Avrasiya Yazarlar Birliyinin "Kardeş kalemler" dərgisinin 2025-ci il aprel sayında şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə geniş müsahibə dərc edilmişdir. Söhbətin azərbaycancaya uyğunlaşdırılmış variantı oxucularımıza təqdim olunur.
(Əvvəli ötən saylarımızda)
- Eyni zamanda Türkiyə hekayə və roman yazarlarının saf, doğma dillə canlandırdıqları həyat lövhələri, Anadolu təsvirləri, əsərlərdəki millətçilik, vətən ruhu, xüsusilə məhəbbət və eşqin tərənnümü çox cazibəli idi. Yaşar Kamalın "İncə Məmməd", Rəşad Nuri Güntəkinin "Çalıquşu", "Damğa", "Dodaqdan qəlbə", "Yarpaq tökümü", Suat Dərvişin "Fosforlu Cevriyyə", Səbahəddin Alinin "Xəz paltolu Madonna", "İçimizdəki şeytan", Əziz Nesinin "Taxtalıköydən məktublar", "İndiki uşaqlar möcüzədir", "Futbol kralı" kitablarını heç unuda bilmirəm. Ötən əsrin 60-cı illərində Bakıda Türkiyə şairlərinin əsərlərindən ibarət bir şeir toplusu çıxdı: "Şəhər, axşam və sən..." - gərək ki, adı beləydi. Elə də qalın kitab deyildi. Həmin kitabın 1960-lardan başlayaraq ədəbiyyata gələn gənclərə xeyli təsiri oldu. Xüsusilə çağdaşlığı duymaq baxımından. Bizdə Yunus Əmrə, Qaracaoğlan, Aşıq Veysəllə bərabər, Nazim Hikmət başda olmaqla, Türkiyə şairləri çox sevilir və oxunur: Orxan Vəli, Necib Fazil, Fazil Hüsnü Dağlarca, Əbdürrəhim Karakoç, Bahəddin Karakoç, Yavuz Bülənd Bakilər, Ali Akbaş... Əgər yadınızda qalıbsa, bizim kitabxanada daha bir neçə qiymətli kitab var idi: Əhməd Kabaklının 5 cilddən ibarət "Türk ədəbiyyatı", 1999-cu ildə Ankarada nəşr olunan "Ən qədim dövrdən bu günə qədər Türk ədəbiyyatı" və Ramazan Korkmazın "Yeni Türk ədəbiyyatı" Bu kitablar mənə Türkiyə ədəbiyyatını ətraflı mənimsəməyə, bu zəngin qaynaqlardan daim bəhrələnməyə yardımçı olur.
- Ədəbiyat, yazı həyatının cəminə toplu bir baxışdır, deyə düşünürəm. Bu fikrimə siz nə deyərdiniz, bilmirəm. Qarşımda şeirlərinə, ailə həyatına və şəxsiyyətinə heyran olduğum şair olunca; şeir hansı dərəcədə sizin varlığınızı ifadə edə bilir, deyə soruşmaq istəyirəm.
- Azərbaycan dilinin izahlı lüğətində yazılıb ki, ədəbiyyat hər hansı bir xalqın, dövrün və ya bütün bəşəriyyətin yaratdığı elmi, bədii, fəlsəfi və s. əsərlərin məcmusudur, yəni cəmidir. Ədəbiyyat dedikdə yalnız bədii əsərlər deyil, həmçinin bütün yazılı əsərlər, nəşrlər nəzərdə tutulur. Təbii ki, biz bu söhbətimiz zamanı obrazlı təfəkkürün məhsulu olan, yazıçı, şair, ədəbiyyatşünaslar, hətta xalqın özü tərəfindən (folklor, şifahi xalq ədəbiyyatı) yaradılan mənəvi sərvətdən bəhs edirik.
Bədii ədəbiyyat, yaxud ədəbi əsər bədii söz yaradıcılığı sənətinin məhsulu və predmetidir. Sualınızın mətləbinə daha da yaxınlaşmaq üçün onu da xatırlatmaq istəyirəm ki, bədii yaradıcılıq mütləq şəkildə fərdi səciyyə daşıyır. Ona görə də hətta min il bundan əvvəl baş verənlər barəsində yazılmış tarixi romanda belə yazıçı, yazıçının həyatı, ruhu, idealı, arzuları sakindir, yəni orada məskundur. Bununla belə bədii əsər yalnızca yazıçının bioqrafiyasının və şəxsi, fərdi yaddaşının əsiri olub qala bilməz. Yaxud əksinə, fərdi yaddaş və bioqrafiyanın iştirakı olmadan da ədəbiyyat yaratmaq mümkün deyil, həqiqətən bir çox qiymətli əsərlərin özülündə (təməlində) yazıçı fərdiyyəti - yazıçı yaddaşı və bioqrafiya dayanır. Digər tərəfdən mütaliə olunduğu halda müəllifini hiss etdirməyən əsərlər də çoxdur və bəlkə daha çoxdur. Deyək ki, biz Q.Q.Markesin "Patriarxın payızı", yaxud "100 ilin tənhalığı" romanlarını oxuyuruq; Markesin tərcümeyi-halı hanı bu əsərlərdə? Suala cavab vermək üçün, məncə, dahi yazıçının "Xatırlayıb anlatmaq üçün yaşamaq" adlı xatirələr kitabını nəzərdən keçirmək lazım gələcək. Əslində, şəxsin ədəbi əsərin yaranmasındakı rolu ədəbiyyatşünaslara aid müzakirə mövzusudur. Əsas məsələ əldə olan əsərin təsir gücü, cazibəsidir, bu keyfiyyətlərin əsərdə olması isə yazıçıdan istedad, bilik və sənətkarlıq tələb edir. Yəqin siz də razılaşarsınız ki, şeirdə yazarın tərcümeyi-halı, yəni həyat hekayəsi daha qabarıq və ön plandadır. Lakin bu o demək deyil ki, şair "içindən çölə çıxıb" ətrafa nəzər salmamalıdır. Şeirdə şairin ruhu hiss və duyğuların səmimiliyində, hadisəyə münasibətin xarakterində, təsvir edilən həyat lövhələrinin canlı olmasında, deyim, üslub bənzərsizliyindədir. Təbii ki, janrından asılı olmayaraq hər bir bədii yazıda sənətkar fantaziyası və şəxsi həyatdan gələn motivlər lazım olan miqyasda iştirak edir, yaxud etməlidir. Bütün hallarda qalıcı (yaşarı) əsərin yazılması üçün intellektual yaddaş, bilik səviyyəsi heç də təbii yaddaşdan az önəmli deyil. Çünki mükəmməl mütaliənin özü də sonradan yazıçının tərcümeyi-halının bir parçasına çevrilir. Başqaları bəlkə başqa sayaq düşünür, bilmirəm, güman edirəm ki, indiyə qədər yazdıqlarımda bir az öncə söylədiyim şərtlərə əməl olunub. Sözümdən belə çıxmasın ki, yazar əlinə qələm alanda, yaxud yazmaq üçün kompüter arxasına keçəndə masasının bir küncünə də ədəbiyyat nəzəriyyəsi kitabı qoymalıdır. Xeyr, yaratmaq imkanı yetərlidirsə, söylədiklərim təbii şəkildə, hiss olunmadan meydana gəlir.
- "İçində olduğumuz "bu an" əzəli ilə əbədinin birləşdiyi nöqtədir" - deyir İshak Özkan. Vaqif bəy, sizcə, şeirdə belə bir imkan varmı, hər hansı bir insan, hər hansı bir zamanda gözəl bir şeir oxuyub, anlayıb onu yaşasa, həmin o qovuşaq nöqtəsini tapa və dərk edə bilər? Çətin sual oldu, deyəsən? Amma əminəm ki, nə demək istədiyimi anlada bildim.
- Keçmiş - şərəfli olduğuna, indi - reallığına, gələcək xəyallarına görə mənalıdır. Keçmiş və gələcək bu günü, indiki anları yaşamağa kömək göstərir. Mənim aləmimdə poeziya, şeir insan ömrünə, insan düşüncəsinə məxsus unudulmaz anlardan hörülmüş bir çələng, zəngin çeşidli bir xalıdır. Biz indiyə keçmişdən gəlirik, içində olduğumuz andan isə gələcəyə gedirik. O üzdən İshak Özkan hocamız doğru söyləyir ki, bu an əzəl ilə əbədinin birləşdiyi nöqtədir. Bizim vəzifəmiz içində olduğumuz anları mümkün qədər maddiləşdirmək, mənəvi sərvətə çevirməkdən, maddiləşmiş mənəvini insanlığın xidmətinə verməkdən ibarətdir. O şair xoşbəxtdir ki, onun zamandan qoparıb topladığı bəhrələr başqalarına könül rahatlığı verir, ötüb keçənləri yenidən yaşamağa, gələcəyi düşünməyə imkan yaradır.
- Az öncə bəhs etdiyim kimi, şeirlərdən əlavə bir çox əsəriniz var, amma məxsusi olaraq şeirlə əlaqəli danışmaq istəyirəm. Təbii, icazəniz olarsa. Sizcə, şeir yazmaq bir az da insanın kamil olma halıdırmı? Nədən belə düşündüyümü soruşsanız, deyərdim ki, həqiqəti hiss etmək, kainatı seyr etmək, haradan gəlib, haraya getdiyinizi bilmək və bunları şeirlə, nəsrlə, digər ədəbi janrlarla ifadə etmək insanın kamilliyinə şəhadət vermirmi?
- Yaradıcılıq təfəkkürün adi halı deyil. Bu, xüsusi bir bacarıqdır, biz onun adına istedad deyirik. Əvvəl də olduğu kimi istedadın Allah vergisi olduğunu bir daha təsdiqləyirəm. Bunu da deyirəm ki, bəyənilən əsərlər yazmaq üçün yalnız istedad kifayət etmir. Çünki ən müxtəlif istiqamətlər üzrə istedad, demək olar ki, insanların əksəriyyətində var. Əsas məsələ, necə ki, bir bulağın gözünü açarsan, yolunu təmizlərsən, həmin çeşmə daha gur axıb gedər, istedad da elədir. Ona bir başqası yox, sən özün yol açmalısan. Deməli, yaradıcılıq üçün ilahi başlanğıc, bilik və xeyirxah ürək lazımdı. Bunlar isə böyük zəhmət, sənətə sevgi, sözün və həyatın əzablarına qatlaşmaqla gerçəkləşir. Kamil olmayan insana necə yaxşı deyə bilərik? Nazim Hikmət söyləyir ki, əgər sən deyirsənsə, mən şairəm, deməli, sən deyirsən ki, mən yaxşı adamam! Nə yazırsan yaz, hansı işi görürsən gör, sənin yaratdığın o zaman gərəkli olur ki, başqalarının həyatına, ovqatına, düşüncəsinə işıq qatır...
- Vaqif bəy, əslində, kəlmələr və düşüncələr yalın və çılpaqdır, şairlər onlara ən gözəl əlbisələri geyindirib şeir yaradırlar, elə deyilmi? Az öncəki sualın tam tərsi oldu bu sual. Qoy elə olsun. Baxaq, bu tərəfdən yanaşanda nələri söyləyəcəksiniz?
- Obrazlı deyilərsə, bəli, şairlər sözə "don biçirlər", amma bu o demək deyil ki, onlar dərzidirlər. "Dərzi" bilirsiz də kimdi, əlbisə tikən usta. Şairlər, əziz Ülkü xanım, insanlığın daha gözəl sabahı üçün mübarizə aparan, insanlığa daim şərəfli keçmişi xatırladan, ürəkləri qanadlandıran, mərd, həmişə həqiqətin yanında olan, ananı, ailəni, Vətəni, milləti... hamıdan çox sevən və başqalarını da belə bir ucalığa çağıran fikir, düşüncə adamlarıdırlar. Məncə, şairləri eləcə, sözlə oynayan, sözdən söz çıxaran uşaq kimi təsvir etmək yazıçı obrazını təhrif edir. Belə məsələlər hərdən oxucuya izah olunmalıdır. Əksinə, bizdə, elə sizdə də insanların ədəbiyyata, şeirə münasibətində bir soyuqluq var. Bilirsiz, ədəbiyyat insanların ruhunu təmizləyən əsas qaynaqlardan biridir. Doğma dilimiz məhz onun sayəsində min illər boyunca yaşayır, nəsillərdən-nəsillərə ötürülür, cilalanır. Söz çeşməsini qurumağa qoymaq olmaz. Amma bizim günlərdə şairləri ruhlandıran, eyni zamanda onlara gördükləri işin böyük məsuliyyətini xatırladan şeylər çox azdır. Əksinə, indiki durum saysız-hesabsız "şaircikləri" körükləyib salıb ortalığa, onlar beyinlərinə gələn min dürlü səfsəfəni, müxtəlif pozda rəngbərəng fotolarını "Facebook", "Youtube", "Tvitter" ekranlarında görməyi çox xoşlayırlar. Əslində, belə xaosda həqiqi qələm adamlarının yazmaq inadkarlığı qəhrəmanlıqdır. Mücadiləyə dəyərmi? Dilimizin və millət ruhunun saflaşması naninə, məncə, dəyər...
- Bilirsiniz, Vaqif bəy, sizin əsərlərinizi oxuyarkən, sanki özümü könülləri görməyə, könüllərdə səyahət etməyə çıxmış kimi hiss edirəm. Həqiqətləri o qədər aydın və gözəl ifadə edirsiniz ki, insan bilmədən nəfsinin paklığının işığına bürünür. Söylənəcək çox sözüm, sorulacaq çox sualım var, amma sizin də çox işinizin olduğunu bilirəm. Ürəyində şeir çırpınan insanlar azad bir ölkə kimidir, o ölkədə bizə də yer verdiyiniz üçün çox təşəkkür edirəm. Sizin kimi möhtərəm bir insanı tanıdığım üçün taleyimdən razıyam. Ata yurdum Azərbaycana ürək dolusu salam və sevgi göndərirəm. Sağ olun.
- Sovetlər zamanında qəzetçiliklə bağlı belə bir peşəkar mübahisəni xatırlayıram: müsahibənin, yəni mətbuatda indi sizin mənimlə apardığınız belə bir söhbət-sorğunun müəllifi kimdir, görəsən? Sualı verən, yoxsa o sualları cavablandıran insan? Belə yazılar birmənalı olaraq müştərək yazılar sayılmalıdır. Zamanında qəzet və dərgilərdə çalışarkən mən də çoxlu insanlara sorğular ünvanlayıb, cavablar almışam. Çoxlu suallara cavab da vermişəm. Düzünü deyim, o zamanlar kiməsə verdiyim suallarının əksəriyyətinin cavablarını özüm irəlicədən bilirdim. Bəzən müsahibimdən daha mükəmməl bilirdim. Çünki qarşımdakı insanı mükəmməl bir şəkildə öyrənib tanıyandan sonra onunla görüşürdüm. İndi, Ülkü xanım, sizin mənə bəslədiyiniz ehtiram, yazılarımı oxumağa sərf etdiyiniz həftələr, aylar o qədər yetərlidir, yəni siz məni o qədər yaxından tanıyırsınız ki, məndən sorduğunuz sorulara mənin yerimə özünüz də cavab verə bilərdiniz. Azərbaycana məhəbbətinizin necə dərin olduğunu bilirəm. Dərin təşəkkürlərim var! Canım-ciyərim, xəyallarımın və ruhumun məmləkəti gözəl Türkiyəmə salamlar olsun!
Söhbətləşdi:
Ülkü Taşlıova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!