"Əli Tudə Vətəndə mühacir ömrü yaşadı" - tanınmış şair Əli Tudənin oğlu Natiq Cavadzadə ilə müsahibə

 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim.

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Bu misralar görkəmli şairimiz Əli Tudənin poetik manifestidir, desəm, yanılmaram. O taylı-bu taylı Azərbaycanın mübariz şairi Əli Tudə nisgilli, həsrətli bir ömür yaşadı. Həyatın amansız gərdişi onun taleyində silinməz iz qoymuşdur. Şair 1924-cü ildə Bakıda dünyaya göz açmış, 1938-ci ildə Cənubi Azərbaycana sürgün edilmiş, 1946-cı ildə isə yenidən Bakıya pənah gətirmişdir. O zamandan başlayaraq, Əli Tudə bir insan və yaradıcı şəxs kimi, belə demək mümkünsə, özü-özünü yaratmış, özü öz taleyini yazmış, Azərbaycanın sevilən şairlərindən birinə çevrilmişdir.

Əli Tudənin ömür və yaradıcılıq yoluna nəzər salmaq üçün şairin övladı Natiq Cavadzadə ilə görüşüb söhbətləşdik. Həmin söhbəti "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

 

 

 

- Natiq müəllim, siz Əli Tudənin ailəsində böyüyüb boya-başa çatmısınız. Onu hamıdan yaxşı siz tanıyırdınız. Gəlin, şairin ömür tarixçəsinin lap əvvəlindən başlayaq. Bilirik ki, Əli Tudə Bakıda dünyaya gəlib. Bəs necə oldu ki, sonradan onu Cənubi Azərbaycana sürgün etdilər?

- Bu barədə atam özünün xatirələrində yazıb. Beş cilddən ibarət olan bu memuarı mən öz vəsaitim hesabına çap etmişəm. O cildlərdə atamın bütün həyatı öz əksini tapıb. Onun ən böyük nailiyyəti odur ki, xatirələrini qələmə alıb. Bəzən anam onu qınayırdı ki, niyə özünü yorursan, axı bu xatirələr kimə lazımdır, bunları kim çap etdirəcək? Atamsa deyirdi ki, yox, bunlar mütləq yazılmalıdır. Nə vaxtsa çap olunacaq. Mən bir övlad kimi qarşıma məqsəd qoydum ki, bunları mütləq çap etdirim. Mən olmasaydım, bu xatirələr itib-batacaqdı. Atam bu memuarın adını "Öz gözlərimlə" qoymaq fikrində idi. Fikirləşdim ki, axı atam Cənubda 1945-46-cı il hadisələrinin kənar müşahidəçisi olmayıb, fəal iştirakçılarından biri olub. Təbrizdə filarmoniyanı yaradıb və ona rəhbərlik edib. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edib. Bu, xırda məsələ deyil. Təbriz filarmoniyasının yaradılması Pişəvərinin ən böyük arzularından biri idi. O, yaxşı başa düşürdü ki, istiqlaliyyət uğrunda mübarizə aparan xalqın ən mükəmməl, ən qüdrətli silahı onun doğma dili, mədəniyyəti və incəsənətidir. 1946-cı il sentyabrın 3-də Filarmoniyanın açılışında Seyid Cəfər Pişəvəri parlaq çıxış edib. Orda xalq azadlığa çıxandan bəri öz dilində danışan radiostansiya yaratmış, darülfünun açmış, teatr təsis etmişdi. Pişəvəri bu barədə məlumat verərək, gələcəkdə görüləcək işlərdən danışıb. Atam bütün bunları təfsilatı ilə xatirələrində qələmə alıb. Söz sözü çəkdi, bir qədər irəli getdim. Onun tərcümeyi-halı o qədər keşməkeşlidir ki, bilmirsən hardan başlayıb, harda qurtarasan. Atamın öz misraları yadıma düşür:

 

Dost! Tərcümeyi-hal soruşma məndən,

Sanma sevinclərim, əzablarımdır.

Tərcümeyi-halım, nə danım səndən,

İrili-xırdalı kitablarımdır...

 

O ki, qaldı atamın Bakıdan Cənubi Azərbaycana sürgün edilməsinə, bunun uzun tarixçəsi var. Bizim əslimiz Ərdəbilin Çanaxbulaq kəndindəndir. Çanaxbulaq kəndi Savalan dağının ətəyində yerləşir. Əli Tudənin atası və anası o vaxt Bakıya üz tutublar, burda məskunlaşıblar. Əli Tudə 1924-cü ildə Bakıda anadan olub. 1 yaşında olarkən atası, 5 yaşında olarkən isə anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb. Nənəsinin adına fikir verin, Qərib. Çox qəribədir, sanki qəriblik bütün mənalarda atamın taleyinə yazılıbmış. Bir zamanlar özü belə yazmışdı:

 

Dəhşətdir, sevincin sevincə həsrət,

Qapını döyməyə vaxtı olmaya.

Sən baxta sığınıb qalasan, ancaq

Baxtın özünün də baxtı olmaya.

 

150 saylı orta məktəbdə oxuyub, özü də ictimai xadim Şıxəli Qurbanovla bir sinifdə. Danışırdı ki, Şıxəli şeirlər yazırdı, mən onun şeirlərini redaktə edirdim. Atam bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Xalq şairi Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. O dərnəyə sonralar İsmayıl Soltan rəhbərlik edib. Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə, Teymur Elçin, Hüseyn Abbaszadə də həmin dərnəyə gəlib-gedirmiş. Atamın xatirələrində bu barədə geniş yazılıb. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. Belə demək mümkünsə, atam 13 yaşında ədəbiyyata gəlib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. Çox-çox illər sonra atam Təbrizdən Bakıya qayıdanda Xalq yazıçısı Hüseyn Abbaszadə həmin almanaxı üstünü yazaraq atama bağışlayıb.

- Əli Tudə ilk şeirlərini niyə Heydər Rzazadə imzasıyla dərc etdirmişdi?

- Mənim babam o zaman İrandan Bakıya Əbdül Rzazadə adıyla gəlib. Əbdül Rzazadə İrandan Bakıya tez-tez gəlib-gedirmiş. Babam da öz həmkəndlisinin pasportundan istifadə edib. Çünki o vaxtlar hər adamın pasportu yox idi. Sonra Bakıda övladı olanda doğum şəhadətnaməsi verilərkən soruşublar ki, uşağın adını nə qoyursunuz? Kişi öz rəhmətə getmiş cavan qardaşı Mirzə Hüseynin adını övladına vermək istəyirmiş, lakin qardaşının həyatdan nakam getməsindən qəhərlənən kişi tutulur. Ondan bir də soruşanda ki, bəs uşağın adını nə yazaq? İlk ağlına gələn Heydər adı olub. Deyib ki, Heydər. Sənəddə atamın adı Heydər Rzazadə kimi gedib. Amma evdə onu Əli deyə çağırıblar. Sonralar İrana sürgün olunur, orda ulu babamız Cavadın adını soyad kimi götürür, Cavadzadə Əli Qulu oğlu olur. Daha sonra isə 1944-cü ildə Ərdəbildə İran Xalq Partiyasının sıralarına daxil olanda ona Tudə təxəllüsünü veriblər. Tudə sözünün mənası xalq deməkdir. Atam gənc yaşlarından xalqın, Vətənin taleyindən yazdığı üçün bu təxəllüsü ona veriblər. Beləcə, olub Əlu Tudə.

Qayıdıram sözümün əvvəlinə. 1938-ci il repressiyaları zamanı 7-ci sinifdə oxuyarkən nənəsi ilə birlikdə İrana sürgün edilib; Cənubi Azərbaycan mənşəli olduğuna görə. Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləriylə, fəhləliklə məşğul olub. Miyanə-Zəncan Dəmir yolunun çəkilişində, sonra isə Astara-Ənzəli şossesinin çəkilməsində iştirak edib. Kənddən o işə on üç nəfər gedibmişlər, cəmi iki nəfər sağ qalıb, o sağ qalanlardan biri də atam olub. Görün, nə qədər ağır bir iş olub ki, on bir nəfər həyatını itirib. Həyatının o ağır illəri haqqında belə yazıb:

 

Hələ ayaq açmamış yetim qaldım dünyada,

Gəncliyimdə dövrəmə nəzər saldım dünyada,

Təəssüf ki, nə arxa, nə də ki kömək tapdım,

Yaxşı ki, zəhmətimlə bir parça çörək tapdım.

 

Elə o dövrlərdə də Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. O vaxt hələ on səkkiz yaşı vardı. Şeirləriylə xalqı mübarizəyə səsləyirdi. Milli hökumətin qurulmasında onun poeziyası çox böyük rol oynayıb. Bu şeirlər insanlarda milli ruhun oyanmasına xidmət edirdi. Bu, az iş deyildi. Təkcə qələmlə deyil, silahla da döyüşürdü. Özünün dediyinə görə, iki tapançası var imiş. Danışırdı ki, mən yük maşınlarının üstünə çıxıb şeir oxuyurdum, xalqı mübarizəyə səsləyirdim, görürdüm ki, damların üstündən tüfənglərin lüləsi mənə tuşlanıb, hər an öldürə bilərdilər. Atam dəfələrlə belə təhlükələrlə üz-üzə qalıb. Söhrab Tahir yazır ki, Əli Tudə bu taya keçəndə geyimindən barıt qoxusu gəlirdi. O, sözün əsl mənasında, fədai idi, səngər şairi idi. İnqilab onun taleyinə yazılmışdı.

Milli hökumət yaranandan sonra atam Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri işləyir. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Atam hələ iyirmi yaşında öz məramını bəyan etmişdi:

 

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım Vətəndir, silahım qələm.

 

Ümumiyyətlə, Əli Tudə taleyini öz poeziyasına köçürüb. Onu tanımaq istəyən şeirlərini oxusun, onun həyatı poeziyasında öz əksini tapıb. Necə ki, özü deyir:

 

Cürətəm, hünərəm, andam, dözüməm,

Kim görmək istəsə yaxından məni,

Şeirimi oxusun! Şeirim özüməm!

 

Bir sözlə, yaradıcılığı onun haqqında hər şeyi danışır. Amma çox təəssüf ki, Əli Tudəni bir şair kimi yaxşı tanımırlar. Onun yaradıcılığına bələd deyillər. Bunlar məni narahat edir. Atamın yaradıcılığı aşkar xəzinə deyil, gizli dəfinədir. O, kəşf olunmalıdır. Hələ onun yaradıcılığı dərindən araşdırılmayıb, öyrənilməyib.

- Bayaq filarmoniyadan danışdınız. Deyilənə görə, bizim sevilən sənətkarımız Rübabə Muradova ilk dəfə məhz həmin filarmoniyada səhnəyə çıxıb.

- Atam danışırdı ki, mən filarmoniyanın müdiri idim. Bir gün mənə dedilər ki, Ərdəbildə bir çatmaqaş qız var - Rübabə İşraqi. Molla Xəlilin qızıdır. Bir gözəl səsi var ki, hamı onun səsinə heyran olur. Dedim, mütləq o qızı dəvət edin, bizim filarmoniyada çıxışlar eləsin. Belə olur ki, Milli Hökumət süqut edir, atam Rübabə ilə görüşə bilmir. Onlar çox sonralar Bakıda tanış olurlar. Atamın Rübabə Muradovaya həsr etdiyi "Doğma səs" poeması, "Rübabəsiz günlər" adlı yazısı da var.

- Deyilənə görə, Milli Hökumət süqut edəndən sonra şah Əli Tudənin tutulduğu anda məhkəməsiz qətlə yetirilməsi barədə fərman veribmiş.

- Tamamilə doğrudur. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli Hökuməti Pəhləvi hakimiyyəti beşikdəcə boğdu. Əli Tudənin şeirlər kitabı mətbəədəcə yandırıldı. Atam Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. Onun ən böyük dərdi ikiyə bölünmüş vətənin dərdi idi. Bu ağrı, bu nisgil onun yaradıcılığından ana xətt kimi keçir. Əli Tudə bütün həyatı boyu Azərbaycanın birliyi uğrunda qələmiylə döyüşdü. Vətənin iki yerə parçalanmasını öz şəxsi taleyində yaşamışdı. O, çəkdiyi iztirabları heç vaxt büruzə verməzdi, dərdini içində çəkirdi. Bir də bu ağrını şeirlərində, poemalarında ifadə edirdi. Onu yaşadan qələmi idi, ürəyini vərəqlərə boşaldırdı, yüngülləşirdi.

- Məşhur "Mən nə gətirdim" şeirini 1946-cı il dekabrın 12-də sərhəddə yazmışdı. Özünün dediyinə görə, əslində, nə qələmi, nə də dəftəri varmış. Şeiri yaddaşında qoruyub saxlayıb, sonra kağıza köçürüb.

- Elədir. Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan, o taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şeir tez bir zamanda dillər əzbərinə çevrildi.

- Əli Tudə Milli hökumətin süqutundan sonra Bakıya gəlib. Burada onun heç kəsi yox idi. Bəs özünə necə gün-güzəran qurub?

- Bilirsiniz ki, atamın bacı-qardaşı olmayıb. Valideynlərini də hələ uşaq ikən itirmişdi. Tale onunla çox amansızcasına davranıb. Üstəlik, əlli il siyasi mühacir ömrü yaşayıb.

 

Bütün dünya görür ki,

Yarım əsrə yaxındır

Mən xalqımın içində

Siyasi mühacirəm.

Bəli! Sakin deyiləm,

Hələ də müsafirəm.

 

Atamın belə məşəqqətli və iztirablı həyatı qələm dostlarını da məyus edirdi. Onlar da atamın bu vəziyyətinə ürəkdən yanırdılar. Süleyman Rüstəm, Mirvarid Dilbazi, Qılman İlkin, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Qabil, Əliağa Kürçaylı, Hökümə Billuri atama şeirlər və yazılar həsr etmişdilər.

- Bildiyim qədərilə, Əli Tudə ömrünün sonuna qədər sovet pasportunu qəbul etmədi.

- Bəli. Bu onun əqidəsinə zidd idi. Elə buna görə də Əli Tudə o taylı-bu taylı Azərbaycanın böyük şairi olmağına baxmayaraq titullardan, fəxri adlardan kənarda qaldı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra atam buranın da vətəndaşlığını almadı. Dedi ki, bu mənim məsləyimə zidd olar. Mən bütöv Azərbaycanın şairiyəm. Elə buna görə də sərhədlər açılandan sonra o taydan atama dəvət gəlsə də, o, Ərdəbilə, Təbrizə gedə bilmədi. O, "Salam, Təbriz" şeirini yazmağı arzulayırdı. Bu ona qismət olmadı. Atam xalq tərəfindən sevilən bir şair idi. Mən hara gedirəmsə, atamın şeirlərini mənə əzbər deyirlər. Bax, əsl xalq məhəbbəti budur. Bu mənada, atam xoşbəxt insan idi. Atam yazırdı ki:

 

O, qaldırsın deyə bükük belini

Başından keçmədi yetən yolunda.

Kimi ayağını, kimi əlini,

Mən başımı qoydum Vətən yolunda!

 

Hansını deyim? Atamın bütün şeirləri bu ruhdadır. Bir şeirində də belə deyir:

 

Kiminin mənasız baxan gözündə

Torpaqdır Vətənim, daşdır Vətənim.

Özgəni bilmirəm, dünya üzündə

Mənimçin gözümdə yaşdır Vətənim.

 

1946-cı ildə atam Bakıya gəlir, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi kimi fəaliyyətə başlayır. Sonra təhsil alması üçün imkan yaranır, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Sonra ona İçərişəhərdə birotaqlı ev verirlər. Atam yaraşıqlı, boy-buxunlu kişi olub. Şair Atif Zeynallının həyat yoldaşı "Gənclik" nəşriyyatında çalışırdı. Bir dəfə mənim yanımda ona dedi ki, Əli müəllim, o vaxt siz universitetin dəhlizlərindən keçəndə bütün qızlar çevrilib sizə baxırdı. Sonralar bunu mən bir neçə nəfərdən də eşitdim.

Əli Tudə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Azərbaycan" qəzetində (Azərbaycan Demokratik Firqəsinin orqanı) ədəbi şöbə müdiri kimi çalışır. Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Zəngin ədəbi irs qoyub gedib. Onun belə məhsuldar işləməsində mənim anamın böyük xidmətləri olub. Anam onu bütün qayğılardan qoruyurdu. Onun yazılarının ilk oxucusu və gözəl məsləhətçisi idi.

- Əli Tudə o tayda qalmış qohumları ilə əlaqə yarada bilmişdimi?

- Uzun müddət qohumlarla əlaqəsi olmayıb. Amma xatırlayıram, mən uşaq idim, bir gün xalasından bir məktub aldı. O məktubu oxuyanda gözlərinin dolduğunu xatırlayıram. O, çox möhkəm adam idi.

 

Dağ dözə bilməyən dərdə dözmüşəm,

Həm də doğulduğum yerdə dözmüşəm.

Bəli, arxalanıb mərdə, dözmüşəm,

Gör necə insanam, leysan, a leysan.

 

Bir gün də İrandan atamın əmisi oğlu Hacı Cavadın zəngi gəldi. Atam onunla danışdı. Cavad atama dedi ki, ürəyin nə istəyir, sənə burdan yollayım. Atam çox gözütox adam idi. Dedi ki, heç nə lazım deyil. Hacı Cavad israr edərək dedi ki, mənim imkanım hər şeyə çatır, utanma de. Nə istəyirsən, göndərim. Atam dedi ki, mənim ürəyim istəyəni göndərə bilməzsən. Əmisi oğlu dedi: - O nədir elə? Atam: - O Vətəndir...

- Bu binaya Yazıçıların binası deyirlər; keçmiş Vaqif küçəsi. İndi Həsən Seyidbəyli küçəsi adlanır. Əli müəllim kimlərlə qonşuluq edirdi, kimlər onun evinin qonağı olurdu?

- Qılman İlkin, Əbülhəsən, İslam Səfərli, Əlfi Qasımov, Nəriman Həsənzadə, Cabir Novruz, Süleyman Vəliyev, Yusif Əzimzadə, Vidadi Babanlı, Seyfəddin Dağlı, Əfqan, Yusif Səmədoğlu, Anar, Elçin və başqaları bu binada yaşayırdılar. Bizim evimiz həmişə qonaq-qaralı olub. Atam siyasi mühacir olduğundan onu heç yerə buraxmırdılar. Hətta Azərbaycanın sərhəd rayonlarına belə getmək üçün icazə almalı idi. Avropadan və başqa ölkələrdə yaşayan, Cənubi Azərbaycandan olan tanınmış ziyalılar, ictimai xadimlər, yazıçı və şairlər Bakıya gələndə mütləq onunla görüşürdülər. Səhənd, Sönməz, Cavad Heyət, Şəhriyarın oğlu Hadi bizim evdə olublar. Onların atamla söhbətlərini xatırlayıram. Hər birinin atama o taylı-bu taylı Azərbaycanın sevilən şairi kimi böyük sayğısı, hörməti vardı. Atam çox məğrur adam idi.

 

Mən lovğa yox, məğrurdum,

Qapılar döyməyirdim.

Heç özüm-özümə də

Başımı əyməyirdim.

 

Əyilməz idi.

 

Sanki bir zirvəymişəm,

Bir insan deyilmişəm.

Mən yalnız torpağımı

Öpəndə əyilmişəm.

 

Düz danışan idi, mərd adam idi, sözü üzə deyərdi, heç kimdən çəkinməzdi.

 

Mən ağa ağ, qaraya

Qara dedim dünyada.

Bəs qazancım nə oldu,

Kötək yedim dünyada.

Dedim nə olsun Şərqi

Bəzəyir Azərbaycan.

Doğranmış bir bədənə

Bənzəyir Azərbaycan.

 

Sadə, xeyirxah idi. Bir çox cavanlara yaradıcılıqlarında köməklik göstərərdi. Onlar haqqında qəzet və jurnallarda yazılar yazardı, şeirlərini redaktə edərdi, irəli getməsinə dəstək olardı. Bəzən hətta özündən yaşca kiçik, cavan bir şairin qəzetdə şeirini oxuyub bəyəndikdə, ona zəng edib ürəkdən təbrik edərdi. İndi bir çox tanınmış, adlı-sanlı, titullu şairlər onu özünə ustad, müəllim sayırlar.

- Sovet dövründə şairlər, yazıçılar yay aylarını adətən, kurortlarda, yaradıcılıq evlərində, ya da bağ evlərində keçirərdilər. Əli müəllimin belə bir adəti vardımı?

- Xeyr, elə yay aylarında da bu evdə işləyirdi. Atama Mərdəkanda torpaq sahəsi vermişdilər. Amma heç ora getmədi. Axırda dedi ki, mən ora gedib-gəlmirəm, kimin ehtiyacı varsa, buranı ona verin. Siz indi belə bir adam təsəvvür edirsiniz? Öz torpaq sahəsindən kim imtina edər? Atam olduqca gözütox adam idi. Özünün şeiri var. Deyir:

 

Bəxtiyarlıq haqqında düşünsə də çox adam,

Dünyada bəxtiyardır könlü, gözü tox adam.

 

- Əli müəllimin yarımçıq, tamamlaya bilmədiyi əsəri qalıbmı?

- Yox. Amma bəzi poemalarında yarımçıq hissələr vardı, mən onun vəfatından sonra bütün əlyazmalarını oxudum və o hissələri birləşdirdim. Heç bir yarımçıq əsəri qalmadı. Bütün külliyyatını iyirmi cilddə çap etdirdim. Sizə bir məsələni də deyim: Seyid Cəfər Pişəvərinin ölümü ilə bağlı Azərbaycan mətbuatında ilk yazını atam yazıb. O vaxta qədər bu mövzuda heç kim yazmırdı, ehtiyat edirdilər. 80-ci illərin axırlarında sovet hökuməti dağılmağa doğru gedirdi, arxivlər yavaş-yavaş açılırdı. Atam onda Pişəvərinin ölümüylə bağlı geniş bir yazı yazdı. Nəriman Həsənzadə o vaxt "Ədəbiyyat və incəsənət" qəzetinin (indiki "Ədəbiyyat qəzeti"nin) baş redaktoru idi, o yazını çap elədi. Hələ də qorxu hissi insanların canından çıxmamışdı. Təsəvvür edin, bir adam atama zəng eləmədi. Ehtiyat edirdilər.

- Natiq müəllim, Əli Tudə necə ata idi?

- Atam demokratik adam idi, biz ailədə dörd uşaq olmuşuq: üç bacı, bir qardaş. Bizə həmişə məsləhətlər verərdi, çalışırdı ki, vətənə, xalqa layiqli övladlar olaq. Bizim işimizə çox qarışmazdı, bizə sərbəstlik, azadlıq vermişdi. Bizimlə söhbət edərkən iki cümlədənbir atalar sözündən istifadə edirdi, bununla da fikrini möhürləyirdi. O, çox qayğıkeş, mehriban ata idi. Mən həmişə fəxr etmişəm ki, Əli Tudənin oğluyam.

- Maraqlı söhbət üçün sizə təşəkkür edirəm.

- Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.

 

Söhbətləşdi: Kənan HACI

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!