- Hidayət müəllim, Səməd Vurğun sizin üçün kimdir?
- Böyük milli şairimizdir. Bəzən kommunizm ideallarını vəsf etsə də, o Azərbaycançılığın rəmzinə çevrilmiş "Azərbaycan" şeirinin müəllifidir. Bu mənada böyük milli şairimizdir. O dövrün insanları həyatı başqa cür görüblər, başqa cür duyublar. Səməd Vurğun Qazaxda böyüyüb. Görüb ki, Qazaxın ən ucqar kəndlərinə işıq çəkirlər, ən ucqar kəndlərində məktəb açırlar. Mədəniyyət, təhsil işləri görürlər, bunu niyə bəyənməyəydi ki?! Buna görə də o nəslin görülən işlərə aludəliyi çox dəyərliydi. Sonra bunu da unutmalı deyilik ki, Rusiya Azərbaycanı ərazi kimi işğal edib. Xanlıqlar var idi. Xanlıqların da öz məqsədi, öz məramı; bəzən bir-birilə vuruşmaları, didişmələri. Ərazilər xanlıqlar kimi işğal olundu. Amma Azərbaycan çar Rusiyasının tərkibindən respublika kimi çıxdı. Ona görə o dövrün insanları barədə danışanda, düşünəndə diqqətli olmaq lazımdı. Bu məqamlara diqqət yetirmək lazımdı. Məsələn, "Komsomol poeması" o dövr gəncliyinin ən sevimli əsərlərindən idi. Niyə? Tutaq ki, mən komsomola keçdiyim günü xoş duyğularla xatırlayıram. İllər sonra həmin günə bir şeir də yazmışdım. Ordan iki misra yadımdadı. Deyirdim ki, bir balaca boy atmışdım komsomola keçdiyim gün. Gəncliyimdən iki gün yadımdadı. Bir komsomola keçdiyim gün, bir də orta məktəbi bitirdiyim gün. Həyata atılmış bir gənc.
- Səməd Vurğunun ölüm xəbəri Zəngəzurda necə qarşılandı?
- Səməd Vurğun dünyasını dəyişəndə mənim 12 yaşım vardı. Zəngəzurda, doğma və balaca kəndim Maralzəmidə 3-cü sinifdə oxuyurdum. Səməd Vurğunun vəfat xəbəri dərhal bizim kəndimizə çatdı. Bilirsiniz, Səməd Vurğun xalqın içinə elə daxil olmuşdu ki, hamı onu öz doğması bilirdi. Ölümünə hamı təsirləndi. Uşaqlığımda üç itki məni təsirləndirib: atamın ölümü (onda hələ məktəbə getmirdim), Stalinin ölümü, bir də Səməd Vurğunun ölümü. Kəndimiz, camaat hüzn içindəydi. Hamı təəssüfləndi. Hamı kədər içindəydi. Səməd Vurğun o nadir şairlərdən idi ki, onu hamı əzbər bilirdi. Uşaqlar da, böyüklər də; məktəb direktoru da, müəllimlər də. Hamı Səməd Vurğunu sevirdi.
1966-cı ildə mən "Sovet Ermənistanı" qəzetinə işləməyə gedəndən təxminən, bir həftə sonra Səməd Vurğunun 60 illiyi yubileyinə təsadüf edirdi. Maraqlandım. Gördüm ki, İrəvanda Səməd Vurğunla bağlı tədbir keçirilməsi nəzərdə tutulmayıb. Qəzetin rəhbərliyi ilə danışdım. Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı şurası var idi. Onun rəhbərliyi ilə, sonra Yazıçılar İttifaqının sədri ilə görüşdüm. Nəhayət, İrəvanda kiçik bir tədbirlə Səməd Vurğunun 60 illiyi qeyd olundu.
1976-cı ildə isə fərqliydi. İrəvanda Səməd Vurğunun möhtəşəm yubileyi keçirildi. O vaxt mən artıq Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı şurasının sədriydim. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının direktoru idim. Yazıçılar İttifaqı İdarə heyətinin, Teatr Xadimləri Cəmiyyətinin İdarə Heyətinin üzvü idim. Ermənistan ədəbi çevrələrində yaxşı tanınırdım. Mənim yaxından iştirakımla Ermənistan Aktyor Evində Səməd Vurğunun, dediyim kimi, möhtəşəm, hətta deyərdim ki, unudulmaz yubileyi keçirildi. Xatırlayıram, Yazıçılar İttifaqının sədri mənə dedi ki, bu axşamı sən apar. Etiraz etdim. Dedim, bu tədbiri, ya siz, ya da başqa bir görkəmli erməni yazıçısı aparsın. Təklifimlə razılaşdı və yubiley günlərində Moskvada olacağı üçün oranın ən görkəmli yazıçılarından biri tədbiri apardı. Çoxlu çıxışlar oldu. Mən də çıxış etdim və yeni yazdığım "Səməd Vurğun qitəsi" adlı şeirimi oxudum.
Bu gün yenə kitabını varaqladım,
Varaqlaya-varaqlaya
Ünvanını min mahaldan soraqladım.
Gördüm orda
hər sətrinin ruhu-canı səmimiyyət,
Gördüm orda
hər sətrinin son mənzili - əbədiyyət...
Gördüm orda duyğuların çiçəklidir,
təzə-tərdir.
Gördüm orda gecələrin mənası da apaydındır,
al-səhərdir.
Gördüm orda anam bu gün
nəvəsinə şirin-şirin layla çalır.
Gördüm orda Ulu Hürmüz
əsrlərin o üzündən əl eləyir.
Gördüm orda
hökmdarın taxt-tacı da,
qılıncı da
Məhəbbətin qarşısında lal olubdur.
Gördüm orda
köksü çapıq Bisütun da,
saf sevgidən qüvvət alan
bir memarın külüngünə qul olubdur.
Gördüm orda misralar var, hələ nuru
çox ürəyə sancılmayıb.
Gördüm, ustad, neçələri səndən yazıb alim olub,
çox mətləbin amma yenə açılmayıb...
Gördüm sənət ümmanının hökmdarı məhəbbətdir.
Beşiyinə, komasına, torpağına
min könüldən valeh olan sədaqətdir.
Gördüm orda
dahilərin taleləri
insanlığın öz yoludur,
həyatıdır.
Kitabını varaqlaya-varaqlaya
Mən bir daha inandım ki,
ən çətin janr bayatıdır!!!
Gördüm orda
istiqbalın duyğuları qanad açıb qatar-qatar.
Gördüm, ustad,
Yerlə göyün arasında
Vurğun adlı bir qitə var.
- Sizin bitirdiyiniz orta məktəb sonralar Səməd Vurğunun adını daşıyıb?
- Məktəb direktoru Səfərəli müəllim Aldərə kənd orta məktəbinə Səməd Vurğunun adının verilməsini təklif etmişdi. O vaxta qədər Ermənistanda belə oxşar bir hadisə, yəni kənd məktəbinə kiminsə adının verilməsi heç olmamışdı.
- Ermənilər bunu necə qarşıladı?
- İrəvanda ilk baxışda anlayışla qarşılamadılar. Bu işi gerçəkləşdirmək üçün o vaxt təhsil naziri ilə də, Mərkəzi Komitənin ideologiya katibi ilə də, Nazirlər Soveti sədrinin müavini ilə də görüşüb danışdım. Bu məsələ ilə bağlı xeyli iş görüldü. Proses bir neçə il çəkdi. O vaxta qədər yeni məktəb binası da tikildi. Ermənistan ərazisində ad verilən ilk kənd məktəbi Aldərə orta məktəbi oldu. Məktəbə Səməd Vurğunun adı verildi. Sonralar Səfərəli müəllimlə söhbətimiz əsnasında qərara gəldik ki, məktəbin qarşısında Səməd Vurğunun büstü qoyulsun. Və 1976-cı ildə büstün açılışı oldu. Büstün açılışına Bakıdan Yusif Səmədoğlu, Aybəniz xanım, İsa İsmayılzadə, Çingiz Əlioğlu, Seyran Səxavət, bir sözlə, xeyli ədəbiyyat adamı gəlmişdi; bir qatar vaqonunun yarısı. Aldərəyə getdik. Büstün açılışı çox yüksək səviyyədə keçirildi. İrəvandan Ermənistan Dövlət Televiziyasının əməkdaşları, yazıçılar da gəlmişdi. Qonaqlar Mığrıya çatanda xəbər gəldi ki, sabah Qazaxda Səməd Vurğunun 70 illiyi qeyd ediləcək. Və belə təklif oldu ki, Aybəniz xanım Qazaxa getsin. Hətta Aybəniz xanımın sözünü xatırlayıram. Dedi ki, əgər Səməd Vurğunun övladlarından biri orda olmasa, qazaxlılar üsyan edərlər. Ona görə də o, Mığrıdan İrəvana, ordan da atasının Qazaxda keçirilən yubileyinə getdi. İrəvana getməyinin də xüsusi səbəbi vardı. Mən dedim, "İrəvanda teatrımıza, ya başqa dostlara zəng çalım, sizi yüksək səviyyədə qarşılayıb Qazaxa yola salsınlar. Aybəniz xanım dedi ki, əgər mən İrəvandayamsa Avetik İsaakyanın ailəsi bunu bilməlidir". Ordan zəng vurdu İsaakyanın nəvəsinə. Onlar Aybəniz xanımı qarşılayıb avtobusla Qazaxa yola saldılar. Büstün açılışında Yusif Səmədoğlu və digər qonaqlar çıxış etdilər. Səməd Vurğun adına məktəbin sinif otaqlarını gəzdilər. Sonra böyük ziyafət oldu. Bu da unudulmazdır ki, ertəsi gün getdik Maralzəmiyə. Kəndin adamları eşitmişdi ki, Səməd Vurğunun oğlu gəlir... Xatırlayıram, həmin gün camaat işə gec getmişdi ki, Yusif Səmədoğlunu görsünlər.
Maralzəmidə bizim ikimərtəbəli evimiz vardı. Kəndin ən gözəl yerindəydi. Mən İrəvanda işləyəndə də, Bakıda da Yusif Səmədoğluna baş çəkirdim. Hər məni görəndə ayağa durardı. Amma belə, bir az çətin, narahat qalxardı. Fikirləşirdim ki, yəqin yaşda məndən çox böyükdür, Səməd Vurğunun oğludur, ona görə belə edir. Amma bizim evdə duz-çörək kəsəndə Yusif dedi ki, mənim belimdə radikulit var, buna görə də heç kəsin ayağına durmuram. Hidayət isə yeganə adamdır ki, o gələndə mütləq yerimdən qalxıram. Yusif Səmədoğlu bunu deyəndə, əvvəlki yanlış fikrimə görə özümü qınamışdım. Amma təəssüf edirəm ki, bunu Yusifə deyə bilmədim...
1984-cü ildə isə artıq Bakıdaydım. "Gənclik" nəşriyyatının baş redaktoru vəzifəsində çalışırdım. "Lirika" seriyasından kitablar nəşr edirdik. O seriyanı da Səməd Vurğunun kitabı ilə başladım. 1986-cı ildə Bakıda möhtəşəm yubileyi keçirildi. Ermənistandan gələn nümayəndələri qarşılamaq, onlarla işləmək mənə tapşırılmışdı.
- Səməd Vurğun sizin üçün, əziz və böyükdür.
- Bəli. Özü də bu, yalnız "Azərbaycan", "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən", "Unudulmuş tək məzar", "Yandırılan kitablar" və başqa şeirlərinə, yaradıcılığına görə deyil. Ümumən, onun yaradıcılığı XX əsrin aynasıdır. O aynadan Azərbaycan görünür. Səməd Vurğun inandırmağı bacaran böyük şair idi. Böyüklüyü həm də onda idi ki, hamı onun yazdıqlarına inanırdı. İnandırıcılıq dediyimiz əsas məqam şairin böyüklüyüdür.
- Bəzən Səməd Vurğunu təftiş edirlər. Buna necə baxırsınız?
- Olmaz belə. Biz yalnız Səməd Vurğunun böyüklüyündən danışmalıyıq. Bilirsinizmi, biz o illərin poeziyasını daha dərindən öyrənməliyik. Və təkcə Səməd Vurğunu deyil, ümumiyyətlə klassiklərimizi - Füzulini, Vaqifi, Sabiri... daha dərindən öyrənməliyik.
Mən indi "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan" və "Ulduz" jurnallarında, "Yeni Azərbaycan" qəzetinin şənbə saylarında da poetik nümunələri oxuyuram. Yaxşı fikirlər, şeirlər olur. Amma poeziya ifadə qəribəliyi deyil. Poeziya poetik fikir deməkdir. Poetik fikir nədir? Gənclər bunu həm də Səməd Vurğundan öyrənməlidir. Yaxud, bu gün "İnsan" pyesinin dövrüdür. O əsərdə qoyulan sual bu gün də aktualdır: "Qalib gələcəkmi cahanda kamal?" Kamal cahanda hələ ki qalib gəlməyib, təəssüf ki, qələbəsi hələ görünmür. Bəs "Fərhad və Şirin" dramı? Bilirsiniz, mən 1963-cü ildə orta məktəbi qızıl medalla bitirib Bakıya - Universitetə gələndə "Fərhad və Şirin"i, "Vaqif"i, "İnsan"ı, hətta "Xanlar"ın çox səhifələrini əzbər bilirdim.
- Bir müddət əvvəl qəzetimizdə "Ulu öndər "mehriban düşmənlər"i barışdırdı" başlıqlı bir müsahibənizi dərc etmişdik. Müsahibədə Rəsul Həmzətovun Səməd Vurğunun yubiley mərasimində iştirakından danışmışdınız...
- 1988-ci ildə erməni irticası baş qaldıranda məsələ SSRİ Ali Sovetində müzakirə olunurdu. Orda Rəsul Həmzətov ağıla batmayan bir çıxış etdi. Onu Silva Kaputikyan kimi keçmiş tələbə dostları belə hazırlamışdılar. Həmzətovun sözündən belə çıxdı ki, elə Qarabağı ermənilərə vermək lazımdı. Azərbaycanda Rəsul Həmzətovun bu çıxışına kəskin etirazlar oldu. Ona layiq olan münasibət bildirildi. Rəsul Həmzətov "Literaturnaya qazeta"da Nəbi Xəzriyə açıq məktub yazdı. Nəbi Xəzri də ona cavab yazdı. Amma "Litqazeta" Nəbi Xəzrinin məktubunu dərc etmədi. Nəbi müəllimin cavab məktubu Bakı qəzetlərində çap olundu. Beləliklə, hamı Rəsul Həmzətovun mövqeyinə, çıxışına ən müxtəlif şəkillərdə etiraz edirdi. Haqlı olaraq, Rəsul Həmzətov azərbaycanlılar üçün arzuolunmaz bir adama çevrildi.
1996-cı ildə Azərbaycanda Səməd Vurğunun yubileyinə hazırlıq gedirdi. Mən yubileyin hazırlanmasında iştirak etmirdim. Bunu başqa qurumlar hazırlayırdı. Həmin günlərdə Ulu öndərin növbəti qəbullarından birində mən öz sahəm üzrə məruzəmi etdim, onun tövsiyələrini dinlədim. Ayrılanda Ulu öndər mənə dedi: "Siz Rəsul Həmzətovu Səməd Vurğunun yubileyinə gətirin". "Dəvət edin", "iştirakını təşkil edin" demədi. Sadəcə, "Siz Rəsul Həmzətovu Səməd Vurğunun yubileyinə gətirin" dedi. Bu sözün altında nə var, nə yatır, dərhal anladım.
- Səbəb nə idi?
- Yəqin xatırlayırsınız, o illərdə kənardan müxtəlif qruplar Azərbaycanı parçalamaq niyyətindəydi, İrəvanın, o vaxtkı Moskvanın proqramı və dəstəyi ilə ətrafda qəribə təşkilatlar yaranmışdı. Dağıstanda da bir qrup separatçı qüvvə vardı. Onların da yersiz iddiası, tələbləri ölkəni təhdid edirdi. Rəsul Həmzətovun Səməd Vurğunun yubileyinə gəlişi çox şeyləri kökündən dəyişə, çox məsələləri aydınlaşdıra bilərdi. Mən, demək olar ki, hər ay Dağıstanda, Çeçenistanda, Şimali Qafqazın müxtəlif bölgələrində olurdum. Prezident ona görə bu işi mənə tapşırdı. Mən bunu etməliydim. Amma necə? Düşüncələr içindəydim. Onu necə gətirə bilərdik? Fikir məni dərindən məşğul edirdi. Bilirdim ki, Azərbaycan xalqı bu adamdan imtina edib. Açığını deyim, hamı kimi, mən də Rəsul Həmzətovu bir şair kimi çox sevirdim. Hətta onun "Mən yüz qıza vurulmuşam" şeirinə nəzirə də yazmışdım. Amma həyatda onunla heç görüşməmişdim... Anarı dəvət etdim ki, onunla danışsın. Mənə yol açılsın. Anar gəldi. Məsələni Anara söylədim. "Siz ona zəng edin. Onunla danışın". Anar mənim yanımdan ona zəng vurdu. Hal-əhval tutdular. Sonra zənginin məqsədini açdı. Dərhal soruşdu ki, teleqramı hara göndərim? Yazıçılar İttifaqına? Anladım ki, Bakıya gəlmək barədə düşünmək istəmir. Anar dedi ki, "Rəsul Həmzətoviç, sizi Heydər Əliyev dəvət edir. Çoxdandır Azərbaycana gəlmirsiniz. Yubileyə gəlib özünüz iştirak edin. Dövlət müşaviri Hidayət Orucov da sizinlə əlaqə saxlayacaq". Ertəsi gün zəng vurub onunla danışdım. "Xəstəyəm, həkimlərin nəzarətindəyəm, baxaram", - dedi. O zaman Dağıstanın Dövlət Şurasının sədri (Prezident statusunda) Məhəmmədəli Məhəmmədov idi. O məni şəxsən tanıyırdı. Neçə dəfə Dağıstanda olmuşdum. O Bakıya gələndə onu müşayiət etmişdim. Çox yaxşı münasibətimiz var idi. Çox saf adam idi. Sonra baş nazirlə danışdım. O da mənimlə yaxşı münasibətdə idi. Hamımız çalışırdıq ki, Rəsul Həmzətov Səməd Vurğunun yubileyinə gəlsin. Nəhayət, Rəsul Həmzətov gəlməyi vəd etdi. Vədələşdiyimiz gün evlərinə zəng vurdum. Qulluqçusu götürdü telefonu. Dedi ki, onlar gedib. Soruşdum, "hara?" "Deyəsən, Bakıya getdilər" - deyə cavab verdi. Dərbənd rayonunun başçısı Qurban Qurbanovla danışdım və dedim ki, Rəsul Həmzətov Bakıya gəlir, onu qarşılayıb Samura qədər yola salsın. Və Samurdan mənə zəng vurub xəbər versin. Qusarın və Xaçmazın icra başçılarını bu barədə xəbərdar etmişdim. Qonaqlar - Rəsul Həmzətov və həyat yoldaşı Patimat xanım yüksək səviyyədə qarşılandı. Samurdan Yol polisi maşınlarının müşayiəti ilə Bakıya gəldi.
Rəsul Həmzətovun həyatında xüsusi yeri olan iki azərbaycanlı var idi - Səməd Vurğun və Əziz Əliyev. Əvvəlcə Fəxri Xiyabanda onları ziyarət etdi. Sonra Səməd Vurğunun ev muzeyində olduq. Muzeyin ətrafına çoxlu jurnalist toplaşmışdı. Ev muzeyinin qarşısında jurnalistlər onu əhatəyə aldılar. Qarabağ məsələsində tutduğu səhv mövqeyi ilə bağlı sərt suallar verdilər. Rəsul Həmzətov jurnalistlərə etiraf elədi ki, mən o zaman bəzi məsələlərdən xəbərsiz olmuşam. Onu da dedi ki, o vaxtlar mənim ətrafımı yalanlar bürümüşdü. Jurnalistlər bu cavabı mətbuatda yazdılar.
Həmin axşam Səməd Vurğunun 90 illiyində çıxış etdi. Mən onun çıxışını çox narahatlıqla dinləyirdim. Fikirləşirdim ki, görəsən, məlum hadisələri yada salacaqmı? Rəsul Həmzətov bu barədə çox mənalı bir söz dedi. Səməd Vurğun haqqında bu fikirləri səsləndirdi: "Bəziləri torpaqları qəsb etməyi sevirlər. Amma torpaqları yox, ürəkləri fəth etmək gərəkdir. Səməd Vurğun ürəkləri fəth etdi, o bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Rəsul Həmzətovun Səməd Vurğunun yubiley tədbirində iştirakı və çıxışı o dövrdə çox məsələləri nizama saldı. Görürsünüz, o böyük şairin, yəni Səməd Vurğunun adı xalq üçün bütün məqamlarda gərəklidir... Bu mənada deyirəm, biz yalnız Səməd Vurğunun böyüklüyündən danışmalıyıq.
Söhbətləşdi: Azər TURAN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
