- Yazıçı-publisist, tarixi romanların və çoxsaylı hekayələrin müəllifi, Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə...
- Bəzən nədənsə danışırsan, dediklərin qalır bir yanda, soruşurlar ki, hardansan? Sanki bunun burda danışılanlara hansısa bir aidiyyəti var. Hər dəfə yada düşdükcə təəccüblənirsən... İndi xatırlayıram: 17-18 yaşım olardı. Keçib düz baş redaktorların yanına gedirdim. Beləcə, ilk dəfə çəkinmədən Seyfəddin Dağlının kabinetinə daxil olduğum yadımdadır. İçəri girib dedim: - Gəlmək olar? Baxdı ki, arıq, çəlimsiz bir oğlanam. Dedi: - Nə istəyirsən, bala? Dedim: - Hekayə gətirmişəm. Nurani bir insan idi, ağ saçları vardı. Yanımdaca oxudu. "Gələn nömrədə verəcəm, " - dedi. Amma heç soruşmadı ki, neçə yaşım var, hardanam, harda yaşayıram? Bircə onu soruşdu ki, nə ilə məşğulam. "Tələbəyəm", - dedim. Vəssalam. "Adət" hekayəm beləcə dərc olundu. "Heç nə itmir" hekayəm isə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olundu. İllər keçib, amma hələ də o qənaətdəyəm ki, doğrudan da, heç nə itmir...
Tələbəykən Yavər Əsədzadə ilə dərnəyə gedirdik. Yavər Əsədzadə də karikaturaçı idi. Əlimdə bükülmüş bir kağız vardı. Bildi ki, hekayədir, alıb oxudu, "Gedək, bunu verək "Ədəbiyyat"a", - dedi. Apardı məni Sirus Təbrizlinin yanına. Doğrusu, Sirus ilk baxışdan kobud, özündənrazı insan təsiri bağışlayırdı. Qayıtdı ki, yenə təzə bir "Nobel" mükafatçısını gətirmisən? Doğrusu, bu söz heç xoşuma gəlmədi. Yavər təkidlə dedi ki, "Sirus müəlliim, siz bir oxuyun". O da alıb kənardakı yazılar toplanan yeşiyə atdı. 3-4 gün keçəndən sonra dözmədim, dedim gedib mən də bir acı söz deyim...
Görən kimi dedi: "Nə lazımdır?" Dedim: "Mənəm, Qəni Camal". Qalxıb ayağa dedi: "Səni təbrik edirəm, çox gözəl hekayədir. Oxumamısan?" Dedim, "nəyi?" Dedi" "Qəzetdə çıxıb hekayən. Sən böyük yazıçısan". Gəzdirdi məni bütün redaksiyada, hamıyla tanış etdi ki, baxın, Qəni Camalzadə bu uşaqdır. O vaxt Yusif Əzimzadə idi baş redaktor. Sonra məni onun otağına aparıb tanış etdi. Beləcə, birinci hekayəm çox uğurlu alındı.
- Sizin ilk oxucunuz kim oldu? Kim sizi yazmağa həvəsləndirdi?
- Mən 5 yaşımda getmişəm məktəbə. Həvəsliydim, əlifbanı da bilirdim. 3-cü sinfə keçəndə müəllimim bir kitab verdi mənə, dedi, "tətildə bunu oxumayıb gəlsən, qulaqlarını dartacam". Köhnə kiril əlifbasında olan kitabın üzərində, yadımdadır ki, bir qız şəkli vardı, əlində də çətir. Mənə dedi ki, bu kitabın müəllifinin adını yaxşı yadında saxla. Bunun yaxşı uşaq hekayələri var. Dedim, "o, adamdır?" "Əlbəttə", - dedi. Soruşdum ki, adamlar kitab yaza bilirlər? Dedi ki, yazırlar. Bizim o vaxt fikrimizdə kitab ancaq Qurani-Kərim idi. Həmişə də evdə deyirdilər: "ona əl vurma!" Dedim: "Mən də kitab yaza bilərəm?" "Yaza bilərsən, amma çoxlu oxumalısan", - dedi. Beləcə başladı oxumaq, mütaliə... Ailəmizdə savadlı adamlar vardı. Mən Molla Camalın nəvəsiyəm. O, bütün həyatı boyu Quran oxuyub, kimisə dəfn etdiyinə görə bir qəpik də almayıb. Hamısını ürəkdən, havayı edib. Quranı oxuyardı, sonra da gedib xışdan yapışıb özü üçün tarlanı əkərdi. Belə bir insan idi.
- Belə bir ailədən çıxmısınız və özünüz də inanclı bir insan kimi tanınırsınız. Həcc ziyarətində olmusunuz və bu günümüz üçün müzakirələrə yol açan "Şeytana daş atanlar" romanını qələmə almısınız. Bu romanın əsas qayəsi, fəlsəfəsi nədən ibarətdir?
- Mən bir-neçə dəfə Həcc ziyarətinə getmək istəmişəm. Müxtəlif səbəblərdən alınmayıb. 1992-ci ildə ilk dəfə getmək istəyəndə məni müharibəyə apardılar. O dönəmdə Moskvaya gedib səfirliyə müraciət etməklə getmək olurdu. Ətrafımda inanclı adamlar vardı, birlikdə getmək istəyirdik. İlyarım müharibədə oldum və kontuziya alıb qayıtdım.Vəziyyətim bir az ağır idi. Beş-altı il əlimə qələm ala bilmədim. Əllərim əsirdi, canımla əlləşirdim. Uşaqlar da balacaydılar... 1997-98-ci illərdə bir də təklif elədilər. Onda artıq hardansa icazə almağa ehtiyac yox idi. Müstəqil Azərbaycan var idi. Amma onda da maddi imkanım o deyildi. Düşündüm ki, gərək evdə ehtiyat pul qoyasan, bir hadisə olsa, uşaqlarım məndən sonra heç olmasa, bir müddət dolana bilsinlər. Dostlarım əl çəkməsələr də, düşündüm ki, bu vəziyyətdə heç cürə gedə bilməyəcəm...
İllər sonra başıma bir iş gəldi və elə bilin, mən təzədən doğuldum. Onda düşündüm ki, Həcc mənə artıq vacibdir və mən getdim. Bu, inam, inanc məsələsidir. Gedərkən yolda çox maraqlı və bəzən də ağrılı müşahidələrim oldu. Mən bir hissəsini yazdım, böyük bir hissəsini necə yazacağımı fikirləşdim... Bir şey deyim, bizim açıq yataq səhnələri yazılmış kitablarımız yoxdur. Kənardan oxuyuruq, Avropa, xüsusən, fransız ədəbiyyatından ... Amma bəzən düşünəndə ki, bunları biz də yaşamışıq, biz də yaza bilərdik, onda belə bir sual ortaya çıxır ki, mən bunu kimin üçün yazıram? Bu sual qarşına çıxırsa, demək, sənin oxucun yoxdur... Əslində oxucun var. Sadəcə, gözləyirik ki, bu səddi birinci kim adlayacaq? Qoy birinci o pozsun, sonra mən. Ondan sonra baxaram ki, yazmaq olar, ya yox... Əlbəttə, mən gənclik illərimdən danışıram. İndi qarşımda tamam başqa məsələlər dayanır, daha böyük məsələlər... Məsələn, təhsil sistemimiz elə yerə gəlib ki, cavanlarımız kitab da oxumurlar. Bu, böyük bir bədbəxtçilikdir. Sanki nəsillərdən-nəsillərə ötürülmə prosesi dayanıb. Sovet dövründə yazılan bir çox əsəri oxuyan yoxdu. Oxusalar da, onlardan nəsə əxz eləmək mümkün deyil; tək-tək ədəbi nümunələri çıxmaq şərtilə. Hazırda bu sahədə bir boşluq var. Yəni nəsillərdən-nəsillərə keçid olmalıydı, o da yoxdur. Nə mənəvi cəhətdən keçid var, nə yazı cəhətdən, nə də üslub...
Mənim düşüncəmə görə, yazıçı gördüyünü yazırsa, o yazıçı deyil.Yazıçı əgər onu təxəyyülündən keçirə bilmirsə, ona necə yazıçı deyək? Fikir verirsinizsə, son illər onlarla tarixi roman yazılıb. Hətta bizim ən hörmət etdiyimiz yazıçının da yazdığı romanı qaldırırsan və dərhal bilirsən ki, mənasız bir şey oxuyursan. Çünki o cür yazmaq olmaz. Məsələn, Şah İsmayıl Xətai haqqında o cür yazılmamalıdır. Əzizə Cəfərzadənin "Aləmdə səsim var mənim" kitabı bizim ürəyimizə təsir edən yazılardandır. Amma keçmişimizə münasibətdə yeni yanaşma olmalıdır. Əgər təxəyyül yoxdursa, bunu etmək mümkün olmayacaq. Mənim "Şeytana daş atanlar" romanımın böyük bir hissəsi də təxəyyülün məhsuludur.
"Şeytana daş atanlar"da mənim qarşımda bir neçə məsələ dayanırdı - inanclı adamları göstərmək... Orda yüzlərlə, minlərlə insana baxırdım və düşünürdüm ki, sən atdığın daşın səsini necə eşidə bilərsən? Deyirdim ki, bu, yəqin mümkün deyil. Orda bir inanclı axund var idi, neçə dəfə gedib-gəlmişdi ziyarətə. O mənə dedi ki, sən eşidəcəksən, öz atdığın daşın səsini eşidəcəksən. Dedi, gedəndə görəcəksən. Təsəvvür edin ki, hər tərəfdən səni sıxırlar və sən doqquz daşı tutmusan əlində, ehtiyat üçün cibinə də qoymusan. Mən daşı qaldıranda bir anlıq ətrafdakı bütün səslər kəsildi. Elə bildim, mən yeganə insanam, daş əlimdə divarla üzbəüz dayanmışam. Atdım və çıqqıltısını eşitdim. Eşidəndən sonra yenə bütün səslər peyda oldu. İkinci daşı atanda onu eşitmədim. Sonra yenə ziyarətə getdim. Amma o daşın səsini daha eşitmədim. İnanclı insanların əksəriyyəti bunu keçib. Amma kitabda təkcə inanclı insanları göstərə bilməzdim. Başqalarının da obrazını romana gətirdim. Bu mövzuda təmsil, yol qeydləri, publisistik yazılar yazılıb, amma Azərbaycanda Həcc ziyarəti haqqında roman yazılmamışdı. Mən bu romanla Həcc ziyarətinin fəlsəfəsini ortaya qoydum. Zərdüştdən soruşurlar ki, atəşpərəstlər niyə sənə sitayiş edirlər? Deyir, "atəşpərəstlər o oda ki, sitayiş edirlər, o mənim qəlbimdə yanır. Onlar qəlbimdə yanan oda sitayiş edirlər, mənə yox".
- Deyirlər, insanın dünyaya gəlişi ilə alın yazısı da yazılmış olur. Yazıçılıq alın yazısı - tale işidir?
- Tez-tez məktəblərdə, mədəniyyət mərkəzlərində görüşlərim olur. Onlara dediyimi sizə də deyirəm. 20, 30, 50 kitab oxuyandan sonra istənilən səkkiz sinif təhsilli adam artıq oturub yaza bilər. Əlbəttə, ədəbiyyatşünaslığın əsaslarını, nəzəriyyəsini də oxumuş olsa, lap yaxşı. O artıq povest, roman yaza bilər. Qoyursan qabağına bir süjet xətti və yazırsan. Amma bu yazılar quru alınır. Mən mühəndisəm. Yarımkeçiricilər nəzəriyyəsi var.Yarımkeçiriciləri yanaşı qoyursan və nə qədər ki, bunlara tok verməmisən, enerji verməmisən, bu elektronlar xaotik hərəkət edirlər. Bunlara müsbət və mənfi enerji qoşulan kimi keçidlər hamısı hərəkətə gəlirlər, enerjini yaradırlar. Yeni bir enerji yaranır. Kitab da belədir. Quru haldadır yaratdığın struktur, personajlar, hadisələr, hərəkətsizdirlər. Əgər Allah-təala sənə vergi veribsə, nəfəsini verirsən və personajlar hərəkətə gəlirlər. Əgər Allah-təala sənə vergi verməyibsə, yazma, veribsə, yaz. Verginin də olub-olmadığını yazandan sonra bilirsən. Bu mənim ədəbiyyat haqqında bildiklərim və düşündüklərimdir. Əgər mənim personajım hərəkət eləmirsə, mənim hadisələrim səni cəlb eləmirsə, deməli, məndə istedad yoxdur.
- Maraqlıdır, niyə ayrı-ayrı insanlar öz peşələrində uğur qazansalar da, yenə də ədəbiyyata üz tuturlar və bəzən, bayaq dediyiniz kimi, "yazılmış" kitablar ortaya çıxır? Hansı ehtiyacdan, tələbatdan yaranır o? Sizə bu mənzərələr, yəqin çox tanışdır...
- Məncə, siz bunu məndən yaxşı bilməlisiniz. Siz özünüz də publisistika ilə məşğulsunuz. Siz elə özünüz də yazıçısınız. Mənim fikirlərimə gəldikdə isə, bilirik ki, əyami-qədimdən söz adamları həmişə yüksəkdə dayanıb, söz sahibləri həmişə işıqlı sayılıblar. Hətta ən işıqsızı da işıqlı sayılıb. Çünki yazıblar. Ona görə bəziləri buna aldanırlar. Deyirlər, mütləq biz də söz sahibi olmalıyıq. Onlar bilirlər ki, pulnan uzağa getmək mümkün deyil, amma söznən yaddaşlarda qalmaq olar.
- Əsərləriniz bir-çox dillərə tərcümə edilib, xarici ölkələrdə çap olunub... Necə başladı bu proses, necə oldu ki, sizi bizdən çox uzaqlarda da oxumağa başladılar? Axı bəziləri tez-tez deyir: "Öz yazdığımızı özümüzdən başqa oxuyan yoxdur..."
- Mənim övladım Amerikada yaşayır. Bəlkə də elə buna görə mənə yol açıldı. Hər şey "Qızıl xotuq" ilə başladı... 2008-cil ildə "Literaturnaya Azərbaycan" jurnalı gözəl tərcüməçi Nadir Ağasıyevin tərcüməsində onu dərc elədi. Sonra kitab halında çap edildi. Həmin kitabla getdim Amerikaya və orada Nyu-York Ədəbiyyat Klubu ilə tanış oldum, ora üzv oldum. Həmin kluba onda Zinovu Karovin rəhbərlik edirdi. İndi rəhmətə gedib. Əsasən, rusdilli ədəbiyyatçıları toplamışdı ora. Mən həmin kitabı verdim və oxuyub çox xoşuna gəldi. Dedi, "Əgər razısansa, mən dəstək olacam ki, bu kitab burda da çap olunsun". Sonra "Karxana" romanımı Kamran Nəzirli tərcümə elədi. Onu da ora göndərdim və o kitabım da belə nəşr olundu. Orada çox maraqlı insanlarla tanış oldum, ünsiyyət qurdum. Çox istəyərdim ki, "Şeytana daş atanlar" da ingilis dilində orda çap olunsun.
- Yazıçının yazmaqla işi bitmir, ondan sonra yeni proses başlayır - tanıtım... Satirik üslubda qələmə alınan ilk irihəcmli əsərinizdən sonra daha ciddi ictimai-mənəvi mətləblərə toxunulan "Karxana" əsəri həm roman janrının tələbləri, həm də mükəmməlliyilə daha çox tanındı. Demək olar ki, məhz elə Sizin - Hacı Qəni Camalzadə imzanızı da oxucuya ən çox o tanıtdı.
- Yox, mənə elə gəlir ki, sadəcə, ədəbi tənqid "Qızıl xotuq" və "Karxana" romanıma daha yaxşı nəzər salıb. Onlar haqqında kifayət qədər tərifli fikirlər söylənib. Amma "Kiaksarın axırıncı savaşı", "Şeytana daş atanlar" haqqında yazılanlar üzdən yazılıb, mahiyyətinə vara bilməyiblər, yəni içinə girə bilməyiblər. Çünki "içinə girmək" üçün bir az inanclı insan olmaq lazımdır. "Kiaksarın axırıncı savaşı"ı haqqında yazmaq üçün gərək tarixə ekskursiya edəsən...
- Qırx il hakimiyyətdə olmuş şahənşah Kiaksarın parlaq surəti, sərkərdə məharətini qələmə almaqla onun simasında qədim tariximizin unudulmuş səhifələrinə işıq salmısınız... Kiaksarın qəhrəmanlığını, əzmini, qətiyyətini bu günlə əlaqələndirsək...
- İllər öncə məndən soruşurdular ki, niyə Qarabağ müharibəsi haqqında kitab yazmırsan? Doğrusu, başlamışdım, amma axıra çatdıra bilmirdim. Onda özümüzü məğlub kimi hiss edirdik və mən bunu yaza bilmirdim, ifadə etməyə çətinlik çəkirdim. Heç almanlar da uduzduqları müharibə haqqında roman yazmadılar. Çünki acıdır. Çox acıdır... İnsanları acıya səsləmək olmur. Bizim insanlarımıza həddindən artıq böyük işgəncələr verilmişdi. Bunu ədəbiyyata gətirmək çox ağır idi...
- Sizin Qarabağ mövzusunda qələmə aldığınız əsərlər çox fərqli, canlı və inandırıcı olmalıdır. Yəqin ki, top-tufəng səsləri hələ də qulaqlarınızdadır...
- Biz indi qalib xalq kimi öz ağrı-acılarımızı yazmalıyıq. Bu gün artıq qələbə çaldıqdan sonra məğrur xalq olaraq, əlbəttə, o mövzuda yazacağıq...
- Yazdıqca özünüzü psixoloq kimi hiss edirsiniz?
- Psixoloq kimi yox. Bütün yazılarımda mən varam. Mən orda diktə eləmirəm. Mən özümə bir oxucu kimi baxıram, öz fikrimi soruşuram. Bəzən fikrim yaxşı olanda onu ora gətirirəm. Çox vaxt özümün əsiri oluram. Çox vaxt da özümdən kənarlaşdırıram.
- Nə istəyir insanlar, elə sizin qəhrəmanlar?
- Mənim qəhrəmanlarım heç vaxt nə pis olublar, nə də yaxşı. Onlar adi insanlardır. İnsanlar da xoşbəxtlik istəyirlər. Çamurluğun içində belə, xoşbəxtlik istəyirlər. Amma xoşbəxt ola bilmirlər. Bu, taledir.
- İndi hansı yaşdasınız?
- İnsan sağlam olanda özünü cavan hiss edir, ağrıyanda qoca. Mən müharibədən qayıdan cavan uşaqları görürəm. Müharibədən şikəst, əzilmiş, psixikası pozulmuş gəliblər. Onların bir qismi özünü çox qoca hiss edir, çünki ağrıyırlar. Mən də ağrıyanda özümü qoca, ağrımayanda cavan hiss edirəm. Mən həm də cavanlıqdan özümü belə tərbiyə etmişəm ki, bir az qabağı fikirləşim...
- Haqqınızda deyilənləri ümumiləşdirsək, belə bir qənaətə gəlmək olar: ziyalı mövqeyi olan düşüncə adamı, yazıçı adını qoruyan, yaşadan yaradıcı intellektual insan... Və eyni zamanda ziddiyyətli insan...
- Mən hər adamın xoşuna gəlmirəm. Çox "şirin" adam deyiləm. Mən bəzilərinin xoşuna ona görə gəlməyə bilərəm ki, müstəqil adamam. Dostluq edəndə də kişi kimi dostluq edirəm. Yaxşı insanın mənəvi cəhətdən quluyam. Elə insanlar var ki, onlarla bir stəkan çay da içmək olmur, gözün görə-görə sənə pislik edir. Elə adam var ki, onu aldatmaq asandır. Elə adamdan nədənsə hamının xoşu gəlir. Bir sözlə, hesab edirəm ki, mən lazımlı adamam.
Söhbətləşdi: Kəmalə MİRZƏYEVA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!