Ələkbər Əliyev - "Çox vaxt məni Lütfəli Abdullayevə bənzədirlər"

Söhbətləşdi: Kənan HACI

Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyorlarından olan Ələkbər Əliyevdir. 

O, tamaşaçılar tərəfindən sevilən aktyordur. Sumqayıt şəhərində anadan olub. Əvvəlcə həkim olmaq istəyən aktyor tezliklə aktyorluq 

sənətinin sehrinə düşərək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "musiqili komediya aktyoru" fakültəsinə daxil olub. 1980-ci ildə fakültəni bitirib, elə 

həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib. O vaxtdan taleyini bu teatra bağlayan aktyor burada onlarla yaddaqalan obrazlar yaradıb. Onunla "Qorxma, mən səninləyəm" tamaşasının premyerası ərəfəsində qrim otağında görüşdük.

 
- Ələkbər müəllim, necəsiniz?
 
- Şükür, yaxşıyam.
 
- Gəlin, lap əvvələ qayıdaq. Necə oldu ki, taleyinizi aktyorluq sənətinə bağladınız?
 
- Orta məktəbdə oxuyanda həkim olmaq istəyirdim. Səkkizinci sinifdə isə vəziyyət dəyişdi. Kiçik qardaşım Eldar dram dərnəyinə gedirdi, günlərin bir günü o, məni yoldan çıxartdı, ona qoşulub dərnəyə getdim. Dərnəyin rəhbəri Əməkdar İncəsənət xadimi, uzun illər Lənkəran Dram Teatrının rejissoru işləmiş Baba Rzayev idi. O zaman Sumqayıtda yaşayırdı. Eyni zamanda Sumqayıtda Səməd Vurğun adına Mədəniyyət Evində çalışırdı. Biz də Coratda qalırdıq, oradan gedib-gəlirdik. İlk dəfə Cəfər Cabbarlının "Oqtay Eloğlu" tamaşasına baxdım və bu tamaşa məni sehrlədi. Beləcə, dərnəyə bağlandım və orada bir sıra rollar oynadım. Yadımdadır, Pioner Məktəblilər sarayında Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ni hazırladı. Mən orada Qasım kişini oynadım. Sonra rəhmətlik Hüseynağa Atakişiyev Xalq Teatrına gəldi. Onda İncəsənət İnstitutunun sonuncu kursunda idi. Xalq Teatrında tamaşalar hazırlamağa başladı. Onun quruluşunda "Darıxma, ana", "O olmasın, bu olsun" tamaşalarında oynadım.  
 
- Neçə yaşınız vardı?
 
- Orta məktəbi yenicə bitirmişdim, on yeddi yaşım vardı. Sonra tale məni İncəsənət İnstitutuna gətirib çıxardı. Sənədlərimi musiqili komediya aktyorluğu fakültəsinə vermişdim. Hüseynağa rəhmətlik mənə dedi ki, Şəkidə yeni teatr açılır, bəlkə gedib orda işləyəsən? Sonra qəbul olunarsan. İş elə gətirdi ki, İnstituta daxil oldum.
 
- Sənət müəlliminiz kim olub?
 
- Azad Dadaşov, bir də Səftər Turabov. İnstitutu bitirəndən sonra Musiqili Komediya teatrına işə düzəlmək istədim. Demək, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 60 illiyi keçirilirdi. 1980-ci il idi. O vaxt İnstitutumuz Malakan bağı tərəfdə yerləşirdi. Ora da keçmiş 26-lar rayonunun ərazisi idi. Rayon rəhbərliyi səviyyəsində tədbir olmalı idi. Rəsmi hissədən sonra bədii hissə olmalı idi.  Rektor məni çağırdı ki, biz məsləhət gördük ki, bizim İnstitutu tədbirdə sən təmsil edəsən. Bir mahnı oxuyacaqsan. Mənim vokal müəllimim Əməkdar İncəsənət xadimi Rəhilə Cabbarova idi. O, təkcə müəllim deyildi, bizə analıq etmişdi. Ruhu şad olsun. Deməli, Rəhilə müəllimə ilə gəldik Musiqili Komediya Teatrına, mənim səsimə qulaq asmalı idilər. O vaxt teatrın direktoru Balağa Qasımov idi. Dəhlizdə onunla rastlaşdıq, yaman əsəbi idi. Dedi, "mənim vaxtım yoxdur, aşağıda aktyorlar var, deyin, səsinə qulaq assınlar". Mən oxudum, dinlədilər, başımı qaldıranda gördüm ki, yuxarıdan Balağa müəllim otağından eyvana çıxıb mənə baxır, diqqətlə dinləyir. Məni alqışladılar. Balağa müəllim dedi ki, bir başqa musiqi çalın, mən bu gəncə qulaq asmaq istəyirəm. Konsertmeyster dedi ki, axı not gətirməmişəm?! Balağa müəllim də əsəbiləşib keçdi kabinetinə. 28 apreldə mən bu səhnəyə çıxdım və zala baxanda məni zəhm bürüdü. Rəsmi adamlar idi. Özümü toparlamağa çalışdım. Oxuyub bitirən kimi sanki zalda bomba partladı. Həyəcandan dizlərim əsirdi. Bu, olub Tağıyevin binasında. İndiki gənclər o binanı görməyiblər. İnanın, mən həyatım boyu o cür həyəcan keçirməmişdim. Səhəri günü İnstituta gedəndə rektor məni görən kimi qucaqladı. Dedi ki, sən bizim İnstitutumuzu göylərə qaldırdın, halal olsun sənə. Təyinat veriləndə Rəhilə müəllimə Balağa müəllimə zəng elədi ki, Ələkbər Sumqayıtda yaşadığı üçün onun təyinatını da ora verirlər. Balağa müəllim qəti etiraz etdi, dedi nə danışırsız, bizə "geroy" lazımdır. Rəhilə müəllimə dedi ki, onda siz rəsmi məktub yazın bizim İnstituta ki, Ələkbərin təyinatını bizim teatra verəsiniz. Beləcə, 1980-ci ildən taleyim Musiqili Komediya Teatrına bağlandı. Mən hələ üçüncü kursda oxuyanda "O olmasın, bu olsun"da Sərvəri oynamışam. Çox yaxşı qəbul olunmuşdu. Məni alqışlamışdılar ki, bu, hazır aktyordur.   
Musiqili Komediya teatrında rejissorumuz rəhmətlik Vaqif Abbasov idi. Burada "O olmasın, bu olsun"da Rüstəm bəy, "Arşın mal alan"da Vəli, Kəblə Qubad "Ər və arvad"da Kəblə Qubad (Ü.Hacıbəyli), İbiş İbişli "Adamın adamı" (V.Adıgözəlov, Anar), Şükürbəyli "Məsmə xala dayımdır" (R.Mustafayev, C.Məmmədov), Nümayəndə "Bankir adaxlı" (E.Sabitoğlu, T.Vəliyeva), Polis Aslan "Yeddi məhbusə anası" (C.Quliyev, Ə.Əmirli), Knyaz Pantiaşvili "Xanuma" (V.Dolidze, A.Saqarelli), Ağa Zaman "Kimyagər" (S.Kərimi, Ə.Ol), Eynəkli "Milyonçunun dilənçi oğlu" (S.Ələsgərov, Ş.Qurbanov), Rüstəm "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva), Doymazov, Nazirov "Volqalı canan" (R.Mustafayev, A.Qüdrət), Kişi "Toya bir gün qalmış" (Ə.Səmədli) və s. obrazlar oynamışam. 
 
- Siz teatra ilk dəfə gələndə sizi necə qarşıladılar?
 
- Çox yaxşı. Bir dəfə truppa rəhbərinin otağına gedəndə rəhmətlik Səyavuş Aslanla üz-üzə gəldik. Soruşdu ki, sən burda nə işləyirsən? Dedim, truppada aktyor işləyirəm. Dedi əşi, ola bilməz. Çıxarıb vəsiqəmi göstərdim, dedi alə, belə şey olar, yerindən duranı teatra işə götürürlər?! İlk tanışlığımız belə oldu. Sonra dostlaşdıq. İlk dəfə mənim əlimdən tutub səhnəyə çıxaran böyük aktyorumuz Hacıbaba Bağırov olub. Rüfət Əhmədzadənin "Sizin ilə gülə-gülə" tamaşasında onunla tərəf-müqabili olmuşuq. Cavan oğlan idim, saçımı pudra ilə ağardırdılar, çıxırdım səhnəyə. 
Bir dəfə teatrın direktoru məni yanına çağırdı ki, "Arşın mal alan" tamaşası rus dilində nümayiş olunacaq. Sən Əsgəri oynaya bilərsən? Dedim, əlbəttə. Bu tamaşa ilə qastrollara getdik və o rol da mənə uğur gətirdi. Hacıbaba Bağırovun briqadasında çoxlu qastrollara gedirdik. Ukraynada "Arşın mal alan"ı oynadıq. Telli ilə Vəlinin səhnəsində tamaşaçılar yerdən qışqırırdılar ki, "povtori!", "povtori!" Təsəvvür edin, aktyorları səhnədən buraxmırdılar. Tellini oynayan aktrisanın səsi batdı, Səyavuş Aslan Tellinin də əvəzinə oxumağa başladı. Onda Səyavuş müəllim mənə dedi ki, mən sənin böyük aktyorluğunu indi kəşf etdim. 
 
- Yeganə iş yeriniz Musiqili Akademik Teatr olub, eləmi?
 
- Xalq artisti Afaq Bəşirqızı "Bəşir teatrı"nı açanda məni də ora dəvət etdi. Üç il o teatrda da çalışdım. Cəbhə bölgələrini gəzdik, əsgərlərimizə tamaşalar göstərdik. Amma əsas iş yerim, əlbəttə, Musiqili Akademik Teatr olub. 1997-ci ildə məni Opera və Balet Teatrına dəvət etdilər. Orda "Arşın mal alan" hazırlanırdı. Azər Zeynalov Əsgəri oynayırdı, Vəlini isə mən dublyorsuz oynayırdım. Ulu öndər Heydər Əliyev də gəlib tamaşaya baxdı və çox yüksək qiymətləndirdi. 
 
- Bir az da yeni rollarınızdan danışaq.
- Bu yaxınlarda Anarın "Adamın adamı" tamaşasını oynadıq. Mən orda İbiş İbişlini oynayıram. Məşq vaxtı mən xəstələndim, əməliyyat olundum, məşqi dörd ay saxladılar. Əməliyyatdan çıxandan sonra sağaldım və qayıdıb öz rolumu oynadım. Tamaşanın rejissoru Əsgər Əsgərova demişdilər ki, bəlkə o rolu başqa aktyora verəsən? Demişdi, mən o rolda Ələkbər Əliyevdən başqa aktyor görmürəm. Bu rolu o, oynamalıdır. Bu gün də "Qorxma, mən səninləyəm" tamaşasını Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə hazırlamışıq. Bu tamaşada da rol almışam. 
Çox vaxt məni rəhmətlik Lütfəli Abdullayevə bənzədirlər. Bir dəfə bir tədbirdə onun oğlu bacısı ilə gəlmişdi. Bacısına deyibmiş ki, bax gör, bu aktyorların içində hansı aktyor atama bənzəyir. Bir də gördüm, bir qadın yüyürə-yüyürə gəlib məni qucaqladı. Ürəyinin necə döyündüyünü də hiss elədim. Dedi ki, axır ki, mən sizin simanızda atamı tapdım. 
Söhbət əsnasında qrim ustası bir neçə dəfə otağa girib işarə etdi ki, vaxt azdır, qrim olunmalısınız. Bir azdan Ələkbər müəllim səhnəyə çıxacaqdı. Beləcə, söhbətimizi yekunlaşdırıb qrim otağından çıxıram. Bu sənəd məbədinin dəhlizi boyu addımladıqca Akademik Musiqili teatrda çalışmış korifey sənətkarları xatırladım. Ələkbər Əliyev o sənətkarların bir çoxuyla çiyin-çiyinə çalışıb, bu gün də onların yolunu davam etdirir. Sizə uğurlar arzulayıram, Ələkbər müəllim!  
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!