Avrasiya Yazarlar Birliyinin "Kardeş kalemler" dərgisinin 2025-ci il aprel sayında Azərbaycan şairi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə geniş müsahibə dərc edilmişdir. Maraqlı söhbətin azərbaycancaya uyğunlaşdırılmış variantı oxucularımıza təqdim olunur.
- Vaqif bəy, sizin yüzlərlə şeirinizi oxudum, hər biri bir dünya kimi. Çox etkiləndiyim, hüznləndiyim şeirlərinizin yanında çox düşündürən əsərlərinizi də gördüm. O duyğulara, fikirlərə, həyata və insana tamaşa etmək məharətinizə heyran qaldım. Bunları düşünərkən, "Vaqif bəy bu duyğuları şeirlərlə yazmasaydı, nəylə anladardı?" - deyə, özüm-özümə sual etdim. Bu sualı indi bu şəkildə sizdən soruşmaq istəyirəm; Vaqif Bəhmənli bu şeirləri yazmasaydı, nə yazardı? Və ya şeir yazmasaydınız, yazı həyatınız bugünkü kimi olardımı?
- Əzizim Ülkü xanım, mənimlə ilgili söylədiyiniz dəyərli sözlərə görə dərin təşəkkürümü bildirirəm. "Hüznlü misralar" adlı Türkiyədə işıq üzü görən ilk kitabımı (Ankara, "Bengü") Anadolu türkcəsinə çevirdiyiniz üçün sizə və bu işdə müstəsna xidməti olan, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub bəy Öməroğluna (Ruhu şad olsun!), ümumiyyətlə, o kitabın ilk təşəbbüskarı AYB katibi, şair-publisist Rəşad Məcidə minnətdaram. Zəhmətinizi halal edin. Siz şeirləri elə məharətlə çevirmisiz ki, indi mən deyə bilərəm, "Hüznlü misralar" ikimizin kitabımızdır. Bir daha sağ olun!
O ki qaldı birinci sualınıza, düşündürücü bir məqama toxunmusunuz. Bu sualın ən uyğun cavabı, bəlkə də susmaq olardı. Çünki mən ədəbiyyatla, söz sənəti ilə bağlı olmayan, onun dışındakı Vaqif Bəhmənlini göz önünə gətirə bilmirəm. Həyat anlayışıma görə bu dünyada ədəbiyyatdan başqa hər nə varsa, gəldi-gedərdi. Bu, yalnız öz yazı-pozularımla deyil, dünyanın böyük ədəbiyyatına, ümumiyyətlə ulu söz sənətinə bağlı bir düşüncədir. Ədəbiyyat - mənə görə hava, su, gün işığı, tarix, fəlsəfə,Vətən, türklük kimidir.
Ülkü xanım, biz kökü və tarixi eyni olan möhtəşəm, imperator duruşlu, şahanə bir ədəbiyyatın övladlarıyıq. Bunu sizə qədim və çağdaş dünya ədəbiyyatını türk və rus dillərinin, eləcə də fərdi həvəsin verdiyi imkan daxilində nəzərdən keçirən həssas oxucu kimi deyirəm. Müqayisə edirəm və hər dəfə qürur hissi duyuram ki, biz itib-batması heç mümkün olmayan belə bir varidata sahibik. Bəli, bu xəzinənin adı Türk xalqlarının ədəbiyyatıdır! Bu sərvət, ilk növbədə, ədəbiyyatı yaradan qüdrətli qələm ustadlarımıza məxsus olmaqla bərabər, heç şübhəsiz (və daha artıq), ədəbiyyat yaratmaqla məşğul olmayan insanlarımız, yəni xalqlarımız, millətimiz də bu hüdudsuz sərvətin sahibləridir! Nədir bu xəzinə? Bu, hər şeydən öncə bütünlüklə bizim folklor-el ədəbiyyatıdır, "Bilqamıs", "Avesta", "Orhon-Yenisey" yazıları, Yaranış və digər mövzularda Türk eposları(dastanlar), "Kitabi-Dədə Qorqud", "Qutadqu bilik" (Yusif Xas Nacib - Balasuqunlu), "Divani lüğət-it türk" (Kaşğari Mahmud)... kimi abidələr, eyni zamanda dövrün tələbləri ilə əlaqədar olaraq ərəb, fars və təqribən, XII-XIII yüzilliklərdən başlayaraq türk dillərində yaradılan yazılı tarixi-klassik bədii əsərlərdir (Hələ diqqət edin, ən yaxın tarixdə Sovet məkanındakı Türk Cümhuriyyətlərinə aid bir çox türk yazarlar rus dilində də qiymətli əsərlər yaratmışlar; məsələn, Çingiz Aytmatov, Oljas Süleymenov, Çingiz Hüseynov, Rüstəm və Maqsud İbrahimbəyov qardaşları və s.). Hətta mən bu sərvətlər siyahısının ən şərəfli yerində "Qurani Kərim"in - müqəddəs kitabımızın da adını yazardım.
Bəli, möhtəşəm dünya ədəbiyyatı bir oxucu olaraq mənim, az qala, dünyanın özü boyda dünyamdır. Bu səbəbə görə bədii sözdən, ədəbiyyatdan fərqli hər hansı bir estetik özünüifadə sahəsində ruhumu burada olduğu qədər arxalı, rahat hiss edə bilməzdim. Avazla şərqi söyləməkdən, yəni muğam, musiqi oxumaqdan başqa (çünki bunun üçün gərək Allah-təala insana məlahətli səs, musiqini qavrama qabiliyyəti verə, məncə, musiqi söz sənətindən qat-qat elitardır və bəli, bu, Allah vergisidir) hər hansı bir yaradıcılıq sahəsi mənə görə qətiyyən əlçatmaz görünmür.
Uşaq vaxtı rəsmlər çəkirdim, qəribədir, əsasən yazıçıların (məsələn, Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, hətta Leninin...) portretlərini cızırdım. Daşa, taxtaya, bostan bitkilərinə (qarpız, yemiş, balqabaq...) göz, burun, qulaq qoyurdum. Sonra söz irəli çıxdı.
Az öncə dediyim kimi, incəsənətin bir çox növləri elitar xarakterə malikdir; məsələn, piano, violen, tar, kamanşada ifa etmək, rəsm çəkmək üçün gərək hansısa professional mühitdə yetişəsən. Biz kənd uşaqları idik. Orada musiqi alətləri tədris olunmurdu. Yəni bunların məktəbi yox idi. 18 yaşa çatıb Bakıya gələndən sonra isə gözəl sənətlər peşələrinə yiyələnmək çox gec olurdu, baxırdıq ki, qatar artıq ötüb keçib... Əksinə, ədəbiyyat isə varlı-kasıblığından asılı olmayaraq hər bir evin öz içindəydi. Mənim anam, elə başqa analar da yüzlərcə nağıl, bayatı, şeir parçaları bilirdilər. Demək olar, hər gün, hər axşam onları söyləyirdilər. Çox zaman analarımıza, dədələrimizə yalvarıb-yaxarırdıq ki, bizə filan nağılı söyləsinlər. Anam doqquz cocuğunu, yəni məni və digər bacı-qardaşlarımı atasız böyüdüb. Bu, çoxdan olub. Bax, o zamanlar anam mənim də şagirdi olduğum orta məktəbin kitabxanasının təmizlik işlərinə baxırdı. Bu o demək idi ki, orta məktəbin ibtidai siniflərindən yüzlərlə kitabla təmas imkanım vardı. Əgər ürəkdə söz eşqi yuva qurubsa, istisnasız olaraq hər bir ədibin ən güvənli müəllimi, ən doğru ustadı kitab və mütaliədir. Universitetlər yazıçıya fövqəladə bir şey öyrətmir. Çünki onlar irəlicədən təsdiq olunmuş proqram əsasında çalışırlar və məqsədləri heç də yazar yetişdirmək deyil. Yalnız kitablar və bir də dərin, düşünər həyat müşahidələri və bir də bir-birinə qovuşaraq, hər dəfə yeni bir məna ifadə edən söz düzümündən şəxsən zövq almaq və başqalarına da zövq vermək, yəni insanlara təsir göstərə bilmək məharəti və şansı... sənətkar varlığını formalaşdıra bilər.
Nəhayət, sualınızın cavabını yekunlaşdırıb deməliyəm ki, yaradıcılıq prosesində janrlar, formalar şərtidir, onlar ədəbiyyatın tarixi-ənənəvi inkişafı ilə əlaqədar meydana çıxan şəkillərdir. Həqiqi yazarlar şeirdən tutmuş romana, publisistikadan tutmuş dram əsərlərinə qədər, hər istiqamətdə qələmlərini sınamış və uğur əldə etmişlər. Mən özümü onlarla müqayisə etmirəm; poetik əsərlər həcmində, bəlkə ondan da çox nəsr əsərləri - sənədli roman və povestlər yazmışam, ruscadan tərcümələr etmişəm. Onların hər biri mənə görə şeirlərim qədər əhəmiyyətlidir. Daha doğrusu, əhəmiyyətli olmuşdur. Çünki istər şeir olsun, istərsə də nəsr, yazıb bitirdiklərim, oxucuların ixtiyarına verilən əsərlər yurddan qanadlanıb tamam başqa bir məkanda yuva qurmuş övladlarım kimidir, onlar öz həyatını yaşayır, məni yaşadan isə düşüncəmdə olan, amma hələ yazmadıqlarımdı.
- İzninizlə, qısa bir soruyla davam etmək istəyirəm söhbətimizə. Sizcə, həyatda gördüyümüz, hiss etdiyimiz, yaşadığımız, düşündüyümüz hər şey misralara çevrilə bilirmi?
- Məncə, ədəbi yaradıcılıq düşünüldüyü qədər sadə məsələ deyil. Predmetləri, doğal varlıqları, zaman və hadisələrin axarını bir kənara qoyaq, hətta yazıçının, sənətkarın içində olduğu həyat deyilən külli-aləmin özü yazar üçün vasitələrdən biridir. Əlbəttə, həyat anlayışı sonsuzluq qədər geniş məna daşıyır, o, canlıdır, təkrarsızdır. Əslində həyat varolmanın fəlsəfi ifadəsi, bizim əlimiz çatan və çatmayan aləmin ümumi adıdır. Həyat əsasdır, ancaq o, ədəbiyyat deyil. Ədəbiyyat da həyat deyil. Əgər gerçək həyat varsa və heç kim, heç bir vəchlə onun yenisini, yaxud əkiz tayını yarada bilmirsə, hansısa nəticədən söhbət gedə bilərmi? Ədəbiyyat şüur forması, insanın özünü ifadə yollarından biridir. Bütün elmlərin ayrı-ayrılıqda, özünə aid predmetləri var, ədəbi yaradıcılığın, onunla bağlı olan ədəbiyyatşünaslığın da predmeti var. Digər bütün elmlər, müəyyən mənada, həm də ədəbiyyatın predmetləridir. Təbii ki, ən başlıcası, həyatın özü ədəbiyyatın predmetidir.
Ədəbiyyat yalnız maddi olanlardan deyil, həm də mənəvi olanlardan, başqa sözlə, idrakdan da istifadə edir. İdrak yalnız insanlara məxsusdur və o, fərdidir, ümumi anlayışlar hamıya aid edilsə də, fərdi baxışlar heç zaman təkrarlanmır. Bədii yaradıcılığın ürəklə heç bir əlaqəsi yoxdur. Ürək əzələdir, o, sadəcə bədənə qan dağıdıb onu işlədir. Yaradıcı şüurun bəhrəsi olan intellektual-bədii məhsul əslində bütün hissiyyat üzvlərinin, dad, qoxu, görmə toxunuş, bilik... bizim bildiyimiz və bilmədiyimiz bir çox amillərin iştirakı ilə meydana çıxır. Belə olduğu halda hiss edilən, yaşanan və düşünülənlərin hamısının misralara tökülə bilmə şansı yoxdur. Şair həyatın, hiss etdiklərinin heç mində birini yazmaq qüdrətində deyil. Bu heç şairin borcu da deyil. Bəs nədir şairi söz Leylası ardınca Məcnun eləyib səhralara salan? Əlbəttə, bədii sözün əfsunu! Şair dünyadakı eşqdən fərqli bir eşq yaşamaq istəyir. Elə bir eşq ki, hamı orada ümumiləşir, birləşir və elə o birləşdiyi andaca hamı bir-birindən fərqli şəkildə ayrılır!
Ədəbiyyat, ədəbi yaradıcılıq ART-sənətdir, yəni estetikadır. Ədəbiyyatın elə epizodları var ki, onun qarşısında həyat da mat qalır. Bu mənada mən də istisna deyiləm. Əgər həyatımdan keçən hər bir anı ədəbiyyat baxımından dəyərləndirsəydim belə, yenə də bütün görüb-düşündüklərimi bədii sözə çevirə bilməzdim, sadəcə, əgər belə demək caizsə, kəşf və ixtiraların kəmiyyəti və keyfiyyəti indikindən hansı dərəcədəsə zəngin ola bilərdi bəlkə də...
- 2019-cu ilin iyul ayında qıymətli eşim Prof. Dr. İshak Özkan bəy əfəndiylə bərabər dünyanın ən gözəl, ən zərif, ən romantik, ən hüznlü, ən görgülü, ən kültürlü şəhəri olan, bizim də heyran olduğumuz və çox sevdiyimiz Bakiya gəldik. Sizin könlünüz kimi bərəkətli və hüzurlu xanənizdə, halal süfrənizdə misafir olduq. Bizə yaşatdığınız o gözəl günlər üçün həyat yoldaşınız Rəhilə xanıma və sizə təkrar təşəkkür edərək söhbətimizə davam etmək istəyirəm. Bakıda sizi izlərkən, dərin mənalı şeir kimi bir insan olduğunuz qənaətinə gəldim. Maraqlıdır, bu qədər gözəl bir insanın şeir yazarkən halı necə olur? Düşüncələri Qarabağ kimi yaralı, ruhu Xəzər kimi sirli, Bakı kimi sehrlidirmi?
- Şairlər iki şeyi çox sevərlər; sözün və sevdikləri insanların qulluğunda durmağı. Fəqət candan gələn bu iki istəyə heç vaxt tam qovuşa bilməzlər. Siz və İshaq bəy daha böyük sevgilərə layiqsiniz. Zatən, siz Azərbaycanı yaxşı tanıyırsınız. Amma o, sizin bildiyinizdən də cazibədar bir ölkədir. Zamanınız yetmədi. Sizi doyunca gəzdirib dolaşdıra bilmədik. Amma nagüman deyiləm, zamanın özünün də zamana ehtiyacı var. Sağlıq olsun, vaxt gələr, cəmi-türk dünyasını dolaşmaq fürsəti bularıq.
Azərbaycan dilinin qrammatikasında ismin altı halı var, bunlar əşyanın (varlığın) hal və hərəkət vəziyyətlərini bildirir. Məncə, yaradıcılığın heç bir məqamı bu altı hala sığmır. Yaradıcılıq ismin yeddinci halıdır. Hətta Tanrı tək, vahid olsa belə, onun halları sonsuzdur. Tanrı dünyanı yeddi günə yaradıb. Suyu, havanı, göyü, yeri, floranı, faunanı, insanı... Bunları O, ardıcıllıqla edib. Əvvəl etdiyinin nəticəsi xoşuna gəldiyinə görə sonrakını edib. Mənə elə gəlir ki, yaradıcılıq halı dərdlə yox - sirlə, sehrlə yox - zövqlə bağlıdır. Yaradıcı insan yaratdıqca, yaratdığında məna dərinliyinə, fikir ucalığına vardıqca gördüyü işdən zövq alır. Yəni yaratmaq Tanrıya xas bir cəhətdir.Yaradıcılıq - quşun havada sonsuz bir həvəslə qanad çalıb uçmağına bənzəyir. Adama elə gəlir ki, quş bütün aləmdən (dağ, meşə, su, insan, heyvan, nəbatat) fərqli olaraq uça bildiyinə görə sevinir. Həyat cilalı deyil, o, yonulmamışdır. Təbii ki, fövqəladəliyinə baxmayaraq həyatdan qıraqda heç nə, o cümlədən, ədəbiyyat da ola bilməz. Həyat sözə hopduqca, ona qaynayıb-qovuşduqca ədəbiyyat zənginləşir, cana gəlir. Bu mənada, dərdli Qarabağ, ruhu sirli Xəzər, sehrli Bakı şairi dilləndirən səbəblərdən yalnız üçüdür. Mən onları indi siz dediyinizə görə ayrıca komponentlər halında göz önündə tutmağa cəhd göstərirəm. Zatən, mən onların bir parçasıyam. Onların içində yaşayıram axı. Hansı dərəcədə onlar mənimdirsə, o dərəcədə də mən onlarınam...
- Vaqif bəy, bir çox əsərinizlə tanışam. Bunların içərisində romanlar, məqalələr, dənəmələr, köşə yazıları... var. Bunları sıralayarkən ağlıma belə bir sual gəldi: sizi daha dəqiq ifadə edən şeirdirmi, yoxsa janrından asılı olmayaraq ümumən yazı sənəti?
- Mənim bir bacım oğlu var, Şahin adında, o, İncəsənət Universitetini bitirib. Sonra başqa sahədə çalışdı. Sahin, hələ qəbul imtahanlarına qatılmaq vaxtlarında kənddən Bakıya gəlib bizdə qalır və imtahanlara hazırlaşırdı. Bizim altıncı mərtəbədəki mənzilimizin küçəyə açılan eyvanı vardı. Şahin o eyvana çıxıb məlahətli, həm də uca səslə mahnı söyləyirdi. Mən onun səsini eşidib eyvana çıxır və deyirdim, "nə olub, bacıoğlu, niyə belə ucadan oxuyursan, küçədən insanlar keçir, onlar səsi eşidib bizim eyvana boylanırlar axı?!." Şahin nə desə yaxşıdı, dedi, "dayı, belə oxuyuram ha, bu mənim özümdən asılı deyil, xəbərim olmur ki, nə zaman oxumağa başladım". Bax, o Şahində musiqi necədirsə, məndə də eləcədir; yəni şeir, poetik düşüncə tərzi mənim təbiətimdir, bir növ xasiyyətdir. Bu, körpəlikdən belədir. Kənd yerində, adətən balaca uşaqları da iş-güc ardınca yollayırlar. Xatırlayıram, beş yaşım olar, ya olmaz, valideynlərimin hamısı sağ idi o zamanlar. Babamın adı Qəbil idi, nədənsə Dilbər nənəm ərini adıyla yox, "Dəli" deyə çağırırdı, dəli-zad deyildi haa... Nənəmizə baxıb biz də onu "Dəli" deyə çağırırdıq. Tutalım, babam mənə deyirdi ki, a bala, qaç gör süpürgəmiz harda qalıb, tap gətir. İnanmazsınız, tapşırığın icrası haqqında hesabatı ona şeir formasında çatdırırdım, məsələn, belə:
Boz atımı çapdım, ay Dəli,
Süpürgəni tapdım, ay Dəli...
Günün ən əlamətdar hadisəsinə həsr olunmuş bu sətirləri uca avazla, aramsız, taa boğazım qovuşana qədər təkrarlayırdım. Məktəb üzü görməyən, şeir aləmindən xəbərsiz cocuğun davranışındakı çoxlu belə hallar təsadüf ola bilərmi? Düzdü, mən öz müsahibələrimdə yaradıcı gücün səviyyəsini bilik və zəhmət hesabına qazanılmış mənəvi potensialla, məhz bu əsasda əldə olunmuş nəticə ilə dəyərləndirirəm. Amma hər zaman onu da vurğulayıram ki, yaradıcılığın təməlində mütləq qaydada anadangəlmə istedad dayanmalıdır. Məgər səsi olmayan birisi ürəkləri titrədən şərqi söyləyə bilərmi? Duyumsuz və naşı barmaqlar tarı, sazı dilləndirməyi bacararmı? Deməli, bütün yaradıcılıq nailiyyətləri ilkin başlanğıcdakı yaradıcı nüvədən qaynaqlanır. Düz deyirlər ki, doğulan hər bir körpə yazılmayan bəyaz vərəqdir. İnsanın mənəviyyatının formalaşmasında isə onun mənsub olduğu mühit mühüm rol oynayır. Xoşbəxtlikdən, ya bəlkə bədbəxtlikdən mənim belə bir mühitim oldu: ata ocağımız, kəndim, Qarabağın təbiəti, ikiyə bölünmüş qədim bir yurdun kədəri ilə Araz qırağında doğulan bir körpənin erkən tanışlığı, kəndimizin tən ortasından keçən dəmiryolu, qatarlar ötərkən dəmiryolundan 200 metr aralıda yerləşən evimizin yüngülcə titrəməyi, Quruçay, Palıdlı bağ deyilən ormanlıq, Bozatı yəhərləyib dəyirmançı dədəmə nəsə aparmağım, geri dönərkən yemiş-qarpızla dolu xurcunu atla evimizə gətirməyim, kəndimizin ən dəcəl-xata uşaqları ilə dostluq eləməyim, atamın erkən - 37 yaşda ölməyi, əti-yağı demirəm, hətta bəzən çörəyin olmamağı... Sizcə, bu sadaladığım qaydada ömür yolu keçən birisindən şairdən başqa nə çıxa bilərdi ki?! Bilirsiniz, Azərbaycanda şairlik çox çətin qazanılan bir tituldur. Minlərlə şeir yazanlar olub, indi də var. Klassik poeziya ilə işimiz yox. (Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir...), 20-ci yüzilliyin milli ədəbiyyatından millət uzaqbaşı, üç-dörd nəfər haqqında şair kəlməsini mütləq şəkildə işlədir.
Söhbətləşdi:
Ülkü Taşlıova
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!