"Nəbi Xəzri mənim üçün böyük şair, dəyərli insan, əziz dost idi!" - Hidayətlə müsahibə

- Hidayət müəllim, Xalq şairi Nəbi Xəzrini necə xatırlayırsınız?

- Nəbi Xəzri istedadlı şair kimi geniş tanınanda, Azərbaycan Yazıçılar İttifaqının katibi olanda, - o zaman ittifaqın rəhbərliyində iki katib vardı, - mən Zəngəzurda məktəbli idim. Əlbəttə, adlı-sanlı şairin dillər əzbəri olan şeirlərini mən də sevə-sevə oxuyurdum. Sonralar tələbəlik illərində bu istedadlı şəxs barəsində çoxlu məlumatlar əldə etdim: gəncliyi sevir, dəyərləndirir, dəstəkləyirdi. Elə mənlə eyni dövrdə ədəbiyyata gələn neçə şairə mətbuatda "Uğur olsun" yazdı. Ümumiyyətlə, Nəbi müəllim gənclərin hamisi kimi tanınırdı. Lakin biz şəxsən görüşmədik. Həyatımın İrəvan dövrü başlayandan sonra isə təbii ki, ilk illər bu görüş baş tutmadı. İllər ötəndən - mən yazıçı kimi də, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru kimi də tanınandan sonra ilk görüşümüzdə birinci cümləsi indi də yadımdadır: "Axır ki, biz görüşdük!" Demə, yazılarımı oxuyurmuş, mənlə maraqlanırmış.

Mən teatrda fəaliyyətə başlayandan klassik dramaturgiyanın nümunələri ilə yanaşı, o illərin çağdaş dramaturqlarının əsərlərinin repertuara salınıb hazırlanmasına xüsusi önəm verirdim. Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, İmran Qasımov, Həsən Seyidbəyli, Şıxəli Qurbanov, Yusif Əzimzadə, Mustafa İsgəndərzadə kimi müəlliflərin pyesləri üzrə hazırlanmış tamaşalar ciddi maraqla qarşılanırdı. Növbəti müraciət etmək istədiyimiz pyes Nəbi Xəzrinin "Əks-səda" dramı idi. Quruluş üçün tanınmış rejissor Ağakişi Kazımovu dəvət etdik.

- Maraqlıdır, Nəbi Xəzrinin bu pyesi İrəvanda da oynanılıb?

- Əlbəttə, biz, İrəvan Teatrını Azərbaycanın əsl mədəniyyət ocağına çevirmişdik: əksər istedadlı qələm adamlarının dəyərli əsərlərinə müraciət etdiyimiz kimi, növbə Nəbi müəllimin yaradıcılığına da çatdı. Xatırlayıram, Nəbi Xəzri İrəvana - əsərinin ilk tamaşasına baxmağa gəlmişdi. Tamaşa boyu da, tamaşadan sonra da heyranlıq içindəydi. Tez-tez deyirdi: "Açığı, mən belə gözləmirdim". Bizim tamaşanı Milli Akademik Dram Teatrında qoyulmuş eyniadlı tamaşa ilə müqayisə edirdi. Təvazökarlıqdan uzaq olmasın - xeyli məqamlarda üstünlüyü bizim tamaşaya verirdi. Deyirdi: "Qürur duyuram - İrəvanda belə yüksək peşəkar səviyyəli teatrımız var!"

O zaman Ermənistan mətbuatı, televiziyası tamaşa haqqında müsbət rəylər, materiallar verdi. "Sovetskaya kultura" qəzeti (keçmiş SSRİ Mədəniyyət Nazirliyinin orqanı) özünün Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müxbirinin dəyərli, geniş müsbət rəyini çap elədi. O illərdə mədəniyyət, mətbuat sahələrində işləyənlər bilirlər: "Sovetskaya kultura" qəzetində müttəfiq respublikaların teatrlarının tamaşaları (o da ola İrəvanda Azərbaycan Teatrı!) haqqında nadir hallarda geniş rəy verilirdi, əsasən, kiçik informasiyalar  ilə ötüşürdülər. Müəllifi İrəvan televiziyasının əsas kanalına dəvət etdilər, geniş müsahibə aldılar.

Nəbi müəllimin partiyanın Mərkəzi Komitəsində, Mədəniyyət Nazirliyində, Yazıçılar İttifaqında, digər qurumlarda maraqlı görüşləri keçirildi. Vedibasarın Xalsa kəndindəki görüş isə unudulmazdır. Ağzınacan dolu böyük mədəniyyət sarayında üç saatdan çox davam edən tədbir, şübhəsiz, iştirakçıların yaddaşına ömürlük həkk olundu. İran səfərindən yenicə qayıtmış şair inqilabın nəticələrindən, on milyonlarla soydaşımızın ovqatından maraqlı söhbətlər açdı.

Şair o vaxt dörd gün İrəvanda qaldı, onunla keçirilən hər saat maraqlı, unudulmaz idi. Mən o ilin özündə Ermənistan mətbuatında bu səfəri İrəvanın Nəbi Xəzrili günləri adlandırmışam.

Bundan sonra bizim aramızda telefon əlaqələri intensivləşdi, mənim zəngim ləngiyəndə özü zəng açardı. İlk sözü: "Haralardasan? Nigaran qaldım..." Mənim Bakıya köçməyim hazırlananda, çox həyəcan keçirirdi. Böyük dövlət xadimi Heydər Əliyev Siyasi Büro üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini seçilərək Moskvaya getmişdi. Milli siyasətdən xəbərsiz rəhbərliyə təyin olunmuş Kamran Bağırov isə sanki Heydər Əliyev məktəbini keçməmişdi.

"Görəsən, İrəvandakı fəaliyyətini buranın rəsmiləri lazımınca dəyərləndirib ona layiq işlə təmin edəcəklər?" - deyə düşünən Nəbi müəllimin özü də imkanları daxilində bu problemlə ardıcıl məşğul olurdu. Mən "Gənclik" nəşriyyatının əvvəlcə baş redaktor müavini, az sonra baş redaktoru təyin olunanda, azacıq da olsa, təsəlli tapdı.

-  Biz çox vaxt şəxsiyyətlərimizə qiymət verməkdə, onları dəyərləndirməkdə yubanırıq...

- Nəbi Xəzri nəhəng Sovetlər Birliyi məkanında geniş tanınan şairlərimizdən biri idi. Dostları sanki ulduz-ulduz səpələnmişdi. 15 müttəfiq respublikada şeir topluları "SSRİ xalqları" dillərində də, xaricdə də ardıcıl çap olunurdu, nəşr edilirdi. Ümumittifaq komsomol mükafatı laureatı oldu, sonra - SSRİ Dövlət mükafatı laureatı! Qalırdı bircə o dövrün nüfuzlu Lenin mükafatı!

Mən bu barədə Nəbi müəllimlə neçə dəfə danışdım. Susurdu, fikirləşirdi... Bir gün ona şeirlər toplusunu "Gənclik" nəşriyyatının tematik planına salmaq istəyimi bildirəndə dedi: "Rus dilinə tərcümələri sal". Rus dilində irihəcmli şeirlər və poemalar kitabını tematik plana daxil etdim. Köhnə tərcümələrin təkrar nəşrini  istəmədi. Moskvadan iki gənc, istedadlı tərcüməçi dəvət olundu. Onlar bir aydan çox Bakıda qaldılar, gərgin işlədilər. Kitab hazırlandı və yüksək poliqrafik icrada nəşr olundu. Bu toplunun Lenin mükafatına təqdim olunduğunu eşidəndə, nəşriyyatın bütün kollektivi sevinc içindəydi, ədəbi ictimaiyyət isə həm bu nəşrlə maraqlanır, həm də təəccüblənirdi. Axı o illərdə müttəfiq respublikalarda nəşr olunan kitablar (özü də uşaqlar və gənclər üçün ədəbiyyat çap edən nəşriyyat ola) Lenin mükafatına təqdim olunmazdı. Təəssüf ki, əsər Lenin mükafatı komitəsində sonuncu müzakirədən keçmədi. Onu da deməyə bilmirəm ki, Nəbi Xəzrinin artıq dediyim kimi - hər yerə səpələnmiş ulduz-ulduz dostları kimi qısqancları, paxılları da varmış, Moskvada da, qəribə səslənsə də, Bakıda da.

- Nəbi Xəzrini şair kimi tanısaq da, o, həm də maraqla qarşılanan pyeslər müəllifi idi...

- Nəbi Xəzrinin dram yaradıcılığı əsl şair dramaturgiyasının nümunələri idi. Bu baxımdan, onun rejissor Mərahim Fərzəlibəyovun quruluşunda Milli Akademik Dram Teatrında uğurla tamaşaya qoyulan "Torpağa sancılan qılınc" əsəri son dərəcədə maraqlı və xarakterikdir. Bir neçə dəfə baxdığım "Dədə Qorqud" dastanının motivləri əsasında yaranmış bu monumental  tamaşa haqqında o vaxtlar rəy də yazdım, o məqalə mətbuatda çap da olundu. Televiziyaya geniş müsahibə verdim. Amma ürəyim soyumadı, düşüncələrim misralara çevrildi:

 

Dədə, necə gəldin payi-piyada

Bu uzaq yolları qoca çağında?

Əsrlər üstüylə addımlasan da, -

Gəldin əsrlərin öz qucağında.

 

Bu şeirin davamı yadımda deyil. O illərdə mətbuatda çap olunub, televiziyada oxunub, kitablarıma salınıb...

- Nəbi müəllimi şəxsiyyət olaraq səciyyələndirən əsas xüsusiyyət hansı idi?

- Nəbi Xəzri dostla dost, rəqiblə rəqib idi. Dostdan hər məsələ üstündə inciməzdi, inciyəndə isə barışığı çətin məsələyə çevrilirdi. Bu baxımdan bir epizod heç yadımdan çıxmır. Bu barədə "Əziz Əliyev, Səməd Vurğun, Rəsul Həmzətov və... mehriban düşmənlərin barışığı" essemdə yazmışam, "Ədəbiyyat qəzeti"ndə də, Dağıstanda da çap olunub. Ancaq indi də xatırlamaya bilmirəm: Səməd Vurğunun anadan olmasının 90 illiyinin keçirilməsinə hazırlıq vaxtlarıydı. Mən növbəti dəfə Ulu Öndər Heydər Əliyevin qəbulunda olanda, öz sahəmlə bağlı məruzələri etdikdən, tapşırıqları, tövsiyələri dinlədikdən sonra dəftərçəmi örtüb kabinetdən çıxmaq üçün icazə istəməyə hazırlaşanda, Prezident əliylə işarə etdi ki, hələ əyləşim.

"Sən Rəsul Həmzətovu Səməd Vurğunun yubileyinə gətir." "Dəvət elə", ya "gətirməyə çalış" demədi, tapşırdı: "gətir". "Aydındır, cənab Prezident," -  dedim. Düşüncələr içində öz kabinetimə qayıtdım. Fikir məni götürdü: "Nə edəcəyəm, necə gətirəcəyəm?"

Rəsul Həmzətovun poeziyasını, "Mənim Dağıstanım" esse-romanını çox sevmişəm, hətta gəncliyimdə ona şeir də həsr etmişəm. Amma 1988-ci ildə, onun SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında həqiqətin astar üzündən də uzaq çıxışına qədər. O çıxış bütün Azərbaycanı ayağa qaldırdı, onun Azərbaycan və rus dillərində çıxan kitablarını oxucu "avtoqrafları" ilə geriyə - Dağıstan Yazıçılar İttifaqına, Mahaçqaladakı, Moskvadakı mənzillərinə göndərirdilər. Rəsul Həmzətov isə... yaxın dostu Nəbi Xəzriyə məktub yazıb "Literaturnaya qazeta"da çap etdirmişdi. Sözünün canı: "Mən nə demişdim ki?.."

Nəbi Xəzri ona cavab yazdı, ancaq "Literaturnaya qazeta" dərc eləmədi. O illərdə mətbuatda dedim ki, Nəbi Xəzrinin cavab məktubu cibində qalıb. Nəbi müəllim onu Azərbaycan mətbuatında dərc etdirməli oldu.

Mənim bu mövzuda Nəbi müəllimlə də, Rəsul Həmzətovun tərcüməçiləri Vilayət Rüstəmzadə, Sabir Azəri ilə də ciddi söhbətlərim  oldu. Üçünün də fikri eyni idi. Belə gözləmirdik.

Beləcə, Rəsul Həmzətovu Bakıya gətirməliydim, amma necə? Yəqin ki, o məni tanımırdı. Anarı dəvət elədim, məsələni ona açdım, dedim: "Siz başlayın, mən davam edim".

Mahaçqalanı caladılar. Anar müəllim ona dedi: "Səməd Vurğunun yubileyidir." Rəsul Həmzətov o andaca soruşdu: "Teleqramı hara göndərim? Yazıçılar İttifaqına?" Yəni gəlmək məsələsi söhbət mövzusu deyil.

Anar müəllim ona dedi: "Çoxdan Bakıda olmayıbsınız. Azərbaycanın Milli Siyasət məsələləri üzrə Dövlət müşaviri sizlə əlaqə saxlayacaq..."

Ertəsi gündən mənim telefon zənglərim başladı. İlk söhbətimizdə dedi: "Sizi burda yaxşı tanıyırlar..." "Dedim: "İnşallah, Sizlə də tanış olarıq..." Çox çalışdım, bu barədə söz açmaq istəmirəm, bircə onu deyirəm ki, hətta Dağıstan Dövlət Şurasının sədri (Prezident statusunda) Məhəmmədəli Məhəmmədovla, Baş nazir Xizri Şıxsəidovla, Milli Siyasət, mədəniyyət, təhsil, hətta səhiyyə nazirləri ilə də danışıqlar apardım. Axır ki, gəlişi reallaşdı.

Yubileyə 3-4 gün qalmış Rəsul Həmzətov mənə zəng çaldı, söhbətimiz sona yaxınlaşanda dedi: "Patimatın sözü var, dəstəyi verirəm ona."

Patimat xanım dedi: "Biz Bakıya çatan kimi, bəlkə hoteldə yerləşməkdən öncə Nəbigilə getməliyik. Gülara üçün başsağlığı verməliyik..."

Ona zəng etdim: "Nəbi müəllim, köhnə dostunuz Bakıya gəlir." Soruşdu: "Kim?" "Rəsul Həmzətov." Susdu. Mən davam etdim: "Nəbi müəllim, Bakıya çatan kimi Sizə gələcəklər." "Mən satqınları qəbul etmirəm," - qəti bildirdi. "Nəbi müəllim, Gülara xanım üçün başsağlığı verməyə gəlir". "Mənim arvadım doqquz ildir dünyasını dəyişib." - Söhbətimiz davam etdi, qonağı qəbul etmək fikri ondan çox uzaq idi. Onu yormaq, əsəbiləşdirmək istəmədim: "Mənim xahişim bağlanmır, yenə qaydacağıq bu söhbətə". 

Sonra bu mövzuda söhbətim yalnız Nəbi müəllimlə olmadı, oğlu Arzu ilə, kürəkəni ilə (adını unutmuşam,  o vaxtlar Səbael Rayon İcra Hakimiyyətində işləyirdi) danışdım. Rəsul Həmzətovun gəlməsinə bir gün qalmış Nəbi müəllim mənə zəng çaldı: "Havaxt gələcəksiniz?"

Ertəsi gün qonaqlar Prezidentin Qonaq Evində yerləşən kimi, Nəbi Xəzrinin evinə gəldik, qapının kandarında Gülara xanımın xatirəsi ehtiramla yad olundu. Uzun müddət şam süfrəsi ətrafında oturduq. Ali Sovetin o bədnam sessiyası xatırlanmadı.

Rəsul Həmzətov etiraflarını Səməd Vurğunun yubiley gecəsində etdi: "Səməd Vurğun torpaqları işğal etmirdi, ürəkləri fəth edirdi!.." Səməd Vurğunun Ev Muzeyində isə çoxsaylı jurnalistlər önündə: "O vaxtlar mənim dörd yanımı yalanlar bürümüşdü..." - dedi.

Qonaqlar hələ Bakıdaykən, bizə məlumat daxil oldu ki, Rəsul Həmzətov Fondu (rəhbəri erməni idi) üç gün sonra Dağlıq Qarabağ məsələsinin "həlli yolları"nı müzakirə edəcək. Bunu Rəsul Həmzətova bildirən kimi dərhal fonda zəng çaldı və tədbiri ləğv etdi.

Ulu Öndər Rəsul Həmzətovu xanımı ilə qəbul etdi, şam ziyafəti verdi. Rəsul etiraflarından sonra yenə oldu Azərbaycanın və Nəbinin dostu. Ulu Öndərin böyüklüyü həm də bundaydı.

Sonra mənim Rəsul Həmzətovla çox görüşlərim oldu. - Mahaçqalada, Elistada... Deyərdi: "Hidayət mehriban "düşmənləri" barışdırdı". Deyirdim: "Rəsul Həmzətoğlu, mehriban "düşmənləri" Heydər Əlirza oğlu barışdırdı, mən onun köməkçisi kimi vəzifəmi yerinə yetirmişəm".

Bu barışıq Azərbaycanla Dağıstan arasında mehriban qardaşlıq münasibətlərinin bərpasında mühüm rol oynadı. Bu, ayrıca bir geniş söhbətin mövzusudur.

- Nəbi Xəzri həm də ictimai xadim kimi mədəni əlaqələrimizin genişlənməsində xüsusi xidmətləri ilə tanınır.

- Nəbi Xəzri uzun illər Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri oldu. Bu vəzifədə özünü bacarıqlı ictimai xadim kimi təqdim edirdi. Sovetlər Birliyi dönəmində respublikalarda Xarici İşlər Nazirlikləri sırf rəmzi məna daşıyırdı. Nəbi Xəzrinin rəhbərlik etdiyi Cəmiyyət isə ölkəmizin həqiqətlərinin xaricdə yayılmasında çox iş görürdü. Mən bunun 1988-ci ildə cəmiyyətin xətti ilə Macarıstanda keçirilən ölkəmizin mədəniyyət günlərində əyani şahidi oldum. On günədək davam edən səfərdə Budapeştdə və digər şəhərlərdə xalqımızın zəngin mədəniyyət nümunələrini təqdim etməklə yanaşı, yeni başlamış erməni təcavüzünün törətdiyi və törədəcəyi fəsadlar barədə macar ictimaiyyətinə və rəsmilərinə hərtərəfli məlumatlar verilirdi. O illərdə bu cəmiyyət Xarici İşlər Nazirliyinin görə bilməyəcəyi işləri həyata keçirirdi. Və hər il  bir neçə ölkədə belə tədbirlər baş tuturdu. Üstəlik də, milli diasporumuzun formalaşmasına xüsusi təkan verirdi...

- Bəs görkəmli şairin sizinlə dostluğu necə möhkəmləndi?

- Bizim dostluğumuz başlayanda, Nəbi müəllim iyirmi yaş məndən böyük idi, o illərdə Sovetlər Birliyində və xaricdə çox tanınırdı, amma mənlə, az qala, öz həmyaşıdı kimi davranırdı. Əlbəttə, mən də onun yerini bilirdim və gözləyirdim. Nəbi Xəzridən nə qədər danışsam da, ürəyim yenə dolu qalacaq. Sonda ürəklə demək istəyirəm: Nəbi Xəzri - böyük şairimiz, dəyərli insan, əziz dostum idi!..

 

Söhbətləşdi: Azər TURAN

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!