Babək nəvələrinin bayramı: "Novruz nağılı" - Sevinc Elsevərlə MÜSAHİBƏ

 

Mənim üçün Novruz bütün dəyərlərin simvoludur. Biz Babək nəvələriyik axı - suya, oda, küləyə, torpağa, sözə inananların daşıyıcılarıyıq. Elə bu inamla, Novruz ərəfəsində Sevinc Elsevərin "Novruz nağılı"nı oxumaq mənim üçün təsadüfi seçim olmadı. Bu kitabda uşaqlıq xatirələri, dürüstlük, milli kökə bağlılıq, bir sözlə, Novruz ruhu var.

Bu dəfə müsahibim çağdaş Azərbaycan uşaq ədəbiyyatında Novruz mövzusuna fərqli baxış gətirən yazıçı Sevinc Elsevərdir.  Bu əsər Novruz haqqında yazılmış, onu həm yaddaş, həm dəyər, həm də mənəvi miras kimi təqdim edən çoxşaxəli bir mətn təsiri bağışlayır. Fantastik və realist süjet xətlərinin paralel inkişafı, uşaq dünyasına uyğun dildə ötürülən dərin mətləblər, müəllifin uşaqlıq xatirələri ilə bədii təxəyyülün bir-birinə "hörülməsi" "Novruz nağılı"nı klassik uşaq mətnlərindən fərqləndirir.

Bu söhbətləşməmdə Seviş (ona hər zaman belə xitab edirəm) "Novruz nağılı"nın yaranma tarixindən tutmuş, uşaq üçün yazmağın çətinliklərinə, müasir uşağın diqqət dünyasına, milli kimliyin formalaşmasında uşaq ədəbiyyatının roluna qədər, bir çox vacib mövzuya toxunur. Müsahibim həm yaradıcı prosesini səmimi etiraflarla bölüşür, həm də bir valideyn, bir oxucu və bir vətəndaş kimi narahatlıqlarını açıq şəkildə ifadə edir. Bu söhbət, eyni zamanda Novruzun bugünkü uşaqların yaddaşında nə qədər yaşadığını, hansı məqamda ritualdan dəyərə çevrildiyini anlamaq üçün də əhəmiyyətli ipucları verir.

Seviş bu əsərini diktə etmək niyyəti ilə yazmayıb. Əksinə, müəllif oxucuya "öyrətdiyini hiss etdirmədən öyrətməyə" çalışır. Uşağın diqqətini itirməmək, onu əyləndirərək düşündürmək, milli dəyərləri zorla deyil, hekayənin cazibəsi ilə ötürmək əsas yaradıcı strategiyadır. Sevişin etirafları uşaq ədəbiyyatının nə qədər məsuliyyətli və həssas sahə olduğunu bir daha xatırladır.

Məncə, "Oxucu-yazıçı söhbətləşməsi" layihəm çərçivəsində apardığım bu müsahibəm təkcə bir kitabın yaranma tarixindən bəhs etmir. O, bugünkü uşağın dünyası, valideynlərin Novruza münasibəti, milli dəyərlərin ötürülmə yolları və uşaq ədəbiyyatının görünməyən yükü haqqında düşünməyə vadar edir.

 

 

- Sevinc, "Novruz nağılı"nı yazmaq ideyası necə yarandı? Səncə, Novruz mövzusu uşaq ədəbiyyatında yetərincə işlənib, yoxsa bu sahədə boşluq var?

- "Novruz nağılı" romanında iki süjet xətti var. Biri fantastik xətdir ki, əsas qəhrəmanları ev quşlarıdır. İkincisi isə, qəhrəmanları insanlar olan realist xətdir. Ən birinci fantastik xətti işlədim. Həm də animasiya ssenarisi kimi. Sonra bütün başqa ssenarilərim kimi, o da kağız üzərində, bir kənarda qaldı. "Xeyirxah siçan" və "Döyüş iti" kitablarım çap ərəfəsində idi. "Xan" nəşriyyatında qonaq idim. Dostlarımız - Səbuhi Şahmursoy və Cavid Qədirlə söhbət əsnasında uşaqlar soruşdu ki, Novruz bayramı ilə bağlı bir kitab yaza bilərəmmi? Onda animasiya ssenarisini xatırladım, dedim ki, əlimdə belə bir ssenari var və onu uşaq romanına çevirmək çox asandır. Onda uşaqlar şərt qoydular ki, yazacağım əsər elə əsər olsun, orada Novruz adət-ənənələri öyrədici şəkildə əksini tapsın. Uşaqlar kitabı oxuyanda təkcə maraqlı əhvalatlarla yox, həm də qədim milli bayramımızın tarixi ilə, ənənələri ilə tanış olsunlar. Qarşıma məqsəd qoydum ki, elə mətn yazım, uşaqlar oxuyanda onları öyrətmək istədiyimizin fərqinə varmasınlar; maraqlı əhvalatların izinə düşüb Novruz haqqında öyrənsinlər. Balaca olanda bizim uşaqlarımız iştahsız olurdular, yemək yemirdilər. Reklam dəqiqələri canlı, şən olurdu deyə, televizorda reklam göstəriləndə yeyirdilər. Təsəvvür edin, camaat reklam dəqiqələrində kanalı dəyişirdi, biz reklam axtarırdıq kanal-kanal. Nə var ki uşaq yeməyini yesin.

Oxumaq zəhmətli işdir, bir çox uşaqlar üçün həm də darıxdırıcıdır. Onlara bütün bu məlumatları əyləndirərək ötürmək lazım idi. Məncə, buna nail olduq. "Novruz nağılı" romanının AMEA-nın Uşaq ədəbiyyatı şöbəsində müzakirəsi təşkil olunanda, tənqidçilərimiz romanı həm də Novruz ensiklopediyası adlandırdılar.

Novruz bayramı mövzusu nəinki milli uşaq ədəbiyyatında, ümumiyyətlə ədəbiyyatımızda, kinomuzda az, çox hallarda epizodik şəkildə işlənilib. "Novruz nağılı" bu mövzuda yazılmış ilk uşaq romanı oldu.

Fikir vermisiniz, xristianlar Milad bayramına necə sevgiylə yanaşırlar. Nə qədər filmlər çəkiblər, əsərlər yazıblar. Həmin filmlərə baxa-baxa biz özümüz də uşaqlıqdan Yeni il bayramını, o bayramın adətlərini sevmişik. Novruz bayramını uşaqlıqda bizə nənələrimiz, babalarımız sevdirirdi. Az sayda şeirlər vardı, dərsliyimizdə olurdu. Müasir nənə, babalar bizim nənə-babalarımız qədər həvəsli deyillər Novruz adətlərini həyata keçirməyə. Gənc valideynlərin çoxu da bilgisizdir. Bu boşluq açıq-aşkar görünürdü, bəli.

- Bu kitabı yazarkən, daha çox uşaq Sevinc, yoxsa yetkin Sevinc danışırdı?

- Uşaq Sevincin xatirələri çoxdur o romanda. Məsələn, Sevindiyin aldanması. Məhz yumurta ilə bağlı o kələklə uşaqlıqda özüm də rastlaşmışam. Sevindik elə Sevincdir də. Sadəcə qəhrəmanı oğlan seçmişəm. Hətta gülməli bir şey deyim. Romanın illüstrasiyası çəkiləndə rəssam necəsə elə zənn edib ki, Sevindik qızdır. Yəqin o adı heç eşitməyibmiş. Şəkillərdə qız uşağı çəkmişdi. Sonradan bütün şəkilləri yenidən işləməli oldu. Papaq atdığına görə atası tərəfindən döyülən uşaq bizim evimizdə, gözümün qabağında döyülüb. Dəri xəstəliyi olduğu zənn edilən, sinif yoldaşları tərəfindən qısnamaya məruz qalan uşaq da tanışdır. Uşaq Sevincin hissləri ilə yetkin Sevincin hissləri qarışıqdır orda.

- Səncə, bugünkü uşaqlar Novruzu daha çox ritual kimi tanıyır, yoxsa onun mənəvi dəyərini də hiss edirlər?

- Təəssüf ki, indiki valideynlərin çoxu Novruz bayramını hiss eləmirlər, nəinki uşaqlar. Kitabı oxuyan çoxlu valideyn heyrətlə mənə dedi ki, çox şeyi bilmirdim, sizin kitabınızdan öyrəndim. Onların çoxunun yaşı 30-35 olardı və Novruz bayramı haqqında çox az şey bilirdilər. Novruz bayramına nənələrimiz, analarımız daha çox inanırdılar. Saf və təmiz qəlblə inamları vardı. O ritualları, adətləri elə dəqiq yerinə yetirməyə çalışırdılar ki! Məsələn, bayram axşamını evdə keçirməsələr, yeddi il evdə keçirə bilməyəcəklərinə o qədər inanırdılar ki, dünya dağılsa, o axşamı evdə olurdular. Yaxud, küsülülərin barışmağı və s.

- "Novruz nağılı"nı yazarkən, uşağın diqqətini itirməmək üçün ən çox nəyə diqqət etmisən?

- Çalışırdım ki, məlumatlar darıxdırmasın. Çünki bilirdim ki, uşaq başa düşsə ki, niyyətim öyrətməkdir, kitabdan darıxa bilər. Ona görə əsl niyyətimi gizləməyə, maraqlı əhvalatların içində ört-basdır etməyə çalışırdım.

- Sənin üçün uşaqlar üçün yazmaq daha çətindir, yoxsa daha məsuliyyətlidir? Bu iki hiss arasında hansı daha ağır gəlir?

- Uşaqlar üçün yazmaq həm çətin, həm məsuliyyətli işdir. Yazdığın mətn uşaqları həm əyləndirməli, həm düşündürməlidir. Müasir uşaqlar birbaşa öyüdü, tənqidi qəbul etmirlər. Bunu dolayısı yolla eləməlisən. Elə etməlisən ki, uşağın ruhu da inciməsin. Yoxsa yazdığının bir cümləsinə belə inanmayacaq. Çağdaş internet dövrünün uşaqlarının diqqətini cəlb eləmək ikiqat çətindir. Onlar qəribə personajları olan cizgi filmləri ilə böyüyüblər. O personajlar nəinki millilikdən uzaqdır, fərqlidir, ümumiyyətlə, çox hallarda mənfi personajlardır. Dərinə getsən, hərtərəfli araşdırsan, müsbət tərəflərindən çox, mənfi tərəflərini taparsan. Müasir uşaq romanının qəhrəmanı tam müsbət qəhrəman olanda da, inandırıcı görünməyəcək. Onlar ziddiyyətli personajları sevirlər. Çünki müasir animasiya filmlərində, animelərdə gördükləri obrazlar məhz belədir. Ayaqlaşmaq çətindir. Amma bir yolunu tapmaq, ayaqlaşmaq məcburiyyətindəyik. Çünki öz uşaqlarımızı həm də arzuladığımız kimi görmək istəyirik. Onları tamamilə yad təsirlərin ixtiyarına, ümidinə buraxmaq olmaz. Belə olan hallarda mənfi nəticələri görürük. 

- "Novruz nağılı"nı oxuyan bir uşağın yaddaşında hansı hissin qalmasını istəyərdin?

- "Novruz nağılı" romanında doğruluq, dürüstlük, dostluq, vətənpərvərlik kimi hisslər ön plana çəkilir. Burda ənənələrə bağlılıq, doğmalıq, böyüklərə, qocalara sevgi hissləri də yer alır. Əsas qəhrəman Sevindik nənə-babalı bir evdə yaşayır. Göstərməyə çalışmışam ki, bir uşaq üçün bu, çox böyük xoşbəxtlikdir. Mənim öz uşaqlığım da nənəmlə keçib. Uşaqlığımın ən xoşbəxt dövrü də məhz o dövr olub.

- Əsərdə real Novruz adətləri ilə fantaziya arasında incə xətt var. Bu tarazlığı qorumaq çətin olmadı?

- O romanı, demək olar ki, birnəfəsə yazdım. Ümumiyyətlə, bütün romanlarımı birnəfəsə yazıram. Böyüklər üçün iki, uşaqlar üçün dörd roman yazmışam. Hamısını təxminən, bir-üç ay ərzində. Ədəbiyyata şeirdən gələn, daha çox poeziya ilə özünü ifadə eləməyi sevən qələm adamlarına xas xüsusiyyətdir yəqin ki. "Novruz nağılı" da təxminən, bədahətən yazılıb. O incə xətt də asanlıqla alınıb. Xüsusi çətinlik çəkməmişəm.

- Bu kitab vasitəsilə uşaqlara ötürmək istədiyin əsas dəyər və ya mesaj nədir?

- İki paralel süjet var orda; həm bir-biri ilə sıx əlaqəli, həm də müstəqil iki süjet. Ev quşlarının əhvalatı ilə demək istəmişəm ki, sahib olduğunuz dəyərləri sevin, qədrini bilin. Öz kökünüzdən, öz kimliyinizdən qaçmağa çalışmaqdansa, özünüz olmağı seçin. Özünüz olmaqdan qorxmayın! Necə varsınızsa, o cür özünüzü qəbul etməyi, sevməyi öyrənin! Onsuz da özündən qaçmaq mümkün deyil. Bumeranq kimi hara qaçsanız, yenə özünüzə qayıdacaqsınız.

Uşaqların əhvalatlarını danışarkən, bunu demək istəmişdim: həyatda nə əldə eləmək istəyirsinizsə, dürüstlüklə əldə eləyin! Kələklə qazanılan heç nə həqiqi dəyərli ola bilməz! Əsl qalib həqiqət yolu ilə qalib gələndir!

- Səncə, uşaq kitabları milli kimliyin formalaşmasında hansı rolu oynayır?

- Uşaq ədəbiyyatı milli kimliyin formalaşmasında əsas vasitələrdən biridir. İlk növbədə ana dilinin mükəmməl öyrənilməsində rol daşıyır. Xüsusən, yad dildə təhsil alan uşaqlarımız milli uşaq ədəbiyyatı ilə tanış olsalar, ana dilinin incəlikləri ilə də tanış olarlar. Dili mükəmməl öyrənməkdə ədəbiyyatın əvəzsiz rolu var. Övladlarım yad dilləri ədəbiyyat oxuyaraq, animasiya filmlərinə baxaraq öyrəniblər.

İkincisi, milli personajlar uşaqların öz xalqlarını, öz adətlərini dərindən tanımasına kömək edir. Xarici animasiya filmlərindən, uşaq mətnlərindən bunu heç vaxt öyrənə bilməzlər. Tərbiyənin, xarakterin də əsası ta uşaqlıqdan qoyulur. Gecikmək olmaz.

- Oxuculardan, xüsusilə, uşaqlardan və valideynlərdən aldığınız ən yaddaqalan rəy hansı olub?

- "Novruz nağılı"nı oxuyan uşaqlar iki qrupa bölünürlər. Onlarla söhbətlərim zamanı öyrənmişəm ki, bəzi uşaqlar fantastik süjeti olan əhvalatı, bəziləri isə realist əhvalatı daha çox seviblər. Deməli, onlardan bəziləri xəyalpərəst, bəziləri isə daha çox realist düşüncəli uşaqlardır. Söhbət əsnasında da bu, aydın görünür, adətən. Bəzən yaşca balaca bir uşaq realist əhvalatlardan birini sevdiyini deyib. Elə olub ki, yaşca böyük uşaqdır, amma ev quşlarının əhvalatlarından hansınısa xoşladığını dilə gətirib. Bütün bunlar maraqlıdır. Amma bütün oxuculara, həm uşaqlara, həm valideynlərə təsir edən Bənövşə müəllimin şəhid sinif yoldaşı ilə bağlı danışdığı hissədir. O hissədə uşaqlara qısnamanın, bullinqin necə pis bir şey olduğunu izah etməyə çalışmışam. Sonrakı peşmançılıqdan bəzən heç vaxt, bir ömür boyu qurtula bilməməkdən danışmışam. Valideyn olub, mənə deyib ki, əsərin məhz o yerində ağlayıb. Uşaqlar da olub bunu deyənlərin arasında. Mətnlər təkcə əyləndirmək, öyrətmək üçün deyil. Onların ən böyük funksiyalarından biri də ruhu təmizləmək, yaxud təmizliyini qorumaqdır. Az da olsa, buna nail olmaq sevindiricidir.

- Bir cümlə ilə desək: "Novruz nağılı" Sevinc Elsevər üçün nədir?

- Özümün də maraqla oxuya bildiyim nağıldır. Uşaqlığım, keçmişim ilə hesablaşmağımdır bir az da. Çünki Sevindik obrazı oğlan olsa da, bəzən davaya belə, düşsə də, o, həm də mənəm. Oğlan kimi böyümüşəm mən də. Sonradan bütün həyatıma təsir etdi bu mənim. Bunun yaxşı və pis cəhətləri də oldu. Bunu da ayrıca yazmaq lazımdır hansısa mətndə.

"Novruz nağılı"nın sonunda hər birimiz üçün dərin bir sual qalır: biz öz bayramlarımızı uşaqlara nə qədər sevdirə bilmişik?

 

Söhbətləşdi: İlahə ÜMİDLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!