- Pənahəli xan və Xələf bəy nəslinin varislərindən birisiniz. Bu barədə ətraflı məlumat verərdiniz.
- Mən ata tərəfdən Pənahəli xanın, ana tərəfdən isə Xələf bəyin nəslindənəm. Pənahəli xanın oğlu İbrahimxəlil xanın soyundan gəlirik. Elə buna görə də soyadımız İbrahimovdur.
- Uşaqlıqda sizə bu soy-kök necə izah olunub? Bir müsahibənizdə qeyd etmişdiniz ki, tarixi hadisələri nağıl kimi dinləyirdiniz.
- Bizə konkret olaraq "bu nəsildənsiniz" deyilməyib. Sadəcə, bu tarixin içində böyümüşük. Nağıllar əvəzinə ulu babalarımızın şücaətindən bəhs edən hekayələr danışardılar. Yaş artdıqca anlayırdıq ki, bunlar nağıl deyil, həqiqətən, baş vermiş hadisələrdir.
- Bu cür köklü bir soyun sizə ötürdüyü ən dəyərli mənəvi miras nədir?
- Hesab edirəm ki, mənə ən böyük miras mərdlik, mənəviyyat və insanlıq dəyərləridir. Yəni əsl Azərbaycan kişisinin və xanımının necə yaşamalı olduğu ilə bağlı dəyərlərdir.
- Hansı sahədə çalışırsınız?
- Mən "Azərişıq" ASC-də çalışıram və təxminən, 10 ildir fəaliyyət göstərirəm. Vəzifədən asılı olmayaraq hər bir vətəndaş dövlətinə və xalqına sadiq olmalıdır. Mən də çalışıram ki, sadiqliyimi və şəffaflığımı qoruyum.
- Kitab da yazırsınız. Əsərləriniz soy-kökünüzlə bağlıdır?
- Açığı, özümü yazar hesab etmirəm. İqtisadiyyat üzrə təhsil almışam. "İz" adlı ilk kitabımı yazmışam, yaxın günlərdə isə "İrs" adlı ikinci kitabım çap olunacaq. Bu barədə ilk dəfə burada danışıram. "İz" kitabında özüm və nəslimiz barədə yazmışam. "İrs"də isə şəxsi düşüncələrim, hekayələrim yer alır. Bu hekayələr həyat təcrübəmə əsaslanır. Adlar dəyişdirilib, bəzi obrazlar alleqorikdir.
- Soyunuzdan olan bir çox tanınmış şəxslər var. Yaradıcılıq sizə də genetik keçibmi?
- Bəli, nəslimizdən Xurşidbanu Natəvan, Qasım bəy, Əli Ağaoğlu kimi şəxslər çıxıb. Müasir dövrdə isə Fəxriyyə Xələfova kimi dahi modelyer də bu nəslin nümayəndəsidir. Genetik kod özünü göstərir.
- Xalq yazıçısı Anar haqqında yazınızı çap etdikdən sonra o, sizinlə əlaqə saxlayıb. Sirr deyilsə, söhbətiniz nədən ibarət olub?
- Danışığımız mənim yazım ətrafında oldu. Mən fikirlərimin arxasında duran insanam. O, müəllim savadlı və ziyalı insandır. Anarın əsərləri ilə böyümüşük. Mən də 90-cı illər nəslinin nümayəndəsiyəm.
- 90-cı illər nəslinin travmatik olduğu deyilir. Siz necə düşünürsünüz?
- Mən "travma" anlayışını qəbul etmirəm. Həyat enişli-yoxuşludur. İnsan bu yolda özünü idarə etməyi bacarmalıdır. Kimisi hadisələri şişirdir, kimisi isə olduğu kimi qəbul edir. Mən ikinci kateqoriyaya aidəm.
- Sosial şəbəkələrdən uzaqsınız. Vaxtınızı necə dəyərləndirirsiniz?
- Sosial şəbəkələrdə aktiv deyiləm. Amma xəbər portallarını izləyirəm. Dünyada baş verən proseslərlə maraqlanıram. Sosial platformalarda bəzi davranışları xalqımıza yaraşdırmıram. Ölkədə inkişaf göz qabağındadır və bunu qiymətləndirmək lazımdır.
- Bu gün ədəbi mühitdə Anar şəxsiyyətinə münasibət birmənalı deyil. Uzun illər oxucuların sevgisini qazanan əsərlərin müəllifi indi bəzi qələm adamlarının tənqidi ilə üz-üzədir. Əsas arqument isə yaradıcı şəxslərin vəzifədə uzun müddət qalmasının doğru olmamasıdır. Bu yanaşma isə bəzən onun ədəbi irsinin arxa plana keçməsi ilə müşayiət olunur. Görünür, bu gün bizdə yazıçıların əsərlərindən çox, kreslosu müzakirə mövzusuna çevrilir. Bu məsələyə münasibətiniz necədir?
- Mən tam əksini düşünürəm. Mənə görə Anar dövrümüzün dahilərindəndir. Vaxt gələcək, o da dahi kimi xatırlanacaq. Bu gün onun səviyyəsində imza görmürəm.
Zamanında nə qədər dahi yazıçılarımız, şairlərimiz, qəzəlxanlarımız olub. Bu gün biz onları dahi olaraq anırıqsa, vaxt gələcək, Anar müəllim də dahi şəxsiyyət kimi anılacaq. Biz canlı əfsanəmizin qədrini bilməliyik. Bu gün Anara bərabər imza görmürəm. O, həm sovet dönəmini, həm də dövlətimizin müstəqilliyini görüb. Onu dahi şəxsiyyət olaraq görməyimdə arqumentlərim də var, sadəcə olaraq demirəm.
- Cəmiyyət arasında, bəlkə də bu, müzakirə olunmur. Oxucu üçün Anar yenə də mərtəbənin ən üst zirvəsindədir. Lakin yazıçılar arasında bu münaqişə daim mediada səsləndirilir. Halbuki Rəssamlar İttifaqında, Bəstəkarlar İttifaqında bu cür qalmaqallara rast gəlmirik. Bəzi yazıçılar düşünür ki, AYB sovetdənqalma bir qurumdur və belə bir quruma ehtiyac da yoxdur. Halbuki bu qurum nə qədər gəncə dəstək olur, təqaüd verir və evi olmayanları evlə təmin edir. Bunları sanki görməzdən gəlirlər. Və bu mövzularda da qalmaqallar yaranır.
- Dahi şəxslər elə sovet dövründə yetişib. Bu gün yaxşı yazıçıların çoxu da həmin dövrdən qalanlardır. Bu gün mən meydanda o yazarları, şairləri görmürəm. Kimisi düşünür ki, ona şərait yaratmırlar. Fikrimcə, bu düşüncə də real deyil. Mikayıl Müşfiq sovet hakimiyyətinə qarşı mübarizə apardı və hətta ölümünə səbəb oldu. Amma Mikayıl Müşfiq o qədər sıxma-boğma ilə sözünü dedi. Bu gün bizdə söz azadlığı var. Kim nə istəyir, yazır. Eyni zamanda efirlərə çıxmaq da asandır. Həmçinin yazıçılar özlərinə sosial şəbəkə açaraq, öz fikirlərini platformalarda bildirirlər. Amma dünya miqyasına çıxacaq əsərlər yazmırlar. Belə görünür ki, onlar kreslo üstündə dava edirlər. Bəlkə də sabah məni qınayacaqlar ki, bu sistemin içində olmaya-olmaya fikir bildirirəm. Amma reallığı qəbul etmək lazımdır. Baxın, cəmiyyətin və fərdlərin fikri var. Mən də cəmiyyətdən biriyəm. Bu gün yazarın biri müəyyən bir kütlə yığır, şairlik edir. Yaxud da bir əsər yazaraq, publikada sevilir. Ancaq o yazıçıda o qədər təkəbbür yaranır ki, hətta haradan yarandığını da inkar etməyə başlayır. Bu adam artıq ilahi ədaləti də üstələməyə çalışır.
- Müasir yazıçılardan kimləri oxuyursunuz?
- Heç kim inciməsin deyə, ad çəkmək istəmirəm. Ümumilikdə, xalqımızı sevirəm və hər kəsə hörmətlə yanaşıram.
- Özünüzü yazar hesab etməsəniz də, yazmağa davam edirsiniz.
- Böyük imzalar - Nəsimi, Füzuli, Səməd Vurğun kimi şəxsiyyətlər var. Onların yanında özümə "yazar" demək düzgün olmaz. Oxucular qərar versin. Mənim üçün əsas olan düşüncələrimi bölüşməkdir.
- Bu tarixi mirası gələcək nəsillərə necə ötürmək istəyirsiniz?
- Məqsədim odur ki, bizdən sonrakılar öz soy-köklərini bilsinlər. Bu məlumatları kitab halında da toplamışam. Övladlarıma da bu barədə danışıram.
Söhbətləşdi: Dəniz Pənahova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
