"Mən belə düşünürəm..." - Müsahibimiz İftixar Piriyevdir

 

- İftixar müəllim, sizi səhnəyə gətirən əsas daxili ehtiyac nə idi?

- Həqiqət axtarışı.

- Aktyor və rejissor sənətlərində həqiqət, sizcə, nə deməkdir?

- İnandırıcı dəyişmə; hisslərin düzgün balanslaşdırılması; personajların müxtəlif xarakterli, müxtəlif koloritli cəhətlərində insanlığın əsaslarına söykənən konseptuallıq və sənətkar bütovlüyü.

- Öz xarakterinizdə səhnə üçün ən əsas keyfiyyəti nə hesab edirsiniz?

- Zəhmətkeş, intizamlı, insaflı, prinsipial və vicdanlı olmağı.

- Aktyor həyatının mənası nədir?

- Mənəvi saflıq.

- Peşəkarlığınız səhnə obrazlarının semantikasında necə təzahür edir?

- Qətiyyətli olmaqla.

- Aktyorun teatr sənətinə verdiyi əsas töhfə nədir?

- Heçdən var etmə - həm də inandırıcı, əfsunlayıcı, sehrləndirici.

- Rola necə hazırlaşırsınız: daxildən xaricə, yoxsa əksinə?

- Bu, bənzəri olmayan, misilsiz bir prosesdir. Əlbəttə, öncə, xaricdən daxilə sirayət baş verir, sonra daxildən xaricə ötürmə aparılır.

- Bədən, səs və düşüncə arasında balansı necə qurursunuz?

- İntuitiv kommunikasiyalar və biotoklar ötürməsi ilə.

- İmprovizasiya sizin üçün nə qədər vacibdir?

- Sənəti mükəmməl formalaşdıran, yüksək əyarlı məhsul ərsəyə gətirmək yolunda performansın qeyri-səlis modeldə zənginləşməsini təmin edən polifoniya qədər.

- Məşq prosesində sizi ən çox çətinləşdirən nə olur?

- Fikirlərin, təkliflərin dərhal anlaşılması, hər şeyin asan başa gəlməsi. Belə olan halda fikir ayrılığı, polemika, mübahisə, müzakirə, sənət dartışması, çəkişməsi baş vermir. İnkişaf və yeni səhifələrin açılması isə məhz müxtəlifliklərin səpilmiş işıqlarının toplanılmasındadır.

- Rejissorla yaradıcı dialoq hansı həddə qədər azaddır?

- Ümumiyyətlə, yaradıcı dialoqun azadlığı sərhədsizdir.

- Tərəf-müqabili ilə enerji mübadiləsini necə hiss edirsiniz?

- Əsasən, gözlərinin ifadəsi, duyğuların səsi ilə. Çünki iç dünyasının təşnəsində yoğrulan bütün dinamika və digər postulatlar məhz duyğuların səsi ilə gözün ifadə enerjisində bişmiş şəkildə partnyora sirayət edir. Şübhəsiz ki, digər prinsiplər də rol oynayır.

- Hansı rollar sizi daxildən dəyişib?

- Dəyişdirmək deyil, zənginləşdirib, deyə bilərəm - U.Şekspirin "Kral Lir"indəki Lir.

- "Kral Lir"in yaradıcı prosesindən və öz məşqlərinizdən razısınızmı?

- Daha çox rejissordan - Elvin Mirzəyevin iş üslubundan razıyam. Öz işimi isə premyerada siz dəyərləndirəcəksiniz.

- Obrazla şəxsi "mən"iniz arasında sərhədi necə qoruyursunuz?

- Bu işdə onlar tandem yaradır və xaosun harmoniyaya çevrilmə prinsipindən yararlanırlar.

- Hansı teatr estetikası sizə daha yaxındır və niyə?

- Əslində, bütün modellər və estetik paradiqmalar intuisiyamda özünə yer tapa bilir, ona görə də təxəyyülümdə və təsəvvürümdə çoxşaxəli düşüncə trayektoriyası daim genişlənməkdədir. "Qeyri-səlis teatrı" sisteminin ərsəyə gəlməsinə meydan açan bu etalon hələ də zəka aləmimə işıq tozu yaymaqdadır.

- Teatr cəmiyyət qarşısında hansı məsuliyyəti daşımalıdır?

- Vicdani, mədəni, mənəvi, əxlaqi, tərbiyəvi intizam və idraki-psixoloji-fəlsəfi inkişaf tendensiyalarının zənginləşdirilməsi prinsiplərinə xidmət təlqinini.

- Zamanla aktyor kimi nəyi itirmisiniz, nəyi qazanmısınız?

- Qazanacaqlarımı itirmişəm, itirmədiklərim isə qazancımdır.

- Əgər özünüzü bir cümlə ilə səhnədə ifadə etsəydiniz, bu cümlə nə olardı?

- Teatr mənim həyatımdır!

- "Qeyri-səlis teatrı" sizin üçün nədir: sənət, ritual, ictimai institut, yoxsa düşüncə forması?

- Müasir düşüncənin, idraki tələblər paradiqmasının labirintlərinə, lağımlarına ilğımlar fenomeni ilə işıq salan real və irreal, mistik ovqata və intuitiv transekplikasiyalara çevrilən zəngin mənalar və rənglərdir - sənət ehtişamı.

- "Qeyri-səlis teatrı"nı səciyyələndirən əsas tendensiyalar hansılardır?

- Bütün teatr modellərinin nəzəri cərəyanlarını, fəlsəfi-psixoloji və vizual postulatlarını özündə cəmləşdirən, onların hər birini anlaşılan dərəcədə sistemli metodoloji prinsipdə əks olunmalarını təmin edən, çoxluqların xaotikasını yaratmaqla, süjeti mürəkkəb silsilədə qarışdıran və daraqvari keçidlərlə ahəngdar minimalizmdə səngitməklə, maksimal harmoniyaya gətirərək məntiqə bağlayan orijinal bir sxem və ya sistemdir.

- Rejissor peşəsi sizcə, daha çox müəlliflikdir, yoxsa vasitəçilik?

- Yaradıcı etalondur.

- Teatrın əsas missiyası nədir: insanı dəyişmək, onu sual qarşısında qoymaq, yoxsa estetik təcrübə yaşatmaq?

- Teatrın əsas missiyası bütün paradiqmalara yeni ahəng gətirməkdir. O cümlədən də insan fenomeninə.

- Sizin teatr anlayışınız zamanla necə dəyişib?

- Mənim teatr anlayışım dəyişməyib, zənginləşib. Yalnız düşünmə, müşahidə və çalışmalarımla.

- "Qeyri-səlis teatrı"nın bugünkü cəmiyyətdə zəruri olduğuna inanırsınızmı? Niyə?

- Əlbəttə və mütləq!.. Əks təqdirdə, bu barədə düşüncələrimi daim itiləməklə məşğul olmaram. Ona görə ki, idraki, şüuri, mənəvi, ruhi, psixoloji, fəlsəfi, poetik, üslubi, konseptual və sair mündəricələrin motivasion dirçəlişi, sürətli və dayanmadan inkişafı məhz bu sistemin mahiyyətinə bağlıdır.

- Tamaşa üzərində işləyərkən, ilkin impuls haradan gəlir: mətn, ideya, obraz, aktyor, yoxsa vizual təsəvvürdən?

- İntuisiyanın lokatorlarının ötürdüyü enerji bazasından.

- Yaratdığınız yeni sistemdə intuisiyanın və rasional planın nisbəti necədir?

- Ümumiyyətlə, nisbətləri hesablamaq mümkün deyildir, çünki intuisiyanın nəyi diktə edəcəyini Tanrı vəhyi tənzimləyir.

- Rejissor kimi, özünüzü daha çox strukturlaşdıran, yoxsa improvizasiyaya açıq olan hesab edirsiniz?

- Strukturlaşma əvvəlcədən baş verirsə, bu, binar qanununa aiddir. İntuitiv yaranırsa, bu, qeyri-səlisizmin sisteminin törəməsidir. Mən isə intuisiyamla çalışıram.

- Dram mətni sizin üçün toxunulmazdır, yoxsa transformasiya olunan materialdır?

- Ümumiyyətlə, mətn kündə deyildir. Ona görə də onu bir xəmir hesab etmək daha məntiqlidir və belə tendensiya məzmun dərinliyinin yaranmasına səbəb olur.

- Klassik mətni müasir səhnəyə gətirərkən əsas risk nədir?

- Mətni yanlış anlamaq.

- Simvol və metaforalarla işləmək sizə daha yaxındır, yoxsa birbaşa ifadə?

- Simvolsuz, metaforasız ifadə yoxdur. Sadəcə, onu tapmaq və ya görmək lazımdır. Bütün ifadələrin məzmununa aid öz simvolu və metoforu, mütləq ki, vardır.

- Tamaşaçını yaradıcı tərəfdaş hesab edirsinizmi?

- Birmənalı. Tamaşaçı ən önəmli yaradıcı tərəfdaşdır.

- Müasir tamaşaçı ilə dialoq qurmaq niyə çətindir?

- Bu çətinlik müasir yaradıcı dili bilməyən, yaxud yaradıcı dili heç olmayanlar üçündür.

- Teatrın gələcəyini necə görürsünüz?

- Teatr sənəti öz enerjisi ilə özünü təmin edən generatordur. Ona görə də həyat, insan var olduqca, bu sənət də yaşayacaq və hər zamanın tələblərinə uyğun, ən müasir formaya düşəcək.

- Milli dramaturgiya anlayışı XXI əsrdə həllini tapa bilirmi?

- Tapacağına nikbin baxıram. Çünki bu istiqamətdə cücərtilər hiss olunmaqdadır və hətta nümunələr də göstərmək üçün cəsarətli olmaq olar.

- Azərbaycan teatr mühiti dramaturqa nə verir və nəyi məhdudlaşdırır?

- Qayğıya və tələblərə böyük ehtiyac duyulan bu institusional ərazi hələ ki, minatəmizləmə mərhələsindədir.

- Gələcəyin dramaturgiyasını necə təsəvvür edirsiniz?

- Tam qeyri-səlis strukturda və adekvat mexanizmlə: fikir, üslub, forma, xarakter və s. qeyri-xətti normalar arealında. Biz bu istiqamətdə tanınmış qırğız yazıçısı, Əməkdar mədəniyyət xadimi Bekijan Əhmədovla birgə "Yenə gəl - Mövlanə Cəlaləddin Rumi" adlı əsərlə ilk nümunəni ərsəyə gətirmişik. Artıq ikinci - "Bir gecənin hökmü - Çingiz xan" pyesi üzərində çalışmalarım davam edir. Məncə, bu hər iki pyes ilk nümunələr olaraq yeni mexanizmin açarı kimi istifadə oluna bilər.

- Gənc dramaturqlara ən vacib tövsiyəniz nədir?

- Bülövlüyə gedən yolda yorulmayan təfəkkürlə çalışmaq.

 

Söhbətləşdi: Nərminə Ağayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!