Ədəbiyyatşünas Məti Osmanoğlu "Bodenştedt oğrudurmu, doğrudurmu?" kitabını ("Füyuzat" nəşriyyatı, 2025) oxucuların mühakiməsinə verib. Adından da göründüyü kimi, kitab uzun illərdir Azərbaycanda "şeir oğrusu" kimi tanınan alman yazıçısı Fridrix fon Bodenştedtin şəxsiyyəti ilə bağlı fərqli yanaşma və sual ortaya qoyur. Təqdim etdiyimiz müsahibədə müəllif kitabın yaranma səbəbi, araşdırmanın məqsədi və doğurduğu yeni suallar barədə danışır.
- Məti müəllim, F.Bodenştedt haqqında ayrıca bir kitab yazmaq qərarına necə və nə üçün gəldiniz?
- Universitetdə XIX əsr Azərbaycan ədəbiyyatı tarixini tədris edirəm. Kəskin təzadlarla dolu bu kursun ən maraqlı mövzularından biri, heç şübhəsiz, Bodenştedt ilə Mirzə Şəfinin macəralı hekayəsidir. Azərbaycan və Qərb mədəniyyəti arasında ilkin təmas dövrünü əks etdirən bu hekayədə hələ tələbəlik illərindən nələrinsə yarımçıq olduğunu görürdüm və elmi-pedaqoji işimdə həmin yarımçıqlığı aradan qaldırmaq bilavasitə vəzifəmə çevrildi.
Müşahidə etdiyim yarımçıqlığın Azərbaycanda həm Mirzə Şəfinin, həm də Bodenştedtin tanıdılma tərzindən gəldiyi qənaətindəyəm. Bodenştedtin müdrik Şərq mütəfəkkiri ilə Qərb romantik yazıçısının şəxsi dostluğunu, insani əlaqələrini geniş əks etdirən iki kitabdan ibarət "Şərqdə min bir gün" əsərinin indiyədək dilimizdə "Mirzə Şəfi haqqında xatirələr" adı ilə (Bodenştedtin bu adda əsəri yoxdur!) cüzi bir parçası nəşr olunub. Yaxud yüz ildir "oğurluq predmeti" kimi bəhs etdiyimiz "Mirzə Şəfinin nəğmələri" kitabından dilimizə bir neçə şeir çevrilmişdi. Bu alayarımçıqlıq istər-istəməz suallar doğururdu.
- Sizcə, Azərbaycanda Mirzə Şəfinin "Bütün əsərləri"nin ayrıca kitab halında Azərbaycan, alman və rus dillərində nəşr olunması bu boşluğu aradan qaldırırmı?
- Bodenştedtin XIX əsrdə Almaniyada Mirzə Şəfi adı ilə nəşr etdirdiyi poetik əsərlərin XXI əsrdə bu şəkildə təqdim edilməsi də yeni suallar doğurur. Mirzə Şəfinin əlimizdə olan azsaylı orijinal əsərlərinin mətnləri ilə Bodenştedtin kitablarından götürülən mətnlər arasında bədii yaradıcılıq metodu baxımından ciddi fərq olduğunu görməzliyə vurmaq olmaz. Mirzə Şəfinin "Nə qədər kim fələyin sabitü səyyarəsi var..." qəzəli, yaxud "Süsəni" rədifli müxəmməsi divan ədəbiyyatının, Bodenştedtə Avropada böyük şöhrət gətirən "Mirzə Şəfinin nəğmələri" isə alman romantik ədəbiyyatının, Şərqyönümlü oriyentalist tendensiyanın tipik və parlaq nümunələridir. Bundan əlavə, nə XIX əsrdə, nə də ondan əvvəl Azərbaycan divan ədəbiyyatında "nəğmə" adlı janr olub. Bodenştedt "nəğmə" deyəndə nəyi nəzərdə tuturdu, bu onun özünün icad etdiyi oriyental janr idimi? Ortaya bu cür suallar çıxır. Bodenştedtin Almaniyada nəşr etdirdiyi şeirlərin hamısının Mirzə Şəfiyə aid olduğunu iddia etmək üçün ədəbiyyatşünaslıq əvvəlcə Şərq divan şairinin necə Avropa romantik şairinə çevrildiyinin, ən azından "nəğmə" janrının nə olduğunun izahını verməlidir. Bu elmi başlanğıc olmadığına görə, "Bütün əsərlər" yarımçıqlıq təsəvvürünü aradan qaldırmaq əvəzinə daha da dərinləşdirir...
- Bəs "Bodenştedt oğrudurmu, doğrudurmu?" kitabında nəğmələrin müəlliflik məsələsindəki yarımçıqlığın aradan qaldırılmasına sizin cəhd etməməyiniz nə ilə bağlıdır?
- İndiki halda, xüsusilə, Bodenştedtə münasibətdə ictimai rəydəki "qətiyyətlilik" fonunda bu mənə həllsiz məsələ kimi görünür. O da bir həqiqətdir ki, ədəbiyyat bəzən həllsiz məsələlər ilə maraqlı olur.
- Yazırsınız ki, "Mirzə Şəfinin nəğmələri" şöhrətin zirvəsinə qalxanda Avropa Mirzə Şəfinin özünün də, nəğmələrinin də Azərbaycan və ya türk mədəniyyətinə mənsubiyyətini tanımadı. Bu fikrə aydınlıq gətirərdiniz.
- Bunun daha ciddi və ağrılı məsələ olduğunu düşünürəm. Mirzə Şəfi adı məşhurlaşanda Avropanın estetik düşüncəsində Şərqlə bağlı öncədən qurulmuş sxemlər hökmranlıq edirdi. Yəni Avropa Şərqi özünün yaratdığı, qəbul etdiyi çərçivə daxilində tanıyırdı və "Azərbaycan dili" (o vaxtın təbirinə görə, "tatar dili") bu sxemdən kənarda idi. "Mirzə Şəfinin nəğmələri"nə məşhur bəstəkar Anton Rubinşteynin fars şeiri kimi maraq göstərməsi və silsilə romanslar bəstələməsi də məhz bu şablon təsəvvürün nəticəsi idi. A.Rubinşteynin 1855-ci ildə ilk dəfə "Bodenştedtin fars dilindən tərcümə etdiyi 12 Mirzə Şəfi nəğməsi" adı ilə nəşr olunmuş romanslar toplusu musiqi tarixində "fars nəğmələri" kimi tanınmışdı və indinin özündə də o cür tanınır. Bu cür mədəni kodlaşma Avropanın nəzərində Mirzə Şəfinin əsl kimliyini, fərdi şəxsiyyətini, milli mənsubiyyətini silmiş, onun romantik-oriyentalist obrazını yaratmışdı. Bu təhrifin arxasında duran mexanizm, bəlkə də qərəzli deyildi, ancaq bu fakt özlüyündə "mədəni zorakılıq" idi. Avropanın Şərq üzərində zorakılıq göstərməsi isə XIX əsr tarixinin sərt gerçəkliyi idi: bir çox dəyərlərimizə "sahibsiz miras" kimi yanaşılırdı. Yeri gəlmişkən, A.Xodzkonun "Azərbaycan nəğməsi" adı ilə nota köçürdüyü və 1842-ci ildə Londonda nəşr etdirdiyi "Qalanın dibində" mahnısının melodiyasından da rus bəstəkarı Qlinkanın "Ruslan və Lüdmila" operasında "Fars xoru" adı ilə istifadə olunmuşdu...
.jpeg)
- Kitabınızın adında "doğrudurmu?" sualının qoyulması daha çox maraq doğurur. Bodenştedt doğru idimi?
- Bodenştedt, məncə, Qafqaz həqiqətlərinə səmimi maraq göstərən azsaylı Avropa yazıçılarından idi. Amma mütləq nəzərə alınmalıdır ki, onun marağı öz dövrünün, öz dövlətinin və mənsub olduğu siyasi düşüncənin ideoloji sərhədləri çərçivəsində idi.
1850-ci ildə nəşr etdirdiyi "Şərqdə min bir gün" adlı poetik "nağıldan" iki il əvvəl o, təxminən 600 səhifə həcmində ikicildlik "Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi" adlı kitabını Avropa ictimaiyyətinə təqdim etmişdi. Titul vərəqində yazıldığı kimi, "Şərq xalqlarının ən yeni tarixinə Bodenştedtdən töhfə" olan bu kitabda Qafqaz gerçəkliklərinə şair kimi deyil, sırf tarixçi və siyasi şərhçi mövqeyindən yanaşılır. Kitabın bizim üçün müstəsna əhəmiyyəti isə orada Azərbaycanın Qafqaz azadlıq hərəkatının mərkəzində göstərilməsidir.
Bodenştedt həmin kitabın yazılmasından təqribən qırx il sonra etiraf edəcəkdi ki, bu işdə ona yol göstərən, Qafqazın mürəkkəb ictimai-siyasi strukturlarını və mənəvi-dini dəyərlərini anlamağa yardım edən Azərbaycanın böyük maarifçi mütəfəkkiri Abbasqulu xan Bakılı - Abbasqulu ağa Bakıxanov olmuşdur. Bu kitabın Azərbaycan tarixşünaslıq elmi üçün mötəbər mənbə olduğunu düşünürəm.
- "Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi" kitabının əsas qayəsi nədir?
- Kitab yazılanda, Rusiya imperiyası Qafqazdakı müsəlman xalqlara qarşı qanlı müharibə aparırdı. Avropada isə bu müharibənin mahiyyəti barədə yanlış təsəvvür yaranmışdı. "Bu möhtəşəm dağlar dünyasından Avropaya ara-sıra gələn şayiələr, demək olar ki, həmişə qədim miflərin əks-sədası kimi səslənir", - deyən Bodenştedt Rusiya imperiyasının "mif yaradıcılığının" altında Qafqazı xristian mədəniyyətinin qədim vətəni, bu coğrafiyanı işğal etməsinin səbəbini isə buradakı xristian xalqları müsəlmanlardan "qorumaq" kimi qələmə verməsinin mahiyyətini açmağa çalışmışdı. Rusiya Qafqazda apardığı işğalçılıq müharibəsini Avropaya "xristian şəfqəti" kimi qəbul etdirmək niyyətində idi. Həmin niyyətin pərdəarxasını, əsl üzünü göstərməyə F.Bodenştedt ona görə ciddi əhəmiyyət verirdi ki, Rusiyanın gələcəkdə Avropa və Almaniya üçün də təhlükə olacağını düşünürdü.
- Sizin kitabda Bodenştedtin Qafqaz xalqlarının tarixinə Rusiya imperiyasının siyasətindən fərqli mövqedən yanaşdığına, xüsusilə, XIX əsrin ilk yarısında Qafqazda türkdilli mədəniyyətin hegemon mövqedə olduğuna dair fikirlərə geniş yer verilib.
- Bodenştedtin Qafqazla bağlı irəli sürdüyü ən mühüm tezislərdən biri bu coğrafiyada məskunlaşmış türk etnosunu (öz təbirincə, türk irqini) Qafqazın ən qədim aborigen etnoslarından biri kimi təqdim etməsidir. Qafqazda türklərin tarixin ilkin çağlarından məskunlaşması məsələsində o, xalq etimologiyasına və ya uydurma mifoloji yozumlara deyil, elmi mənbələrə istinad etdiyini bildirirdi. Fren, D'Ohosson, Hammer kimi məşhur şərqşünasların əsərlərinə əsaslanaraq Qafqaz türkləri barədə mühüm məlumatlar verərkən, mənbələrin yetərsizliyindən də gileylənən müəllif əlində olan mənbələri "Qafqaz tarixinin gecəsində tək-tək parlayan məşəllər" kimi dəyərləndirirdi.
Bodenştedt Tiflisdə 1843-cü ilin sonundan 1845-ci ilin aprelinədək yaşamışdı. O, həmin illərdə Qafqazda ümumi ünsiyyət dilinin Azərbaycan dili olduğunu görmüş, azərbaycanlıları "Şərqin fransızları" adlandırmışdı. Bodenştedtin Mirzə Şəfidən Azərbaycan dilini öyrənmək istəyi də dilimizin Qafqazdakı hegemon mövqeyi ilə bağlı idi.
- Sizin təqdimatınızda Bodenştedtin XIX əsrin əvvəllərində Azərbaycanda, Kürdəmir kəndində yaşamış sufi şeyxi Hacı İsmayıl Əfəndi Şirvani ilə bağlı mülahizələri diqqəti cəlb edir.
- XIX əsr Qafqaz azadlıq hərəkatının ən parlaq, lakin tarixşünaslıqda bu günədək kölgədə qalmış simalarından biri - Kürdəmir sakini, sufi alim Hacı İsmayıl Əfəndi Şirvanidir. Bodenştedtin "Qafqaz xalqları və onların ruslara qarşı azadlıq mübarizəsi" əsərinin ikinci kitabının "Həddis İsmayılın görüşləri" adlı fəsli bu şəxsiyyəti Qafqaz azadlıq hərəkatının baş mənəvi memarı kimi təqdim edir. Bodenştedt Hacı İsmayıl Əfəndinin təlimini rusların sonradan "müridizm" adlandırdıqları ideoloji sistemin təməli hesab edir. Bodenştedt göstərir ki, Həddis İsmayılın - Hacı İsmayıl Əfəndi Şirvaninin təlimi Qafqazın müsəlman xalqları arasında qan düşmənliyinin və məzhəb ayrılığının aradan qaldırılmasına, mənəvi birlik yaranmasına və ümumi düşmənə - əsarətə qarşı birgə mübarizəyə təkan verdi.
- Hacı İsmayıl Əfəndinin təliminin o vaxt Rusiyanın müstəmləkəsinə çevrilmiş Azərbaycan ictimai fikrinə təsirindən də bəhs etmisiniz...
- XIX əsrin əvvəlində Şimali Azərbaycan Rusiya tərəfindən işğal edilmiş və imperiyanın təsir dairəsinə düşmüşdü. Ancaq tarixi reallıqlardan biri də budur ki, ölkədəki məzhəb ayrılığı imperiyanın əlində məqsədli şəkildə istifadə etmək üçün təhlükəli alət idi. Rusiyanın Qafqaz siyasətində hər bir fürsətdə müsəlmanları öz dindaşlarına qarşı yönəltmək təhlükəsi vardı və bu iş erməni əsilli general Valerian Mədətova həvalə edilmişdi.
Bu gerçəkliklə üz-üzə qalan Qafqaz müsəlmanlarının, o cümlədən, azərbaycanlıların güclü mənəvi dayağı nəqşbəndi təriqəti idi. Təriqətin Qafqazdakı başlıca missiyalarından biri məzhəb ayrılığını aradan qaldırmaq, müsəlmanların mənəvi birliyinə zəmin yaratmaq idi. Azərbaycan tarixində bu mənəvi birliyin yolu Kürdəmirdən Osmanlıya qədər uzanırdı. Firudin bəy Köçərli XIX əsrdə yaşamış nəqşbəndi şairi Mirhəmzə Əfəndi Seyid Nigari haqqında yazarkən bu rabitəni çox dəqiq ifadə etmişdi: "Məşhur qövlə görə, Mirhəmzə Əfəndinin təriqət ustadı kürdəmirli İsmayıl əfəndi olubdur ki, o dəxi İstanbulda öz şagirdlərinə üsuli-təriqəti təlim edibdir."
- Kitabın "Bizdən uzaqlarda yazılmış azadlıq dastanımız" adlı bölümü Bodenştedtin "Ləzgi qızı Ada" poemasına həsr olunub. Bu poemada da təriqət fəlsəfəsinin bədii mətnə köçürüldüyünü qeyd etmisiniz.
- Mövzusu XIX əsrin birinci yarısında Qafqaz xalqlarının Rusiya işğalına qarşı azadlıq mübarizəsindən götürülmüş bu epik poemanın həcmi 300 səhifədən artıqdır. Azərbaycanın bir parçası olan İlisu sultanlığının bədii salnaməsi olan bu mənzum romanda İlisu bəyinin oğlu ilə ləzgi qızının məhəbbəti Şərq mistik fəlsəfəsinin Avropa romantizminə xas poetik interpretasiyası fonunda təqdim olunur.
Bodenştedtin qənaətinə görə, Qafqaz xalqlarının azadlıq müharibəsi Şirvan torpağından başlamışdı və bu işin önündə gələn kürdəmirli təriqət şeyxi Hacı İsmayıl Əfəndi Şirvani idi. Poemanın strukturu Hacı İsmayıl Əfəndinin "İdrakın mərtəbələri" kitabına əsaslanır. Müəllif Avropa oxucusuna ünvanladığı əsərdə insanın yüksəldiyi mənəvi kamillik yolunu şəriət, təriqət, mərifət, həqiqət kimi mistik mərhələlərin içindən keçirir. Sevgililərin ucaldıqları ən ali məqamın, ən yüksək həqiqətin isə azadlıq idealı olduğu göstərilir. Qəhrəmanlar azadlıq yolunda canlarından keçsə də, müəllif poemanın son misralarında oxucudan nikbinliklə ayrılır:
Dava qəhrəmanları bizdən ayırdı, ancaq
Xalq öz igidlərini daim yada salacaq,
O adlar nəğmələrdə sonsuzadək qalacaq!..
Onu da deyim ki, kitabın "Şərhlər" bölümündə İlisu sultanlığının süqutunu "fəlakət" adlandıran F.Bodenştedt Daniyal Sultanla şəxsi tanışlığının olduğunu, eləcə də haqqında bəhs etdiyi xalq üsyanının və əksər döyüş səhnələrinin həqiqi hadisələrə əsaslandığını yazmışdır...
- Kitabınızın bölmələrindən biri "Bodenştedtin İrəvan səfəri" adlanır. Bu adın dastan başlığına oxşaması təsadüfdürmü?
- Bodenştedtin İrəvan səfəri, sonradan "Ömrümdən xatirələr" kitabında yazdığı kimi, yaxın dostu, Şərq xalqlarının dillərini və tarixini yaxşı bilən cavan şərqşünas Georq Rozenin təşəbbüsü ilə olmuşdu. Berlin Akademiyasının əməkdaşı olan G.Rozen əvvəl Osmanlıya, oradan da Tiflisə akademiya tərəfindən rəsmi ezamiyyətə göndərilmişdi. Onun tədqiqat planına Ağrı dağının ətəyindəki Eçmiəzdin kilsəsinin kitabxanası ilə bağlı hesabat hazırlamaq da daxil idi.
Bodenştedt İrəvan səfəri zamanı Rusiyaya qarşı itaətsizliyini qaçaq hərəkatı ilə ifadə edən azərbaycanlılar ilə imperiyanın imtiyaz verdiyi erməni məmurların mənəviyyatsızlığını qarşılaşdırır. Maraqlı məqam budur ki, XIX əsrdə Rusiya siyasəti "Böyük Ermənistan" mifi yaratdığı kimi, ayrı-ayrı insanlar da özləri haqqında "kökü" mifik zamanlara gedib çıxan "şahzadə", "bəyzadə", "knyaz" mifləri yaradırdılar. Bodenştedt sarkastik kinayə ilə yazırdı: "Məsələ kişinin özü deyil, onun ulu babalarının kim olduğudur..."
Ümumiyyətlə, Bodenştedtin erməni və fars etnosları haqqında fikirlərində radikal tənqidi mövqe olduğunu görürük. O yazır: "Ermənilərin ən güclü və onlara fəlakət gətirən, yalnız ölkənin siyasi süqutuna səbəb olmaqla qalmayıb, uzunmüddətli və zərərli təsiri ilə xalqın əxlaqını da pozan daimi düşməni qonşusu farslar olmuşdur. Son dövrlərdə bu rolu Rusiya öz üzərinə götürmüş və onu sanki sırf fars üsulunda davam etdirməkdədir"...
Onu da nəzərə almaq lazımdır ki, Bodenştedt İrəvanda olmazdan 16 il əvvəl - 1828-ci ildə Rusiya imperiyası tərəfindən İrəvan xanlığının yerində "Erməni vilayəti" yaradılmış, Naxçıvan xanlığının ərazisi bu vilayətə birləşdirilmiş, İrandan və Osmanlı imperiyasından ermənilər kütləvi şəkildə buraya köçürülmüşdü.
Bodenştedtin İrəvanda müşahidə etdiyi ən əhəmiyyətli məqamlar buradakı ermənilərin, hətta öz aralarında belə, Azərbaycan dilində danışdıqları, öz nağıllarını Azərbaycan dilində söylədikləri barədə qeydlərdir. O, gürcülərin məclislərində gördüyü və ermənilərin də riayət etdiyi bir ritualı xüsusi vurğulayır: gürcülər və ermənilər şərab içərkən xristianlıqdan gələn məzmuna malik süfrə duasını azərbaycanca söyləyirlər. Mənə elə gəlir ki, xristian ritualının azərbaycanca yerinə yetirilməsi mədəniyyətşünaslıq baxımından son dərəcə maraqlı tədqiqat mövzusu ola bilər.
Bodenştedt "Şərqdə min bir gün" kitabında aşıq sənəti, onun bir qolu olan deyişmə haqqında da məlumat vermiş, Ağ Aşıqla Aşıq Keşişoğlunun deyişməsini alman dilində təqdim etmişdir...
- Kitabınız bu cümlə ilə tamamlanır: "Yaddaşın qorunmadığı yerdə tarix başqasının yazdığı hekayəyə çevrilir".
- Çox istərdim ki, müsahibəmiz də bu cümlə ilə tamamlansın.
Söhbətləşdi:
Mehrəngiz Qurbanova
BDU-nun filologiya fakültəsinin
tələbəsi, Heydər Əliyev təqaüdçüsü

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
