Müsahibənin qısa tarixçəsinə nəzər salsaq, yaxşı olar. Bu yaxınlarda müsahibimin rəsmi youtube kanalında bir çıxışına baxdım. Çıxışında Əhməd Cavadla bağlı fikirləri diqqətimi çəkdi. Sonra həmin fikirləri öz feysbuk hesabımda paylaşdım. Müxtəlif fikirlər səsləndi, qınaqlar oldu, etirazlar edildi. Ancaq mən onu ilk dəfə "Bir pişik, bir adam, bir ölüm" romanı ilə tanımışdım. Daha sonra yazıçının digər romanlarını da oxudum. Bu imza Azərbaycan oxucusu üçün tanış olsa da, əslində haqqında bildiklərimiz elə də çox deyil...
Düşündüm ki, yazıçı ilə əlaqə saxlayım. Həyəcanla müsahibə götürmək istəyimə necə cavab verəcəyini gözləyirdim. Düzü, bir az tərəddüd içində idim. Ancaq aldığım cavab və münasibət məni çox sevindirdi. Budur, müsahibə hazırdı. Müsahibim məşhur türkiyəli yazıçı, ssenarist, siyasətçi, musiqiçi, rejissor Zülfü Livanelidir.
- Bu yaxınlarda yeni romanınız çap olundu: "Gözlə məni". Bu romanın yazılma səbəbi və sizi bu əsəri yazmağa vadar edən motivlər haqqında nə deyə bilərsiniz?
- "Gözlə məni" uzun illər ərzində toplanan insan talelərinin, şahidliklərin və duyğuların cəmi olaraq meydana gəldi. Mən fərdi həyatlarla ictimai faciələrin necə iç-içə keçdiyini göstərmək istədim. Zamanın insan üzərindəki təsiri, yaddaşın həm yaralayan, həm də qoruyan tərəfi, eləcə də sevginin sağaldıcı gücü romanın əsas xəttini təşkil edir. Coğrafiyamızın ortaq yaraları, köçlər, müharibələrin buraxdığı izlər və insanın öz keçmişi ilə hesablaşması bu kitabın yazılmasında əsas motivasiya oldu.
- Ədəbiyyat və sənət sahəsində bir çox mükafat almısınız. "Engereğin Gözü" romanı "Der Spiegel"in "Dünyanın ən yaxşı 100 kitabı" siyahısına daxil edilib. Sizcə, bir yazıçı üçün beynəlxalq uğurun sirri nədir?
- Mən heç vaxt beynəlxalq uğuru hədəf alaraq yazmamışam. Buna baxmayaraq, kitablarımın müxtəlif ölkələrdə qarşılıq tapmasının səbəbi, yəqin ki, insanın ümumi duyğularını səmimi şəkildə anlatmağa çalışmağımdır. Universallığın sirri yerli olanı ürəkdən yazmaqdır. Çünki insanın əsas duyğuları hər yerdə eynidir. Yazıçılığın əsas qaynağı isə çox oxumaq, düşünmək, müşahidə etmək və insanı anlamağa çalışmaqdır.
- UNESCO tərəfindən "zamanımızın ən önəmli intellektuallarından biri" kimi təqdim olunmaq sizdə hansı hissləri yaradır? Sizcə, müasir intellektuallıq nədir?
- UNESCO-nun belə bir dəyərləndirmə verməsi, əlbəttə ki, sevindiricidir. Amma mən intellektuallığı bir titul deyil, öyrənmə və sorğulama tərzi kimi qəbul edirəm. Bu günün intellektualı həqiqətin ardınca gedən, ədalətsizlik qarşısında susmayan, cəmiyyəti parçalamaq əvəzinə birləşdirməyə çalışan və özünü daim yeniləyən insandır. Mənim üçün intellektual olmaq dünyaya maraqla baxmaqdır.
- Ədəbiyyat, musiqi və kino sahəsində fəaliyyətiniz çox genişdir. Zamanınızı necə bölürsünüz?
- Mən bu sahələri bir-birindən ayrı görmürəm. Ədəbiyyat, musiqi və kino eyni qaynaqdan qidalanan ifadə formalarıdır. Bəzən bir fikir romana çevrilir, bəzən bir hiss mahnıya, bəzən isə bir film səhnəsinə. Burada əsas məsələ zaman bölgüsü deyil, daxili axını izləməkdir. Bu sahələr bir-birini bəslədiyi üçün yaradıcılıq bir yük yox, təbii bir tarazlığa çevrilir.
- "Sevdalım həyat" həm sizin, həm də bir çox insanın hekayəsinə bənzəyir. Sizin üçün xoşbəxtlik nə deməkdir?
- Mənim üçün xoşbəxtlik parlaq və gurultulu anlarda deyil, həyatın kiçik detallarında gizlidir: bir söhbət, bir uşağın gülüşü, bir melodiya, bir kitab səhifəsi... Xoşbəxtlik insanın həyatla barış içində olmasıdır. O, bir məqsəd deyil, bir şüur halıdır. İnsan gözəlliyi nə qədər görə bilirsə, o qədər də xoşbəxtdir. Həm də unutmamalıyıq ki, davamlı xoşbəxtlik yoxdur - yalnız xoşbəxt günlər və anlar vardır.
- Federiko Qarsiya Lorka haqqında söylədikləriniz çox maraq doğurdu. Sizcə, Lorkanı niyə oxumalıyıq?
- Lorka yalnız böyük şair deyil, həm də azadlığın, ədalətin və xalqın səsidir. Onun şeirində musiqi axır, xalq mədəniyyəti müasir dillə qovuşur, insan ruhunun həm qaranlığı, həm də işığı görünür. Azadlıq uğrunda həyatını fəda etmiş bir vicdandır. Lorkanı oxumaq insanlığın ürək döyüntüsünü dinləməkdir. Qranadada onun adına mənə mükafat verilməsi həyatımın ən böyük xoşbəxtliklərindən biridir.
- Ədəbiyyat insanı həyata nə qədər hazırlaya bilər?
- Ədəbiyyat insanı həyata ən yaxşı hazırlayan sahələrdən biridir. Çünki oxuyarkən başqalarının acılarına, qorxularına və ümidlərinə şahid oluruq. Bu da bizi daha anlayışlı edir. Dostoyevski insan ruhunun qaranlıq dəhlizlərini, Tolstoy vicdanın gücünü, Yaşar Kamal isə insanla təbiət arasındakı qədim bağı anladır. Ədəbiyyat insanın özünü tanımasının ən təsirli yoludur.
- Əhməd Cavadın "Çırpınırdı Qara dəniz" şeiri ilə bağlı dedikləriniz Azərbaycanda birmənalı qarşılanmadı. Oxuculara nə demək istərdiniz?
- Bu sualı verməyiniz çox yaxşı oldu. Əvvəla, Əhməd Cavadın şəxsiyyətinə və Azərbaycan ədəbiyyatına böyük hörmətim var. Mənim çıxışım ədəbiyyatla deyil, musiqi ilə bağlı idi. Bir YouTube çıxışı zamanı Qafqaz musiqilərindəki oxşarlıqlardan bəhs edərkən, səhv anlaşılmaya səbəb olan bir ifadə işlətdim və dərhal bunu düzəltdim. Əsərin bəstəkarı olan böyük Üzeyir Hacıbəyliyə də dərin hörmətim var. Tarixi məlumatlar kontekstdən çıxarılanda yanlış anlaşılmalar baş verə bilir. Əgər sözlərim kimisə incitmişsə, bunu düzəltməkdən məmnun olaram. Mənim üçün Türkiyə-Azərbaycan mədəni bağları hər şeydən üstündür.
- Sevdiyiniz dünya yazıçı və şairləri kimlərdir?
- Dostoyevski, Tolstoy, Folkner, Markes. Şairlərdən isə: Lorka, Nazim Hikmət, Ritsos, Rimbaud.
- Azərbaycan ədəbiyyatında oxuduğunuz və maraqlandığınız müəlliflər kimlərdir?
- Azərbaycan ədəbiyyatı türk dilinin ən böyük xəzinələrindən biridir.
Nəsimi və Füzulidən başlayaraq, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Elçin Hüseynbəyli kimi müəllifləri maraqla oxumuşam. Azərbaycan ədəbiyyatının güclü poeziya damarı və dərin lirizmi var.
- Gənc yazarlara nə tövsiyə edərdiniz?
- Çox oxuyun, dəbə uymayın, dünyaya maraqla baxın, insanları dinləyin, səbirli olun, ən əsası, səmimi olun.
- Bir neçə film tövsiyə edə bilərsinizmi? Dünya və Türkiyə kinosundan...
- Dünya kinosundan: Akira Kurosava - "Raşomon", Fellini - "La Strada", Bergman - "Yeddinci möhür", Ridli Skott - "Cənnət qapıları.
- Son olaraq Azərbaycan oxucusuna və sənət adamlarına nə demək istərdiniz?
- Müsahibəyə görə təşəkkür edirəm. Dəfələrlə qeyd etdiyim kimi, Osmanlı yüksək mədəniyyətinə də təsir göstərmiş Azərbaycan mədəniyyəti mənim üçün son dərəcə önəmlidir. Azərbaycan musiqisi və poeziya ənənəsinin sənətimdə böyük rol oynadığını hər zaman hiss etmişəm. Anadoluda ilk gənclik illərimdə Rəşid Behbudovun konsertlərinə gedərdim. Sonralar Zeynəb Xanlarova, Polad Bülbüloğlu kimi dəyərli dostlarım oldu. Azərbaycanlı musiqiçilərlə çalışdım. Hörmətli Anar ilə Dədə Qorqud simpoziumunda birgə iştirak etdik. UNESCO-nun xoşməramlı elçisi kimi hörmətli Mehriban Əliyevanın dəvəti ilə Bakıya etdiyim səfər, orada qazandığım təcrübələr, tanış olduğum insanlar və Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirakım unudulmaz xatirələrim arasındadır. Bu fürsətlə tanıdığım və dostluq etdiyim bütün azərbaycanlı sənət adamlarına və ədiblərə salamlarımı çatdırıram.
Söhbətləşdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
