Tanrını böyük Şair, göz yaşını rəngsiz qan kimi görən şair Lulzim Tafa 2 fevral 1970-ci ildə Kosovonun Lipjan şəhərində anadan olub. O, təhsilini Priştina Universitetinin Hüquq fakültəsində alıb, magistratura və doktorluq dərəcəsini isə Sarayevo Universitetinin Hüquq fakültəsində tamamlayıb. Hüquq elmləri üzrə doktor olan Tafa uzun illər kriminologiya, insan hüquqları və ədəbiyyat arasında körpü rolunu oynayan bir şəxsiyyət kimi tanınıb.
O, 2012-2020-ci illərdə Balkanların ən böyük özəl universitetlərindən biri olan AAB Universitetinin rektoru olub. Eləcə də, Kosovoda British School of Kosova və televiziya kanalı ATV-nin təsisçilərindəndir. Lulzim Tafa həm hüquq sahəsində, həm də ədəbiyyat aləmində geniş nüfuza malikdir. Onun poeziyası iyirmidən çox dilə tərcümə olunub, kitabları müxtəlif ölkələrdə çap edilib.
Lulzim Tafanın bütün titullarının arxasında duran əsas şəxsiyyət, insana inanan şairdir. Onun yaradıcılığı Balkanların ağrı tarixindən, müharibədən keçib. Bu səbəbdən, 2022-ci ildə Bakıda çap olunmuş "Ağrının xəritəsi" kitabı azərbaycanlı oxuculara təqdim olunanda, o ağrı həm tarixi yaddaşımıza, həm də ruhumuza toxundu.
Lulzim Tafa haqqında düşünəndə ilk yaranan təəssürat belə olur ki, hüququn sərt məntiqindən doğan poeziya, insan hüquqlarının mübarizə meydanlarından gələn söz necə olur ki, sevgi, ağrı və ümidlərlə dolu misralara çevrilir?
Ədəbiyyat onun üçün sadəcə estetika deyil, həm də sosial məsuliyyətdir. Poeziya vasitəsilə o, hüququn qorumaq istədiyi dəyərləri, yəni insan azadlığını, həyatın müqəddəsliyini, ədalətin vacibliyini estetik bir dilə çevirir.
Azərbaycan dilinə çevrilmiş "Ağrının xəritəsi" kitabı bizə sadəcə Balkan şairini tanıtmır, eyni zamanda bir sual qoyur: şeir yalnız bir millətin, yoxsa bütün insanlığın ağrısını ifadə edir?
"Oxucu-yazıçı" layihəm çərçivəsində korrektoru olduğum kitabın müəlllifindən müsahibə almaqdan və sizlərlə paylaşmaqdan qürur duyuram.
- Hörmətli Lulzim Tafa, sizin üçün Tanrı kimdir?
- Tanrı böyük bir Şairdir. Bu gün şairlərin yazdığı bütün misralar, sanki O yazmış kimi görünür. O, mövcud ola biləcək ən poetik varlıqdır. O, ən böyük xəyalpərəstdir. Yuxularımızda bizə baxandır. Ümumiyyətlə, bəlkə də biz mövcud deyilik, bəlkə də bizə elə gəlir ki, varıq. Bəlkə də!
- Sizcə, şeir hansı genişlikdədir?
- Şeir həyat kimidir. Həyata şeir qədər heç bir şey bənzəmir. Şeir həyatın etdiyi hər şeyi ehtiva edir: sevgi, sevinc, nifrət, kədər, iztirab. Yalnız bir şey çatışmır: Sonluq. Çünki həyatın sonu var, amma poeziyanın yoxdur. Onun böyüklüyü Yer kürəsinə bənzəyir. Okeanları, dənizləri, dağları, bataqlıqları və dərələri var. Poeziya Yer qədər genişdir, hətta daha böyükdür.
- Bir insanın taleyində ən çox kimin göz yaşlarının ağırlığı qana dönür?
- Göz yaşları sadəcə gözlərdən axan su deyil, onlar deyilməmiş sözlərdir. Göz yaşları səssiz danışır, onlar kar və lal natiqlərdir. Bəzən elə göz yaşları var ki, susur, amma dünyanı alt-üst edir. Ancaq göz yaşları gözlərdə yaranmır, onlar ruhun daha dərinliklərindən gəlir. Dərinlikdən gələn bütün göz yaşları qana çevrilir, lakin gözlərdən keçərkən rəngini itirir və şəffaf olur. Deməli, göz yaşları rəngi olmayan qandır. Daha dəqiq desək, dərinlikdən gələn bütün göz yaşları qana çevrilir, amma rəngsiz, yaxud bizim görə bilmədiyimiz bir rəngdə.
- Bu gün təkcə Kosovoda deyil, bütün dünyada çörək, benzin, un bahalaşır, niyə yalnız insanın qiyməti düşür?
- Bilirəm, siz mənim ölkəmdə müharibə zamanı yazdığım bir şeirə işarə edirsiniz, o vaxt çörək, yağ və un qıtlaşmışdı, amma həyatın qiyməti ucuzlaşmış, ölüm isə çoxalmışdı. Lakin bolqar şairi Blaga Dimitrova belə deyir: "Əgər insan damarlarından qan əvəzinə neft axsaydı, onda dünya heç vaxt müharibəyə yol verməzdi".
- Əgər bir sənət sərgisi təşkil etsəydiniz, hansı arzunuzu həmin sərgiyə qoymaq istəyərdiniz?
- Bəli, bir şeirdə belə bir fikrim var idi: incəsənət qalereyasında "Arzular sərgisi" açardım və orada istisnasız olaraq bütün arzularımı sərgiləyərdim.
- Ağrının xəritəsi hara qədərdir?
- Ağrının xəritəsi görünməzdir, bəlkə də mövcud olan ən böyük xəritədir. O, ruhu əhatə edəndə görünməz olur.
- Sizcə, tənhalıq hansı rəngdədir?
- Əgər tənhalığın bir rəngi olsaydı, sadəcə bir rəng kimi deyil, işıqla qaranlığın arasındakı bir hal kimi, o boz olardı.
- Niyə boz?!
- Çünki boz solğun bir rəngdir, nə ağ, nə qara, nə ümid dolu, nə də dərin ümidsizlikdir. Elə tənhalıq da belədir, hər zaman saf iztirab deyil, çox vaxt düşüncələrlə dolu incə bir haldır.
Tənhalığı güzgü kimi də görmək olar, insanın qarşısında özündən başqa heç bir şeyin olmadığı bir yerdir. Tənhalığın rəngi cəza deyil, düşünmək üçün bir məkan, kimisə ya özünü kəşf etməyə, ya da düşüncələrin labirintində itməyə aparan şübhəli bir sakitlikdir.
- Palıd ağacı sizin üçün nə qədər xüsusidir?
- Şeirlərimin birində demişdim ki, "Palıdlar ayaq üstə yatır" və bu məni kədərləndirir, çünki bütün ömürləri boyunca palıdlar başqa ağaclardan fərqlidir, böyüməyə tələsmir, yavaş-yavaş böyüyür, ayaq üstə yatırlar. Balta təhlükəsi altında böyüyürlər, sonda isə atəş onları yandırır. Mən onları bədbəxt hesab edirəm. Bir dəfə bir şeirimdə hətta onlar üçün ağlamışam.
- Sizcə, insanlar gözlərini kimdən alsaydı, Günəşi daha gözəl görərdi?
- Günəş Ay kimi deyil. İstənilən gözəl göz Ayı görə bilər, amma Günəşi yox. Günəşi görmək üçün Yupiterin doxsan beş peykindən birinin gözlərini götürmək lazımdır. Yupiterin peyklərinin gözləri daha yumşaqdır. Onlar alovlu olan Veneranın gözlərinə bənzəmirlər, günəşə baxsalar, onu yandırırlar.
- Doğrudanmı, yağışlar Tanrıların göz yaşlarıdır?
- Bəli, həm yumşaq, adi yağışlar, həm də fırtına və daşqın gətirən yağışlar hamısı Tanrıların göz yaşlarıdır. Tanrıların daşıdığı hisslərdən asılıdır. Şairlər filosoflar kimi deyillər. Şairlər inanırlar ki, Tanrı həm sevir, həm də əzab çəkir.
- Tanrılar qəzəblənəndə şairlər doğulur?
- Bəli, tanrılar qəzəblənəndə şairlər doğulur, bunu bir şeirimdə demişəm. Əvvəlcə qışqırırlar, tanrılarına qarşı qalxırlar. Mən inanıram ki, şairlər hər hansı bir şeyin, ya da hər şeyin reaksiyası olaraq doğulur.
- Əgər sevgi havaya metastaz versəydi, dünya necə olardı?
- Bu sual insanların ən böyük arzularından birinə toxunur. Biz artıq sevgi uğrunda mübarizə aparmayacağıq. Amma bir təhlükə də var: sevgi öz qiymətini itirə bilər, çünki sevgi çətindir və fədakarlıq tələb edir. İnsanlar mübarizə aparmadıqları bir şeyi dəyərləndirməzlər.
Mən Mövlananı gənc yaşlarımdan oxumuşam və o deyirdi ki, əgər biz hər nəfəsə aşiq olsaq, dünya ümumbəşəri mənəvi orqanizmə çevrilər. Ancaq gözəl tərəfi odur ki, artıq "mən" və ya "sən" yox, yalnız "biz" olacaq. Cavabımın paradoksal görünə biləcəyini bilirəm, amma ədəbiyyatda, xüsusən də şeirdə belə şeylərə icazə verilir.
Müsahibə ingilis dilindən Könül Məmmədova tərəfindən tərcümə edilib.
Söhbətləşdi: İlahə ÜMİDLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!