Tarixi mənbələrdən keçən Azərbaycan adı... - MÜSAHİBƏ

Müsahibimiz Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədri, Misirdə Azərbaycan Diasporunun sədri, 2025-ci ildə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi tərəfindən birinci dərəcəli "Elm və fənlər" ordeni ilə təltif edilən tanınmış azərbaycanlı alim Seymur Nəsirovdur.

 

- Seymur müəllim, Astaranın Şuvi kəndindən Misirin Əl-Əzhər Universitetinə uzanan həyat yolunuza qısa ekskurs etmək maraqlı olardı...

- Hələ ibtidai siniflərdə oxuyarkən, orta məktəbdə bizə xalq mahnıları, gözəl şeirlər öyrədirdilər və özfəaliyyət dərnəyində həmin mahnıları gözəl səslə ifa edərdik. Səsimi o qədər bəyənmişdilər ki, o vaxtlar "plastinka" dediyimiz daşıyıcılara mənim səsimi yazmışdılar. Özümü gələcəkdə bir müğənni kimi görmək istəyirdim. Gitara dərslərindəki iştirakım və bu sahədə irəliləməyim atamın xoşuna gəlmədi. Bir gün məni yanına çağırıb dedi: "Mənim babalarım hamısı böyük alimlər, şeyxlər olublar. Bizim nəslimizdə heç vaxt müğənni olmayıb.

Bir haşiyə çıxım: Mənim atamın babası Şeyx Şüeyb Xəlifə Nəsir oğlu olub. O, öz dövrünün çox böyük və nüfuzlu din xadimlərindən, şeyxlərindən biri imiş. Eyni zamanda, 1920-ci illərdə Azərbaycanın cənubunda, xüsusilə, Astarada sovet işğalına qarşı baş qaldıran xalq üsyanının rəhbəri olub. Arxiv sənədlərində bir məqam çox diqqətçəkəndir: o vaxt işğalçılar babama məktub yazaraq təslim olmasını tələb edirlər. Şeyx Şüeybin onlara yazdığı cavab məktubu isə çox kəskin və qətiyyətlidir. O, məktubunda işğalçıların torpaqlarımızdan dərhal rədd olub getməsini tələb edərək, bu torpaqları heç vaxt onlara təslim etməyəcəyini bildirir. Şeyx Şüeyb özünün 500 nəfərlik müridi (tələbələri və tərəfdarları) ilə birlikdə əvvəlcə Astaranı işğaldan azad edir, daha sonra isə Lənkəran istiqamətinə yollanır. Arxiv sənədlərində qeyd olunur ki, 1921-ci ilin 21-22 fevral tarixlərində Astara ilə Lənkəran sərhədində baş verən döyüşlərdə üsyanın rəhbəri Şeyx Şüeyb qətlə yetirilir.

Atamın nəsihətindən sonra Quran hərflərini öyrənməyə başladım. Hər kəsə deyirdim ki, mən mütləq İslam Universitetinə daxil olacağam. Əsas məqsədim o idi ki, ali təhsilimi bitirdikdən sonra ərəb ölkələrinə gedim, bu elmi daha dərindən öyrənim və geri dönüb ulu babalarımın yolunu layiqincə davam etdirim. Elə oldu ki, mən orta məktəbi bitirən ərəfədə Bakıda İslam Universiteti açıldı və mən ora qəbul olundum. Bakı İslam Universitetində bir il təhsil aldıqdan sonra gözlənilməz bir fürsət yarandı. Misirdən təhsilimizi orada davam etdirmək üçün dəvət gəldi. Beləliklə, universitet tərəfindən Misirə göndərildim. Mənim Misirə gəlişimin və elmi fəaliyyətimin əsas yolu qısaca olaraq bu cür başladı.

- Magistraturadakı dissertasiyanızın mövzusu Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixidir. Bu tarix nə vaxtdan başlayır?

- Məşhur coğrafiyaşünas alim İbn əl-Fəqih əl-Həmədaninin "Kitab əl-Buldan" əsərində qeyd etdiyi kimi, Azərbaycanın İslam fəthindən sonra bu torpaqlara Misir və Şamdan müxtəlif qəbilələr köçmüşdür. Bu köçlər Azərbaycanda ərəb ədəbiyyatının yayılmasına və xalqımızın bu ədəbiyyata olan marağının hələ o dövrlərdən formalaşmasına zəmin yaratmışdır. Mənim magistratura və doktorantura pillələrindəki əsas hədəfim hər zaman ərəb mənbələrində Azərbaycanı araşdırmaq olmuşdur. 2002-ci ildə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəbşünaslıq fakültəsini bitirdikdən sonra təhsilimi Misir Fətva Evində (Dar al-İfta) davam etdirdim. Qeyd edim ki, 2006-cı ildə keçmiş SSRİ ölkələri arasında ilk fətva icazəsi almaq məhz mənə qismət olmuşdur. Eyni zamanda, bitirdiyim fakültənin ikiixtisaslı olması sayəsində Açıq Amerika Universitetində ərəb dili və ədəbiyyatı üzrə də fəaliyyətimi davam etdirdim. Buradakı əsas məqsədim vətənimizi təbliğ etmək və Azərbaycanla bağlı olan tarixi həqiqətləri üzə çıxarmaq idi. Ərəb dili bölməsində olduğum üçün araşdırmalarımı bu istiqamətə yönəltdim. Azərbaycanla bağlı apardığım uzunmüddətli tədqiqatlar nəticəsində ərəb dili və ədəbiyyatına, xüsusən də, şeir sənətinə böyük töhfələr vermiş, lakin az tanınan Azərbaycan alimlərini üzə çıxarmağa və onları dərindən araşdırmağa başladım. Bu tədqiqatlar mənim elmi fəaliyyətimin ən önəmli istiqamətlərindən birini təşkil edir. Biz Misirə ilk gəldiyimiz vaxtlarda misirlilərin Azərbaycan haqqında məlumatı çox az idi. Onların ölkəmizin harada yerləşdiyini və ya adını bilməsinə çox nadir hallarda rast gəlinirdi. Bu vəziyyət məni çox narahat edirdi, çünki digər xalqların nümayəndələri öz ölkələrini dünyaca məşhur alimlərinin adları ilə tanıda bilirdilər. Məsələn, özbəklər İmam Buxarini misal çəkirdilər və bütün Misir onu tanıyırdı.

 

Qahirə və İsgəndəriyyə arxivlərindəki irsimiz

 

Misirin Qahirə, İsgəndəriyyə və Əl-Əzhər Universitetinin kitabxanalarında Azərbaycan alimlərinin, şairlərinin yazdığı yüzlərlə, bəlkə də, minlərlə əlyazma əsərləri saxlanılır. Mən özüm şəxsən Nizami Gəncəvinin "Xəmsə"sinin 13 nüsxəsini görmüşəm ki, onlardan 6-sı tam nüsxədir. Bununla yanaşı, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Xaqani Şirvani kimi dahi şəxsiyyətlərimizin saysız-hesabsız əlyazmaları bu gün də o arxivlərdə araşdırılmağı gözləyir. İsgəndəriyyədə dəfn olunmuş böyük hafiz alim Əbu Tahir Siləfi Azərbaycanı qarış-qarış gəzmiş və ölkəmiz haqqında qürurverici fikirlər söyləmişdir. O qeyd edirdi ki, Şərqdə Azərbaycan, Qərbdə isə Əndəlüs (indiki İspaniya ərazisi) elm və ədəbiyyat diyarıdır. Hər iki xalqın elmə olan ciddi marağı və bu sahədəki nailiyyətləri tarixin ən parlaq səhifələrindəndir. Mən artıq 25 ildir ki, bütün çıxışlarımda və müsahibələrimdə bu məsələni diqqət mərkəzində saxlayıram. Ərəb mənbələrinin dərindən araşdırılması bizə tariximizi və coğrafiyamızı yenidən yazmağa kömək edəcək çox mühüm faktlar qazandıra bilər. Bu məlumatlar milli kimliyimizin və mədəni irsimizin dünya miqyasında daha dərindən tanıdılması üçün əvəzsizdir.

- Böyük sərkərdə Səlahəddin Əyyubiyə sahib çıxmaq istəyənlər çoxdur. Amma onun əslən azərbaycanlı olduğunu ərəb mənbələri əsasında sübut etdiyiniz deyilir...

- Aparılan tədqiqatlar və mövcud tarixi sənədlər göstərir ki, Səlahəddin Əyyubi əslən azərbaycanlıdır. Ərəb dünyasının ən mötəbər və klassik mənbələri bu faktı birmənalı olaraq təsdiqləyirlər. İbn Xəllikan özünün məşhur "Vəfəyatül-əyan" kitabında qeyd edir ki, bütün tarixçilər Əyyubilərin və şəxsən Səlahəddin Əyyubinin Azərbaycanın qədim Dvin şəhərindən olduğu barədə yekdildirlər. Səlahəddin Əyyubinin mənşəyi ilə bağlı məlumatlar yalnız bir mənbə ilə məhdudlaşmır. Dünyanın bir çox nüfuzlu tarixçiləri və alimləri öz əsərlərində bu faktı qeyd etmişlər: İmam Zəhəbi - "Siyər əlamun-nübəla" kitabında; İmam Tağrıberdi - "Mənəhəl əs-safi" (və ya "əl-Mənhəl əs-Safi") kitabında; İmam Zirikli - "əl-Əlam" kitabında. Saysız-hesabsız və ən mötəbər ərəb mənbələri onun Azərbaycanın Dvin şəhərindən olduğunu qəti şəkildə bildirirlər. Müxtəlif xalqların Səlahəddin Əyyubiyə sahib çıxmaq istəməsi təbiidir, lakin tarixi faktlar onun Azərbaycan torpaqlarından çıxdığını sübut edir. Azərbaycan tarixən multikultural bir mühitə, zəngin bir həyat tərzinə sahib olmuşdur. Burada müxtəlif xalqlar əsrlər boyu birgə yaşamışlar və bu bizim ən böyük zənginliyimizdir. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, önəmli olan odur ki, o, azərbaycanlıdır və bu torpağın yetirməsidir.

- Yenə qayıdaq dil məsələsinə. "Ərəb dilinin inkişafında Azərbaycanın rolu" - 2008-ci ildə bu barədə yazmısınız. Söhbət hansı roldan gedir?

- Ərəb dilinin elmi bir dil kimi formalaşmasında və inkişafında azərbaycanlı alimlərin rolu əvəzsizdir. Bu gün də ərəb ölkələrində və bütün dünyada ərəb dilini dərindən öyrənmək istəyən tələbələr, elm adamları mütləq şəkildə azərbaycanlı alimlərin qələmə aldığı klassik dərsliklərə və mənbələrə müraciət edirlər. Hətta İslam dünyasının ən nüfuzlu təhsil ocağı olan Əl-Əzhər Universitetində ərəb dilini öyrədərkən bizim alimlərin kitablarından dərslik kimi istifadə olunur. Tarix boyu bir çox azərbaycanlı alim ərəb dilinin müxtəlif sahələrində fundamental əsərlər yaratmışdır: İbn Hacib əd-Duvini: Onun kitabları bu gün də Əl-Əzhər Universitetində ərəb dilinin tədrisində əsas mənbələrdən biri hesab olunur. Xətib Təbrizi: Bütün İslam dünyasının tanıdığı böyük ərəbşünas alimdir. Onun əsərləri ərəb filologiyasının xəzinəsi sayılır. Zəncani (İzzəddin əz-Zəncani): Sərf elmində (morfologiya) ən mötəbər dərsliklərdən biri olan "Təsrif əz-Zəncani" əsərinin müəllifidir. Bütün ərəb mənbələri Zəncanın Azərbaycan torpağı olduğunu qeyd edir. Ərdəbilli alimlər: Ərdəbildən çıxmış bir çox mötəbər alimin ərəbşünaslıq sahəsindəki xidmətləri tarixən yüksək qiymətləndirilmişdir. Dilin inkişafında şeir sənətinin rolu çox böyükdür. Məşhur ərəb alimi İbn Quteybə özünün "əş-Şeir vəş-Şuəra" (Şeir və şairlər) kitabında çox maraqlı bir faktı qeyd edir. O bildirir ki, Mədinə şəhərindən kənarda, qeyri-ərəb müsəlmanlar arasında yetişən ən görkəmli və istedadlı şairlərin hamısı azərbaycanlıdır. Bu, hələ İslamın ilkin əsrlərində azərbaycanlıların ərəb dilinə və ədəbiyyatına nə dərəcədə dərindən vaqif olduqlarının ən böyük sübutudur. Azərbaycan alimləri tarix boyu ensiklopedik biliyə malik şəxsiyyətlər olmuşlar. Onlar dini və dünyəvi elmlərlə yanaşı, ərəb dilində də çox gözəl şeirlər qələmə almışlar. Məsələn, Xətib Təbrizi daha çox dilçilik və qrammatika sahəsində tanınsa da, onun çoxlu sayda ərəbdilli şeirləri mövcuddur. Eyni zamanda, İslam şəriəti və fiqh sahəsində böyük nüfuza malik olan İbn Hacib də ərəb dilində dəyərli poetik nümunələr yaratmışdır. Azərbaycanlılar təkcə elm sahəsində deyil, həm də dövlət idarəçiliyində mühüm rol oynamışlar. Xüsusilə, Misir tarixində yüksək vəzifələr tutmuş bir çox soydaşımız olmuşdur: Əfzələddin Xunci: O, əslən azərbaycanlı olub, Misirin baş hakimi vəzifəsini icra etmişdir. Fəthullah ibn Nəfis: Misirin baş həkimi ("Rəisül-ətibba") olmuş bu şəxsiyyət də əslən Azərbaycan torpaqlarındandır.

Mən Misirdə vətənimizin təbliği üçün hər zaman tanınmış alim və sənətkar övladlarımızı araşdırıram. Son illərdə apardığım ən önəmli tədqiqatlardan biri, bütün ərəb dünyasında və İslam aləmində tayı-bərabəri olmayan səs sahibi, məşhur mübtəhil (ilahəçi) və muğam ustası Seyid Nəqşibəndi ilə bağlıdır. Araşdırmalarım nəticəsində məlum oldu ki, onun babası əslən azərbaycanlıdır; o vaxtlar Misirə təhsil almaq üçün gəlmiş, burada ailə qurub yaşamışdır.

 

Seyid Nəqşibəndinin ailəsi ilə əlaqələr və qəbrinin ziyarəti

 

Mən bu araşdırmalar zamanı Seyid Nəqşibəndinin ailəsi ilə yaxından tanış oldum və onları bizim cəmiyyətə də dəvət etdim. Dəfələrlə onun qəbrini ziyarət etməyə getmişik. Misirin hər yerində Azərbaycan haqqında danışanda, məhz Seyid Nəqşibəndi kimi dahi bir şəxsiyyətin əslən azərbaycanlı olduğunu vurğulamağımız böyük rəğbətlə qarşılanır. 

- Rəsmi mətbuatda rəhbəri olduğunuz Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kursları təşkil etdiyiniz, bu kurslara 200-dən çox müraciət daxil olduğu, onlardan 45 nəfər üçün yeni qruplar təşkil edildiyi qeyd olunub. O cümlədən, kurs iştirakçıları arasında yalnız misirlilər deyil, müxtəlif ölkələrin vətəndaşlarının olduğu bildirilir. Bunu eşitmək xoşdur. Sizcə, bu marağa səbəb nədir?

- Təxminən, 25 ildir ki, Misirdə xarici tələbələrə rəhbərlik edirəm. Bu illər ərzində minlərlə tələbə yetişdirmişik ki, onlar artıq öz ölkələrinə dönərək professorlar, tanınmış elm və din xadimləri kimi yüksək vəzifələrdə çalışırlar. Bu tələbələr onlara rəhbərlik edən, hər zaman qayğı və dəstəyini hiss etdirən azərbaycanlı Seymur Nəsirovu heç vaxt unutmurlar. Misirə gəldiyim ilk gündən əsas hədəfim hər zaman vətənimizi təbliğ etmək olub. Atam mənə dəfələrlə tapşırırdı ki, harada olmağımdan asılı olmayaraq, hər zaman azərbaycanlı olduğumu bilim, hər addımımda vətəni düşünüm və onu təbliğ edim. Bizim əcdadlarımız vətənə o qədər bağlı olublar ki, ulu babalarımız və ailəmiz bu yolda şəhid olublar. Mənim üçün də vətəni heç vaxt unutmamaq və onu hər yerdə uca tutmaq bir borcdur. Vətəni dünyada ən yaxşı şəkildə tanıtmağın yollarından biri də onun dilini təbliğ etməkdir. Məhz buna görə də biz dilimiz və mədəniyyətimiz vasitəsilə Azərbaycanın zəngin irsini ərəb dünyasına və gənc nəsil tələbələrə çatdırmağa çalışırıq. Mən hələ 25 il əvvəl Misirə gəldiyim ilk dövrlərdə Türk dili bölməsində təhsil alan misirli tələbələrə fərdi qaydada Azərbaycan dilini öyrətməyə başladım. 20 il əvvəl ailə qurduqdan sonra isə evimiz sanki bir məktəbə çevrildi; həyat yoldaşım da könüllü şəkildə misirlilərə Azərbaycan dilini öyrətməyə başladı. Lakin sonradan evimizin bu iş üçün kifayət etmədiyini gördük. Məqsədimiz Azərbaycanı daha geniş auditoriyaya tanıtmaq idi. Bu məqsədlə 13 il əvvəl 600 kvadratmetrlik böyük bir diaspor mərkəzi (obyekt) aldım. Bu gün həmin mərkəzdə minlərlə tələbə Azərbaycan dili başda olmaqla müxtəlif kurslarda tamamilə ödənişsiz təhsil alır. Hal-hazırda fəaliyyətimiz yalnız Misirlə məhdudlaşmır. Dünyanın 61 ölkəsindən olan 670-dən çox tələbə mərkəzimizin təşkil etdiyi ödənişsiz kurslarda Azərbaycan dilini öyrənir. Tələbələrimizin təxminən, 60%-i Misirdə təhsil alan əcnəbi tələbələr, 40%-i isə yerli misirlilərdir. Mən eyni zamanda son 10 ildir ki, Qahirə Universitetində Azərbaycan dilini tədris edirəm. Bu illər ərzində 1700-dən çox misirli tələbəyə dilimizi öyrətmişəm. Hazırda həm magistratura pilləsində dərslər keçirəm, həm də həm ərəb dili, həm də Azərbaycan dili üzrə yeni mütəxəssislərin yetişdirilməsində elmi rəhbərlik edirəm. Əsas məqsədimiz yerli mütəxəssislər arasından Azərbaycan dilini yüksək səviyyədə tədris edə biləcək kadrlar yetişdirməkdir. Artıq bu istiqamətdə mühüm uğurlarımız var. Məsələn, bizim yetirməmiz olan Əsma Əhməd artıq Azərbaycan Səfirliyinin dəstəyi ilə Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlamışdır. O, eyni zamanda Misir-Azərbaycan Dostluq Məktəbində də şagirdlərə dilimizi öyrədir. Yalnız misirlilər deyil, Misirdə təhsil alan müxtəlif ölkələrin vətəndaşları da Azərbaycan dilinə böyük maraq göstərirlər. Biz artıq bu əcnəbi tələbələri də tədris prosesinə cəlb etməyə nail olmuşuq. İnanıram ki, bir ölkənin təbliğatında ən mühüm vasitə məhz dildir. Bizim üçün dil sadəcə bir ünsiyyət vasitəsi deyil. Dil həm də xalqın mədəniyyətini, onun şanlı tarixini, coğrafiyasını və ən əsası, həqiqətlərini dünyaya çatdırmaq üçün ən effektiv və gözəl vasitədir. Bu missiyanı yerinə yetirmək bizim ən böyük hədəfimizdir.

- Dəyərli vaxtınızı ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

 

 

Söhbətləşdi: Vüsalə MƏMMƏDLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!