"Azərbaycan ürəyimdə bir şah damardır" - ANAR

ANAR

 

Sivasda dünyaya gəlmiş Türkiyənin tanınmış şairi, azəri kökənli Yavuz Bülent Bakilər bütün qəlbiylə Azərbaycana bağlı insandır. Yazıma başlıq qoyduğum misra onun Bəxtiyar Vahabzadəyə həsr etdiyi şeirdəndir:

 

Türkü türkdən başqa indi kim anlar,

Yaram dərin, məlhəmim yox, vaxtım dar.

Bir dastan yazar kimi yaz məni, Anar,

Duy məni, Bəxtiyar, duy məni, Şahmar!

 

Türkiyədə toplantıda Qarabağ müsibətindən bir epizodu xatırladım: Xocalı qırğınından sonra qarlı meşədə sürünən körpə balasının donmuş bədənindən tikanları bir-bir çıxarıb onu dəfn edən anasından danışdığım zaman Yavuz bəyin necə sarsıldığını, kövrəldiyini, gözlərinin dolduğunu heç vaxt unutmayacam.

Tanışlığımızın uzun bir tarixçəsi var. İstanbulda, Ankarada, Bakıda, hətta Amsterdamda görüşmüşük. Hər dəfə Azərbaycanın dərdlərinə, özəlliklə Qarabağ məsələsinə necə ürək yanğısıyla yanaşdığına şahidəm.

Yavuz Bülent Bakilərin (soy adının tərkibində bir "Bakı" qismi də var) televiziya proqramlarında dil haqqında silsilə verilişlərini maraqla izləyir və söylədiyi fikirlərin çoxuyla razılaşırdım. Bu barədə bir görüşümüzdə özünə də dedim və eyni zamanda Türkiyə mediasının dil siyasətinə aid bəzi iradlarımı da bildirdim. Bir müddət sonra Yavuz bəyin "Tərcüman" qəzetində (13 aprel 2004) dərc edilmiş yazısıyla tanış oldum. Yavuz bəy yazırdı:

"Bugünkü çağdaş Azərbaycan ədəbiyyatının ən dəyərli yazarlarından Anar mənə çox önəmli bir soru sordu: "Biz, - dedi, - dünənki Sovet rejimində bir sıra yanlışlıqlar yapmaq məcburiyyətində qaldıq. Çünki bağımsız ("bağımsız" sözünə diqqər edin! - A.) deyildik. Siz nədən dildə böyük yanlışlıqlar yapırsınız? Sizi kim zorlayır? Dildə zərurət və məcburiyyət olmadan kəlmələr dəyişdirirsiniz?

Məsələn, millət, hürriyyət, həyat, şərt, ehtiyac, şərəf, imkan, hekayə, ağıl, şəhər, ədəbiyyat, hakimiyyət, can kimi kəlmələrimiz həm Türkiyə türkcəsində, həm də Azərbaycan türkcəsində (! - A.) tamamən ortaq kəlmələrdir. İndi siz bu kəlmələrdən neçin vaz keçdiniz? Mən indi istəyirəm ki, Anarın sorusuna bütün "Tərcüman" oxucuları da, millətimiz də cavab verməyə çalışsın. Nədən minillik kəlmələrmizi tərk ediyoruz? Bu sorunu mən də sizə soruyuorum".

Yavuz bəy "Sözün doğrusu" kitabının Birinci cildini mənə "Mühtərəm Anar Rəsulzadə - kardeşime türkcə sevdasıyla" sözləriylə, ikinci cildini "əsərlərini zevklə oxuduğum Anar Resulzade kardeşime varlıq səbəbimiz olan Türkcə sevgisiylə, təşəkkürlə" ithafıyla 2004-cü ildə bağışlamışdı. Elə o vaxt hər iki cildi maraqla oxumuşdum. İndi bu yazını işlərkən, bu kitablara bir daha müraciət etdim. İstər dil haqqında cildlərində, istərsə də vətənimizə həsr etdiyi "Azərbaycan ürəyimdə bir şah damardır" kitabında tam razılaşdığım fikirlər əksəriyyət təşkil etsə də, Yavuz bəyin müəyyən qənaətləriylə mübahisəyə də ehtiyac duyuram.

Əvvəla, dil məsələsi. Yavuz bəyin Türkiyə türkcəsinə çox sayda əcnəbi sözlərin daxil olunmasına etirazını yüzə yüz anlayır və paylaşıram. Doğrudan da, "hesab" əvəzinə "arifmetika", "həndəsə" əvəzinə "geometriya" işlətməyə nə ehtiyac var? Dilə çoxdan daxil olmuş fars sözü "çardak" əvəzinə italyan sözu "perkola" işlənməsinə etirazında da haqlıdır. Yerli-yersiz "alan" sözünü işlənməsinin də əleyhinədi. "Piknik alanı", "Çoçuq oyun alanı"nı və s. qəbul etmir. Hətta artıq dilə girmiş "hava alanı" yerinə "hava meydanı" işlənməsini tərcih edir.

Yaxud "şair" sözünün əvəzinə "ozan" sözünün işlənməsini qəbul etmir. Doğrudan da, müasir aşıqların babaları - qopuz çalıb oxuyan ozanlara şair, əsrlər boyu yazılı şeirlərin müəllifləri kimi tanınan şairlərə ozan demək düz deyil.

Coşqun millət sevdalısı olan Y.B.Bakilər ifrat millətçi "günəş dil teorisi"ni, yəni bütün dillərin guya türk dilindən törəməsi nəzəriyyəsini də yanlış sayır və əlbəttə, tamamilə haqlıdır. Dilə daxil edilən və etiraz etdiyi sözlərin siyahısını gətirir:

Nəyə görə cəmiyyət yerinə sosyete, firqə yerinə parti, heyət yerinə deleqe, ictimai yerinə sosyal, iqtisadiyyət yerinə ekonomi, mədəniyyət yerinə kültür, sənaye yerinə industri, müdir yerinə direktor, həkim yerinə doktor, aşxana yerinə lokanta işlənməlidir?

Mən bu siyahıya indiki Azərbaycan dilinə pərçim olunmuş sözləri də əlavə edərdim. Niyə dükan yox, market, kainat yox, speys, ismarış əvəzinə mesaj və s. işlətməliyik?

Yavuz bəy bizim Cümhuriyyət əvəzinə Respublika, Cümhur Başqanı əvəzinə Prezident deməyimizi düzgün saymır. Şimali Kiprdə çıxışımda mən də bu barədə danışmışdım. Türkiyə türklərinə müraciətlə: "Biz Respublika, siz Cümhuriyyət deyirsiz. Amma biz mədəniyyət, siz kültür, biz siyasət siz politika, biz iqtisadiyyat siz ekonomi deyirsiz. Dillərimizi daha da yaxınlaşdırmaq istəyiriksə, gəlin, bir prinsipə əsaslanaq ("prinsip" sözünü də "qayda" sözüylə əvəz etmək olar), ya hamımız ərəb mənşəli, ya hamımız Avropa mənşəli sözləri işlədək.

Amma hər işdə olduğu kimi, bu məsələdə də ifrata varmaq olmaz. Yavuz bəy türk dilinə girmiş, demək olar ki, bütün yeni sözləri - "öz türkcə"ni qəbul etmir. Mənim  fikrimcə, tutalım, çağdaş, uçaq, örnək sözləri uğurludur. Elə bir qədər əvvəl Yavuz bəyin işlətdiyi və altını cızdığım "bağımsızlıq" sözü də fəna deyil. Hansı məntiqlə "maaləsəf", "binaaleyn" kimi adamın dilini dolaşdıran sözlər saxlanılır, amma hamının yaxşı bildiyi "məktəb", "müəllim" sözləri "okul", "öyrətmən" sözlərilə əvəz olunur. Ancaq ona görəmi ki, "okul" fransızca "ekol"a bənzəyir, "öyrətmən" ingiliscə "centlmen", "biznesmen" sözlərini xatırladır?

"Fövqəladə" - deyilişi ağır sözlərdəndir, amma "olağanüstü" asanmı tələffüz edilir? Bəlkə bu sözün ifadə etdiyi anlamı - mənanı "görünməmiş", ya "inanılmaz" şəklində işlədək?! İllərdir deyirik ki, bizim işlətdiyimiz "qatar" sözü "tren" sözündən daha türkcədir, deyirik ki, "açar" "anahtar"dan yaxşıdır, bəli, əvət deyirlər, amma yenə də "tren"dən və "anahtar"dan əl çəkmirlər. "Xoşuma getdi" deyirlər. Nərəyə getdi? "Xoşuma gəldi" daha məntiqli deyilmi? Şəhərə nədən "kənd" deyirlər və eyni zamanda "Böyük şəhər bələdiyyəsi" işlədirlər?

Yavuz bəy "həyat" əvəzinə "yaşam", "həqiqət" əvəzinə "gerçək", "həsrət" əvəzinə "özləm", "xüsusi" əvəzinə "özəl" işlənməsinin də əleyhinədir. Bu məsələdə Yavuz bəylə razılaşmıram. Demirəm ki, sabahdan "həyat" əvəzinə "yaşam" işlədək. Amma bu iki sözün hər ikisini, ümumiyyətlə, həm "gerçək", həm "həqiqət", həm "həsrət", həm "özləm" kəlmələrini işlətsək, bu dilin sinonim zənginliyini artırar. Qoy bu sözlərin hamısından istifadə olunsun, yaxud Türkiyə türkcəsiylə desək, "hepsi kullanılsın". Hansı daha çox yayılar, hansını çoxluq, çoğunluq qəbul edər, o da qalar. Yaxud ikisi də qalar.

Dillə bağlı problemləri - sorunları bitirməkçün bir məsələyə, - konuya da toxunum - deyinim. Azərbaycan və türkcə işlənən eyni mənalı - anlamlı sözləri qoşa gətirirəm ki, dillərimiz arasında bütün eyniliklərlə - oxşarlıqlarla bərabər, fərqlər - ayrılıqlar da aydın olsun.

Bu məsələni ona görə abartıram - qabardıram, şişirdirəm ki, bir çox türkiyəli qardaşlarımız kimi, Yavuz bəy də Azərbaycana böyük məhəbbətilə birlikdə dilimizi ləhcə sayır. Dəfələrlə Türkiyədə dediklərimi bir də təkrar etməliyəm: Bağımsız, müstəqil Azərbaycanın dövlət dili - ləhcə sayıla bilməz. Sovet dönəminin çətin illərində Azərbaycan xalqı, onun ziyalıları - aydınları, ilk növbədə, yazıçıları - yazarları dilimizin yaşaması uğrunda ona görə ölüm-dirim mübarizəsi aparmayıblar ki, müstəqillik dövründə onu ləhcə adlandırsınlar? Azərbaycan türkcəsi - heç bir dilin ləhcəsi deyil, müstəqil dildir, öz tarixi, özkeçmişi, öz ənənələri - gələnəkləri olan dildir. Oğuz qrupuna daxil olan Azərbaycan türkcəsinin və Türkiyə türkcəsinin qaynağı eynidir və ta XIX əsrə qədər bir-birindən çox az fərqlənmişlər. Ağız ədəbiyyatımız - şifahi ədəbiyyatımızda heç fərq yoxdur, yazılı ədəbiyyat - divan şeiri də ümumi ərəb və fars sözlərinə görə yaxındır. Amma bu gün mən Yunis Əmrəni sərbəst oxuyub anlayıramsa, onun kitabına yazılan Ön sözü mütaliə edəndə tez-tez lüğətə baxmalı oluram. Bu gün dillərimiz arasında heç bir fərq yoxdur, -  deyənlər, ya həqiqətə - gerçəyə göz yumanlardı, ya da bunu müəyyən məqsədlə edənlər. Bu gün Azərbaycan türkcəsi Yavuz bəyin düşündüyü təkin - Türkiyə türkcəsinin Sivas, ya Ərzurum kimi ləhcələrindən biri deyil. Öz xüsusiyyətləri - özəllikləri, öz söz tərkibi olan ədəbi dildir. Eləcə də qazax, qırğız, özbək, tatar, türkmən, uyğur dilləri ləhcə deyil, müstəqil dildirlər. Böyük Öndərimiz Heydər Əliyevin məşhur sözlərini unutmuram: "Bir millət - iki dövlət". Əlbəttə, elədir. Amma bir millətin də iki fərqli ləhcələri yox, ədəbi dilləri ola bilir. Hindistanda neçə fərqli dil var, amma hind xalqı vahid millətdir. Əfqan xalqı vahiddir, amma Əfqanıstanda puştu, xəzər, tacik, özbək dillərində danışırlar. O biri tərəfdən, Latın Amerikası ölkələri ispan dilində danışır, amma məgər meksikalılar və argentinalılar eyni millətdir? Yaxud eyni dildə danışan ispanlarla çililər eyni xalqdır? Amerikanlar, britaniyalılar, kanadalılar, avstraliyalılar ingilis dilində danışırlar, lakin eyni xalq deyillər. Eləcə də ingilis dilində danışan irlandlar və şotlandlar eyni millət deyil. Azərbaycan türklərilə Türkiyə türkləri iki dövləti olan eyni millətdir, amma bir-birinə çox yaxın olsa da, bir qədər fərqli dilləri var. Bu fərqlər hələ XX əsrin əvvəllərində Mirzə Cəlil Məmmədquluzadənin "Anamın kitabı", Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsərlərində parlaq şəkildə əks olunub. Qıpçaq qrupundan qazax və qırğız dilləri çox yaxındırlar. Eyni qrupdan tatar və başqırdların, hətta ümumi ədəbi klassikləri var. Amma bütün bu türk xalqları öz ana dillərini ləhcə yox, müstəqil dil sayırlar və düz edirlər. Bu məsələdə müstəqil Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin də eyni fikirdə olduğunu xatırlatmaq istəyirəm.

Yavuz bəy ustadı saydığı böyük şairimiz Bəxtiyar Vahabzadəni belə səciyyələndirir: "Bizim Məhməd Akifimiz, Yəhya Kamalımız, Nəcib Fazilimiz nə isə Azərbaycanın Bəxtiyar Vahabzadəsi də odur".

Müstəqil Azərbaycan dili (ləhcəsi yox, məhz dili) məsələsində Bəxtiyar Vahabzadənin  fikrini elə Yavuz bəy də kitabında gətirir:

"Pəki (yaxşı) şimdi (indi) nə yapmalı? (nə etməli?) Türk xalqının əsrlər boyu bir-birindən ayrı düşməsi dildə də böyük fərqlər meydana gətirdi. Bu üzdən əski Sovet Birliyində türk xalqları kəndi (öz) ana dilləriylə bir-birlərini yetəri qədər anlamıyorlar. Ortaq bir dil olaraq rusca konuşmağa (danışmağa) başladılar. Bu isə bizim üçün böyük bir faciə idi. Mən bunu türk olaraq kəndimə böyük bir həqarət sayıram. Və çıxış yolu olaraq bütün türk xalqları üçün iletişim (rabitə, ünsiyyət) dili olaraq Türkiyə türkcəsinin əsas alınmasını istiyorum".

Göründüyü kimi, Bəxtiyar müəllim çağdaş türk xalqlarının dillərinin fərqli olmasını, bir-birini anlamayacaq dərəcədə fərqliliyini və buna görə ortaq dil kimi rus dilindən istifadə olunmasını təəssüflə qeyd edir. Əlbəttə, bayaq dəmin yazdığım kimi, qıpçaq dil qrupuna daxil olanlar bir-birini anlamaqda çətinlik çəkmir, eyni cür oğuz qrupunda, özəlliklə Azərbaycan və Türkiyə türkcəsi bir-birini asan (kolay) anlayacaq dərəcədə yaxındırlar. Yaxındırlar, lakin fərqlidirlər. Əgər, bəzilərinin saydıqları kimi heç bir fərq yoxdursa, onda mən, Anar (eləcə də Bəxtiyar müəllim və öz dilimizdə yazan bütün azəri yazıçılar) əyalət ləhcəsində yazan müəlliflər sayılmalıdırlar. Bu barədə Bakilərlə fikir mübadiləsi edərkən Yavuz bəy: "Elə düşünməyin ki, biz Türkiyə türkləri sizə qarşı bir abi (ağabəy, böyük qardaş) kimi davranmaq iddiasındayıq, - dedi. - Əlbəttə, - dedim, - biz belə düşünmürük, biz eyni millətik, amma dil fərqlərimizi abartmadan-qabartmadan büsbütün danmaq da olmaz.

O ki qaldı ortaq dilə, Bəxtiyar müəllim kimi mən də türk xalqları arasında iletişim (ünsiyyət, rabitə, əlaqə) dilinin Türkiyə türkcəsi olması  fikrindəyəm və bu barədə çıxışlarımda dəfələrlə demişəm.

Yavuz Bülent Bakilərin Azərbaycana sevgisi qibtə ediləcək qədər böyükdür. Sevincimiz sevinci, dərdimiz dərdidir.

44 günlük zəfər savaşımızda, torpaqlarımızın otuz illik işğaldan sonra azad edilməsində Türkiyə türklərinin, o cümlədən, əksər Türkiyə aydınlarının qəlbləri bizim qəlblərimizlə bir döyünürdü və tarixi qələbəmizlə birlikdə öyünürük.

Onu da məmnunluqla vurğulamaq istəyirəm ki, ortaq müqəddəs abidəmizi - "Kitabi Dədəm Qorqud"u Yavuz bəy də milli dəyərimiz sayır. "Dədə Qorqudu yenidən oxumaq" adlı yazısında qeyd edir:

"Azərbaycan türkləri Dədə Qorqudu kəndi dillərinin, yəni Oğuz türkcəsinin ən ölümsüz şairi - ozanı olaraq alqışlayırlar. Dədə Qorqud dastanlarından yola çıxaraq mükəmməl bir film yapmağı da ilk dəfə Azərbaycan türkləri gerçəkləşdirdilər.

Qardaş Azərbaycan Cümhuriyyəti, Kültür bakanlığı, Elmlər Akademisi, Azərbaycan Yazıçılar Birliyi Dədə Qorqud dastanlarının yazılışının 1300 il dönümü dolayısıyla Bakıda böyük bir proqram düzənlədi. Xariqə!"

Amma bunu da gizlətmək istəmirəm ki, Y.B.Bakilərin Azərbaycana böyük və səmimi məhəbbətlə qələmə alınmış kitabında bəzi mübahisəli məqamlar da var. Bunun səbəbi Yavuz bəylə Bakıda ünsiyyətdə olan adamlardan bəzilərinin onu birtərəfli məlumatlandırmalarıdır. Belə yarımçıq bilgilərin nətcəsində Yavuz bəyin bəzi şəxsiyyətlərə, elə tutalım, Nərimanova münasibəti tamamilə mənfidir, onu, hətta xain və Azərbaycanın 1920-ci ildə sovetlər tərəfindən işğal olunmasının baiskarı sayır. Guya Nərimanov olmasaydı, XI Qızıl ordu Türkiyənin qurtuluş savaşına yardım bəhanəsilə Azərbaycana soxulmayacaqdı və müstəqil hökumətimizi devirməyəcəkdi. Bolşeviklər Azərbaycanı zəbt edəndən sonra Stalinin  fikri ölkəni iki əyalətə bölmək və Bakı şəhərini birbaşa Moskvaya tabe etmək idi. Beləliklə, Azərbaycan, hətta coğrafi vahid kimi xəritədən silinə bilərdi. Məhz Nərimanov Lenini inandırdığına görə, Azərbaycan formal olsa da, Bakını paytaxt kimi saxlamaqla müttəfiq respublika statusunu qoruyub saxlaya bildi.

Qarabağ məsələsində də Nərimanov bu qədim torpağımızın ermənilərə verilməsi haqda fikrə qarşı çıxdı və əyalətin Azərbaycanın tərkibində qalmasına nail oldu. Nərimanovun çətin sovet rejimində milli dəyərlərimizi, dilimizi qorumaq yolunda səyləri bolşeviklərin, o cümlədən, bəzi gənc Azərbaycan kommunistlərinin onu millətçi kimi damğalanmasına və sovet təbliğatında "nərimanovşina" ("nərimançılıq") kimi millətçilik təmayülünə görə siyasi ittihama səbəb oldu. Nərimanovu Azərbaycandan ayırmaqçün ona Moskvada vəzifə verdilər - və onu az-çox müdafiə edən Leninin ölümündən sonra Nərimanov da müəmmalı şəkildə vəfat etdi. Adının çəkilməsi bütün Sovet İttifaqında, ilk növbədə, Azərbaycanda qadağan olundu.

Bu barədə Yavuz bəylə söhbətimizdən və ona bu məlumatlardan bəzilərini çatdırdıqdan sonra Nərimanova münasibəti məncə, müəyyən dərəcədə dəyişdi, hətta "bizim bəzi məsələlər barədə məlumatımız azmış" - dedi. Bütün bunlar Yavuz bəyin bilmədiyi faktlar idi və Nərimanova Türkiyədə (və Azərbaycanda! - A.) birtərəfli yanaşmadan qaynaqlanırdı. Amma axı Yavuz bəy özünün bildiyi faktların əsasında da Nərimanova qarşı belə münasibət bəsləməməliydi, onun Bakıdakı heykəlinin uçurulmasını, ev-muzeyinin qapanmasını istəməməliydi. Azərbaycana aid bəhs etdiyim kitabında Nərimanovun Azərbaycan hökumətinin başçısı olduğu zaman Türkiyə, Mustafa Kamal paşanın Qurtuluş savaşına yardım üçün beş yüz kilo ölçüsündə qızıl göndərildiyini qeyd edir. Bu yardımı borc sayanlara Nərimanov "qardaş qardaşa borc verməz, bu təmənnasız və qaytarılmayacaq yardımdır" - deyib.

Yavuz bəylə dartışdığımız - mübahisə etdiyimiz ən əsas, önəmli məsələ isə Nazim Hikmətlə bağlıdır. Nə yazıq ki, Yavuz bəy Türkiyədəki tüm (bütün) Nazim əleyhdarları kimi, şairi eyni faktlara  - SSRİ-yə qaçmasına, Stalini öyməsinə, rus qadınıyla evlənməsinə görə suçlayır. Nazimin günahsız olaraq on beş il Türkiyə məhbəslərində ömrünün ən gözəl gənclik çağını çürütməsi heç nəzərə alınmır. İkinci Dünya hərbində Hitleri əzən qüvvələrin başında Stalinin rolunu qiymətləndirməsi - Nazimin suçumudur? Moskva hava alanında - hava meydanında Stalin haqqında dediyi sözlər təhrif olunmuş şəkildə çatdırılır və qınanılırsa, elə bircə ay sonra, Stalinin sağlığında Moskvada yaşaya-yaşaya açıq şəkildə SSRİ-də ifrat dərəcədə Stalinə pərəstişi qınamasını yada salmırlar. Sovet İttifaqında yaşaya-yaşaya bu quruluşun eybəcərliyini göstərən əsər yazması, tənqidi fikirlərini açıq söyləməsi, nəticədə mənəvi təzyiqlərə, açıq təqiblərə məruz qalması, hətta ölümlə təhdid edilməsi nəzərə alınmır.

Fəqət, Yavuz Bülent Bakilər bir fikir adamı, ideoloq olmaqla yanaşı şairdir, özü də gözəl şairdir. Və məhz şair olduğu üçün Nazimə olmazın küfrlər yağdırdıqdan sonra belə bir səmimi etiraf edir: "Bir televizion proqramında açıqca söylədim ki, Nazim Hikmətin türkcəsi mənə görə çox gözəl türkçədir".

Başqa bir yerdə Nazimi çox kötü - pis baba (ata) adlandıran Yavuz bəy ardınca bu sözləri deyir:

"Oğlu Mehmet üçün yazdığı şeirləri bir ürək ağrısıyla oxuduğumu söyləyə bilərəm".

Məncə, həssas ruhlu şair Yavuz Bülent bax, bu sözlərdədir. Başqa bir şairin dərdini, nisgilini, həsrətini duya bilən insan. Şairin şairi duyması bütün ideoloji ehkamlardan, siyasi əqidələrdən fərqlidir.

Bakıda vaxtilə Nazim Hikməti sürəkli alqışlayan bəzi ziyalılarımız Yavuz bəyə xoş gəlməkçün Nazimi yamanlamağa tələsəndə çox mətləblər haqqında düşünməli olursan. Bu sayaq ziyalılarımız haçan daha səmimidirlər: canlı Nazimi görəndə sevincdən yerə-göyə sığmayanda, ya Nazimin əleyhinə deyilənlərə züy tutanda?

Bakilərin sırf şair davranışını estetik baxışları, dünyagörüşü ondan çox uzaq olan Orxan Vəliyə sayğılı və sıcaq yanaşmasında da görürəm.

Azərbaycanda çox dəfə olmuş, özəlliklə Xalq Cəbhəsinin hakimiyyəti dövründə gəlmiş Bakilərlə Türkiyədə son görüşümüzdən belə nəticə çıxardım ki, ölkəmizin indiki durumu haqqında tam təsəvvürü yoxdur. Mənə Əbülfəz Elçibəyə həsr olunmuş kitabını verərkən: - "bu kitabı Azərbaycana aparmağınız sizə təhlükə törətməzmi? - deyə ehtiyatla soruşurdu. Güldüm.

- Azərbaycanda Elçibəy haqqında çıxan heç bir kitab nəinki yasaq deyil, - dedim, - onun haqqında öz müəlliflərimizin də kitabları çıxır. Əbülfəz bəy Fəxri Xiyabanda dəfn olunub. Kitabınızı Bakıya rahatca aparacam, oxuyacam,  fikrimi də bildirəcəm.

Doğrudan da, Bakıda bu kitabla tanış oldum. Əbülfəz Elçibəy haqqında 2009-cu ildə yazdığım və "Əsrin əsiri" kitabımda dərc olunmuş məqaləmdə qeyd edirdim ki, Yavuz Bülent Bakilərin "Elçibəy" kitabında Türkiyə jurnalistlərinin, siyasi xadimlərinin Əbülfəz bəy haqqında yazıları, onunla görüşləri, söhbətləri barədə xatirələri daxil edilmişdir. "Kitabın sonunda Yavuz Bülent Elçibəyin vəsiyyətini verir".

Yavuz bəyin Azərbaycan haqqında kitabında oxuduğum bir məlumat da mənimçün tam bir yenilik oldu. Ənvər Qazıyev haqqında yazdıqlarını nəzərdə tuturam. Ənvər Qazıyevin adı mənə tanışdı. Otuzuncu illərdə atam haqqında yazdığı mətni qəzetdə oxumuşdum. Atamla və dirijor Niyaziylə birgə şəkilləri durur. Bildiyimə görə, müharibə vaxtı bu adam almanlara əsir düşüb. Onun haqqında heç bir başqa məlumatım yox idi. Bakilərin kitabında Ənvər Qazıyev barəsində oxuduqlarım məni sarsıtdı. Demə, Ənvər Qazıyevi də almanlara əsir düşmüş başqa azərbaycanlılar kimi, əsasən Türkiyəyə, bir qismini isə İsveçrəyə gətiriblər. Stalinin təhdidinə baxmayaraq İsveçrə hökuməti onların SSRİ-yə verilməsinə razı olmayıb. Bakilər yazır: "Bizdə Cümhur Başqanı qoltuğunda İsmət İnönü otururdu, İnönü Stalinin təhdidlərindən qorxmağa başladı. İsveçrə dövləti Stalinin zorlamalarına rəğmən üç yüz türk və min rus əsirini Rusiyaya təslim etmədi, amma qosqoca Türkiyə Cümhuriyyəti Stalin Rusiyasının təhdidlərinə baş əydi və bir sabah 1300 kişilik (nəfərlik) Azərbaycan türkü bulunduqları kamplardan (düşərgələrdən) ayıraraq doğu sınırına sevk edildi. Bu yolculuğa çıxanlar ölümə götürüldüklərini çox iyi bilirdilər".

Sonra kitabda sovetlərə verilərək ölümə məhkum edilmişlərdən birinin Ənvər Qazıyevin Mehmed (Məmməd) adlı dostuna yazdığı məktub verilib:

"Qardaşım Məmməd!

Sarıqamışdan Karsa gələnə qədər nələr çəkdik, Allah bilir. İntihara da bir türlü müvəffəq olamadık. Şimdi Karsdan hüduda doğru gedirik. Bu yolçuluq həyatımızın sonudur. Əlvida qardaşım, gözlərindən öpürəm".

Labüd, qaçılmaz ölümə gedən insanın bu məktubunu həyəcansız oxumaq mümkün deyil. Doğrudan da, Sovet hökumətinə təhvil verilən əsirləri elə sərhəddəcə - Boraltan körpüsündə - qurşuna düzmüşlər - güllələmişlər. Bu olay (hadisə) tarixə Boraltan müsibəti kimi düşüb. İstedadlı gənc yazıçımız Pərvinin "Aşar, keçər Arazı" adlı pyesi bu faciəyə həsr olunub.

Əsərin adı xalq türküsündən gəlir.

Boraltan bir körpüdür,

Aşar, keçər Arazı.

Bu dəhşətli hadisədən bəhs edən Yavuz bəy daha sonra yazır:

"Əcəba, Atatürk sağ olsaydı, 1500 soydaşımızı ruslara təslim edərdimi? "Edərdi" deyənlər Atatürkü heç, amma heç tanımayanlardır".

Türkiyəyə son səfərlərimdən birində Yavuz Bülent Bakilərin Türkiyənin millətçi kəsimindən olan arkadaşlarıyla arasının soyuduğunu eşitdim. Səbəb Yavuz bəyin Atatürkün özəlliklə din və dil siyasətinə qarşı olmasıdır. Xatırlayıram ki, Yavuz bəylə söhbətlərimizdə Osmanlı dövləti və İkinci Əbdülhəmid haqqında böyük rəğbətlə danışırdı. Düşünürəm ki, sultan Əbdülhəmid də, Atatürk də, Nərimanov da, Nazim Hikmət də, Elçibəy də indi, necə deyərlər, haqq dünyasındadırlar. Bizim dünyada bir-birini eşitmək istəməyən insanlar, bəlkə də başqa bir dünyada - əgər belə bir dünya doğrudan da, varsa - bir-biriylə anlaşacaqlar.

 

Sentyabr 2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!