti illik antologiyanın yerinə mənim Azərbaycan nağılları əsasında yazdığım hekayələrdən ibarət "Məlik Məmmədin başına gəlmiş inanılmaz əhvalat və digər Azərbaycan nağılları" (almanca: Die unglaubliche Geschichte von Malik Mammad und andere aserbaidschanische M?rchen) adı altında kitabımı çap etməyə qərar verdi. Bu kitabda on üç hekayəm toplanıb, kitabın sonundakı izahlarda Nizamidən başqa Azərbaycan Səfəvilər dövləti, Şah İsmayıl, Şah Abbas haqqında da məlumat verilib. "Flut und Sterblichkeit" ("Daşqın və fanilik") hekayələr toplusu isə mənim Almaniyada dərc edilmiş beşinci kitabımdır. Burada Nizaminin "Yeddi gözəl" poeması əsasında yazdığım hekayəni digər on hekayəmlə birgə dərc etdirmişəm. Mən şimali german eposu "Edda", hind dastanı "Mahabbarata", o cümlədən, Sibir şamanlarına aid edilən tarixçələr, "Hamlet haqqında saqa" kimi dünyada məşhur olan əfsanə və dastanların əsasında yazmış olduğum hekayələrlə Nizaminin "Yeddi gözəl"i əsasında yazdığım hekayəni bir yerdə dərc etdirməklə Azərbaycanın dünya mədəniyyətinin inkişafına necə böyük töhfə vermiş olduğunu bir daha göstərməyə çalışmışam.

 

 

- Alman oxucusu Azərbaycan motivli hekayələrə necə yanaşır?

- Yuxarıda qeyd etdiyim kimi, bu hekayələrdən ikisi əvvəlcə Avstriyanın "Driesch" ədəbiyyat jurnalında dərc edilmişdi. Mən bir dəfə Frankfurt Kitab sərgisində həmin jurnalda əsərləri çap olunan bir alman müəllifi ilə rastlaşdım. O mənə dedi ki, bu hekayələr çox xoşuna gəlib. "Grössenwahn" nəşriyyatının əməkdaşı Edit Engelmann bu nağıllar kitabımın redaktoru olub. Kitaba yazdığı annotasiyada o, nağıl-hekayələrim haqqında olduqca yüksək fikir bildirir və oxucuya bunlardan hədsiz zövq alacağını vəd edir. Alman internet səhifələrində, böyük kitab mağazalarının portallarında oxucuların bu nağıl-hekayələrə verdiyi yüksək qiymət öz əksini tapıb. Əvvəllər tanımadığım bəzi alman oxucuları məni sonradan tapıb kitaba avtoqraf yazmağımı xahiş ediblər. Bu, əlbəttə, təkcə mənim qələmimin gücünə görə deyil, həm də Azərbaycan mənəviyyatının dərinliyinə, zənginliyinə görədir. Amma "Məlik Məmməd" nağıllar kitabıma görə intriqalarla da üz-üzə gəlmişəm. Ən çox da Almaniyadakı fars şovinistləri tərəfindən. Onlar dəfələrlə müxtəlif şəhərlərdə kitabın təqdim edilməsinə mane olmağa çalışıblar, əsasən də, Nizaminin burada Azərbaycan şairi, Səfəvilərin Azərbaycan dövləti, Şah İsmayıl ilə Şah Abbasın Azərbaycan hökmdarları olaraq göstərilməsinə görə olub. Amma istədiklərinə çata bilməyiblər: hər dəfə mən tədbir təşkilatçılarını inandırmağa nail olmuşam ki, İran deyilən bir dövlət tarixdə heç vaxt mövcud olmayıb, 1925-ci ilə qədər. O zaman da uydurma Pəhləvi sülaləsi hakimiyyəti Azərbaycan dövləti olan Qacarlardan uzurpasiya edib, oğurlayıb. Almanlar üçün bunları başa düşmək çətin də olsa, onlar heç vaxt fars şovinistlərinin bu cür intriqalarına uymayıblar və kitabın planlaşdırılmış təqdimatı həmişə baş tutub.

- Almaniyada yazıçı kimi fəaliyyət göstərmək hansı çətinliklər və imkanlar yaradır?

- Almaniyada yazıçı kimi fəaliyyət göstərməyin bir çox tərəfləri var. Mən "Pambıq plantasiyalarında" audio kitabıma görə Bavariya radiosundan 2004-cü ildə 1450 avro qonorar almışam. "Diananın xidmətçiləri" ssenarimə görə 2011-ci ildə Hessen Kino fondundan 8 min avro almışam, amma bir alman kinoşünasını ikinci müəllif kimi oraya saldığıma görə həmin qonorarı onunla bölüşmüşəm, baxmayaraq ki, ssenarinin bütün səhnələrini mən yazmışam, həmin adam isə ona ancaq müəyyən düzəlişlər, əlavələr edib. Bir də Hessen Ədəbiyyat Cəmiyyətinin kiçik iş təqaüdünü almışam. Hər kitab təqdimatıma, hər çıxışıma görə də mən qonorar alıram, düzdür, eyni miqdarda yox: kimi 300 avro, kimi 100 avro ödəyir, bəzi hallarda isə ancaq tədbirə gələnlərdən müəllif üçün ianə toplanır. Bunu da qeyd edim ki, kitab təqdimatı kimi tədbirlərin keçirilməsinin razılaşdırılması olduqca gərgin mübarizə və çox vaxt tələb edir. Bundan başqa, mənim Almaniyada çap olunmuş tarixi romanlarım yaxşı satılır və satılan hər kitabdan nəşriyyat mənə 10% ödəyir. Yəni, Azərbaycanla, Rusiya ilə müqayisədə, Almaniyada peşəkar ədəbiyyatla məşğul olmaqla az-çox pul qazanmaq olur. Amma bu, həyat üçün kifayət etmir, gərək hökmən nə isə başqa bir iş də görəsən.

- Sizcə, Azərbaycan ədəbiyyatı Avropada niyə kifayət qədər tanınmır?

- Bunun əsas səbəbi Azərbaycanın bir ölkə kimi dünyada tanınmaması, həm də tarixinin və mədəniyyətinin qismən İrana, qismən Osmanlı-Türkiyəyə, qismən isə Rusiya və Ermənistana aid edilməsidir. Mainz Universitetinin şərqşünaslıq/türkologiya bölməsində Azərbaycan dilindən dərs dediyim səkkiz il müddətində mən bunu daha aydın şəkildə görməyə və anlamağa başladım. Onu deyim ki, alman şərqşünasları, türkoloqları islam ölkələrinə o qədər də dost münasibət bəsləmirlər, xüsusən də, tarixi Osmanlıya və indiki Türkiyəyə. Mainz Universitetində alman türkoloqları Nəsimini, Füzulini Osmanlı şairi kimi öyrədirlər, həm də olduqca səthi olaraq. Mən orada dərs dediyim illərdə buna həmişə etiraz etmişəm. Bir dəfə isə vicdanlı alman türkoloqunun Füzulinin dilini təhlil edib bunun Azərbaycan dili olduğunu sübut edən məqaləsini mərhum professor, şərqşünaslıq/türkologiya bölməsinin o vaxtkı rəhbəri Hendrick Boschotenə göstərdim, o cümlədən, bir neçə türkiyəli ədəbiyyatşünasın bənzər yazısını. Boschoten mənə cavabında dedi ki, bunları bilir, amma siyasət başqa cür tələb edir. Mən slavyan filologiyasında həmişə vəziyyətin bunun tam əksini olduğunu görürdüm. Mainzin Slavyan filologiyası İnstitutunun dosentləri Moskva universitetləri, dil qurumları ilə sıx əlaqə saxlayır, oradan mütəxəssislər dəvət edir, bu sahədə orada olan hər bir yeniliyi dərhal mənimsəyirdilər. Alman şərqşünas və türkoloqları isə Azərbaycanda olan universitetlər, dil və ədəbiyyat qurumları haqqında heç eşitmək belə istəmirlər. Bu məsələ ilə Azərbaycan dövləti, əlaqədar qurumlar məşğul olmalı, uyğun alman universitetləri, tədqiqat mərkəzləri ilə münasibət qurub,  Azərbaycan ədəbiyyatının Osmanlı ədəbiyyatı kimi öyrədilməsinə etiraz etməlidirlər.

 

 

Söhbətləşdi: Dəniz Pənahova

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!