Modern Türkiyə ədəbiyyatının maraqlı imzalarından biri də Furkan Çalışqandır. "Ölçülə bilən məsafə ilə ölçülməyən yaxınlıq arasında bir yer var və şairlər oradan bəhs edir" - deyən şairin əsərləri gerçəkdən də qeyd etdiyi o məkandan bir səsdir. İstədik ki, Azərbaycan oxucusu Furkan Çalışqanı lap yaxından tanısın.
İstanbulda "KETEBE" yayınlarında şairi ziyarət etdik.
- Furkan bəy, sizi salamlayıram. Bu gün sizə bir neçə sual ünvanlayaraq, modern Türkiyədə nəşriyyatçılıq məsələlərinə dair fikir sahibi olmaq arzusundayıq. Bir yayın evi olaraq "KETEBE" yayınları ədəbiyyat kontekstindən Türkiyənin gələcəyinə nə verməyi planlayır?
- Nargis, xoş gəlmisiniz İstanbula və "KETEBE" yayınlarına. Bir yayın evinin ana məqsədi öz planladığı gələcəyə doğru kitabxana inşa etməkdir.Yayın evləri dünyanı kitabxana olaraq xəyal edərlər. Bu qapıdan girdiyinizdən etibarən hər şey kitabdır. Başqa hər şey çöldə qalır. Girişdə Qırmızı kitabxana var, onu mütləq görmüsünüz. Baxın, tam olaraq məqsəd budur. Yayınladığımız kitablar bizim həyata baxış bucağımızdır. Və illər keçdikcə bizim məqsədimiz daha yaxşı başa düşüləcək. Dəmlənməsi lazımdır öncə. İllər sonra isə biz bu mövzunu tamamilə başqa kontekstdən danışa biləcəyik.
- Özünüzü necə tanıdarsınız? "KETEBE" yayın evi kimdir, nədir, haradır?
- "KETEBE" yayınları bir qrup intellektualın qurduğu nəşriyyatdır. Biz dərgi yayınlayan adamlar idik. Yəni bu sektora təsadüfən gəlməmişik. "KETEBE" ilə birgə bəzi dərgilər yayınlamağa başladıq. "Post öykü", "Cins", "Nihayet" kimi bu dərgilər çox vacib nəşrlərdir. Türkiyə oxucusu qeyd etdiyim dərgilərlə hesablaşır, onları ciddi nəşr kimi qəbul edir. Beləliklə, bu tərz yayın orqanlarının əməkdaşları birləşib "KETEBE"ni qurduq. Böyük təcrübə nəşriyyatçılığa çevrildi.
- "KETEBE" yazarlarını necə seçir?
- Bu mövzuya yanaşmamız belədir. Məsələn, bir var, külliyyat yazarlarımız var, böyük və klassik yazarlar, yəni, Kamal Tahir, Ülkü Tamer, Cengiz Aytmatov, Cahit Zarifoğlu kimi. Birinci hissəni bu yeni klassiklər əhatə edir. Bir də var, klassik yazarlar. İkinci aktual hissəni isə gənc yazarlar təşkil edir, hansı ki, onlar yaxşı mətnlərlə yadda qalmağı bacarırlar. Gənc hekayəçi, romançı və şairləri türk oxucusunun daha yaxşı tanıyacağı şəkildə təbliğ edirik. Bizim kitabların mağazalara göndərilməsi və yayılması yaxşı təşkil olunub. Biz bir yazarı oxucuya təqdim ediriksə, onun arxasında dururuq. O yazarın özü qədər onun karyerasını izləyirik.
- Yayın evləri niyə ən çox klassik əsərləri yayınlayır? Bu, özlərini sığortalamaq və maddi qazancı stabilləşdirmək üçündürmü?
- Türkiyədə "İşbankası yayınları" deyə bir reallıq var. Daha çox bu yayın evinin klassikləri satılır. Onların dağıtım şəbəkəsi çox genişdir. Digər yayın evləri bu nəşriyyat qədər klassiklərdən çox gəlir əldə etmir. Ancaq əlbəttə ki, biz daxil, digər nəşriyyatlarda klassik ədəbiyyatın görkəmli təmsilçilərinin əsərlərini yayınlayırıq. Klassiklər dünya ədəbiyyatının təməlidir. Bu baxımdan biz hər zaman onları yayınlamalıyıq. Gündəmi təşkil edən gənc yazarlar da klassiklərdən ilham alırlar. Dostoyevskidən, Tolstoy, Çexovdan yolu keçməyən yazar azdır.
- Bir naşir necə olmalıdır?
- Maraqlı, həyəcanlı, münasibəti, əhatəsi yaxşı olmalıdır. Ən əsası çox səbirli olmalıdır, yolundan dönməməlidir. Bu yol çətindir...
- Bu gün Azərbaycanda kitab nəşrində ən çox müzakirə olunan məsələ redaktədir. Redaktorun ən önəmli xüsusiyyəti nə olmalıdır?
- Redaktorda əsas diqqət, səliqə olmalıdır. Ən vacibi budur. Digər vacib nüans isə bilgisidir. Əsas olaraq dilimizi - türkcəni mükəmməl bilməlidir.
- Yaxşı əsər hansı əsərdir?
- (Gülür). Yaxşı əsər ...insanın həyatını dəyişdirən əsərdir.
- Azərbaycan ədəbiyyatı ilə bağlı düşüncələriniz maraqlıdır? Kimləri tanıyır, oxuyursunuz?
- Azərbaycan ədəbiyyatını tanımırıq. Konkret olaraq bunu deyirəm. Bildiyimiz yazarlar var, ancaq bu qədər. Bir ingilis, alman ədəbiyyatı qədər Azərbaycan ədəbiyyatına hakim deyilik. Bu özümüzü tənqid etməli olduğumuz məsələdir. "KETEBE"də Azərbaycanın önəmli yazarı Anarı yayınlamışıq. Anar gerçəkdən də çox yaxşı yazardır, ancaq təəssüf ki, onu yeni tanımışıq.
- Kitabın üz qabığı kitab qədər önəmlidir?
- Şəxsən mənim üçün yox, amma satış üçün bəli. Mən kitab üzü fetişizmini şəxsən tənqid edirəm. Ancaq gəldiyimiz çağda vizuallıq önəmlidir, hər şeydir. Və bu kitab satışına yüz faiz təsir edir.
- "KETEBE"də neçə insan çalışır?
- 70-dək insan bizimlə çalışır. Bir ofisimiz İngiltərədədir.
- Furkan bəy, sizə bir yazar və naşir olaraq öz dərin təşəkkürümü bildirirəm. Kitabla çıxılan hər yolun sonu zəfərdir. Zəfərimiz bol olsun!
Söhbətləşdi:
NARGİS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!