Xalq yazıçısı, görkəmli ədib Elçin Əfəndiyevin vəfatından altı həftə keçir. Onun adı ilə bağlı xatirələr, düşüncələr və yazılar bu gün də davam edir. Ədəbiyyatımızın parlaq nümayəndəsi, böyük ziyalı Elçin Əfəndiyev yalnız yazıçı və dramaturq kimi deyil, həm də milli teatr və mədəniyyət tarixində özünəməxsus yeri olan şəxsiyyət kimi yaddaşlarda qalacaq.
Elçin təkcə qələmə aldığı əsərləri ilə deyil, qəlbindən gələn hər sözü ilə xalqın yazıçısı idi. Onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, yaratdığı obrazlar, toxunduğu mövzular və təqdim etdiyi bəşəri dəyərlər xalqımızın ruhu ilə sıx bağlıdır. Dramaturq kimi o, milli teatr repertuarını zənginləşdirməklə yanaşı, teatr dilini də müasirləşdirdi. Pyeslərində dialoqların təbiiliyi, emosional gücü və fəlsəfi dərinliyi tamaşaçını düşündürür, təkcə əyləndirmir.
Elçinin əsərlərinin sirri, oxucuya doğmalığı, şübhəsiz ki, müəllif şəxsiyyətinin gücündən qaynaqlanır. O, gündəlik həyatın incəliklərini də, böyük fəlsəfi sualları da sözün bədii gücü ilə təqdim etməyi bacarırdı. Mənim üçün Elçin hər zaman düşüncəyə sövq edən bir yazıçı olub. Onun əsərlərində hər dəfə yeni ideya, yeni motiv, yeni obraz kəşf etmək mümkündür.
Molyer teatrından ilham alaraq klassik və müasir estetikanı milli zəminə gətirən Elçin, "Arılar arasında" və "Şekspir" kimi pyesləri ilə Azərbaycan səhnəsini zənginləşdirdi, bəşəri ideyaları sənətin dili ilə təqdim etdi. Bu əsərlər Londonda, Nyu-Yorkda və dünyanın bir sıra ölkələrində uğurla səhnələşdirildi. Yazıçının əsərlərinin müxtəlif yerli və xarici teatr səhnələrində tamaşaya qoyulması onun yaradıcılıq gücünü və universallığını bir daha sübut edir. "Cəhənnəm sakinləri" əsərinin beynəlxalq uğuru da bu universallığın bariz nümunəsidir.
"Baş" romanı isə çağdaş postmodern ədəbiyyatın axarında özünəməxsus yer tutur. Yazıçının tarixi hadisələrə ironik və paradoksal yanaşması onun ədəbi baxışlarının lokal sərhədlərdən aşaraq qlobal mədəniyyətlə dialoqa girməsinin sübutudur.
Bu zəngin irsin dünya oxucusuna çatdırılmasında tərcüməçilərin rolu misilsizdir. İngilis ədəbiyyatşünas (jurnalist) və tərcüməçi İan Peart Elçin Əfəndiyevin əsərlərini ingilis dilinə çevirən və dünya oxucusuna tanıdan şəxslərdən biridir. O, yazıçının bir sıra pyeslərini (Şekspir, Teleskop, Cəhənnəm sakinləri) və hekayələrini (Sarı gəlin, Baladadaşın toy hamamı) tərcümə etmiş, həmçinin müəllifin kitablarından birinin redaktoru olmuşdur (Elchin. My Favourite Madman and Other Plays / Elchin; trans.: İ. Peart, S. İbrahimova, S. Aliyev; ed.: İ. Peart, A. Alekberov. - Baku: Aspoliqraf, 2012. - 312 p. - İngilis dilində). Onun fəaliyyəti nəticəsində Elçinin milli ruhu daşıyan, lakin universal dəyərlərlə səsləşən yaradıcılığı daha geniş oxucu kütləsinə təqdim olunmuşdur.
Elə bu səbəbdən İan Peartla söhbətimiz yalnız tərcümə prosesi haqqında deyil, həm də Elçin Əfəndiyevin ədəbi irsinin dünyada necə qəbul edilməsi barədədir. Məqsədimiz Elçinin əsərlərinə xarici oxucunun gözü ilə baxmaq və onun universallığını göstərməkdir.
Sevinc Zeynalova: - Azərbaycan ədəbi mühitində Elçinin əsərləri artıq klassik dəyər qazanıb. Amma maraqlı məqam budur ki, bu əsərlər təkcə milli auditoriyada deyil, beynəlxalq səviyyədə də maraq doğurur. Sizcə, beynəlxalq oxucular üçün nələr xüsusilə önə çıxır?
İan Peart: - Mənim fikrimcə, Azərbaycan və beynəlxalq auditoriyanın reaksiyalarını bir-birindən ayırmaq düzgün olmazdı. Çünki Elçinin pyesləri mahiyyət etibarilə bəşəriyyətə ünvanlanır. Əlbəttə, orada yerli rənglər, milli ənənələr, müəyyən situasiyalar var. Amma düzgün (ruhuna yaxın) və səmimi tərcümə olduqda bu əsərlər hər bir insana xas olan hal və duyğuları ifadə edir. Onun səhnə əsərləri insanın təməl duyğularına toxunduğu üçün Yer kürəsində yaşayan hər kəsə doğma gələ bilər!
S.Z. (şərh): Doğrudur. Elçinin əsərləri illər boyu teatr səhnələrində özünə yer tapsa da, hər dəfə tamaşaçının qəlbinə və düşüncəsinə toxunmağı bacarır. Ən əsası isə, onun yaradıcılığı həm yaşlı, həm də gənc nəsil tərəfindən eyni sevgi və maraqla qarşılanır.
S.Z.: - Dramaturq kimi onun Azərbaycan teatrında rolu barədə nə deyə bilərsiniz?
İ.P.: - O, sözsüz ki, teatr səhnəsinə həm düşüncə, həm də tamaşa baxımından fərqli rakursdan bir işıq saldı. Mənim gördüyüm ilk tamaşa Şekspir idi və bu əsəri "Üns" teatrında izlədim. Azərbaycan dilini o vaxt, demək olar ki, bilmirdim, amma tamaşanın gücü, hərəkəti, yumoru və insan talelərinin toqquşması məni tam ovsunladı. Teatrdan çıxanda yalnız bir düşüncəm vardı: mütləq yazıçını tanımalı və pyesin mətnini əldə etməliyəm. Bu, sonradan illərlə davam edən bir yaradıcılıq dostluğunun başlanğıcı oldu. Mənim üçün Elçinin əsərləri həm düşündürücü, həm də çox əyləncəlidir. Onun mövzuları və ideya miqyası - məsələn, Baladadaşla Cəhənnəm sakinləri arasındakı fərqlər və ya "Şekspir"lə "Baş" romanının müqayisəsi - onun yaradıcılıq gücünü və humanistliyini nümayiş etdirir. Onu da qeyd etmək istərdim ki, aktyorlar da onun pyeslərində öz yaradıcılıqlarını sərbəst ifadə etmək fürsəti tapırdılar. O, Azərbaycan teatrının böyük simalarından biridir.
S.Z. (şərh): Dramaturq kimi Elçin yalnız milli teatr repertuarını zənginləşdirmədi, həm də teatrın dilini müasirləşdirdi. Onun pyeslərində dialoqlar təbii, emosional və eyni zamanda fəlsəfi dərinlik daşıyır. Bu, tamaşaçını düşündürür, təkcə əyləndirmir.
İ.P.: - Tamamilə razıyam. Mənim də ilk dəfə gördüyüm tamaşa - "Şekspir" - məhz bunu göstərdi. Dil mənim üçün hələ yad idi, amma buna baxmayaraq, əsərdə baş verən hadisələr, obrazların xəyalları, məyusluqları, düşüncələri və ziddiyyətləri dərhal anlaşılan idi. Tamaşa psixiatriya xəstəxanasında qurulmuşdu, səhnədə həkimlər, əsəbi bir təsərrüfatçı, Sara Bernar, Venera planetindən gələn bir varlıq, "Drob 13" adlı obraz və hətta İosif Stalin vardı. Bu qeyri-adi, hətta bir qədər sürrealist görünən mühitdə belə, hadisələr və konfliktlər hər kəs üçün tanış idi. Və ən əsası, bunlar böyük ustalıqla, səmimi və güclü yumorla təqdim edilirdi. Zaldakı tamaşaçılar gülür, eyni zamanda düşünməyə vadar olurdular.
S.Z.: - Siz Elçinin üç pyesini - "Şekspir", "Teleskop" və "Cəhənnəm sakinləri" - ingilis dilinə tərcümə etmisiniz. Hər biri fərqli dramaturji üslubu təmsil edir. Bu əsərləri tərcümə edərkən hansı çətinliklərlə üzləşdiniz?
İ.P.: - Burada xüsusi qeyd etməliyəm ki, həmin tərcümələri həyat yoldaşım Səadət İbrahimova ilə birlikdə etmişik. O, mənim Uilyam Şekspiri nə qədər sevdiyimi yaxşı bilirdi və məni həmin ilk tamaşaya da o aparmışdı. Düşünürəm ki, bir az da həyəcan keçirirdi, bəlkə də ehtiyat edirdi ki, mən məyus olaram və "sevimli qəhrəmanımın nüfuzunu müdafiə etmək istərəm." Amma tam əksinə! Bu mənim teatrda keçirdiyim ən möhtəşəm gecələrdən biri idi. Bu günə qədər Səadət xanıma minnətdaram ki, məni həmin tamaşaya apardı.
Tamaşadan dərhal sonra israrla xahiş etdim ki, Elçinlə görüşməyin və pyesin mətnini əldə etməyin yolunu tapsın. O, bunu bacardı. Əminəm ki, burada sizin də, Sevinc xanım, yardımınız olmuşdu. Buna görə sizə də ayrıca minnətdaram!
Bizim üçün həmin tərcümələri ən yüksək səviyyədə ortaya qoya bilmək çox vacib idi. Doğrusu, çətinliyimiz çox olmadı. Elçinin dialoqları son dərəcə aydın və canlı idi. O, heç vaxt mouzə oxumur, öyüd-nəsihət vermir. Sadəcə, personajların danışmasına şərait yaradır, düşünməyi isə oxucunun və tamaşaçının ixtiyarına buraxır. Əsərlərinin dili olduqca təbii və həyatidir. Əlbəttə, mətnlərdə milli çalarlar və Azərbaycan dilinə xas ifadələr vardı. Amma Səadət xanım həmin ifadələrin mənasını və məna qatlarını mənə izah edirdi. Çünki Elçinin üslubu mahiyyətcə universaldır və çox vaxt həmin məqamların ingiliscə qarşılığını tapmaq çətin deyildi.
S.Z.: - "Şekspir" pyesi xüsusilə tragikomik tonu ilə fərqlənir. Sizcə, Elçinin ironiya və paradokslardan istifadə üslubu nəyi ifadə edir? Bu, müasir dramaturgiyanın qlobal tendensiyaları ilə necə səsləşir?
İ.P.: - Elçini mənim üçün maraqlı edən də məhz bu idi. Bilirsiniz ki, Uilyam Şekspirin ən faciəli əsərlərində belə, yumora, ironiyaya və paradoksa yer verilir. Dramaturgiya məhz bu balansla güclənir. Elçin də bunu çox ustalıqla bacarırdı. Mənim gördüyüm ilk "Şekspir" tamaşasında dil mənim üçün yad olsa belə, amma aktyorların enerjisi, xarakterlərin bütövlüyü dərhal hiss olunurdu. Personajlar "kartondan" hazırlanmış obrazlar deyildi, onlar canlı idilər. Və tamaşa boyu həm düşündürən, həm də güldürən anlar yaşanırdı. Bu, böyük sənətin əlamətidir.
S.Z.: - "Cəhənnəm sakinləri" dərin fəlsəfi və əxlaqi mövzular üzərində qurulub, "Teleskop" isə daha çox alleqorik və simvolik təsir bağışlayır. Sizcə, Elçin müxtəlif dramaturji formalarla qəsdən təcrübə aparırdı, yoxsa bu, onun yaradıcılıq (vizyonunun) təbiəti idi?
İ.P.: - Elçinlə ilk görüşümüzü heç vaxt unutmaram. Müsahibəmizdən böyük zövq aldım. O vaxt o, Azərbaycan Respublikasının Baş nazirinin müavini idi və mən belə bir şəxslə görüşəcəyim üçün, təbii ki, bir qədər həyəcanlı idim.. Amma bu həyəcan çox tez keçdi, çünki Elçin çox səmimi və açıq insan idi. O, söhbəti dərhal yazıya, ədəbiyyata gətirdi və bunun onun əsas sevgisi olduğu hiss olunurdu. Mən onun yazı prosesi barədə dəqiq danışa bilmərəm, amma aydın odur ki, o, hər dəfə cəmiyyətlə bağlı müəyyən bir mövzunu çatdırmaq istəyirdi. Mövzunu seçəndən sonra isə hansı üslubun daha uyğun olduğuna qərar verirdi.
Məsələn, "Cəhənnəm sakinləri" mənim üçün böyük sürpriz oldu. Mən Elçindən belə sərt və "qorxulu" bir mətn gözləmirdim. Əsəri oxuyanda və ya tamaşaya baxanda insan sanki yerində donub qalır. Bu, çox güclü və təsirli bir əsərdir. Mənim üçün bu əsər Elçinin ən çox israrla dediyi bir çağırışdır: "Diqqətlə baxın, düşünün, belə bir şey necə baş verə bilər? Siz özünüz bu halda nə edərdiniz?" Onun gücü də məhz bundadır: oxucunu və tamaşaçını silkələyir, dərin düşüncəyə sövq edir.
S.Z.: - "Sarı gəlin" və "Baladadaşın toy hamamı" hekayələrində folklorla bədii təfəkkürün birliyi xüsusi yer tutur. Elçinin milli dəyərlərlə ümumbəşəri mövzuları birləşdirmək bacarığı sizə necə təsir bağışladı?
İ.P.: - "Baladadaşın toy hamamı" əsərinə gəldikdə, deyərdim ki, o daha çox lokal məzmun daşıyır. Amma Baladadaşın öz toy öncəsi məcburi adət olan hamam mərasimini təşkil etməkdə çəkdiyi çətinliklər, onun gülüş doğuran inadkarlığı və sonda tapdığı ağıllı çıxış yolu hər oxucuya tanış gəlir. Hər kəs öz həyatından bunabənzər məqamlar xatırlayır və təbii ki, ucadan gülür.
"Sarı gəlin" isə beynəlxalq xarakter daşıyan hekayədir, burada Azərbaycan, Norveç və ABŞ-dan gələn obrazlar var. Oxucu dərhal Azərbaycanın musiqisi və xalq ənənələri ilə tanış olur. Balabanın kədərli, sehrli səsi hekayədə aparıcı rol oynayır. Əsərin mövzusu müstəqilliyini yeni qazanmış Azərbaycanın Qərb dünyası ilə ilk təmasları, fərqli dəyərlər, etik normalar və iqtisadi münasibətlərlə qarşılaşmasıdır. Burada Qərbin Azərbaycan mədəniyyətinə, onun dəyərli irsinə verdiyi ilk reaksiyası təsvir olunur. Əsər sanki bəşəriyyətə yönələn açıq bir çağırışdır: "digərin"in mədəni dəyərlərinə hörmətlə yanaşmaq və onları anlamaq zərurətini vurğulayan bir müraciət. Mənim özümün də "Sarı gəlin" mahnısı ilə bağlı mistik bir təcrübəm olmuşdu: Naxçıvanda Əlincəçay vadisinə baxarkən, sanki həmin musiqinin ruhunu hiss etdim. Daha sonra bu hekayəni oxuyanda Elçinin həmin duyğunu bu sətirlərlə necə möhtəşəm ifadə etdiyini hiss etdim: "... Çoban, qaytar quzunu ..." Bu səhnəni Elçin böyük ustalıqla qələmə almışdı.
S.Z. (şərh): Maraqlı məqama toxundunuz. Elçinin "Sarı gəlin" hekayəsində yer alan "Dərin vadi" obrazı sadəcə təbiət mənzərəsi deyil, eyni zamanda milli yaddaşın məkansal kodunu simvolizə edir. "Çoban, qaytar quzunu" ifadəsi isə metaforik anlamda keçmişi, ənənəni, bəlkə də zamanla itirilmiş dəyərləri geri çağırmaq kimi işlədilir. Burada "öz" və "digər" arasında körpü qurulur: Azərbaycan mədəniyyətinin "öz səsi" balabanın müşayiəti ilə qlobal oxucuya təqdim olunur.
S.Z.: - Sizcə, Elçin Əfəndiyevi dünya ədəbiyyatı xəritəsində hansı mövqedə görmək olar? Onun yaradıcılığı ilə beynəlxalq yazıçılar arasında hansı oxşarlıqları görürsünüz?
İ.P.: - Bu mənim üçün çətin sualdır. İcazə verin, izah edim. 2000-ci ildə, Bakıya köçəndən bir neçə ay sonra mənə Qurban Saidin "Əli və Nino" romanının ingiliscə nüsxəsi verildi. Oxuyanda heyrətə gəldim və öz-özümə düşündüm: "Necə ola bilər ki, mən universitetdə ədəbiyyat oxumuşam, yaxşı təhsil almışam, amma belə möhtəşəm bir kitabdan heç xəbərim olmayıb?" Təəssüflə deməliyəm ki, Qərbdə Azərbaycan ədəbiyyatı barədə məlumatsızlıq hələ Azərbaycan yazıçılarının qlobal miqyasda "yer alması"na çətinlik törədir. Paralellərə gəlincə, kifayət qədər nümunə tapmaq olar. Mən də sizin kimi, ilk növbədə, Molyerin adını çəkərdim. Bildiyim qədər, Mirzə Fətəli Axundzadə də XIX əsrin ortalarında Molyerin təsirindən bəhrələnmişdi və Azərbaycan maarifçilik hərəkatının başlanğıcında məhz satira ilə sosial-siyasi məsələlərə müraciət etmişdir. Elçin də satiranı və ironiyanı bu missiya ilə - cəmiyyətin inkişafı, insanın dərk olunması üçün bir vasitə kimi istifadə edirdi. Amma dünya ədəbiyyatşünaslığı çox ciddi səy göstərməlidir ki, Axundzadə, Elçin və digər böyük Azərbaycan yazarlarını araşdırsın və onları dünya ədəbiyyatı xəritəsinə daxil etsin.
S.Z.: - Postsovet ədəbiyyatı çox vaxt ənənə ilə müasirlik arasında sıxışıb qalmaqda ittiham olunur. Bu, Elçin Əfəndiyevə aid edilə bilərmi?
İ.P.: - Mən bunu Elçinə aid etməzdim. Onun yaradıcılığının genişliyi həm janr, həm də mövzular baxımından, açıq şəkildə göstərir ki, o, həmişə eksperiment aparmağa hazır idi və ən uyğun üslubu seçirdi. Məsələn, pyeslərini götürək. Teatr, əlbəttə ki, ənənəvi bir incəsənət formasıdır, amma "Şekspir" və ya "Teleskop" əsərlərini ənənəvi pyeslər kimi qələmə vermək çox çətindir. "Cəhənnəm sakinləri" müəyyən mənada, formaca ənənəvi görünə bilər, üstəlik, sovet həyatının bir dövrünü əks etdirir, amma o dövrə münasibətindəki dəqiqlik, aydın baxış və sənətkarlıq əsla "ənənəvi" deyil. "Baş" romanı isə, formaca qismən klassik görünür, lakin məzmununa görə postmodernist ədəbiyyata daha yaxındır. Elçinin təsirləndiyi müəllifləri də görmək mümkündür: Molyer, bəlkə də Qoqol. Amma onun əsərlərinin məkanı çox müxtəlifdir: XIX əsr Bakısı, bu günün psixiatriya xəstəxanası, Abşeron kəndi, müstəqillik dövrünün Bakısı və Nyu-York mənzilləri, sovet dövrünün məişəti və bu məkanlarla bağlı sosial məsələlər. Bu qədər genişlik Elçinin yaradıcılığını hər hansı konkret kateqoriyaya salmağı mümkünsüz edir. Elçin ənənədən bəhrələnirdi, amma onu müasir oxucuya ünvanlayırdı.
S.Z.: - Əgər Elçin Əfəndiyevi onunla tanış olmayan yeni oxucu nəslinə təqdim etmək lazım olarsa, hansı əsəri tövsiyə edərdiniz?
İ.P.: - Mənim seçimim, yəqin ki, "Şekspir" pyesi olardı. Çünki hələ də onun təsiri altındayam. Amma əgər teatr tamaşasına baxmaq mümkün deyilsə, onda Elçinin hekayələrinə üz tutardım. İlk növbədə, "Sarı gəlin" hekayəsini oxumağı tövsiyə edərdim. Məncə, bu hekayəni oxuyan, eyni zamanda musiqisini dinləyən hər kəs ona biganə qala bilməz.
İ.P.: - Mən Günay Əfəndiyevaya atasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Biz Günay xanımla Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunda birgə layihələr həyata keçirmişik və əməkdaşlıq etmişik. Mən inanıram ki, bu ağır günlərdə atasının zəngin irsi onun üçün həm təsəlli, həm də güc mənbəyi olacaq. Elçin Əfəndiyevin irsi yalnız ailəsi tərəfindən deyil, həm də dünya boyu oxucuları tərəfindən yaşadılır.
S.Z. (şərh): Mən Elçinin yaradıcılığını öyrənərkən çox vacib bir məqamı dərk etdim: onun əsərlərinin oxucuya bu qədər doğma, yaxın və təsirli olmasında yaradıcı şəxsiyyətin rolu həlledicidir. Elçin Əfəndiyevin daxili mədəniyyəti, mənəvi işığı və ədəbi düşüncə tərzi onun bütün əsərlərində parlaq şəkildə əks olunurdu. Bu səbəbdən o, yalnız böyük yazıçı deyil, həm də milli mədəniyyətin daşıyıcısı, ədəbiyyatımızın mənəvi simvoludur. Mədəniyyətli olmaq sadəcə zahiri davranış deyil; insanın daxilindəki işıq, mənəvi zənginliyi və geniş dünyagörüşü ilə bağlıdır. Elçin Əfəndiyev məhz belə bir daxili mədəniyyətə sahib yaradıcı şəxsiyyət idi. Onun yazılarında da, gündəlik ünsiyyətində də bu zəriflik, intellektual dərinlik və humanist münasibət hiss olunurdu. Bu da əsərlərinin həm Azərbaycan, həm də dünya oxucusu üçün daim aktual və təsirli qalmasının başlıca səbəblərindəndir.
Öz sözü və sənəti ilə o, hər zaman bizimlədir!
Çox şey söyləmək olar... Amma yazıçının öz sözləri ən gözəl cavabdır:
"...Sənət heç zaman güzəştə getmir. Sənət həmişə təfəkkürün, bədii-estetik qadirliyin ən yüksək mərtəbəsində dayanır, bircə pillə aşağıda belə, artıq sənət yoxdur. Bu mənada sənət amansızdır..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!