Esse
Varlığın kainat biçimi alması - ilahi harmoniyanın ilk aktıdır. Biz insanlar kainatla üz-üzə, onun "təhlükələri" önündə qalmamışıq, əksinə, onun ən optimal məkanının öncinahında ali məqsədlərinə doğru irəliləyirik. İndiyədək gəldiyimiz yolun məntiqindən çıxış etsək, bu bəsirətdən işıqlanarıq ki, kainat - insanı öz inkişafında yarımçıq qoya bilməz. Çünki kainat saysız doğuluşlarının heç birində özünü sıfırdan başlamır. Onun hər doğuluşu - Varlığın irəliyə doğru bir addımı, harmoniyasında cilalanmasının yeni bir fazasıdır. Varlığın balası - kainat, kainatın balası - İnsandır ki, damcı-damcı öz körpə həqiqətləri ilə böyüməkdə, materiyanın bir "elementi", və ya Yerin canlılarından biri yox, kainat quruculuğunun bənnası, daha ali missiyasında memarı olmaq amacında! Kainatın ali məqsədləri - Varlığın daha yüksək və kamil həyat dürlərində və kvint-essensial optumumunda təzahür etmək, bir dövrəsində qazandığı enerjini digərinə ötürmək özəyində konsentrasiya olub. Kainat "dekadansı" - an, "renessansı" - əbədiyyət tək yaşayır. Xaos - Kainatın buğumları, harmoniya - gövdəsidir. Od da küllün bir addımı, kül də Küllün bir addımıdır ki, gül açsın kainat! Kainat həyatının hər anı - onun arxitektonikasını ilahi nizamın daha yüksək səviyyəsinə çatdırır və ona öz quruluşunu təkmilləşdirməyin yeni imkanlarını açır. Yaranışında yalnız fiziki cisim kimi mövcud olan, daha sonra canlı həyatı yetirən - milyardlarla il öncə arxeylərin (təkhüceyrəli orqanizmlər), milyonlarca il öncə dinozavrların yaşadığı Yerlə on minlərcə il öncə zühur edən insanın yaşadığı Yer tamamilə ayrı planetdir: son on min ildə Yer - təbiət yaradıcılığı arenasından insan yaradıcılığı arenasına çevrilib.
Doğuluş. İnsan təkamülünün çox böyük bir hissəsi, yəqin ki, Yer kürəsində baş verəcək. Yer kürəsi kainatın insan doğan bətnidir. İnsan - elə ana bətnindəki körpə kimi - yetişməyincə, kainat onu Dünyaya doğmayacaq. Ola bilsin, insan Yer kürəsi bətnində hələ rüşeym halındadır. Çünki insan ibtidai vəhşiliklərinin bircəsindən belə əl çəkməyib. Əksinə, bütün vəhşiliklərin daha "mükəmməl" texnologiyalarına yiyələnib və onları daha inadla təkmilləşdirməkdə davam edir. Fəqət insanın öz həyatına rasional parametrlərlə tənqidi yanaşması - onun vəhşiyyət xəzindən çıxmasına yol açmalıdır. Yer əxlaqına yiyələnmədən kosmik əxlaqa necə yüksəlmək olar?!
İnsan kainatı. Əgər kainat öz təkamülünün indiyəqədərki ilk meqafazasının başlanğıcında "Böyük partlayış"dan ("Big bang") - "greypfrut" meyvəsi boyda pramateriyadan yaranıbsa, deməli, onun indiki - ikinci meqafazasında Yer planetindən "qreyfrut"-bəşəriyyətin - prainsanın kainat içərisində "Böyük partlayış"ı - bu məkana yayılıb oykumenləşməsi baş verməlidir. Bu ideya "alternativ insan dünyaları" hipotezini istisna edir. Varlıq kainat başlanğıcını, quruluşunu və həyatını da, insan başlanğıcını, quruluşunu və həyatını da onun bir nöqtəsindən - toxumdan alır. Kainatda Yer insanından başqa heç kim yoxdur. Ancaq zaman gələcək ki, O - insan kainatı olacaq!
Tanrının qəlbi. İnsanı kainat içrə müstəsnalaşdıran bütün dini, fəlsəfi təlimlər onu Tanrıya yaxınlaşdırmaq əvəzinə, tamam əks təkanla Tanrıdan uzaqlaşdırır. Bütün tarix - Tanrıdan uzaqlaşdırılıb yadlaşdırılmış, dolayıca Onun ətəyinə yapışdırılmış insanlığın çırpıntıları ilə yaşamaqdadır. Yox. Biz Tanrını o zaman tam dərk edəcəyik ki, müstəsnalığımızdan imtina edəcək, içində həyat qazanıb zərrələndiyimiz bütün dünyanın da özümüz kimi canlı bir varlıq olduğunu doğmaca hiss edəcək, təbiət dilində danışmağı, kosmos zəkasında düşünməyi öyrənəcək, ali insan mahiyyətimizlə təbiətləşəcək-ilahiləşəcək və Tanrının ətəyindən yapışan belibükülü aciz və itaətkar bəndə deyil, həmin canlı aləmlə birgə Tanrının qəlbi olduğumuzu cismimiz və ruhumuzla duyacaq, "Həqq mənəm!" (Nəsimi) kamilliyinə yüksələcəyik!
Transendental dünyadərkinin mühüm məqamı. İntibah dühaları insan yaradıcılığının kosmik miqyasına yer təcrübəsində qazandıqları harmoniya ilə çıxmaq cəsarətinə malikdirlər. Özünü də, digər boyakarları da "incəsənət münasibətlərinə görə Allahın nəvələri" sayan Leonardo da Vinçi bu cəsarətlə barmağını "Kainatın bütün nəsillərinə özünün son nəticələrini çatdırmaq gücündə olan rəssamlığa" tuşlayır. Kainatın obyektiv mənzərəsi təkcə onun fiziki harmoniyası deyil, eyni zamanda metaforik harmoniyası dərk olunduqda tamamlanır.
Özümüzə endikdən sonra. İntibah epoxasını antroposentrizmdə qınayırlar. Ancaq intibahçılar insanı diqqət mərkəzinə çəkməsəydilər, teosentrik düşüncənin homosentrik düşüncəyə transformasiyası və bu özül üzərində humanistik və onun da nəticəsi olaraq demokratik dünyagörüşü modeli və fəaliyyət tipi formalaşa biləcəkdimi?! Şərqdə isə Avropadan da xeyli əvvəl başlayan insantəməlli fəlsəfə insanın sosial statusundan daha çox ruhi-mənəvi təşəkkülünə diqqət yönəltdiyindən və homosentrik düşüncənin teosentrik düşüncədən heç zaman ayrılmadığından, burada humanizm insanın içərisinə qapadılmış, əxlaq maksimumunda dərinləşmiş və zahirə vulkan gücü ilə lavalanıb ictimai keyfiyyət qazanaraq demokratik mərhələsinə keçə bilməmişdir. Buna görə də "Allaha yüksəlmək istəyirsənsə, Özünə en!" təsəvvürlü monoteosentrik Şərqdən irəli sıçrayan demossentrik Qərbin tarixi inkişafında həm də yetərincə Şərq və antiklik ənənələrinə söykənən, ancaq bütün mahiyyəti ilə xristianlıq yox, məhz Avropa hadisəsi olan İntibah müstəsna əhəmiyyət daşıyır.
İdrakın Kant orbiti. Dünyanın ideya tarixinə İmmanuil Kant fəlsəfəsinin inteqral nöqtəsindən baxdıqda aydın şəkildə görürsən ki, bu tarixi təkamülün məhz insan idrakının qüdrəti ilə Kainatın ali məqsədlərinə doğru hərəkət edən sapmaz məntiqi, ardıcıllığı, bütövləşmə qanunauyğunluğu var. Kant Kainatın yaranması prosesinin içində idrakın yaranması prosesinə ona görə diqqət kəsilmişdi ki, fəlsəfə onların vəhdətindən dayaqlanaraq idrakın yaradıcı kosmoqoniyasına çıxsın: yəni yaranıbsan ki, yaradasan! Bu qüdrətin qarşısında hətta ən güclü Şopenhauer skepsisi belə sönükdür. Kant aqnostisizmin obyektiv səbəblərini açmaqla yanaşı, insanı özünə inandıran fəlsəfənin sarsılmaz sütunlarını yaratmışdır. Bu təməl imkan verir ki, indi olduqca çaşqın görünən, fəlsəfi metodologiyalardan yayınmış, ancaq elmin empirik qatında, praqmatik tunelində irəliləyən bəşəriyyət hətta siyasətdən incəsənətədək varan irrasionalizmin dibinə endiyini və bu yolun tükənişə dirənəcəyini fəhm etsin. Fəqət postmodern epoxa öz yayğınlığı, onurğasız estetikası ilə açıq şəkildə Kant ideallarına meydan oxuyur. Kantın yaradıcı potensialına güvəndiyi idrakın qəhrəmanlığı isə bundadır ki, endiyi ən aşağı pillədə belə öz üfüqlərini görə və dərk edə bilir. Ortaçağlarda bundan da betər bataqlıqlar olmuşdu. İndi qapandığı dar fırlanış trayektoriyasından da öz taleyinin kainat quruculuğu orbitinə çıxmağa idrakın gücü çatar!
Kainat məbədinin şamları. Pyer Teyyar de Şarden alim və ilahiyyatçı kimi elm və dini məhz fəlsəfə nüvəsində vəhdətə gətirərək, yer təkamülünün indiki fazasında sivilizasiyanın özünüdərketməsi yollarından birini açır: kosmosfer, geosfer, biosfer, noosfer harmoniyasında antropoloji sistem özünün daha optimal funksionallığını üzə çıxarmaq imkanları əldə edir. Kosmos və insan, Yer və insan, Tanrı və insan ümumcazibə qüvvəsində birləşir və birlikdə - əl-ələ tutaraq müdhiş bir sonsuzluğa deyil, aydın məqsədə doğru hərəkət edirlər. Bu məqsəd - kainat həyatında doğulmaq və yaşamaq, kainat məbədinin şamlarını sönməyə qoymamaq, daim yanar saxlamaqdır!
Kosmoloji Eranın astanasında. İnsan özünün və yer planetinin bir-biri ilə qırılmaz şəkildə bağlı olan fiziki, geoloji və antropoloji tarixinin təkamül məntiqi ilə artıq sivilizasiya həyatının kosmoloji erasına daxil olmaqdadır. Planetar tale kosmik taleyə açılır: insan potensialının özünü maksimal həddə çatdırması və doğrultmasının sonsuz meydanı. Məhz bu inqilabi addımın atıldığı nöqtədə insan tarixinin ən böyük ziddiyyəti daha aydın görünür: zəka və infantilliyin bütün səviyyələrdə toqquşması. Böyük siyasətdə isə bu toqquşmanın qığılcımları sivilizasiyanın özünü yandıracaq həddə təhlükəli. Bu problemin anatomiyasına varılmalıdır ki, necə olur: bir-birini rədd edən zəka və infantilliyin çulğaşımı sanki sivilizasiyanın genezisində uyuyan və onun bütün tarixini müşayiət edən hadisə kimi tərəqqinin toxumalarına nüfuz edə bilir?! Tərəqqi metafizikasının skepsis və ironiya hədəfinə gəlməsi də yəqin bu səbəbdəndir. Tarix - özünü aydınlaşdırmaq və kosmoloji eraya cəsarətlə adlamaq üçün əmziyini atmalıdır.
Kainata NASA yolu. Bəşəriyyətin yanılmalar sürəcində indiyədək hədər yerə sovurduğu enerjisi mənəviyyata həm də elə bir yoxsulluq həddi gətirib ki, nəinki Yerlə Kainatın, hətta kasıbla varlının doğma olmasına inanış belə gerçək təməllərini yarada bilməyib. İnsan kosmosu çox zaman boşluqla doldurulduğundandır ki, fiziki kosmosda da onun qəlbinin səsindən daha bərk iddialarının əks-sədası, "Ulduz müharibələri"nin küyü eşidilir. Ona görə də ən çox qara dəliklərin qaynaşdığı bu kosmosa bir ideya-ulduz daxil olan kimi onun təlatümləri, inkarçı çalxantıları başlayır, ideya-ulduzun udulmasına can atılır. Fikir verin, bütün qapalı və ya yelçəkər sivilizasiyalar hər hansı mütərəqqi ideyanı yaxına buraxmır və onu lənətləyirlər. Çünki şüurunu dəyişdirə, yeniləşdirə biləcək hər hansı bir cəhddə özlərinin yıxılmasını görürlər. Onların öz aralarında hördüyü divarlar isə heç qoyarmı ki, kainat görünsün?! Kainat miqyasında düşünən zəkalar Bruno qəhrəmanlığı ilə məhz bu divarlara qarşı vuruşmuşlar. Onların tarix boyu güclənən ittifaqı olmasaydı, hələ də insan quyuya düşən əksinə baxıb qımışmaqdan əl çəkməyəcək, Kainata NASA yolu açılmayacaqdı!..
Beşik sivilizasiyasından sıçrayışlarımız. Bəşəriyyət tarixində elmin inkişafının ən yüksək idealı kosmosun fəthi olub. Ancaq bu fəth onun gerçəkləşməsinə ideya özülü yaratmış köklü sivilizasiya məkanlarında, məsələn, Yunanıstan, İran, İtaliya, Hindistan, Çin, Ərəbistanda deyil, müasir dünyanın iki aparıcı dövlətində - Sovet İttifaqı və Amerika Birləşmiş Ştatlarında başlayıb. Deməli, sivilizasiya heç zaman lokal ərazilərdə ilişib qalmır, öz dəyər və potensialını yeni, hətta "gözlənilməz" ərazilərə daşıyır, yığdığı toxumları yeni, daha münbit torpaqlarda əkir. Müasir elmin planetar miqyası genişləndikcə, onun kosmosferaya adlayışı da bu qanunauyğunluq əsasında baş verəcək: bizim beşik sivilizasiyamız Kainatın dərinliklərinə doğru yürüşünü yığdığı toxumları yeni planet-torpaqlarda əkə-əkə davam etdirəcəkdir.
Ustad dərsi. Kainatın təkamülü şüur həyatını ərsəyə gətirmək üçün seçdiyi bu optimal məkanda - Yerin yalnız 200 milyon ildə bircə dəfə dövr edə bildiyi Süd yolu qalaktikasında Günəş sistemi konfiqurasiyasını yaradıb. Deməli, bəşəriyyət yaranışından bəri indiyədək heç zaman getmədiyi, onun beşiyi 4,54 milyard yaşlı Yerin isə yaranışından bəri cəmi 22 dəfə fırlandığı bir "kosmik cığırla" hərəkət etməkdədir. İndi şüur məhz həmin hərəkət nöqtəsindən Kainatı müşahidə edir. Yanıla da bilir, ancaq azmır! Kainatın-insan-gözü onun ali məqsədlərini aydın şəkildə görür! Əlbəttə, insan idrakı yalnız Kainat arxitektonikasının rasional loqosu ilə vəhdətdə Yer planetində yaratdığı sivilizasiyanın dayaqlarını möhkəmləndirə və inkişafının yeni pillələrində transkosmik həyat arenasına çıxa bilər. Fəqət bu məkanda insan tək və müstəsna deyil: budaq üzərində yavaşca hərəkət edən qırxayaq da, döşəmə üzərində iməkləyən körpə də, Böyük Hadron Kollayderində şığıyan "Big bang" yaddaşlı protonlar da kainatın ali məqsədlərincə irəliləyir. Hətta məzar da öz doğma planeti ilə birgə fəzada süzür! Bu kainatda varlıq yaratmayan yoxluq mövcud deyil. İnsanın metafizik nihilizm və ya ekzistensial faciəvilik içrə çapalayıb-qıvrılmaları da - məsələn, Şopenhauer, Xəyyam, Paskal, Kyerkeqor, Hadi, Kamyu qatında - kainatın ali məqsədlərindən yayınmalar yox, o məqsədlər üzrə böyük kosmo-antropos hərəkatının təbii sancıları, iztirablarıdır. Bu məqsədlərə tuşlanmasaydı, Hüseyn Cavid yazardımı - "Dinlə həp kainatı!" Ona görə yaradıcı insan bütün əlamətləri ilə kainata oxşayır. Kainat da onu öz ruhunca bəsləyir. Kainatdan "Ustad dərsi" alın, sənətkarlar!
Kainatın fəlsəfəsi və poeziyası. Kainatın böyüklüyü və sonsuzluğu üşəndirməsin bizləri. Biz Kainatın o varlığıyıq ki, özü bütövlüyündə bizim zəkamıza sığır. Üzərində zərrə olduğumuz Yer planeti Kainatda nə qədər kiçik bir zərrə olsa da, onun ən böyük cismi belə bizim zəkamızın ölçülərindən kiçikdir. Mahiyyətinə görə, Kainatın ən qüdrətli fenomeni - insan beynidir. Onun gücü ilə Kainat fiziki materiyasından ruhsal qatlarınadək duyula və dərk oluna bilir.
Dünya toxumundan hər bir yaranmış - o dünyanın özünün yaranışı qədər mürəkkəb sistem mükəmməlliyinə malikdir. Sanki Kainat özünü hər bir düründə dönə-dönə, həm də təptəzə görsənişlərlə yaşayır. Varlığın iliklərinə varan fəlsəfə və poeziya belə doğulur. Bu gün çox böyük elmi arsenala yiyələnmiş insan idrakının inkişaf parametrləri imkan verir ki, müasir kosmologiya və kosmonavtika ilə kainatın yeni fəlsəfəsi və poeziyası sanki bir İntibah vəcdi və dərinliyində birgə addımlasın. Bu, insanlığın öz mənəvi-əxlaqi tarazlığını tapması üçün, nəzəriyyə və praktikanın uzlaşması üçün ən həlledici məqamdır.
Bu boyda kainatda darısqallıq çəkmək və bir-birinin yerini dar eləmək - bunu ancaq planeti məhbəsə çevirmiş məxluqat bacarar! Yer üzündə yalnız məhdud dövlət, cəmiyyət və qrup maraqlarına qapanmış mövcud siyasət bəşəriyyəti universallaşmaqdan daha çox fraqmentallaşmağa itələyir. Buna görə də insanları idarə olunmaq üçün daha əlverişli vəziyyətə gətirən texnologiyalar ustası o siyasət əsas doktrinasının dayağı kimi bu gün postmodern düşüncə və ideologiyaları körükləyir və onları hər vasitə ilə mədəniyyətin, ədəbiyyat və incəsənətin bütün dəlmə-deşiklərinə dürtür. Məqsəd - insanın düzgün seçim refleksiyalarını öldürmək, etik davranışlarını sərhədsizləşdirmək, estetik qavrayışlarını keyləşdirmək, hər şeyin yan-yanaşı liberal mövcudluğunun mümkünlüyü şəraitində özlərinin dominantlıq qazanmasına təminat yaratmaq: kütlə həyatın bütün yön və səviyyələrində zir-zibil içərisində eşələnməkdən həzz alır, sən isə özünə altun yonur, zirvələr fəth edirsən! "America First" ("Öncə Amerika"), "Peace through Strength" ("Güc üzərindən sülh") məntiqi ilə meydan sulayan və onunla rəqabətə girən dikbaş siyasətlər planeti dərindən çatladır. İnsanlıq heç qızınmadan yenidən "Soyuq müharibə"yə təhrik edilir. Postmodern epoxanın ruhudur bu. Planetdə temperatur öz təbii iqlimi ilə deyil, ona diktə olunmuş hərarətlə qalxıb enməlidir!
Bəşəriyyətin belə bir fatalist məhkumluğa sığmayan iradəsi isə yaradıcı enerjisinin kükrəyişi ilə özünün həyat məntiqindən dönməzliyini təsdiq etməkdədir. Bəşəriyyətin birgə, həm də çoxspektrli humanitar platformasının konseptuallaşması planetimizin homouniversalist mövqeyini təşəkkül etdirmək qüdrətindədir. Planetimizi "dünya" kimi deyil, "dünyalar" kimi qavrayan və qəbul edən dünyagörüşü dekadans ruhunu yaşadır. Müasir kosmologiya və kosmonavtikanın üfüqlərində, fəzasındakı kosmik cisimlərinin sayı insanların sayından milyard dəfələrlə çox olan kainat məkanının genişliyi qarşısında planetar dığ-dığ, dövlətlərarası, cəmiyyətlərarası çəkişmələr nə qədər gülünc və absurd görünür! Kainat düşüncəsinə görə, Yerusəlimin yəhudilərə, yoxsa ərəblərə məxsus olması üzərində baş sındırmaq - elə sözün hərfi mənasında baş sındırmaq cəhalətidir. Dünyanın konfliktlər siyasəti isə ona həyat və çörək kimi baxır...
Planetimizin çalpaşıq siyasətlərinin Yerə və onun qondarma ziddiyyətlərinə zəncirlədiyi insanı kainatın dərinliklərinə bəşər mədəniyyəti, mənəviyyatı və əxlaqının bütün dəyərlərini müqəddəs yaddaş saxlancında özünə içirən fəlsəfə və poeziya qanadlı elmin peyki uçura bilər. İnsanın böyük Kainat yurdu özünün Yer cəngəlliklərində azmış balasını çoxdan gözləyir!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!