Bu yaxınlarda Rusiyanın məşhur "Subkultura" portalı maraqlı bir yazı və belə bir sualla çıxış etmişdir: "Müasir dünyada filosof varmı?" ("Estğ li filosofı v sovremennom mire?") Maraqlı həm də burasıdır ki, adıçəkilən yazıda dünyanın ən görkəmli dörd çağdaş filosofu (Deni-Robert Dyüfur, Mişel Onfre, Mühəmməd Abel əl-Cəbri və Zahid Orucov) haqqında məlumat verilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, bu gün elm aləmində ən çox tanınan filosoflardan biri məhz "Azərbaycan kökənli filosof Zahid Orucovdur". Dünyanın bir çox ölkələrində kitabları nəşr edilən, əsərləri tədris edilən Zahid Orucovu Azərbaycanda çox təəssüflər ki, geniş ictimaiyyət o qədər də tanımır.
Bəs kimdir Zahid Orucov?
Zahid Məlik oğlu Orucov 4 aprel 1932-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, fəlsəfə tarixi, dialektik məntiq, sosial bilik metodologiyası sahələri üzrə elm aləmində tanınmış mütəxəssisdir.
Haşiyə. Zahid Orucovun atası professor Məlik Orucov tarixçi alim idi, uzun illər indiki BDU-da çalışmışdır. Zahid ilk gəncliyində idmanla məşğul olub. Amma son sinifdə atasının tövsiyəsi ilə idmanın "daşını atıb". O, bir müsahibəsində deyir: "Atam mənə fəlsəfə fakültəsinə daxil olmağı tövsiyə etdi. Belə də oldu. Lomonosov adına MDU-ya daxil oldum. İlk sessiyanı əla qiymətlərlə başa vurdum, atam əvvəlcə buna inana bilmədi".
Zahid Orucov Moskvada təhsilini başa vurduqdan sonra Bakıda elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş, çox gənc ikən Moskva Elektron Texnikası İnstitutunda fəlsəfə kafedrasını təsis etmiş, MDU-nun fəlsəfə fakültəsində professor olaraq çalışmış, dialektik məntiq üzrə öz mühazirələr kursunu tədris etmiş, eyni zamanda "Fəlsəfi elmlər" jurnalının baş redaktor müavini olmuşdur.
Alim sonralar müəllimlik illərini belə xatırlayır: "MDU-da öz kursumu oxumağa başladım. Orada fəlsəfəyə maraq göstərən tələbələr çox idi. Auditoriya həmişə dolu olurdu. Hətta gülməli hadisələr də olurdu. Bir dəfə mühazirə oxuyurdum, gənc bir oğlan döşəmədə oturmuşdu. Soruşdum: "Doğrudanmı, yer yoxdur?" O başını tərpədib dedi: "Mən iqtisadiyyat fakültəsindənəm". Əlbəttə, xoş idi ki, digər fakültələrin tələbələri də mənim kursumu dinləməyə gəlirdilər".
Zahid Məlik oğlu 26 yaşında namizədlik, 34 yaşında doktorluq dissertasiyası müdafiə etmiş, öz dövrünün ən gənc filosoflarından biri olmuşdur. O, 1985-1987-ci illərdə ölkə rəhbərliyinin təkidli təklifi ilə Bakıya gəlmiş, Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Haşiyə. Mən Zahid müəllimi məhz həmin illərdə tanımışam. O, iki il müddətində bizim İnstituta rəhbərlik etmişdir. Aradan illər keçib. Sonralar rastlaşmasaq da, o, mənim yaddaşımda obyektiv və analitik elmi təhlilləri ilə seçilən bir alim kimi qalıb. Zahid Orucov olduqca sadə, təvazökar, vicdanlı, necə deyərlər, "düzünəqulu" bir alim idi. Elə bu cəhətlərinə görə, bəzi dairələr və bir çox şəxslər onu "həzm" edə bilmirdilər. O, qısa bir vaxt ərzində elmi idarəyə rəhbərlik etdi. Sonralar müsahibələrində vəzifəni tez tərk etməsinin səbəbini belə izah edib: "Direktor işlədiyim iki il ərzində iki cümlə də yaza bilmədim". Zənnimcə, Zahid Orucov vəzifədən təkcə vaxt qıtlığına görə istefa verməmişdi. Axı o, təşkilatçılıqdan qorxan birisi deyildi. Hələ 35 yaşlı bir gənc ikən professor Orucov, Moskvadakı nüfuzlu ali məktəblərin birində fəlsəfə kafedrası yaradaraq ona rəhbərlik etmişdir.
Zahid Orucov 1987-ci ildə keçmiş SSRİ Ali Partiya Məktəbinin rəhbərliyinin dəvəti ilə Moskvaya qayıtmış və əvvəlcə fəlsəfə professoru, daha sonra Rusiya Dövlət Humanitar Universitetinin professoru olmuşdur. O, sonrakı illərdə Rusiya Federasiyası Prezident Administrasiyası yanında Dövlət İdarəetmə Akademiyasının aparıcı və baş elmi işçisi vəzifəsində çalışmış, sosiologiya kafedrasının, daha sonra Moskva İşgüzar İdarəetmə İnstitutunun (sonralar Moskva Dövlət İşgüzar İdarəetmə Akademiyası) professoru kimi fəaliyyət göstərmişdir.
Zahid Orucov Almaniya, ABŞ, Kanada, Kuba universitetlərində alman, ingilis, ispan dillərində mühazirələr və kurslar keçmişdir. Professor Orucovun bir çox xarici ölkələrdə müxtəlif dillərdə nəşr olunmuş elmi əsərlərində nəzəri isbat məsələləri, onun empirik və formal-məntiqi isbatlardan fərqləri, dialektik məntiqin sistematik izahı problemləri araşdırılmışdır. 1980-ci illərdə ABŞ-ın Kornell Universitetində məşhur sovetoloq professor Ceyms Skenlan öz kitabında qeyd etmişdir ki, "Orucovun işlərindən sonra dialektik məntiq ABŞ-da əvvəlki kimi rədd edilə bilməz, çünki artıq elmi hörmətə layiq bir səviyyəyə qaldırılmışdır".
Zahid Orucov islahatların cəmiyyətin inkişafı üçün zəruri metod kimi nəzəriyyəsini, həmçinin iqtisadi idarəetmənin mərkəzləşdirilmiş yanaşmaya əks olaraq universal metod kimi regional inkişaf nəzəriyyəsini, habelə, "keçmiş", "keçmişin amilləri" və "toplanmış keçmiş" anlayışlarını insan təbiətinin substansial anlayışları kimi işləyib hazırlamışdır.
Zahid Orucovu bir filosof kimi ən çox düşündürən ümdə məsələlərdən biri insan varlığının mənşəyi və onun təşəkkülü, evalyusiyası problemidir. Alim belə hesab edir ki, Darvinin nəzəriyyəsi təxminən, 150 ildən sonra belə, insanın təbii mənşəyini sübut edə bilmir, çünki insan təbiətini anlamaqda "təmiz bioloji" yanaşmadan uzaqlaşmır. Orucovun irəli sürdüyü konsepsiyanın mahiyyəti belədir: bu problemin həlli üçün fəlsəfə təkcə bioloji amillərə deyil, onunla yanaşı psixoloji, dilçilik və sosiologiya kimi müxtəlif elmlərin nəticələrinə əsaslanmalıdır. Bu fikir yeni və cəsarətli bir addım hesab edilir.
Zahid Orucov təkcə Darvinin bir çox mülahizələrinə deyil, habelə Marksın irəli sürdüyü bəzi mühüm tezislərə də tənqidi yanaşmışdır ki, bu da onun dərin analitik bilgisindən və alim cəsarətindən irəli gəlir. Professor Orucov Marks haqqında belə deyir: "O, dahi iqtisadçı idi... Lakin mən Marksla heç də hər şeydə razı deyiləm. Məsələn, cəmiyyətin siyasi şüurunun yalnız iqtisadiyyatdan asılı olduğu və iqtisadi bazanın siyasi üstqurumu müəyyən etməsi haqqında onun məşhur konsepsiyasını qəbul etmirəm. Mənə elə gəlir ki, burada Marks səhv edir - onun təsəvvürünə görə, insan müstəqil şəxsiyyət kimi deyil, bu prosesin yalnız "tamamlayıcısı" kimi çıxış edir. Mən isə hesab edirəm ki, insanın öz təbiəti var, o, iqtisadi şəraitdən asılı olmayaraq özü-özünə qərar verə bilər..."
Naturalistik insan konsepsiyası, heyvandan insana məntiqi keçidi hələ də qəti şəkildə izah edə bilmir və bəzi alimlər bunu "itkin halqa"nın olmaması ilə izah edir. Lakin əslində "həlledici halqa" mövcuddur və naturalistik yanaşma bunu ümumiyyətlə nəzərə almır. İnsanların aprior düşünmə qabiliyyətini nəzərə almaması bu yanılmanın əsas səbəbidir. Bunu klassik alman fəlsəfəsi, xüsusilə, dahi filosof İ.Kant sübut etmişdir. Kant hesab edirdi ki, insan məhz zəkaya malik olduğu üçün aprior düşünmə qabiliyyətinə malikdir. Bununla belə, Kant Ç.Darvinin təkamül nəzəriyyəsindən xəbərsiz idi və buna görə də heyvanın aprior olmayan düşüncədən insana xas aprior düşüncəyə keçidi problemini həll edə bilməmişdi.
Apriorizm (təcrübədən asılı olmayaraq qazanılan bilik - F.M.) məsələsi hələ Platon tərəfindən "xatırlama" anlayışı ilə və daha sonra Leybnits tərəfindən "anadangəlmə ideyalar" anlayışı ilə irəli sürülmüşdür. Lakin Ç.Darvin XIX əsrdə ingilislərə xas sensualizm mövqeyində dayanaraq, duyğu təcrübəsini mütləqləşdirirdi və abstraksiya qabiliyyətini insan ağlının yetərli xüsusiyyəti hesab edirdi.
Professor Orucov insanın aprior qabiliyyətinin necə meydana gəldiyini "toplanmış keçmiş" anlayışına əsaslanaraq məntiqi şəkildə izah edir. Bu anlayış özünün strukturunda aşağıdakıları ehtiva edir: 1. xaotik hissə; 2. təşkil olunmuş, yəni nizamlanmış hissə; və nəhayət, 3. müvafiq dövrün (tarixi epoxanın) düşüncə tərzini. Bu düşüncə tərzi "toplanmış keçmiş"i nizamlayır və yeni təcrübə, məntiq və dövrün düşüncə üsullarının formalaşması imkanlarını yaradır. Bütün bu qabiliyyətlərin təməlində yaradıcılıq və ya F.Nitsşenin təbiri ilə desək, "xaosu təşkil etmək" bacarığı dayanır. Orucovun nəzəriyyəsinə görə, "toplanmış keçmiş" (və ya K.Popperin "üçüncü dünya"sından fərqli olaraq) insanın ayrılmaz bir hissəsidir və insan onu daim özü ilə daşıyır, onunla qarşılıqlı əlaqədə olur və onu "təşkil edir".
Bəs "toplanmış keçmiş" necə yaranır? Bu, insanın əcdadına instinkt kimi verilmiş sözlü dilin imkanlarından doğur. Ç.Darvin hələ öz dövründə dilin insana instinkt olaraq verildiyini irəli sürmüşdü. Bu fikir bir çox alim tərəfindən qəbul edilsə də, müasir dilçilər, xüsusilə N.Xomski və S.Pinker tərəfindən daha da əsaslandırılmışdır. Onlar dilin insanın yaradıcılıq qabiliyyətlərini oyandırmaq xüsusiyyətinə malik olduğunu vurğulamışdır. S.Pinker, N.Xomskiyə əsaslanaraq, dilin aprior düşüncənin xüsusiyyətlərinə yaxın olduğunu və bunun insan təbiətinin yaranma sirrini anlamaq üçün əhəmiyyətli olduğunu qeyd edir. Sözlərin konkret xarici obyektlərdən asılı olmaması insanlara bir tərəfdən, hər bir cümləni tarixən heç vaxt təkrarlanmayan yeni kombinasiya ilə qurmaq imkanı verir, digər tərəfdən isə, uşaqlar doğuluşdan bütün dillərin qrammatikasına xas olan bir sxem ("Universal Qrammatika") daşıyır. Bu onlara valideynlərinin nitqində sintaktik modelləri fərqləndirmək bacarığı qazandırır.
Şifahi dilin "başlanğıcı" kimi keçmiş ilə insan təbiətinin sintezi nəticəsində "toplanmış keçmiş" yaranır və bu "keçmiş" olmadan insanın aprior qabiliyyəti mümkün deyildir. "Toplanmış keçmiş" insana keçmişin elementləri ilə qarşılıqlı əlaqədə olmağa və əvvəllər bir-biri ilə qarşılıqlı əlaqədə olmayan bu elementləri sintez etməyə imkan verir. Beləliklə, Kantın aprior sintez anlayışı, yəni tam apriorizm meydana çıxır ki, bu da insana xas olan bir xüsusiyyətdir.
Z.Orucov bir qədər də irəli gedərək iddia edir ki, hətta heyvanlar dünyasında belə, apriorizmin müəyyən dərəcədə mövcud olduğu müşahidə edilir. Əgər heyvan "ölü" daşlardan fərqli olaraq, xarici mühitdə baş verən dəyişikliklərə qabaqlayıcı reaksiya verməsəydi, onu daha güclü yırtıcılar və ya təbiət hadisələri məhv edərdi. Heyvan "mikroapriorizm"ə, yəni məntiqi analoji forma şəklində bir qabiliyyətə malikdir. Bu qabiliyyət ona ətrafında baş verən müxtəlif proseslərə fərqli reaksiya verməyə imkan yaradır. Analogiya ən sadə məntiqi düşüncə formasıdır və heyvana "özünü", necə deyərlər, "başqasından" ayırd etmək imkanı verir.
Filosof Zahid Orucov hesab edir ki, Paleolit dövründə yaşayan insan artıq analitik qabiliyyətə, hətta "yarım-apriorizmə" malik idi. Bu qabiliyyət vasitəsilə o, daşlardan və ya öldürülmüş heyvanlardan "təhlükəli" alətləri ayıra bilirdi.
İnsan həm incəsənət sahəsində, həm də real islahatlar sahəsində daim xaosu təşkil edir, ona öz təsəvvürlərinə uyğun forma verir və bu təsəvvürləri zamanla gerçəkliyə çevirir. Eyni proses gündəlik həyatda da baş verir, belə ki, insan öz həyat şəraitini, digər insanlarla münasibətlərini təkmilləşdirməyə və dəyişməyə çalışır.
Zahid Orucov Yeni dövr utopistlərinin "insan təbiəti"nin dəyişməz olduğunu iddia edən konsepsiyasını rədd edir. Bunun əksinə olaraq, "insan təbiəti"nin tarixi olaraq dəyişən "ictimai münasibətlərin məcmusu"na bərabər olduğunu iddia edən konsepsiyanı da qəbul etmir. Filosof belə hesab edir ki, tarix insanın inteqrativ təcrübəsidir.
...Bəli, dialektik məntiqin öyrənilməsində böyük nailiyyətlər əldə etmiş filosof uzun illərdən bəri mühüm bir ideyanın - insan təbiətinin formalaşmasını tədqiq etməklə məşğuldur.
Tanınmış filosof professor T.V.Kuznetsova, Zahid Orucovun son kitabları haqqında söz açarkən yazmışdır: "Bu gün, demək olar ki, Z.M.Orucovun "İnsan təbiəti və tarixin mənası" kitabında Karl Yaspers tərəfindən formalaşdırılmış fəlsəfənin əsas probleminin elmi-fəlsəfi həlli kifayət qədər inandırıcı formada təqdim edilmişdir".
Zahid Orucovun yaşı 90-ı keçsə də, yenə ciddi elmi tədqiqat işi ilə məşğuldur. O, müsahibələrində tez-tez vurğulayır ki, bu yaşda başladığın işləri tez başa vurmalısan.
Böyük alimə yaradıcılıq fəaliyyətində daha yeni uğurlar arzu edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!