Bu diskurs sübut edir ki, qeyri-səlis məntiq teatrda texniki üsul deyil, düşüncə modeli kimi çıxış edir. Milli-intellektual teatr məhz bu açıq, dəyişkən və çoxmənalı idrak məkanında formalaşa bilər.
Teatroloq: Nərminə Ağayeva, kulturoloq: Yeganə Əliyeva, avanqard rejissor: Elvin Mirzəyev
I müstəvi
N.A.: - XXI əsrin teatr rejissoru metodlar arasında dolaşan deyil, metodlardan sonrakı mərhələdə məna, enerji və yaddaş sistemləri quran şəxsdir?
- Öncə qeyd etməliyəm ki, bu diskursun "üç bucaq - bir hədəf" konseptində formalaşması mənim üçün yalnız peşəkar deyil, həm də mənəvi baxımdan dəyərli bir hadisədir. Üç sənət fədaisinin önündə zehni-zehnə dayanmaq, qarşılıqlı düşünmək və bu dialoqdan doğacaq intellektual sinerjini əvvəlcədən hiss etmək yaradıcılıq ruhumu yüksəldir. Hər üç sənətkara dərin təşəkkürümü bildirirəm. Xüsusilə, hörmətli teatroloq-alim Nərminə Ağayeva ilə əvvəlki dialoqumuzdan aldığım estetik və intellektual zövq bu inamı daha da möhkəmləndirir.
Bu nöqtədə əsas tezis budur ki, XXI əsr teatr rejissoru üçün metodlararası dolaşma yaradıcılıq prosesinin başlanğıc mərhələsidir. Lakin bu mərhələ ilə kifayətlənmək artıq mümkün deyil. Çağdaş teatr idrakı rejissordan metoddan sonrakı mərhələyə - məna, enerji və yaddaş sistemləri qurmaq səviyyəsinə keçidi tələb edir.
İntuisiya resurslarının fəal səfərbərliyi intellektual düşüncənin dərinləşməsinə xidmət edir. Bu isə teatr təcrübəsinin çoxşaxəli, elastik improvizə prinsipləri üzərində inkişafını təmin edir. Mütaliə və müşahidələr vasitəsilə genişlənən zehni potensial, təcrübi eksperimentlərin çoxprinsipli iş modelləri ilə birləşərək polifonik strukturlar yaradır. Klassik ənənə burada inkar edilmir, əksinə, onun genetik yaddaşı üzərində yeni məna və enerji sistemləri formalaşdırılır. Beləliklə, teatr rejissoru artıq təkcə tamaşa quran yox, idrak rejimi yaradan fiqura çevrilir.
Y.Ə.: - Müasir həyatın qeyri-sabit və qeyri-müəyyən dövründə "Qeyri-səlis teatrı" tamaşaçıya hansı əsas mesajı ünvanlayır?
- Bu sual kulturoloji baxımdan son dərəcə yerindədir. Müasir dövr insanı müharibələr, ekoloji böhranlar, texnogen risklər, rəqəmsal mühit və dəyərlər sisteminin fragmentasiyası fonunda qeyri-sabit idrak vəziyyətində yaşayır. Tarixi təcrübə göstərir ki, belə dövrlərdə sənət, xüsusilə teatr, yeni düşüncə yollarının kəşfində həlledici rol oynayır.
Burada bir məqamı dəqiqləşdirmək vacibdir:
Qeyri-səlis teatrı nə janrdır, nə üslubdur, nə də alternativ məktəb; o, teatrın düşünmə rejiminin dəyişməsidir.
"Qeyri-səlis teatrı" tamaşaçıya hazır ideoloji qənaətlər təqdim etmir. Onun əsas məqsədi şüuru aktivləşdirmək, idrak prosesini dərinləşdirməkdir. Qeyri-müəyyənlik burada xaos kimi yox, yaradıcı potensial daşıyan idrak sahəsi kimi təqdim olunur. Tamaşaçı passiv müşahidəçi mövqeyindən çıxarılaraq mənaların formalaşdığı prosesin iştirakçısına çevrilir. Teatr bu modeldə estetik obyekt olmaqdan çox, müasir insanın öz mövcudluğunu dərk etdiyi intellektual platforma rolunu oynayır.
E.M.: - Qeyri-səlis məntiqin bir sistem olaraq klassik-ənənəvi məktəbdən aktyorun rol üzərində işi baxımından əsas fərqləri hansılardır?
- "Qeyri-səlis teatrı" metodologiyası aktyor sənətində köklü bir idrak dəyişikliyidir. Bu sistem aktyoru psixoloji sabitlikdən azad edərək, onu insan varlığının dəyişkən və izaholunmaz təbiətinə yaxınlaşdırır.
Klassik məktəbdə aktyor obrazı anlamağa çalışır, qeyri-səlis sistemdə isə anlamanı təxirə salır və səhnədə qeyri-müəyyənliyi qoruyur. Obraz tamamlanmış psixoloji vahid deyil, davam edən daxili proses kimi qəbul edilir. Rol "kimdir?" sualına cavab vermir, "kim ola bilməz?" sualını açıq saxlayır.
"Qeyri-səlis teatrı"nda emosiyalar nümayiş obyekti deyil, formalaşmaqda olan vəziyyət kimi dəyərləndirilir. Aktyor emosiyanı oynamır, onun yarandığı qeyri-sabit zonada mövcud olur. Burada tərəddüd zəiflik deyil, səhnə həqiqətinin əsas enerji mənbəyidir. Qərarsızlıq psixoloji qüsur yox, insan davranışının real modelidir.
Bu sistemdə rejissor izah edən fiqur deyil, qeyri-müəyyənlik üçün şərait yaradan moderatordur. Aktyor-rejissor münasibəti iyerarxik idarəetmədən çıxaraq tandeial tədqiqat münasibətinə çevrilir. Səhnə hazır məna istehsal edən məkan yox, məna ehtimallarının açıq sahəsi olur. Tamaşaçı isə anlama mövqeyindən çıxarılaraq təcrübə iştirakçısına çevrilir.
N.A.: - XXI əsrdə "teatr sistemi" anlayışı klassik ənənənin məna çalarlarını qoruyur, yoxsa artıq hibrid və açıq metodologiyalarla əvəz olunub?
- "Teatr sistemi"nin klassik mənası itmir. Əksinə, XXI əsr teatrında bütün novator modellər klassik ənənənin genetik yaddaşına söykənir. Açıq və hibrid sistemlər klassikanı ləğv etmir, onu yeni modullar və düşüncə mexanizmləri ilə genişləndirir.
Y.Ə.: - Fraqmental diqqət və "klip təfəkkürü" dövründə "Qeyri-səlis teatrı" tamaşaçının diqqətini qoruya bilirmi?
- "Qeyri-səlis teatrı" fraqmental şüura uyğunlaşmır, əksinə, ritm, improvizə və çoxqatlı performans vasitəsilə fraqmentləri mənaya çevirir.
E.M.: - Şekspir dramaturgiyasında qeyri-səlis məntiqlə səsləşən məqamlar hansılardır?
- Şekspir dramaturgiyası klassik forma daxilində qurulmuş, lakin mahiyyət etibarilə qeyri-səlis məntiq üzərində işləyən poetik sistemdir. Onun obrazları sabit psixoloji modellər deyil; ziddiyyətli impulsların və dəyişkən daxili vəziyyətlərin daşıyıcılarıdır. Hamletin tərəddüdü, Brutun ikili mövqeyi, Maqbetin daxili parçalanması qeyri-səlis məntiqdə qərarsızlığın funksional dəyərinə uyğun gəlir.
Şekspirdə monoloq nəticəyə aparan aydınlaşma yox, düşüncənin dağılması və öz-özünü təkzibi aktıdır. Konfliktlər çox vaxt həll olunmur, sadəcə başqa formaya keçir. Tamaşaçıdan tələb olunan əsas keyfiyyət anlamaq deyil, qeyri-müəyyənliyə daxil olmaqdır.
N.A.: - Elçinin "Şekspir" pyesində qeyri-səlis məntiqin sinergetik adaptasiyası varmı?
- Elçinin "Şekspir" pyesi qeyri-səlis məntiqin teatr sənətində sinergetik adaptasiyasının parlaq nümunəsidir. Burada "Şekspir" konkret tarixi şəxsiyyətdən çox, mədəni simvol və dəyişkən estetik kateqoriya kimi çıxış edir. Müəllif mövqeyi sabit deyil, mətn öz-özünü şərh və inkar edən struktur qazanır.
Konflikt dramatik deyil, semantik xarakter daşıyır; həll edilmir, şərh imkanlarını artırır. İroniya üslubi vasitə yox, düşüncə mexanizmi rolunu oynayır. Tamaşaçı hazır oxunuş axtarmır, məna istehsalının iştirakçısına çevrilir. Forma klassik çərçivəni xatırladır, məzmun bu çərçivəni sarsıdır, düşüncə mexanizmi isə qeyri-səlis məntiq üzrə işləyir. Bu sinerji "1+1=3" effekti yaradır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
