Günaydın, sayqıdəyər cənab Azər Turan!
Sizə yazan Oljas Süleymenovun (YUNESKO yanında Mədəniyyətlərin Qovşağı Mərkəzində) köməkçisi İqor Krupkodur.
Sizi "Az i Ya" əsərinin 50 illiyi münasibəti ilə düzənlənən konfransda görməkdən böyük məmnunluq və şərəf duyduq. Ümidvaram ki, bütün işləriniz qaydasındadır.
Oljas Omaroviç, bu günlərdə, bizim üçün də doğma olan Azərbaycandan bəhs etdiyi yeni müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırır və daha çox oxucu auditoriyasını əhatə etməsi məqsədi ilə çap etməyinizi sizdən rica edirəm.
Öncədən təşəkkürlərimlə...
- Günaydın, Oljas Omaroviç. Bizim nəşrin suallarını cavablandırmaq üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirik.
- Günaydın. Sizinlə söhbət mənim üçün də xoşdur və ümidvaram ki, oxucular üçün də faydalı olacaq. Qalan vaxtımı boşuna sərf etməməyə çalışıram. Lakonik və ciddi bir müzakirə açarıq.
- Siz Azərbaycan xalqının, eləcə də bütövlükdə ölkəmizin böyük dostusunuz. Siz həmişə, eləcə də ölkəmizin ən ağır günlərində bizimlə olmusunuz. Lütfən, bizim Ümummilli Liderimiz Heydər Əliyevlə ilk tanışlığınız haqda danışardınız. Bu görüş necə baş tutdu, onu necə xatırlayırsınız?
- Mən onu, ilk növbədə, öz ölkəsinin əsil lideri, kateqoriyalı, eyni zamanda milli və planetar düşüncə adamı kimi xatırlayıram. Hər bir yazıçının və ictimai xadimin istedad işığını duyar, onlara dəstək olar və inkişafına şərait yaradardı.
1975-ci ildə Azərbaycanda keçirilən "Sovet Ədəbiyyatı Günləri"ndə iştirak etmək üçün mən də dəvətli idim. Həmin günlərdə SSRİ-nin bütün respublikalarından olan yazarlar Bakıda çıxışlar edirdilər. Bir qrup ədəbiyyat adamları ilə yekun görüşündə respublikanın rəhbəri şəxsən iştirak edirdi. Bizim bir çoxlarımız fürsətdən istifadə edib çıxışına görə ona təşəkkür edirdik. Sonda o, gözlənilmədən mənə üz tutub belə dedi: "Oljas, sən təkcə qazaxlara yox, bütün türklərə gərəksən!"
Az sonra, eşitdiklərimi götür-qoy edəndə başa düşdüm ki, Heydər Əliyev mənim yeni nəşr olunmuş "Az i Ya" kitabımı dəyərləndirmək məqsədi ilə bunları deyib. Onun həmin vaxt masa arxasında söylədiyi bu sözlər 60-cı illərdən başlayaraq bu günə qədər müəllif olaraq çalışmalarımda mənim üçün xüsusi yol yoldaşı oldu. İndi mənim rəhbəri olduğum YUNESKO yanında Mədəniyyətlərin Qovşağı Mərkəzi bütün bəşəriyyət üçün vacib olan problemlərin həllinə həsr olunmuş uluslararası (beynəlxalq) konfranslar təşkil edir. Burada dünya çaplı bilim adamları və mədəniyyət xadimləri mövcud mövzular ətrafında araşdırmalar və müzakirələr aparırlar. Bizim eradan əvvəl, IV minillikdən başlayaraq, sonrakı əsrlərdə də öz aktuallığını qoruyub saxlayan türk tarixi mövzusu, Çağdaş Dövrün türk dövlətləri liderlərinin xarakterlərində özünü yenidən büruzə verməklə xüsusi inkişaf yolu keçməkdə və üzərində düşünülməkdədir.
Bu cür liderlərdən birinin - Heydər Əliyevin yarım əsr bundan öncə bir qazax şairinə müraciəti türk mədəniyyəti tarixinin dünyaya açılmağının vacibliyi məsələsində onun inamını daha da möhkəmləndirdi.
Ümidvaram ki, bu bilgilər, zamanla, xalqlarımızın daha dərindən özünüdərkinə vəsilə olacaq.
- Azərbaycan yazıçılarından kimlərlə davamlı əlaqə saxlayırsınız?
- Biz, həmişəki kimi, Anarla dostluq əlaqələrini davam etdiririk. Gözəl tarixçi-memuarist və publisist Elmira Axundova bizim mədəniyyətlə bağlı tədbirlərimizdə fəal iştirak edir. Yaxınlarda Almatıda "Az i Ya" kitabının 50 illiyinə həsr olunmuş beynəlxalq (uluslararası) konfrans keçirildi. Konfransa Azərbaycandan - Səlim Babullaoğlu, Nizami Cəfərov, Rafiq Həşimov, Azər Turan, Telman Cəfərov, Ağaverdi Xəlilov kimi alim və yazıçılardan ibarət geniş tərkibdə nümayəndə heyəti gəlmişdi. Onların çıxışları məzmun və əhəmiyyətinə görə elə bizim mövzumuzun inkişafı demək idi.
- Əsərlərinizin hansını ən uğurlu əsər hesab edirsiniz?
- Ən başlıca mətləbimi deyə bildiyim əsəri. Son aylarımı "Osiris qanunu"na həsr etmişəm. Bu mənim ən önəmli ixtiramdır.
Biz bəşəriyyətin tarixini yaxşı bilmirik. XIX əsrin əvvəllərində Napoleon dünyaya Misirin qapılarını açdı - alimlər bu ölkənin qalıqları ilə məşğul olmağa başladılar və bu qərara gəldilər ki, onun tarixi eramizdan əvvəl III minilliyə gedib çıxır. Beləliklə, bəşər tarixi bir neçə minillik də dərinlik qazandı.
Bir neçə min il öncə bəşər övladı (və ya onun bir qismi) artıq işarələrdən istifadə etməklə yazmağı bacarmışdı.
Mən bu mövzuya 65 il bundan öncə müraciət etmişdim. Ancaq yalnız indi tarixin dərinliyindəki dəfinələrə gəlib çata bilmişəm. Qədim Misirdə bizim eradan əvvəl III minillikdə istifadə olunmuş şəkillərlə yazının tətbiqi dilini araşdırarkən mənə məlum oldu ki, bunlar təsvir olunmuş sözün mənasını əks etdirir. Biz bu rəsmlərdə Fironu, ilahiləşdirilmiş bitki və təsərrüfat allahı Osirisi görürük. Uzanıqlı vəziyyətdə olan fironun kürəyindən bitki zoğlarının qalxması belə bir Qanuna əsaslanır.
Bu Qanunu qədim yunanlar sözdəki vurğunu - Osi ris kimi sürüşdürməklə saxlayaraq gələcəyə daşımışlar. Bu hansı anlama gəlirdi? 200 ildir ki, misirşünaslar bu sözün şifrələrini müəyyən edə bilməmişlər. Biz bunu dünyanın yalnız bir dilində izləyə bildik.
Bu sözü qazax dilinə istinad etməklə ancaq indi oxumaq mümkün olmuşdur.
ÖSIRIS - "Becərmək" (kaz.)
Bitkilər allahının adı min illərlə yayılması və saxlanılması üçün Qanun şəklinə salınmış fəal təsərrüfat formulası ilə müəyyən edilibmiş.
ÖS - OS - "bitmək" (qazax.)
ÖSİR - OSİR - "bitir" (qazax.)
ÖSIRİS - OSıRİS - "becər" (qazax.)
Qazax dilində açdığımız və qrammatik inkişafını izlədiyimiz bu formula dünyanın heç bir dilində rast gəlmək mümkün deyil.
Beləliklə, rəsmlə yazıların sayəsində qazaxların bizim eradan əvvəl, III minillikdə Qədim Misirdə təsadüfi qonaq deyil, yerli əhali olduqları və təsərrüfat mədəniyyəti yaratdıqları ilk dəfə sənədlərlə sübuta yetirildi.
Əminəm ki, indən belə dünyanın bilim adamları, alimlər türk dilini fəal şəkildə öyrənməyə başlayacaqlar. Və öyrənəcəklər ki, qədimdən başlayaraq türk xalqları üst düzəydə olublar. Oğuz türklərinin (b.e.ə. IV əsrdə) üstü yazılı daş stelləri bu günə qədər saxlanılmaqdadır. Hələ, b.e.ə. III minillikdə tətbiqi yazı nümunələrinə malik olmuş qədim qazax abidələri isə bizlərə indi məlum olur.
Elm adamlarının bu biliklərə yiyələnməsi ilə türkologiya yeni mərhələyə adlayır və bəşəriyyətin yazı tarixinin heyrətamiz bir səhifəsi açılır.
- Çox sağ olun, bu, doğrudan, heyrətamiz bir kəşfdir. Siz özünüzü xoşbəxt insan hesab edirsinizmi?
- Bu cür kəşflər, əlbəttə, insanı əsl xoşbəxtliyə gətirib çıxarır. Xoşbəxt yaradıcılıq anları mövzuya on illərlə xidmət etməkdən qaynaqlanır. Xəritədə soyuq və qaynar nöqtələr... Leninka, Konqress kitabxanası, YUNESKO-nun mənzil-qərargahı, Beyrut Muzeyindəki məktub, raketlərlə məhv olmuşlar...
İndi isə parkdakı kölgəli xiyabanda və ya yazı masası arxasında Şüurlu İnsan tarixinin sonuncu fəsillərini təkrar oxuyur və redaktə edirəm. Dünyanın hər bir bucağından bir araya gəlmiş insanların obrazların dili ilə - eyni dildə danışdıqlarını yazılı və süjetlərlə görmək və eşitmək, nəhayət, mənə nəsib olur: şumer heroqlifləri, türk işarələri, misir rəsmləri, qazax felləri...
"Həqiqətlər Kitabı"nda bu ixtiralar toplanıb. Bunların hamısını başa çatdırmaq lazımdır ki, bütün dünya bilsin.
- Oljas, Omaroviç, dünya Sizi ədəbiyyat və elm xadimi olmağınızdan başqa, həm də "Nevada-Semipalatinsk" hərəkatının müəllifi kimi tanıyır. Yaxın zamanlarda yayınlanmış "Biz xatırlayırıq..." adlı məqaləniz var. Siz bu yazınızda Qlobal Anti-Nüvə Alyansının fəaliyyətindən və "Nüvə silahı ölkələrimizə və ümumiyyətlə bəşəriyyətə lazımdırmı?" sualına cavab almaq üçün referendum keçirilməsi məqsədi ilə tərəfinizdən yaradılmış SSRİ, ABŞ və Böyük Britaniya parlamentlərarası nümayəndəliyindən danışmışdınız.
- Bəli, bu kolosal bir şans idi. 1991-ci ilin yanvarında biz nüvə silahından imtinaya heç zaman olmadığı qədər yaxın idik. Dünyanın bütün anti-nüvə, anti-hərb və ekoloji hərəkatlarının BMT-nin mənzil-qərargahında bir araya gəldiyi təsis konfransında mən təklif etdim ki, sayı 200-ə yaxın olan parlamentlərin hamısında parlamentlərarası referendum keçirilsin və yeganə suala cavab axtarılsın: "Nüvə silahı ölkələrimizə və ümumiyyətlə bəşəriyyətə lazımdırmı?"
Və bu sualın cavablandırılması üçün mən ilk parlament olaraq SSRİ Ali Sovetinin nəzərdə tutulmasını təklif etdim.
Ən güclü nüvə silahına malik olan bir ölkənin parlamenti nüvə silahının gərəksizliyini qəbul edərdisə; amerikalılar, ingilislər, fransızlar və çinlilər də bununla razılaşmağa məhkum olacaqdılar.
Bunun üçün biz ilk parlamentlərarası nümayəndəliyi yaratdıq: ABŞ-dan iki konqresmen və iki senator, İngiltərənin iki deputatı və SSRİ-dən iki nəfər - Atom İnstitutunun rəhbəri Yevgeniy Velixanov və O.Süleymenov (Velixonov xəstələndiyi üçün onun yerinə Vladimir Yakimets gəlmişdi).
Üç möhtəşəm nüvə ölkəsinin nümayəndələrindən ibarət belə bir heyət ilk dəfə idi ki, yaradılırdı. Və bu ayrıcalıq yox, birləşmək üçün daha çox ümid verirdi.
Bizim məqsədimiz referendumu hazırlamaq və parlamentlərdə nüvəsiz dünyanın səsə qoyulması üçün hazırlıq görməkdən ibarət idi.
Nümayəndə heyəti Moskvaya gəldi və biz proqramı Qorbaçovla müzakirə etdik. Sabahısı gün isə gecikmədən Londona uçduq. Həmin günlərdə orada baş nazir dəyişdiyindən o bizi qəbul edə bilmədi. Ancaq biz öz missiyamızı dayandırmamaq naminə Böyük Britaniyanın müdafiə naziri ilə görüşdük və öz planlarımız barədə onu məlumatlandırdıq. Sonra, həmən, Londondan Vaşinqtona - ata Buşla görüşmək üçün yola düşdük. O isə Meksika səfərindən hələ ki qayıtmamışdı. Biz öz planlarımız barədə onun təhlükəsizlik məsələləri üzrə müşavirini məlumatlandırdıq. Ancaq buranı tərk edərkən Ağ Evin dəhlizində, gözlənilmədən, uçuşdan sonra yorğun görünməyinə baxmayaraq bizi gülərüzlə qarşılayan Buşla rastlaşdıq. Konqresmenlər bizi ona təqdim etdilər və biz elə dəhlizdəcə onunla müəyyən müzakirələr apardıq.
Bir saat keçdi və bizim nümayəndə heyəti ABŞ Konqres və Senatının planlaşdırılmış referendumda iştirak edəcəkləri inamı ilə Ağ Evi tərk etdik.
Necə gözəl bir fürsət idi! Üçüncü minillikdə ölkələrimizi və dünyanı əmin-amanlıqda saxlamaq. Heyrətamiz tarixi bir andan yararlanmaq! Hamımız bu möhtəşəm hadisəyə hazırlaşmağa başladıq. Moskvada, Nyu-Yorkda, Londonda və digər ölkələrdə parlamentlər sülhə hazırlaşırdılar.
Və biz inanırdıq ki, böyük əksəriyyət referendumda - "Nüvə silahına yox!" deyəcək.
Bu, kolosal bir şans idi. Sovet İttifaqı ilə ABŞ heç zaman olmamış kimi yaxın idilər. Dünya inamla birliyə doğru addımlayırdı - qarşılıqlı anlaşma epoxası başlayırdı...
...İndi isə televizor qarşısında əyləşib ABŞ, İran, İsrail, Fələstin, Hindistan, Pakistan, Ukrayna kimi ölkələrin bir-birlərini necə bombalamağı haqqında məlumatlar izləyirik. Dünyada baş verən bu cür bədbəxtliklərin səbəbkarları yaramaz siyasətçilərdir.
1991-ci ildə kim isə Yeltsinə pıçıldadı ki: SSRİ yoxdursa, demək, prezident postu da yoxdur. Qorbaçovu vəzifədən uzaqlaşdırmaq və bu rəqabəti udmaq üçün ona Sovet İttifaqını məhv etmək lazım idi. Belovejskidə dövlət çevrilişini təşkil edən və öz ölkələrini talan edən sərxoş "demokrat"lar da elə bu barədə düşünürdülər.
Aradan bir il keçəndən sonra, ABŞ konqresində Rusiya prezidenti olaraq nitqinə yekun vurarkən, adəti üzrə sərxoş halda olan Yeltsin alqışlarla qarşılanan duasını etdi:
"Allahım, Amerikanı qoru!..."
Onun bu frazanı işlətməyi boşuna deyildi. Bunun arxasında heç bir nüvə hücumu olmadan hakimiyyəti zəbt etmək dayanırdı. Əsl arxitektorların yox, sərxoş iş icraçılarının cəlb olunduğu "Yenidənqurma"nın nəticəsində isə, onlar sosializmin əsaslarını dağıtmaqla bazar feodalizminə və nəhayətsiz müharibələrə gətirib çıxardılar.
Bəşəriyyətin xilasının tarixdə bir dəfə verilə biləcək möhtəşəm şansı da beləcə əldən çıxdı.
İndi isə biz yenidən arxasında yol olmayan uçurum qarşısındayıq. Dünyanın sonunu gətirən yaramaz siyasətçilər bizə lazım deyil. Onlar Yer üzündə yaşayan heç kimə - heç bir xalqa, heç bir bəşər övladına lazım deyillər.
Bizim xalqlarımız bu cür sonluğu haqq etməmişdilər. Biz uzun illər və əsrlər boyu yaşamalı, yaratmalı idik.
Bu anlayış o vaxtları və o zaman baş verən hadisələri yadda saxlamağın daha vacib olduğunu göstərir. Xoşbəxtlikdən biz bu olayların içərisində olmuşuq. Bizim Hərəkatın tarixçilərə dərs verdiyi dünyaçaplı gündəmin müəllifi olmuşuq.
Yaddaşlarımızda yaşayan o möhtəşəm imkanları xatırlayıram. Və bütün dövlətlərə arzum budur ki, bunları unutmasınlar, hələ ki, gec deyil, qalan vaxtdan və bu imkanlardan yararlansınlar.
- Biz inanırıq ki, bəşəriyyət və onun liderləri Sizin çağırışınıza səs verəcəklər. Azərbaycan xalqına Sizin arzularınız...
- Öz keçmişini yadında saxlayan xalqın gələcəyi də olacaqdır. Mən, bunu Azərbaycanın ağır günlərində, onun yaşamaq uğrunda imtahan verdiyi və gələcəyə doğru yol başlamaq ümidilə hərəkətə keçdiyi zaman onların yanında olarkən hiss etdim.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin qazax şairinə müraciətlə dediyi və "Bakinskiy paboçiy" qəzetində çap olunmuş sözləri daha mükəmməl ifadə edir:
"Ölkəmizin ən çətin vaxtlarında siz Azərbaycan xalqı ilə bir yerdə olmusunuz... Biz bunu unutmuruq və yüksək dəyərləndiririk. Azərbaycan xalqı Sizi, Sizin yaradıcılığınızı çox sevir. Sizin vətəndaş mövqeyiniz böyük hörmətə layiqdir."
Ancaq birlikdə, bir-birimizə dəstək olmaqla öz ucalığımızı fəth edə bilərik. Bu düstur dövlətlərin, xalqların, eləcə də şəxsiyyətlərin qarşılıqlı asılılıq şərtlərinə uyğun həyat təcrübəsindən doğur. Şairlər və siyasətçilər müstəqillik periodundan həm də bizim ümumi qarşılıqlı asılılığımızın dərk edilməsi fürsəti kimi yararlanırlar. Biz getdikcə daha yaxşı başa düşürük ki, cəmiyyətdə siniflər, qonşuluqda xalqlar həmişə bir-birlərindən asılı vəziyyətdə olurlar. Ancaq Yer üzündə yaşamağın başlıca şərti olan bu məsələni dərk etmirik. Biz yazıçılar öz xalqlarımıza bunu dərk etməkdə yardımçı olmalıyıq.
Qoy bizim üçün də doğma olan Azərbaycan dünyada öz yeni addımları ilə yüksəkliklər fəth etsin. Və Azərbaycan xalqı həm keyfiyyət, həm də kəmiyyət etibarı ilə artmaqda davam etsin.
- Maraqlı söhbətə və xoş arzularınıza görə Sizə təşəkkür edirik. Sizə möhkəm cansağlığı, Mədəniyyətlərin Qovşağı Mərkəzinə isə Sizin rəhbərliyiniz altında öz missiyasını yerinə yetirməkdə uğurlar diləyirik.
Söhbətləşdi: Cəmilə Çebotareva
Tərcümə etdi: İbrahim İLYASLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!