"Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur" - Xalq şairi Ramiz Rövşənlə müsahibə

 

Həmsöhbətimiz - Azərbaycan ədəbiyyatına yeni nəfəs, ruh, ahəng və rəng gətirən, yaradıcılığında insanın daxili aləmini, həyatın fəlsəfi və milli mənzərələrini poetik incəliklə əks etdirən, əsərləri oxucuların qəlbində dərin iz buraxan, çağdaş poeziyanın ən duyğulu və düşüncəli simalarından biri, şair, tərcüməçi və publisist, Azərbaycanın Xalq şairi Ramiz Rövşəndir.

 

 

- Sizcə, yazıçı və şairin ədəbiyyat aləmində öz səsini tapması üçün istedad, zəhmət, axtarış və istək kifayət edirmi? Yoxsa bunun üçün insanın içində illərlə formalaşan gizli bir mənəvi məktəb də olmalıdır?

- Şairlik, rəssamlıq, bəstəkarlıq... Ümumiyyətlə, bədii istedad Allah vergisidir. Əgər bu vergi yoxdursa, heç bir mütaliə ilə, zəhmətlə, tər tökməklə bu boşluğun yerini doldurmaq mümkün deyil. Uzaqbaşı, qrafoman olacaqsan. Amma təkcə istedada arxayın olmaqla da əsl sənətkar olmaq çətin məsələdir. Uzaqbaşı, diletant olacaqsan. Ümumiyyətlə, istedadın ən böyük və cazibədar düşməni arxayınçılıq və tənbəllikdir. Mənim haçansa yarımçıq qoyduğum yazılar bu günəcən də yarımçıq qalır. Və mən o yazıların qarşısında özümü günahkar sayıram. Ona görə də irili-xırdalı bütün yazdıqlarınızı elə o yazı prosesindəcə mütləq tamamlamağa çalışın, bu işi sonraya saxlayıb günah sahibi olmayın.

O ki qaldı, yazdıqlarımıza...

Hər hansı bir şeir ani bir təsadüfdən yarana bilər. Amma o şeirin oxucuya hansı bədii və mənəvi dəyərləri aşılaması müəllifin özünün hansı bədii və mənəvi dəyərlərin sahibi olmasından irəli gəlir.

- "Öz səsi" şairə Tanrıdan gələn bir bəxşişdirmi, yoxsa həyat, təcrübə və sınavların içində cilalanan bir sənətkarlıqmı?

- Şairin səsi, intonasiyası geniş anlayışdır. Amma öz şeirindəki hansısa boşluqları səsiylə, nəfəsiylə doldurmağa çalışması şairin gücsüzlüyünün ifadəsidir. Əsl poetik sözün heç bir səsə, pafosa ehtiyacı yoxdur.

- Bizdə şair həmişə "haqq aşiqi" sayılıb. Yəni, Allahı və həqiqəti sevən.

- Haqqın yox, gücün yanında olmağa və bundan bəhrələnməyə çalışmaq şair üçün də, şeir üçün də öldürücüdür.

Təəssüf ki, sovet dövründə biz bunun bir çox nümunələrini gördük. Amma aldıqları bütün o fəxri adlar, mükafatlar o şairləri unudulmaqdan xilas eləyə bilmədi. 

- Azərbaycan şeirinin canında yaşayan musiqi, xalq nəfəsi və rəmzlər - bunlar sizin üçün nə qədər önəmlidir və necə bir bədii güc daşıyır?

- Bütün o saydıqlarınız hər bir azərbaycanlı kimi, mənim də ruhumda, yaddaşımın alt qatında həmişə var və onlardan təkan alan, qidalanan şeirlərim də az deyil. Amma əsrlər boyu formalaşmış o rəmzlərin tam əksinə olan şeirlərim də var. Onlardan ən məşhuru "İlan balası"dır. 

- Yaş artdıqca zamanın axışı dəyişir. "Tez keçən zaman" duyğusu sizin qəlbinizdə hansı xatirələri, hansı həyəcanları oyadır?

- Nə qədər bayağı səslənsə də, ən acı həqiqət budur ki, zamandan etibarsız heç nə yoxdur. Və gəncliyində arzularla yaşayan insan qocalığında xatirələrlə yaşamağa məhkumdur. Bu da olanların qədrini bilməyib olmayanlarla yaşamağın ən acı nümunəsidir.

- Sizcə, zamanın şair qəlbində qoyduğu ən dərin iz - itkilərdirmi, yoxsa qazanılanlar?

- Haçansa bir şeirimdə məncə, bu sualınızın cavabını vermişəm:

 

Nələr qazanmışam, çıxar yadımdan,

Nələr itirmişəm, düşər yadıma.

 

- Bugünkü gənc şairlər yaradıcılığında sizi ən çox sevindirən xüsusiyyətlər hansılardır? Onlarda hansı poetik nəfəs sizi ümidləndirir?

- Bugünkü gənc şairlərin yaradıcılığında ən müsbət cəhət siyasi konyukturadan azad olmalarıdır. Və bundan doğan sərbəstlik və səmimiyyətdir.

- Gələcəyin şeiri sizcə, necə olacaq - daha çox minimalizm və fəlsəfəyə meyillənəcək, yoxsa tamamilə yeni bir poetik yol açacaq?

- Biz audiovizual (səs və təsvir) dünyada yaşayırıq. Və poeziyanın bugünkü təbliğat imkanları heç vaxt olmayıb. Amma televiziyanın hələ təzə meydana çıxdığı uzaq 1960-cı illərdəki kimi stadionları dolduran çoxminlik auditoriyası olan poeziya gecələrini indi təsəvvür eləmək mümkündürmü? Təəssüf ki, yox.

Ümumiyyətlə, insanların düşünməkdən daha çox, əylənməyə meyilli olduğu bugünkü dünyada poeziyanın bu günü və gələcəyi haqqında düşünmək və danışmaq çox kədərlidir.

- Şeirlərinizdə tez-tez görünən rəmzlər və metaforaların arxasında dayanan şəxsi fəlsəfənizi necə izah edərdiniz?

- Oxuduqlarınla, yazdıqlarınla bu dünyanı dərk eləməyə çalışanda, təəssüf ki, yüz illərdir deyilən eyni bayağı nəticəyə gəlib çıxırsan:

"Bu dünyada təzə heç nə yoxdur. Ən təzə ən yaxşı unudulmuş köhnədir".

- Köhnə şeirlərinizə dönüb baxanda, bəzən özünüzü o dövrün adamı kimi tanımadığınız anlar olurmu?

- Köhnə şeirlərə baxmaq həmişə bir az kədərlidir. Çünki o şeirləri yazan adamdan bu gün nə qədər fərqli olduğunu hiss edirsən. Özü də, təkcə zahirən yox.

- Ramiz Rövşən özünü anlamaq üçün daha çox sözün gücünəmi, yoxsa sükutun dərinliyinəmi söykənir?

- Ən dəqiq sözlər sükutun dərinliyindən doğulur. Səs-küydə nəinki özünü anlamaq, heç özünü eşitmək belə mümkün deyil.

- Əgər həyatınızı yalnız üç sözlə ifadə etməli olsaydınız, hansı sözləri seçərdiniz?

- Mənə elə gəlir ki, bu sualın cavabını bizim gözəl şairimiz, rəhmətlik Musa Yaqubdan daha dəqiq demək mümkün deyil: "Eləmədiklərim yandırır məni".

 

 

Söhbətləşdi: Cahangir NAMAZOV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!