Dostoyevskinin obrazyaratma metodu - Kəmalə UMUDOVA ilə söhbət (III hissə)

(Əvvəli 32-33, 34-cü saylarımızda)

 

Hamımız bəyaz sevirik! Rəngi demirəm, öz daxilimizdə tapdıqlarımızı deyirəm... Parıldayana umsunan da olar, qızarana aldanan da, amma hamımızın sevgisinin ünvanı odur - bəyaz! Hətta öz içimizdəki qaratəhərlikdən belə, qaçıb sığınmağa bir bəyaz ruh, bəyaz niyyət axtarırıq. Bəs bəyazı necə görürük? Onun varlığından necə əmin oluruq? Hə... Əlbəttə! Qaranı tanıyaraq, qaratəhərdə dəfələrlə azaraq...

Dostoyevski qaranı olduğu kimi təqdim edən, amma bəyazın sevilməsi və qədrinin bilinməsi üçün də qaranın mütləqliyini ehtiramla vurğulayan yazıçıdır. İlin əvvəlində qərara gəldim ki, özümə bir vaxt təyin edim, Dostoyevskinin yaradıcılığındakı qara-ağ vəhdətinin/təzadının axtarışına çıxım. Təbii, Dostoyevski yaradıcılığının bilicisi olan bir bələdçiylə - Bakı Slavyan Universitetinin dosenti Kəmalə xanım Umudova ilə!

 

 

- "Zavallılar"da iki qəhrəmanın yazışmasında Dostoyevski müəllif kimi hardadır? Onun obrazını necə görmək olar?

- Dostoyevski ilk romanını - "Bednıye lyudi" ("Bednıe lödi") 1846-cı ildə yazıb. Bu dövrdə rus mədəni düşüncəsində yazıçı, onu rolu, müəllif və qəhrəman haqqında təsəvvürlərə yenidən baxılırdı. Eyni ildə İ.A.Qonçarovun, A.İ.Qertsenin də romanları işıq üzü görmüşdü, yeni ədəbi proseslə bağlı Belinskinin geniş məqalələri dərc olunurdu. Qəhrəmanın sözünün, mövqeyinin əsas təsvir predmeti olaraq önə çəkilməsi Dostoyevski yaradıcılığını səciyyələndirən əsas cəhətdir. Söhbət, mahiyyət etibarilə, yaradıcılıq prosesinin obyektivləşməsindən gedir. Dostoyevskinin qəhrəmanı öz düşüncəsini dilə gətirən subyekt kimi çıxış edir, onun mövqeyi müəllifin mövqeyindən asılı olaraq təsvir olunmur, sərbəstdir. O, yaradıcı şüurun variantı kimi, təhkiyə çərçivəsində müəlliflə yanaşı yer tutur, bərabər deyil. Romanda müəllif obrazını görmək asan məsələ deyil. Təsadüfi deyildir ki, "Bednıye lyudi" romanı iki qəhrəmanın - Makar Devuşkinin və Varvara Dobrosyolovanın məktublarından ibarətdir. Əsərin bütün bədii mənzərəsini onlar yaradır.

Məktublaşma, yazışma baş qəhrəmanın daxili dinamikasını daha dolğun göstərməyə imkan verirdi. Makar özünü məktublarında, sözdə ifadə etdikcə ruhən formalaşır, böyüyür, yetişir. Makar Devuşkin Dostoyevskinin böyük romanlarında daha qabarıq əks olunan, ilk əsərlərindən mənaca deyil, bədii ifadə forması ilə fərqlənən dahi ideyasının ilk təcəssümü idi.

- Hansı ideyanın?

- Bu, insanın əzəli simasında, əsl ləyaqətində yenilənməsi, dirilməsi ideyasıdır. Dostoyevski Qoqol ənənəsi işığında, "Ölü can"ların davamını, onların canlanması və dirilməsi hadisəsini sonuna qədər yazmaq əzmində sanki onun arzusunu həyata keçirir. Dostoyevski özünün ilk romanında ona xas novatorluğu ilə "kiçik insan" adının üzərindən inciklik, küskünlük damğasını götürməyə müyəssər oldu. Makar Devuşkin "İdiot" romanında adı baş hərflərlə "İnsan" deyə yazılan və çağırılan Mışkin obrazına təkamül yolunda yazıçının ilk "böyük" insanına, daha sadə desək, ruhani miqyası fiziki ölçüyə sığmayan "insana" çevrildi. "Şinel" povestində Qoqol mühitin, xarici aləmin "kiçik insan" üzərində hakimiyyətini göstərməklə xristianlığın təməlində duran qardaşlıq qanununun zədələndiyini önə çəkir. Dostoyevski isə məsələyə əks tərəfdən yanaşır: "kiçik insan"ın mühit, cəmiyyət üzərində hakimiyyətini, gücünü ifadə edir - insan öz ətrafında dünya yaradır. Makar Devuşkinin ad və soyadına da diqqət yetirsək, onun zahiri yoxsulluğu arxasında əsil bir divanənin, "yurodivı"nın, mütəvazi və sadiq mömin obrazının əks olunduğunu görürük.

Makar adı yunan mənşəlidir, "xoşbəxt", "bəxtiyar" deməkdir. Makarı xoşbəxt edən onun ruh halıdır, qəlbin yaddaş yolu, yaddaşının bakirəliyidir. Soyadında "devuşka" ("qız") kəlməsi də onun mənəvi bütövlüyünə, saflığına işarədir. Atasının adı isə (Alekseyeviç) "qoruyan" deməkdir. O, Qoruyan Tanrının övladıdır. Məvacibini Varvaraya, Qorşkovlar ailəsinə, çəpər dibində əl açıb sədəqə diləyən səfilə təmənnasız, tərəddüdsüz xərcləməsi onu sonsuz xoşbəxt edir, çünki Tanrıdan üzərinə düşən vəzifəsini yerinə yetirir - insanları mühafizə edir, mərhəmət göstərir, könülləri şad edir, çünki hər kəs yer üzündə Mərhəmətli Tanrının övladıdır. Yaradana bənzəmək hamını sevmək deməkdir, xidmətkarlıqdır.

Makar adı, həm də dərin irfani məna daşıyır, ilahi mərhəməti və daxili xoşbəxtliyi ifadə edir. Romanın ilk cümləsi bu obrazın daxili, gizli qatından, yəni mahiyyətindən xəbər verir: "Dünən xoşbəxt idim, xoşbəxtliyimin həddi-hüdudu yox idi!". Makarın ilk məktubu və Varvaranın cavab məktubundakı mülahizələri ilə tanış olduqda, əslində, qəhrəmanın xoşbəxtliyi üçün zahiri səbəbin olmadığını görürük. Makar kommunal evin mətbəxində, arakəsmənin arxasında bir küncə sığınıb, onu "mənzilim", "guşəm" adlandırır. Makar guşəsində sığındığı böyük ürəyi ilə xoşbəxtdir. Guşədə ikona asılıb. Bu simvolun əsərdə yer alması göründüyündən daha böyük və dərin əhəmiyyət daşıyır və yazıçının obrazyaratma metodu ilə bağlıdır.

- Bəs Varvara?

- Varvara adı da təsadüfi seçilməmişdir, yunan dilindən gəlir, "özgə", "yadelli" deməkdir. Qədimdə yunanlar dilini anlamadıqları insanları, gəlmələri "barbar" adlandırırdılar. Düzdür, onun da soyadı Alekseyevnadır, familiyası da (Dobrosyolova, iki sözdən ibarətdir - "xeyir" və "səpmək", "ürək", "məkan" olaraq yorumlanır) müsbət cəhətlərini önə çəkir, lakin əsərin dərin konsepsiyası fonunda Varvara obrazı ilə bağlı fərqli baxışlar irəli sürmək olar. Mənim fikrimcə, o, Makar kimi bütöv xarakter deyil, onun həyatı anladan və anlayan başqa dili var - Makardan fərqli, "özgə". Bu, çox maraqlı məqamdır. Makar obrazı öz adı, soyadı və ata adı ilə xristianlığın insan ağlından üstün hesab olunan Üç üqnum - Ata, Oğul və Müqəddəs Ruhun vəhdəti - əqidəsinin bədii ifadəsidir. Varvaranın "özgə" dildə, "yadelli" kimi danışması isə, zənnimcə, çox fərqli, geniş bədii funksiya daşıyır. Yəni belə görünür ki, bu ad başqasının nitqinin anlaşılmaması ilə bağlıdır (daha geniş mənada - başqasını anlamamaqla). Və digər tərəfdən, adın mənası romanın ən əsas mövzuları ilə birbaşa əlaqədardır. Romanda öz üslubunu formalaşdırmaq, özgə sözünü öz sözü kimi oxumaq və əksinə, özgə sözünü düşmən sözü kimi hiss etmək kimi mövzular mühüm yer tutur. Makarın məktublarında etiraf etdiyi kimi, Varenkanın sayəsində nitqi, ifadə üslubu yaranır. Varvara onun bədii sözə yol göstərən bələdçisidir. "Yadelli" həm düşmən (mənim kimi olmayan), qarşı tərəf, həm də insanın dünya haqqında təsəvvürünü genişləndirməyə qadir (və bu hər kəsə şamil olunur) olandır. Seçim fərqli ola bilər, mən birinci tərəfə baxardım.

- Makarın ədəbiyyatla bağlı fikirlərini oxuyarkən məndə belə təəssürat yarandı: Dostoyevski öz fikirlərini obrazın diliylə verir. Və təbii, tezcə də şübhəyə düşdüm... Nə də olsa, "qarşımdakı" müəllif Dostoyevski idi - anlaşılmaz, daim şübhə yaradan, hətta oxuyanları depressiyaya salan...

- Yəni məndən qəhrəmanın ədəbiyyata heyranlığının, Puşkin və Qoqola fərqli münasibətinin, sonra Şekspirə ironiyasının izahını istəyirsiniz?

- Bəli! Qəhrəmanın bu düşüncələrini həyatda başına gələnlərin nəticəsi olaraq dəyərləndirə bilərikmi?

- Makar Devuşkinin ədəbiyyata münasibəti ilə bağlı sual ciddi və geniş cavab tələb edir. "Ədəbiyyat isə, Varenka, ədəbiyyat, yaxşı şeydir, çox yaxşı şeydir. Dərin şeydir! İnsanların qəlbini möhkəmləndirən, ağıl öyrədən şeydir. Ədəbyyat - şəkildir, yəni müəyyən mənada şəkil və güzgüdür; ehtirasların ifadəsidir, belə incə bir tənqiddir, öyüd-nəsihət öyrədəndir və sənəddir". Makarın ədəbiyyat haqqında söylədikləri, əlbəttə, 24 yaşlı yazıçının hələ roman müəllifi olmadığı zamanlarda formalaşmış, öz qəlibini tapmış düşüncələridir.

- İlk dəfədir Dostoyevski haqqındakı ehtimalımda haqlı çıxıram...

- Yaxşı oxumusunuz əsəri... (gülümsəyir) 24 yaşlı yazıçının bu düşüncələri bədii üslubun, sözün funksionallığını ifadə edir. Əsərdə digər qəhrəmanlar da birbaşa və də dolayısı ilə ədəbiyyata münasibət bildirirlər. Ədəbi müstəvidə söhbət obrazların formalaşmasından gedir. Qəhrəmanları "oxucu" və "yazıçı" rolunda dəyərləndirə bilərik. Varya Dobrosyolovanın oxucu maraqları daha dərin və incədir. O, Puşkin və Qoqolun əsərlərini eyni dərəcədə qiymətləndirir, psevdoədəbiyyatı qəbul etmir. Makar Devuşkinin isə ədəbi zövqü əsər boyu dəyişir, kamilləşir. Əsəri diqqətlə oxuduqda bu dinamikanı izləmək olur. "Yalançı" ədəbiyyata həvəsdən uzaqlaşaraq, o, Puşkinə, Qoqola maraq göstərməyə başlayır. Onların əsərlərini ruhuna, qəlbinə yaxın görür və sonda onları bir-birindən tamamilə fərqləndirməyi bacarır. "Kiçik insan"ın həyatını həqiqətə uyğun göstərdiyi üçün Puşkini göylərə qaldırır, Qoqola isə, əksinə, qəzəblənir, ona qarşı öz narazılığını bildirir. Makar hesab edir ki, Başmaçkin haqda həqiqəti bütün çılpaqlığı ilə təsvir edərkən, yazıçı əsas məqamdan yan keçib. Makar Qoqolun yanlışını düzəldir. Onun izahına görə, povestin qəhrəmanı ölməməliydi, şər xeyirə qalib gəlməməli idi, o zavallı məmurun şineli də tapılmalı idi, şikayət üçün üz tutduğu general onun yaxşı əməllərindən xəbər tutub vəzifəsini də qaldırmalı idi. İnsanlar uşaq kimi hər zaman xoşbəxt sonluğa inanırlar. Uşaq kimi qəlbipak qalmaq İsanın bəşəriyyətə tövsiyəsidir - seçim insana bağlıdır. Dostoyevskini cansıxıcı, qüssə aşılayan yazıçı hesab edənlər onu doğru oxumağa cəhd etsinlər. Devuşkinin fikrinə görə, sonda, əgər qəhrəmanın ölməyi müəllifə mütləq lazım idisə, heç olmazsa, dalınca ağlayanı, yas saxlayanı olduğunu göstərərdi.

Puşkinin "Stansiya gözətçisi" və Qoqolun "Şinel" povestlərinə qəhrəmanın fərqli münasibəti müəlliflərin mövqeyi ilə bağlıdır. Birinci halda müəllif Samson Vırinin dərdinə şərik çıxır, şəfqət göstərir, bu, Makara xoş gəlir, ikinci halda isə o, Qoqolu Başmaçkinə mərhəmət göstərməməkdə günahlandırır və onu ifşa edir.

- Bəlkə hər iki kitabda o, öz həyatını görür?

- Təbii ki! Amma burada da fərq var. Makar Puşkinin əsərini özündə saxlayır, Qoqolu isə geri qaytarmağa tələsir. Qoqol onun dünya ilə bütün bağlarını qoparır. "Mən az kitab oxumuşam deyir", lakin onun oxuduğu kitabların içində Qaliçin "İnsan mənzərəsi" kitabının olduğunu deyir. Qaliç Puşkinin liseydə müəllimi və tərbiyəçisi olmuşdu. Puşkin əsərdə Petenka, ona atalıq edən Pokrovski, onu sevən Varvara üçün ünsiyyət, könül bağı üçün vasitədir, vəsilədir. Puşkin qəlbin üzünü astarına çevirir, Qoqol isə şüurun gizlinlərini açır - Devuşkin bununla barışmaq istəmir. "Bəzən gizlənirsən, gizlənirsən, qüsurlu tərəflərini gizlədirsən, bəzən hardasa burnunu belə göstərməkdən qorxursan, çünki dedi-qodudan zağ-zağ əsirsən, çünki dünyada nə varsa, hər şeydən sənə həcv düzəldəcəklər və budur, sənin bütün o vətəndaş və ailə həyatın ədəbiyyatda gəzir, hər şeyi çap eləyiblər, oxuyublar, lağa qoyublar, o ki var qeybətini ediblər!"

Qoqolun mövqeyinin ifşası ilə bağlı bir çox tədqiqatçılar, hətta ən ciddi məqalələrdə belə, bir məqamı nəzərdən qaçırırlar. Makar Qoqoldan niyə narazıdır? Əlbəttə, kiçik məmurun maddi əziyyətləri, ətrafdakıların rəhmsizliyi, sevgisizliyi, yadlığı Makar üçün tanış mənzərədir. Şinelin Başmaçkin üçün əhəmiyyəti nədirsə, Devuşkin üçün də çəkmələri o dərəcədə önəm daşıyır. Lakin Devuşkin kasıblığın üzqaralığından danışarkən öz dərdini dilə gətirmir. Onu narahat edən mövzu mənəviyyat, daha doğrusu, mənəviyyatsızlıqla bağlıdır. İnsanlar yer üzündəki mövqelərini bir-birinə görə deyil, Tanrı ilə münasibətlərinə görə dərk etməlidirlər: "Sizə xatırladıram, anam, insanın qismətini uca Yaradan verir. Məhz buna görə, kimisi general epoletləri taxır, kimi də titulyar müşavir işləyir, kiminin qismətində hökm etmək var, kiminin də alnına dinməz-söyləməz, səbrlə itaət etmək yazılıb. Hər şey insanın qabiliyyətinə görədir, hərənin əlindən bir iş gəlir, biri bir işi bacarır, digəri başqa bir işi. Bacarıqları isə Tanrı özü verir".

Əsl ədəbiyyatı hiss etməsi, ədəbi zövqünün inkişafı Makarın məktublarında özünü büruzə verir, onun qələmi püxtələşir, sözü daha inamlı, israrlı şəkil alır. Sözün gücü Həqiqətin qüdrətini ifadə etməlidir. Həqiqət isə şinel və çəkmələrdən ibarət deyil. Zahiri parıltısı olmayan, lakin "qəlbi və düşüncələri olan insan" Dostoyevskinin ilk romanından başlayaraq son romanına qədər yazıçının antropoloji araşdırmalarının mərkəzini təşkil edir.

- Mənə ən maraqlı Şekspirlə bağlı fikirlər oldu...

- Şekspirlə bağlı məsələyə gəldikdə... "Şeytanlar" romanının qaralamalarında Şekspir haqqında deyilir: "O, peyğəmbərdir, Tanrı tərəfindən bizə insan haqqında, insan qəlbi haqqında sirri agah etmək üçün göndərilmişdir". Ardınca Dostoyevski öz yaradıcılıq metodunun əsas prinsiplərindən birini dilə gətirir: "Bütün həqiqət görünənlərdən ibarət deyil, çünki onun böyük hissəsi söylənməmiş gələcək Sözdə gizlənir. Nadir hallarda peyğəmbərlər gəlir, həmin bütöv sözü tapır və dilə gətirir". Bunun ardınca bu cür peyğəmbərlərdən biri kimi Şekspirin adını çəkir.

Dostoyevski Şekspiri yeniyetməlik illərindən oxuyurdu. Gənc Fyodoru, xüsusilə, Hamlet obrazı cəlb edirdi. On altı yaşlı Dostoyevski qardaşı Mixailə Hamletin cəsarətli, alovlu, çılğın sözlərindən ilhamlandığını, qəlbini sıxan kədərdən, inamsızlıqdan onların köməyi ilə qurtulduğunu yazırdı. "Karamazov qardaşları"nda, "Yazıçının gündəliyi"nin qaralamalarında və son məqalələrinin birində dəfələrlə "Hamlet"ə müraciət etməsi Danimarka şahzadəsi ilə Dostoyevskinin mənəvi yolçuluğundan xəbər verir.

Dostoyevski Şekspiri həyatının mühüm mərhələlərindən birində, Petropavlovsk qalasında petraşevçilərin işi üzrə ittihamı gözlədiyi günlərdə oxuyurdu. Bu, mühüm faktdır. Kitabları ora qardaşı göndərirdi. Cavab olaraq, "minnətdaram, xüsusilə, Şekspirə görə", - Dostoyevski yazırdı. Maraqlıdır ki, Dostoyevskinin ilkin yaradıcılığında, hətta qaralama variantlarında Şekspirin, onun əsərlərinin və ya qəhrəmanlarının adına, demək olar ki, rast gəlinmir. Elə Petropavlovsk qalasında yazılmış "Balaca qəhrəman" hekayəsində (yeri gəlmişkən, bu hekayə E.Başkeçidin tərcüməsində 2023-cü ildə nəşr olunub) Şekspir komediyalarının iki qəhrəmanının adı çəkilir, başqa bir əsərində isə onun adı yumorla xatırlanır. Və yalnız "Cinayət və cəza" üzərində işləməyə başladıqdan sonra və artıq ömrünün sonuna qədər Şekspir və onun müasiri, insan talelərinin digər peyğəmbəri Servantesin obrazları Dostoyevskinin yaradıcılıq qaynaqlarından birinə çevrilir.

Makar Devuşkinin dilində isə Şekspir haqqında həyəcanlı şəkildə söylədiyi sözlər faciəvi-komik çalar daşıyır: "Onlara nə var, əgər onlar hansısa bir Şekspir vasitəsilə başınızı qatsalar, yəni görürsənmi, ədəbiyyatda Şekspir var, lap elə Şekspir də boş şeydir, bütün bunlar boş-boş şeylərdir və hamısı da yalnız və yalnız həcv xatirinə yazılıb!" (tərc.M.Qocayev). Bu sözlər insan həyatını mərhəmətsizcəsinə və həyasızcasına "ifşa edən" və onun həyatına soxulan ədəbiyyat qarşısında Devuşkinin ümidsizliyini ifadə edir. Bu ümidsizliyin dərəcəsi səviyyəsindən asılı olmayaraq, hətta Şekspir olsa belə, ədəbiyyata inamsızlığı ifadə edir. Yəni burda Şekspir inkar olunmur, Şekspirin inkarı vasitəsilə inamın qırılması dərəcəsi, miqyası göstərilir. Yəni insan həyatının yalnız və ya heç də görünən tərəfləri deyil, görünməyən tərəfləri ədəbiyyat mövzusudur. İnsanı kiçik, rəzil göstərən əsərlər, müəllifi hətta Şekspir olsa belə, həcvdən başqa bir şey deyildir.

- "Zavallılar"da "üslub" məsələsi, qəhrəmanın öz məktublarında üslubunun formalaşmasına önəm verdiyi diqqətimi çəkdi. Bu narahatlığın arxasında nə dayanır? Yazıçının epistolyar janra müraciətini təsadüfi hesab etmək olmaz, doğrudurmu?

- Bayaq da qeyd etdim, "Zavallılar"- "Bednıye lyudi" Dostoyevskinin ilk romanıdır. Yazıçının sonuncu romanı "Karamazov qardaşları" ilə aralarında sıx bağlılıq var. İlk roman və son roman onun yaradıcılığının əsas sütunları kimi dəyərləndirilə bilər. Hər iki əsərin xüsusi yerini qeyd etmək lazımdır. İlk roman Belinski tərəfindən "natural məktəb"in təyinatına uyğun qiymətləndirilsə də, ikinci və sonrakı əsərdən sonra Dostoyevskiyə münasibət dəyişdi. "Oxşar"dan ("Dvoynik") başlayaraq yazıçının bütün əsərləri anlaşılmaz olaraq qiymətləndirilirdi. "Zavallılar" bu mənada istisnadır. Əsas problemi Makar özü dilə gətirir.

İlk məktubundan sonuncuya qədər Makarı bir məqam narahat edir: üslub, sözə münasibət, yaradıcılıq özünüdərk prosesi kimi... Bu məsələlərin ilk romanda qoyuluşunu təsadüfi hesab etmək olmaz. Romanın girişini xatırlayın: "Dünən mən xoşbəxt idim, hədsiz xoşbəxt idim, xoşbəxtliyimin həddi-hüdudu yox idi!" Ümumiyyətlə, əsəri bu cür başlamaq artıq yazıçının böyük istedadından xəbər verir. İstedad sözün həqiqət gücünü və bu gücə sahib olmağın səadətini dərk etmək, qədrini, dəyərini bilmək deməkdir. Romanın anlaşılması ilə bağlı bütün sirli məqamların açarı bu başlanğıcdadır. Qəhrəman mütləq xoşbəxt olduğunu bəyan edir, onun problemi yoxdur. Əsər sonda söylənilməli sözdən başlayır. Bu problemin həlli bütün problemləri həll edə bilər - söhbət üslub problemindən gedir.

İlk məktubdan sona qədər Makar üslubunun olmamasından şikayətlənir, onu formalaşdırmalı olduğunu etiraf edir. Varvara çıxıb gedəndə də onun ən böyük dərdi söz söyləmək, özünü ifadə etmək, üslubunu cilalamaq dərdidir. Hadisələrin əvvəlində Varvaranın pəncərəsinin pərdəsinin küncünü qaldırması da onun üçün ümumi dil tapmaq istəyidir. Dil vasitəsilə onun qəlbinə əziz olan insanla ünsiyyət quracaqdı. Dil, üslub problemi, siqnallar dilinin formalaşması məsələsi əsasdır. Makar ətrafında öz dilində danışan adamları görmür. Makar Varvaraya xəyallar qurduğunu, onu quşla müqayisə etdiyini söyləyir, əsərdə bu sözü müxtəlif variantlarda işlədir: "Niyə quş deyiləm, niyə yırtıcı quş deyiləm mən?!". O, bu haqda bir kitabda oxuduğunu qeyd edir, ardınca isə o kitabda başqa şeylərdən də yazıldığını və yazılanların onun düşüncələri ilə uyğun gəlmədiyini deyir. O, dünyanı quşların qayğısız, azad uçuşunda görür.

- Makar və Varvara Dostoyevskinin "doğma qəhrəmanlar"ıdır... Oxucu olaraq qənaətim belədir. "Ögey qəhrəmanlar"ın taleyi yazıçıdan çox oxucunu narahat edir... Bu da mənim yazıçı fikrimdir... Və məncə, Makarın "gördüyü" azadlıq belə, insan münasibətlərinin tikanlı məftilləri ilə sərhədlənib.

- Makar və Varvara eyni atanın qardaşlaşmış övladlarıdırlar. Əsərdə onların uzaq qohumluğuna işarə olunur. Bu qohumluqda sədəqə, yardım qəbul etmək, qayğıya qalmaq doğru, dürüst anlaşılmır. Ona görə hamı Makarı şorgözlükdə ittiham edir. Makar isə özünü günahsız quşların xoşbəxtliyi ilə müqayisə edir. Makar dünya ilə fərqli dildə danışır. Həyatın ona təqdim etdiyi situasiyanı o, başqa transformasiya, baxış səviyyəsinə çıxarır. Ətrafdakılar Makarın başqasını özü kimi sevməsində qazancının, mənfəətinin nə olduğunu anlamırlar. Axı bir maddi qazancı, "xeyiri" olmalıdır: bir tənha kişinin bir tənha gənc qadına bağlılığının arxasında başqa nə dura bilər ki?! Varvara da bir az təəccüb edir: "Bəs mən necə edim ki, sizdən pul almayım?" - deyərək, onun təmənnasızlığına şübhəsini dilə gətirir. Makarı isə başqa şey narahat edir: iyul məktubundakı sözləri ilə o, insanların bir-birinə faydalı olması haqqında düşüncələrimizi dəyişdirir. "Mənə çox faydanız dəyir, Varenka. Sizə baxanda əhvalım durulur". Varvara Makarın özünü faydalı hiss etməsi üçün vəsilədir, yoldur. Bəzən yazdığı məktublarda bütün hisslərini etiraf edə bilməsi, Varvaradan da ətraflı cavab alması, bəzən ondan tapşırıqlar alması Makarı xoşbəxt etməyə yetərlidir, çünki bütün bunlar ona özünü yaxından tanımağa, özünə inanmağa kömək edirdi. Varvaranın həyatından gedişini Makar ölümlə müqayisə edir. Dostoyevski, əslində, İsanın zamanından bu yana insan haqqında son həqiqətin başqasına sevgi ilə birbaşa bağlanmaq olduğunu ifadə edir. İnsanlar elə o vaxtdan sevginin xidmət olduğunu bilirlər. Sevgi ehtiyacdır, ehkam deyil. Bu, insanın bütün həyatını dəyişdirir. İsanın həvarilərinə dediyi fikirləri yazıçı bədii şəkildə oxuculara çatdırır: "Mən ona görə gəlmədim ki, mənə xidmət edəsiniz, ona görə gəldim ki, Özüm başqalarına xidmət edim (Matta. 20:28)". İnsanların vəzifəsi sevgini paylaşmaqdır, bu, haqq işidir, biz haqqımızı yerinə yetirə bilmiriksə, necə xoşbəxt ola bilərik? Bu, insanın böyüklüyünü, qüdrətini göstərməkdir. Makar sevgisiz yaşadığı illəri ömürdən saymır, yuxuda olduğunu, sanki indi ayıldığını, özünü tanıdığını dilə gətirir məktublarında.

- Bir də kitabların obrazlaşdırılması var "Zavallılar"da...

- Özünüdərk, insanın qadir olduğu sevgi problemi üslub, yəni ifadə tərzi, kitab problemi ilə bağlıdır. Romanda elə mətnlər var ki, süjeti dəyişdirir, kitablar qəhrəmanlar arasında münasibətlərin və qəhrəmanların dil, ünsiyyət mərkəzinə çevrilir.

Varvaranın həyatında hər şey kitabların üzərində qurulub. Pokrovskinin evində olanda o, hər hansı bir kitabı deyil, bütün kitabları oxumaq istəyir, çünki anlayır ki, bunu etsə, sevdiyi gəncə, Petenkaya daha yaxın olar. Gördüyümüz kimi, kitab yaxınlaşmaq, ünsiyyət vasitəsidir. Kitablar ona yeni təəssüratlar, hisslər gətirirdi, xəyalpərəstliyinə daha da qanad verirdi. Kitab insanın daxili dünyasını dəyişən vasitədir; Varvara bunu artıq bilir. Kitab insana fərqli təsir göstərə bilər. Kitab qəlbinə girdisə, o, səni dəyişir. Dostoyevski özü də bu müəllif vəzifəsini anlayır. "Zavallılar" onun özünün də üslub axtarışıdır. Daxili inkişaf dinamikasına görə Makar obrazı Dostoyevskinin yaradıcılığında misilsiz yer tutur.

- Sonda, Dostoyevskinin Azərbaycan dilinə tərcüməsi ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

- Dostoyevski tərcüməçilər üçün çətin yazıçıdır. Dilini bilmək və dil bilmək fərqli mənalardır. "Məcazi dildə" danışıram deyirsə qəhrəman, bu ifadə tərcümədə itirilməməlidir. Neçə dəfə deyilirsə, hər dəfə tərcümə olunmalıdır. Dostoyevskidə rast gəlinən təkrarlar yüksələn xətlə hərəkət edən fikrin hansı "dildə" ifadə olunmasını hər dəfə fərqli ölçülərdə dəstəkləmək üçündür. Hər kəlmə mühümdür. Yanlış tərcümə və kəlmə, ifadə boşluqları yolverilməzdir.

Dostoyevskidə "yazıçı gözü" ifadəsi var. Yazıçı öz gözü ilə bizim görmədiklərimizi göstərir. Bu, ali mənalardır, səthi deyil. Biz onları görmürük, o isə görür. Səthi təbəqə suallar vermək üçündür, cavab isə dərinlikdədir. Dostoyevskinin tərcüməsi məsələsi bu səbəbə görə çətinlik yaradır. Dostoyevski mətni böyük işarələr mətnidir, "İncil"ə gizli istinad edən, böyük göndərmələri ehtiva edən sakral mətndir. Üzdə görünən daxili plandakı, təməldə duran üst dili, mənanı ifadə etmək üçündür. Dostoyevskinin adekvat tərcüməsi məsələsi də buna görə çətindir. Məsələn, orijinalı oxumaq imkanı olmayan oxucuya Makarın "azad düşüncə"si, "sərbəst fikri" tərcüməçi tərəfindən "qarayaxa fikirlər" (tərcüməçinin adını bu məqamda gizli saxlayaq) kimi təqdim olunursa, biz nə obrazı, nə əsərin qayəsini anlaya və anlada bilərik. Tanrının insana verdiyi azadlıq şəkk-şübhələrin içindən sıyrılıb "təktərkibli" (Dostoyevski) insana çevrilməkdir. Bu inamın simvolu İsa Məsihdir.

- Yazıçının bədii məramının tərcümədə itməsi məsələsi... Problemli məsələ olduğunu etiraf etməliyik... Onu da etiraf etməliyik ki, problem həll olunmamış nəsildən-nəslə ötürülür... Dostoyevskinin də bu "itik sahibi" siyahısında olması labüddür, fikrimcə... Oxucular üçün yazıçının bədii məramını da aça bilərsinizmi?

- Dostoyevskinin bədii məramı "məhv olmuş insanı" diriltməkdir, onun qəlbini bərpa etməkdir. Orijinal mətndə hər bir detal bu mərama xidmət etdiyi kimi, tərcümədə də hər bir incəlik nəzərə alınmalıdır. Məsələn, "xarakterlər romanı" adlandırılan "Şeytanlar" romanında hadisələr gizli məqamlar, faktlar üzərindən inkişaf edir. Bu bədii mənzərə bütövlükdə ən sıx ilmələrlə toxunulmuş xalçanı xatırladır. Haradasa kiçik bir epizod, söz, xatırlatma bütöv bir insan xarakterinə işıq salır, yazıçının birbaşa açıb söyləyə bilmədiyi mətləblərdən xəbər verir. Bu məqam tərcüməçidən çox böyük diqqət tələb edir. Qeyd edim ki, prof.Məmməd Qocayev tərəfindən dilimizə çevrilən "Şeytanlar" və "Yeniyetmə" romanlarının tərcüməsinə iki məqalə həsr etmişəm və məqalələr sözügedən əsərlərin dilimizdə işıq üzü görməsindən dərhal sonra onlara münasibət bildirmək istəyimdən yarandı.

- Dostoyevskinin tərcüməsindəki çətinliklər barədə oxuculara konkret məqamlar göstərməyinizi xahiş edirəm.

- Məsələn, "Şeytanlar"da özünü Tanrı-insan elan etmiş Kirillov obrazının bütün faciəvi mahiyyəti onun "dilində" öz əksini tapır. Roman səhnəsində ilk göründüyü andan rus dilində ağır danışan, qısa, çox vaxt xəbərsiz, yəni nominativ qısa, yanıltmacabənzər cümlələr quran Kirillovun dili tərcümədə oxucu üçün "qəribə" olaraq saxlanılmalıdır. Məsələ burasındadır ki, Kirillovun dili onun daxili dünyasında baş verən və ya artıq öz yerini tutmuş dərin transformasiyadan xəbər verir. Kirillov Tanrının tanınmasının əzəli və son işarəsi olan ölüm qorxusundan və əbədi həyat eşqindən qurtuluş ideyasını "sevib" və onu yaşatmaq üçün həyatına son verməyi düşünür. Özünəqəsdi qarşısına məqsəd qoymuş insan üçün həyatda, ətrafda baş verən hər şey ötəri, lüzumsuz, mənasız görünür. Onun dili yalnız ideyası haqqında danışanda "açılır", ətrafdakı insanlara ünsiyyətdə, adi situasiyada isə onun dili dolaşır, topuq vurur. Obrazı xarakterizə edən onun cümlələrinin sintaktik natamamlığıdır və tərcümədə bu məqam nəzərə alınmadıqda, obrazın özünəməxsusluğu, xarakterin koloriti sıfırlanır. Əsərin birinci hissəsinin üçüncü fəslində çayla bağlı epizodu nümunə gətirə bilərəm: Şatova məktub gətirən Salnaməçi onu evdə tapmayaraq Kirillovla qarşılaşır. Zərfi verib geri dönmək istəyəndə, Kirillov onu içəri dəvət edir. "Elə bilirdim siz çay... mən çay almışam. İstəyirsiniz?" - deyə təsadüfi qonağa müraciət edir. Tərcümə orijinalı olduğu kimi, doğru çatdırır: "A ə dumal vı çaö, - skazal on, - ə çay kupil. Xotite?" Daha sonra çayı sevdiyini, gecələr sübhədək çay içdiyini qeyd edir. Çay söhbətinin davamında Salnaməçinin "Siz işıqlananda yatırsınız?" sualı səslənir ("işıqlaşanda" daha doğru kəlmədir, yeri gəlmişkən). Kirillov yenə öz nitq tərzinə sadiq qalaraq qonağın verdiyi suala natamam şəkildə cavab verir. Orijinalda: "- Vı lojitesğ na rassvete? - Vseqda; davno. Ə malo em; vse çay". Göründüyü kimi, cümlə tərcümədə "Mən az yeyirəm; elə hey çay" kimi saxlanılmalı idi, lakin "çay" sözündən sonra "içirəm" feili əlavə olunmuşdur. Onun burda istifadəsi mütləq kimi görünə bilər, lakin bu, o zaman doğru olardı ki, "çay" bilavasitə susuzluğu yatırmaq üçün seçilmiş hərəkət obyekti xarakteri daşısın. Kirillovun məqsədi içmək deyil, zamanla, özü ilə mücadiləsidir, elə hey davam edən məna axtarışıdır, onun dünyanı sevən qəlbində dünyadan üz döndərməyin mütləq olduğunu, həqiqət olduğunu əsaslandırmaq istəyidir. Həyatı sevdiyi halda ondan uzaqlaşıb, ona absurd damğası vurmaq üçün Kirillov "elə hey çay" - içməsə belə.

- Yəni çay bəhanədir...

- Bəli, bəli! Çay bəhanədir, aldanışdan qaçmaq üçün vasitədir, yoldur, anturajdır, həyata qayıtmaq üçün qəhrəmanın gizli ümididir və s. Sonuncu fikrimi həm də qəhrəmanın ölüm səhnəsi təsdiq edə bilər. Mən o səhnəni qrafik rəsm tablosu kimi görürəm, onu çəkməyi bacarmasam da (amma belə cəhdim olub, kaş ki o albom vərəqini qoruyub saxlayaydım, qəfil qalxıb kağız-qələmə sarılmağımı və nəyi cızma-qara etmək istədiyimi isə indi də dəqiq xatırlayıram, üstündən 30 ildən çox vaxt keçib). Bu, o deməkdir ki, Dostoyevski mətni görünməz hesab edilən həqiqətin, əslində, görünən olduğunu ifadə etmə xüsusiyyətinə malikdir. Təsadüfi deyil ki, Dostoyevski adətən "yazıçı" sözündən sonra sinonim olaraq "xudojnik" (sənətkar, rəssam) sözünü işlətməyi sevirdi.

Kirillov kimi spesifik, fərdi bir xarakteri səciyyələndirən personajın danışıq üslubunun tərcümədə qorunmasının vacib olması barədə tərcüməçinin (M.Qocayev) redaktorlara tövsiyələr ünvanladığının bilavasitə şahidi olmağım Dostoyevskinin tərcüməsinin çətinliyi ilə bağlı yuxarıda səsləndirdiyim düşüncəni təsdiq edir. Sözügedən epizoda gəldikdə isə, qeyd etmək istəyirəm ki, Dostoyevski üslubuna tərcüməçi və redaktorun fərqli münasibəti faktı səciyyəvi xarakter daşıyır. Tərcüməşünaslıq elmi bu cür halları üzə çıxarmalı və dəyərləndirməlidir. Dostoyevskini Azərbaycan dilində səsləndirmək üçün onun ifadə üslubunu sıfırlamaq və təhrif etmək ən təhlükəli yoldur. Müxtəlif tərcümələri müqayisə etmək və hansının orijinala daha yaxın olduğunu üzə çıxarmaq hər iki dili yaxşı bilməklə yanaşı, Dostoyevski realizminin, obrazyaratma metodunun incəliklərinə dərindən bələd olmağı tələb edir.

 

 

Söhbətləşdi: Şəfa VƏLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!