Qəlb, hakimiyyət, tənhalıq və XXI əsrin mənəvi böhranı haqqında - Çingiz Abdullayevlə müsahibə

Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Xalq Diplomatiyası Assosiasiyasının vitse-prezidenti, Çingiz Aytmatov adına Beynəlxalq İssık-Köl Forumunun vitse-prezidenti Assol Moldokmatovanın "Dünya liderləri" müəllif rubrikası

 

Əfsanəvi yazıçı Çingiz Abdullayevlə on üç il əvvəl Bakıda - Azərbaycan Yazıçılar Birliyində, görkəmli yazıçı, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin yanında tanış olmuşduq.

Dərin intellektual söhbətlərin, ədəbiyyata, mədəniyyətə və bəşəri təfəkkürə sayğının hökm sürdüyü o ab-havanı yaxşı xatırlayıram. Hələ o vaxt Çingiz Akif oğlu şəxsiyyətinin miqyası, fenomenal erudisiyası, fitri intellekti və ən mürəkkəb şeyləri sadə və dəqiq bir dillə çatdırmaq qabiliyyəti məni heyran etmişdi.

Elə yazıçılar var ki, sadəcə süjet yaradırlar. Elələri də var ki, ədəbiyyat vasitəsilə insan təbiətinin özünü - qorxularını, zəifliklərini, ambisiyalarını, daxili münaqişələri və ruhunun faciələrini araşdırırlar.

Çingiz Abdullayev - müasir dövrün ən məşhur və ən çox oxunan yazıçılarından biri, dünyanın bir çox dillərinə tərcümə edilmiş onlarla intellektual romanın, siyasi detektiv və psixoloji əsərlərin müəllifidir.

Lakin onun süjetlərinin dinamikası arxasında həmişə vicdan, hakimiyyətin mahiyyəti, insanın daxili tənhalığı və mənəvi seçimlər barədə dərin düşüncələrə sövq edən daha böyük bir mətləb gizlənir. Onun məşhur qəhrəmanı Dronqo çoxdan analitik təfəkkürün, mənəvi prinsiplərin və sinizm, böyük pullar və mənəvi aşınmanın məhv etdiyi dünyada mənliyini qorumağa çalışan insanın simvoluna çevrilib.

Söhbətimiz ədəbiyyatdan çox bəşəriyyət - insanların informasiyanı saniyələr içində əldə etməyi öyrəndiyi, lakin özlərini anlamağı unutduğu bir zaman; səs-küyün getdikcə çoxaldığı, daxili sükutun isə get-gedə azaldığı bir dünya haqqında alındı.

 

- Çingiz Akifoviç, yaradıcı insanlar bütün dövrlərdə xalqlar və ölkələr arasında mühüm birləşdirici bağ olublar. Bu gün xalqlarımız arasındakı mədəni və humanitar dialoqun ölkə prezidentlərinin dəstəyi və qarşılıqlı anlaşma sayəsində daha da möhkəmlənməsi isə xüsusilə təqdirəlayiqdir. Sizcə, mədəniyyət və ədəbiyyat insanları siyasətdən daha güclü birləşdirməyə nə dərəcədə qadirdir?

- Sözsüz, mədəniyyət olduqca böyük birləşdirici gücə malikdir. Siyasət də, dövrlər də dəyişir, lakin mədəniyyət və ədəbiyyat insanlar və xalqlar arasında körpü olaraq qalmağa davam edir. İnsanlar məhz kitablar, musiqi, incəsənət və səmimi ünsiyyət vasitəsilə bir-birlərini daha yaxşı anlamağa başlayırlar.

Mənə həmişə elə gəlib ki, yazıçılar, rəssamlar, musiqiçilər və mədəniyyət xadimləri ən çətin dövrlərdə belə, bəşəri dialoqu qoruyub saxlamaq kimi xüsusi bir missiya daşıyırlar. Çünki mədəniyyət insanla hər zaman ruhun dilində danışır.

Və əlbəttə ki, ölkələr arasında qarşılıqlı hörmət, etimad və humanitar dəyərlərə  qayğının olması çox vacibdir. Bu cür münasibətlər yalnız siyasi dialoqu deyil, həm də xalqlar arasındakı səmimi münasibəti qorumağa kömək edir.

Qırğızıstan və Azərbaycan ruhən, ənənələrə, mədəniyyətə, yaşlı nəslə və ədəbiyyata ehtiram baxımından tarixən bir-birinə yaxındır. Və mənə elə gəlir ki, məhz mədəni bağlar xalqlar arasındakı münasibətləri xüsusilə möhkəmlədir və dərinləşdirir.

Azərbaycanda Qırğızıstan Prezidenti Sadır Japarova böyük hörmətlə yanaşırlar. Azərbaycan Prezidenti İlham Əliyev ilə Sadır Japarov arasında qarşılıqlı anlaşmanın, müdriklik və səmimiyyətə söykənən dialoqun mövcudluğunu görmək bizə olduqca xoşdur. Çünki liderlər arasında məhz bu cür münasibətlər xalqlar arasındakı dostluğu möhkəmləndirir; etimad, sabitlik və mədəni əməkdaşlıq mühiti yaradır.

- Çingiz müəllim, siz qəhrəmanların daim mənəvi seçim qarşısında qaldığı onlarla əsər yazmısınız. Siz özünüz insan həyatının mənasını necə başa düşürsünüz?

- Görünür, insan həyatının mənası öz mənəviyyatını itirməməkdən ibarətdir. Qalan hər şey - uğur, pul, mövqe, hakimiyyət, şöhrət olduqca ötəridir. İnsan bu dünyaya yalnız qalib gəlmək və ya təəssürat yaratmaq üçün gəlmir, insan olmağı öyrənmək üçün gəlir. Bu isə yəqin ki, ən çətin sınaqdır. Həyat bizi daim qorxu, şöhrətpərəstlik, ağrı, tənhalıq və nəfsimizlə sınağa çəkir. Və bir məqamda insan özlüyündə ən vacib suala cavab verməlidir: nəyin bahasına olursa-olsun, qoruyub saxlamağa hazır olduğu nədir? Çünki karyeranı, nüfuzu və ya pulu itirsən də, sağ qalmaq olar. Amma insan vicdanını itirəndə mənən aşınmağa başlayır.

- Sizcə, niyə XXI əsr insanları informasiya baxımından zənginləşdirdiyi halda,  mənəvi cəhətdən daha da yoxsullaşdırdı?

- Çünki informasiya müdriklik demək deyil. Müasir insan hədsiz dərəcədə çox informasiya alır, lakin demək olar, düşünməyi tərgidib. Dünya sürət üzərində qurulub: insanlar aramsız olaraq sosial şəbəkələrdə ekranı sürüşdürür, baxır, reaksiya verir, getdikcə daha az sakitliyə çəkilirlər. Tək qalmadan isə insan özünü eşidə bilmir. Müasir dövrün ən böyük faciəsi ondadır ki, insanlar başqaları haqqında hər şeyi bilirlər, lakin öz qəlbləri, ruhları haqqında, demək olar, heç nə bilmirlər.

- Kitablarınızın çoxu insanın incə psixologiyası üzərində qurulub. İnsan təbiətində sizi ən çox nə maraqlandırır?

- Vicdan. Çünki məhz o, insanın daxili uçurumu ilə arasındakı sərhədi müəyyənləşdirir. Qorxu hamıda var; ambisiya, demək olar, hər kəsdə. Lakin tamaşaçılar yoxa çıxandan sonra insanla məhz vicdanı qalır. Gecə insan cəmiyyətlə deyil, özü ilə təkbətək qalır. Və əgər içəri boşluqdan ibarətdirsə, əgər sən rəzilliyə bəraət qazandırmısan və ya öz ruhuna xəyanət etmisənsə, artıq heç bir zahiri uğurun insanı mənəvi aşınmadan qorumağa gücü çatmaz.

- Sizin romanlarınızda şər çox vaxt ziyalı, savadlı və zahirən cazibədar görünür. Nəyə görə bu gün şər getdikcə daha gözəl maskalanır?

- Çünki əsl şər çoxdan bəsit olmaqdan çıxıb. O, gözəl danışmağı, gözəl gülümsəməyi və hətta ali mədəniyyət təəssüratı yaratmağı öyrənib. Ən təhlükəli insanlar zahirən heç də həmişə qəddar görünmürlər. Bəzən onlar cazibədar, intellektual və zahirən qüsursuzdurlar. Müasir şəri xüsusilə təhlükəli edən də məhz budur. Dünya getdikcə insanın mənəviyyatına deyil, onun nüfuzuna, mövqeyinə və idarə etmək qabiliyyətinə heyran olmağa başlayır.

- Böyük pullar, hakimiyyət və sərt rəqabət dünyasında insanlığı qorumaq mümkündürmü?

- Mümkündür. Lakin bu, son dərəcə çətindir. Pul və hakimiyyət insanı pisləşdirmir, yalnız insanın içindəkinin nə olduğunu üzə çıxarır. Əgər insanın daxilən əxlaqi təməli yoxdursa, hakimiyyət onun şəxsiyyətini çox tez aşındırır. Çünki hüdudsuz sərbəstlik hissi yaranır. Əsl güc isə başqalarını tapdalayıb keçmək imkanın olduğu halda, daxili ləyaqətini qorumaq bacarığıdır.

- Sizin qəhrəmanınız Dronqo çoxdan öz şərəf qanunları olan ziyalı simvoluna çevrilib. Onda sizin öz xarakter və dünyagörüşünüzdən nə isə varmı?

- Şübhəsiz. Hər bir yazıçı öz ruhundan qəhrəmanlarına da hopdurur. Dronqoda mənim insanların saxtakarlığından duyduğum yorğunluğum, insan psixologiyasına olan marağım və hakimiyyətin, qorxunun, eləcə də insanın daxili zəifliklərinin təbiətini anlamaq cəhdim var. Amma ən əsası, onda mənəviyyatın getdikcə daha nisbi xarakter aldığı bir dünyada özünün şərəf kodeksini qoruyub saxlamaq cəhdi var.

- Nəyə görə güclü adamlar çox vaxt mənən tənha olurlar?

- Çünki güc insanı qapalılaşdırır. İnsanlar güclü adamı dayaq olaraq görməyə alışırlar və onun da insan olduğunun, az qala, fərqinə varmırlar. Həm də insan həyatı dərindən dərk etdikcə onun üçün gerçəkdən səmimi ola biləcəyi adamları tapmaq çətinləşir. Bəzən mənəvi dərinlik intellektual və emosional tənhalıq bahasına başa gəlir.

- Bu gün insanı ən çox nə məhv edir?

- Mahiyyətin itirilməsi. İnsan yalnız görünən nəticə - pul, nüfuz, mövqe, hakimiyyət və ya ətrafındakıların təqdiri naminə yaşamağa başlayanda. Çağdaş sivilizasiya rahatlıq yaratsa da,  insana xoşbəxt olmağı öyrətmədi. İnsanlar həyatı gözəl nümayiş etdirməyi öyrəndilər, mənalı yaşamağı isə unutdular. Məhz daxili boşluq bu gün müasir cəmiyyətin əsas faciələrindən birinə çevrilib.

- Nəyə görə xəyanət mövzusu əsərlərinizin çoxundan keçir?

- Çünki xəyanət insanın ən ağır travmalarından biridir. Xəyanətdən sonra insan dünyaya daha heç vaxt əvvəlki gözlərlə baxmır. Xəyanət yalnız münasibətləri deyil, insanlara olan inamı, kiminsə yanında özünü təhlükəsiz hiss etmək qabiliyyətini də məhv edir. Bəzən insan xəyanətdən sonra bütün ömrü boyu emosional cəhətdən qapanır.

- Müasir insanlar sükutda qalmaqdan niyə bu qədər qorxur?

- Çünki sükut özünlə görüşdür. Bir çox insan isə şüuraltı olaraq bu görüşdən  qorxur. İnformasiya səs-küyü öz ruhundan qaçmağın bir formasına çevrilib. İnsan özünə həyat, qorxular, sevgi, mövcudluğun mənası və daxili boşluq haqqında ağır suallar verməkdən daim yayınır.

- Çingiz Akifoviç, sizcə, müasir insan nə üçün getdikcə daha çox daimi narahatlıq içində yaşayır?

- Çünki müasir sivilizasiya insanı daxili sabitliyindən məhrum edib. İnsanlar getdikcə daha az gerçək həyatla, getdikcə daha çox isə özlərini başqaları ilə müqayisə etməklə yaşayırlar. Sosial şəbəkələr insanı başqasının uğuru, başqasının gözəlliyi, başqasının həyatı ilə sonsuz yarışa cəlb edir. İnsan özünü kifayət qədər uğurlu,  kifayət qədər xoşbəxt, kifayət qədər lazımlı hiss etməməyə başlayır. Halbuki ruhumuz daimi yarış rejimində yaşaya bilməz. Ruhun səssizliyə, sevgiyə, mahiyyətə varmağa və daxili rahatlığa ehtiyacı var.

- Nəyə görə hazırda bəşəriyyət dialoq mədəniyyətini bu qədər sürətlə itirir?

- Çünki insanlar getdikcə daha az bir-birini anlamağa can atır, getdikcə daha çox isə bir-birini məğlub etmək istəyirlər. Dünya emosional cəhətdən çox aqressiv bir hal alıb. Hər kəs öz haqlılığını sübut etməyə çalışır, lakin demək olar, heç kim dinləməyi bacarmır. Halbuki dialoq mədəniyyəti insanın daxili yetkinliyinin göstəricisidir.

- Nə üçün insanlar əsl ədəbiyyatdan bu qədər uzaqlaşırlar?

- Çünki müasir dünya insana məlumatı çox sürətlə istehlak etməyi öyrətdi. İnsanlar uzun müddət fikrini cəmləməyi, fikir yürütməyi, mətnlə birgə hiss etməyi yadırğayırlar. Bu gün hər şey sürət üzərində qurulub: qısa videolar, qısa fikirlər, ani emosiyalar. Lakin ciddi ədəbiyyat daxili sükunət və mənəvi-emosional zəhmət tələb edir. Bu isə müasir insan üçün getdikcə daha nadir hala çevrilir.

- Kitabın öz yerini tədricən səthi kontentə verməsi sizi narahat edirmi?

- Əlbəttə. Çünki kitab həmişə insanın daxili aləmini formalaşdırıb. Ədəbiyyat düşünməyi, başqasının halına yanmağı, təhlil etməyi, həyatın dərinliyini hiss etməyi öyrədir. İnsan ciddi ədəbiyyat oxumağı tərgidəndə öz təfəkkürünün dərinliyini tədricən itirməyə başlayır. Lakin mən yenə də əminəm, əsl ədəbiyyat heç vaxt yoxa çıxmayacaq. Çünki insanın həmişə özünü anlamağa ehtiyacı olacaq.

- Keçmişin böyük yazıçıları nə üçün, əsrlər keçsə də, aktual qalmaqda davam edirlər?

- Çünki əsl ədəbiyyat əbədi olanı dilə gətirir. Sevgi, qorxu, tənhalıq, vicdan, həsəd, həyatın mənasının aranması - bütün bunlar bəşəriyyəti həmişə narahat edəcək. Məhz buna görə Dostoyevski, Tolstoy, Kamü, Remark və Aytmatov nəsillərdən-nəsillərə yaşamağa davam edirlər.

- Nə üçün gənc nəsil ciddi kitablar əvəzinə, getdikcə daha çox səthi kontenti seçir?

- Çünki səthi kontent zehni gərginlik tələb etmir; mürəkkəb fikirlərdən yayınıb baş qatmağa kömək edir. Ciddi ədəbiyyat isə insanı özü ilə danışmağa məcbur edir. Hər kəs buna hazır deyil.

- Ədəbiyyatın rolu bu gün nədən ibarət olmalıdır?

- İnsana onun ruhu olduğunu xatırlatmaqdan. Bu gün dünya insanı getdikcə daha çox bir funksiyaya çevirir - istehlakçıya, istifadəçiyə, sistemin bir parçasına. Ədəbiyyat isə insana mənəvi dərinliyini qaytarır; vicdanı, sevgini, yaddaşı və ləyaqəti yada salır.

- Gənclərə xüsusi tövsiyə edəcəyiniz yazıçılar varmı?

- Əlbəttə. Dostoyevskini oxumaq lazımdır, çünki o, insan ruhunu dahiyanə anlayırdı. İnsanlığın dəyərini və müharibənin faciəsini dərk etmək üçün Remarkı oxumaq lazımdır. Kamü oxunmalıdır - müasir insanın tənhalığını anlamaq üçün. Və əlbəttə, Çingiz Aytmatov mütləq oxunmalıdır. Çünki Aytmatov bir çox dünya yazıçısının nail ola bilmədiyi həssaslıqla bəşəriyyətə vicdandan, nəsillərin yaddaşı və mənəvi seçimlərdən bəhs edirdi.

- Çingiz Aytmatovun yaradıcılığı sizin daxili aləminizdə hansı yeri tutur?

- Böyük  yer tutur. Aytmatov sadəcə yazıçı deyildi - o, insanın ruhuna bələd olan filosof idi. Onun əsərləri insanın öz vicdanı ilə söhbətidir. Məncə, Aytmatov müasir insanın əsas faciəsini - mənəvi istinadın yoxa çıxmasını incəliklə dərk edirdi.

- Nə üçün Aytmatovun əsərləri, onilliklər keçsə belə, hələ də oxucuya bu qədər dərindən təsir edə bilir?

- Çünki Aytmatov ürəyi və vicdanı ilə yazırdı. Onun kitablarını səthi oxumaq mümkün deyil. Onlar insanı hiss etməyə, həyəcan keçirməyə və öz həyatı haqqında düşünməyə sövq edir. Aytmatov həmişə aktual olacaq mövzular qaldırırdı: nəsillərin yaddaşı, insanla təbiətin münasibəti, cəmiyyətin mənəvi tənəzzülü, insanın öz mənəviyyatı qarşısındakı məsuliyyəti.

- Aytmatovun şəxsən sizə xüsusi təsir edən əsəri varmı? 

- "Qiyamət". Bu, cəmiyyətin mənəvi tənəzzülü haqqında son dərəcə dərin bir əsərdir. Bu gün isə o, onillər əvvəlkindən də aktual səslənir.

- Sizi bu gün yazıçı və mütəfəkkir kimi ən çox nə narahat edir?

- Dərinliyin yoxa çıxması. İnsanlar daha sürətli oxuyur, daha sürətli unudur, daha sürətli diqqətləri yayınır. Daxili dərinliyi olmayan insan isə  mənən çox tez tükənir.

- Yazıçı üçün hansı daha vacibdir - istedad, intizam, yoxsa ağrını başqalarından daha dərin hiss etmək qabiliyyəti?

- Hamısı vacibdir. Amma dərindən duymaq qabiliyyəti olmadan həqiqi yazıçı olmaq mümkün deyil. Əsl ədəbiyyat yalnız fantaziyadan deyil, həm də ağrıdan, sevgidən, itkilərdən, tənhalıqdan və insanın özünü dünyaya göstərdiyindən daha dərindən görmək qabiliyyətindən yaranır.

- Gənc nəslə nə demək istərdiniz?

- Düşünməkdən qorxmayın! Mürəkkəb kitablar oxumaqdan qorxmayın. Səssizlikdən qorxmayın. Və ən əsası, dünyanın sizi ruhən tükəndirməsinə imkan verməyin. Çünki ruhu, vicdanı və öz dünyası olmayan insan gec-tez özünü itirir.

- Əgər kitablarınız vasitəsilə bəşəriyyətə yalnız bircə fikir çatdıra bilsəydiniz, o nə olardı?

- İnsan - dünya insaniliyini itirəndə belə, insan olaraq qalmalıdır.

- Əgər bu gün bütün dünyaya bir qısa cümlə ilə müraciət edə bilsəydiniz, bəşəriyyətə nə deyərdiniz?

- Bir-birinizi qoruyun. İnsanlıq sivilizasiyalardan daha sürətli yoxa çıxır.

- Və əsas sual: Sizin fikrinizcə, bu dünyada insandan nə qalır - kitablar, əməllər, insanların yaddaşı, yoxsa qəlbin enerjisi?

- İnsanın başqalarında nə qədər işıq və ya ağrı qoyub getdiyi qalır. Qalan hər şey zamanla yox olur.

- Çingiz Akifoviç, bu dərin, səmimi və həqiqi mənada, fəlsəfi söhbətə görə sizə minnətdaram. İllər sonra yenidən sizinlə ən mühüm mövzular - insan qəlbi, vicdan, ədəbiyyat, daxili güc və müasir dünyanın mənəvi istinadları haqqında danışmaq mənim üçün böyük şərəfdir.

Sizin kitablarınız çoxdan sadəcə ədəbiyyat deyil, oxucuyla həqiqi intellektual və mənəvi dialoqa çevrilib. Siz bədii söz vasitəsilə bəşəriyyətlə əbədi dəyərlər haqqında danışmağı bacaran yazıçılardansınız.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, daxili harmoniya, yeni sanballı əsərlər, ilham və uzun yaradıcılıq yolu arzulayıram. Qoy sizin kitablarınız insanlara ən çətin dövrlərdə belə, düşünmək, hiss etmək və insan olaraq qalmaq qabiliyyətini qorumağa kömək etməkdə davam etsin.

- Əziz Assol, bu dərin söhbətə və bu gün getdikcə daha az səslənən suallara görə sizə təşəkkür edirəm. Yalnız ədəbiyyat haqqında deyil, həm də insan ruhu, içində yaşadığımız zaman kimi, həqiqətən, vacib olan şeylər haqqında danışmaq mənim üçün çox xoş oldu.

Səmimiyyətinizə, ziyalılığınıza və dərin mövzulara diqqətinizə görə sizə minnətdaram. Bu gün dünya məhz belə sakit, dürüst və insani söhbətlərə çox möhtacdır.

Mən də bütün insanlara daxili işığı, bir-birini eşitmək və ağrısını duymaq qabiliyyətini heç vaxt itirməmələrini arzulamaq istəyirəm. Çünki nəticədə, insanlıq dünyanın ən böyük dəyəri olaraq qalır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!