"Biz ölkədə deyil, dildə yaşayırıq" - İon Deaconescu ilə söhbət

 

Hərfləri ay tozunun zərrəcikləri kimi duyan Ion Deaconescu 7 mart 1947-ci ildə Rumıniyada anadan olub. O, şair, esseist, tərcüməçi və ədəbiyyat tədqiqatçısı kimi, mədəniyyət diplomatiyasında fəal bir simadır. İon Deaconescu yalnız Rumıniya ədəbiyyatının deyil, həm də Balkan poeziyasının beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atıb.

Deaconescu şeirlərində sevgi, yaddaş, zaman və insanın mənəvi taleyi kimi mövzulara toxunur. Onun poeziyası həm fərdi hissləri, həm də bəşəri dəyərləri birləşdirən bir körpü rolunu oynayır. Mihai Eminescu Dünya Poeziya Festivalının qurucusu Deaconescu, poeziyanı yalnız yazılı söz kimi deyil, həm də mədəniyyətlərarası dialoqun dili kimi təqdim edir.

İon Deaconescunun poeziyası müasir Rumıniya ədəbiyyatının həm milli köklərlə, həm də universal dəyərlərlə qovuşduğu nadir nümunələrdəndir. Onun şeirləri dil baxımından sadə, lakin mənaca çoxqatlıdır, sevgi və yaddaş, insanın zaman qarşısındakı kövrəkliyi kimi mövzular onun poetik dünyasının əsas sütunlarını təşkil edir. Deaconescu, Mihai Eminescu irsini davam etdirən bir ruhla, Balkan mədəniyyətinin fəlsəfi dərinliklərini qlobal poeziya kontekstinə daşıyır.

Onun misralarında insan həm fərdi, həm də bəşəri taleyini dərk etməyə dəvət olunur. Şair, sadə obrazlarla dərin metafizik mənalar yaradır, sözü mənəvi bir məkana çevirir və oxucunu yalnız müşahidəçi deyil, həm də mənəvi yol yoldaşı kimi poeziyasına daxil edir.

Budəfəki "Oxucu-yazıçı söhbətləşməsi" layihəm çərçivəsində mən onunla zaman, yaddaş, poeziyanın ölümsüzlüyü və dəyişən dünyada dəyərlərin taleyi barədə danışacağam...

 

 

 

 

- Dəyərli İon Deaconescu, sizcə, insan yaddaşı zamanı məğlub edə bilər?

- Dünyanın qapılarında başlanğıcı və sonu olmayan Zaman, insanları və qumu qızıl ulduzlara çevirməyə, piramidalar tikməyə, susuz toxumlar səpməyə və üsyankar kölgələri ram etməyə çağırırdı. Ümumilikdə həyatın özü də yaddaşdır, çünki hər bir varlığın və hər bir şeyin öz yaddaşı var. Amma həyat nədir? Cioranın dediyi kimi: "keçici bir dəlilik, ünsürlərin fantaziyası, materiyanın nəbzvari dəyişikliyi."

- Sizcə, cismin və gəncliyin faniliyi qarşısında şeir həqiqətən, insanı ölümsüz edə bilər?

- Şeir yazmaq azad olmaq deməkdir. Əgər poeziya özünü zorla qəbul etdirmirsə, sadəcə üzə çıxırsa, onun müəllifi azad bir varlığa çevrilir - yorğun, amma son dərəcə xoşbəxt. İstərdim ki, bir gün kimsə məndən soruşsun: "Tənha həyatın necə gedir?" Tanrı isə bizə doğulduğumuz andan deməli idi: "Yazın, yazın, ey şairlər, həyat sizdən daha sürətlidir!"

- Sizcə, toz dənəcikləri hərflərin də üzərinə qona bilər?

- Ədəbiyyatın, mədəniyyətin, incəsənətin öz sərhədləri var. Poeziya isə bütün dünyanı təmsil edir. Şeirin hərfləri bir dəli-dolu dənizdir, incə bir duyğunun mənbəyidir, ay tozunun zərif hissəcikləridir.

- Sizcə, milli kimliyin qorunmasında dilin rolu nə qədər önəmlidir?

- Biz bir ölkədə yox, dildə yaşayırıq. Bu isə hər şeydən böyük və daha zəngindir. Buna görə də dili sevmək, zənginləşdirmək və şərdən qorumaq lazımdır. Çünki məhz dil vasitəsilə bizim yolumuz dünyada eşidilir.

- Əgər Tanrı sizdən "Kimsən?" deyə soruşsaydı, ona hansı cavabı verərdiniz?

- Zaman-zaman Tanrı bizə bir işarə verir, amma həyatın sürəti bizi bunu görməkdən saxlayır. Əgər O, məndən soruşsaydı, mən təvazökarlıqla cavab verərdim: "Mən idim."

- Müsahibəmizi necə bitirək?

- O ümidlə ki, göy mövcud olduqca, bir quş azad və maneəsiz uçacaq.

 

 

 

Söhbətləşdi: İlahə ÜMİDLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!