Vaqif Bəhmənli: "Yaradıcılıq üçün ilahi başlanğıc, bilik və xeyirxah ürək gərək..."

Avrasiya Yazarlar Birliyinin "Kardeş kalemler" dərgisinin 2025-ci il aprel sayında şair, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə geniş müsahibə dərc edilmişdir. Maraqlı söhbətin azərbaycancaya uyğunlaşdırılmış 

variantı oxucularımıza təqdim olunur.

 

 

(Əvvəli ötən sayımızda)

 

- Ötən əsrin 50-ci illərindən 80-ci illərinə qədər ədəbiyyata aşiq olan gənclərin böyük əksəriyyəti Bakıya ona görə gəlirdi ki, guya Səməd Vurğun olacaq, yaxud Bəxtiyar Vahabzadə. Bilirsiniz, Ülkü xanım, əlbəttə, yaradıcı əməyə kütləvi maraq, əsərlərinə kənardan verilən dəyər şair üçün heç də əhəmiyyətsiz deyil. Üstəlik, heç kəs öz ayranına turş demir. Xüsusən, öz əməyinə məna vermək istərkən ən doğru meyar, mənə görə, belə deyək, intellektual səmimiyyət ola bilər. Yəni sən öz yaradıcılığına ömründə heç olmasa, bircə dəfə şüurlu, elmi şəkildə, obyektiv, tənqidi yanaşırsan və qəlbindən soruşursan ki, mənim ömür sərf etdiyim bu işin bir mənası varmı? Bu yazılar insanlara lazımdırmı? Şairin öz yaradıcılığına həqiqətə əsaslanan inamı ən doğru dəyərləndirmədir. Bütün bu dediklərimdən sonra ortaq məxrəcə gəlsək ki, Vaqif Bəhmənlini şair adlandırmaq olar, o zaman deyə bilərəm ki, şeir yaza bilmək qüdrətdir, ədəbi yaradıcılıq, şeir müəllifin özünüifadəsinin ən çətin yoludur. Həyatımı yalnız şeirə məhəbbətlə deyil, həm də şeirə ehtiramla yaşamışam. Mənim təhsil almaq, mütaliə etmək, qəzet-jurnal redaksiyalarında, dövlət idarələrində, həqiqətən, ağır zəhmətlərə qatlaşmağımın yeganə səbəbi məhz şeirə davam etmək həvəsi, poetik düşüncələrimi hansı bir tərəfəsə çıxarmaq arzusu olmuşdur. Düzdür, yazı yazmağa, hardasa orta məktəbin 3-cü, 4-cü sinflərində, yəni 8-9 yaşım olarkən şeirlə başlamışam. Qəhvəyi cildli, içində, uzaqbaşı, 10 yarpaq vərəqi qalan dəftərçəyə yaşıl rəngli mürəkkəblə iki şeir yazmışdım. O dəftərçə, guman ki, atama məxsus olub. İlk vərəqdə kömür qələmlə "Qurani-Kərim"dən əl-Fatihə surəsi yazılıb, ardınca telefon nömrələri. Dəftərçənin axırdan üç səhifəsinə 55 il öncə iki "şeir" yazmışam. Hər iki yazıda qışı lənətləyir, baharı xilasa çağırıram. Amma mətbuatda işıq üzü görən ilk yazım adi bir xəbər yazısıdır; başlığı belədir - "Yanğın söndürüldü!" Orada kəndimizin taxıl zəmisinə od düşdüyündən, adamların atəşin qarşısını vaxtında almasından danışılır, şücaət göstərən həmkəndlilərimin adları yaxşılığa çəkilirdi. Belə çıxır ki, mən şeirə qar-sazaqla, jurnalistikaya, nəsrə odla-atəşlə gəlmişəm. Mətbuatda çalışdığım illərdə sırf sahə xarakterli, təsərrüfatla bağlı araşdırma reportajları çıxmaq şərti ilə sənədli nəsr olaraq o zamanlar yazdığım xeyli sayda publisistik düşüncələri bu gün də təkrarən çap etmək mümkündür. Və bir dəfə bunu etdim; "Sınıq güzgü" adlı 650 səhifəlik kitabımı nəşr etdirdim. Sonralar "Maqomayev planeti" , "Novruz", "Vətənin ilhamı. Ömürdən reportaj", "Ömrün beşinci fəsli. Kamran", "Cabbar qalası" , "Məcnunun özü", "Bağlı qapı açaram", "Bu qala bizim qala", "Qarabağın qələmi - Aqil Abbas", "Sözün canı - Adil Cəmil", "İri planda: Qulu Məhərrəmli" ... kimi irihəcmli nəsr əsərləri - sənədli povest və romanları demək olar ki, iki daşın arasında (bir yandan şeir, o biri yandan dövlət qulluğu - məmurluq) qələmə ala bildim. Düzünü deyim, əvvəl də söyləmişdim, əgər yazı dəyərli idrakdan gəlirsə, qələm peşəkar əldədirsə, hər hansı bir janrın, formanın o yazının keyfiyyətini öncədən müəyyənləşdirdiyi fikri yanlışdır. Yəni yalnız janra görə hələ yazılmayan, yaxud hələ oxunmayan yazının əhəmiyyət dərəcəsi bilinməz. Məncə, əsas yazmaqdır, inanaraq yazmaq, düşünərək yazmaq. Bir az qaba səsləndi bəlkə, nə fərqi övlad qızdır, yoxsa, oğlan; əsas odur ki, onlar sevgidən doğulublar, sağlam doğulublar və topluma gərəkli olacaqlar...

 

- Zəngin kitabxanaya sahibsiniz, bunu gözlərimlə gördüm. Çox oxuyan, araşdıran, incələyən olduğunuzu da bilirəm. Rəflərinizdə Türk dünyasından bir çox ədəbi əsər gördüm. Bunların arasında əski Türk dünyası ədəbiyyatından Mehmet Akif Ersoy, Tofiq Fikrət, Cengiz Dağcı, Çingiz Aytmatov, Reşat Nuri, Nazim Hikmət, Əziz Nesin, Nəcib Fazil Qısakürək, Səbahaddin Ali, Yavuz Bülənd Bakilər, Haldun Taner, Orhan Veliden tutmuş, günümüzün yazarlarından Orhan Pamuka qədər və daha balkanlardan Doğu Türküstana qədər bir çox şair və yazar vardı. Təbii ki, bu çox gözəl və önəmli bir haldır. Kökləri, ataları, dili bir olan türk millətinin bir-birini bilməsi, bir-birinə yaxın olması şərtdir. Bəs sizin bütün türk dünyasında təsirləndiyiniz yazar və şairlər kimlərdir? 

 

- Seyr etmək, yəni görmək, daim oxuyub zənginləşmək hər bir insanın ən dəyərli keyfiyyətlərindəndi. Bizim ünlü bir yazarımız var - Yusif Səmədoğlu. Səməd Vurğunun övladıdır. Rəhmətə gedib. Onun çox maraqlı hekayələri, romanları ("Qətl günü", "Deyilənlər gəldi başa") məşhurdur. Hekayələrdən biri "Bayatı-Şiraz" adlanır. Orada bir ortabab musiqiçi obrazı yaradılıb. Bu adamın dünyada tək bir istəyi var: hansı yolla olur-olsun, 50 manat pul əldə etmək, onun da üstünü düzəldib tənha yaşadığı mənzilə televizor almaq... Allah bu 50 manatı qismət eləyir. O, restoranda sərxoş, amma pullu müştərilər üçün kontrabasda musiqinin qol-qanadını qıra-qıra "Bayatı-Şiraz" çalır. Dəhşətli şəkildə pis ifa edir. Amma müştərilər sərxoş olduqları üçün çıxarıb buna 50 manatı verirlər. O, tələm-tələsik işini tamamlayıb böyük sevinc içində küçəyə qaçır. Verilən pulu bərk-bərk ovcunda sıxıb. Hava qaralıb. Birdən bunun ayağı büdrəyir, yıxılır. Yerdən çevrikib qalxmaq istəyəndə gözləri göy üzünə sataşır. Göy üzü ulduzlarla dolu idi, Ay dörd tərəfinə süd kimi bəyaz nur çiləyirdi. Bax, elə o an bu bədbəxt insanın yadına düşdü ki, o, bir qədər vəsait əldə etmək eşqilə alışıb-yandığı uzun illər ərzində bir dəfə də olsun başını qaldırıb göy üzünə baxmayıb. Səhərdən-axşamacan pul-para dalınca qaçan, illərlə başını yerdən qaldırıb göy üzünə baxmayan, kitab arası açmayan adamlar, nə yazıq ki, var və onlar zamanca artıb-çoxalırlar. 

Sokratdan sərt tələblə soruşdular ki, sən nə üçün fəlsəfə ilə məşğul olursan, axı bu yasaqdır, bizim həyatımıza ziddir? Müdrik cavab verdi ki, dərk etmədən, anlamadan yaşanan həyatın heç bir mənası yoxdur.

Bəşəriyyət bütün tarixi boyu dönə-dönə təsdiqləyib ki, bilik dünyanı dərk etməyin yeganə vasitəsidir. Görüb oxumaq, oxuyub görmək... Sənətkar hansısa bir forma alanacan, yəni özünün yazar obrazını yaradıncaya qədər illər boyu kürədə qızdırılmış dəmir kimi döyülür. Bu şəkillənmənin əsl adı mütaliədir. Məhz savad, bilik sayəsində bilirsən ki, nələr yazılıb, nələr yox, nəyi yazmaq olar, nəyi yox! Siz türk ədəbiyyatından nə dərəcədə təsirləndiyimi soruşursunuz. Bilirsiniz, beş il həm də universitetdə dərs demişəm, hər zaman tələbələrimə söyləyirdim ki, dünya ədəbiyyatı tam bir bütövdür. Milli ədəbiyyatlar onun parçalarıdır. Məncə, yazarın mütaliə seçimi elə nizamlanmalıdır ki, ədib özünü uluslararası ədəbi prosesin içində hiss etsin. Filosoflardan biri deyir ki, insan idrakının imkanlarını şişirtmək lazım deyil, yəni insanın dünyanı dərk etməsinin hüdudları var və o, məhduddur. Burada əsas olan odur ki, insan davamlı olaraq dünyanı dərk etməyə can atır. Bəli, əsas canatmadır. Ən azı təməl kitabların seçimi yolu ilə yazarın kafasında dünya ədəbiyyatının bir xəritəsi cızılmalıdır. Bununla belə, əlbəttə, bizim üçün türkdilli ədəbiyyat xüsusi çəkiyə malikdir. Bu, tarixən belə olmuş, həmişə də belə olacaq.

Sizə də bəllidir ki, İslam Şərqində digər ictimai şüur formaları kimi, ədəbiyyat da üç mərhələ, üç tarixi mühit üzrə mövcud olmuşdur: a) islamaqədərki ədəbi mətnlər, b) islam düşüncəsinin təsiri altında XIX yüzilliyə qədər yaranan ədəbiyyat, d) yeni dövrün ədəbiyyatı. Son mərhələ 19-cu yüzildən ta bizim günlərə qədər gəlir. İlk iki mərhələ bəlli coğrafiyada yaşayan xalqların, o sıradan türk xalqlarının müştərək (ortaq) ədəbiyyatıdır, bir çox şərikli dəyərlər var və onlar açıq-aşkar göz önündədir. Əlbəttə, ədəbiyyatşünaslar dövriləşmə ilə əlaqədar daha çoxşaxəli incələmələr apara bilərlər və aparırlar da. Mən məsələyə ən ümumi şəkildə toxunandan sonra dərhal sorğunuzun cavabına bir qədər də yaxınlaşıb demək istəyirəm ki, Türkiyədəki Tənzimat tarixi dönəmi Azərbaycandakı (eyni zamanda Rus imperiyasının işğalı altında olan digər türk xalqlarındakı) Avropaya canatma, maarifçilik hərəkatına uyğun gəlir. Əslində həm Türkiyədə, həm Azərbaycanda baş verdikləri zamanın özündə də bu mədəniyyətlər bir-birindən qidalanmış, bir-birinə təkan vermişdir. Şəxsən mənim Türkiyə ədəbiyyatı ilə, ümumiyyətlə bədii ədəbiyyatla tanışlığım, kitablara sonsuz marağım, onlara möhkəm tellərlə ömürlük bağlanmağım orta məktəb illəri ilə bağlıdır, bunu dedim. Həmin vaxtlar (20-ci əsrin 60-70-ci illəri) dünya ədəbiyyatından dəbdə olan əsərlər vardı: M. Servantes - "Don Kixot", C. Svift - "Qulliverin səyahəti", D.Defo - "Robinzon Kruzo", C.Kuper - "Sonuncu magikon", "Ləpirçi", A.K. Doyl - "Baskervillərin iti", M. Tven - "Tom Soyerin Macəraları", İ.Gete -"Gənc Verterin iztirabları", T. Drayzer - "Amerika faciəsi", "Dahi", "Kerri bacı", V.Hüqo - "Səfillər", A. Düma - "Üç muşketyor", O.Balzak - "Qorio ata", E.Voyniç - "Ovod", M.Rid - "Başsız atlı", C.Bokaçço - "Dekameron", C.London - "Dəmir daban", Ç. Dikkens - "Oliver Tvistin macəraları", L. Tolstoy - "Anna Karenina", F. Dostoyevski - " Cinayət və cəza", E.Heminquey - "Əlvida, silah", A.Ekzüperi - "Balaca şahzadə" və s. Xatırlayıram, Azərbaycan yazıçılarından M. Ordubadinin "Qılınc və qələm", İ.Şixlının "Dəli Kür", İ. Əfəndiyevin"Söyüdlü arx", İ.Hüseynovun "Yanar ürək", S. Qədirzadənin "Qış gecəsi", Ə.Qasımovun "Adilənin taleyi" kimi romanlarını da əldən yerə qoymurduq. Açığı, o zamanlar U. Folkner, J.P.Sartr, C.Coys, F. Nitsşe, Kafka, Q.Markes, A.Kamyu... və başqa nəhənglərdən xəbərsiz idik. Bu yazarlardan bir çoxunun yayımına sovet hakimiyyəti icazə vermirdi. Gərək xarici roman rus dilinə çevrilib Moskvada cap olunaydı, o romanın digər xalqların dilinə çevrilməsi Moskva tərəfindən tövsiyə ediləydi, ondan sonra... Əslində biz bunlara elə də çox əhəmiyyət verməzdik, sadəcə, əlimizə nə keçirdi gözümüzə təpirdik, doymadan oxuyurduq. Həmin vaxtlar Türkiyə ədəbiyyatı da bizə çətinliklə olsa da yetişirdi, var idi. Məsələn, Tofiq Fikrətin:

 

Çiğnədi, yetər, varlığımız cehl ile kahre;

Doğrandı mübarek Vatanın bağrı sebebsiz! 

Birlikde bu gün bulmalıyız derdine çare.

Can kardeşi, kan kardeşi, şan kardeşiyiz biz, 

Millet yolu, hak yoludur tutduğumuz yol, 

Ey hak, yaşa, ey sevgili millet, yaşa... var ol! 

 

- misraları mənə və dostlarıma ilk gənclik illərindən tanış idi. T. Fikrətin Azərbaycan ədiblərindən - Məhəmməd Hadiyə, Abbas Səhhətə, Mirzə Ələkbər Sabirə, Cəfər Cabbarlıya, Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Rəsul Rzaya... təsirsiz ötüşmədiyini davamlı mütaliələr zamanı müşahidə etdim. Sonra, M.E.Yurdakulun bu sətirləri yadıma düşür:

 

Ben bir türküm, dinim, cismim uludur, 

Sinəm, özüm atəş ilə doludur,

İnsan olan vətəninin kuludur 

Türk övladı evdə durmaz, gedirəm!

 

Mehmet Akif Ersoyun "İstiqlal marşı"nı dərnəklərdə əzbərdən söyləyirdik:

 

Basdığın yerləri "toprak" deyərək keçmə, tanı!

Düşün altındakı binlerce kefensiz yatanı.

Sen şehit oğlusun, incitme, yazıkdır atanı,

Verme dünyaları alsan da bu cennet vatanı!

 

Söhbətləşdi: 

Ülkü Taşlıova

 

(Davamı olacaq)

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!