Jeton Kelmendi yazdığı şeirlərlə insan ruhunun dərin qatlarına enən bir tədqiqatçıdır. Onun şeirlərində sevgi, hissdən daha çox, qorxuya qarşı üsyan kimi görünür; tale isə anın sükutunda gizlənir. O, həqiqəti hadisələrin faktlarında deyil, onların insanda oyatdığı mənada axtarır.
Kelmendi daha çox lirik poeziya və fəlsəfi düşüncələrlə zəngin şeirləri ilə tanınır. Onun əsərlərində sevgi, insan varlığı, zaman və milli kimlik mövzuları mühüm yer tutur. Kelmendinin dünyasında cavabsız suallar zəiflik deyil, insanı yazmağa, axtarmağa və daha dərindən yaşamağa vadar edən daxili bir qüvvədir.
Jeton Kelmendi 1978-ci ildə Kosovonun Peja şəhərində anadan olmuş, tanınmış alban şairi, yazıçısı, esseisti, tərcüməçisi və professorudur. O, müasir alban ədəbiyyatının ən məşhur simalarından biri sayılır və yaradıcılığı 40-dan çox dilə tərcümə olunub. O, bir çox beynəlxalq ədəbi qurumların və yazıçılar birliklərinin üzvüdür, həmçinin Avropa Akademiyası və Beynəlxalq PEN Klubun fəal iştirakçısıdır.
Mədəni və ekzistensial poeziyanı sevən, həmçinin alban şeirinin çağdaş üslubunu görmək istəyən oxucular üçün əla seçim ola bilər.
Mən ilk dəfə Jeton Kelmendini şair Ümid Nəccarinin dilindən tanımışam. Ümid hər dəfə deyər ki: "Jeton çox yaxşı şairdir, lirikası fərqlidir. Azərbaycan dilində nəşr olunmuş "Üzümü axtarıram" kitabı ilə şairin poetik dünyasına daha yaxından toxunmaq imkanı qazandım. Kelmendinin özünütəhlil və varlıq sorğularını poetik dilə çevirən bu şeirlər toplusu, tərcüməçilər - Ümid Nəccari və Fəxriyyə Həsənoğlu, həmçinin redaktor heyəti tərəfindən peşəkar şəkildə Azərbaycan oxucularına təqdim olunub.
"Oxucu-yazıçı söhbətləşməsi" layihəm çərçivəsində budəfəki müsahibim Jeton Kelmendidir. Bu müsahibədə də Kelmendi ilə sevginin cəsarət tələb edən mahiyyətindən tutmuş, taleyin sükutla gələn varlığına, həqiqətin harada gizləndiyinə və insanın cavabsız sualları ilə necə yaşamasına qədər geniş bir ədəbi-fəlsəfi səyahət etdik. Şeirlərində olduğu kimi, bu söhbətimizdə də Kelmendi oxucunu cavab tapmağa yox, sualın özünü "qucaqlamağ"a dəvət edir. Çünki onun ədəbiyyatında həqiqi bilik izaholunan deyil, hiss edilən bir sükutdur. Diqqət edin, müsahibədən oxuduqlarınız yalnız cavablar deyil, həm də yeni suallar doğuran bir sükutdur...
Ədəbi söhbətimizi sizinlə paylaşmaqdan məmnunluq duyuram.
- Dəyərli Jeton Kelmendi, doğrudanmı sevgiyə inanmaq üçün insanın cəsarətə ehtiyacı vardır?
- Bəli, bu, doğrudur, sevgiyə inanmaq üçün cəsarət lazımdır. Sevgi, sadəcə, öz-özünə yaranan gözəl bir hiss deyil; o, daxili bir etimad, təslimiyyət və özünü başqa bir insana - sənin kimi natamam və qeyri-müəyyən birinə - açmaq cəhdidir. Sevgiyə inanmaq o deməkdir ki, sən öz varlığının ən həssas qatlarına, qorxularının, xatirələrinin və yaralarının hələ də yaşadığı yerlərə başqa birinin toxunmasına icazə verirsən.
Sevgidə cəsarət, özün olmaq cəsarətidir. Bu, maskaların və qoruyucu qalxanların arxasında gizlənməmək, sevilmək üçün kiminsə roluna girməyə ehtiyac duymamaq deməkdir.
Məyusluğun, xəyanətlərin və səthiliyin adi hala çevrildiyi bir dünyada səmimi şəkildə sevmək və sevilməyə imkan vermək elə bir güc tələb edir ki, bu güc yalnız insanın özünü tanımasından və öz zəifliklərini qəbul etməsindən doğur.
Nəhayətində sevgi qorxuya qarşı incə bir üsyandır. Və yalnız bu qorxunun üzərinə cəsarətlə gedənlər sevginin ən dərin qatlarını yaşaya bilərlər.
- Ağlımız bizdən səbəb soruşursa, niyə eşqə güvənmək olmaz?
- Çünki sevgi məntiqi bir tənlik deyil; o, ağıldan yox, duyğulardan doğur. Beynimiz nizam, izah və təhlükəsizlik axtarır. O, "niyə?", "necə?", "bundan nə qazanacağam?" kimi suallara cavab tapmaq istəyir. Halbuki sevgi çox vaxt analizə tabe olmayan bir təcrübədir o, sadəcə baş verir, bizi qucaqlayır və həmişə izah oluna bilmir.
Ağıl nəzarət axtarır, sevgi isə təslimiyyət tələb edir. Məhz bu təməl ziddiyyət sevgiyə tam güvənə bilməməyimizin səbəbidir. Çünki biz onu nə idarə edə, nə öncədən görə, nə də ölçə bilirik.
Sevəndə elə bir məkana daxil oluruq ki, burada məntiq çox zaman susur, hisslər önə keçir və beyin burada təhlükə hiss edir. Ona görə də şübhə yaradır, təminat axtarır və sözlərlə anlamağa çalışır ki, əslində sözlərdən kənarda olan bir şeyi anlatsın.
Amma biz ağıl və sevgi arasında seçim etməyə məcbur deyilik. Əgər tarazlıq tapa bilsək, yəni hər şeyin izah olunmadan da gerçək ola biləcəyini qəbul etsək, sevgi ağlın varlığında belə çiçəklənə bilər.
Və əgər biz onu cəhalətdən yox, dərk etmiş bir seçimdən qaynaqlanaraq yaşasaq, bəlkə də bu sevgi daha dərin olar.
- Sizcə, tale insan ömrünün hansı stansiyasında enir?
- Mən inanıram ki, tale həyatın tək bir dayanacağında dayanıb düşmür o, sükutla yolumuzu izləyir və ən gözləmədiyimiz anda qarşımıza çıxır.
Bəzən elə bil bizi həyatın başlanğıcında, doğulduğumuz məkanda, daxil olduğumuz ailədə, bizim heç nə seçmədiyimiz, amma hər şeyin bizə verildiyi şəraitdə qarşılayır.
Bəzən isə tale gecikmiş bir sərnişin kimi, gözlənilməz bir dönəmdə peyda olur; elə bir anda ki, biz artıq hər şeyin qabaqcadan yazıldığına inanmışıq. Kimisi taleyi sevgi, kimisi də kədər içində qarşılayır. Kimisi itkidə, kimisi bağışlamağı öyrəndiyi anda.
Amma bir şeyi dəqiq bilirəm: tale yalnız insan onu qəbul etməyə hazır olanda gəlir.
O, kilidlənmiş qapılardan içəri keçmir, inam olmayan yerdə isə durmur.
Mənim fikrimcə, tale o dayanacağa çatır ki, insan bir anlıq dayanır, həyatı sakit gözlərlə seyr edir və anlamağa başlayır: həyat yalnız bizim planlaşdırdıqlarımızdan ibarət deyil, həm də planlarımız arasında baş verənlərdən ibarətdir.
Tale o zaman gəlir ki, ruh artıq naməlumu qorxmadan qarşılamağa hazırdır, çoxdan gözlədiyi bir dost kimi.
- Sizcə, həqiqət hadisənin hansı tərəfindədir? Həqiqətə çatmaq üçün insan mütləq aşiq olmalıdır?
- Həqiqət hadisənin özündə deyil, onun necə yaşanmasında gizlənir. Bir hadisə sadəcə həqiqətin skeletidir, onun forması onu görən gözlərdən, hiss edən qəlbdən və yaddaşda saxlayan xatirələrdən asılıdır. Çox vaxt "həqiqət" dediyimiz şey, yaşadıqlarımızın sadəcə daxili təzahürüdür. Sevgi həqiqətə gedən ən dərin yollardan biridir. Çünki sevəndə artıq maskalara, bəraətlərə ehtiyac qalmır. İnsan özünü olduğu kimi, çılpaq və qorunmasız şəkildə həm qarşısındakı insana, həm də özünə təqdim edir.
Yalnız sevgi vasitəsilə biz təkliyi aşa və kim olduğumuzun mahiyyətinə vara bilirik. Sevgi bizi qorxularımızla, aid olmaq ehtiyacımızla və varolma gerçəkliyi ilə üz-üzə qoyur.
Bəs həqiqətə çatmaq üçün mütləq aşiq olmaq lazımdırmı? Romantik mənada yox. Amma daha geniş mənada bəli. İnsan həyata, öyrənməyə, suallara və özünə aşiq olmalıdır.
Bu emosional və mənəvi bağlılıq olmadan, həqiqət, sadəcə nəzəriyyə olaraq qalır, yaşanmış bir təcrübəyə çevrilmir.
Yalnız sevən insan həqiqəti, onun bütün ağrısı və gözəlliyi ilə birlikdə yaşamağa cəsarət edir.
- Sizin düşüncələrinizdəki Vətən necədir, real coğrafiyadır, yoxsa ruhun Vətəni?
- Mənim üçün "Vətən", sadəcə coğrafi bir məkan deyil, o, bundan qat-qat dərin bir anlayışdır. Bəli, Vətən doğulduğumuz torpaqdan başlayır, ilk işığı gördüyümüz, ilk sözü eşitdiyimiz yerdən. Amma zaman keçdikcə Vətən daha dərin bir şeyə çevrilir: bir duyğuya, xatirəyə, həsrətə, ruhun içindəki boşluğa çevrilir.
Vətən yuxularımızı gördüyümüz dildir.
Ananın səsi, təzə çörəyin qoxusu, yaddaşda qəfil canlanan bir ifadənin hərarətidir. Bu bizim duyğularımızın coğrafiyasıdır.
Bəzən Vətəni fiziki olaraq tərk etsək də, Vətən bizi tərk etmir, əksinə, biz onu özümüzlə daşıyırıq. O, ruhumuzun məskəninə çevrilir.
Elə insanlar var ki, doğulduğu torpaqda yaşasa da, heç vaxt özünü evdə hiss etmir. Elələri də var ki, Vətəndən uzaqda olsa belə, onu hər gün içlərində daşıyırlar.
Vətən qəlbin mənasını tapdığı yerdir. Bu baxımdan, o, torpaqdan çox, daxili bir yaşantıdır. Səssizliyin, şeirin, xatirələrin və həsrətin içində daşıdığımız silinməz bir məkandır.
- Sizcə, niyə insanlar başqa rollarda daha yaxşı göründüklərini düşünürlər?
- Çünki insan mahiyyət etibarilə qəbul edilmək və sevilmək ehtiyacı ilə yaşayan bir varlıqdır. Çox vaxt başqalarının bizə biçdiyi rollar cəmiyyətin gözləntiləri ilə formalaşır, yəni nə "qəbulolunan", "gözəl" və ya "uğurlu" hesab olunursa, həmin anlayışlara uyğunlaşdırılır. Və rədd edilməmək üçün bir çox insan bu çərçivələrin içində yaşamağı seçir, var olmaqdan çox, görünməyə çalışır, uyğunlaşır.
Çünki başqalarının gözündə olmaq istədiyin kimi görünmək öz həqiqi kimliyinin gətirdiyi qeyri-müəyyənliklə üz-üzə qalmaqdan daha asandır. İnsanın daxilindəki gerçək "mən" tez-tez müdafiəsiz, kövrək olur və dünya tərəfindən asanlıqla qəbul edilmir.
Digər tərəfdən, kənardan verilmiş rol nə qədər qeyri-səmimi olsa da, insanın özünü "nəzarət altında", "qəbul edilmiş" və "təqdir olunan" hiss etməsi üçün bir maska rolunu oynayır.
Amma bunun bədəli ağırdır: insan öz gerçək mənliyi ilə əlaqəsini tədricən itirir. Yalnız maskasız, bəzəksiz, olduğu kimi yaşamağa cəsarət edənlər həyatın dərinliyini və gerçəkliyini hiss edə bilirlər. Çünki ən böyük gözəllik, natamam olsa da, insanın tam səmimi şəkildə olduğu kimi görünə bilməsindədir.
- Hələ də cavabını tapmadığınız suallar var?
- Bəli, əlbəttə, həyatımda hələ də cavabını tapa bilmədiyim çoxlu suallar var və bəlkə də onları heç vaxt tapa bilməyəcəm. Nə qədər düşünsək, yazsaq, yaşasaq da, biz cavab sahibi olmaqdan çox, axtarışda olan varlıqlarıq.
Məni müşayiət edən suallar təkcə fəlsəfi və ya ekzistensial deyil, həm də dərin şəxsi suallardır:
Zaman illüziyadır, yoxsa şahid?
Xatirə bizi sağaldır, yoxsa özü bir yara kimi içimizdə qalır?
Sevgi özü son hədəfdir, yoxsa insan varlığının dərin qatlarını anlamağa aparan bir yol?
Mən keçmişdə olduğum insanam, yoxsa hələ olacağım biri?
Elə suallar da var ki, heç bir kəlmə, söz olmadan gəlir, gecənin sükutunda, hər şey susanda hiss etdiyim suallar. Və bu suallara cavabım olmadığı üçün özümü natamam hiss etmirəm, əksinə, bu məni daha çox insan hiss etdirir. Çünki məhz cavabsız qalan o suallar məni yazmağa, axtarmağa və həyatı daha həssaslıqla yaşamağa vadar edir.
Mən inanıram ki, həyat həll olunası bir tapmaca deyil, o, bir yolçuluqdur: bəzən cavablar zamanla gəlir, bəzən isə sirr olaraq qalır və məhz bu sirlər bizə yaşamağın mənasını verir.
Söhbətləşdi: İlahə Ümidli
Müsahibə ingilis dilindən Könül Məmmədova tərəfindən tərcümə edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!