Araşdırmaçı-yazar, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının (Sabir Həbib oğlu Hacıyev) Avrasiya Yazarlar Birliyi tərəfindən yayımlanan "Erməni uydurmalarından doğan bəşəri cinayətlərin dünəni və bu günü" adlı siyasi-tarixi, sənədli kitabı türk ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
"Bengü" Yayınları evində çap olunmuş kitabın ana xətti erməni cinayətlərinin təməlində duran irqçi düşüncənin erməni toplumunun gündəlik yaşamında yer almasıdır. Hər bir cəmiyyətin öz milli kimliyinə söykənən bəlli bir ideologiyasını meydana gətirməsi, formalaşdırması üçün müəyyən mərhələlərdən keçməsi labüddür. Ümumiyyətlə ideologiyanı siyasi və sosial bir təlim kimi meydana gətirən və siyasi və ictimai hərəkat olaraq istiqamətləndirən düşüncə, inanc və görüşlər sistemi sağlam olmalıdır, əks təqdirdə, o bir cəmiyyətə, bir dövrə, ya da ictimai bir sinfə xas inanclar sistemi olaraq meydana çıxarkən özü ilə təməl problemlər yarada bilər. İrqçi düşüncə erməni cəmiyyətinin bütün dövrlərdə təməl problemi olub və millət bu xəstəlikdən xilas ola bilməyib. Ermənilərin XIX əsrın sonlarında yaratdıqları təşkilatların hamısının terrorçu xarakterindən artıq çox bəhs edilib. Onlar qarşılarına qoyduqları məqsədə çatmağın yolu kimi hər zaman terrora, silahlı üsyanlara üstünlük verdiklərini Sabir müəllim kitabın ilk fəsillərində xronolojik olaraq oxuculara çatdırır. Həm Osmanlı ərazilərində, indiki İranın əsasən Araz sahili bölgələrində, həm də əzəli Azərbaycan torpaqlarında - İrəvan xanlığında, Naxçıvanda, Zəngəzurda, Qarabağda və digər ərazilərdə törədilən qırğınlar erməni irqçi düşüncəsinin, bizlərə qarşı kin və nifrətinin nəticəsi qənaətinə gəlməsi doğru yanaşmadır.
Ermənilərin torpaq iddiaları, Şərqi Anadoluda bir dövlət yaratmaq arzuları qan tökməklə, qırğınlar törətməklə müşayiət olunduğu kitabda tarixi faktlarla verilmişdir. XX əsrin əvvəllərində Rusiyanın Van və Ərzurumda baş konsulu olmuş general Mayevskinin vaxtilə yazdıqları ilə səsləşir. O, yazmışdı: "Türkiyədəki ermənilər türklərin zülm və qətliamına məruz qaldıqlarını Avropaya göstərmək istəyirdilər. Proqram bu şəkildə idi: "Ancaq qan tökmək lazımdır ki, ermənilər azadlıq əldə etsin. Qan tökün ki, Avropa sizi himayə etsin".
Sabir Şahtaxtının əsərinin özəlliyi odur ki, kitabda cəmləşdirilmiş bütün faktlar və təqdim olunan sənədlər erməni toplumunda formalaşan irqçi düşüncənin, əslində bəşəri təhlükə olduğuna yönəldə bilir. Ermənilərin törətdikləri cinayətlərin və Birinci Dünya müharibəsindən əvvəl 50-yə yaxın silahlı üsyanın bir məqsədi vardı: dünyanın nəzər və diqqətini uydurma "erməni məsələsi"nə yönəltmək. Və ardınca türkləri guya ermənilərə qarşı basqı və "soyqırımı" etməkdə suçlayaraq məqsədlərinə nail olmaq. Bu gün artıq hər kəsə bəllidir ki, 1915 olaylarını "erməni soyqırımı" kimi qələmə vermək ermənilərin törətdikləri cinayətləri ört-basdır etmək məqsədindən qaynaqlanmışdır. Türkiyə Cümhuriyyəti Başbakanlıq Dövlət Arxivləri İdarəsinin çap etdirdiyi "Arxiv bəlgələrinə görə Qafqazda və Anadoluda erməni məzalimi" kitabında təkzibolunmaz faktlarla göstərilir ki, Anadolu və Cənubi Qafqazda 1906-1922-ci illər arasında 517 min 955 nəfər türk-müsəlman əhali ermənilər tərəfindən qətl edilmişdir. Bunlar yalnız sənədlərdə təsbit edilənlərdir. Ümumiyyətlə, bu bölgədə erməni silahlı dəstələri 2 milyona yaxın türkü vəhşicəsinə öldürmüşdür. Məşhur ermənişünas alim Castin Makkarti uzun illər apardığı tədqiqatları ilə bu nəticəyə gəlmişdir ki, ermənilər "erməni soyqırımı"nı törətdikləri bu cinayətləri ört-basdır etmək üçün uydurmuşlar. Fransanın görkəmli tarixçisi Bernar Lenis ermənilərlə bağlı "Le Mond" qəzetində yazır ki, I Dünya müharibəsi dövründə baş verən hadisələr soyqırımı sayıla bilməz, ölüm olaylarının soyqırımı kimi qələmə verilməsi sadəcə olaraq bir erməni yalanı və uydurmasıdır. Müəllif bu məqamlar üzərində durmuş, tarixi dəlilləri oxucularla bölüşə bilmişdir.
Kitabda erməni terroru geniş şəkildə işıqlandırlmışdır. Hələ 1890-cı ildə Şərqi Anadoluda ermənilərin silahlı müqavimət təşkilatları yaradılmışdır. Adı da Fidayinler (Fədayi) idi. Partiya üzvlərini birləşdirən bu dəstələr "müstəqil Ermənistan"ı qurmağı əsas hədəf olaraq götürmüş və Osmanlı fəal siyasi xadimlərinə sui-qəsdlər düzənləməklə məşğul idilər. 30 iyul 1914-cü ildə keçirilən partiya konfransında qərara alınmışdı ki, terror əməliyyatları ilə hökumətə basqılar edilsin. Ermənilər 1915-ci ildə İstanbulda EİF-in "Qırmızı bazar" qrupunu qurmuşdular.
Araşdırmaçı-yazar Sabir Şahtaxtı əsərində təkzibolunmaz faktlarla əsaslandırır ki, XIX əsrin sonlarından başlayaraq yaradılan bütün erməni milli təşkilatların başlıca məqsədi erməni-türk düşmənçiliyi yaratmaq olmuş və bu məsələdə təşkilat rəhbərləri arasında heç bir fikir ayrılığı yaşanmamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev 1920-ci ildə Tiflis şəhərində qətlə yetirilir. 19 iyun 1920-ci il. Yenə də Tiflis şəhəri. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkanyan törətmişdir, onunla birgə digər erməni Misak Kirakosyan da olmuşdur. Silahlı terror aksiyası nəticəsində Kirakosyan yaralanmışdır. Terrorçubaşı Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası - "Daşnaksütyun" partiyasının İrəvanda keçirdiyi IX qurultayında bu terror hərəkatına başlamaq haqqında qərar verilmişdir. "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı.
Sabir Şahtaxtının tədqiqata cəlb etdiyi faktlar, əsasən, erməni, rus, ingilis, fars, ərəb və digər xarici mənbələrindən götürülüb. Müəllif əsaslandırır ki, erməni diasporunun maliyyə mənbəyi beynəlxalq səviyyəli mütəşəkkil cinayətkarlıqdır. Terrorçuluq, qətl və qarət, sənəd saxtakarlığı kimi cinayətlər erməni diasporu üçün davamlı gəlir mənbəyidir. Bütün bu istiqamətlərdə ABŞ, Rusiya, Polşa, Küveyt, İran və digər ölkələrdə erməni terror təşkilatlarının fəaliyyəti həmin ölkələrin hüquq-mühafizə orqanlarının rəsmi məlumatları ilə oxuculara təqdim olunur. Cinayət üstündə yaxalanan erməni millətçiləri istintaqa ilk ifadələrində bildirirlər ki, erməni diasporu bizə kömək etməyə borcludur. Çünki bu cinayət yolu ilə qazandığımız vəsaitin bir hissəsini onlara ödəmişik. Erməni əsilli şəxslərin indiki İrana qarşı ABŞ-ın xeyrinə casusluq fəaliyyətinə dair təkzibolunmaz faktlar elmi ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyan elementlərdir.
Terrorçuların qəhrəmanlaşdırılması məsələsinə də müəllifin yeni yanaşması maraqlıdır. Dünyada elə bir millət yoxdur ki, o, adam öldürməklə fəxr etsin və terrorçunu qəhrəman hesab eləsin. Ermənilərin İrəvanın Yerablur qəbiristanlığında dəfn etdikləri, milli qəhrəman hesab elədikləri şəxslərin əksəriyyəti terrorçulardır. Terrorçulara heykəllərin qoyulması da erməni irqçiliyinin əyani təzahürüdür.
Kitabda geniş şəkildə yer alan erməni iqrçiliyinə qarşı çıxan ermənilərə qarşı terror hərəkətləri barədə məlumatların toplanması erməni terrorizmi ilə erməni diasporunun eyni mahiyyət daşıdığını faktlaşdıran amil kimi təqdirəlayiqdir. Müəllif yazır: "Erməni terrorizmi, bu terrorizmi maliyyələşdirməkdən imtina erməniləri də hədəf almaqdadır. Erməni terror təşkilatlarına maliyyə yardımı göstərməkdən imtina edənləri də, bəzi hallarda onların ailə üzvləri ilə birlikdə cəzalandırmışlar. 1903-cü ildə Moskvada bankir Camkarov, 1907-ci ildə Nyu-Yorkda Tavşancyan, 1908-ci ildə Qahirədə inqilabçı yazıçı Arpiar Arpiaryan, 1914-cü ildə Aramyan, Mkrtiç Arutyunyan və Vahe İşxan (Esayan) 1915-ci ildə Türkiyədə erməni terrorçuları tərəfindən vəhşicəsinə qətlə yetirilib. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktı da daxil olmaqla, bu siyahını daha da genişləndirmək mümkündür". Təəssüf ki, erməni irqçi təşkilatlarına maliyyə yardımı etməkdən imtina edənlərin qarət, qətl, terror üsulları ilə cəzalandırılması müasir dünyanın gözü qarşısında erməni terrorizmi tərəfindən davam etdirilir. Müəllifin bu barədə tədqiq etdiyi ən son məlumatlardan birinə diqqət edək: 2016-ci ilin 5 fevral tarixində İstanbulda yaşayan erməni cütlük Hagop Yakup Demirci (85) və Seta Ayda Demirci (79) Ermənistandan gələn silahlı quldur dəstəsi tərəfindən qarət edilib. Hagop Yakup Demirci vəhşicəsinə öldürülüb, Seta Ayda Demirci isə ağır yaralanıb. Meyit və yaralının əl-qolunu donuz ipi ilə bağlayıblar. Sonuncu cümlə ətrafında mühakiməni oxucunun və tədqiqatçının öz mühakiməsinə buraxırıq. Nə üçün donuz ipi?
Sabir Şahtaxtının bu kitabı erməni irqçiliyini, onun terrorçu xarakterini, erməni cinayətlərini açıb ortaya qoymaq üçün önəmli qaynaqdır. İnanırıq ki, bu mövzuda o öz tədqiqatlarını davam etdirərək daha sanballı əsərlərə imza atacaqdır.
Redaksiyadan: Avrasiya Yazarlar Birliyi "Bengü" Yayınları vasitəsilə indiyədək 542 kitaba həyat vermişdir. Birliyin ötən dövrdə Azərbaycanla bağlı nəşr etdiyi 60 kitabın 10 faizi, say hesabında 6 ədədi Sabir Şahtaxtının əsərləridir. "Azadlıq nəğməsi", Nisgil, "Yosun ətri" və "Mil" məhz Avrasiya Yazarlar Birliyinin qurucu başqanı, yazıçı-publisist, araşdırmaçı mərhum Yaqub Öməroğlu tərəfindən şəxsən oxuyub dəyərləndirilərək Bengü Yayınları tərəfindən işıq üzü görən, ana xəttində dünya siyasətinin mühüm qlobal məqamlarını özlərində əks etdirən məhəbbət dastanlarıdır. "Erməni uydurmalarından doğan bəşəri cinayətlərin dünəni və bu günü" və "Dinməyən acı Xocalı" əsərləri də Avrasiya Yazarlar Birliyi tərəfindən türk dünyasında geniş yayılan kitablar sırasındadır.
Mədinə Çətin yazıçının "Nisgil" siyasi-tarixi romanına dissertasiya yazmış və Qars Qafqaz Universitetində müdafiə etmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!