Bəxtiyar Vahabzadə: Elə bil ona milli şüur dərsini beşikdə olanda keçiblər... - Yazıçı, dramaturq Hidayətlə müsahibə

- Hiyadət müəllim, ayın-günün o vədəsidi ki, bahar yurdumuza yenicə qədəm qoyub. Bütün əziz bildiklərimizin ruhu, xatirəsi unudulmaz Abdulla Şaiqin təbirincə "Vəqta ki, gülər bahar-amal, hər yanda yaşıllanır çəmənlər... Yad et, məni şairanə yad et!" - istəklisidir. Yeridir ki, belə bir məqamda yaşamağın mənasını yanmaqda görən - Xalq şairi Bəxtiyar Vahabzadəni eyni şairanəliklə yad edək.

Deməli, Universitet tələbəsiydiniz. Günlərin birində o zaman hələ gənc olan müəlliminiz Təhsin Mütəllimov auditoriyanıza daxil oldu və dedi ki, Bəxtiyar Vahabzadə onun evinə savadlı, xətti yaxşı olan bir tələbə göndərməyimizi istəyir... O bəxtli, seçkin tələbə isə bir başqası yox, məhz siz oldunuz...

 

- Mən hələ orta məktəbdə oxuyanda onun poeziyasını çağdaşlarından fərqləndirirdim və çox sevirdim. Universitet illərinin ilk aylarında məndən bir kurs yuxarının tələbəsinin elə Universitetin qabağından (indiki İqtisadiyyat Universitetinin) sürətlə addımlayan bir nəfəri mənə göstərib "Bəxtiyar Vahabzadədir!" deməyini və gözdən itənəcən onu izləməyimi bu gün də xoş təəssüratla xatırlayıram. İlk görüşümüz isə ondan üç-dörd ay sonra - şairin mənzilində oldu. Nə üçün mənzildə? Yerli-yataqlı danışmaq istəyirəm: Nikita Xruşşovun məntiqsiz, ağıla batmayan qərarlarından biri bu idi: orta məktəbi bitirən ili ali məktəbə qəbul olanların dərsləri bir il axşam saat 7-də başlayırdı, gündüz isə "istehsalat təcrübəsində" olmalıydılar. Məni Sabir Rüstəmxanlı, Qara Tağızadə ilə birlikdə Sabir adına kitabxanaya salmışdılar. Biz hər gün kitabxanaya gəlir, təzə qəzetlərə baxır, ehtiyac varsa - dərslərimizi hazırlayır, iki-üç saat sonra çıxıb gedirdik. Doqquz ayda bir dəfə də olsun kitabxanada bizə iş tapşırılmadı. Əslində buna ehtiyac yox idi. Bu da oldu bizim Xruşşovsayağı "istehsalat təcrübəmiz".

1964-cü ilin bir qış axşamıydı. İlk dərsimiz gedirdi. O vaxtlar gənc dosent, doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşan, kifayət qədər nüfuzlu, cavan Təhsin Mütəllimov auditoriyamıza daxil oldu, diqqətlə tələbələrə baxa-baxa sakitcə dedi: 

- Bəxtiyar müəllim deyir ki, evinə bir savadlı və yaxşı xətti olan tələbə göndərək.

 

O da, dərsi aparan müəllim də auditoriyaya diqqətlə nəzər saldılar və... mənim üstümdə dayandılar. Təhsin müəllim Bəxtiyar müəllimin ünvanını verdi və mən şairin indiki Azərbaycan prospektindəki evinə gəldim.

Demə, Bəxtiyar müəllimin Səməd Vurğun yaradıcılığı mövzusunda doktorluq işi müdafiə ərəfəsindədir. Dissertasiyada iki-üç gün qabaq vəzifədən azad olunan Nikita Xruşşovdan sitatlar var, onları əvəzləmək lazım imiş. Bir məqamı da heç unutmuram: dissertasiyanı varaqlayanda - Xruşşov sitatlarını axtaranda gözümüzə Füzulinin sözləri dəydi. Bəxtiyar müəllim onu mənalandırdı: "Sitatı Füzulidən ver ki, heç bir qərar onu poza bilməsin!"

Biz lazımlı düzəlişləri, əlavələri iki saata edib qurtardıq. Sonra Bəxtiyar müəllimlə bir yerdə mənzildən çıxdıq. O, dissertasiyanı tanış olmaq üçün Mehdi Hüseynə verməli idi. Biz onun maşınında Mehdi Hüseyngilin həyətinə gəldik. Ora çatan kimi soruşdu: 

- Mehdi Hüseynlə tanış olmaq istərdin? 

- Təşəkkür edirəm. İndi daha onun üçün gecdir, inşallah, gələn dəfə - dedim.

Mehdi Hüseynə dissertasiyanı verib tez qayıtdı, onun evinin həyətinə gəldik. Sürücüyə: "Hidayəti hara lazımdır, apar" - dedi. "Bəxtiyar müəllim, mən özüm gedərəm" - dedim.

- Yox! - Qətiyyətlə bildirdi: Maşından düşəndə - Qapım üzünə həmişə açıqdır. Nə sözün olsa, - məndən gizlətmə, - söylədi.

Mən onun "Volqa" maşınında (o illərdə belə maşın tək-tük ziyalıda vardı) Universitetin dağlıq küçəsindəki yataqxanasına getdim.

Mehriban müəllim - tələbə, görkəmli şair - gənc şair münasibətlərimiz Universitet illərində axıracan davam etdi. Son kurslarda bizimlə Səməd Vurğunun yaradıcılığı mövzusunda xüsusi kurs apardı. Mühazirələri ciddi maraq doğururdu, hətta sosialist realizmə, ədəbiyyat klassiklərinə də tənqidi yanaşmaqdan çəkinmirdi.

Universitetin son kursu isə xüsusilə unudulmazdır: mən bu barədə bir dəfə mətbuata demişəm. Kafedrada diplom işi mövzularını koordinasiya edən müəllimdən xahiş etmişdim ki, mənə, ya Füzulidən, ya Nəsimidən, ya M.F.Axundovdan, ya da Cəlil Məmmədquluzadədən diplom işi mövzusu versinlər - bu barədə düşünür, kafedranın qərarını gözləyirdim. Birdən-birə hər şey dəyişdi, demə - Bəxtiyar müəllim illik dərs yükünü doldurmayıb və kafedranın müdiri Mir Cəlal müəllimdən xahiş edib ki, dərs yükünü doldurmaq üçün ona bir-iki yaxşı oxuyan tələbənin diplom işi rəhbərliyini versinlər. Məni Mir Cəlal müəllimin qəbuluna çağırdılar, o geniş otaqda var-gəl edə-edə fikirləşirdi, birdən mənə tərəf döndü:

- "Ulduz" jurnalı çap olunur, bilirsən də... - soruşdu.

- Əlbəttə, Mir Cəlal müəllim.

- Hə. Sən şairsən... "Ulduz"un 1967-ci ildə çap etdiyi poeziya olsun sənin mövzun!

"Ulduz"un nəşrinin ilk ilində çap etdiyi poeziya nümunələri... Mövzunu işlədim, rəhbərə təqdim etdim, yalnız o boyda işdə bircə düzəlişi oldu - qaydaya uyğun olaraq diplom işimin titul səhifəsində yazmışdım: Elmi rəhbər - filologiya elmləri doktoru, professor Bəxtiyar Vahabzadə. "Filologiya elmləri doktoru, professor" sözlərinin üstündən xətt çəkdi və dedi:

"Mən şairəm!" Və titul səhifəsində qaldı: Elmi rəhbər Bəxtiyar Vahabzadə.

Diplom işi müdafiəmdə rəyçi professor Xalid Əlimirzəyev, digər çıxış edənlər işi çox yüksək dəyərləndirdilər. Qərar qəbul olundu... "Diplom işi Universitetin "Elmi əsərləri"ndə çap edilsin və diplomçunun aspiranturaya saxlanılması Universitet rəhbərliyindən xahiş olunsun".

Yay idi. İrəvana qayıtdım. İki ay sonra məni C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin etdilər. Daha o qərarların icrasının dalınca düşmədim.

Universitet illərim Bəxtiyar Vahabzadə ilə xatirələrlə belə zəngindir. İrəvana qayıdandan sonra da bizim mütəmadi əlaqələrimiz oldu.

 

- Ali təhsilinizi başa vurub İrəvanda işə başladığınızdan sonra da Bəxtiyar müəllimlə sıx əlaqələriniz olduğunu da bilirik. Səhv etmirəmsə, böyük şairin əsərlərinin erməni dilinə tərcümə edilməsinin təşəbbüskarı da siz olubsunuz. Maraqlıdır, bu təklifiniz erməni naşirləri tərəfindən necə qarşılandı? 

 

- Altmışıncı illərin sonlarıydı. Erməni şairi Alek Xaçuns işdə yanıma gəldi. - Nəşriyyatdan mənə tapşırıblar ki, çağdaş Azərbaycan poeziyasından bir şairi ermənicəyə çevirim. Kimi məsləhət görürsən? - soruşdu. O vaxtlar poeziyamızda çox şöhrətli adlar, istedadlı qələm sahibləri, şair dostlarım olsa da, heç nə düşünmədən birmənalı şəkildə dedim:

- Bəxtiyar Vahabzadə!

Kitabını istədi, ertəsi günü gətirdim, gəlib apardı. Alek Goranboyda doğulmuşdu, böyümüşdü, dilimizi dərindən olmasa da, bilirdi. Tərcüməyə başladı, axşamlar zəng çalıb bəzi sözlərin mənasını, ayrı-ayrı misraların alt qatı haqqında suallar verərdi.

Tərcümə başa çatdı. Alek bir gün başılovlu halda yanıma gəlib: "Kitabın çapını saxlayırlar" - dedi. "Nə üçün?" - soruşdum. "Deyirlər - Bəxtiyar Vahabzadə millətçidir, ermənilərin düşmənidir". 

Aleklə çox söhbət etdik. Dedim: - Onlara deyərsən ki, Bəxtiyar Vahabzadənin milli şüur miqyası çox böyükdür, Ermənistana sığmaz: "Sən də quzu, mən də quzu, canavardan gəl gözləyək özümüzü... Biz hamımız həzm oluruq canavarın mədəsində!" Bu misraları onlara tərcümə edərsən və sözaltı mənasını açarsan. 

Alek dedi: - Mən onların atasını yandıracağam. Bəxtiyarın adından Ermənistana həsr olunmuş bir şeir yazmışam, sən onu Azərbaycancaya çevir, aparıb soxum gözlərinə, - deyim - bu da Ermənistana həsr olunmuş şeir, əlyazması da budur...

Şeiri oxudum: iki yerdə erməni tarixinə dair ermənisayağı misralar vardı. Dedim: "Alek, bu misralar Bəxtiyar müəllimin üslubuna uyğun deyil, bunları dəyişək". Razılaşdı. Elə birlikdə dəyişdik. Şeir bütövlükdə Qərbi Azərbaycanın əsrarəngiz təbiətinə həsr olundu. O axşam şeiri dilimizə çevirdim. İlk misrası yadımda qalıb: "Yalçın qayalardan uçan durnalar..." Bir az qabağa gedib deyim ki, Alek Bəxtiyar müəllimlə telefonla danışanda o şeiri ona oxuyub: Şair deyib: "Gözəl şeirdir, göndər, burda kitabıma salacağam".

Alek xahiş etdi ki, mən nəşriyyatın rəhbərliyi ilə də danışım. Getdim, direktorla da, baş redaktorla da uzun söhbətimiz oldu. Axır ki, kitabı çapa imzaladılar. 

...İki-üç il sonra Bəxtiyar Vahabzadənin ikinci, bu dəfə daha irihəcmli kitabı erməni dilində (yenə Alekin tərcüməsində) dünya işığına çıxdı.

Bəxtiyar Vahabzadədə ermənilərə pataloji nifrət yox idi. Amma xalqımıza qarşı erməni təcavüzü baş qaldıranda heç nəyə baxmadan, kəskin münasibət bildirirdi. Elə altmışıncı illərin ortalarında, 1965-ci ildə uydurma soyqırımının 50 illiyinin Ermənistan Respublikasında rəsmi səviyyədə qeyd olunmasından sonra başlanan əsassız torpaq iddialarına cavab olaraq qətiyyətlə bildirirdi: 

 

Azərbaycan oğluyam! -

Adım yaşımdan qədim.

Heç kəsin toyuğuna 

Ömrümdə "kiş" demədim.

Kimsənin torpağında 

Gözümüz yox, bilsin aləm.

Torpağımdan bir çərək

Kimsəyə də vermərəm.

Mən qədim bir mahnıyam,

Xallarım - əlvan-əlvan,

Musiqim Qarabağdır,

Sözlərimsə - Naxçıvan!

Bu yerdə bəstələnmiş

Koroğlunun "Cəngisi,

Qıratın üzəngisi..."

 

İrəvanda "Bakı" qəzetinin səhifəsində bu misraları oxuyanda təsəllim yerə-göyə sığmırdı. Bu misralar o vaxtdan yadımda qalıb. Onu dərc edən qəzet isə Bakı Şəhər Partiya Komitəsinin orqanıydı. Belə misraları o illərdə çap edən partiya orqanının redaktoru, görkəmli jurnalist Nəsir İmanquliyevin cəsarəti, qətiyyəti isə milli qəhrəman göstəricisiydi. 

 

- Siz İrəvanda işlədiyiniz illərdə Bəxtiyar müəllim tez-tezmi qonaq gələrdi Qərbi Azərbaycan ellərinə? Onun gəlişi İrəvanda necə qarşılanardı? Kimlərlə görüşürdü?

 

- Mən İrəvanda işlədiyim illərdə Bəxtiyar müəllimin ora bir neçə səfəri olub. İlk səfəri (səhv etmirəmsə, ümumiyyətlə birinci dəfəydi ora gəlmişdi) - 1970-ci ilin yaz aylarını dəqiq xatırlayıram. SSRİ-nin qurulmasının 50 illiyinə həsr edilmiş "Zaqafqaziya (Cənubi Qafqaz) baharı" tədbirinə gəlmişdi. Azərbaycan nümayəndə heyətinə onunla birgə İmran Qasımov, Nəbi Xəzri, Osman Sarıvəlli, Cabir Novruz... daxil idilər. Ermənistan Yazıçılar İttifaqı məni - 25 yaşlı gənc şairi də tədbirlərə dəvət etmişdi. Ancaq mən həmişə Azərbaycan nümayəndə heyətinin işində olurdum. Əlbəttə, Gürcüstanın da nümayəndə heyəti "Bahar" bayramındaydı. Zirvə tədbiri Dövlət Akademik Dram Teatrında baş tutdu. Sonra müxtəlif yerlərdə görüşlər keçirildi və bu görüşlərdən biri Artaşat (Qəmərli) rayonu mərkəzində keçirildi. O vaxtacan millətçiliklərini ört-basdır edənlərin iç üzləri həmin görüşdən dərhal sonra açıldı. Dövlət Dram Teatrının binasında keçirilən möhtəşəm poeziya bayramından sonra restorana ziyafətə gəldik. Üç-dörd qədəh erməni konyakı vurandan sonra qatı, hətta deyərdim - iyrənc millətçiliyin simvolu, şair Hovhannes Şiraz masabəyidən - rayon partiya komitəsinin birinci katibindən söz istədi. Erməni dilində danışmağa başladı. Yazıçılar İttifaqının katibi Hraçya Hovhannesyan onun dediklərini rus dilinə çevirirdi. Şiraz üç-dörd cümlədən sonra türklərin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Hraçya onun dediklərini ciddi "redaktə" edib - "türk" sözlərini çıxarıb və ya dəyişib onun danışığından tərcümə edirdi. Ancaq bizim yazıçılar da hiss edirdi ki, Şiraz əslində yaxşı şeylər danışmır. Şiraz isə birdən coşdu, az qala Hraçyanın üstünə cumacaqdı. "Mən sənə etibar etmirəm, düz tərcümə eləmirsən!" - dedi. Hamı bir-birinə dəydi. Birinci katib ayağa qalxdı: 

- Mən sizə şair kimi hörmət edirdim. Belə gözləməzdim - dedi.

Şiraz birinci katibi də, Hraçyanı da, Sovet hökumətini də təhqir edə-edə, hətta söyə-söyə salonu tərk elədi.

Birinci katib ziyafət iştirakçılarından üzr istədi.

- İstedadlı şairdir, təəssüf ki, içəndən sonra belə hərəkətlər edir - dedi.

Osman Sarıvəlli uşaqlıq illəri Dilicanda keçdiyindən, dədəsinin erməni dostlarından danışdı. Ancaq məclis qızışmadı və... Şiraz "insidenti" bununla bitmədi. 

Biz restorandan çıxanda onu bir qrup insanın əhatəsində gördük (İrəvanda da beləydi, o harda dayansaydı, başına adamlar toplaşacaqdı). Məni görən kimi düz üstümə gəldi.

- Sən bu türklərə de ki...

Sözünü kəsdim, bizimkilər də, gürcülər də anlasınlar deyə rus dilində danışdım.

- Sən türk axtarırsan? Birinci türk mənəm. Deyirsən, o vaxt dava eləmişik? Əslində o da sən deyən kimi olmayıb. İndi dava yoxdur, gəl bir-birimizi tərcümə edək.

Hraçya Hovannesyan məni çəkib maşına saldı. Atam yaşında kişinin istəyini yerə salmadım.

Hotelə çatanda Bəxtiyar müəllim də, nümayəndə heyətimizin bütün üzvləri də mənə təşəkkür etdilər, "cavabını gözəl verdin" - dedilər.

Bu "dialoq"dan sonra Şirazla şəhərdə, tədbirlərdə təsadüfən üz-üzə gələndə üzümü yana çevirirdim, özü də bunu hiss etməmiş deyildi. Lakin neçə il sonra Yazıçılar İttifaqına gedəndə həyətdə onu yenə başına toplaşanların əhatəsində gördüm, içlərində İttifaqın katiblərindən biri, əməkdaşlarından və yoldan keçənlər də vardı. Ona tərəf baxmadan uzaqdan ümumi salam verib İttifaqa keçdim. 15-20 dəqiqə sonra ikinci mərtəbədə, aşağıda gördüyüm katib Aram Qriqoryan gülə-gülə mənə yaxınlaşdı: 

- Sən niyə bizim "canlı klassikə salam vermirsən? - gülə-gülə soruşdu.

- Mən ki, hamıya ümumi salam verdim.

- Deyir: "istedadlıdır, onu ermənicə oxuyuram. Amma görürsən türkdü ki, türk! Mənə salam vermir. - Aram indi lap ucadan güldü. 

Aram Qəmərlidəki "monoloqundan" və mənim cavabımdan xəbərsizdi...

Ömrü boyu əyyaşlıq həyatı yaşayan Şiraz atter-skleroza tutulmuşdu, Qəmərlidə olanları, sonra ona heç vaxt salam verməməyimi tamam unutmuşdu. Görüşlərimizin birində Bəxtiyar müəllim yenə Qəmərlini xatırladı və onu soruşdu. Mən bu epizodu ona söyləyəndə ürəkdən qəh-qəhə çəkib güldü, "Allah onun cəzasını verib" - dedi.

Bəxtiyar müəllimin İrəvana başqa səfərləri də oldu, amma biri unudulmazdır. Bizim teatrda şairin "İkinci səs" dramı tamaşaya qoyuldu. İlk tamaşaya dəvət etdim. Dilarə xanımla, Ağdamda maarif şöbəsinin müdiri işləyən dostu ilə (səhv etmirəmsə, adı Zeynal idi) gəldilər. İlk tamaşaya heyranlıqla baxdılar. Əsər bizim teatrdan öncə Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Tamaşa çox xoşlarına gəldi, yüksək fikirlər söylədilər. Bəxtiyar müəllim: "Açıgı, mən belə yüksək səviyyədə gözləmirdim" - dedi. Teatrın kollektivi ilə ayrıca görüş keçirildi. Şəhərdə başqa maraqlı görüşlər də baş tutdu.

Mən İrəvanda yaşayanda Bəxtiyar müəllimlə, demək olar, hər ay, bəzən daha tez-tez əlaqəmiz olurdu. Mənim iki kitabıma yazdığı Ön sözləri böyük ustadımın əbədi xeyir-duası kimi qəbul edirəm. Bu kitablardan biri ("Bir az gözləyin məni") 1977-ci ildə İrəvanda nəşr olunub, ikincisi - 1991-ci ildə Bakıda, rus dilində ("Ya tak jivu"). Bir məqamı da qeyd etməyə bilmərəm: 1990-cı ildə mənim parlament seçkilərinə namizədliyim vaxtı özüm qətiyyən gözləmədiyim halda Bəxtiyar müəllimin mətbuatda məni dəstəkləyən yazısı dərc olundu. Lakin böyük nüfuz sahibinin təqdimatı da Ayaz Mütəllibov qaragüruhunu yarıb keçə bilməzdi.

 

- Bilirik ki, Bəxtiyar müəllim olduqca kövrək, eyni zamanda da olduqca qətiyyətli, təlatümlü təbiətə malik idi. Necə deyərlər, əsl şair təbiəti. Cəsarət onun başlıca məziyyətiydi. Bu baxımdan necə xatırlayırsınız Bəxtiyar müəllimi? 

 

- Mən İrəvanda yaşadığım illərdə ustadımla iki görüşümüz də heç unudulmazdır. Yetmişinci illərin ortalarında imperiyanın paytaxtında ezamiyyətdəydim. Bir axşam "Moskva" hotelindəki otağımın telefonu səsləndi.

- Hidayət?

- Bəxtiyar müəllim? 

Sən demə, hotelin vestibülündə erməni yazıçılarından kimləsə rastlaşıb və o deyib ki, Hidayət də buradadır. Hotelin məlumat - sorğu bürosuna zəng çalıb telefon nömrəmi öyrənib.

Əlbəttə, dərhal onun otağına getdim. Ümumiyyətlə, hər axşam görüşüb, şirin söhbət edirdik. Ulu Öndər Heydər Əliyevin milli təəssübkeşliyini, gördüyü böyük işləri çox yüksək dəyərləndirirdi. Respublika rəhbəri ilə görüşündə bu epizod indiyədək yadımdadır: Bəxtiyar müəllim qəbula gedəndə ona müxtəlif məsələlərlə bağlı müraciətləri - onlarla məktubu da aparır. "Mən şairəm, camaat elə bilir - bu məsələləri də həll edə bilərəm" deyir. Ulu Öndər üst-üstə yığılmış bir qalaq məktubların içindən birini çəkir. O məktub da çox ciddi məsələdən bəhs edir". Demə, dövlət hansısa kənddə məktəb tikib, lakin təzə tikinti uşaqların dərs ocağı deyil, kolxoz, sovet sədrlərinin, ilk partiya təşkilatının katibinin... onların xidmətlərinin kabinetləri kimi istifadə olunur. Respublika rəhbəri elə Bəxtiyar müəllimin yanındaca Mərkəzi Komitənin müvafiq şöbəsinə göstəriş verir:

- Hər həftə Bəxtiyar Vahabzadəgilə əməkdaş göndərin, onun ünvanına gələn müraciətləri götürün. Mərkəzi Komitəyə daxil olmuş məktublar kimi qeydiyyata alın, uyğun şöbələr baxsınlar, araşdırsınlar, nəticəsi barədə həm Bəxtiyar müəllimə, həm də məktubların müəlliflərinə yazılı, rəsmi cavab verilsin.

O illərdə müxtəlif görüşlərimizdə Ulu Öndər barədə çox yüksək fikirlər söyləyərdi. Respublika rəhbərinin Azərbaycan dilini dərindən bilməsi ilə qürur duyurdu. Belə şairin, ziyalının Ayaz Mütəllibov qaragüruhunda "sapı özümüzdən olan baltalar"ın təxribatları vaxtında Ulu Öndəri qətiyyətlə, cəsarətlə müdafiə etməsi təsadüfi deyildi. Onun buna mənəvi haqqı vardı!

Mən İrəvanda olmayanda belə gözlənilməz bir telefon zəngi də Gürcüstanın paytaxtındakı "İveriya" hotelinə gəldi. İrəvan teatrı orada qastrol səfərindəydi...

- Hidayət? 

- Bəxtiyar müəllim? 

Demə - İrəvana, evimə zəng çalıb, uşaqlarla baba kimi danışıb, telefon nömrəsini alıb və zəng edib.

- Bilirəm, Tiflisdəsən. Mən sabah İrəvana uçuram, birisi günü Alekin qırxıdır, gələ bilməmişəm. İrəvanda kimi məsləhət bilirsənsə, de, bizi qarşılasın, üç nəfərik, mehmanxana sifarişi versinlər...

- Özüm qarşılayacağam, ustad!

- Özün necə çatacaqsan, artıq axam saat 10-dur. Uyğun vaxtda təyyarə, qatar varmı?

- Narahat olmayın, tezdən avtomobillə gələcəyəm.

İki-üç gündə görüləsi işləri müavinə, baş rejissora tapşırıb, səhər saat 5-də xidməti avtomobilimdə İrəvana tərəf üz tutdum. İş başlayanda İrəvandaydım. Birbaşa "Armeniya" hotelinə getdim, direktorla görüşdüm. O, gəlişimə təəccübləndi - belə məsələləri, adətən telefonla həll edirdik... Demə, - hoteli bütünlüklə xarici turistlər tutublar. Direktor dedi: "Başqa hansı hoteli istəyirsiniz, telefon açım, həll edim". Dedim: "O, həmişə bu hoteldə qalıb". "Armeniya" İrəvanın ən yaxşı hoteli idi. Direktor bir az fikrə getdi. "Yaxşı, - dedi, - türistlərin içində bir erməni ailəsi var, onları iki günlüyə Abovyana (Ellərə - İrəvanın kənarında rayon) qohumlarıgilə göndərərəm, maşın da verərəm, aparıb-gətirər".

Belə də oldu.

Bəxtiyar müəllim iki dostu ilə gəlmişdi, biri hüquqşünas idi, adı səhv etmirəmsə, Hümbət.

Gəlişinin ertəsi günü Alekgilə getdik, sonra ordan qəbiristana. Alekgildə ailə üzvlərindən başqa kimsə yox idi, məzarlıqda da cəmisi 2-3 nəfər yazıçı olardı. Qırx mərasiminin belə yığcam, hissolunmaz şəkildə keçirilməsi həm də Alekin bizim poeziyamızı ardıcıl tərcümə etməsi ilə bağlı idi. Bəxtiyar Vahabzadənin erməni şairinin hüzn mərasiminə gəlişi İrəvanda hadisə kimi səsləndi.

Müsahibəmizin əvvəlində də dedim, Bəxtiyar Vahabzadədə ermənilərə pataloji nifrət yox idi. Ancaq onlar xalqımıza qarşı yalanlar, böhtanlar uyduranda, təcavüzlərə əl atanda qarşılarında onu görürdülər!

 

 

- Ötən əsrin səksəninci illərinin sonlarında isə siz artıq "Gənclik" nəşriyyatında baş redaktor kimi fəaliyyətə başladınız... Üstündən az keçməmiş Daşnakların körüklədiyi ocaq doğma Qarabağımızı yandırıb-yaxdı. Erməni şovinizminə qarşı xalqımızın dirənişi fonunda Siz Bəxtiyar müəllimlə daha çox əlaqədə oldunuz...

 

- 1984-cü ildə Bakıya köçdüm. 1985-ci ildə uydurma erməni soyqırımının 70 illiyinin qeyd olunmasına Mixail Qorbaçovsayağı Siyasi Büroda müzakirə olunması və keçirilməsinə icazə verilməsindən sonra bədnam respublikada anti-Azərbaycan hədyanları daha da artdı. Sonra Qərbi Azərbaycandan 220 mindən çox soydaşımızın vəhşicəsinə deportasiyası başladı. Sonra - 20 Yanvar müsibəti... Bu faşist gerçəklikləri ona çox ağır təsir edirdi. 20 Yanvarın ertəsi günü Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin həyətində rus zabitinə çəkdiyi yağlı şillə də yaddaşlara əbədi həkk olundu. 

Bu yerdə bir epizodu da xatırlamaya bilmirəm. Mənim təşəbbüsümlə "Gənclik" nəşriyyatında Qərbi Azərbaycandan, soydaşlarımızın qərb torpaqlarımızdan deportasiyalarını (1918-1948, 1952, 1988-ci illər) bütövlüklə əks etdirən irihəcmli "Didərginlər" kitabı çapa hazır olanda Bəxtiyar müəllimin imzasına ciddi ehtiyacım oldu. O illərdə təsdiq olunmuş tematik plandankənar (tematik plan kitab nəşr olunandan azı 1 il öncə təsdiq olunurdu və son təsdiq üçün Sov. İKP MK-yacan gedib çıxırdı. 500 səhifəlik kitabı (özü də bu mövzuda!) nəşr etmək ağılasığmaz anlayış idi. Ona görə də görkəmli yazıçılara müraciət etmişdim ki, onlar bu toplu üçün yazı versinlər. Ruhları şad olsun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Qabilin, Əzizə Cəfərzadənin və başqalarının... Təsirli, o dövr üçün cəsarətli yazılar vermişdilər, ancaq sonda hiss etdim: kitabın ixtisas redaktoru da görkəmli alim olmalıdır. Bəxtiyar müəllimə telefon açdım, xahişimi çatdırdım.

- Yaz, mənim adımı hansı statusda istəyirsən, yaz, - dedi.

- Çox sağ olun. İndi əlyazmasını göndərirəm Sizə, oxuyasınız.

- Sən oxuyubsan, kifayətdir. Vaxt getməsin. İstəyirsən - titul vərəqini göndər, imzalayım. 

- Çox sağ olun, ustad, Sizin sözünüz yetərlidir! 

O kitabın titul vərəqinin ikinci səhifəsində yazıldı. Redaktoru - Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Vahabzadə. Toplu 80 min tirajla (!) çap olundu. Amma tiraj hazır olanda elə mətbəədəcə "həbs" edildi. Mən təcili olaraq Mərkəzi Komitənin katibi Fazil Muradəliyevlə görüşdüm. O özünü çox ləyaqətli apardı. Kitabın siqnal nüsxəsini varaqlayandan sonra "belə nəsrlər abidədir" dedi və tirajın "həbsdən" azad olunmasına dərhal göstəriş verdi. Sonra o irihəcmli toplu rus dilində nəşr olunaraq ("Bejençi" adı ilə) keçmiş imperiyaya yayıldı.

Bəxtiyar Vahabzadə harda, hansı məsələdə xalqın marağı varsa - ön cərgədəydi, son dərəcədə qətiyyətli, cəsarətli idi!

 

- Heç unutmuram, Sizin baş redaktorluğunuz dövründə "Gənclik" nəşriyyatında mənim ilk kitabım çapa hazırlanırdı. Buna görə də ucqar rayonda yaşamağıma baxmayaraq tez-tez nəşriyyata gəlirdim. Həmin vaxtlar sizin "Gənclik" nəşriyyatındakı iş otağınıza Bəxtiyar müəllimin gəlişinin də şahidi olurdum. Və uzaqdan-uzağa böyük şairə tamaşa etməyimin xoşbəxtliyini yaşayırdım...

 

- Erməni faşizmi Mixail Qorbaçovun himayəsində qol-qanad açanda - quduzlaşanda Mərkəzi Komitədə tez-tez "fəallar iclası" keçirirdilər, ancaq bu "fəallar iclası"na yalnız nazirlər, Bakıdan digər rəsmi şəxslər və 2-3 ziyalı dəvət olunurdu. Mən bir dəfə də mətbuatda "Xalq qəzeti"ndə demişəm. Yan-yana əyləşdiyimiz belə "tədbirlər"dən biri heç yadımdan çıxmır. Bəxtiyar müəllim növbəti kəskin çıxışında üzünü o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsinin DİK sədrinə tutub hədsiz hiddətlə soruşdu: "Gözünüzün qabağında bu həngamələr baş verir, Sizin necə xəbəriniz olmur?! Evdə arvadla beş kəlmə danışanda xəbəriniz olur, amma ermənilərin törətdikləri o boyda həngamədən xəbəriniz olmur?! Bunu necə başa düşək?"

Doğrudur, ondan bir neçə ay sonra, əsasən də, guya Sumqayıt hadisələrinə görə DTK-nın sədrini vəzifədən kənarlaşdırdılar, amma onun yerinə ümumiyyətlə, Azərbaycana heç bir aidiyyatı olmayan birini - İvan Qorelovskini gətirib qoydular. Bu təyinat əsla anlaşılmayan idi, heç şübhəsiz, Moskvadan verilmiş "xüsusi göstərişdi... Düzdür, Azərbaycanda cəmi bir il işlədi, amma bu bir ildə bəs elədi ki, İrəvandan təlimat alan Qorbaçovun tapşırıqlarını yerinə yetirsin.

Bəxtiyar müəllimin belə mövzularda çoxsaylı narahat söhbətlərimiz onun evində, mənim "Gənclik" nəşriyyatındakı iş otağımda, başqa yerlərdə görüşlərimizin əsas mövzusu və hədsiz narahatlığımız idi.

Doxsanıncı ildə Mütəllibov qaragüruhunun "bariz" nümunəsi - ölkə Ali Sovetinə saxta seçkilərin təyin olunmuş deputatlarının əxlaqa, abır-həyaya sığmayan hədyanlarını televiziya ilə birbaşa izləyən və bu gün də yaşayan milyonlarla yurddaşlarımızın yaxşı yadındadır. Ulu Öndərimizin vəzifədən-vəzifəyə keçdiyi, çörək verdiyi deputatların susqunluğu bir yana, kürsüdən eşitdikləri hədyanlara arınmaz-arınmaz əl çalanda, Ulu Öndər çıxış edəndə ayaqlarını yerə döyəndə Bəxtiyar Vahabzadənin məhz haqq cəsarəti, mən deyərdim - qəhrəmanlığı çatırdı söyləsin: "Bu binanı da o tikib və bu kürsüdən necə təriflər söylənib onun haqqında!" Bu taxtalar (əlini kürsüyə vurdu) şahiddir! "partokratları, rəsmi adamları qoyuram bir kənara - o "parlament" deyilən yığımın tərkibində Mütəllibovdan "vəsiqə almış" yaradıcı ziyalılar da az deyildi. Və... Ulu Öndərimiz haqqında baş hədyanlar danışan da yazıçı idi.

 

- Hiyadət müəllim, bilirik ki, Bəxtiyar müəllimin sizə xüsusi sayğısı vardı. Xətrinizi çox istəyirdi. Və bu, səbəbsiz də deyildi...

 

- Bəxtiyar Vahabzadə demişdi: "Mən Hidayəti ona görə çox istəyirəm - elə bil ona milli şüur dərsini beşiyində olanda keçiblər. Bu sözləri özü mənə deməmişdi (bu da ona böyüklüyünün göstəricisi idi!), dünyasını dəyişəndən sonra ailə üzvləri söylədilər. Əgər özü söyləsəydi deyərdim: "Ustad, beşiyimdən də öncə! Zəngəzurdan, Dərələyəzdən, Vedibasardan, Zəngibasardan, Göyçədən, Qaraqoyunludan, Hamamlıdan... hələ 1918-ci ildə didərgin düşən babalarımızın, nənələrimizin üzləşdikləri daşnak işgəncələri nəsil-nəsillərin yaddaşından yaddaşlara köçürülüb. Mirzə Fətəlidən, Mirzə Cəlildən, Mirzə Sabirdən... Sonra Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Xəlil Rzanın... milli ruhu bugünkü nəsillərimizə mənəvi dayaqdır!

 

- "Atüstü olsa da, qısa bir söhbət "Dönür unudulmaz bir xatirəyə" yazırdı ustad Səməd Vurğun. O da olmuş ola Bəxtiyar Vahabzadə ilə olan söhbətlər!.. Duzu, məzəsi, yumoru da öz yerində... Bir ömür boyunca xatırlamağa dəyər...

 

- Yumor müdrikliyin göstəricisidir, - deyirlər. Bəxtiyar müəllimin maraqlı söhbətlərində bir az da şirin-şəkər Şəki yumoru vardı. Bir epizod heç yadımdan çıxmır. Prezident Aparatına yalnız Ulu Öndər Heydər Əliyevin qəbuluna gələrdi, bir də mənim yanıma. Ulu Öndərin yanına gələndə də öncə mənə baş çəkərdi. Prezidentin köməkçisi Tariyel Ağayevə deyərdi ki, mən Hidayətin yanında olacağam. Tariyel zəng çalardı: 

- Bəxtiyar müəllim Sizin yanınızdadır? 

- Bəli.

- Cənab Prezident gözləyir.

Ulu Öndərin qəbulundan sonra yenə mənim yanıma qayıdardı. Sözüm onda deyil. Bir dəfə görüşümüz başlayan kimi yeni çapdan çıxmış kitabını mənə bağışladı: 

- Avtoqrafı oxu, - dedi.

- Ustad, mən həmişə Sizin kitablarınızı son səhifəsinədək oxuyuram, - dedim. Sonra avtoqrafa baxdım. Yazmışdı: "Hidayət, sənin bu kitabı oxumağa vaxtın olacaq?" İkimiz də ürəkdən qəh-qəhə çəkdik.

- Olar, ustad, mütləq olar, Sizin kitabınıza həmişə vaxt tapılar, - dedim.

Respublikanın Milli Siyasət Məsələləri üzrə Dövlət müşavirinin iş stolunun üstü həmişə sənədlərlə dolu olurdu, stolun yan artırmasında 7-8 telefon - hərəsi bir cür zəng çalırdı... Və... bunlar da ustadın diqqətindən yan keçməmişdi. Bir dəfə mənə gileyləndi: 

- Şəkiyə gedirsən, gəlirsən, böyük bölgə müşavirləri, vacib iclaslar keçirirsən... Amma biz orda - ata yurdumda görüşmürük...

Mən Şəkiyə gedəndə həmişə tərs kimi Siz orda olmursunuz. Soruşuram, - dedim.

- Bilirəm, soruşursan, hərtərəfli maraqlanırsan, məni icra başçılarına tapşırırsan, onlar mənə deyirlər...

- Sizin mənim tapşırığıma ehtiyacınız yoxdur, ustad! - dedim.

Bir dəfə Şəkiyə gedəndə xoşbaxtlıqdan Bəxtiyar müəllim orda idi. Oğlum Zəfər də mənlə getmişdi. Görüşdük. Bizi əvvəlcə anadan olduğu, böyüdüyü ata evinə apardı. Ev gözəlliklər məskəni Şəkinin başındaydı. Ordan əsrarəngiz mənzərələrə göz gəzdirməkdən doymaq olmurdu. Aşağılara xeyli baxandan sonra Zəfər heyrətini gizləyə bilmədi.

- Baba, yalnız burda böyüyən gənc böyük şair ola bilər, - dedi.

Bizlə olan icra hakimiyyətinin başçısı bildirdi ki, ata evini uşaq bağçasına hədiyyə edib.

Sonra şəhərin ətəklərində özü tikdiyi evə gəldik, doyunca söhbət etdik.

 

- Hidayət məllim, ustad Bəxtiyar Vahabzadəyə həsr etdiyiniz "Padşahlar, şairlər" adlı şeirinizi dönə-dönə oxumuşam. Əzbər bildiyim bəndlər də var... Amma şeiri müəllifin öz dilindən eşitmək bir özgə aləmdi. Fürsət qaçırmaq istəməzdim. O şeiri söyləsəniz, maraqla dinlərdim.

 

- Bizim bu söhbətimizdə mən əsasən epizodlar üzərində dayandım. Bəlkə də əsil poeziya nədir, Bəxtiyar Vahabzadə kimdir - anlayışını tam əhatə edə bilmədim. Buna görə 1989-cu ildə yazdığım, kitablarıma daxil edilmiş, xarici dillərə çevrilmiş bir şeirimi xatırlayıram: 

Padşahlar, şairlər 

 

Bəxtiyar Vahabzadəyə

 

 

Ana laylamızın ilki hardadır? 

Ata şeirimizin kökü hardadır? 

Bu gün nəğməmizin sönməz ilhamı

Dədəmiz Qorquddan min il o yana

Torpaqdan göyərən misralardadır...

 

Odun özünü də nəğmə çətirlər,

Şeir bu millətə

ilk iman,

ilk din.

Zamana sığmayan odlu sətirlər

Nə vaxtsa alova çevrilib yəqin.

 

Elə ona görə qalib ordudur,

Bir ayağı yerdə, biri yəhərdə,

Elə ona görə Odlar Yurdudur

Adı pozulsa da xəritələrdə.

 

II

 

Üsyankar şairlər gələr dünyaya -

Onda ki dünyanı bürüyər ahlar,

Onda ki milləti salmazlar saya

Cavan müstəbidlər, 

qoca padşahlar.

 

Çox vədə şairi anlamayıblar,

Tərifləməyiblər,

danlamayıblar.

Elə ki... dünyanın işləri əydi,

Məzlumlar 

padşahın "xətrinə dəydi"

 

Əsl şairləri "sınayıbdılar".

Əsl şairləri qınayıbdılar,

Əsl şairləri "anlayıbdılar",

Əsl şairləri danlayıbdılar,

Əsl şairləri damlayıbdılar,

Fərman veribdilər ölümlərinə...

 

Elə ki, səbrlər kükrədi, daşdı,

Elə ki, su gəlib başlardan aşdı,

Cavan müstəbidlər,

qoca padşahlar

Əsl şairləri "anlayıbdılar",

Əsl şairləri yanlayıbdılar.

Cavan müstəbidlər,

qoca padşahlar.

Taxtdan yıxılandan bir saat əvvəl

Pula satılmayan sənətkarları,

Şana atılmayan sənətkarları

Tutublar, asıblar dar ağacından...

Hər vaxt belə olub şairə dövran.

 

Şair vurulubdur - ruhu yaşayıb,

Şair qovrulubdur - ahı yaşayıb,

Çinarlar ucalıb - şair yaşayıb,

Dağlar da qocalıb - şair yaşayıb,

Ürəklər ovudub misralarını.

Nə cavan müstəbid, nə qoca padşah

Vura bilməyibdi söz qatarını.

Gülləsi açılıb,

özünə dəyib,

Qəfilcə, beləcə gəbəribdilər.

 

Ürəklər hər gecə, hər təzə səhər

Elin nəğməsini elə yayıblar,

Şairlər 

köksündə iztirab, qəhər

İllərin üstüylə addımlayıblar.

 

- Təşəkkür edirəm. Doğrudan da, şairanə xatırlamalar etdiniz.

 

Söhbətləşdi: 

S.Hüseynoğlu

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!