İstiqlaldan keçib gəldik...
Müstəqilliyimizi zərrə-zərrə, canımız və qanımız bahasına qazandıq. Ona sarı addım-addım, zaman-zaman yol aldıq. Bu cür addımlardan başladı azadlığın müqəddəs yolu. Onun bütün dövlət və xalq miqyasında əldə edilməsinə çaba göstərmək seçilmişlərin, yüksək zəka və intellekt sahiblərinin əməl göstəricisi oldu həm də. XX əsrin əvvəllərində, 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyəti əqidə və məslək birliyinin təzahürü kimi ərsəyə gəldi.
Bu il Cümhuriyyətin 100 illiyidir.
Cəmi bir il on bir ay ömür sürən Azərbaycan Cümhuriyyət dövrü xalqa nə verdi, yaxud milli yaddaş tarixində hansı xidməti, tarixi haqqı ilə iz qoydu, hansı əhəmiyətli addımları ilə seçildi? Bu sualları cavablandırmaq üçün redaksiyamıza Cümhuriyyət dövrünün tədqiqatçı alimlərini dəvət etdik. Beləliklə, "Ədəbiyyat qəzeti"nin müzakirə saatına qoşulurlar:
f.e.d.prof. Vaqif Sultanlı, f.e.d.prof. Alxan Bayramoğlu, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, f.ü.f.d. "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan və f.e.doktoru Elnarə Akimova.
Elnarə Akimova: - Xoş gördük hamınızı. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bu il Cümhuriyyət ili elan olunub. İstərdim əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəbləri, ona gətirən yollardan danışaq. Necə oldu ki, 1918-ci ildə Şimali Azərbaycanda ilk müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası yarandı?
Ədalət Tahirzadə: - Mən istərdim birinci ad məsələsindən başlayım - Azərbaycan Xalq Cümhuriyyətindən. Bu haqda məqalə də yazmışam. Azərbaycan Xalq Cümhuriyyəti adlı dövlət mövcud olmayıb. Bir saniyə belə bu adda dövlət olmayıb. Azərbaycan Cümhuriyyəti olub. Mən Cümhuriyyətin bütün nazirliklərinin, bütün dövlət idarələrinin möhürünü araşdırmışam, hamısında Azərbaycan Cümhuriyyəti yazılıb.
Elnarə Akimova: - Respublika sözünə də rast gəlməmisiz?
Ədalət Tahirzadə: - Bütün yazılar ərəb əlifbasında olub. Hamısında da Azərbaycan Cümhuriyyəti yazılıb. Bəzilərində isə rusca "Azerbaydjanskaya Respublika" yazılırdı. Ondan başqa bəzi sənədlərdə fransızca yazılıb. Məsələn, sülh konfransının materiallarında "Republic dü Azerbaijan" kimi qeyd olunub. Deməli, üç cür yazılırdı - türkcə - Azərbaycan Cümhuriyyəti; rusca - Azerbaydjanskaya Respublika; fransızca - Republic dü Azerbaijan. Heç bir yerdə dövlətin adı Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyyəti kimi qeyd edilməyib.
Azər Turan: - Əli bəy Hüseynzadə 1918-ci ildə yazdığı "Azərbaycanda düşündüklərim" məqaləsində bu dövlətin adını üç şəkildə hallandırırdı: 1. Qafqaz Azərbaycanı, 2. Azərbaycan Cümhuriyyəti, 3. Qafqaz Türk Dövləti.
Elnarə Akimova: - Bəs o zaman niyə belə işlədilir, bu adlanma hardan qaynaqlanıb?
Ədalət Tahirzadə: - Təbii ki, İstiqlal Bəyannaməsindən. İstiqlal Bəyannaməsində yazılıb ki, Azərbaycanın müstəqilliyi elan edildi, Azərbaycanın şəkli idareyi siyasiyəsi, yəni siyasi idarə forması Xalq Cümhuriyyətidir. Sonra isə Xalq Cümhuriyyəti ilə bağlı məlumatlar verilib. İki-üç yerdə belə yazılıb. Amma bu "Azərbaycan Xalq Cümhuriyyəti" dövlətin adı deyildi. Onun idarə forması idi. Dövlətin adı harda olar? Dövlətin adı dövlət blanklarında, dövlət möhürlərində, pullarda, poçt markalarında olar ki, mən də bunların hamısını incələmişəm.
Elnarə Akimova: - Heç birində də bu ad yoxdu, deməli.
Ədalət Tahirzadə: - Bəli, heç birində. Hamısında da Azərbaycan Cümhuriyyəti yazılıb. Məsələn, pullarımızın üstündə Azərbaycan Cümhuriyyəti, bəzən də Azərbaycan Hökuməti Cümhuriyyəsi yazılıb. Yəni Azərbaycan Cümhuriyyəti Hökuməti. Pulların da həmçinin. Poçt markalarının üstündə türkcə və fransızca yazılıb.
İndi isə sizin suala keçək. Azərbaycan Cümhuriyyəti birdən-birə meydana çıxmadı. Cümhuriyyətdən qabaq hakimiyyət var. Bu fikir haradan yarandı? 1917-ci ilin fevral inqilabından. 1917-ci ilin fevralında çar hakimiyyəti devrildi, yerinə müvəqqəti hökumət gəldi. Kerenskinin başçılığı ilə. Onlar gələndə Zaqafqaziyada artıq çar hakimiyyəti ola bilməzdi. Müvəqqəti hökumət bu zaman canişinliyi ləğv elədi. Bilirsiz ki, hakimiyyəti canişin idarə edirdi, o isə çarı təmsil edirdi. Çar yoxdu, o zaman Müvəqqəti Hökumət müvəqqəti hakimiyyət qurdu. Özəl Zaqafqaziya Komissarlığı yaradıldı: 4 nəfərdən ibarət idi. Onlar da hökuməti idarə edə bilmirdilər. Ona görə də anarxiya həddindən artıq güclənmişdi. Bundan sonra Zaqafqaziya Komissarlığı yaradıldı. Beləliklə, əsl hökumət quruldu. Bu hakimiyyətdə Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Nəsib bəy Yusifbəyli nazir kimi yer aldı. Ondan sonra 1918-ci ilin fevralında Zaqafqaziya Seymi yaradıldı. Seym də parlament idi - Zaqafqaziya Parlamenti. Burada 53 nəfərdən ibarət müsəlman fraksiyası da iştirak edirdi. Nə üçün müsəlman deyirik? Çünki onların arasında türk olmayanlar da var idi. Amma Azərbaycanı, Qafqazı təmsil edirdilər. Orada bir neçə partiya müsəlman fraksiyasında birləşdi, sədri də Məhəmməd Əmin Rəsulzadə oldu. Bunların çox böyük fəaliyyəti oldu. Zaqafqaziyanın idarə olunmasında seym aparıcı qüvvə idi. Seymin əsas vəzifəsi nə idi? Hakimiyyət qurumlarını yaratmaq: o vaxt nə Azərbaycan var idi, nə Gürcüstan, nə də Ermənistan. Müstəqil respublikalar yox idi, ümumi Zaqafqaziya hakimiyyəti idi.
Ən böyük problemi Türkiyə ilə - Osmanlı dövləti ilə bağlı idi, çünki müharibə aparırdı. Sonra isə Zaqafqaziya ilə Türkiyə sülh danışıqlarına başladı. Əvvəlcə Trabzon konfransı, sonra Batum konfransı keçirildi və sülh danışıqları aparıldı. Azərbaycanlılar da orada iştirak elədilər. Batum konfransı zamanı Rusiya ilə Osmanlı arasında Brest sülhü bağlanmışdı. Bu sülhə görə Rusiya Ərzincan, Trabzon, Qars və Batumu Türkiyəyə verməli, o da ordusunu çəkib aparmalı idi. Onda Osmanlı Zaqafqaziyaya bildirir ki, siz bu şəhərləri boşaltmalısız, onlar da razılaşmadılar, ermənlər və gürcülər şəhərləri verməkdən imtina etdilər. Türkiyə də müharibə ilə o şəhərləri, ən sonda da Batumu aldı. Zaqafqaziya əvvəlcə Brest sülhünü tanımadı. Batum alındıqdan sonra əlacsız qalıb bildirdilər ki, tanıyırıq. O zaman Tükiyə bildirdi ki, mən də sizi tanımaq istəyirəm. Siz kimsiniz? Müstəqil dövlətsiz, ya Rusiyanın tərkib hissəsiniz? Mənimlə sülh müqaviləsi imzalamaq istəyirsinizsə, özünüzü müstəqil elan edin. Bunlar da Zaqafqaziya Federativ Demokratik Cümhuriyyəti elan elədilər. Amma yenə Türkiyə onlara ultimatum verəndə Gürcüstan müharibəyə hazırlaşdığı zaman Azərbaycan bildirdi ki, biz Türkiyə ilə müharibə etmirik. Gürcüstan 26 mayda bu qurumdan çıxdı, onun çıxması ilə seym də dağıldı. Nəticədə, mayın 28-də də Azərbaycan ayrılıb özünü müstəqil elan etdi, 30-da da Ermənistan. Lakin onun müstəqillik elan etməsi aylar çəkdi. O, Rusiyanın tərkibindən çıxmaq istəmirdi. Beləliklə də, 1917-18-ci illərdə biz bu yolu keçdik. O dönəmdə artıq bizim dövlət idarəçiliyində, həm də parlamentdə təcrübəmiz var idi. Onu deyim ki, Zaqafqaziya seyminin sədrinin birinci müavini Həsən bəy Ağayev idi. Azərbaycan Cümhuriyyətində də parlamentin sədr müavini elə o idi. Cümhuriyyətin yaranmasına gələn yol qısaca da olsa, bundan ibarətdir.
Elnarə Akimova: - Vaqif müəllim, deyə bilərikmi, Azərbaycan Xalq Cümhuriyyəti bir tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri boyu milli siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir? Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii düşüncəyə söykənirdi. İstərdim ki, bu məqamlara da toxunaq.
Vaqif Sultanlı: - Öncə qeyd edim ki, Cümhuriyyət hər hansı elmi müzakirə üçün geniş mövzudur, onu bütün yönlərilə dəyərləndirmək o qədər də asan deyildir. Məncə, Cümhuriyyət müstəqil dövlətçilik zəminində, tarixi-siyasi müstəvidə, ədəbi sferada, mədəniyyət quruculuğu, dil siyasəti kontekstində ayrı-ayrılıqda müzakirəyə çıxarılarsa, daha konkret mülahizələr yürütmək olar. Sualınıza gəlincə, şübhəsiz ki, hər bir dövlətin qurulması, yaranması, yaşaması üçün istiqlal təfəkkürünü formalaşdıran ciddi təməl olmalıdır. Bu təməlsiz dövlətçilik təfəkkürünün gerçəkləşməsi mümkün deyildir.
Elnarə Akimova: - Bəli, məhz bu məqama toxunulmasını istərdim. Təməllər məsələsinə...
Vaqif Sultanlı: - Bununla bağlı bəzi məqamları xatırlatmaq istərdim. Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu "Üç mədəniyyət" əsərində Fransa inqilabının arxasında güclü fransız ədəbiyyatının dayandığını, dunyanı sarsıdan rus bolşevik inqilabının isə XIX əsr rus ədəbiyyatının ədalət çağırışlarından qaynaqlandığını yazır. Azərbaycan Cümhuriyyətinə də bu prizmadan yanaşılarsa, eyni qənaətə gəlmək olar. Çünki onun arxasında tarixin heç bir dönəmində təsadüf edilməyən nəhəng bir kültür potensialı vardı: F.Köçərli, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Vəzirov, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, S.Hüseyn, Ə.Cavad, C.Cabbarlı, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və başqaları. Adlar sadalanmaqla bitmir. Qısa bir zaman kəsiyində yetişmiş bu qüdrətli yazarlar nəsli olmasaydı, Cümhuriyyət məfkurəsi formalaşmaz, əsla qələbə çalmazdı. Məhz bu yazarların ciddi yaradıcılığı sayəsində ədəbiyyatın sadəcə əyləncə deyil, bütün böyük dəyişikliklərin təməlində duran vasitə olduğu aşkara çıxarıldı.
Elnarə Akimova: - O da maraqlıdır ki, bizdə heç vaxt intellekt və emosiya potensialı o dönəmdəki kimi toplu şəklində üzə çıxmadı - vahid ədəbi-estetik qayəyə xidmət mənasında yəni.
Vaqif Sultanlı: - Bəli, iyirminci yüzilin əvvəlləri, Cümhuriyyət öncəsi ədəbiyyatın millətə ən çox yaxınlaşdığı dövrdür. Azərbaycan xalqının milli problemləri bu illərdəki qədər heç zaman fundamental şəkildə bədii ədəbiyyatın mövzusuna çevrilməyib. Ədəbiyyat tarixçiliyi, ədəbi tənqid, janrların dinamikası, teatr sənəti kimi ən müxtəlif sahələrdə böyük uğurlar qazanılıb. Siz F.Köçərlinin yazılarına diqqət yetirin. O, təkcə ədəbiyyat tarixi yaratmaqla qalmadı, ədəbiyyata yön verən mütəfəkkirlərdən birinə çevrildi. Bir də onların taleyi ilə yazdıqları arasında hədsiz dərəcədə yaxınlıq vardı. Bütün bunlar göstərir ki, Cümhuriyyət zəminsiz, təməlsiz yaranmamışdı. Bu məsələlərin, əlbəttə ki, çox ciddi şəkildə araşdırılmasına ehtiyac var. Bəzən problemlərə səthi formada yanaşılır. Dünyada cərəyan edən hadisələrlə, şübhəsiz ki, Azərbaycanda gedən proseslərin bir bağlılığı var. Ancaq bəhs etdiyimiz mədəniyyət təməli olmadan dövlət qurulması mümkün deyildi. Bir məsələni də qeyd etmək istəyirəm ki, biz Cümhuriyyəti qurduq, lakin onun uzun müddət yaşaması təmin olunmadı. M.Ə.Rəsulzadənin "İstiqlal məfkurəsi və gənclik" adlı əsərində ədəbiyyatda istiqlal mövzusuna ciddi önəm verilir. Səhv etmirəmsə, bu əsər 1925-ci ildə Türkiyədə çap olunub. Məhəmməd Əmin bəy həmin əsəri Finlandiyada olduğu qısa müddət ərzindəki müşahidələri əsasında yazıb. Orda qeyd olunur ki, fin folklorunda İsveç və rus köləliyinə qarşı saysız-hesabsız xalq nəğmələri var. Bu xalqın təfəkkürünə istiqlal məfkurəsi o qədər yerləşib ki, o heç bir zaman köləliklə barışıq yolunu tutmaz. Məhəmməd Əmin bəy müqayisə də aparır, bizim xalq ədəbiyyatımızda istiqlal mövzusunda əsərlərə daha çox ehtiyac oluduğunu yazır.
Elnarə Akimova: - Amma "Əsrimizin Səyavuşu"nda qeyd edir ki, Cümhuriyyət xalqın ruhundan, öz istəyindən doğdu.
Vaqif Sultanlı: - Əlbəttə, Cümhuriyyət xalqın ruhundan, azadlıq, hürriyyət istəyindən doğmuşdu. Ancaq onun yaranması asanlıqla başa gəlməmişdi. Cümhuriyyətin - dövrün mürəkkəb siyasi şərtləri, xarici və daxili düşmənlərin müqaviməti şəraitində hansı çətinliklər bahasına yarandığını Məhəmməd Əmin bəyin o zaman söylədiyi bir fikir daha sərrast ifadə edir: "Ah! Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız sənin adını soyləmək üçün necə məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq".
Elnarə Akimova: - Alxan müəllim, Cümhuriyyət dövrü ədəbiyyatını bir mərhələ kimi səciyyələndirə bilərik, sizcə?
Alxan Bayramoğlu: - Əvvəlcə Cümhuriyyətlə bağlı bayaqkı suallara münasibət bildirmək istəyirəm. Demək istərdim ki, müəyyən müqavilələrin bağlanması, inzibati işlərin görülməsi və s. bunların hamısı nəticə idi. O nəticəyə qədər sizlərin vurğuladığınız məsələlər bir mərhələ idi. 1918-ci il tarixin verdiyi bir fürsət idi və bu fürsətə millət hazır olmasaydı, onda heç nə etmək mümkün olmazdı. O fürsətə biz hazır idikmi? Bəli..
XIX əsrin ortalarından ki, Azərbaycanın ictimai-mədəni mühitində M.F.Axundzadədən gələn tərəqqi, qadın azadlığı, dil məsələsi sabit qalmışdı...
Qadınlar ki, ictimai həyatdan təcrid olunmuşdu, ona görə cəmiyyətdə qadın təhsili, qadın azadlığı məsələsi meydana gəldi, milli özünüdərk formalaşdı. Elnarə xanım, sizin dediyiniz milli mənlik məsələsindən əvvəl milli özünüdərk gəlir. Əvvəllər heç millət anlayışı yox idi. Hər kəs Məhəmməd ümməti kimi özünün ancaq dini mənsubiyyətini bilirdi. Hətta XIX əsrdə "Kəşkül" qəzetində "Azərbaycanlı" imzası ilə belə bir felyeton verilmişdi - "Avam gəzmək yuxu yatmaqmı dedin".
Orada göstərilir ki, bir italiyalı məndən (yəni müsəlmandan) soruşdu ki, hansı millətdənsən?
Dedim: - Müsəlmanam.
Dedi: - Bilirəm, müsəlmansan. Bəs millətin nədir? Hansı millətdənsən?
Dedim: - Millət nədir bilmirəm, molla hansı millətdəndirsə, mən də ondanam.
İtaliyalı deyir: - Yox, sən müsəlmansan, düzdür. Bu, sənin dinindir, bəs millətin nədir?
Müsəlman deyir: - Bilmirəm.
İtaliyalı ona başa salır ki, sən azərbaycanlısan. Ümmətcə müsəlman, millətcə Azərbaycan türküsən…
O ki qaldı Cümhuriyyət ədəbiyyatının bir mərhələ kimi səciyyələndirilməsinə, bəli, bu dövrəqədərki ədəbiyyat Cümhuriyyətə bir hazırlıq idisə, Cümhuriyyət dövrü ədəbiyyatı həmin hazırlığın nəticəsi, yekunu kimi ayrıca bir mərhələdir.
Azər Turan: - Bu felyeton neçənci ildə yazılıb?
Alxan Bayramoğlu: - 1891-ci ildə "Kəşkül" qəzetində çıxıb. Burada ilk dəfə ümmətdən millətə doğru bir addım atıldı, azərbaycanlı söhbəti ortaya gəldi. Sonra 1891-ci ildə "Kaspi" qəzetində M.Şahtaxtlının belə bir məqaləsi çıxıb: "Azərbaycan tatarlarını necə adlandırmalı?" Həmin məqaləni Azərbaycan dilinə tərcümədə elmi ictimaiyyətə akademik İsa Həbibbəyli təqdim edib. Məqalədə Məhəmməd ağa göstərir ki, tatarlar var, türkmənlər var, qazaxlar var. Bunlar da türksoylu xalqlardır. Lakin onların dili, düşüncə tərzi ilə Azərbaycan türklərinin dili, düşüncəsi tamam ayrıdır. Ona görə bu tatarları, yəni Azərbaycan tatarlarını Azərbaycan milləti adlandırmaq lazımdır. Bunlar tatar deyil.
Azər Turan: - Zəki Vəlidi Toğan İbn Hişamın "Kitab əl Tican" əsərində Azərbaycanla bağlı ən mötəbər qaynağı - əməvi xəlifəsinin "Azərbaycan haradır?" sualına Ubeyd bin Sariyanın verdiyi cavabı xatırladır: "Azərbaycan əskidən türklərə aid bir məmləkət idi".
Alxan Bayramoğlu: - Bir məqam da var ki, ruslar bizi monqol tatarları ilə qarışıq salırdılar. İndi də gürcülər, ruslar qaraqaş, qarasaç birini görən kimi tatar adlandırırlar. Ruslar 340 il monqol-tatarlar tərəfindən əsarətdə qaldığı üçün indi də bizləri onlara bənzədib tatar adlandırırlar. XIX əsrin sonları, XX əsrin əvvəllərində bizim xalqın rəsmi adı ruslar tərəfindən belə dərk və qəbul edilmişdi. Hətta 1903-cü ildə F.Köçərli öz kitabının adını "Azərbaycan tatarlarınınn ədəbiyyatı" qoymuşdu. M.Şahtaxtlı isə elmi şəkildə, məntiqi dəlillərlə əsaslandırdı ki, bu, belə deyil. Bizim xalq, bütün parametrlərinə görə tatar yox, Azərbaycan türkü, azərbaycanlıdır.
Vaqif Sultanlı: - Amma o kitabın rusca variantında tatar sözü işlənib, Azərbaycan, daha doğrusu, türk dilində olanı "Azərbaycan türklərinin ədəbiyyatı" adlanır.
Alxan Bayramoğlu: - Məhəmməd ağa Şahtaxtlının "Azərbaycan türklərini necə adlandırmalı" məqaləsindən sonra XIX əsrin sonlarına doğru daha müasir düşüncə formalaşmağa başlayır. Cəmiyyətdə suallar yaranır ki, "bizə elmi-əbyan, ya elmi-ədyan, yəni dini elmlər, yoxsa dünyəvi elmlər lazımlıdır?" Bu müzakirə 1905-ci ildə "Həyat" qəzetində "Bizə hansı elmlər lazımdır?" başlığı altında daha da inkişaf etmiş məzmunda davam edir. 1876-cı ildə "Əkinçi" qəzetindən başlanan məsələ burada da davam edir. Həmin müzakirə materialları 1907-ci ildə "Qeyrət" mətbəəsində kitab halında da çapdan çıxır. Orada Əbuturab Axundovun, C.Məmmədquluzadənin, Ə.Hüseynzadənin, Ö.F.Nemanzadənin məsələyə münasibəti yer alıb.
Bütün bunlar millətin özünü tanımasına gətirib çıxarırdı. XIX əsrin sonlarına doğru siyasi dərnəklər yarandı. Bu hal maarifçi düşüncəyə siyasi düşüncə də gətirdi, sonra isə siyasi şüur formalaşmağa başladı. Burada artıq cəmiyyətin ağırlıq mərkəzindən kimin çiynində olması məsələsi ortaya gəlib çıxır. S.S.Axundovun "Yuxu" hekayəsində qoca yükçü kəndli "cəmiyyətin sütunu kimdir" sualına cavab verir ki, cəmiyyətin əsas qüvvəsi bizik. A.Divanbəyoğlunun "Fəhlə" hekayəsində də deyilir ki, biz fəhlələr zəhməti çəkirik, ağalar isə bizim hesabımıza firavan yaşayırlar. Bizsiz onlar heçdirlər. Bu hekayədən də görünür ki, kütlə yavaş-yavaş başa düşür ki, ağalar, bəylər sinfi onların çiynindədir. Artıq maarifçi düşüncəyə siyasi düşüncə də əlavə edilir. 1906-cı ildə Sabir satirik tipin dilindən təsadüfən yazmırdı ki, "Bu çərxi-fələk tərsinə dövran edir indi, fəhlə də özünü daxili insan edir indi."
Bu o demək idi ki, cəmiyyətdə inqilabi şüur da formalaşırdı. 1905-ci il hadisələri şüurlarda bir çevriliş yaratdı. Ü.Hacıbəyovun "Nağıl" felyetonu var: Hamı düşünürdü ki, Rusiya kimi belə böyük bir imperiyanı heç kim məğlub edə bilməz. Rusların rus-yapon müharibəsindəki məğlubiyyəti onun nüfuzunu sarsıtdı. Fikirləşirdilər ki, ərazicə belə kiçik bir dövlət imperiyanı məğlub etdisə, deməli, o, o qədər də güclü deyil. Bu da camaatda bir inam yaratdı ki, bu imperiyanın əsarətindən çıxa bilərlər. İnqilabi oyanma güclənməyə başlayırdı, inqilabi düşüncə yaranmışdı. Lakin I Dünya müharibəsi onun qarşısını aldı. 1915-ci ilin axırlarında "Dirilik" jurnalı çıxdı. Rəsulzadə "Dirilik nədir?" məqaləsində diriliyi şərh elədi. Dalınca "Milli dirilik nədir?" məqaləsi çıxdı. Orada milli dirilikdən söhbət gedirdi. Bu mövzuda müəllifin üç məqaləsi çıxdı.
"Azərbaycan muxtariyyəti" kitabçasında Y.V.Çəmənzəminli yazır: "... Biz 1918-ci ilə qədər ancaq muxtar hüquqlar barədə düşünmürdük. Düşünürdük ki, imperiya daxilində bizə muxtar hüquq versələr, böyük şeydi. Elə ki 1918-ci ilin fevral inqilabından sonra ayrı-ayrı xalqların öz müstəqilliklərini elan etdiyini gördük, bizdə də milli müstəqillik fikri yarandı. Bundan sonra dediyiniz o inzibati işlər baş verdi. Birdən-birə yox, neçə mərhələ keçdikdən sonra müstəqil olmaq fikri reallaşdı.
Bütün bunların əsasında yenə də ədəbiyyat böyük rol oynadı. Bu işdə Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Məhəmməd ağa Şahtaxtlının, Ö.F.Nemanzadə, Ə.Ağayev, Ə.Hüseynzadə və başqalarının rolu danılmazdır.
"Şərqi-Rus"un səhifələrində açıq polemikalar verilirdi. Ən demokratik jurnalistika "Şərqi-Rus"da idi. İndi heç bir redaktor özünü tənqid edən yazıları başçılıq etdiyi qəzetdə verməz. Şahtaxtlı isə onu tənqid edən yazıları da "Şərqi-Rus" səhifələrində verir, hər hansı məsələ ətrafında sağlam polemikaya şərait yaradırdı.
Məsələn, onun Əlifba layihəsi haqda tənqidi fikirləri də "Şərqi-Rus"da yer alırdı. Bir sözlə, ilk dəfə azad söz, demokratik jurnalistika "Şərqi-rus"da özünü göstərdi.
Azər Turan: - Amma düşündürücü bir məqam da var ki, üstündən sükutla keçməyək. 1913-cü ildə Ziya Gökalp "Qızıl alma" dastanını yazır. Yəni bunu ilk dəfə elmi və poetik müstəviyə Ziya Gökalp çıxarır. Özü də dediyim kimi, 1913-cü ildə.
Alxan Bayramoğlu: - "Qızıl alma" bizim "Məlikməmməd" nağılından gəlmə bir motivdir.... Div insanlara əbədi həyat verəcək qırmızı - qızıl almaları oğurlayırdı ki, insanlar əbədi həyat qazanmasınlar.
Azər Turan: - Bəli. Nağıllardanmı, mifolojidənmi gələn "Qızıl alma" dastanı. Əsas məsələ odur ki, "Qızıl alma" dastanının qəhrəmanı Ayxanım əslən bakılıdır, atası azəri türkü, anası qırğızın konrad boyundandır. Valideynlərini itirib Parisdə təhsil almağa gedən Ayxanımın düşüncəsində Turan aləmini maarifləndirməkdən başqa bir istəyi də yoxdur. Nəhayət, Ayxanım təhsilini tamamlayıb Bakıya gəlir, biri qızlar, digəri isə oğlanlar üçün məktəb açmaq niyyətindədir, o, açacağı məktəbi də: "İstiqlal beşiyi" adlandırır. Çox maraqlıdır ki, türk ədəbiyyatında istiqlal beşiyi olaraq görünən ilk məkan məhz Bakıda nişan verilir. Bizdə isə deyirlər ki, bu illərdə hələ istiqlal söhbəti olmayıb. Belə çıxır ki, Azərbaycandan kənarda Azərbaycanın istiqlalı bədii əsərlərin predmetiymiş.
Maraqlıdır ki, biz arxiv materiallarını sona qədər öyrənməyə cəhd etmirik. Biz məsələn, 1905-ci ildə keçirilmiş Birinci Ümumrusiya müsəlmanlarının qurultayı barədə əsasən Musa Carulla Biqinin "İslahat əsasları", Hüseyn Bayqaranın "Azərbaycan istiqlal mübarizəsi" əsərlərinə və başqa əsərlərə istinadən qismən bilirik. Əbdürrəşid İbrahimin evində İttifaqi-Müsliminin təşkilatının yaradılması ilə bağlı ideyaların necə doğulduğunu da bilirik. Birinci qurultayla bağlı müəyyən bilgilərimiz var. Amma öyrənilməyən, barəsində kitab yazılmalı, filmlər çəkilməli, dissertasiyalar yazılmalı olduğu halda haqqında davamlı susduğumuz başqa bir tədbir - 1905-ci ilin 15 martında Bakıda Hacı Zeynalabdin Tağıyevin mülkündə Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Adil Xan Ziyadxanın, Əli Mərdan bəy Topçubaşinin, Fərrux Vəzirovun bir araya gəlməsi barədə, Qafqaz müsəlmanlarının Çara ünvanlanmış mütalibənaməsinin - petisiyanın yazılması barədə söhbətlərin geniş fundamental tədqiqata cəlb olunmaması Cümhuriyyət tariximizin öyrənilməsi yolunda ciddi kəsirlərimizdən biridir. Unuduruq ki, həmin tələbnamənin yazılmasıyla Azərbaycan tarixinin iyirminci əsri başlanmışdı.
Alxan Bayramoğlu: - Azər müəllim, sizin dediyiniz bu mütalibənamə, Cümhuriyyətin hazırlıq mərhələsinə aid edilməlidir. Onlar ictimai şüurda yaranan ilkin rüşeymlər idi. Həmin rüşeymlər bir "meyvə" kimi yalnız 1918-ci ildə tam halda ortaya çıxdı.
Azər Turan: - Amma axı Dilarə Seyidzadəyə görə həmin petisiya Azərbaycanda çar hakimiyyət orqanlarına təqdim olunmuş ilk proqram sənədi, bu və ya digər inzibati instansiyalara müraciətlər və hər cür məktublar üçün bir növ platforma və əsas idi.
Amma biz aydınlaşdırmağa cəhd etmirik ki, Azərbaycanda diplomatik, "rəsmi-inzibati müraciətlər üçün platforma və əsas"a çevrilmiş bu tarixi sənədin əsli hardadır? Petisiya hansı siyasi təfəkkürün məhsuludur? Doğrudur, tarixçilərin cavabı bəllidir: "Petisiya Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanıb". Petisiyanın Rusiya Federasiyası Dövlət Tarix Arxivində saxlanan rusca yazılmış variantını görən tarixçilərimiz belə düşünə bilər. Fəqət petisiya türkcə hazırlanmış əlyazması Əli bəy Hüseynzadəyə məxsusdur. Biz petisiyanın Azərbaycanca olan versiyasını əldə edib onu iki il öncə "Ədəbiyyat qəzeti"ndə dərc etdik. Etsək də bu, tarixçilərimizin, Cümhuriyyət dövrü araşdırıcılarımızın diqqətini cəlb etmədi. Halbuki etməliydi. Ən azından o səbəbdən ki, mütaliqənamədə istiqlal bəyannaməsində əks olunan fikirləri bir-bir ortaya çıxarmaq olar. Ədalət müəllim bu məsələni bizdən yaxşı bilir. Orada bəzi paraqraflar var ki, onlar istiqlal bəyannaməsində eynilə təkrarlanır. Petisiya isə xatırladım ki, 1905-ci ildə qələmə alınmışdı.
Alxan Bayramoğlu: - Elə 1905-ci ildə "Həyat" qəzetində türklük məsələsi qoyulurdu. "Füyuzat"da isə daha çox turançılıq. Burada Azərbaycandan söhbət getmir. Hətta Y.V.Çəmənzəminlinin bir məqaləsi var - "Bizə ciddi ədəbiyyat çoxdan lazım idi". O, "Füyuzat"ı da, "Şəlalə"ni də tənqid edir. Deyir ki, burada heç Azərbaycan adlı bir kəlmə də yoxdu. Hətta jurnalın üz qabığında da Osmanlıya aid rəsmlər, yaxud Tac Mahalın və ya ayrı-ayrı görkəmli şəxsiyyətlərin şəkilləri, türk-müsəlman dünyasının abidələrinin, tarixi şəxsiyyətlərinin şəkilləri yer alırdı. Azərbaycandan heç bir nişanə də yoxdu. Bu necə milli mətbuatdı?
Elnarə Akimova: - Əli bəy Hüseynzadənin bir məqaləsi də "Türklər kimdir və kimlərdən ibarətdir?" adlanırdı.
Alxan Bayramoğlu: - Yox, o, "Həyat" qəzetində çıxmışdı. "Füyuzat"da tamam turançılıq ideyalarına döndü. O məqalənin yazılması da "Məktubi-məxsusi" ilə bağlı idi. Osmanlı dağılmaq ərəfəsində olanda belə bir fikir ortaya atdılar ki, imperiyanın dağılmasına səbəb digər türk tayfalarıdır. Onlar bizə mane olurlar. Onları ataq, hakimiyyətdə yalnız özümüz, yəni türk-osmanlı tayfaları olaq. Əli bəy Hüseynzadə də Misirdə çıxan "Türk" qəzetinə yazdı ki, "Xeyr, biz heç də bir-birimizi atmalı deyilik, əksinə, birləşməliyik".
"Türk" qəzetində Ə.Hüseynzadənin bu mövqeyi tənqid edildi. O da həmin tənqidlərə cavabı sonradan "Həyat" qəzetində "Məktubi-məxsusi"nin davamı kimi "Türklər kimdir və kimlərdən ibarətdir?" məqaləsi ilə verdi. Əli bəy əsaslandırırdı ki, bütün türksoylu tayfalar eyni kökdən olub, sanki bir ağacın budaqlarıdır. Ona görə onlar ayrılmalı yox, bir amal ətrafında birləşməlidirlər. "Füyuzat"da isə türkləri turançılıq, vahid turan dövləti, turan ideyası ətrafında birləşdirməyə çalışırdı.
Cümhuriyyətə qədər olan hazırlıq mərhələsində qadın azadlığı, qadın təhsili, yeni məktəb proqramları, milli təhsil məsələsi ortaya qoyuldu. 1906-1907-ci illərdə Azərbaycan müəllimlərinin qurultayları oldu. Milli təhsil məsələsi ortaya qoyuldu. Bir məsələ də Ana dili dərsi və ana dili müəllimlərinə verilən əmək haqqı ilə bağlı idi. Onlara çox az pul verirdilər. Ana dili müəllimləri zəhmət haqqı kimi camaatdan yığılan pulların hesabına qəpik-quruş alırdılar. Bu da Ana dilini sıxışdırmağın bir yolu idi. Digər müəllimlərə, rus dili müəlliminə dövlət yaxşı əmək haqqı ödəyirdi. Nərimanov belə bir tələb irəli sürdü ki, Ana dili müəllimlərinin də əmək haqları dövlət vəsaiti hesabına ödənsin. Artıq Cümhuriyyət ərəfəsində milli mənlik şüuru, milli tarixi yaddaşa qayıdış məsələləri özünü qabarıq şəkildə göstərməyə başladı. Məsələn, Ümgülsümün "Ey türk oğlu!.." şeirində deyilir:
Ey türk, sən ey qəhrəman, yigit oğlu Turanın
Şanlı, yüksək babanın öyüdünü unutma.
Sən də yürü o yolu.
...Tarixlərdə həp sənin rəşadətin, hünərin,
Bildirişin, fırtınan oxunurkən sən neçün
Avropaya qarşı bir
Yersiz, yurdsuz əsirtək
boyun büküb durasan?
Şairəyə görə, millətin mənsub olduğu məziyyətlər onun gəncliyinə, hər yeni nəslinə çatdırılmalıdır. Əks təqdirdə öz qüdrətindən bixəbərlikdən doğan yazıqlıq milləti uçuruma - məhvə sürükləyər. Yüz illərcə davam edən bu rəzalətdən qurtarmaq üçün ancaq mübarizə, özü də əsl cəngavər mübarizəsi tələb olunur:
Yüz illərcə əzildin, ayaqlandın, yetişər,
Yüz illərcə hıçqırdın, duyulmadı heç səsin,
Şimdi hayqır və bağır bitməmişkən nəfəsin.
Müəllif öz soydaşlarını başa salmağa çalışır ki, azadlıq və istiqlaliyyət adlı bəşəri nemətə hər bir xalq ancaq özünün əqli, elmi və hərbi-fiziki qüdrəti ilə çata bilər. Umgülsüm bu cür məziyyətlərin öz soydaşlarında - Qafqaz türklərində yüksək səviyyədə mövcudluğunu qeyd edərək nəzərə çatdırır ki, Qərb dünyasının hər hansı psixoloji təsir vasitəsi və hərəkətlərlə xalqın bu yüksək keyfiyyətləri üzərinə kölgə salmasına imkan vermək olmaz. Buna heç milli-mənəvi haqqımız da yoxdur:
Ey qəhrəman, düşmənə qılınc tutan biləyin
Vətəninə, yurduna birər qələ sayılır.
Bu gün sənin ən parlaq, ən dəyərli diləyin
Öz ürfaniyin gücilə, qüdrətilə verilir.
Qafqasiyanın ən böyük, yüksək, ulu dağları,
Ormanları, bağları
Sənin müzəffər adın, şərəfinlə tanınsın,
Səni vəhşi tanıyan o mədəni canavar
Məğlub olsun, xar olsun, intiqamlar alınsın.
Türk bayrağı o zaman göy üzündə parıldar.
Şairənin vətəndaş qəlbinə ən çox təsir edən bir də odur ki, "mədəni canavarlar" yüz illərlə öz yırtıcı xislətlərini gizlətmək üçün bizi daima vəhşi adlandırıb, ləyaqətimizi təhqir edərək, özümüzü soyublar. Odur ki, müəllif soydaşlarını milli mənliyini dərk edərək tarixi ədalətsizliyin əvəzini amansız intiqamla, düşməni xar və zəlil etməklə almağa çağırır. Onun qənaətincə, çarpışma və qələbələrsiz "türk bayrağı göy üzündə parıldamaz".
"Mədəni canavar" deyərkən şeirdə bir üsyankarlıq duyulur. Nə üçün Avropaya qarşı yersiz, yurdsuzun biritək boynunu büküb durursan? Şeirlərdə belə etirazlar duyulurdu. Ümgülsümün qadınlara müraciətlə 1917-ci ilin dekabrında yazılmış "Səs verəlim!" adlı bir şeiri də var. Deyir, gəlin biz də səslənək, səsimizi ərlərimizin, oğullarımızın səsinə qataq ki, türk oğlu öksüz (yetim, arxasız) sayılmasın. Səslənək ki, varlığımız bilinsin. Burada mübarizəyə bir çağırış var. Və ya M.Hadinin "Zəfəri-nəhayiyə doğru" şeirində orduya vətənin, milli şərəf və ləyaqətin qorunmasına çağırış çox qabarıqdır.
Mərd olan əsgərligi təqdir edər əzyan ilə,
Əsgər olmaq fərzdir hər möminə Quran ilə.
Əsgər olmaq bir şərəfdir türk üçün,
islam üçün,
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.
Ən işıq bir ömr istərsək günəş altında biz,
Durmalı iddiayə qarşı qeyrəti-rəxşan ilə.
Daima türk oğlu hifz etmişdir öz namusunu,
Əldəki süyfu şücaət, dildəki iman ilə.
Demək, əsl kişi əsgər olmağı özünə şərəf bilməlidir. Çünki vətən və milləti qoruyan, onun şərəfini uca saxlayan qüvvə əsgərdir, ordudur. Təsadüfi deyil ki, bu kainatda, günəş altında işıqlı, xoşbəxt ömür sürmək istəyən fərd və xalq onun varlığına, hüququna təcavüz edən hər hansı bir qüvvəyə, cəbrə qarşı rəşadət və mətanətlə, əzmkarlıqla durmağı bacarmasa, daim tapdaq altında qalmağa məhkumdur. Hadi fəxr və sevinclə bildirirdi ki, türk oğlu öz namusunu əldəki sıyrılmış qılınc, dildəki iman, ədalətlə daim hifz edib, qoruyubdur. Odur ki, onlar dünya atəşə dönsə də, qorxmurlar. Çünki döyüşdə bərkiyiblər:
Qorxmarız düşməndən əsla,
dönsə dünya atəşə,
Hər zamanda etmişiz qovğa qövi-şahan ilə.
Ta əzəldəndir cahanda şanlıdır tariximiz,
Zişərəf bir millətiz tarixdə bürhan ilə.
Qorxmarız meydani-qovğadən,
əmin ol, ey ədu!
Torpağın üstü cəhənnəm olsa da vulkan ilə.
Daima əlayi-şam etməkliyə amadəyiz,
İştə milyonlarla hazər can ilə, qurban ilə.
Türk oğlu bütün döyüşlərdən şücaətlə çıxdığından düşmənə meydan oxuyur. Onun hər kəlməsində öz gücünə, qüdrətinə inamdan doğan daxili və tükənməz qürur, cəsarət, əzəmət hakimdir:
Atəşi-iddəayi söndürmədə həp hazırız,
Atəşin bir qeyrət ilə, atəşin bir şan ilə!
İştə bax! Türkün hilalı bir nuri-bəxşi-şərqdir,
Şərqi tənvir eyləriz əlbət məhtəban ilə,
Millətim uğrunda çıxsa belə qəbrim qarşıma,
Qəbrimə qarşı qoşardım çöhreyi-xəndan ilə.
M.Hadini vəcdə gətirən bir də türkün, Azərbaycanın yüksələn hilalının bütün Şərq aləminə bir nur bəxş edəcəyi inamıdır. Odur ki, o, millətin və vətənin səadəti yolunda ölümlə qarşılaşsa belə, yenə əzmlə, sevinclə, gülər üzlə ona doğru gedəcəyini bəyan edir.
Şair türk oğlunu özünü qorumağa, özünün türk olduğunu, türk əsilli olduğunu xatırlamağa çağırır. Bundan sonra isə Cümhuriyyət elan edildikdən sonra qazanılmışların qorunması, saxlanması və möhkəmləndirilməsi məsələsi ortaya çıxır.
Məsələn, Üzeyir Hacıbəyov "Mühüm məsələlər" felyetonunda yazır: "Bizim mühüm məsələlərdən biri budur ki, özümüzü daxili düşmənlərdən - içimizdəki denikinlərdən qorumalıyıq. Digəri beynəlxalq məsələlər - Paris sülh konfransı ilə bağlı idi. Ədəbiyyat həmin məsələləri təbliğ edirdi ki, onları sadə insanlar da dərk etsinlər. "Ümid ilə yaşayın!" adlı məqaləsində M.Hadi deyir: "Hər bir siyasi dövr dəyişəndə insanlarda bir pəjmürdəlik, qarışıqlıq yaranır. Ümidsizlik yasdarlıq gətirir. Ümidlə yaşayın ki, problemləri həll etmək əzmi yüksək olsun".
Elnarə Akimova: - Bu şeirlər adamda hədsiz coşqu yaradır. Cümhuriyyət millətə vətən sevdalı belə şeirlər qazandırdı həm də. İstərdim, digər məsələlərə də toxunaq. Ədalət müəllim, Azərbaycan Cümhuriyyətinin diplomatiyasının çıxış nöqtələrini hansı məqamlar təşkil edirdi?
Ardı var…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!