Bu dünyadan Elçin keçdi... - DİLSUZ və Abid TAHİRLİnin söhbəti

13 may - Xalq yazıçısı, görkəmli dövlət xadimi Elçinin ad günü ərəfəsində milli şair Dilsuzla mərhum sənətkarı xatırladıq...

 

Abid TAHİRLİ: - Dilsuz müəllim, bilirik ki, siz Elçin müəllimlə həm Yazıçılar İttifaqında, həm Nazirlər Kabinetində uzun müddət bir yerdə işləmisiniz. Yadınıza gəlirmi, ilk tanışlığınız necə olub?

Dilsuz: - 1960-cı illərdə Elçin, çox gənc olmasına baxmayaraq, bir nasir, publisist və tənqidçi kimi artıq populyar idi və Anar, Əkrəm Əylisli, Yusif və Vaqif Səmədoğlu qardaşları ilə yanaşı yeni, modern ədəbiyyatın öncüllərindən sayılırdı. Bir təşkilatda işləyirdik - o, Yazıçılar İttifaqında katib, mən isə, Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan" jurnalında şöbə müdiri idim. Şəhərdə və yaxud Yazıçılar İttifaqında üz-üzə gələndə, sadəcə, salamlaşırdıq, yəni, hal-əhval tutmaq, bir-birimizin kefini xəbər almaq səviyyəsində yaxın deyildik...

Bir dəfə İlyas Əfəndiyevlə iki-üç saatlıq bir "könül söhbəti" eləmişdim. Sonradan bu söhbəti müsahibə halına saldım və İlyas müəllimlə belə qərara gəldik ki, görüşək, baxaq, görək nə alınıb...

Mən İlyas müəllimgildə olanda, təsadüfən Elçin də gəldi və müsahibəni bir yerdə oxumalı olduq. Qurtaranda İlyas müəllim dedi: "Yaxşı alınıb, amma sən hər yerdə yazırsan: İ nöqtə Əfəndiyev, axı, mən İ nöqtə Əfəndiyev deyiləm, İlyas Əfəndiyevəm! O nöqtələri götürürsən, adımı bütöv yazırsan, olur əla! Yaxşımı?" - Dedim: "yaxşı".

İlyas müəllim Elçinlə məni yola salanda dedi: "Bir-birinizə söykək olun, kömək edin!"

Qəribədir, bu bir kəlmə söz bizi yüz illərin dostuna çevirdi sanki...

 

A.T.: - Elçin müəllim müsahibələrinin birində deyir ki, tənha adamdı, heç vaxt dostu olmayıb...

D.: - Bu, hansısa əhval-ruhiyyədən doğan elə-belə, ötəri söz ola bilər. Hissə qapılıb, deyib. Əslində isə elə deyil. Elçinin özündən çox-çox yaşlı nə qədər dostu vardı: İmran Qasımov, İshaq İbrahimov, Qulam Məmmədli, Məmmədcəfər Cəfərov, Abbas Zamanov və s. Orta nəsildən, yəni, özünün də mənsub olduğu nəsildən: Anar, Əkrəm Əylisli, Yusif və Vaqif Səmədoğlu qardaşları, Fikrət Qoca, İsi Məlikzadə, Qəzənfər Paşayev və s. Gənc nəsildən, yəni, o vaxtların gənc nəslindən: Sabir Rüstəmxanlı, Vilayət Quliyev, Nizami Cəfərov, İlham Rəhimli, Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, Şirindil Alışanov və s. Elçin, bəlkə də, dünyada ən çox dostu olan adam idi. Yenə deyirəm: o söz, şəksiz, hansısa əhval-ruhiyyədən doğan ötəri bir hiss olub.   

A.T.: - İlyas Əfəndiyevlə olan söhbətlərinizdə yəqin ki, Elçin yaradıcılığına da toxunmusunuz...

D.: - Təbii ki... Maraqlıdır, İlyas Əfəndiyevin diqqətini Elçinin hekayə və povestlərindən, publisistik yazılarından daha çox, ədəbi-tənqidlə bağlı məqalələri cəlb edirdi. Yadımdadı, Elçinin ədəbi-tənqidi məqalələrini Moskvada dərc olunan "Drujba Narodov" jurnalı ilin ən yüksək mükafatına layiq görmüşdü. Bu, İlyas Əfəndiyevi hədsiz dərəcədə sevindirmişdi!.. Qürurla deyirdi: "Ədəbi-tənqid ədəbiyyatın yolgöstərənidir - kompasıdır! Çox əhəmiyyətli janrdır! Bizim buna ehtiyacımız var! Belinskilər olmalıdır ki, Tolstoylar da olsun!"

A.T.: - Hələ sovet hakimiyyəti illərində Elçinin Türkiyəyə olan marağı, sevgisi, 1984-cü ildə qələmə aldığı "Yaxın, uzaq Türkiyə" adlı əsərində öz əksini tapdı. O, Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyətinin - "Vətən" Cəmiyyətinin sədri işləyəndə də bu münasibət özünü bariz şəkildə göstərdi. Bunu necə dəyərləndirirsiniz?

D.: - Türkçülüyün özünü təzə-təzə büruzə verməyə başladığı vaxtlarda belə bir sanballı əsərin meydana çıxması, sözün əsl mənasında, böyük risk və böyük sensasiya idi. Bu əsər, sözsüz ki, elə-belə ərsəyə gəlməmişdi - gizli arxivlər açılmışdı, qadağan olunmuş sənədlər incələnmişdi, tarixin qaranlıqlarında pas atmış həqiqətlər üzə çıxarılmışdı! Böyük türk şairi Nazim Hikmət bir şeirində yazır:

 

Orkestr matəm marşı çalar,

Və biz 

bir hasarın dibində

Basdırarıq ölülərimizi

bərəkətli toxumlar kimi!..  

 

Bəli, həmin bərəkətli toxumlar indi "Yaxın, uzaq Türkiyə" əsərinin səhifələrində cücərmiş və gün işığına çıxmışdır!

A.T.: - Siz İlyas Əfəndiyevin yeddi, Elçinin on cilddən ibarət külliyyatlarını hazırlamısınız. Elədimi?

D.: - Elədir. Amma bu külliyyat məsələsini bir qədər dəqiqləşdirmək lazımdır. İlyas Əfəndiyev nə yazıbsa, o yeddi cilddə toplanıb. Elçinin isə, yazdıqlarının təxminən, altmış faizi o on cildliyə daxil edilib. Bir sıra hekayə və povestləri, eləcə də, son illərdə yazdığı pyesləri isə, yəqin ki, gələcək nəşrlərdə nəzərə alınacaqdır.

A.T.: - Elçin redaktə məsələsində sizə problem yaratmırdı ki?

D.: - Yox. Düzəlişləri onunla razılaşdırırdım. Ortaq məxrəcə gələ bilirdik.

A.T.: - Ümumiyyətlə, ağır xarakterli adam idi, hə?

D.: - Bəzən bir adamla elə mübahisə edirdi ki, deyirdim, onu ömrünün axırına kimi bir də danışdırmaz. Amma yanılırdım. Səhər olan söz-söhbəti axşama kimi unudurdu. Kinsiz adam idi.

A.T.: - Uzun müddət Nazirlər Kabinetində də bir yerdə işləmisiniz. Yazıçı Elçinlə məmur Elçini necə xarakterizə edərdiniz?

D.: - Sözsüz ki, fərqli adamlar idilər. Yazıçı Elçin daha yumşaq, daha həlim idi. Məmur Elçin isə ciddi və sərt idi. 1993-cü ildə Ermənistanla atəşkəs elan olunduqdan sonra Azərbaycanda ordu quruculuğuna start verildi və Prezidentin göstərişi ilə Baş nazirin müavini Elçin bu məsələni icra etmək üçün səlahiyyətli şəxs qismində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarına ezam olundu. O vaxt mən köməkçi idim. Biz on iki gün ərzində bu rayonlarda gənclərin orduya cəlb olunmasına, kazarmaların yaradılmasına, təchizat məsələlərinin qaydaya salınmasına, silah-sursatın əldə edilməsinə və hərbi təlimlərin keçirilməsinə nail olduq. O dövrdə mənim üçün ən çox əlamətdar olan bu idi ki, heç kim uşağını ordudan yayındırmırdı, fərarilik yox idi. Elə valideyn var idi ki, uşağı Moskvada, Voronejdə idi, deyirdi ki, ikicə gün möhlət verin, xəbər eləmişəm, gələcək və gəlirdi də! Bugünkü milli ordu 1993-cü ildə təşkil olunan həmin ordudur! Məncə, Baş nazirin müavini Elçin Əfəndiyevin bir vətəndaş kimi, bir dövlət xadimi kimi xidmətlərindən söz açanda, bunu da qeyd etməliyik.

A.T.: - Nəsr, publisistika, ədəbi-tənqid, üstəgəl, dramaturgiya. Elçin bu dörd janrın hər birində sanballı yazılar yazıb. Yaradıcılığının son dövrlərində, nədənsə, dramaturgiyaya daha çox meyil edib. Sizcə, bu, nə ilə əlaqədardır?

D.: - Maraqlı sualdır. Bilmirəm, sizi qane edəcək, ya yox, bu bir həqiqətdi: İlyas Əfəndiyev vəfat edəndən sonra teatrlarımızda bir boşluq yarandı - istedadlı dramaturqun illər boyu xüsusi diqqət və qayğı ilə qulluq etdiyi "teatr bağçası" yavaş-yavaş solmağa başladı. Bunu, hamımız kimi, Elçin də hiss etdi. Ola bilsin ki, o bu boşluğu doldurmaq, bu bağçanı xəzandan qorumaq üçün bu yola baş vurdu. Əlbəttə, məqsədinə nail olub-olmadığı barədə fikir yürütmək teatr tənqidçilərinin işidir. Mən isə, bunu, sadəcə, son dərəcə dəyərli cəhd kimi qiymətləndirirəm...

A.T.: - Elçinin dövlət işindən və ədəbiyyatdan başqa hər hansı bir məşğuliyyəti vardımı?

D.: - Kolleksioner idi. Keçən əsrin birinci yarısında yaşamış ustad xanəndələrin vala köçürülmüş ifalarını və bir də nəfis şəkildə işlənmiş rəsm əsərlərini toplayırdı. Belə bir fikri vardı ki, özəl rəsm qalereyası açsın. İnkişaf etmiş ölkələrdə, o cümlədən, qardaş Türkiyədə bu cür nümunələr var. 

A.T.: - Maraqlıdır, o həmin əsərləri necə əldə edirdi?

D.: - Bəzilərini pulla alırdı, bəzilərini isə rəssam dostları, tanışları hədiyyə edirdilər. Hansısa əsərinin tanınmış bir yazıçının kolleksiyasında və yaxud özəl rəsm qalereyasında olması rəssam üçün də fəxr idi.

A.T.: - Dilsuz müəllim, xoş oldu, görüşdük, söhbət etdik. Bu gün Elçinin doğum günüdür. Ruhu şad olsun.

D.: - Amin.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!