Sevinc Elsevərlə tanışlığımız uzun illərə dayanır. Bir gün baxdıq ki, artıq dostlaşmışıq, bir də baxdıq, hətta doğmalaşmışıq. Lakin zamanla anladım: bəzən əzizimizi belə tanımaq üçün doğmalaşmaq da kifayət deyilmiş. Əvvəllər elə bilirdim ki, Sevinc nəsr və uşaq ədəbiyyatı yazıçısıdır. Sonralar öyrəndim, sən demə, o, həm də reallığın romantikasını ən mükəmməl şəkildə ifadə edən şairədir.
Sevincin poetik dünyasını ilk dəfə "Çörək rəngli əllər" adlı şeirlər kitabı ilə tanımışam. Bu dəfə isə "Evlərimizin qəlbi" ilə onu yenidən kəşf etdim. Sevinc gündəlik həyatın adi anlarını poetik baxışla dəyərləndirir. Reallığın romantikasını poetik dillə ifadə edən Sevinc, kitabın ilk bölməsinə "Telefonun qeyd yerinə yazılan şeirlər" adını verib. Çünki o, bu şeirləri metroda, bank növbəsində, mətbəxdə və s. yazıb. Yaşadığı, gördüyü hər anı müşahidə edib və o anları şeirə çevirib.
Ən maraqlısı isə odur ki, oxucu kimi bu şeirlərdə yazıçının düşündüklərinin bir çoxunu zaman-zaman mən də düşünmüşəm. Hər evin, hər boşqabın, hər paltarın ruhunun olduğuna inanan bir oxucu üçün bu şeirlər çox maraqlıdır. Sevincin yazdıqları bütün canlı və cansız nəsnələrə poetik forma verir. Ola bilər ki, onun gördüyünü başqaları da görə bilər, amma hər kəs onun kimi hiss edə bilməz. Əgər hamımız onun kimi hiss edə bilsəydik, biz də susduqlarımızı şeirə çevirə bilərdik.
"Evlərimizin qəlbi" kitabından sonra isə öyrəndim ki, sən demə, Sevinc də Tanrını məsum bir uşaq kimi görür. Sevinc də mebellərimizin üzərinə qonan toz dənəciklərinə zamanın izi kimi baxır, Sevinc də qadınları Tanrının qələmindən çıxan boyama rəsmlərinə bənzədir. Və bu incəlik, bu duyarlılıq oxucunu onunla birgə düşünməyə, birgə hiss etməyə vadar edir. Bəlkə də bir yazıçının oxucusu ilə eyni hissləri paylaşması onun ən böyük uğurudur.
"Oxucu-yazıçı söhbətləşməsi" layihəm çərçivəsində budəfəki müsahibim, insanlara mininci dəfə inanmaq istəyən bir şairə - Sevinc Elsevərdir. Ədəbi söhbətimizi sizinlə paylaşmaqdan məmnunluq duyuram.
- Sevinc, oxucuların sənin şeirlərini metroda, bank növbələrində oxuması sənə nə hiss etdirər? Çünki, mən də sənin şeirlərini elə metro qatarlarında, hər hansı növbələrdə oxumuşam.
- Çağdaş oxucu "Qaç, Lola, qaç!" adlı məşhur fransız filminin qəhrəmanı kimi qaçhaqaçdadır. O, dayanmadan çörək, təhsil, karyera, avtobus, qatar dalınca qaçır. Həyatımızı bütünlüklə zəbt edən elektronik cihazlar, sosial şəbəkələr ənənəvi mütaliəyə vaxt ayırmağa imkan vermir. Müasir insan hər an yeni informasiya alır, özü də informasiya verir. Ona görə oxucumdan nəinki incimirəm, hətta təqdir edirəm ki, harada imkan tapır, orada oxuyur. Bizim əsrimizdə kitab oxumağa vaxt ayırmaq, oxumaq böyük qəhrəmanlıqdır.
Özü də yalan söhbətdir ki, təkcə bizimkilərin kitaba marağı yoxdur. Bu yaxınlarda Mədəniyyət Nazirliyinin xətti ilə Tbilisi Beynəlxalq Kitab sərgisində iştirak etdim. Fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə buna görə təşəkkür edirəm. Son zamanlar Mədəniyyət Nazirliyi belə gözəl təşəbbüslər göstərir, yazarlarımızı xarici ölkələrdə keçirilən kitab sərgilərinə, festivallara aparır, onların yeni-yeni şəhərləri, ölkələri görüb tanımasına, əlaqələr qurmasına vəsilə olur. Gürcüstan səfəri mənim də yaddaşımda, ruhumda dərin iz buraxacaq. Orada "Azərbaycan Kitab mədəniyyəti" mövzusunda paneldə çıxışçılardan da biri idim. İnsan təbiəti belədir də, daim özünü müqayisə edirsən, orada qonşularımızı özümüzlə müqayisə etmək imkanımız oldu və mən gördüm ki, orada da kitab alıcısı azdır. Bu, bütün millətlərin ümumi problemidir. XXI əsrin, yeni texnologiyaların yaratdığı vəziyyətdir.
Oxucular "Evlərimizin qəlbi"ni harada istəyirlərsə, orada oxuya bilərlər. Səhər süfrəsində, dovğa bulayanda da kitab oxumuşam. Bir dəfə kitab əlimdən dovğa qazanına düşdü. Çıxardıb, hətta yumuşdum, sonra kitab quruyandan sonra şişdi, çox gombul oldu. O kitabı hər görəndə gülürəm. Yaxşı oxunan kitab o kitabdır ki, təptəzə qalmır, başına cürbəcür iş gəlir.
"Evlərimizin qəlbi" ən sevdiyim kitablarımdandır. Hərçənd, biz onu yaxşı yaya bilmədik. Baxmayaraq, içindəki şeirlər yaxşı yayılıb, hamısı xeyli oxunub. İnternet xüsusən, şeir və hekayə kitablarının satışına mane olur. İndi romanlar yaxşı satılır. Oxucu şeirləri, hekayələri ədəbiyyat saytlarından oxumağa üstünlük verir. Sonra kitab alıb oxumağa hacət görmür. Amma şeir kitabı oxumağın da öz üstünlüyü var. "Evlərimizin qəlbi"ndə toplanan şeirləri beş il ərzində yazmışam. Məndə öz-özünə alınan qaydadır: beş ildən bir şeir kitabı çap etdirirəm. O kitabda yer alan şeirlərdə ölkəmin, insanımızın da son beş ildəki əhval-ruhiyyəsi əksini tapır. Sanki son beş ilimizi əks etdirən tammetrajlı, sənədli-bədii filmdir. Adətən, kitab çap olunanda şeirlərin yazılma ardıcıllığına da əməl etməyə çalışıram. Dəyərli tənqidçi, ədəbiyyatşünas alim Elnarə Akimova da yaxşı bir Ön söz yazıb kitaba. O Ön sözün özü şeirlər qədər oxunmağa dəyər! Nəhayətdə düşünürəm ki, bir var, şairin son beş ildə yazdığı şeirlərini orada-burada oxuyasan, bir var, cəm halda. Onda nəinki şairin son dövr yaradıcılığı gözünün önündə sərgilənəcək, orada özünü, öz həyatını da görəcəksən. Kitab çapa hazırlanan vaxtlarda Elnarə Akimova demişdi ki, Sevinc, şeirlərində bütöv bir romanın yükünü gördüm, bir romandan ala biləcəyim təəssüratı aldım. Həmin təəssüratı ancaq şeir kitabından ala bilərsən. Müxtəlif saytlarda, qəzet və jurnallarda hərdən-birdən şeir oxuyanda yox. O mənada şeir kitablarının çap olunması çox vacibdir. Oxunması da həmçinin.
- "Yazı xəttimiz ilk müəllimimizin yadigarıdır" deyə, qeyd edirsən. Səncə, yazının formasında da xatirə yaşaya bilərmi?
- Xatırlatdığın şeir faciəli bir hadisəyə həsr olunub. Elina adlı məktəbli özünü oxuduğu məktəbin pəncərəsindən ataraq intihar eləmişdi. Yaşıdları tərəfindən daim qısnamaya məruz qalan qızcığaz o məşum hadisədən sonra da böyüklərin, müəllimlərinin laqeydliyi nəticəsində həyatını itirmişdi. O şeiri hadisə baş verən gün qələmə almışdım. İlk müəllimimiz hamımızın yaddaşında möhkəm yer tutur. Onun bizə münasibətini, bizim ona münasibətimizi heç vaxt unutmuruq. Yazı elə bir şeydir ki, onu kimdən öyrəniriksə, o adamı yaddan çıxartmırıq. Necə ki döşündən süd içdiyimiz anamızı unutmuruq. İlk dəfə əlimizdən tutub bizə yazmağı öyrədən adam da unudulmazdır. Bu, hər hansı biri də ola bilər: atamız, anamız, nənəmiz, babamız, qardaşımız, bacımız, qonşu uşağı; fərqi yoxdur. Məsələn, özümdən kiçik qardaşıma yazıb-oxumağı, hesablamağı mən öyrətmişəm. Bizi öyrədən adamın bizə göstərdiyi sevgi, səbir, qayğıdan asılıdır xəttimiz, bəli. Düzgün, gözəl xətt həm də bir adamın nə qədər qayğısız, sevgi dolu mühitdə formalaşmağına işarədir. O şeirdə də Elinaya bu sualla müraciət olunur:
Xəttimiz ilk müəllimimizin bizə yadigarıdır,
Onun bizə sevgisini,
Sevgisizliyini anladır.
Sənin xəttin necə idi, Elina?
"ilan-qurbağa"ydı, ya sədəf kimi?
İlk müəllimin əlindən tutub
Necə tale yazdırdı sənə?
- Səməd əmini (Səməd Behrəngi) sevməyin uşaq ədəbiyyatı yazmağına nə qədər təsiri olub?
- Səməd Behrəngini ta uşaqlıqdan, "Ədəbiyyat" dərsliyimizdəki "Balaca qara balıq" əsəri ilə tanımışam, sevmişəm. Unudulmaz iz buraxıb əsər məndə. Uşaqlar mətnlərin macəralı tərəfini sevir, yadda saxlayırlar adətən. Mən isə nağıllardakı, uşaq romanlarındakı kədəri də hiss edirdim və aldığım o kədərli təəssürat həmişə mənimlə qalırdı. Məsələn, Cəlil Məmmədquluzadənin "Buz" hekayəsini oxuyandan sonra günlərlə özümə gəlməmişdim. Təbii ki, oxuduqlarımızın yazdıqlarımızda böyük təsiri var. Mən deyərdim ki, "Balaca qara balıq" əsərindən aldığım təsir daha çox şeirlərimdə öz əksini tapıb. Uşaq mətnlərimdən "Nuhun gəmisində kosmosa səyahət" adlı romanımda "Balaca qara balıq" əsərinə göndərmələr var.
- "Küləyə qarşı ən çox ağaclar döyüşür" misrasında metafora maraqlıdır. Təbii qüvvələr və müqavimət sənin şeirlərində necə bir yerdə dayanır?
- O şeir real bir hadisədən sonra yazılmışdı. Gəncədə mərkəzi küçələrdən birində yaşayırdım. Gecədən dəhşətli külək başladı, hər yeri uçurub-dağıdacaqdı sanki. O qədər güclü idi! Səhər həyətin qapısını açıb küçəyə çıxanda qapımızın yanındakı cavan ağacın yıxıldığını gördüm. Külək mülayimləşmişdi artıq. Aram-aram əsirdi, amma tam çıxıb getməmişdi. Mənə elə gəldi ki, məhz bu ağac yıxılandan sonra külək sakitləşib, peşmancasına bilmir neyləsin. Onda ağaca da, küləyə də ürəyim yandı, qəribədir. Elə bu qəribə duyğularla o şeir yarandı. Təbiəti çox sevirəm. Onun şıltaqlığını da, qışını da, yayını da sevirəm. Həyat elə budur. Çəkişib-bərkişməkdir təbiətlə, həyatla, özünlə.
- Sən durduğun yerdən baxanda təkcə gənclik gözəl görünür?
- Bəzən mən şeirlərimi unuduram. Oxucular hansısa şeiri axtarıb tapa bilməyəndə, soruşanda az qala xatırlaya bilmirəm. Şeir kitablarının satılmadığı zamanlarda kitab çıxartmaq həvəsimin də səbəbi elə budur. Onları unudub orada-burada itirməyim deyə, bir kitabda toplayıram. Kitabda onları tapmaq asandır, daim əlinin altındadırlar.
Amma bu şeiri dərhal xatırladım. Şeirdə təsvir etdiyim situasiyada ağlıma gəlmişdi. Dərhal da telefonumun qeyd yerinə yazmışdım. Əvvəllər yazarlar əllərində iri bloknotlar gəzdirirdilər. Belə bloknotu Həmid Herisçidə görmüşdüm. Kimsə maraqlı replika atsa, yaxud hansısa bir situasiya yaşansa, özünün ağlına fikir gəlsə, gözümüzün qabağında o dəftəri açıb qeyd edirdi. Bilmirəm, indi elə bir dəftəri varmı yenə? Həmid ağanı şəhərdə bir neçə dəfə görmüşəm, amma əlində dəftər görməmişəm son zamanlar. Yəqin o da telefonunun qeyd yerində yazır.
- "Fotoların da ömrü sevgilərin ömrü qədərdir" deyirsən. Səncə, xatirələr də fotolar kimi tez solur?
- Solur. Zaman ötdükcə xatirələrin rəngi dəyişir, təhrif olunur. Hətta o hala düşür ki, sən xatirəni artıq yaşandığı kimi yox, yadında qaldığı kimi, hətta arzuladığın şəkildə xatırlayırsan. Məsələn, uşaqlıq xatirələrimizin çoxundakı kimi. Parlaq bir uşaqlıq xatirəni hər dəfə fərqli danışırsan. Kənardan da sənə deyirlər ki, əslində o əhvalat belə olmamışdı. Və yaxud ümumiyyətlə olmamışdı.
- Hələ də həyatı körpə uşaq heyrətiylə öyrənirsən?
- Xoşbəxtlikdən hələ də körpə uşaq kimi heyrətləndiyim olur. Nə qədər ki belədir, həyat maraqlıdır. Vay o gündən ki, səni heç nə heyrətləndirmir. Bu, çox pisdir.
- Əgər seçməli olsaydın: təbiət, insanlar, yoxsa uşaqları seçərdin? Sənin üçün hansının "qəlbi" daha müqəddəsdir?
- Təbiət anamızdır. Üzü güləndə, mülayim olanda biz də xoşbəxt oluruq. Acıqlansa, qaşqabaq töksə, həyatımız zəhərə dönür. Onu qorumalıyıq, daim sevgi göstərməliyik ki, bizi nəvazişlə qucaqlasın. Xoşbəxt olaq onun qoynunda. İnsanlara gəlincə, ömrünün sonuna kimi qəlbini təmiz tuta bilən insanlar var. Yaşlı adam görürsən, üzü nuranidir, dili dualıdır. İstəmirsən yanından ayrılasan. Elə yaşlı adamlar da var ki, bir dəqiqə ünsiyyət qura bilmirsən. Acıqlı və kinlidir, qəddardır. Kimisə qınamaq da olmur. Hərə bir yerə qədər dözümlüdür. Acıqlı, kinli olanlar dözümsüzlərdir. Amma biz onlara da səbirli və şəfqətli davranmalıyıq. Ola bilər, həyat onlara ədalətli olmayıb. Uşaqların içində qəddarlıq var. Bəzən uşaqlarda olan qəddarlıq heç böyüklərdə olmur. Uşaq ədəbiyyatının ən böyük funksiyası da elə bu qəddarlığı yox eləmək, mərhəmət hissini yaratmaq və böyütmək, onlarda ədalət duyğusunu formalaşdırmaqdır. Amma böyüklərlə uşaqların qəddarlığı arasında fərq var: uşaqların qəddarlığı kortəbii, instinktivdir, seçim deyil. Böyüklərdə bu həm də seçimdir. Məşhur bir şeirdə deyildiyi kimi: "uşaqlar qurbağaları əyləncə üçün öldürürlər, qurbağalar isə həqiqətən ölür!". İyirmi yaşımda yazdığım şeirlərimdən biri belə başlayırdı: "anamın cücələrini boğub günahı özümdən kiçik qardaşımın üstünə yıxanda iki yaşımdaydım..."
- Doğrudanmı, evlərimizin qəlbi soyuduculardır?
- Təəssüf ki, çox evlərdə, bəli. Buz kimi soyuducular dolu olanda mehribanlıq, səadət də bərqərar olur. Soyuducular boşalanda, əksinə. Arzum budur, bütün "evlərin qəlbi" ağzına kimi dolu olsun! Hamı mehriban yaşasın! Ailələr dağılmasın! Uşaqlar xoşbəxt olsunlar! Bol-bol dondurma da yesinlər!
Bu həssas söhbətləşməm Sevişin (ona "Seviş" deyə xitab edirəm) poetik dünyasına bir addım da yaxınlaşmaq imkanı verdi. Onun səmimi düşüncələri, duyğulara toxunan sözləri bir daha sübut etdi ki, ədəbiyyat yalnız oxunmur, ədəbiyyat həm də yaşanır.
Söhbətləşdi: İlahə Ümidli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!