Ədibi yad edərkən... - Sara OSMANLI

 

2022-ci ildə XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin bir əsr ərzində elmi-ədəbi dövriyyədən kənarda qalmış "Ədəbiyyatda romantizm" irihəcmli yazısı orijinaldan savayı, 3 dildə (rus, ingilis, ərəb) kitab halında çap edilmiş və "Milli kitabxananın qızıl fondu"na  daxil edilmişdir.

Sözügedən nəşrin işıq üzü görməsinin "ədəbiyyat hadisəsi" kimi qiymətləndirilməsinin, elmi dəyəri ilə yanaşı, əsas səbəbi əsərin üzə çıxarılmasının (bir əsr sonra) qeyri-adi tarixçəsi ilə bağlıdır.

Nəşrin əsas səbəbkarı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov "Ön söz"də qeyd edir ki, "Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında... "Ədəbiyyatda romantizm" əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan "Maarif yolu" jurnalında dərc etmişdir... Darülmüəllimin yenicə bitirib uzaq kənd məktəbində müəllimliyə başlayan gəncin biliyinə, mütaliə səviyyəsinə və ədəbi əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə bir sırada durmağa layiq düşüncə tərzinə və təfəkkürünə heyran qalmaya bilmirsən.

Hörmətli Kərim müəllim sözügedən yazının uzun müddət müvafiq arxivlərdə axtarışında olub: ilk olaraq "Maarif yolu" jurnalının arxiv fondunda mühafizə edilən 1928-ci ilin 10-12 nömrələrində axtardığı səhifələrinin cırılaraq götürüldüyünü aşkar etmişdir; hətta Milli Kitabxananın fondunda eyni vəziyyətlə rastlaşan Kərim müəllim axtarışını dayandırmır, müvafiq yerlərə sorğular edir, hətta Rusiya Dövlət Kitabxanasından "fondumuzda yoxdur" cavabı alır.

Nəhayət, 2019-cu ilin sonunda Moskvada özü şəxsən müəyyənləşdirir ki, jurnalın müvafiq nömrələri kitabxananın arxivindədir. Və 2020-ci ilin əvvəlində Rusiya Dövlət Kitabxanasının direktorunun köməkliyi ilə Mir Cəlalın ilk mükəmməl qələm təcrübəsi Milli Kitabxanamızın arxiv fonduna daxil edilir və tədqiqatçıların ixtiyarına verilir.

Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, lüğət, ərəb qrafikasının transfonoliterasiyasının müəllifi professor Asif Rüstəmli, tərcüməçilər: filologiya elmləri doktoru Sara Osmanlı (rus dili), professor Əhməd Sami Elaydi (ərəb dili), İlahə Abdullayevadır (ingilis dili).

Əsərin rus dilinə ilk tərcüməsi nədənsə qəbul edilmədiyinə görə, akademik İsa Həbibbəyli (10 ildən çoxdur ki, kitab, məqalə, məruzələrin tərcümələrini mənə tapşırır) məni təklif etdi və beləliklə, Mir Cəlalın uzun dövr ictimaiyyətə məlum olmayan yazısının rus oxucusuna təqdim edilməsi mənə nəsib oldu.

İndi yazıyla mənim birinci təmasım (tərcüməçi kimi) və 3 il sonra yenidən (nəzəriyyəçi kimi) tanışlığım haqda. Bu, "yenidə"nin izahı. Təxminən, may ayında məzunu olduğum BDU-da olarkən Rus dili ədəbiyyatı tarixi kafedrasına baş çəkdim və kafedra müdiri, professor Ədibə Mir Cəlal qızı ilə görüşdüm. Söhbət etdik, o əlçatmaz, ünyetməz günləri (Akif İslamzadənin oxuduğu mahnısı yada düşür: "Keçən günlərimi qaytaraydılar...") xatırladıq: Ədibə xanım ADU-nu bitirən ildən bu elm ocağına sadiq qalmış, hələ 1965-ci ildən bizə, o cümlədən, mənə həm də 523 №-li qrupda bizimlə oxuyan kiçik qardaşı Mir Cəlal müəllim və Püstə xanımın sonbeşiyi, unudulmaz Aqilə (1947-2005) dərs demişdir. Ədibə xanım sözügedən kitabı da soruşdu. Və mən deyəndə ki, indi bəzi şeylər bizə məlumdur, Ədibə Mir Cəlal qızı o gənclik ehtirasıyla dedi: "Sara, sən tarixi mövqedən oxu".

Mən yazıya qayıtdım və 1928-ci ili, 20 yaşlı cavanı mümkün qədər gözümün önünə gətirdim. Və nə yaxşı ki, yenidən oxudum. Həqiqətən, ədəbi hadisə imiş.

Məqalə sistemli səciyyəlidir. Hər şeydən əvvəl 20 yaşlı (1928-ci il!) müəllif yazının məqsədini açıqlayır: "gənclərdə (özü gənc ola-ola - S.O.) bir nəfəs oyada bilsək..." Həqiqətən, 20-ci illərdə türkcə elmi mənbə, tərcümələr yox dərəcəsində idi. Cavan kənd məktəb müəllimi milləti maarifləndirmək yoluna qədəm basır.

Məqsəddən sonra gəlir "romantizm" istilahının açılışı (doğuran tarixi-ictimai səbəblər, sentimentalizm ilə fərqi, əsas səciyyələri, müxtəlif şəkilləri (alman, fransız, türk). Demək, yazının strukturudur.

Nəzəri ədəbiyyata bələd olan gənc müəllifin qeydinə görə, mütəxəssislər etiraf edirlər ki, ən qarışıq istilahlar içərisində romantizmdir. Və konkret  misallar gətirilir. Hətta romantizmi "xəyala qapılmaq kibi düşünürsək yanılmış oluruq. Çünki əvvəla xəyalatın iştirak etmədiyi sənət əsəri  ola bilməz. Olursa da... bu bir "protokol" adlana bilər. Realizm isə o demək deyildir ki, şair həyatda olan şeyi yazsın... Realizm həyatda ola bilən tip və vaqeələr götürür". Romantizmlə bağlı, hətta yerindəcə P.A.Vyazemskinin rus romantizminin banisi V.A.Jukovskiyə yazdığı məşhur məktubundan məlum sitat gətirir.

Romantizm ədəbi cərəyanının özəl səciyyələrini izah edəndən sonra (bəzi qəbul olunmuş konseptlərdən fərqli) müəllif keçir milli ədəbiyyatlarda cərəyanın reallaşmasına. Özü də, yumşaq desək, bir qədər riskli yol seçir. Cərəyanın ümumi səciyyələrini 7 bənddə müəyyənləşdirir.

Sonra isə bunların milli ədəbiyyatlarda təzahürünün özünməxsusluğunu axtarır. İngilis, fransız, türk (indi deyərdik "Türkiyə") romantizminin fərdi amillərlə şərtləndirilməsini göstərməklə (əlbəttə, milli ədəbi ənənələri nəzərə almaq şərtilə).

Gənc müəllif, hətta ədəbiyyatşünaslıq leksikonuna "cavidizm" kibi istilah daxil edir və öz şərhini verir.

Digər yenilik: romantizmin janrlar müstəvisində də spesifikliyinə müraciət edilir: məsələn, Cavidin məşhur dramları ilə yanaşı, "Azər" poeması problem yönündə cəlb edilir.

Bir  vacib müşahidəni də qeyd etməliyəm: bildiyimiz kimi, ta 70-ci illərə kimi sovet ədəbiyyatşünaslığında romantizm iki "cəbhəyə" bölünürdü (ideoloji meyarla) -  mürtəce və inqilabi. Amma hələ 20-ci illərdə gənc Mir Cəlal bir yerdə də olsun bu ənənəyə məhəl qoymur. O, yalnız 2 meyli qeyd edir: qəm-qüssə motivli və etiraz, mübarizə çağırışlı romantik əsərlər.

Bu və digər müşahidələr belə bir nəticəyə gəlməyə əsas verir ki, 20 yaşlı Mir Cəlalın bu yazısı əslində maraqlı tipoloji yönlü tədqiqatdır (cərəyanın ümumi, səsləşən və milli mənsubluq baxımından fərdi cəhətləri). Hərçənd "tipoloji" termini 70-ci illərdə ədəbiyyatşünaslıq leksikonuna ancaq daxil etməyə başlayırdı.

 

P.S. Yeri gəlmişkən, əsəri bir də oxumağı mənə tövsiyə edən dəyərli müəllimim, professor Ədibə Mir Cəlal qızını doğum günü münasibəti ilə təbrik edir, Cənab Allahdan dualarının qəbul edilməsini diləyirəm.

Keçmiş tələbəniz - Sara Fətəliyeva...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!