"Kafkanı oxumadığım vaxtlarda belə, Kafkanı düşünürəm" - Laslo Krasnahorkai ilə müsahibə

Macar yazıçısı və ssenaristi Laslo Krasnahorkai 5 yanvar 1954-cü ildə Macarıstanın Rumıniya ilə sərhədindən beş kilometr aralıda yerləşən Dyula şəhərində anadan olub. Atası, vəkil Dyerd Krasnahorkai yəhudi əsilli (1931-ci ildə babası Korin soyadını Krasnahorkai olaraq dəyişib - tərc.), Sosial Rifah Nazirliyində işləyən anası Yulia Palinkaş isə macar əsilli olub. Seqed və Budapeştdə hüquq təhsili alan yazıçı 1978-ci ildə Budapeşt Universitetinin Humanitar Elmlər fakültəsinə daxil olub, burada macar dili və ədəbiyyatı üzrə təhsil alıb.1983-cü ildə Universiteti bitirən yazıçı çoxlu səyahət edib. 1990-cı ildə Monqolustanda və Çində olub, 1992-ci ildə Atlantik okeanında üzüb, Avropa və ABŞ-ni gəzib (1992-1998), Bosniyada (1996), Yaponiyada (1997, 2000, 2005) olub. 2008-ci ildə Berlin Azad Universitetində dəvətli professor kimi mühazirələr oxuyub. Macarıstanın siyasi hakimiyyətinə olan mənfi münasibətinə görə, Laslo Krasnahorkai hazırda Macarıstanda deyil, Berlin və Triestdə yaşamağa üstünlük verir. "Sonuncu mərhəmət" (1986), "Urqa əsiri" (2012) hekayə kitablarının, "Şeytanın tanqosu" (1985), "Müqavimətin melanxoliyası" (1989), "Müharibə, Müharibə" (1999), "Şimalda - dağ, Cənubda - göl, Şərqdə - yol, Qərbdə - çay" (2003), "Göylər səltənətinin xarabalığı və kədəri" (2004, Çin haqqında sənədli roman), "Si-van-mu aramızdadır" (2008), "Axırıncı canavar" (2015), "Əbədi Homer" (2015) romanlarının müəllifidir. 2025-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı qazanan, ondan on il əvvəl, 2015-ci ildə Man Buker Beynəlxalq mükafatına layiq görülən yazıçı günümüzdə ən yaxşı və ən önəmli romançılardan biri olaraq qəbul edilir. Yazıçının Nobel mükafatı almadan bir il öncə ingilis ədəbiyyat və mədəniyyət jurnalı olan "The White Review"ya verdiyi müsahibədən əsas hissələrin tərcüməsini təqdim edirik.

 

 

 

- Sizin fikrinizcə, tərcümənin üstünlükləri, çatışmazlıqları və təhlükələri nələrdir?

- Üstünlükləri və çatışmazlıqları haqqında nəsə deyə bilmərəm, amma təhlükələri haqqında danışmaq istəyərəm, çünki belə bir təhlükə mövcud deyil. Məncə, heç bir tərcümə edilmiş əsər mənşə dilindəki orijinalı ilə heç vaxt eyni ola bilməz. Hətta bunu düşünmək belə absurddur. Tərcümə olunmuş əsər tərcüməçinin işidir, müəllifin deyil. Müəllifin əsəri yalnız orijinal dildə yazılmış hekayəni ehtiva edən əsərdir. Tərcümə tərcüməçinin çeviri etdiyi dildə hazırlanmış, birbaşa tərcüməçinin bəstəkar olduğu yeni bir əsərdir və onun orijinala bənzərliyi yalnız ailə üzvlərinin bir-birinə bənzərliyi qədər ola bilər. Müəllif müdaxilə etmədən müşahidə edir və oxuyur: mətn ona tanış gəlir, hətta bəzən (nadir hallarda olsa da) olduqca tanış gəlir və gözünə yaxşı görünəndə sevinir, pis görünəndə qəzəblənir. Bu mənim başıma bircə dəfə gəlib, əsərlərimdən birinin almanca tərcüməsi o qədər pis idi ki, dəhşətli bir əsərə çevrilmişdi və onu düzəltmək, demək olar ki, mümkün də deyildi. Kitabın ən başdan tərcüməsini kim öz üzərinə götürəcəkdi ki?! Bu, həqiqətən də, çox çətin vəziyyət idi. Amma bundan başqa bütün kitablarımın tərcüməsi məni heyrətləndirib. Möhtəşəm tərcüməçilərim var.

- Niyə Berlində yaşamağı seçmisiniz?

- İlk dəfə 1987-ci ildə bu şəhərdə uzun müddət qaldım və o vaxtdan bəri şəhərlə aramda bir bağ yarandı. Qərbi Berlin o vaxtlar yaralı ruhlar üçün sığınacaq kimi bir yerdi. Rəssamlar, gələcək sənətkarlar, hər kəs işlərini tamamlamaq üçün ora gəlirdi. Böyük bir ailənin bir hissəsi kimi böyük sənətkarlarla eyni barda, hətta eyni masada ünsiyyət qura biləcəyimi bilmək həqiqətən, çox gözəl idi. Bu münasibətlər hələ də davam edir. Amma vaxtımın çox hissəsini Berlində keçirsəm də, artıq şəhər haqqında xoş hisslər keçirmirəm. Müasir dövrdə şəhər, sənətini yaratmaqdan daha çox, onu satmaq istəyən sənətkarlara xidmət edir. Əgər belədirsə, onda bura ilə ora arasında nə fərq var ki?

- Necə yazırsınız?

- Yalnız iş üçün ayrılmış bir məkanda yazı masasında oturub, saatlarla kompüter ekranına baxaraq ideyaların gəlməsini gözləmək kimi tərzim yoxdur. Ədəbiyyatı əsl işim hesab etdiyim gündən bəri hər şey beynimdə baş verir. Amma bütün şəxsi səbəbləri bir kənara qoysaq, həqiqət budur ki, yazmağa başlayanda çox çətin şəraitdə yaşayırdım. İşləmək üçün masam yox idi və ətrafımda daim çoxlu insanlar olardı. Buna görə də başlanğıcları zehnimdə quraşdırmağa, ilk cümlələri beynimdə qurmağa alışdım. Ümidverici bir cümlə ağlıma gələndə onu yadımda saxlayardım, nəticəyə gələnə qədər əlavələr edərdim və tamamlandığını hiss etdiyim nöqtədə yazardım. Hətta indi də eyni şəkildə işləyirəm - ən gözlənilməz vaxtlarda, ən gözlənilməz yerlərdə. Buna görə də daim işləyirəm, işləri belə idarə edirəm. Ancaq hər şey ağlımda bir nəticəyə gəldikdə yazmağa başlayıram. Düzəlişlərə çox da ehtiyac qalmır, çünki o düzəlişləri artıq beynimdə etmiş oluram.

- Kafka kimi klassiklərdən başqa nə oxuyursunuz?

- Kafkanı oxumadığım vaxtlarda belə, Kafkanı düşünürəm. Kafkanı düşünmədiyim vaxtlarda onu düşünməyin natamamlığını hiss edirəm. Bu natamamlıq hissi bir müddət davam edir. Sonra onun kitablarından birini götürüb yenidən oxuyuram. Çünki işlər yalnız bu şəkildə davam edir. Amma bu dediklərim yalnız Kafkaya aid deyil; bu, Homerə, Danteyə, Dostoyevskiyə, Prusta, Ezra Paunda, Bekketə, Tomas Bernharda, Atilla Yozefə, Şandor Veöreşə, Pilinskiyə də aiddir...

- "Şeytanın tanqosu"nun uğuru haqqında nə düşünürsünüz? Niyə indi? Dünyada, ya da ədəbiyyatda ona qapı açan nəsə baş verdi?

- Bu, yəqin ki, Bela Tarr (Macar film rejissoru, ssenarist, prodüser - tərc.) ilə birlikdə işlədiyimiz əsərin filminin məşhurluğu və artıq "Müqavimətin melanxoliyası" və ya "Heyvanların içərisində" əsərlərini oxuyub bu romanın tərcüməsini gözləyənlərlə bağlıdır. Üstəlik, görünür, "Şeytanın tanqosu" nəşr olunduğu dövr üçün əksər insanların oxumaq istədiyi cür kitabdır. Effektlərlə dolu bir dünyanın yorucu yeniliklərindən qaçmaq istəyənlər, dünyanın sadəcə əyləncələrdən ibarət olmadığını bilən və dünya haqqında dəyərli nələrinsə deyilməsini istəyənlər, həyatdan qaçmaq yerinə onu yenidən yaşamaq, bir həyatları olduğunu və o həyatın içində onların da rolu olduğunu bilmək istəyən və hər şeyə baxmayaraq, o ağrılı gözəlliyə üstünlük verənlərin kitabıdır. Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur. Amma oxucuların buna ehtiyacı var; bir dərman və ya illüziya kimi deyil, onlara hər hansı dərmanın olmadığını, çarəsiz olduqlarını söyləyəcək birinə ehtiyac duyduqları üçün.

- Niyə hadisələri belə ətraflı şəkildə müəyyən etmək, onları detallı şəkildə xəritəyə yerləşdirmək sizin üçün bu qədər vacibdir?

- Çünki hadisələrin harada baş verdiyini bilmək həmişə vacibdir. Bir şey yalnız olduğu yerdə baş verə bilər.

- "Şeytanın tanqosu"nun ilk dəfə nəşr olunduğu vaxtlar, yazmağa başladığınız dünya ilə bugünkü dünya nə dərəcədə oxşardır?

- Oxşarlıq heyrətamizdir. Hər şey dəyişmiş kimi görünsə də, əslində heç nə dəyişmir. Köpüklənərək axan bir çayın üzərini təsəvvür edin; sular köpüklənir, köpüklənən qabarcıqlar fırlanır və daha kiçik damcılara parçalanır, sonra yoluna davam edən daha sakit bir axın yaratmaq üçün yenidən birləşir. Damcıları izləyirəm, onlardan yalnız birinə diqqət yetirməyə çalışıram. Bu, həqiqətən, mümkün deyil. Bir anlıq orada olur, növbəti saniyədə yox olur. Amma əslində oradadır. Daim dəyişən, lakin eyni qalan bir bütövün tərkib hissəsidir. Amma bütöv deyilən bir şey yoxdur. Hissələri də yoxdur. Bəs, onda nə var? Daim dəyişən bir dəyişməzlik. Bu bizim idrak qabiliyyətimizdən bir az kənardadır.

 

Tərcümə etdi: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!